Gənc romançıya məktublar
Ədəbiyyatın
artıq unudulmağa üz tutan bir janrı var: “Epistolyar janr”.
Yəni məktublar. Keçən
əsrin ortalarında Sveyk bu janrın unudulduğu barədə
haray çəkirdi.
Əvvəllər yazıçıların
külliyyatının bir hissəsi də məktublardan ibarət
olardı. Misal üçün, Axundovun məşhur “gələcək
nəsil də ətrafımdakı eşşəklərdən
törəyəcək” fikrini Mirzə Mülküm xana məktubunda
yazıb. Mirzə Cəlilin məktubları
akademik nəşrinin son cildinə salınıb, biz bu məktubları
oxuyanda Mirzə Cəlilin bir insan kimi obrazının
tamamlanması üçün zəruri ştrixlər
tapırıq. Marks və Engelsin məktublaşmaları
iri həcmli bir kitabdır, bu kitabdan şəxsən mən
çox şey öyrənmişəm. Bu
məktublardan dərsliklərə də sitatlar
salınıb.
Epistolyar janrı digər janrlardan fərqləndirən
mühüm bir cəhət onun hamı üçün
yazılmamağıdır. Müəllif bunu
başqa bir adama yazır. Lakin
yazıçılıq məharəti ondadır ki,
başqasına yazılan məktub hamı üçün
maraqlı olur. Romançılıq da bir az
bu deyilmi? Sənin seçdiyin və
özündən də bir şeylər qatdığın qəhrəman
bir anda hamının qəhrəmanına çevrilmirmi?
Gecə idi. Romanlarını, hekayələrini, esse və
monoqrafiyalarını oxuduğum yazıçının daha
bir kitabını yenicə bitirmişdim. Yuxum
gəlmirdi, daxilən çox narahat idim. Özüm
üçün kofe hazırlamaq istədim, tənbəllik elədim.
İndicə oxuduğum kitabın içindəki
ətalət məni sıxırdı. Bir
tərəfdən fərəhlənirdim, deməli bu
yazıçıya verdiyim qiymət doğru idi. Xahiş edirəm, məni düzgün başa
düşün. Bədii mətni anlamaq elə
də asan deyil. Dünən sevdiyin roman bu
gün gözündən düşür, ya da dünən elə
böyük əhəmiyyət vermədiyin roman qəfildən
gözündə böyüyür, zaman keçdikcə mətnlərə
verdiyin qiymət də dəyişir. Amma ədəbiyyat
haqqında esselər, monoqrafiyalar belə deyil, onlar xalis zəka
məhsullarıdır.
Onları anlamaq üçün müəyyən baza əlbəttə
ki, lazımdır, amma bu baza kifayət olmasa belə
günahın əsərdə yox, özündə
olduğunu anlayırsan. O kitab sənə bu anlamda yol göstərir. Amma mənim ədəbiyyatşünaslıq bazam bu
kitab üçün kifayət idi, bəlkə problem də
burdaydı. Bu yazıçının 50 illik yazı təcrübəsinin
hər bir ilinə bələd idim, amma indicə bitirdiyim
kitabda basmaqəlib düşüncələr, min dəfə
təkrarlanmış ifadələr, daşlaşmış,
nəinki artıq ədəbi fikrə yerimiş, hətta
köhnəlmiş mülahizələrin yeni ideya kimi təqdimatı
məni yordu.
Məni
narahat edən sual başqa idi: indi müxtəlif əsərləri
dalbadal oxuyan, romançı olmaq istəyən gənclər
məndən 10 yaş balaca olsalar da onlar da mənim iyrəndiyim
sterotiplərlə mübarizə aparacaqdılar.
Deyirlər ki, əsl ədəbiyyat söhbətləri
kitablarda yox, şifahi söhbətlərdə olur, amma bu ədəbiyyat
çayxanalarının müdavimi olduğum zamanlarda da orda
gedən söhbətlərin ədəbiyyatşünaslıq
elmindən, həqiqi tənqidi düşüncədən və
böyük ədəbiyyat amallarından nə qədər
uzaq olduğunu görmüşəm. Bəs gənclər nə
etsin? Onlara doğru yolu kim göstərsin?
