Tale ortağım və nəsildaşım

 

Şair dostum Adil Cəmilə

 

18-19 yaşlarından tanıdığım Adil Cəmil üç epizodla yaddaşımda əbədi ünvan tapıb. Ötən əsrin 70-ci illərin başlanğıcıydı, yenicə tanış olduğum jurnalistika fakültəsinin II kurs tələbəsi Vaqif Bəhmənliylə Nəriman Həsənzadənin rəhbərlik elədiyi ədəbiyyat dərnəyindən – mərkəzi şəhər kitabxanasından çıxırdıq. Söhbətləşə-söhbətləşə Bakının Bulvar istiqamətinə səmt götürdük. “Azərbaycan” kino-teatr binasının yaxınlığında iki nəfər yaşıdımızla rastlaşdıq, mən onları tanımadığımdan uzaq dayandım. Vaqif cəld irəli yeridi: – Adil Cəmildir, bizdən yuxarı kursda oxuyur, yaxşı şeirləri var – deyə gənclərdən birinə tərəf əl uzadıb mənə təqdim etdi. Və beləliklə, görüşüb tanışlıq imkanı tapdım.

İkinci görüşümüz böyük şairimiz Nüsrət Kəsəmənlinin adıyla bağlıdır. Rəhmətlik Nüsrət o zaman “Bakı-Baku” axşam qəzetində ədəbiyyat redaksiyasında çalışırdı. Adillə qəzetə artıq köhnə dostlar kimi şeir aparmışdıq. Şeirlərimiz dərnəkdə byənilmişdi. Biz redaksiyanın qapısına ürkək-ürkək, çəkinə-çəkinə yaxınlaşdıq. İçəridə bərk səs-küy vardı, çəkişməyə, dava-dalaşa oxşayırdı. Nüsrət Kəsəmənli kimisə başa salmaq istəyirdi ki, şeirlərin zəifdi, qəzetdə gedə bilməz. Yazıların müəllifi israrla titullarını sadalayır, acıqla bir-bir kitablarının adlarını çəkirdi. “Bu dediklərinin mənim üçün heç bir əhəmiyyəti yoxdur, yəqin vaxtilə yaxşı yazmısan, çap ediblər, kişinin oğlu, bizə verdiyin şeirlərin zəifdir, vəssalam, ədəbiyyat bazar deyil, bunları qəzet səhifəsinə çıxarmaq günahdır”, – deyib qapını örtdü.

Ortada peşmançılıq, qanqaraçılıq yaranmışdı. İkimiz də donub sanki iki yol ayrıcında qalmışdıq. Acıqlı vaxtında Nüsrət müəllimlə görüşək, ya görüşməyək... Ötkəm, sərt, şeirə tələbkar Nüsrət bizi necə qarşılayar, xoruzumuzu qoltuğumuza verməyəcək ki? Düşüncələr burulğanında ikən Nüsrət Kəsəmənlinin xoş siması qapının astanasında göründü. O, elə bil əvvəlki adam deyildi. İndi üzündən, gözündən təbəssüm, nur yağırdı. “Ay uşaqlar, siz orda niyə mürgü döyürsünüz, bayaq o kişiyə dediklərimin zərrəcə sizə aidiyyatı yoxdur, bəri gəlin”, – dedi və bizimlə səmimi şəkildə görüşdü. Həmin gün həm Adil Cəmil, həm də mən xeyli şeir oxuduq. Nüsrət Adilin qoşmalarını bərk bəyəndi, hərəmizdən 4-5 şeir götürdü, növbəti həftənin altıncı günü, qəzetin “Ədəbiyyat” adlanan sonuncu səhifəsində yazılarımızdan nümunələr dərc etdirdi. Bu tale yaxınlığı, yaradıcılıq ortaqlığı bizi gözəgörünməz tellərlə əbədi bağladı...

