Oralarda kimlər var: İsrafil Məmmədov

 

 

ORALARDA KİMLƏR VAR: İSRAFİL MƏMMƏDOV (1)

SƏHİFƏNİN QONAĞI YAZAR AZƏR  ABDULLA

DAYIMIN  ƏTRİ     

 

Tarix elmləri namizədi, tarixçi- yazar İsrafil Məmmədovun 1990-cı ildən sonra yazdığı kitablar :

1. “İrəvan dəftəri –2,  sətirlənmiş duyğuların qəribsəyən sədası” 2004

2. “İrəvan dəftəri –1, ictimai fikir tariximizin qəribsəyən üfüqləri  2007

3. “Ob istorii, iskonnıy zemle i qorkoy sudbe azerbaydjantsev, izqnannıx iz nıneşney respubliki Armeniya” 2009

4. “İrəvan dəftəri –3,  teatr tariximizdən səhifələr” 2009     

5. “Rus-Türk müharibələrində ermənilərin iştirakı” 2011

6. “Erməni kilsəsi və Türk-Azərbaycan torpaqlarında dolaşmaqda olan “böyük ermənistan  kabusu” 2011

 

İrəvanda oxuyarkən üçillik  tələbəlik həyatımın iki ilini “Şiləçi” adlanan ərazidə (ermənilər Şiləçinin türk sözü olduğundan xəbərsiz idilər) dayımın kirələdiyi iki mərtəbəli  erməni evinin ikinci qatının bir gözündə, bir ilini isə dövlətdən aldığı üç otaqlı mənzilində qaldım. Ürəyincə olan bir cümləni yazanacan qəzetçi və yazıçı dayımın ağ vərəqlərin qarşısında saatlarla əsəbi və gərgin anlar keçirdiyini, yazdığı neçə-neçə cümləni xətləyib pozduğunu,  çəkdiyi siqaret kötükləri ilə külqabını doldurduğunu görəndə yazıçılığın nə qədər çətin, məşəqqətli bir sənət olduğunu elə o vaxtlar anladım. Əslində buna anlamaq da demək olmaz. Əgər gərəyincə dərk eləsəydim, dayım işdən çox vaxt yorğun-arğın gəlib dincəlmək üçün çarpayısına uzananda yaşca ondan böyük dayımın rus- alman savaşından gətirdiyi üç registrli-səsli, yumurta sarısı klavişləri-dilləri olan şirin səsli akkordeonun qayışlarını dərhal çiynimdən sıyırıb qabına (futliarına) qoyardım. Kənddə mənə o qədər “ağıllı, dərrakəli, mədəni oğlandı” demişdilər, mən də ağıllı olduğuma inanmışdım. Ancaq ağıllı, mədənilikdən çox, məndə keylik, lap qanacaqsızlıq varmış. Allah mənə musiqiyə səxavətlə bol-bol həvəs, sevgi, deyərdim ehtiras vermişdi, ancaq gələcəkdə edəcəyim hansı günahıma görəsə (bəlkə də hansısa bir xataya düçar olmamaq üçün) o sevginin, ehtirasın müqabilində musiqi qavrayışı verməmişdi. Hər gün dərsdən qayıtcaq tələm-tələsik yeməyimi yeyib akkordeonu sinəmə basıb, ara vermədən beş-altı saat çalardım. Bu beş-altı saat zırıltının iki-üç saatını o vaxt dayım da eşitməyə məhkum idi.

Tələbəliyimin son bir ilinisə dayımın üçotaqlı mənzilində qaldım. Bir gün dostum rəhmətlik Qambay Məmioğlu bizə gəlmişdi.Yaşımızın çöpəgülən vaxtıydı. Axşamüstü Qambayla məni dəli bir gülmək tutdu. Dayıma son dərəcə ehtiramımız olduğundan, həm də aramızda incə həya pərdəsi olduğundan gülməyimizin şiti çıxmasın deyə özümüzü gah balkona, gah hamama, gah da boş otaqların birinə verib gülür, dayım olan otağa qayıtcaq bizi yenə gülmək tuturdu.

Yatmaq vaxtı  Qambayla mən parket döşəmənin üstünə saldığımız yorğan döşəkdə yanbayan uzanmışdıq. Gecə yarısınacan, gah əlimizlə bir-birimizin ağzını bağlayır, gah başımızı yorğanın altında gizlədir, gah da tualetə getmək bəhanəsi ilə aradan çıxırdıq. Nə qədər çalışsaq da gülməyimizi saxlayammır, bədənimiz titrəyir, arabir cürbəcür boğuq səslər, hıçqırıqlar, pıqqıltılar eşidilirdi. Dayımın hərdən çarpayıda o yana, bu yana çevrilib yata bilmədiyini duysaq da, özümüzü günahkar saysaq da gülməyimizi saxlaya bilmirdik ki, bilmirdik. Gecənin bir aləmi dayımın mehriban, doğma, məxmər kimi yumşaq səsini eşitdik  Özünüzü sıxmayın, bərkdən, rahat gülün, gülün ki, boşalasınız...