Mən qətiyyən düşünmürəm
ki, bir məktubla, hər şey yoluna düşəcək,
yox, bizim daşlaşmış ədəbi institutların
yaydığı ədəbiyyatdan uzaq bəyanatlarla
mübarizəmiz çox uzun çəkəcək.
Kulis.az-da
yazıçılardan tez-tez bir xahişim olur, ədəbiyyatdan
yazın, nəzəri məsələlərdən yazın,
elə edək ki, bu mühit saflaşsın, yüz il qabaqkı problemləri bu gün müzakirə
etməyək, üfüqümüzü açaq, daha irəliyə
baxa bilək.
“Gənc romançıya məktublar” ilk cəhd deyil, əlbəttə
ki, sonuncu cəhd də olmayacaq. Əslində bu məktub çox
sadə bir məktubdur, Eko mühazirəsi, Pamuk məqaləsi,
Kundera analizi deyil, sadə şeylər deyir, lakin bu sadə
şeyləri elə bir qiyafəyə salıblar, onların
yerinə elə qəliz yalanlar qoyublar, nadanlığın təntənəsi
ilə onları elə dəyişdiriblər ki... Bu sadə həqiqətlərin yazılması
ehtiyacı məni daxilən çox narahat edir.
Bu məktubu əslində bir ay bundan qabaq
yazmışdım. İndi bu girişi yazıb məktubu sizə
təqdim edirəm.
20 yaşındasan. Romançı olmaq istəyirsən.
Bu yaşda adam tez-tez öz gələcəyi
haqda düşünür. Sən
özünü harda görürsən? Nobeldə
də görə bilərsən, bir dəlixananın
küncündə də. İkisi də ola
bilər. Heç biri olmaya da bilər. Amma
cəmi bir şeyi düşün: Qoy hamı hər zaman sənin
haqqında danışanda “mütaliəli” sözünü
işlətsin. Bunu görsəniş
üçün etmə. Savadını
heç zaman gözə soxma. Məqaləni
sitatlarla, adlarla doldurma. Yazının mahiyyəti
güclü olsun, Eko ordan boylansın, nəinki
sitatlarından... Unutma ki, savadlı adam hansı
situasiyada olursa-olsun öz savadını göstərəcək.
Savadlı, mütaliəli, intellektual adamı
cümləsindən tanıyırlar. Ona
görə də mütaliənə görə
özün-özünə hesabat ver. Oxumaqdan doyma.
Yaxşı yazıçı ola bilməsən
belə yaxşı oxucu ola bilərsən. Və
bir şeyi unutma. Yaxşı
yazıçılar hər zaman, amma istisnasız olaraq hər
zaman yaxşı oxucuların arasından çıxır.
Pis oxucu olub yaxşı yazıçı olan bir adam göstərə bilməzsən.
Sənə
kitabdan gəlmiş adam, “literaturşina”
deyə bilərlər, vecinə alma. Yazıçıların
heç də hamısı Heminquey kimi maraqlı həyat
yaşamayıb. Hərçənd bunun
özü də mübahisəli tezisdir, çünki həyat
anlayışının özü də mürəkkəbdir,
məgər Tolstoyun daxili çırpınışları,
harayı həyat deyilmi, həyat ancaq içki şüşələrindən
ya da Dostoyevskinin katorqasındanmı ibarətdir?
Yazıçının daxili həyatı çox
güclü və dinamikdir, mənə bircə dənə də
daxili dünyası dar olan yazıçı göstərə
bilməzsən, çünki bəlkə də ədəbiyyata
verilən ən sadə tərif budur-ədəbiyyat xəyal
qurmaqdır-xəyalsız yazıçını təsəvvür
etmək belə mümkün deyil, absurd bir şey alınar,
misal üçün üzmə bilməyən, amma
üzgüçü olan bir adama bənzəyər
yazıçı. Kəsəsi, yazıçının həm
daxili həm də xarici həyatı var, ola bilsin ki, daxili həyat
bir az sönükdür, amma istənilən halda bu var,
Dostoyevski başında torba ölüm hökmünü
gözləyirdi, əfv edildi, amma Tolstoyun belə aqibəti
olmadı, indi buna görəmi Dostoyevskini Tolstoydan
böyük yazıçı saymalıyıq? Bəs başına torba keçirdib əfv edilən
və Dostoyevski olmayan adamları hara yazaq?
