Bəhruz Kəngərlinin Tiflis
həyatı və yeni tapılmış
bir əsəri
Gürcüstan Milli Arxivinin fondlarında elmi axtarışlar apararkən
Azərbaycanın məşhur
rəssamı, boyakarı
və qrafik ustası Bəhruz Şirəlibəy oğlu
Kəngərlinin 1910-cu ildə
Tiflisdə “Qafqaz” cəmiyyəti nəzdində
təhsil aldığı
“Zərif sənətləri
həvəsləndirmə” məktəbinin nizamnamə
və hesabatlarına rast gəldik. Bu sənədləri öyrənərkən məlum
oldu ki, Bəhruz Kəngərlinin
təhsil aldığı
məktəb Peterburq Rəssamlıq Akademiyasının
tabeliyində olub.
Qeyd edək ki, 1873-cü ildə Tiflisdə “Bədii” cəmiyyət yaradılır. 1874-cü ildən etibarən isə həmin cəmiyyətin nəzdində
“Rəsm məktəbi”
fəaliyyətə başlayır.
1897-ci ildə böyük rus rəssamı İ.Repin “Tiflisdə incəsənət
məktəbi lazımdırmı?”
adlı bir məqalə ilə o dövrün populyar rəsmi qəzeti olan “Kavkaz”da çıxış edir.
Rəssam bu tarixi məqaləsində belə
bir məktəbin Qafqazda vacibliyini önə çəkir.
Çar hökuməti 1876-cı ildən
fəaliyyət göstərən
“Qafqaz” cəmiyyəti
nəzdində yaradılan
“Zərif sənətləri
həvəsləndirmə” məktəbini Peterburq Rəssamlıq Akademiyasının
tabeçiliyinə verir. Bu tabeçiliyin tarixi 1902-ci
ildən başlayır.
Bu məktəbdə oxumaq üçün imtahan verməyə gələn
hər bir gənc hökmən 33 bəndlik nizamnamə ilə yaxından tanış olmalı idi. Şirəlibəy də sevimli
oğlunun qeyri-adi istedadını görüncə
onu Tiflisdəki “Rəssamlıq və heykəltəraşlıq məktəbi”nə
gətirir. Şirəlibəy Tiflisə gələrkən
Əliqulu Qəmküsarın
qonağı olur.
Əliqulu Qəmküsar Bəhruzun
bu istedadını yüksək qiymətləndirir
və Mirzə Cəlillə birlikdə
Oskar Şmerlinqdən Bəhruzun
xəstəliyinin nəzərə
alınmadan həmin məktəbə qəbul
edilməsini xahiş edirlər.
Bəhruz Kəngərli 1910-cu ildə
müvəffəqiyyətlə imtahan verib həmin
məktəbin tələbəsi
olur. Onunla birlikdə oxuyan
Vladimir (Lado) Qudiaşvili,
Mixail Çiaureli, Keto Maqalaşvili XX yüzilliyin görkəmli
sənətkarlarıdır. Bu məktəbdə, əsasən, naturadan rəsm çəkilirdi.
Tələbələr gips
modellərlə işləyir,
kompozisiyaları öyrənirdilər.
Məktəbin direktoru, görkəmli
rəssam və qrafik ustası Oskar Şmerlinq idi. Milliyyətcə alman olan Şmerlinq öz taleyini Gürcüstanla bağlamış və onun ictimai həyatında
fəal iştirak etmişdir. Yeri gəlmişkən qeyd edək ki, o, Cəlil Məmmədquluzadənin
nəşr etdirdiyi “Molla Nəsrəddin” jurnalının rəssamı,
yazıçının yaxın
dostu idi. Bizcə, Bəhruzun həmin məktəbə qəbul
edilməsində Mirzə
Cəlilin də köməkliyi olub. Bəhruzun babası Murtuza ağanın Əşrəf
adlı oğlu nəvəsi Gövhər
xanımı Tiflisə
oxumağa apararkən
Mirzə Cəlilin qonağı olub. Sonralar Gövhər xanım həmin jurnalın yaxın əməkdaşlarından
olan təbrizli Ağazeynalla ailə qurub və 1922-ci ildən sonra Təbrizə gedib. Gövhər
xanımın oğlu
Turxan Gənceyi 1985-ci
ildə Fransadan Bakıya gəlib və müsahibələrində
anasının Naxçıvan
Kəngərlilərindən olduğunu söyləyib.
