“Məqsədimiz vahid
mədəniyyətə malik xalqları
yaxınlaşdırmaqdır”
Pərvinin həmsöhbəti TÜRKSOY sədri
Düsen Kaseinovdur.
Pərvin:
2008-ci ildən TÜRKSOY-a
rəhbərlik edən
şəxs kimi bu təşkilatın türk dünyasına faydasını necə izah edərdiniz?
Düsen
Kaseinov: Əvvəla onu deyim ki,
TÜRKSOY-un yaranması özü
təsadüfi hadisə
deyildi.1991-ci ildə Sovet
imperiyası dağılanda
hamı həyatın
necə davam edəcəyini düşünürdü.
Şübhəsiz ki, imperiyaya
daxil olan türkdilli ölkələr
bu mövzunun yasaq olmasına baxmayaraq əvvəllər
də türk dünyasının böyüklüyünü,
nəhəngliyini bilir
və dərk edirdilər.
Fikir verin, imperiyanın
dağılmasından sonra
birləşmək təklifi
ilk öncə mədəniyyət
nazirlərindən gəldi
və Azərbaycan, Qazaxıstan, Qırğızıstan,
Türkmənistan, Özbəkistanın
Türkiyə ilə birgə bu təşkilatı
yaratması təəccüblü
deyildi. Bu barədə
Süleyman Demirəl də çox gözəl demişdi: “Hamı birləşmək istəyirdi,
amma bunu mədəniyyət nazirləri
bacardılar.” Sonralar türkdilli
ölkələrin birləşməsi
başqa sferalarda da oldu. Amma məhz mədəniyyətdən
başlamağımız, TÜRKSOY-un yaradılması genetik, təbii bir ehtiyac idi. Və zaman keçdikcə bu təşkilata başqa türk xalqlarının qoşulması
vacib idi. Son illərdə biz Rusiya Federasiyasının tərkibində olan Qaraçay-Çərkəz, Kabardina-Balkarlarla
da əlaqələr qurur, onların mədəniyyət, incəsənət
adamlarını təşkilatımıza
cəlb edirik. Eyni zamanda Dağıstanda yaşayan türklərlə
də əlaqələrimiz
var. Bir sözlə bu təşkilatın bütün böyük və kiçik işlərini ümumiləşdirib
sualınıza belə
cavab verərdim ki, TÜRKSOY-un ən əsas xidməti türkdilli xalqları birləşdirməsidir. Məqsədimiz vahid mədəniyyətə
malik xalqları yaxınlaşdırmaqdır.
Pərvin:
Dediyiniz kimi, bütün böyük türk dövlətləri
təşkilata daxildir.
Burada rəhbər, başçı
hesab oluna biləcək ölkə varmı?
Düsen
Kaseinov: (gülür)
Bu bizim çox zarafatla danışdığımız
bir məqamdır. Əslində TÜRKSOY yaradılanda əsas təşkilatçılıq,
ağırlıq Türkiyənin
üzərinə düşdüyündən
belə bir təklif irəli sürüldü ki, Türkiyə böyük
qardaş hesab olunsun. Amma sonda biz qərar
verdik ki, ən böyük dövlətdən tutmuş
ən balaca türkdilli xalqa qədər hamı bərabər olmalıdı
bu təşkilatın
tərkibində. Biz sovet imperiyası zamanı böyük qardaş-kiçik qardaş
münasibətlərini kifayət
qədər yaşamışıq.
İndi burada eynihüquqlu olmağımız çox
vacibdir.
Pərvin:
Müxtəlif təşkilatlarla
birgə layihələriniz
olur. Bilirik ki, Avrasiya Yazarlar Birliyi ilə ardıcıl tədbirlər keçirir,
layihələr gerçəkləşdirirsiniz.
Bütün bu işlər
arzuolunan nəticələr
verirmi?
Düsen
Kaseinov: Əvvəla onu deyim ki,
Avrasiya Yazarlar Birliyi türkdilli ölkələrin ədəbiyyatının
inkişafı istiqamətində
durmadan çalışan
və xidmətləri
olan bir təşkilatdır. Bu baxımdan TÜRKSOY-un onlarla
əməkdaşlığı təsadüfi deyil. Sevindirici haldır ki, birgə layihələrimiz
uğurla davam edir. Ən böyük işlərimizdən
biri Türk Dünyası Ədəbiyyat
Dərgiləri Konqresidir.