Madam ki, onlar həyat deyəndə xarici həyatı
nəzərdə tuturlar və deyirlər ki, çox kitab
oxuyan adamdan yazıçı çıxmaz, o həyatdan gəlməyib,
onda elə bu tezisin də antitezisini ortaya çıxardaq. Mənə həyatdan bəhs etməyən bir roman
göstərə bilərsənmi? Bütün
romanlar həyatın təsvir edilməsidir, hamısı həyatdan
bəhs edir, istər ucuz romanlar, istərsə də
şedevr, fərq etməz. Bu ayrı
söhbətdir ki, hansı keyfiyyətdə bəhs edirlər.
Başqa bir antitezis. Söz yox ki, heç kim vakuumda doğulmur. Hamı məktəbdə
oxuyur, bəziləri universitetdə oxuyur, hamının
qonşuları var, hamı mağazaya gedir, avtobusa minir.
Buna görə də ictimai həyatdan təcrid olunmuş adam tapmaq nəzəri cəhətdən bəlkə
mümkün olsa da praktik cəhətdən bu
mümkünsüzdür. Kitabdan gəlməyin
ustad nəzəriyyəçisi sayılan Borxes deyir ki, mənim
üçün həyatda yaşadıqlarımla
oxuduqlarım arasında fərq yoxdur, ikisi də mənim
yaşantımdır, ya da alman filosofu Kant deyir ki, cibimdəki
yüz talerlə, beynimdəki yüz taler arasında bir fərq
görmürəm, onların ikisi də mövcuddur, biri
şüurda, biri reallıqda. Yəni, sənin
şəxsi təcrübən heç də öz
müşahidələrin deyil, həm də oxuyub mənimsədiyin
kitabların müşahidəsidir. Bir də sən
öz müşahidələrinə, öz fikirlərinə,
kənddə sizinlə qonşu olan Həsən kişidə
gördüyün cəhətlərə etibar edirsən, buna
görə də özünü həyatdan gələn
yazıçı adlandırırsan, amma Dostoyevskinin, o
könül mühəndisinin müşahidələrini vecinə
almırsan? Axı Dostoyevski də bu
müşahidələri həyatdan götürüb, onun da
həyat təcrübəsi var, onun da romanları
müşahidələrdən, oxuduqlarından, dərin
düşüncələrdən, mütaliədən və
həyat təcrübəsindən doğan faktların təkamülündən
yaranıb.
Mütaliənin faydaları çoxdur. Ən birinci
faydası isə mütaliə ilə sən öz estetik
ölçü vahidini yaradırsan. Bununla
da sən istər başqa müəlliflərin, istərsə
də öz romanlarını dəqiq qiymətləndirə
bilirsən. Oxuduqca estetik kriteriyaların
mükəmməlləşir, tələbkarlığın
artır. Bax, misal üçün
antiutopiya yazırsansa, Orvellin “1984”ünü oxumasan gülməli
bir şey alınar. Orvelli oxuyub öyrənsən,
ondan daha yaxşısını bəlkə də yaza bilməzsən,
amma heç olmasa antiutopiya şedevrini necə
yaratmağın mümkün olduğunu bilərsən. Texnikanı mənimsəyərsən. Süjet qurmağı öyrənərsən.
Və o böyük yazıçıların
süfrəsində oturarsan. Ən azı
dinləyici kimi. Bir də nə bildin, bəlkə
elə onlar sənin süfrəndə oturmaq üçün
icazə istədilər.
Öz estetik ölçü vahidini yaratmaq çox
önəmlidir. Özün-özünün tənqidçisi
olursan onda. Belə olan halda sən ucuz kafelərdə
sərxoş sağlıqlardan tökülən özün
haqda boğazdan yuxarı fikirlərə etibar etməzsən.