Üçüncü tarixi hadisə Şüvəlanda – Azərbaycan Yazıçılar İttifaqının yaradıcılıq evində baş verdi. 70-ci illərin sonlarıydı, o vaxt Sov.İKP MK, SSRİ Nazirlər Soveti və Ümumittifaq Komsomolunun Mərkəzi Komitəsi xüsusi qərar qəbul eləmişdi: “Yaradıcı gənclərlə iş aparılması haqqında”. Bu tapşırıqdan sonra partiyalı ədəbiyyat funksionerləri hərəkətə gəlmişdilər, istedadlı cavanların xeyli qismini yığıb Şüvəlana – ədəbi seminara göndərdilər. O xoşbəxtlərin cərgəsinə həm Adil Cəmil, həm də mən qoşulmuşdum. Həmin dövrdə hər gün iki şairin hesabatı dinlənilir, yaradıcılıqları haqqında ciddi qələm sahibləri rəylərini söyləyir, şeirlərindən nümunələr nüfuzlu “Ədəbiyyat və İncəsənət” (indiki “Ədəbiyyat” qəzeti) qəzetinin səhifələrinə çıxarılırdı. Adil Cəmil şeirlərini oxuyan zaman seminar rəhbəri Çingiz Əlioğlu idi. Qayğıkeş, səmimi Çingiz müəllim həqiqətən Adilin şair kimi püxtələşdiyini, yetişdiyini hamının diqqətinə çatdırdı, “bu şeirlərdə Kəlbəcər dağlarının ətri və ruhu var” söylədi.

 

 

 

lll

 

O çağlardan illər ötüb. Bu keçən vaxt ərzində Adil Cəmil narahat ömrünü bihudə verməyib, görkəmli Azərbaycan şairi kimi çoxlu sayda kitablar çap etdirib. Folklorçu-alim kimi tədqiqatlar, araşdırmalar aparıb, türkoloqların beynəlxalq simpozium və seminarlarına qatılıb, məşhur qırğız xalq eposu “Manas” dastanını dilimizə çevirib. Əsas odur ki, poetik “məni” böyüyüb, tərəqqi tapıb, şeirsiz bircə gün yaşamayıb, bədii sözü bədii həqiqət səviyyəsinə qaldırmaqla fitrən talantının tükənmədiyini, yaradıcılıqdan qalmadığını təsdiqləyib.

Adil Cəmillə bütün münasibətlərimin doğmalığını qoyaq bir kənara, bəs onu bir şair olaraq oxucusuna sevdirən nədir? Bizcə, sözünün bütövlüyü, bitkinliyi, dəqiq müşahidəsi, obrazlarının xalq deyim tərzindən qaynaqlanması və şübhəsiz metaforaların çağdaş şeirimizin komponentlərilə üst-üstə düşməsi, onlarla sərbəst uzlaşması. Adil heca şeirinin ustadıdır və hecada ad çıxarmaq, fərqlənmək Azərbaycan məmləkətində çətin məsələdir. Gərək bu poeziya növünün min qatına, çalarına bələd olasan ki, fərqlənəsən, hamıdan seçilib, bəyəniləsən, yoxsa ortababların cərgəsində vurnuxmaq, baş girləmək heç bir uğur gətirməyəcəkdi...

Hansı filosofda yaxşı deyib: “şairlər göz yaşlarıyla suvarır ömür zəmisini”. Bəşər övladı yaranandan bəri qəmlə, nisgillə, kədərlə birgə addım atıb. Amma bir var, insanı həyatın girdabına yuvarlayan qəm, bir də var nikbinlik yaradan, ovqat doğuran qəm-qüssə. Füzuli qəmə könül vermişdi, aşiq olmuşdu, ona görə, hər yerdə “mən istərəm bəlanı, çün istər bəla məni” – söyləyirdi. Adil Cəmil də “bu köhnə dünyada” qışqıran cocuğun fəryad borcuna biganə qala bilmir, dərdini şeirlə açıb-ağardır:

 

 

... Namərdlik, comərdlik atadan gəlir,

Bir bəla bir kiçik xətadan gəlir.

Qismətim nağıldan, butadan gəlir,

Mənə nağılların “ağ at” borcu var.

El yolu borana, qara düşəndə,

Yurdun gününə qara düşəndə.

