“Plüralizmin əsas
əhəmiyyəti odur ki, müxtəlif fikirlər içərisindən
həqiqəti seçmək imkanı verir”
–
Özünüzü daha çox praktik, yoxsa nəzəriyyəçi
jurnalist hesab edirsiniz?
– Mən bütün ömrüm boyu praktik jurnalist olmuşam. Bu gün
də belədir.
Məqalələrim çap olunur,
mətbuatda heç bir nöqtəsinə, vergülünə dəymədən
dərc edirlər.
Bakı Dövlət Universitetində
də mənim əməyimi lazımi dərəcədə qiymətləndiriblər.
“Əkinçi” qəzetinin 130 illiyində
prezidentin sərəncamı
ilə “Tərəqqi”
medalına layiq görülmüşəm. Bakı Dövlət Universitetinin
90 illiyində mənə
“Azərbaycan Respublikasının
Qabaqcıl Təhsil İşçisi” adı
verilib. 2004-cü ilin iyununda Jurnalistika
fakültəsinin nəzdində
“Beynəlxalq jurnalistika”
kafedrası yaradılıb.
Bu kafedranın yaradılmasında rektorumuzun
böyük əməyi
olub. Amma mən belə
bir kafedranın yaradılmasının çoxdan
arzusundaydım. 2004-cü
ilin dekabrından bu kafedranın müdiri vəzifəsində
çalışıram. Mən həmişə özümü
paralel olaraq həm nəzəriyyəçi,
həm də praktik jurnalist hesab etmişəm və indi də
belədir.
– Nəzəriyyəçi və
praktik jurnalist olaraq sovet dövrü
mətbuatının müasir
jurnalistikamızla müqayisəsini
aparanda hansı nüanslar ortaya çıxır?
– Birinci onu qeyd edim ki, sovet dövründə mətbuat orqanlarının sayı son dərəcə az idi və insanların mətbuatda çıxış eləmək imkanları son dərəcə məhdud idi. Adamlar yalnız bir şey bilirdilər ki, yuxarıdan göstəriş veriləcək və bu göstəriş əsasında nəsə olacaq. Vahid ideologiya, vahid konsepsiya vardı və bundan kənara çıxmaq mümkün deyildi. Sovet dövründə jurnalistlər böyük nüfuz sahibi idilər, o nüfuzu da onların özlərindən çox, hakimiyyət yaratmışdı. Yəni qəzetdə adi şöbə müdiri vəzifəsinə təyin olunmaq üçün gərək təcrübən olaydı, gərək əqidən lazımi səviyyədə olaydı, yəni səni ələ almaq mümkün olmayaydı, bəzi məsələlər vardı ki, onlardan uzaq durmaq lazım idi və partiya nəyi diktə edirdisə, onu həyata keçirməliydin. O dövrdə jurnalistlər rayonlara gedəndə sözün əsl mənasında rəhbər işçilər əl-ayağa düşürdülər. Rayona hansısa qəzetin redaktor müavininin gəlişini rayon partiya komitəsinin birinci katibindən tutmuş sıravi işçilərə qədər hamı bilirdi. Hamı çalışırdı ki, özünü elə aparsın ki, jurnalist razı qalsın, gedib onları mərkəzdə dilə-dişə salmasın. O dövrdə tənqid çox təsirli idi. Təsirli olmasının səbəbi də hakimiyyətin jurnalistin sözünü əhəmiyyətli hesab etməsi ilə bağlı idi. Məsələn, kimsə tənqid olunarsa, dərhal onu partiya orqanları müzakirə edərdilər, qərar çıxarardılar. Əgər o vəzifəli şəxsdirsə, hərdən cəzalandırma şiddətli töhmətlə yekunlaşmazdı, bəzən onu vəzifəsindən uzaqlaşdırardılar və sair. Yəni onda istər-istəməz bundan yazan adamın nüfuzu qalxırdı. Amma bəzən də əksi baş verirdi, jurnalist yazırdı, yazısında qərəz olsa, pis vəziyyətə düşürdü. Yoxlamalar aparılırdı, vay o gündən ki, jurnalistin səhvi ola, qərəzlilik eləmiş ola, onda jurnalisti cəzalandırırdılar, qəzeti də düzəliş verməyə məcbur edirdilər. Ona görə də o vaxtlar deyirdilər ki, mətbuatın gücü