Uzun illər sonra dayımın o gecəki səsinin tonunu Qambayla dönə-dönə müzakirə elədik. Hər dəfə də onun səbrli, mehriban və doğmalığını heyranlıqla xatırladıq. Dayımın səbrindən, təmkinli olmasından söz düşmüşkən... Ev uşağı olduğumdan dərsdən çıxcaq bir qayda olaraq birbaşa evə qayıdardım. Bir gün necə oldusa, bir tələbə dostumla dərsdən çıxıb kinoya getdik, filmə baxandan sonra gözəl yaz günü bizi ovsunladığından küçələrdə gözəl qızların dalısınca düşüb süründük, parklarda oturub dondurma, qoğal yeyə-yeyə saatlarla gəlib gedənə baxdıq. Həmin gün saat beşdəmi, altıdamı evə dönüb qapını açanda dayımı içəridə geyinmiş, qanı qara vəziyyətdə görəndə yerimdə donub qaldım. Demiyəsən həmin tezdən tələsdiyimdən öz açarım cibimdə ola-ola masanın üstündən dayımın açarını da götürərək qapını bağlayıb getmişəm. Dayımın gecə yarısınacan yazıb hazırladığı məqalə saat on birdə əməkdaşı olduğu Ermənistan Kommunist Partiyasının orqanı olan “Sovet Ermənistanı” qəzeti baş redaktorunun masası üstündə olmalıymış. Tərslikdən həmin gün dayım həm də qəzetdə növbətçiymiş. Redaksiyadan dəfələrlə evə zəng edib dayımı danlayır, məqaləni yazmamaqda ondan şübhələnirlər. Dayımın xahişi ilə redaktorun sürücüsü gəlib beşinci mərtəbənin balkonundan dayımın atdığı yazı materialını götürüb aparır. Həmin gün mən qapını açanda gün ərzində ac-susuz qalan, redaktorun danlağına, qınağına düçar olan, onun yanında etibarını itirən, açarı tapmaq ümidiylə ciblərini, gümanı gəldiyi yerləri dönə-dönə axtaran, anbaan, saatlarla canına yığılmış hirsini, stresini bədəninin harasındasa gizlədərək sakitcə, ancaq üzümə baxmadan (bəlkə də qaşqabağını gizlətmək məqsədiylə)

–Sən məni dustaq eləmisən...-deyib tələsik çixıb getdi.

Xeyli müddət donub yerimdə qaldım. Həmin gecə dayım növbətçi olub evə gec gəldiyindən, səhərisi mən tez durub dərsə getdiyimdən bir-birimizi görə bilmədik. Növbəti gün elədiyim günahdan sarsılaraq lal olduğumu işdən qayıdan dayım duyaraq heç nə olmayıbmış kimi gülə-gülə –Elə gözəl havadı, adam evə gəlmək istəmir...Köynəyimi ütüləsəydin, çıxıb bir az gəzərdik...Dayımın bu sözlərindən sonra donum, qırışığım açıldı, xoşbəxt anlar yaşadım. Həmin gün şəhərin bəzi yerlərini dolaşandan sonra dayım məni restorana apardı, bütün sıxıntılarımı unutdum.

Bir yazımda (“Məzələnmə”də) yazıçı Anar bəydən, onun yüksək mədəniyyətindən, kübarlığından, həssaslığından, incə qəlbli olduğundan yazanda dayım İsrafil Məmmədovu xatırlamışdım. İndi dayımın mədəniyyəti, həssaslığı, kübarlığından  danışanda da sevimli yazıçımız Anar yadıma düşür.

Qərbi Azərbaycanın Zəngəzur mahalının Mığrı rayonunda  iyirmi-iyirmi beş evi olan Əmrəkar kəndində doğulan, dərslərini çıraq, bəzənsə Ay işığında oxuyub orta məktəbi əlaçı bitirən, rayonda komsomol komitəsinin ikinci, sonrasa birinci katib vəzifəsində çalışan, Bakıda Pedoqoji İnstitutu, İrəvanda ali partiya məktəbini bitirən, “Sovet Ermənistanı” qəzetində ədəbi işçi vəzifəsindən həmin qəzetin  baş redaktoru, Ermənistan təhsil nazirinin birinci müavini vəzifəsinəcən yüksələn dayım İsrafil Süleyman oğlu Məmmədov özəl səbr, təmkin, iradə, qapalı inad, güclü yaddaşı, sadəliyi, mehribanlığı və özəl zəhmətkeşliyi (!) ilə başqalarından seçilir.

