“Şair, hökmdarın hüzurundasan...”   

 

   ( ATATÜRK VƏ ƏHMƏD AĞAOĞLU)

 

 

 

Əhməd bəy məsələyə aydınlıq gətirmək üçün oğlu Səmədi  ilk qatarla  İstanbula, Fəthi Okyarın yanına göndərmişdi. Özü isə Rəşid Qalibin evinə gedərək minnətçi düşmüşdü:  “Doktor, – dedim, –mənə həyatı bir məsələdə yardımçı olmanızı rica edirəm. Fəthi bəy iki günə Ankaraya gələcək. O gələnə qədər bu gecə yazdığım məktub və teleqramların göndərilməsini təxirə salın”.

Və bu məqamda Cankaya köşkünün mübhəm sirlərindən birini öyrənmişdi. Rəşid Qalib şəxsiyyətinə dərin hörmətlə yanaşdığı Əhməd bəyi sakitləşdirib “Məktub nə getdi, nə gedəcək” –demişdi. Sən demə, əksəriyyəti gecənin gec saatlarında içki havasına yazdırılan bu cür qələm məhsulları sarayda “gecə ədəbiyyatı” adlandırılır və heç yerə göndərilmirmiş! Axşama yaxın İstanbuldan zəng edən oğlu Səməd də Fəthi bəyin hər hansı məktub, yaxud teleqram almadığını bildirmişdi. Saatlarla dərin ruhi sarsıntı içərisində qalan Əhməd Ağaoğlu yalnız bundan sonra özünə gəlmişdi.

(Burada bir haşiyə çıxmaq istərdim. 1936-cı ildə Mussolininin İtaliyada həyata keçirdiyi islahatları öyrənmək üçün Romaya göndərilən Rəcəb Peker geri döndükdən sonra TBMM üzərində bir “Faşist Şurası” qurulmasının zəruriliyi ilə bağlı məruzə hazırlamışdı. Baş nazir İsmet İnönünün razılıq verdiyi layihəni Atatürk  Baş vəkil həzrətləri anlaşılan yorğunluq üzündən önünə gələn sənədləri oxumadan imzalayır”- sözləri ilə rədd etmişdi. Əlində kifayət qədər hakimiyyət toplamış İnönü “Qosqoca məmləkət rakı (türk arağı-V.Q.) süfrəsi arxasındanmı idarə ediləcək?” – deyə yaxınlarının çevrəsində Atatürkün əleyhinə danışmışdı. Bu da Rəcəb Pekerin CXP baş katibi, İnönünün isə baş nazir postundan istefası ilə nəticələnmişdi. Təbii ki, Atatürk ölkəsinin faşizmə sürüklənməsinin qarşısını almaq qərarında haqlı idi. Amma diqqəti çəkən məqam onun həyatının son illərini həqiqətən də gecədən səhərə qədər davam edən aramsız içki məclislərində keçirməsi, bu vəziyyətin isə hakimiyyətin yuxarı eşalonunda narazılıq doğurması idi).

Əhməd bəy hansı şəraitdə yaranmasından asılı olmayaraq “saray ədəbiyyatı” nümunələrinin günlərin birində üzə çıxacağı ehtimalını da unutmamışdı.  İsmayıl Haqqı bəyin prinsip etibarı ilə razılaşmadığı məqaləsi barədə yüksək nəzakət çərçivəsində və tutarlı dəlillər əsasında yazdığı polemik qeydlərini çap etdirmişdi...

Zaman-zaman Cankaya köşkündə üzləşdiyi can sıxan sözlərə və hərəkətlərə  gəldikdə isə Əhməd Ağaoğlu bunu böyük adamın kiçik zəifliyi kimi dəyərləndirirdi. Onun nəzərində ən mühüm fakt tarixin dönüş anında Atatürkün Türkiyəni və türklüyü xilas etməsi idi. Yalnız bunun xatirinə çox acıları udmaq olardı! Digər tərəfdən Atatürk özü də təbiətcə kinli adam deyildi. Zəruri saydığı məqamlarda hətta üzrxahlıq etməyi də bacarırdı. Ona görə də maqnitin əks qütbləri kimi aralarındakı bütün ziddiyyətlərə  baxmayaraq bu iki insan ünsiyyətə can atırdı.

“Qazi mənimlə danışmağı sevirdi.deyə Əhməd bəy yazırdı. – Mən də ona münasibətdə hörmətkar, amma hər məsələdə doğruçu olmağı özümə  borc sayırdım. Bu mənəvi borcun ödənilməsi hər dəfəsində mənə çox baha başa gəlsə də, doğruçuluğumun müqabilində əzab-əziyyət çəksəm də, yenə tutduğum yoldan çəkilmirdim. Sərbəst Firqə zamanında həmkarlarım arasında yazı işlərində ən çox özünü göstərən mən idim. Yazılarımın xalq üzərində təsiri olurdu. Bu səbəbdən də Qazi mənimlə fikir bölüşməyi daha çox tərcih edirdi”.

Axına qarşı üzən  Axın”

Oktyabrın 22-də bələdiyyə seçkiləri başa çatdı. Təbii ki, hakim partiya böyük üstünlüklə qalib gəldi. Mənəvi qələbə isə, heç şübhəsiz, fəaliyyətinə imkan verilməyən Sərbəst Firqənin tərəfində idi. Seçkilərdən az sonra Əhməd Ağaoğlu “Son posta” qəzetində “Budurmu milli iradə?” adlı məqalə ilə çıxış edərək Cümhuriyyət Xalq Partiyasının məmləkətin hər tərəfində mənən böyük itkilərə məruz qaldığını, onun topladığı səslərin əksəriyyətinin xalq tərəfindən verilmədiyini, polis və jandarm vasitəsi ilə saxta yollarla təmin olunduğunu göstərdi.