Məmləkət balıq tək tora düşəndə,

Hər kəsin Vətənə cihad borcu var.

 

     

 

Mən sözə bu şəkildə peşəkar yanaşmanın tərəfdarıyam, ancaq peşəkarlıq, səriştə gərək vərdişə, aludəçiliyə çevrilməsin! İki bəndlik şeirdə müəllifin yüksək professionallığını görmək üçün öncə əsas söz və ifadələrə diqqət yetirək: namərd, comərd, at, bəla, kiçik xəta, qismət, nağıl, buta, el yolu, boran, qar, yurd, ad günü, qara, məmləkət, balıq, tor, Vətən, cihad, borc... Bunları naşı bir şəxsə versən, heç vaxt qoşma xalq şeiri formasında o gözəllikdə harmoniyanı ərsəyə gətirə bilməz. “İnsanın dünyaya fəryad borcu var” və yaxud “qismətim nağıldan, butadan gəlir” kimi orijinal fəlsəfi deyim tərzi şairin yaradıcılığı üçün çox xarakterikdir.

“Vaxt yetişir, vədə gəlir, yaş ötür” (“Qocalır”), bu fani dünyada hamı qocalır, daş-qaya da, ağac da, heyvan da. “Göy üzünün qürbəti qərib quşlar”ı lələyindən, dünyaya meydan oxuyan, dov gələn “alp ərənlər kürəyindən”, gizlin-aşkar qəm yedikcə, “dərdli insan ürəyindən qocalır”. Bu, Tanrının qoyduğu qayda-qanundur, Yaradan heç kəslə hesablaşmır, çünki hər kəsin alın yazısı var, ona pozu yoxdur, həmin ədəbi yazını erkən oxumaq isə mümkünsüzdür (“Yazı”).

 

     

 

Alın yazısından başqa

Nə varsa, bir-bir oxunur.

Hələ sözə gedir millət –

Füzuli, Sabir oxunur.

 

     

 

Adil Cəmilin təbirincə ifadə eləsək, ömür yolu əslində bir qarışdır, “məzarıstan yol başında, ölənlər həyat yaşında”, insan istəməsə də “başdaşının yaddaşında minillik qəbir oxunur”. Şair etiraf etmək istəyir ki, gərək insan öz boyundan da yuxarı tullansın ki, qarda-boranda büdrəməsin, əgər bircə “arı qədər sözdən bal çəkməyi” bacarmamısansa, deməli, ömrü faydasız yaşamısan (“Onu bilirəm ki”).

 

     

 

Büdrəmək bilmədim qarda, boranda,

Kimsə kef çəkəndə, mən əzab çəkdim.

Hər günün ömrünü başa vuranda

Hər axşam özümlə haqq-hesab çəkdim.

 

     

 

Adil özü zahirən necədirsə, şeiri də eləcədi, o, sözü özünə bənzəyən şairdi. “Saxtadı” rədifli qoşmasında elə bil obrazını yaradıb, öz şəklini çəkib. Bəzən bir əliəyrilik, bir nadan qanmazın artıq-əskik hərəkəti dünyanı insanın gözündən salır. Və nə yaxşı, müsbəti mənfidən ayırd eləmək üçün həyat təzadlı yaranıb. “O çaylar çay deyil, ilğımdı yəqin, gözünə görünən duman saxtadı” qənaəti heç də təsadüfən əmələ gəlmir.

 

     

 

...Məşhədə gedirlər, Həccə gedirlər,

Heç nəyi almayıb vecə, gedirlər.

Gedənlər bilir ki, necə gedirəm,

Allah dərgahına iman saxtadı.

     

 

Mən belə bilməzdim külleyi-ərzi,

Ay Adil, “duz” olub hər şeyin tərsi.

Bizə ömür adlı don biçən tərzi,

Bərq vuran bu libas yaman saxtadı.