partiya rəhbərliyindədir. Bunu hətta şüara çevirmişdilər. Amma indi mətbuatın həminki gücünü görmürəm. Qəzetlərdə tənqidi materiallar gedir, televiziyada kadrlar göstərilir, amma heç bir nəticəsi olmur. Məsələn, AzTV-də əgər tənqidi kadrlar gedirsə, dövlət kanalı olduğuna görə, yenə az-çox reaksiya verilir, problem ortadan qaldırılır. Amma özəl televiziyalarda bir az vəziyyət başqadır. Çox vaxt dedikləri elə orda da qalır. Bunun dəfələrlə şahidi olmuşam. Qəzetlərdə tənqid məsələsi də fərqlidir. Elə qəzetlər var ki, ümumiyyətlə, tənqidi yazılar çap etmirlər. Elə qəzetlər də var ki, yalnız nöqsanları qabartmaqla məşğuldur. Deyim ki, hər iki mövqe millətimizə lazım deyil. Bəzən müxalifət qəzetlərində elə tənqidi yazılar gedir ki, millətə heç nə vermir, sadəcə onu parçalamağa xidmət edir. Nə müxalifətin, nə də iqtidar qəzetlərinin birtərfəli informasiya siyasətinin əlehinə deyiləm. Lakin milləti parçalamağın, cəbhələrə bölməyin əleyhinəyəm. Plüralizmin tərəfdarıyam. Amma hesab edirəm ki, 9 milyon əhalisi olan bir ölkədə 50-dən artıq partiya olmalı deyil.
– Plüralizmin təmini baxımından onların mövcudluğunu normal hesab etmirsinizmi?
– Say nisbətinə görə, 50 partiyanın mövcudluğunu normal hesab eləmirəm. Kiçik bir ölkə üçün fikrimcə, bu, böyük rəqəmdir. Çünki partiya çox olduqca, hər partiyanın arxasınca 100 nəfər getsə, bu millətin hansı birliyindən danışmaq olar?
– Sovet dövründəki kimi xalqın “vahid partiya ətrafında birləşməyinimi” məqbul hesab edirsiniz?
– Yox, bunun
da tərəfdarı deyiləm. Amma gəlin,
konkret misal kimi ABŞ-a nəzər salaq. Uzun illərdir ki, orada əsas iki partiya respublikaçılar
və demokratlar fəaliyyəti göstərir.
İngiltərə çoxpartiyalı
sistemdir, amma hakimiyyətə cəmi iki partiyanın gəlmək imkanı olur: leyboristlər və mühafizəkarlar.
Adını çəkdiyim hər
iki ölkədə onlar növbə ilə mübarizə apararaq hakimiyyətə gəlirlər. İndi mən
də onu əsas gətirərək
deyirəm ki, Azərbaycanda bu qədər partiya olsa da onların
çox böyük hissəsinin sosial bazası yoxdur. Elə isə onların formal fəaliyyəti kimə
lazımdır? Bizim bu gün çoxlu partiyalara parçalanmaq vaxtımız deyil. Millətimizin bu qədər
problemləri varkən,
bölünməyimizə nə
ehtiyac var? Bizim indi bir nömrəli düşmənimiz ermənilərdir,
bir nömrəli problemimiz də Dağlıq Qarabağ. Ermənilərin tərəfdarları olan ölkələr isə bu gün
xristian təəssübkeşliyini
ortaya ataraq bəzən belə bölünmələrdən, parçalanmalardan
öz xeyirlərinə
istifadə edə bilərlər. Həmişə bu faktoru nəzərə
almalıyıq. Biz parçalanmamalıyıq. Bizim plüralizmimiz də bölünməyə yox,
milli-mənəvi birliyə
aparıb çıxarmalıdır.
Biz hələ Qarabağ
problemini həll edək, İranla münasibətlərimizi normal quraq,
Gürcüstandakı azərbaycanlılarla
bağlı problemlərimizi
yoluna qoyaq,sonra çoxlu partiyalar yaratmaqla məşğul olarıq.
– Dedikləriniz belə düşünməyə əsas
verir ki, onda siz mətbuat
orqanlarının say çoxluğunu
da qəbul etmirsiniz?
(Ardı var)
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-
2012.- 5 dekabr.- S.6.