Sərbəst Firqənin ideyalarına sədaqət, daha dəqiq desəm, sürü psixologiyasına uymaması ona baha başa gəldi. Tövbə qapısından keçərək yenidən Cümhuriyyət Xalq Partiyasının sıralarına qayıtmaqdan imtina etməsini Əhməd bəyə bağışlamadılar. Fəxri Sakalın da haqlı olaraq yazdığı kimi, onu “suç keçisinə” çevirdilər. TBMM-nə növbəti seçkilərdə namizədliyi yada düşmədi. 1933-cü il  təhsil islahatı nəticəsində İstanbul Universitetindəki konstitusiya hüququ professoru vəzifəsini də itirdi.

Bu sarsıntılı günlərdə Sərbəst Firqə acılarını birgə bölüşdüyü  Fəthi Okyara yazırdı: “94 lirə aylıqla təqaüdə göndərildim və fəal həyatın qapıları üzümə bağlandı. Bütün bunları sizə şikayət etmək üçün deyil, sırf daxilən sevdiyim və inandığım bir adama ürəyimi açaraq dərdimi bir az da olsa  yüngülləşdirmək üçün deyirəm.

Şikayət? Nədən və nə üçün? Məni tanıyırsınız. 66 yaşıma yetişdim. İçimi yoxlayıram. Adıma eyib gətirən  heç bir şey tapmıram. Millətimə, ailəmə, övladıma qarşı vəzifələrimi imkanım daxilində yerinə yetirmişəm. Genişliyə də, darlığa da eyni dərəcədə öyrəncəliyəm. O halda şikayət nə üçün? Yalnız məndən qüvvətli olan bir şey var ki, məni içimdən yeyir. Bu da yaşıma münasib olmayan həyatımdır. Mənim üçün ən ağır, ən çəkilməz dərd həyatın xaricinə atılaraq məəttəl və seyrçi qalmaqdır”.

Əhməd Ağaoğlu Atatürkə verdiyi vəd əsasında siyasətdən uzaqlaşdıqdan sonra həyatında yaranmış boşluğu doldurmaq üçün ömrünün qırx ilindən çoxunu həsr etdiyi qəzetçiliyə qayıtmaq qərarına gəlmişdi. 1933-cü ildə İstanbulda heç bir partiyaya bağlanmayan, tərəfsiz mövqedə dayanan  “Axın” qəzetinin əsasını qoymuşdu.

“Axın” onilliklər boyu sürən jurnalistlik fəaliyyətində baş redaktoru olduğu sonuncu nəşr idi. Qəzetlə bağlı niyyətini gerçəkləşdirmək üçün xanımının zinət əşyalarını, onun Azərbaycandan gətirdiyi gətirdiyi cehizliyini – nadir Qarabağ xalçarlarını dəyər-dəyməzinə satmışdı. İki şəriki ilə birlikdə çıxardığı qəzetdə tənqidi əhval-ruhiyyəyə üstünlük verilirdi. Əsas tənqid hədəfi baş nazir İsmət İnönü və onun hökumətinin həyata keçirdiyi inhisarçı iqtisadi siyasət idi. Ağaoğlu heç bir siyasi qüvvəni təmsil etmirdi. Özünün də hər hansı siyasi iddiaları yox idi. Sadəcə, türk millətini ürəkdən sevən və Cümhuriyyətin qurulmasında müəyyən əməyi olan şəxs kimi mövcud nöqsanlara laqeyd və seyrçi qala bilmirdi. Nəyinsə  islah olunmasına, müsbətə doğru dəyişdirilməsinə çalşırdı. İnönü və onun yaxınları isə əslində vətənə xidmət istəyindən irəli gələn bu təşəbbüsləri Atatürkə dövlətin həyata keçirdiyi siyasətə müxalifətçilik kimi təqdim edirdilər.

1933-cü ilin payızında bir axşam Əhməd bəy Dolmabaxça sarayına, İstanbulda olan Atatürkün şam süfrəsinə dəvət edilmişdi. Əvvəlcə hər şey qaydasında idi. Qazi ona nəvazişlə yanaşırdı, diqqət və lütfkarlığını əsirgəmirdi. Amma bu xeyirxah ab-hava qəflətən dəyişmişdi. Şam yeməyindən sonra, qəhvə içilən zaman Atatürk “Axın” qəzetinin son saylarının gətirilməsini əmr etmiş, qəzetdəki bəzi yazıların məclisdəkilərin eşidəcəyi səslə ucadan oxunmasını istəmişdi. Yaxşı heç nə vəd etməyən qiraətdən sonra üzünü Əhməd bəyə tutaraq sərt, əsəbi səslə izahat istəmişdi. Sonuncu isə öz növbəsində belə yazıların dövlətə qarşı çevrilmədiyini, “cəmiyyətin qüsurlarını göstərən ictimai tənqid” olduğunu bildirmişdi.