Ermənilərin türklərə qarşı bəzən açıq, bəzənsə gizli təzyiqləri ucbatından qərb Azərbaycandakı aydınlar və sıravi insanların bəzisi tez, bəzilərisə nisbətən gec də olsa öz ata-baba yurdlarını zaman-zaman tərk etmək məcburiyyətində qalıblar. Ancaq İsrafil Süleymanoğlu son erməni-azərbaycanlı münaqişəsində İrəvanı sonuncu  tərk edən türk olub. Burda “sonuncu” söz təsadüfən işlədilmir. İsrafil Məmmədov İrəvanda tanınan, üzdə olan bir insan olduğundan onun çoxlu erməni dostu olduğu kimi, həddindən çox gözü götürməyənləri, düşmənləri də vardı.Ermənilər hər dəfə “erməni xəstəliyi”nə tutularaq qan təzyiqləri yüksələndə dayımgilin evlərinə hədə-hərbə, aşağılayıcı, təhqirlərlə dolu arasıkəsilməz telefon zəngləri olub. 1968-ci ildə dayımgilin yataq otağının divarına qoyularaq partladılan amunalın səsi Bakıda da eşidildi. Divardan tökülən daşlar, çınqıllar ətrafa sıçradığından divara söykəli  çarpayıda yatmış dayımgil xəsarətdən sovuşdu.“Ədalətli və obyektiv” erməni müstəntiqinin araşdırmasından bəlli oldu ki, demiyəsən, dayımın divar qonşusu qızını bir erməni gəncinə vermədiyinə görə həmin gənc bu işi törədibmiş. Erməni müstəntiqinin gətirdiyi “aydınlığa” inanmaq olardı, əgər... Əgər dayımın on səkkiz yaşlı, anam demişkən, qələbürcü kimi oğlu İlqar bir ay İrəvan xəstəxanasında erməni həkimlərinin müalicəsindən sonra Moskvaya aparılmasaydı, Moskva həkimləri başını bulayaraq “müalicə tamamilə yanlış aparılıb” deməsəydilər, Moskvadan əziz və yaraşıqlı, göz yaşı kimi dupduru, günahsız İlqarın cənazəsi ilə qayıtmasaydıq (1984), dayımgilin yataq otağının divarını partladan erməni gəncinin gerçəkdən öz məhəbbəti naminə bu olayı törətdiyinə inanmaq olardı...

 

 

 

 

ONLAR NƏ DEYİBLƏR:

 

 

 

Saday Budaqlı: (yazar, Dövlət mükafatı laureatı):  Vaxt yaman tez keçir. Gözünü açıb yumursan ki, bir il də geridə qalıb. Ancaq sonra dönüb arxaya baxanda, olanları yada salanda görürsən, heç də az yaşamamısan, xatırlanası nə qədər günlər var, adamlar, hadisələr var. Yaddaşına əziyyət versən, hətta bir anın belə sıxıb şirəsini çıxarmaq olar.

Bəxtdi, qismətdi, ya nədisə, mənim qarşıma həmişə yaxşı adamlar çıxıb (bəlkə də əl-ayağa dolaşmasınlar deyə, pisləri yaddaşımın hansısa qaranlıq küncündə basdırmışam). İsrafil müəllimi çoxdan tanıyıram, amma bir xeyli müddətdi görüşmürük. Gözümün qabağında o vaxtlardakı kimi qalıb: cüssəli, qamətli, bir az düşüncəli... Yaxşı insanları xatırlayanda adamın içi böyüyür, ürəyindən xoş duyğular keçir. İndi də həmin hissləri yaşayıram. İsrafil müəllimə yalnız yaxşı bir insan demək onu kiçiltmək olardı, çünki İsrafil müəllim şəxsiyyətdi, böyük ziyalı, böyük kişidi. Həmişə məsul vəzifələrdə işləyib. Kənardan baxan onun qayğısız, firavan bir ömür yaşadığını düşünər. Ancaq elə deyil. İsrafil müəllim ağrılı bir həyat yaşayıb. Axı hansı ləyaqətli insanın həyatı asan olub ki!.. Görəsən, eşidəsən, anlayasan və rahat yaşayasan – çoxumuz bu yolu seçdik. Ancaq kimlər isə xalqı üçün, Vətəni üçün, bu xalqın övladları üçün heç kimdən təşəkkür gözləmədən, canına cəfa verib daşı daş üstə qoydu. İsrafil müəllim elə insanlardandı. Və elə insanların işığından sənə də pay düşür,sən də bir baş böyüyürsən, sən də yaxşı olmağa, nəsə eləməyə çalışırsan.

Mən təmtəraqlı sözləri xoşlamıram. Ancaq sizə yaraşdığından bu sözlərdən qaça bilmədim. Allah sizi var eləsin, İsrafil müəllim!

 

( Hər iki hissə davam edəcək)

 

 

 

Tofiq ABDİN

525-ci qəzet.- 2012.- 15 dekabr.- S.23.