Bu konfrans artıq
beşinci dəfə
Astanada keçirildi.
Hesab edirəm ki, belə tədbirlərin əsas faydası türk dünyası elitasını bir yerə toplamasıdır.
Məsələn, sonuncu konfrans
çərçivəsində Qazaxıstanın “Ulduz” jurnalının yubileyi keçirildi ki, bu da ədəbiyyata,
sənətə verilən
dəyərdir. Yəni
sadəcə bir yerə toplaşıb müzakirələr aparmaq
deyil, həm də türk dünyasındakı əlamətdar
hadisələri qeyd etmək, böyük şəxsiyyətləri yada
salmaq, xidmətlərini
vurğulamaq, digər
ölkələrdə tanıtmaq
və s. bu toplantıların əsas
faydasıdır. Yeri gəlmişkən
deyim ki, bu Konqreslərin müsbət işlərindən
biri də “Türk dünyasında ilin ədəbiyyat adamı” ödülünün
verilməsidir. Bizim
üçün çox
sevindirici haldır ki, artıq hamımızın türk
dünyasının ağsaqqalı
hesab etdiyimiz Anar
bu ödülə layiq görülüb. Şəxsən mən onun əsərlərini sevə-sevə
oxuyur və fəxr edirəm.
Pərvin:
Ankarada Anar müəllimin “Sizsiz” və “Həyatım ağrıyır” əsərlərinin
daxil edildiyi kitab TÜRKSOY-un dəstəyi
ilə çap olunub. Kitaba giriş sözünü siz yazmısınız...
Düsen
Kaseinov: Bəli! Bunu sadəcə vəzifə borcum olduğu üçün
deyil, Anara sayğı bəslədiyim
və yaradıcılığını
sevdiyim üçün etmişəm.
Pərvin:
Ümumiyyətlə, Azərbaycan
mədəniyyətinin, ədəbiyyatının
dünyaya çıxması,
tanınması üçün
TÜRKSOY-un dəstəyi ilə
bir çox işlər görülür.
Sizin bu işlərə bir rəhbər kimi baxışınız maraqlıdır...
Düsen
Kaseinov: Bilirsiz, əslində bizim əsas fikrimiz budur ki, güclü
dövləti olmayan, az tanınan
türk millətlərinə
daha çox köməklik edək. Məsələn, Kabardina-balkarlar özləri
Parisdə çıxış
edə bilməzlər,
amma TÜRKSOY bunu təşkil edir. Azərbaycan özü güclü dövlətdir və incəsənəti, mədəniyyəti
ilə dünyaya çıxmaq imkanları
çoxdur. Lakin bu mədəniyyət, ədəbiyyat,
sənət o qədər
parlaq, cazibədar, işıqlı və yüksək səviyyəlidir
ki, biz TÜRKSOY olaraq
da bu gözəlliyin
təbliğatını vacib
sayırıq. Azərbaycanla bağlı keçirilən
tədbirləri, görüşləri
saymaqla bitirmək olmaz. Bu il
Ankarada Əhməd Cavadın 120 illik yubileyini qeyd etmişik. Ankara Dövlət
Rəsm və Heykəl Muzeyinin böyük konsert zalında dahi Azərbaycan sənətkarı,
maestro Niyazinin anadan olmasının 100-cü ildönümü
münasibətilə konsertlər
verilib. Əvvəlki illərdə də
saysız-hesabsız işlərimiz
olub. “Leyli və Məcnun” operasının 100 illiyi münasibətiylə tədbirlər
keçirmiş, Azərbaycan
kinosunun 100 illiyi ilə bağlı Antalyada sərgi təşkil etmiş, görkəmli şairlər
Bəxtiyar Vahabzadə
və Rəsul Rzanın əsərlərini
nəşr etdirmişik.