Lakin cavab Atatürkü təmin etməmişdi. O, mövcud qanunvericiliyin eyni şəxsə həm universitet professoru, həm də qəzet redaktoru kimi çalışmaq haqqı verib-vermədiyi ilə maraqlanmışdı. Hüquq eksperti kimi dəvət edilən professor Mehmet Fuad Köprülüzadə bunun mümkünsüz olduğunu bildirmişdi. Eşitdiyi sözlərdən ip ucu kimi yapışan Atatürk əsəbi tonla “Hələ söylə görək sən qəzet çıxarmaq üçün pulu haradan alırsan?” – deyə təhdidedici bir tərzdə soruşmuş və “Axın”ın maliyyə qaynaqları ilə maraqlanmışdı. Söhbətin bu gərgin məqamında Əhməd bəyin köhnə mərəzi olan inadkarlıq hissi baş qaldırmışdı. Sonralar həmin gecənin qanqaraçılığını və əsəbi atmosferini belə xatırlayırdı: “Həmin andaca necə qorxunc bir intriqanın başladığını anladım. “Paşam, – dedim, – “Axın”ın nüsxələri bura gətirələrək məqalələrim oxunan zaman qəzeti bağlamağa qərar vermişdim. Ancaq bir halda ki, belə şübhə var, müfəttişlərinizi göndərərək pulları haradan və necə tapdığımı yoxlatdırmayınca qəzeti bağlamayacağam”.

“Demək, baş aparırsan!- deyə Atatürk əvvəlki lütfkarlığını unudaraq təhdidə keçmişdi. – Və onu da unudursan ki, gəlib burada bizim qoltuğumuza sığınmısan”.

Gözləmədiyi zərbə tikanlı “Ağayof” müraciətindən də ağır olmuşdu. Əhməd bəy masadan qalxaraq “Paşam, mənə çox adamlar bu sözü söylədilər, – demişdi. – Hamısına gülərək keçmişdim. Amma indi sizin dilinizdən eyni sözləri eşitmək məni ruhumun ən dərin qatlarına qədər sarsıtdı. Çünki o birilər kiçik adamlardı. Siz isə bu məmləkəti qurtarmış bir insansınız.  Bir yandan dünyanın türk irqindən, türk millətindən yaranması fikrini ortaya atırsınız, o biri tərəfdən də sərhədlərimizdən iki saatlıq məsafədəki xalis türk məmləkətindən və nə yazıqlar ki, əsir bir məmləkətdən türkün öz hürriyyətini mühafizə etməyə müfəvvəq olduğu torpaqlara gələn xalis bir türkə “qoltuğa sığınmısan”  deyirsiniz. Bu nə qorxunc təzaddır və nə üçün Allah mənə sizi belə bir təzadlı uçurum üzərində görmək fəlakətini nəsib etdi?” – sözləri ilə masa arxasından qalxmışdı.

Səməd Ağaoğlunun yazdığına görə bu sözlərdən sonra Atatürk ayağa duraraq Əhməd bəyin boynunu qucaqlamış, “Sən məni yanlış anladın” deyə üzrxahlıq etməyə başlamışdı. Buna baxmayaraq Əhməd bəy məclisdə oturmaq istəməmişdi. Atatürkün israrlı çağırışları da onu geri qaytara bilməmişdi.

Bu onun Atatürklə son rəsmi təması olmuşdu. Həmin hadisədən sonra Əhməd Ağaoğlunu nə Cankaya köşkünə, nə də Dolmabağça sarayına çağırmışdılar... Amma  aralarındakı münasibətlərin qırılmamışdı, özünün gah ilıq və səmimi, gah da uzaq, soyuq çalarları ilə Atatürkün ölümünə qədər davam etmişdi. 

Atatürkə gəldikdə isə, görünür, Əhməd bəyə qarşı sərtlik və kobudluğunun peşimançılığını çəkmişdi. Bir müddət sonra onun övladlarını – Sürəyya ilə Səmədi “Ankara Palas” otelinin restoranında görəndə yersiz hərəkətini yenidən xatırlamışdı. Sürəyya xanımı rəqsə dəvət etmiş, rəqs əsnasında “Sürəyya, atan necə də bəxtiyardır. Övlad sahibi olmaq dünyada ən böyük nemətdir” – demişdi. Sonra isə məclis iştirak çılarının hamısının yanında “Atana zəng elə, onun şərəfinə içdiyimi söylə” – tapşırığını vermişdi.  “Bu hadisə İstanbulda atamla aralarında baş verən xoşagəlməz münaqişədən sonra olmuşdu. Yavəri Nəsuhi bəylə birlikdə atama zəng vurduq. Atatürk onun könlümü almaq istəyirdi” – deyə Sürəyya Ağaoğlu bəzən kiçik qisaslara meylli olan böyük insan səhvini anladıqdan sonra səmimi üzrxahlıq üçün özündə güc tapdığını minnətdarlıq hissləri ilə xatırlamışdı.

Əhməd bəyin heç nədən çəkinmədən Atatürkün qarşısında öz heysiyyətini belə mətanətlə qoruması həm məclis iştirakçılarında, həm də söhbətdən xəbərdar olanlarda böyük təəssürat yaratmışdı. Oğlu Səmədin yazdığına görə bir neçə gün sonra atası ilə Böyük Adadakı klubda qarşılaşan tanınmış türk ictimai-siyasi xadimi, məşhur “Zorən diplomat” kitabının müəllifi Yaqub Qədri Qaraosmanoğlu demişdi:

–Əhməd bəy, bu məmləkətdə tək bir adam var, sən də onunla döyüşə çıxmısan!