Bir şeyi də unutma:“İnsanlar adətən
sənin usta olduğun yerləri yox, qeyri-peşəkar
olduğun yerləri tərif edirlər”. Bu, bəlkə
həmişə belə deyil, əsasən belədir, amma sən
belə bil. Bütün fikirlərə
qulaq as, amma hər şeyi mütaliə ilə
formalaşdırdığın ciddi estetik ölçü
vahidinlə yoxla.
İnsanların sənin haqqında nə
düşündüyü əlbəttə ki, önəmlidir. Amma öz ədəbi
həyatının rejissoru da özün ol. Başqasına bu rolu vermə. Və
unutma. Bir romançı tribuna
üçün yox, tarix üçün oynamalıdır.
Dünyanın böyük nəsr
ustalarının fəndlərini öyrən. Öz ustalarımızı yaxşı öyrən.
Bəzən bir hekayəni cümlə-cümlə
oxu. Keçidləri gör. Dilə diqqət yetir. Süjetin
inkişafını video kim
yavaşladıb izlə... Yəni, ustadlardan nə
mümkündürsə, onu da öyrən. Və unutma ki, yazı ustaları şagirdlərinə
qalib gəlmək üçün sonuncu fəndi onlardan gizlədən
güləş ustaları deyil. Onlar səxavətlidirlər.
Mətləbi çox uzatmadan keçirəm
üçüncü bəndin əsas məsələsinə.
Bayaq yazdığım kimi, tarix
üçün oyna, tribuna üçün yox. Füzuli ilə Nizaminin arasında gör neçə
əsr var? Ya da Axundovla Mirzə Cəlilin arasında
neçə il fərq var? Amma
adları yanaşı çəkilir. Onların
arasında o qədər şair, yazıçılar olub
ki... Onlar tarixin yaddaşında qalmadılar.
Ya istedadları çatmadı, ya da tribunaya
oynadıqları üçün cari alqışlarla
ovundular.
Sən özünü ustalarla bir sıraya qoymaq
üçün yaz. Bir Xalq yazıçısının
müsahibəsinə adının düşməsi
üçün yox. Bir sirr də
açım sənə. Tarix
üçün oynayanları da adətən tribuna
alqışlayır. Əbədilik
eşqi ölməzdir, dostum. Çalış
əbədi olasan. Ona görə məruzələrdə
adını axtarma, müsahibələrdə adını
arama. Bir anlıq gözlərini yum və hər
hansı bir rayonda tutaq ki,Tovuzda bir məktəb
xəyal et. Ədəbiyyat kabinetində
Nizaminin, Füzulinin, Mirzə Cəlilin yanında öz
portretin var. Eqon tumarlandımı? Onda
neynirsən o Xalq yazıçısını?
Unutma. Romançılıq hər şeydən qabaq zəhmətsevərlik
tələb edir. Heç kim vəhylə
roman yazmır. Əvvəlcə süjet haqda
düşün. Obrazlar haqda qeydlər et.
Ən xırda detalları belə yerbəyer elə.
Mövzu araşdırma tələb edirsə,
bir araşdırmanı da buraxma. Sənin
mövzuna aidiyyəti olan bütün romanları oxu. Yazmaya bilməyəndə yazmağa başla. Bitirəndən sonra dəfələrlə oxu.
Çapa tələsmə. Son
nöqtəni qoyduqdan sonra romanı gözündən uzaq bir
yerə qoy. Bir neçə ay sonra bir də
qayıt. Mütləq əlavələrin,
düzəlişlərin olacaq. Bu soyutmanı bir
neçə dəfə et. Əmin
olduqdan sonra çapa ver. Heç zaman çap
üçün tələsmə.
Yazıçılardan qaça bilməzsən. Onlar sənin
həmkarlarındır. Amma adi adamları
unutma. Bir yazıçı
üçün ən böyük xammal adi insanlardır.
Bizim yazıçılar adətən vakuumda
yaşayırlar. Gördükləri
yazıçılar, şairlər, tənqidçilər,
jurnalistlərdir. Amma əsl həyat
başqa yerlərdədir. Onlar adi
insanlardır. Onların şüurunu ədəbiyyat,
fəlsəfə pozmayıb. Sən orda əsl həyatı
görürsən, yarımçıq fikirlərlə zəhərlənmiş,
natamam eqoları,
dumanlanmış şüuru yox.
