Mətbuatımızda işıqlı, unudulmaz bir imza
– Yusif İsmayıl
Zaman su kimi keçir və hər axarında yaxın adamları da, dostları da özü ilə aparır. Sənə isə qalan xatirələr dünyasıdır.
Düz 15 il
əvvəl – dekabrın
16-da qələm dostumuz,
iş yoldaşımız,
tanınmış jurnalist
Yusif İsmayıl dünyasını dəyişdi.
Həm də, çox tez dəyişdi. 60 yaş nə yaşdı ki.... Ömrünun yarısından
çoxunu jurnalistikaya
həsr edən Yusif İsmayıl oxuculara 70-80-ci illərdə
“Azərbaycan gəncləri”,
sonralar isə “Ədalət” və “Təzadlar” qəzetlərindən yaxşı
tanış idi.
“Azərbaycan gəncləri”
qəzeti həmin illərdə yarım milyon tirajla çıxan nəhəng
mətbuat orqanı idi. Təkcə tiraja görə
yox, oxucu məhəbbətini, oxucu
sevgisini qazanan ən populyar qəzet idi. Onu məşhur edən, populyarlaşdıran
Yusif Kərimov, Əlirza Balayev, Şakir Yaqubov, Sona Bağırova, Şahmar Əkbərzadə,
Tofiq Mütəllimov,
Adil Qaçayoğlu kimi jurnalistlər və təbii ki, Yusif İsmayıl
kimi qələm sahibləri idi. İş elə gətirmişdi ki, mən Yusiflə
eyni şöbədə
çalışırdım, onunla tez-tez birgə ezamiyyətlərə
gedir və hər dəfə Yusif müəllimin yaradıcılığından əlavə, insan kimi böyük məziyyətlərə sahib olduğunun
şahidi olurdum.
Rayonlara ezamiyyyətə getməyə
tənbəllik edən
jurnalistlərə rəhbərlik
həmişə Yusif
müəllimi nümunə
göstərirdi. Yusif müəllim SSRİ zamanında Sibirə, Uzaq Şərqə qədər ezamiyyəyə
getməkdən çəkinməzdi.
“Biz Azərbaycandanıq” rubrikası
altında Yusif İsmayılın SSRİ-nin
müxtəlif yerlərində
çalışan azərbaycanlılardan
yazdığı silsilə
yazılar çox böyük marağa səbəb olurdu: Moskvada çalışan
ən adi taksi sürücüsündən
tutmuş, məşhur
geoloq Fərman Salmanova qədər.
Yusif müəllim
üçün mövzu
qıtlığı yox
idi. O, filosof (Akademiyanın
fəlsəfə institutunun
aspirantı olmuşdu),
filoloq-jurnalist idi. Bir dəfə Orta Asiyadan ezamiyyətdən qayıtmışdı. Deyəndə ki, Çingiz Aytmatovla görüşüb,
ondan müşahibə
alıb, hamımız,
redaktor da təəccübləndik. Çingiz Aytmatovla görüşüb,
ondan müsahibə almaq hər jurnalistin işi deyildi. Biz o müsahibədə
gördük ki, Yusifin içində həm də ədəbi tənqidçi
ruhu var. O, Aytmatovla Azərbaycan nəsrini, sovet ədəbiyyatını
çox bacarıqla təhlil etmişdi.
Yusifin
ilk kitabı ”Qatar Tayqadan keçir” adlanırdı.
O vaxt Baykal Amur Magistralını
çəkənlər arasında
azərbaycanlılar da
vardı. Onların işindən, taleyindən
bəhs edən bədii-sənədli bir kitab ortaya qoymuşdu.
BAM o dövrün cansıxıcı
mövzusu ola
bilərdi, amma Yusif müəllim o mövzunu da Azərbaycan oxucusu üçün maraqlı
etmişdi.
Yusif İsmayılın
ürəkdən işlədiyi
mövzu isə hərbi-vətənpərvərlik mövzusu idi. Ürəklə yazırdı o mövzudan.
Məhz bu yazılarına görə Yusif müəllim” Qızıl
qələm” mükafatına
layiq görüldü.
Bu, o vaxtlar Azərbaycan
jurnalistlərinin arzuladığı
ən böyük mükafat idi.