Ailə dostu Atatürk

1920-1930-cu illərin Ankarası, Qurtuluş Savaşına imza atan və Cümhuriyyət havası ilə nəfəs alan yeni paytaxt sanki böyük bir ailə halında yaşayırdı. Söhbət Türkiyəni yenidən dirçəldən dövlət və hökumət rəsmilərindən, hərbçilərdən, milli ziyalılardan gedir. Onlar bir-birlərinin sadə, hələlik heç bir cah-cəlalı ilə seçilməyən evlərinə gedib-gəlirdilər, xanımları və uşaqları biri-birlərini yaxşı tanıyır, sevincli və kədərli anlarını bölüşür, ünsiyyət saxlayırdılar. (Maraqlıdır ki, 1920-ci illərdə sovet rəhbərliyinin ailə halında yaşadığı Kremldə də eyni əhval-ruhiyyə hökm sürürdü. Tanınmış rus publisisti Larisa Vasilyevanın “Kreml xanımları” və “Kreml uşaqları” kitablarını oxuyandan sonra bu təəssürat məndə daha da möhkəmləndi – V.Q.).

Sürəyya Ağaoğlu “Bir ömür belə keçdi” kitabında bu ailə dostluğunun, mənəvi yaxınlığın yaddaqalan səhnələrini göz önündə canlandırmışdır. İstanbulda “Kamalın anası” kimi yalnız uzaqdan-uzağa gördüyü Zibeydə xanımla Ankarada şəxsən tanış olmaq imkanı qazanmışdı: “Yaz tətilində Ankarada anamla birlikdə Zibeydə xanımı ziyarət etdik. Məqbulə və Fikriyyə xanımlar da onun yanında idilər. Mustafa Kamalın gözləri, baxışları anasınınkına çox bənzəyirdi.  O yay Atatürkü ilk dəfə İhsan bəyin bağçasında gördüm. Bütün türklər kimi mən də ona qiyabi pərəstiş edirdim. Atatürkü seyr edərkən onun günəş kimi parlaq saçlarını, coşub-daşan enerjisini görür və atamdan da aldığım təlqinlərlə qələbənin mütləq qazanılacağına inanırdım”.

Səməd Ağaoğlu isə Atatürkü ilk dəfə 13 yaşında, Ankara meydanlarının birində görmüşdü. Həyatında dərin iz buraxan həmin görüşü illər sonra belə xatırlayırdı:

“Yaxınlaşdığımız zaman onlardan biri, gənc və zərif bir adam atama əlini uzatdı, “Mərhəba, Əhməd bəy, – dedi, məni göstərib “Bu uşaq oğlundur?” –soruşdu. 

Atam mənə tərəf çevrildi, “Mustafa Kamal Paşadır! – dedi. –Öp əlini!”

Ürəyimin şiddətlə döyündüyünü xatırlayıram. Xəyalımda hər gün yeni bir şəkil alan adam qarşımda dayanmışdı. Lakin bu gerçək Mustafa Kamal o xəyal insanlardan heç birinə bənzəmirdi. Rəsmlərinə baxaraq fikrimdə iri gövdəli, qalın qaşları çatılmış, sərt üzlü, kiteli son düyməsinə             qədər düymələnmiş bir əsgər surəti yaratmışdım. Amma önümdə incə üzlü, gözləri yumşaq işıqla dolu gənc, çevik bir insan vardı”.

Tarixə “Böyük təərrüz” (hücum-V.Q.) adı ilə düşən İzmir savaşı ərəfəsində –1922-ci il avqustunda  Mustafa Kamal Paşanı Ankaradan  cəbhəyə yola salanlar arasında Əhməd Ağaoğlu da var idi. Qurtuluş Savaşının tanınmış simalarından Topçu İhsanın evində toplaşmış, sübh açılana qədər oturmuşdular.  Əhməd bəyin xahişi ilə ev sahibi baş komandandan zəfərin nə zaman qazanılacağını soruşmuşdu. Atatürk bəlli bir tarix demişdi. Amma türk əsgəri İzmiri daha  əvvəl azad etmiş, yunan qoşunlarını Egey dənizinə tökmüşdü. Qələbənin ardından Ankaraya dönən Atatürk Əhməd bəyi gördükdə zarafatla “-Bax, yanıldım. Adamın əlindən bəzən belə xətalar çıxır. Mən də qələbəyə təxmin etdiyim vaxtdan tez yetişdim” – demişdi.

1924-cü ildə Əhməd bəyin ilk övladı Sürəyya Ağaoğlu (1903-1988) İstanbul Darülfünunun hüquq fakültəsini ilk qadın məzun kimi başa vurub Ankaraya qayıdanda Atatürk bu münasibətlə öz evində ziyafət vermişdi. Süfrədə Sürəyyanı sağ, Tezeri isə sol tərəfində oturdaraq onları fəxrlə baş nazir İsmət İnönüyə göstərmiş və “Bax, – İsmət demişdi, – Sürəyya hüquq fakültəsini bitirdi, Tezer fəlsəfə fakültəsinin son sinifindədir. Türk qızları nə gözəl irəliləyir”. Ağaoğlu ailəsinə xüsusi rəğbəti ilə seçilməyən İsmət Paşa bu fərəhi bölüşməyib söhbətdən yayınmışdı...