İstisnasız olaraq bütün müasirləri, Azərbaycanda yazan bütün yazıçıları oxu. Ən azı göz at. Çünki qeyri-peşəkar əsərlər adama çox şey öyrədir. Necə yazmağı peşəkarlardan, necə yazmamağı qeyri-peşəkarlardan öyrənmək lazımdır. Dostoyevskinin yazı üslubunu yaxşı mənimsəmək üçün Baxtini oxumaq mütləq lazımdır. Amma qeyri-peşəkarların Baxtini olmur. Sən orda səhvləri çox asanlıqla tapacaqsan, buna görə də Baxtinə ehtiyac qalmır. Bir şeyi yadında saxla ki, hansısa əsərdə tapdığın səhv haqda düşünəcəksən, bu səhvi bir daha etməyəcəksən.
Unutma ki, mühitsiz mütaliəli olmaq çətin
məsələdir. Sufilikdə
bir anlayış var: “söhbeti-canan”. Bilirsən
ki, sufilər Allahı sevgili kimi görürlər, onu sevirlər.
“Söhbəti-canan” isə dosta deyilir, söhbət
edəndə sənə Allahı xatırladan dosta. Bax, sən də ədəbiyyatdan danışan
dostlar tap, sənə məsləhət verən, səni
öyrədən, bir yerdə oturanda kiminsə qarasınca
danışan yox, ədəbiyyatdan danışan dostlar qazan.
Belələri çox deyil, lap azdır. Amma sən özün söhbəti-canan olduqdan sonra
o dostlar gəlib səni tapacaq. Diogen kimi günorta əlində
çıraq insan axtarma yəni...
Yazıçı həyatı bilməlidir. Sovet vaxtı
bu klişe vardı. Düz deyirdilər.
Həyatı yaxşı öyrən. Dünyanı yaxşı öyrən. Bakıdakı şadlıq evlərinin
ofisiantlarının nə qədər günəmuzd
aldıqlarını da öyrən, Uqo Çavesin necə
hakimiyyətə gəldiyini də. Dünya
haqqında təsəvvürlərin tam olsun. Bəzən bir QHT-nin narkomaniya haqqında
hesabatını diqqətlə oxu. Hər
sahə üzrə məlumat qazanmağa çalış.
Unutma ki, yazıçı cəmiyyət
mühəndisidir.
Cəmiyyətin ayrı-ayrı sahələrini də, keçmişini də, bu gününü də istər konkret detalları, istərsə də ümumi inkişaf xarakteristikası baxımından dərk et. Sən cəmiyyət haqda yazmayacaqsan, bu şəksiz ki, belədir, konkret bir insandan, ya da bir neçə insandan yazacaqsan, amma o insanlar da bu cəmiyyətin üzvləridir, bu cəmiyyətin ayrılmaz elementləridir, onları bu cəmiyyət, onun dəyər normaları yaradıb, onlar bu dəyərlərlə, bu normalarla hərəkət edirlər, onlar bu cəmiyyətin insanları ilə ünsiyyətdədirlər, onlar bu cəmiyyətdə sosiallaşıblar. Mətləbi bir az da tündləşdirim, cəmiyyətlər də bir-biri ilə qarşılıqlı təsirdədirlər, ümumilikdə dünya bir külldür, onu ayrı-ayrı parçalara ayırmaq olmaz. Məhz buna görə də yazıçı həyatı, cəmiyyət həyatını aydın şəkildə dərk etməlidir.
İnsanlarla münasibətdə rahat ol. Ola bilsin ki, kimsə səni doğru anlamasın, kimsə sənin yazdıqlarına barmaqarası baxsın, fərq etməz, sən rahat ol. Özün kimi düşünməyənləri-yazıçı olsun, oxucu olsun, fərq etməz-düşmən bilmə, öz düşüncələrinə bir də bax, ehtiyac varsa onları korrektə elə. Unutma ki, bu gün milyard adamın pərəstiş etdiyi peyğəmbərləri də sağlığında daşqalaq ediblər, anlamaq istəməyiblər. Sənə hücumlar olacaq, bunlardan canın sıxılsa, çarmıxa çəkilən İsanı xatırla, Taifdə daşlanan Məhəmmədi xatırla, əlbəttə, sən peyğəmbər deyilsən, din adamı heç deyilsən, amma yüz il sonra şəklinin ucqar bir dağ kəndinin ədəbiyyat kabinetində Mirzə Cəlillə yanaşı asılmağını istəyirsənsə, bu hücumlara dözməlisən. Demirəm, dözmək ciddiyə almaq deməkdir, ümumiyyətlə vecinə almamalısan, sənə atılan daşlardan özünə ev tikməyi bacarmalısan.