 

     

 

Adil Cəmil yer-yurd itirdi, el-obası, ixtiyar yaşlı şair təbiətli atası Kəlbəcərindən gen düşdü. Qurbanini, Tufarqanlı Abbası, Xəstə Qasımı, Sarı Aşığı, Ələsgəri, Şəmşiri sinədəftər edən nurani ağsaqqal ömrünün ahıl çağlarında həsrətə dözmədi, taleyini qarğıdı, əlindən heç nə gəlmədi və nisgillə barışdı. İndi o, Kəlbəcəri əbədi olaraq Abşeronun Masazır məzarıstanına dəyişib, orada rahatca uyuyur. Ancaq nigaran ruhu yenə Dəli Dağın, Murovun sorağındadı.

 

     

 

Zirvələrdə qara rəngli qara bax,

Dağlarının çalması – qara bağ.

Əldən getdi, eldən getdi Qarabağ,

Ağı deyib mən özümə ağlaram.

 

     

 

“Dədə Şəmşir”, “Gəlmişəm”, “Bu ürəklə”, “Ağlama, ana torpağım”, “Alın yazımı”, “Yaşamadım”, “Kəlbəcəri xatırlayarkən”, “Məmməd Aslan”, “Kəlbəcəri unutmayın”, “Bu meşə bənzəmir bizim meşəyə”, “Yaylaq xatirəsi”, “Dünyam mənim”, “Görünür”, “Bir də”, “Bəhmən Vətənoğluna”, “Özünü qayadan atan qızlara”, “Çıxıb getdilər”, “Vəzifə davası”, “Uşaqlıq dostlarıma”, “Zirvədə doğulan kəndçi balası” şeirlərində Adil Cəmil böyük Vətən sevgisini ən rəngarəng duyğu və düşüncələriylə ifadə edir. Şair yanıqlı-yanıqlı “Sən dağlardan ayrılmadın, yağdı leysan, Dədə Şəmşir!” misraları ilə haray salır, “Mil-Muğandan el gələrdi yaylağa, o yaylaqdan indi Milə gəlmişəm” xiffətiylə çadırlarda məskunlaşmış elatı xatırlayır, “damarımda dövr eləyən qan deyil, ürəyimdə Vətən yeri soyuyur” nisgili ilə həsrətə meydan oxuyur, “o vaxtkı çobanın bəxti var idi, quzu yerindəydi, qurd yerindəydi” inamına söykənib, “su gələn arxa bir də gələr” atalar misalına haqq qazandırır.

 

     

 

İtdi cığır, getdi gədik,

Qanımızla bəzənmədik...

Niyə sənə bənzəmədik,

Olduq pərən-pərən, dağlar.

 

     

 

“Pərən-pərən” düşənlərin son aqibəti məğlubiyyətdir, şair isə təhqiramiz acı məğlubiyyətlə barışmır. “Koroğlunun oylağı sən, bəs hanı o ərən, dağlar?” – söyləməklə qəhrəman Vətən oğullarından imdad umur.

 

     

 

lll

 

“Qardaş, Lerikdən gələnə oxşayırsan, bəs sənə demişəm axı, Lerikin Kəlbəcərə bənzəri çoxdur. Məni haçan aparırsan Lerikə?”

“Adil, haçan desən, o vaxt. Əgər həvəsin varsa, bu saat səninlə dünyanın lap o başına da gedərəm, o da ki, Lerik ola, qulağımızın dibində...”

     Bu qısa dialoqdan sonra nə Adil Cəmil konkret vaxt müəyyənləşdirirdi, nə də mən işdən-gücdən baş açıb Lerikə getmək istəyimi konkret dilimə gətirirdim. Ən nəhayət, bu istək reallaşdı. Adil iki gün doğulduğum Lerik rayonunda qonaq qaldı. Professor Nizaməddin Şəmsizadə ilə qızılı payızın sığal çəkdiyi ormanları, yamacları, yoxuşları gəzib-dolandı, buz bulaqların, şəlalələrin seyrinə daldı. Ancaq mən bilmədim, dostum Lerikdən Kəlbəcərin ətrini ala bildimi? Axı Azərbaycanın hər qarış torpağının öz rayihəsi var...  

 

 

 

 

Ağacəfər HƏSƏNLİ

525-ci qəzet.- 2012.- 15 dekabr.- S.25.