Sürəyya xanım sevinc və nəşə ilə dolu həmin axşamı belə xatırlayırdı: “Yemək gələndə xidmətçi boşqabı Atatürkə, o isə mənə uzatdı. Təbii ki, alıb qabağıma qoydum. Mənimlə üzbəüz oturan atamın gözlərindən şimşəklər yağırdı. Yemək xoş keçdi. Biz gedəndə Lətifə xanım (Atatürkün həyat yoldaşı – V.Q.) yavaşca:

–Evdə çəkəcəyin var. Atan sənə çox hirsləndi, – dedi və güldü. – Anamla atam hirslərini tökmək üçün evə qədər gözləmədilər. Atatürkün bizi  aparmaq üçün verdiyi avtomobilə minər-minməz atam:

–Hüquq fakültəsini bitirmisən, amma adam olmamısan. Dünyanın ən böyük şəxsiyyətlərindən biri sənə xidmət edir, sən də sakitcə alırsan, – dedi. Asta səslə:

–Nə edim, mən də hüquq fakültəsini bitirən ilk türk qızıyam” – dedim.”

Övladlarının da xatirələrindən göründüyü kimi Atatürk və Lətifə xanım Ağaoğluların Ankaranın Keçiörən məhəlləsindəki evlərinə tez-tez gəlirmiş. Burada onların diqqətini ən çox çəkən səmimi ailə ab-havası, həm partiarxal, həm də müasir çalarlarla zəngin valideyn-övlad münasibətləri idi. Sürəyya xanım yazırdı: “O dövrdə (1924-1925-ci illər nəzərdə tutulur – V.Q.) Atatürk munis ailə mühtində vaxt keçirməyi çox sevir, yeni yetişən gəncləri bir ata fərəhi ilə izləyirdi. Biz o illərdə Ankaranın sayılan, oxumuş, yüksək təhsil görmüş və Qərb anlamında həyat mübarizəsinə atılmış gəncləri idik”. Məhz bu səbəbdən də o, Əhməd bəyin qızlarının paytaxtda təşkil olunan bal və ziyafətlərdə iştirakına xüsusi diqqət yetirirdi.

İki illik birgə həyatdan sonra 1925-ci ildə Atatürkün Lətifə xanımı boşaması sonuncunun Ağaoğlular ailəsi ilə səmimi  münasibətlərin kəsilməsinə səbəb olmamışdı. Bioqraflarının da etiraf etdiyi kimi, dövrünün nəcib, ziyalı qadınlarından biri kimi tanınan Lətifə xanımdan ayrılması Atatürkü getdikcə yüksələn xətlə onun təkliyindən faydalanmaq istəyənlərin və uzun-uzadı içki məclislərinin məngənəsinə salmışdı. Bir il sonra baş verən İzmir sui-qəsdindən sonra Mustafa Kamal Paşa özünün bir sıra keçmiş silahdaşları ilə əlaqələrini də kəsmişdi.

Bu həssas məsələlərlə bağlı dövlət başçısına söz deməyin nə qədər təhlükəli olduğunu başa düşsə də, Əhməd bəy özünü saxlaya  bilməmişdi Atatürklə görüşlərin birində “Paşam, Türkiyədə iki böyük talesizlik oldu: biri Lətifə xanımdan, digəri isə keçmiş silah yoldaşlarınızdan ayrılmanızdır” – demişdi. Gözlədiyinin əksinə olaraq Atatürk əsib-coşmamış, əksinə kədərli düşüncələrə dalmışdı. 

Lətifə xanım isə Türkiyənin birinci adamından ayrılıb tam qapalı bir həyat tərzi keçirməyə başlayandan sonra evindən nadir hallarda çıxsa da, 1933-cü ildə Əhməd bəyin həyat yoldaşı Sitarə xanımın vəfat edəndə yas mərasimində iştirakı və ailə üzvlərinə başsağlığı verməyi özünə borc saymışdı. Sevdiyi qadınının itkisindən çox mütəəssir olan Əhməd bəyi sakitləşdirərək “Əhməd bəy, niyə ağlayırsınız? Başınızı geri çevirdiyiniz zaman arxada qalmış otuz gözəl ili xatırlayacaqsınız. Qoy mənim kimi diri ölülərə türbədarlıq edənlər ağlasınlar” – demişdi...

Ağaoğlular ailəsinə duyduğu yaxınlıq sayəsində Atatürk bəzən hətta onların məişət səviyyəli problemlərinə də müdaxilə edir, bu vasitə ilə həmin ailəyə xüsusi münasibətini diqqətə çatdırırdı. Sürəyya Ağaoğlu xatirələrində indi bizə qəribə görünə biləcək belə epizodlardan birini xatırlayır. 1920-ci illərin ikinci yarısında kiçik kənddən paytaxta çevrilən Ankarada az-çox normal sayılacaq  yalnız bir restoran vardı. Əksər nazirlər, millət vəkilləri nahar və şam etmək, yaxud sadəcə görüşüb vaxt keçirmək üçün “İstanbul lokantası” adlanan həmin restorana toplaşırdılar. Təbii ki, onun müştəriləri arasında qadınlar yox idi. Hüquqşünas xanımlar – Sürəyya Ağaoğlu ilə rəfiqəsi Məlahət Ruacan bu maneəni aşmaq qərarına gəlmişdilər. Onların hərəkət sərbəstliyi cəmiyyətin qınaq hədəfinə çevrilmişdi. Nə qədər qəribə görünsə də iş hətta dövrün baş naziri səviyyəsinə qədər gedib çıxmışdı.

Sonda Atatürk məsələyə müdaxilə etməli olmuşdu. Nahar fasiləsi zamanı Sürəyya Ağaoğlu ilə restorana gəlmişdi. Adlı-sanlı müştərilərə gənc hüquqşünas xanımı bu gün nahar fasiləsində öz evinə dəvət etdiyini, sabahdan isə  onun günorta yeməyi üçün bura gələcəyini bildirmişdi. Xəbərdarlıq təsirini göstərmişdi. Mühafizəkar donqultuların qarşısı alınmış, Ankaradakı dövlət idarələrində çalışan azsaylı xanım məmurların restorana yolu açılmışdı.

