75 yaş nədir ki?...

 

 

Moskvadan Professor Qəzənfər Paşayevə açıq məktub

Əziz Qəzənfər müəllim! Bugünlərdə Azərbaycan Yazıçılar Birliyində sizin 75 illik yubileyinizin qeyd olunduğunu eşitdim. Sizi uzun illər tanıdığımdan, amma Moskvada yaşadığım üçün az-az görüşdüyümdən, xətrinizi çox-çox istədiyimdən, könlümdən Sizə zəng eləmək keçdi. Amma ürəyimdəkiləri telefonla deyə bilməyəcəyimə əmin olduğumdan fikrimdən vaz keçdim, Sizə bu məktubu yazıb, ürək sözlərimi bildirmək qərarına gəldim.

İstər-istəməz ilk dəfə sizinlə tanışlığım yadıma düşdü. 1976-cı il idi. O vaxt mən M. F. Axundov adına Pedaqoji Rus dili Ədəbiyyatı inistutunda oxuyurdum. İnstitutda dahi şairimiz S. Vurğunun 70  illiyiylə bağlı təbir oldu. Mən həmin günlərdə həmyerlim, Kəlbəcərin ən istedadlı şairi, gözəl ziyalısı, adlı-sanlı alimi, yaradıcılığının vurğunu olduğum Ənvər Rzayla Sizinlə tanış oldum. O zaman sizin yaxın dost olduğunuzu bilmirdim, bir institutda, bir yerdə təhsil aldığınızı da çox-çox sonralar öyrəndim. Elə o gündən siz mənim gözümdə xeyirxah, böyük bir insan, bir ziyalı kimi ucaldınız. Sonralar mən vaxt, harada Sizi görmüşəmsə vaxtsız itirdiyimiz, nakam şairimiz Ənvər Rzanı xatırlamışam.

Qəzənfər müəllim, indi o ildən, ilk tanışlığımızdan 36 il keçir. Bu illər ərzində görüşlərimiz az olsa da, həmin görüşlər mənin həyatımda dərin izlər qoymuş şirin xatirələrə çevrilmişdir. Yaddaşıma daimi həkk olunan görüşlərimizin bir neçəsini xatırlayacağam.

 Bir dəfə 1985-ci ildə Moskvada görüşdük, mənimÇertanovametrosunun yaxınlığındakı kiçik mənzilimdə. Mən sizi, şair Mustafa İskəndərzadəni üçümüzündə yaxın dostumuz olan, şair-tərcüməçi Nikolay Alekseyeviç Qoroxovu qarşıladım. Görüşümüz çox səmimi keçdi,vaxtın necə gəlib-keçdiyini hiss etməmişdik. Sonra mən sizi metroya qədər yola saldım, deyəsən Peredelkinoya gedəcəkdiniz. Görüşümüz zamanı sizin təmkinli söhbətləriniz, məntiqli mülahizələriniz hamımızı məftun eləmişdi. Yeri gəlmişkən, onu da deyim ki, N. Qoroxov sizi həmişə soruşur, neçə il əvvəl Bakıdakı görüşlərinizi nostalji hisslərlə xatırlayır.

Bir görüşümüz 1998-ci ildə Bakıda, “Gülüstansarayında baş tutdu. Sonuncu görüşümüz isə 2007 – ci ildə yenə Bakıda R. Behbudov adına Mahnı Teatrında bənzərsiz el sənətkarımız Dədə Şəmşirin yubileyində oldu.Həmişə olduğu kimi səmimi görüşdük, yadigar qalsın deyə şəkillər çəkdirdik.

 Əziz Qəzənfər müəllim, Sizin Azərbaycan dilçiliyində , ədəbiyyatşünaslığında da, elmində , öz yeriniz, öz çəkiniz var. Məsafədən asılı olmayaraq sizə, sizin yaradıcılığınıza, gördüyünüz işlərə haradan neçə baxırıqsa baxaq sizi yalnız yalnız olduğunuz kimi, düz, saf, millətinə ləyaqətlə xidmət edən bir ziyalı kimi görürük. XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin, mədəniyyətinin, dilçiliyinin inkişafında misilsiz xidmətləriniz var. Siz mənim yaddaşıma xalqımıza canla-başla xidmət göstərmiş xeyirxah bir insan, görkəmli ziyalı , böyük bir alim,böyük pedaqoq kimi həkk olunmusunuz.

 Bu gün sizin adınız təkcə Azərbaycanda deyil, onun sərhədlərindən kənarda da bu böyük şərəflə çəkilir, sizin həyat yaradıcılığınız,yaratdığınız əsərlər internet vasitəsiylə maraqla oxunur öyrənilir. Artıq sizin adınız böyük şəxsiyyət kimi tarixləşib. Əminliklə deyə bilərəm ki,sizin əbədiyaşar əsərləriniz, yaradıcılığınız ədəbiyyatımızın, ədəbiyyatşünaslığımızın zənginləşməsində müstəsna rol oynayıb.

Onu da bilirəm siz bu səviyyəyə elə-belə nail olmamısınız. Siz çətin, ağır,məşəqqətli, keşməkeşli, eyni zamanda olduqca şərəfli yol keçmisiniz. Bilirəm ki,əsl yaradıcı insanların, sənət adamlarının yolu heç zaman hamar olmur, siz Azərbaycan elminə, təhsilinə, olduqca böyük dəyərlər verən simaların öndə gedənlərindən olmusunuz.