Mənə
bir adam haqda danışmışdılar.
O adam bir neçə il heç nə
oxumayıb ki, təsirə düşər, sonra yazmağa
başlayıb. Yazdıqlarını da
gördüm, bayağı idi. Amma indi adını
xatırlamadığım o şair mənə bir həqiqəti
öyrətdi, indi aydın şəkildə dərk etdiyim həqiqəti
əhvalatı eşitdiyim, o şeirləri oxuduğum tələbəlik
illərimdə də ən azı intuitiv olaraq bu cür
“yaradıcılıq metodu”na şübhə ilə
yanaşmışdım. Çalış özün ol! Böyük yazıçıları bir sözlə
ifadə etmək lazım olsaydı, mən çox
düşünmədən “təkrarsız” sözünü
seçərdim. Amma təkrarsız olmaq
asan deyil, heç böyük ustalar üçün də
asan deyil. Təkrarsız olmaq təqlidçiliyin
tam əksidir, amma nə qədər qəribə olsa da təkrarçılığın
yolu təqlidçilikdən keçir. Yox, söhbət
burda plagiatdan getmir, təqlid başqa şeydir, plagiat başqa
şey, söhbət böyük ustaların havası ilə
yazmaqdan gedir, böyük ustaların romanlarını oxuyub,
yazı texnikasını öyrənməkdən gedir, təkrarsızlığa
gedən yollar təqlidçilik kərpicləri ilə
döşənib. Bir də, təqlidçilik
şüurlu deyil, şüurludursa, bunun adı ədəbi
hoqqabazlıqdır. Təqlidçilik
heç cür beynindən ata bilmədiyin şeydir,
kağızla tək qalanda da unuda bilmədiyin şeydir, o
gedilmiş yolu bir dəfə gedib yeni yol tapmaqdır,
çünki o yeni yola gedən yollar keçilmiş yollardan,
daş cığırlardan keçir. Təqlidçilikdən
qorxma, təqlidçilikdən xilas olana qədər yaz.
Amma təqlidçiliyinlə də öyünmə, Azərbaycan
elə bir yerdir ki, burda kimlərsə özlərini yüz il ölmüş yazıçının
davamçısı saymaqla fəxr edirlər, elə də
etmə, sənin üçün təqlidçilik təkrarsızlıq
üçün vasitədir, öyünc yeri deyil.
Heç zaman öz mətninə xəyanət eləmə. Onu heç bir cari qayğıya, fani mövzulara qıyma. Orda özün ol. Ora sənin ərazindi, başqasına ora ayaq basmağa izin vermə. İmkanın olanda Afaq Məsudun “Qatarın altına atılan qadın” pyesinə bax. Bu pyes sənin üçün ibrət olacaq. Sifarişli məddahların acı aqibətini yazır bu əsər. Ədəbiyyata xəyanətin sonunu yazır. Xəyanətin sonu səfalətdir. Ədəbiyyata xəyanətin sonu pyesin üst qatında deyildiyi kimi bomjluq da ola bilər, alt qatında deyildiyi kimi mənəvi bomjluq da. Sən bir vedrədə qaladığın ocaqda da qızına bilərsən, isti və rahat kresloda otura da. Amma için bomboş olacaq, bir misra da səni özünə çəkməyəcək, bir misra da səni heyrətləndirməyəcək və sən qrafomaniyanın ucuz dalğalarında mürgüləyəcəksən...
Birinci məktubu burda sona çatdıraram. Onsuz da
çox yazdım. Davamı mütləq olacaq.
Qan Turalı
525-ci qəzet.-
2012.- 15 dekabr.- S.24.