Daimi yaşamaq üçün İstanbula köçdükdən və “Axın” qəzeti ətrafında yaşanan münaqişədən sonra Əhməd bəyin cümhur başqanı ilə görüşləri təsadüflərə bağlı olmuşdu. Hər ikisinin xarakterindəki səciyyəvi cəhətləri üzə çıxaran belə rastlantılardan  biri 1934-cü ilin yayında İstanbulda baş tutmuşdu. 

Qızı Sürəyya Ağaoğlu həmin görüşü belə xatırlayırdı: “Böyük Adadakı yaxt-klubda qalırdıq. Bir gecə Atatürk yanında Cəlal Bayar (Türkiyə Cümhuriyyətinin 3-cü prezidenti – V.Q.), Şükrü Qaya, Qılınc Əli, aktyor Vəsfi Rza, Şükrü Naili Paşa və bəzi xanımlarla kluba gəldi. Bir az oturduqdan sonra bizə yaxınlaşaraq atama:

–Əhməd bəy, İsmət Paşa “Əhməd bəyə dövlət xidmətində yer yoxdur” – deyib sözləri ilə müraciət etdi. Atam sərt bir şəkildə:

–Mən kimsədən dövlət xidməti istəmədim.- cavabını verdi.

Mən sözə qarışaraq anamın vəfatından sonra atamın çox üzgün və əsəbi olduğunu söylədim. Atatürk uzaqlaşdı. Getməyə hazırlaşırdıq ki, Atatürk məni rəqsə çağırdı və “Gəl bizi barışdır, atan mənə çox əsəbiləşdi” – dedi.

Bir az sonra Atatürk ilə təkrar qarşılaşan atam:

–Mən həyat yoldaşımı itirdiyimə görə yaslıyam. İstənilən vaxt oxşanacaq, istənilən vaxt atılacaq adam deyiləm. Kimsənin də önündə əyilmərəm! – demişdi.

Şükrü Naili Paşa (türk generalı, Atatürkün gənclik dostlarından və Qurtuluş Savaşı qəhrəmanlarındandır – V.Q.) bu sözlərdən heyrətlənmiş Atatürkə “Müsaidə edin, məmləkətdə heysiyyətli adamlara toxunulmasın” – demişdi.

Atatürkü ideallaşdırmağa ehtiyac yoxdur: əlindəki hədsiz hakimiyyət onu insanlarla istədiyi şəkildə rəftara təşviq edirdi. Digər tərəfdən, qarşısındakının iradə və heysiyyətinə bir qara qəpik qiymət qoymayan bu saymazyana rəftar əksər hallarda qarşı tərəfdən hər hansı bir cavab və təpki görmürdü. Əksinə, məşhur pritçada deyildiyi kimi, “Xan mənimlə danışdı” tipli kölə şadyanalığına  əsas verirdi. Əhməd bəy isə “Kimsənin önündə əyilmərəm!”deməklə hökmdarın tez-tez dəyişən keyfi rəftarına uymayacağını, hisslərindən tutmuş üzünün ifadəsinə qədər heç nəyi onun istəyinə uyğun dəyişməyəcəyini, ürəyinin və beyninin hökmü ilə yaşayacağını bildirmişdi. Bununla da Atatürkə ciddi mənəviyyat dərsi vermişdi.

Aralarındakı son görüş 1937-ci ilin yayında, yenə də istanbulluların sevimli istirahət yeri sayılan Böyük Adada olmuşdu. Bu haqda yenə Sürəyya Ağaoğlunun xatirələrində oxuyuruq: “Klubda atam, Fuad Sirmən, Hamit Peksan bəylər ilə oturarkən “Atatürk gəldi” – dedilər. Atam:

–Aman, məni görməsin! – deyə ağacların arxasına çəkildi. Yanımızda oturan iki nəfər də qalxıb getdi. Bir azdan Tofiq Rüştü gəlib Atatürkün bizi çağırdığını söylədi. Getdik. Atatürk atama sarıldı. “Həsrətin qəlbimdə, lakin kim bilir, sən hardasan?” – şərqisinin sözlərini söylədi.

–Çox darıxdım sənsiz, – dedi. Sonra əlavə elədi: – Vaxtı ilə Sürəyya sənin yaraşıqlı olduğunu söyləmişdi. Haqlı imiş. Bu baş ancaq bir türkdə ola bilər”.

Bir neçə gün sonra Əhməd bəyin halı pisləşmişdi. Kluba gələn Atatürk  xəbəri eşidən kimi salonda Fəthi Okyarın uşaqları ilə oturan Sürəyya xanımı yanına çağırıb “Keçmiş olsun!” demiş, sonra isə tapşırığını vermişdi: “Haydı, get atanın yanında otur, salona enmə, ona yaxşı bax!”

Bu onların son görüşü olmuşdu. Az sonra Atatürk özü də xəstə yatağına düşmüşdü. Cümhuriyyət üçün ağır və üzüntülü günlər başlanmışdı.