 Mətbuatdan oxumuşdum ki, Ənvər RzanınKəlbəcərə gedən yollarkitabının təqdimat mərasimi keçirilib. o tədbirdə sizin iştirak elədiyinizi bildim, maraqlı çıxış etdiyinizi eşitdim.Sizin Ənvər Rza şəxsiyyətinə yaradıcılığına həsr etdiyinizGödək oldu ömrün sənin”məqalənizi oxudun,ürəyim yandı. Sizin səmimiyyətinizə, düzlüyünüzə, dostluğunuza, sədaqətinizə bir daha inandım. Siz bizim kəlbəcərliləri heç zaman yalqız qoymamısınız. Kəlbəcərlilərin sevincli günlərində , ağır günlərində onlarla bilikdə olmusunuz. İndi bildim ki, kəlbəcərli olmaq üçün heç Kəlbəcərdə dünyaya göz açmaq əsas şərt deyil.

Belə götürəndə 75 yaş nədir ki, Qəzənfər müəllim. Biz hələ sizin yüz yaşınızı keçirəcəyik. Hələ sizinlə birgə səfərimiz var. Hamımızın candan artıq sevdiyimiz, bir torpaq gözləyir bizi.

O torpaq ki, 20 ilə yaxındır ki, ermənilərin tapdağı altında inləyir. O torpaq ki, səbrsizliklə yolumuzu gözləyir, o torpaq ki, həsrətini çəkə-çəkə yaşayırıq.

O torpaq ki, vəhşiliklə öldürülən nənə-babalarımızın, tikə-tikə doğranılan, yandırılan, odlara çatılan balalarımızın, qardaşlarımızın, zorlanan bacılarımızın, namusunu qoruyub özlərini qayadan atan gəlinlərimizin, soyuqdan donan körpələrimizin ruhları perikdir orda.

O torpaq ki, ixtiyar yaşında didərgin düşən anam ömrünün son nəfəsinə kimi məni oraya apar deyirdi.Gözüm görə-görə yumağa döndü, şam kimi əridi, getdi.

Qüdrətli, möhtəşəm dağlarıyla, əsrarəngiz gözəlliyi ilə yaddaşımıza hopan Kəlbəcər mənəviyyatımızın, mədəniyyətimizin, folklorumuzun, mərdliyimizin, tariximizin, sazımızın-sözümüzün beşiyidir axı. Kəlbəcər heç kimə ögey-doğma demədən hamımıza səxavətlə qucaq açardı,basardı bağrına. Kəlbəcərin naz-nemətləriylə böyümüşdük,ərsəyə çatmışdıq. Amma naxələf çıxdıq. Bilirəm ki, bizsiz qəribsəyir o yurd, səbrsizliklə yolumuzu gözləyir.

 

 

 

 Bizsiz qəribsəyib, billəm o dağlar,

 Yad ayaq altında qalmaqdan bezib.

 Dəlidağ dumana bürünüb, bəlkə,

 Dərin xəyallara dalmaqdan bezib.

 

 

 

 Elə pərişandır, elə qəmlidir,

 Doğma el səsinə qalıb tamarzı.

 Düz iyirmi ildir nalə yağdırır,

 Qəm üstə köhlənir Şəmşirin sazı.

 

 

 

Qəzənfər müəllim 20 ildən çoxdur ki, qəlbimdə od qalamışam. İçin-için odlanmışam,qovrulmuşam Kəlbəcərdən ötəri. Çoxlarımız külə döndü bu 20 ildə. Şamil Əsgərov, Sücaət, Bəhmən Vətənoğlu, Allahverdi Qəmkeş, Dəmirçi Abbas, neçə-neçə el şairlərimizz Kəlbəcər deyə-deyə dünyasını dəyişdi. Kəlbəcərin dərdi ilə baş-başa qalıb ürək naləsini, qəlb fəryadını kağızlara köçürən qələm adamları şeirlər, poemalar yazdılar.

Əziz Qəzənfər müəllim, dədə-baba torpaqlarımıza sahib çıxmağın vaxtı çoxdan çatıb. Biz mütləq Qarabağın, Kəlbəcərin harayına, səsinə səs verib qayıdacağıq. Biz qayıdanda neçə-neçə ağsaqqalarımızın, ağbirçəklərimizin, el sənətkarlarımızın ruhları sevinəcək. Ənvər Rzanın yaxşı görüşdük, yaxşı yenəmisrasını bir-birimizə ürəkdən deyəcəyik onun narahat ruhu rahatlıq tapacaq.

Əziz Qəzənfər müəllim, 75 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm, Sizə cansağlığı arzulayıram, yeni-yeni yaradıcılıq uğurları diləyirəm. Bu təbrikə yaxından uzaqdan sizi tanıyan qələm dostlarımızÇingiz Hüseynov, Əbdül Hüseynov, Tofiq Məlikli, Ramiz Abutalıbov, Cəfər Sadıq, Alla Axundova, İlham Bədəlbəyli, Nikolay Qoroxov da qoşulurlar.

 

Kəlbəcərdə görüşmək ümidiylə,

 

Nəsib NƏBİOĞLU

Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi

Moskva, noyabr 2012-ci il

525-ci qəzet.- 2012.- 6 dekabr.- S.7.