Pərvin: Ötən il Beynəlxalq Antalya “Qızıl portağal” kino festivalında beş Azərbaycan filmi (“Əlvida, cənub şəhəri”, “Niyyət”, “İlahi məxluq”, “Buta”, “Sahə”) nümayiş olunmuşdu ki, bu da birbaşa TÜRKSOY-un xidmətidir. Sizcə Azərbaycan kinosu, musiqimiz, ədəbiyyatımız qədər sevilirmi?
Düsen Kaseinov:
Şübhəsiz ki, sevilir.
Azərbaycan kinosunun
“Arşın mal alan”,
“O olmasın bu olsun” kimi inciləri
var. Bizim 2010-cu ildə
təşkil etdiyimiz kinofestivala da Azərbaycan Sovet dövründə və müstəqillik
dövründə çəkilmiş
kinoları ilə qatılmışdı. Orda da iştirakçıların filmləri
necə maraqla qarşıladıqlarını müşahidə etmişdim.
Pərvin:
Rəhbərlik etdiyiniz
təşkilatın böyük
layihələrindən biri
də “Koroğlu” operasının türkdilli
ölkələrin opera səhnələrində
nümayişi ilə
bağlı idi...
Düsen
Kaseinov: Doğrudur.
TÜRKSOY-un 15 illik yubileyi
ərəfəsində biz çox sanballı bir iş ortaya
qoymaq barədə düşünürdük. Qərara gəldik
ki, “Koroğlu”nu türkdilli ölkələrdə
nümayiş etdirək.
“Koroğlu” operası
TÜRKSOY-a üzv olan
6 ölkədən (Azərbaycan,
Türkiyə, Qazaxıstan,
Qırğızıstan, Tatarıstan
və Başqırdıstan)
250 sənətçinin iştirakı
ilə Bişkek, Almatı, Ankara və Bakı şəhərlərində
böyük uğurla
səhnələşdirildi. Ən sonda Türkiyədə
1-ci Beynəlxalq İstanbul
Opera Festivalı çərçivəsində
Haliç-Konqres Mərkəzində
nümayiş olundu.
Sonralar mən öyrəndim ki, “Koroğlu” operasının ölkədən
kənara çıxması,
tanınması dahi Niyazinin də arzusu olub və
illər sonra sənətkarın arzusunun
reallaşmasından çox
məmnun qaldım.
Pərvin:
TÜRKSOY 2012-ci ili Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi münasibətiylə
“Axundov ili” elan edib. Bu istiqamətdə görülən
işlər barədə
nə deyə bilərsiniz?
Düsen Kaseinov: Şübhəsiz, bu il mütləq Axundzadə adı ilə bağlanmalı idi. Axundzadə çox görkəmli sənətkar olub və o, özü üçün yox, millət üçün yaşayıb. Bu il Adanada Cahangir Zeynalov “Müsyo Jordan və Dərviş Məstəli şah” pyesinə türkcə quruluş verdi. Bu pyesə baxandan sonra Qazaxıstanda mənim məsləhətimlə bu əsər qazax dilinə tərcümə olundu və teatr səhnəsində oynanıldı. O zaman mən bir daha əmin oldum ki, tərcümə işinə son dərəcə ciddi yanaşmalıyıq. Bu baxımdan Avrasiya Yazarlar Birliyinin təşkil etdiyi tərcümə simpoziumlarının xidməti böyükdür.
Pərvin: Azərbaycan ədəbiyyatı, incəsənəti, mədəniyyətinin təbliğatı sahəsindəki xidmətlərinizə görə Prezident İlham Əliyevin sərəncamıyla “Dostluq” ordeni ilə təltif edilmisiniz. Mükafatlar işə yanaşmanıza təsir edirmi?
Düsen Kaseinov: (gülür) Bütün işlərimizdə təmənnasız olmağa çalışırıq. Bu mükafatı almağım isə gözlənilməz oldu. Bu orden, eyni zamanda, türk xalqları arasında əməkdaşlığı daha da möhkəmləndirmək sahəsində üzərimizə böyük məsuliyyət qoydu. Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyev TÜRKSOY-un fəaliyyətinə hər zaman diqqət və qayğı göstərmişdir. Haqqında danışdığımız, bu ölkə ilə bağlı layihələr bilavasitə onun dəstəyi sayəsində həyata keçmişdir.
525-ci qəzet.- 2012.- 8 dekabr.- S.9.