Atatürk Əhməd bəylə ara-sıra münaqişələrə girsə də, onun övladlarına həmişə diqqətli münasibət bəsləmişdi. Lakin Əhməd bəyin istər özü, istərsə də övladları heç vaxt birinci şəxsə yaxınlıqlarından hansısa  güzəşt və üstünlüklərin təmin olunmasına çalışmamışdılar. Ya dövrün sərbəstlik havası, ya da ailənin hər xırda iş üçün Atatürkü narahat etmək istəməməsi nəticəsində bəzən haqsızlıqlara da yol açılırdı. “Rokfeller Foundation” gənc vəkil Sürəyya Ağaoğluna Parisdəki Millətlərarası Hüquq İnstitutunda üç aylıq staj keçmək üçün təqaüd ayıranda İsmət İnönü “Milliyyətçi Əhməd bəyin qızı belə seminara gedə bilməz”- deyə təşəbbüsün qarşısını almışdı. Ailənin digər övladı Səmədin Strasburqda magistratura təhsilinə yollanmasına da eyni yolla imkan verilməmişdi.  Maarif naziri Şükrü Saracoğlu “Vaxtı ilə cibində rus pasportu daşımış bir adamın oğlunu Avropaya göndərə bilmərəm” – demişdi.

Məsələnin paradoksal cəhəti isə vaxtı ilə Saracoğlununun özünü Avropaya başqa şəxsin deyil, məhz Əhməd Ağaoğlunun göndərməsində idi. Odur ki,  Əhməd bəy bu özbaşınalıqdan Atatürkə şikayət etmək fikrinə düşməmiş, sadəcə  nazirə aşağıdakı sətirləri yazmaqla kifayətlənmişdi: “Bundan çox illər öncə “İttihad və Tərəqqi” müfəttişi kimi İzmirdə bir məktəbi təftiş etdiyim zaman gənc bir müəllim mənimlə görüşərək təhsil üçün  Avropaya getmək istədiyini söylədi. İstanbula döndükdən sonra həmin gəncin istəyini yerinə yetirdim. Yola çıxmamışdan əvvəl əlimi öpən gəncə “Xoşbəxt ol!” dedim. Həmin gənc o qədər xoşbəxt oldu ki, vəzifəyə gələr-gəlməz onu Avropaya göndərən şəxsin oğluna bu sözləri söylədi”.

Cümhuriyyət düşüncələri,yaxud Atatürksüz yeddi ay

Atatürkün ölümündən sonra Əhməd bəy cəmisi yeddi ay yaşamışdı.

Həyatının son illəri ondan ötrü həm şəxsi, həm də ictmai planda çətinlik və sarsıntılarla dolu olmuşdu. Sərbəst Firqəni Atatürkün rejissorluğu ilə oynanan tamaşa kimi qəbul etməməsi, hətta bu icazəli partiyanın özünə  məmləkətdə həqiqi demokratiya rüzgarı əsdirmək üçün vasitə kimi baxması Əhməd bəyin təklənməsinə, özünün yazdığı kimi “fəal həyatdan kənara atılmasına” gətirib çıxarmışdı. Sözdə atatürkçü olanlar, Atatürkə yaxınlıqlarından yalnız özlərinin və ailələrinin mənfəəti üçün yararlananlar onu gözdən salmağa çalışmışdılar. Yaxud ən yaxşı halda keçmiş münasibətləri, yeyilən duz-çörəyi və aradakı haqq-sayı unudaraq kənar gəzməyə başlamışdılar. Ayrıca götürülmüş bir Şərq ölkəsində müxalif düşüncənin necə fəsadlar törətdiyi ortaya çıxmışdı. Əhməd bəy təqiblərin, həbsxana və sürgünlərin sındıra bilmədiyi keçmiş əqidə dostlarından bəzilərinin şöhrət, vəzifə və şəxsi rifah qarşısında əyildiklərini, qorxduqlarını görmüşdü. Əqidəsini paltar kimi dəyişən, həyatlarını hökmdarın şəfqət və mərhəmətindən kənarda təsəvvür edə bilməyən siyasətbazların onlardan da təhlükəli olduqlarının fərqinə varmışdı.

“Son Posta” qəzetində  belələrindən biri – keçmişini unudaraq özünü həqiqi türk milliyyətçisi və Atatürk ideyalarının alovlu davamçısı kimi göstərməyə can atan Yunis Nadi bəylə polemikaya girərək yazırdı: “Əgər biz fikirlərdə ayrı, fəqət qəlblərdə bir, vasitələrdə müxtəlif, fəqət hədəfdə vahid olmaq və biri-birimizi sevmək və biri-birimizə hörmət etmək qüdrət və qüvvətini göstərsək Böyük İnsanın (Atatürk nəzərdə tutulur – V.Q.) ümidlərini həqiqətə çevirmiş olarıq və o zaman heç bir qarışıqlıqdan qorxmağa lüzum qalmaz. Məmləkətin, hürriyyət və Cümhuriyyətin bizdən gözlədiyi budur. Yoxsa firqədə birlikdə olmaq deyil”.

Əhməd Ağaoğlu Atatürkün elan etdiyi Cümhuriyyətin ardıcıl, səmimi, ən başlıcası isə böyük təcrübəyə və yüksək nəzəri biliyə malik ideoloqlarından idi. O, Atatürkü heç zaman peyğəmbər elan etmək səviyyəsinə enməmişdi, amma respublika quruluşunun bir inanc olduğuna inanmışdı. “Cümhuriyyət əslində bir dindir, imandır,- deyə Əhməd bəy yazırdı.- Amma təəssüf ki, bizdə bu dinin kitabı hələ ortaya qoyulmayıb. Nəfslərini unudaraq bütün varlıqlarını Cümhuriyyətə bağlamış müqəddəsləri meydana çıxmayıb. Xalq kütlələrinin qaranlıq təbəqələri arasına gedərək onları oyandıran, maarifləndirən dahiləri zühur etməyib. Biz Cümhuriyyəti başlı-başına buraxıb özümüz, öz işimiz, xeyir və mənfəətimiz üçün çalışmışıq”.