Mirzə
Cəlilin və naxçıvanlı Nəcəfov
qardaşlarının məslək
dostları olan Şmerlinq Tiflisdəki “Rəssamlıq və heykəltəraşlıq məktəbi”nin əsas müəllimi və
1901-1922-ci illərdə fasiləsiz
direktoru olub. Özünün ayrıca rəssamlıq
və rəsmçəkmə
sinfi var idi. O, siyasi və məişət mövzularında rəsmlər
çəkirdi. Bu rəsmlər Gürcüstanın
dövri mətbuatında
mütəmadi çap
edilirdi. Bizcə, Bəhruz
Kəngərli onun sinfində təhsil alıb.
Digər müəllim italyan rəssamı L.Lonqo idi. O, 1889-cu ildə Tiflisə
gəlib və
1910-1914-cü illərdə bu məktəbin müəllimi olub.
Q.Qrinevski “Qafqaz” cəmiyyətindəki məktəbin qrafik müəllimi idi. Milliyyətcə polyak olan Qrinevski əla akvarel ustası olub. İndi də onun əsərləri MDB məkanında sərgilərdə nümayiş etdirilir.
“Qafqaz” cəmiyyəti nəzdində olan “Zərif sənətləri həvəsləndirmə” məktəbini bitirənlərə rəssam-müəllim diplomu verilirmiş. Bu haqda Gürcüstanın Xalq rəssamı Lado Qudiaşvili özünün xatirələrində məlumat verib.
Bəhruz Kəngərlinin oxuduğu rəssamlıq məktəbinin sənədlərinin axtarışı davam edir. Maraq üçün deyək ki, Lado Qudiaşvilinin qızı Çukurtma Qudiaşvili hazırda Tiflisdə yaşayır. Onun atasının ev-muzeyi indi Şəkil Qalereyasına çevrilib. Orada Lado Qudiaşvilinin əsərlərinin sərgisi nümayiş etdirilir. Həmin qalereyanın bələdçisinin dediyinə görə, keçmiş ev-muzeydə olan sənədlərin, fotoların hara aparıldığını bilmir. Bələdçi qeyd etdi ki, ola bilər, sənədlər və fotolar rəssamın qızında olsun.
Həmin sənədləri və fotoları axtarmaqda məqsədimiz B.Kəngərlinin o illərdə məktəbli dostları ilə birlikdə çəkdirdikləri fotoşəkilləri əldə etməkdir. Bu səbəbdən Çukurtma Qudiaşvili ilə əlaqə saxlamaq, görüşmək istədik. Amma Tiflisdə olmadığından görüşə bilmədik. O, bizə çox məlumatlar verə bilər. Bəhruz onun atasının rəsmini çəkib: “Lado”. Həm də sevimli müəllimi O.Şmerlinqin də rəsmini çəkib. Onun da varislərindən Tbilisidə yaşayanlar var. Onlarla görüşmək yeni sənədlərin üzə çıxarılmasına kömək edə bilər.
Naxçıvana müəllim-rəssam diplomu ilə dönən Bəhruz Kəngərli çoxlu sayda rəsm əsərləri yaradıb. Bunlar haqqında rəssamın yaradıcılığını tədqiq edənlər ətraflı məlumatlar vermişlər.
Görkəmli rəssam 1916-cı ildə Naxçıvanın ilk ziyalı qadınlarından biri olan Nazlı xanım Tahirovanın da (Nəcəfovanın) rəsmini yüksək zövqlə işləyib. Varislərin dediyinə görə, B.Kəngərli həmin rəsm əsərini Nazlı xanıma toy hədiyyəsi olaraq təqdim edib. Həmişə olduğu kimi, rəsmin altında imzasını və tarixi öz əli yazıb. Bu portret-rəsm əsəri indiyədək aşkarlanmadığından rəssamın əsərlərinin kataloquna düşməmişdir. Uzun illər boyu Nazlı xanımın varisləri bu qiymətli əsəri qoruyub saxlamışlar. Biz həmin portreti axtarıb tapdıq və ilk dəfə “Şərq qapısı” qəzeti vasitəsilə oxuculara təqdim etdik.
İnanırıq ki, görkəmli rəssam Bəhruz Kəngərlinin digər naməlum əsərləri də tapılacaq və onun orijinal mövzulu sərgilərini bəzəyəcək.
Musa QULİYEV
AMEA Naxçıvan
Bölməsinin əməkdaşı
525-ci qəzet.-
2012.- 5 dekabr.- S.7.