Yaxşı yadımdadı, 1981-82-ci illərdə
Moskva Ali Komsomol məktəbində ixtisasartırma
kurslarından yenicə
qayıtmışdım. Redaksiyada öyrəndim
ki, Yusif müəllim İrkutsk şəhərinə ezamiyyətə
hazırlaşır. Moskvada
tanış olduğum, İrkutsk vilayətində çıxan
gənclər qəzetinin
şöbə müdiri
Oleq Jeltovskinin ünvanını və telefon nömrəsini ona verdim. Yusif müəllimin
həm İrkutsk qəzetində, həm də “Azərbaycan gəncləri” qəzetində
silsilə yazıları
çap olundu. Oleq Jeltovski mənə yazdığı
məktubunda belə istedadlı jurnalistlə, səmimi bir insanla onu tanış etdiyimə
görə minnətdarlığını
bildirirdi.
Hələ “bəy” müraciəti dəbə minməzdən
xeyli əvvəl redaksiyada Yusif İsmayıla “bəy” deyə müraciət edirdik. Çünki məğrur və
qürurlu idi. Heç kəs onu redaksiyanın
bəzi əməkdaşları
kimi rəhbərlik qarşısında əyildiyini
görmədi. Yusif müəllimin
xarici görkəmi ilə daxili aləmi arasında bir uyğunluq var idi. Yoldaşlarına qarşı münasibətdə
saxta deyildi. Vəzifəsindən asılı olmayaraq
hər kəsə layiq olduğu münasibəti göstərirdi.
Qarabağ hadisələri 1988-ci ildən
başlasa da, Yusif müəllim bu mübarizəni rəsmən 1987-ci ilin yayından mətbuata çıxarmışdı. Qarabağlı
Yusif İsmayılın
Qarabağ, Şuşa
sevgisi bir başqa idi. Yayda mütləq Şuşada
istirahət edər, qayıdandan sonra Şuşadan, şuşalılardan
uzun müddət söhbətlər edərdi.
1987-ci ildə onun qəzetdə məşhur “Şuşa və şuşalılar”
məqaləsi çap
olundu. O vaxt üçün Şuşanın
Dağlıq Qarabağın
tərkibindən çıxarılmasını
yazmaq böyük cəsarət tələb
edirdi. Təsadüfi deyildi ki, yazı çap olunandan sonra Yusif müəllimi Mərkəzi Komitəyə
çağırdılar. Mətbuatı kurasiya eləyən
bir məmurla çox sərt söhbəti olur. İzahat tələb edirlər.
Yazmır və deyir ki, mənə haqsız olduğumu sübut edin, onda izahat yazaram.
Sonra məlum oldu ki, Dağlıq Qarabağın o vaxtkı
rəhbərliyi bu məqalə barədə
xüsusi şikayət
göndəribmiş.
Yusif müəllimin
ikinci kitabı isə Azərbaycanın görkəmli alimi Xudu Məmmədov haqqında idi. “Sirr” adlanan bu
kitabda Xudu Məmmədov şəxsiyyəti
xüsusi məhəbbətlə
qələmə alınmışdı.
Kitabın qəzet variantında
yazı “Bəstəboy
adamın nəhəngliyi”
adlanırdı.
Yusif müəllim
dövrünün tanınmış
jurnalisti idi. Onun publisistikası
jurnalistika fakültəsinin
tələbələrinin kurs
və diplom işlərinin predmeti olardı. Bu gün də respublika mətbuatında çalışan peşəkar
jurnalistlər, qəzet
redaktorlar, var ki, o vaxtlar Yusif
müəllimdən çox
şey öyrəndiklərini
səmimiyyətlə söyləyirlər.
Qarabağda, Tərtərin Sarıcallı
kəndinin qəbristanlığında
uyuyur əziz dostumuz, qələm yoldaşımız Yusif İsmayıl. Onun xatirəsi tanıyanların
qəlbində həmişə
əziz tutulur. Bu gün yaşasaydı,
75 yaşı olardı.
Olmadı... Bu gün mənə Yusif müəllim haqqında keçmiş zamanda danışmaq çox çətindir...
Həmid NƏCƏFQULİYEV
525-ci qəzet.- 2012.- 15 dekabr.- S.22.