Atatürkə hər zaman böyük inam bəsləsə də, Türkiyədə yeni düşüncə sisteminin meydana çıxmasında liderin şəxsi nümunəsinə böyük önəm versə də, Əhməd bəy  hər şeyi onun adı ilə bağlamaq fikrindən də uzaq idi. “Cümhuriyyət nə zor, nə qorxu, nə də boş sözlə qurular. Cümhuriyyət həqiqət istər, fədakarlıq istər, şəxsi mənfəətlərdən uzaqlaşmaq tələb edər”-deyə Əhməd bəy xalqın fəallığı və kollektiv məsuliyyət kimi məsələləri diqqət mərkəzinə çəkirdi. “Cümhuriyyətin əsası doğruluq və dürüstlükdür. Hər imanda olduğu kimi Cümhuriyyətdə də hərəkətin sözə uyması, sözlə hərəkət arasında ahəng olması lazımdır. Yoxsa bir tərəfdən “Xalq!” bağırıb o biri tərəfdən xalqı heç sayanlara kimsə inanmaz” – deyə yeni Türkiyənin qurucularına məsləhət verməkdən çəkinmirdi. Müxtəlif intriqalar nəticəsində Atatürkün yaxın ətrafından uzaqlaşdırılsa da, o, həyatının son gününə qədər türk millətinin və Cümhuriyyətin çıxarları baxımından ən sadiq atatürkçü kimi qalmışdı.

Eyni zamanda Əhməd Ağaoğlu özü də daxil olmaqla türk aydınlarının məsuliyyət payından açıq mətnlə danışırdı: “Həqiqət budur ki, biz türk münəvvərləri, yəni türk mühərrirləri, müəllimləri, professorları, qəzetçiləri, vəkili, doktoru, mühəndisi, xülasə münəvvər zümrəsi Cümhuriyyət qarşısındakı vəzifəmizi ifa etmədik. İldən ilə irfan nuru sönməkdə, fikir sahələrimiz daralmaqdadır.” Onun fikrincə, Atatürk dünya tarixindəki ən cəsarətli inqilablardan birini gerçəkləşdirmişdi-Türkiyəni orta əsrlərdən çağdaş dünyaya gətirmişdi. Vəzifə bu “modern müəssisələrə ahəngdar olan bir zehniyyətin təsisində” idi.

Hansı bucaq altında baxılırsa baxılsın, proseslərin mərkəzində Atatürkün qeyri-adi şəxsiyyəti, daim irəliyə can atan zəkası, məmləkəti dəyişdirmək və yeniləşdirmək ehtirası dayanırdı. “Sükun və istiqrar Qazi üçün yabançı bir aləmdir, – deyə Əhməd bəy böyük müasirinin səciyyəsini açıqlayaraq yazırdı: – Onun daim coşqun, öz içinə sığmayan, aşıb-daşan ruhu durmadan hərəkət istər. Onunla birlikdə gecələri gündüzə çevirənlər yaxşı bilirlər ki, o, durmadan yeyər, durmadan içər, durmadan danışar və durmadan mübarizə axtarar. Yalnız yatarkən, yəni haldan düşmüş vücudunu istər-istəməz bir qədər dinləndirərkən sükun bular. Çox qısa sürən bu dincəlmə zamanı keçər-keçməz, hələ yataqda ikən yenidən aşıb-daşmağa başlar”.

Türkiyə üçün “perpetuum mobile” – aramsız işləyən maşın funksiyasını öz üzərinə götürmüş Atatürkün məmləkətə ən lazım olduğu vaxtda, güc və enerjisinə ehtiyac duyulduğu   bir vaxtda  dünyadan köçməsi Əhməd bəyi dərindən sarsıtmışdı. 1938-ci ilin 11 noyabr tarixi bütünlükdə Ağaoğlular ailəsi üçün həyatlarının ən sarsıntılı, qaramsar günü idi.

Qızı Sürəyya xanım dəhşətli xəbərdən özünün və atasının düşdüyü vəziyyəti təsvir edərək yazırdı: “Atatürkün öldüyü gün Üsküdarda  məhkəmə prosesim vardı. Mənə elə gəlirdi ki, sanki bundan sonra həyat dayanacaq.  Nəhayət, ağlaya-ağlaya gəmiyə mindim, məhkəməyə getdim və dərhal da evə döndüm. Evdə anamın ölümü günlərində olduğu kimi matəm yeli əsirdi. Atam başını yazı masasının üstündə əyərək hönkür-hönkür ağlayırdı:

–O, sanki yanar bir dağ idi,- deyirdi, – bəzən alov püskürürdü. Alovu məni də qarsırdı. Amma nə gözəl alov idi!”.

Oğlu Səməd isə “Atam” adlı xatirələrində Türkiyə və türklüyün böyük itkisinin Əhməd bəydə doğurduğu təbəddülatların daha dərin psixoloji qatlarına enməyə çalışmışdı:  “Atatürkün ölümü – ən ümidsiz anlarında belə ağlına gətirmədiyi bu ölüm onu ciddidən ciddi düşüncələrə daldırmışdı. Həmişə gözəl və cazibədar saydığı həyata sevgisi də bəlkə ilk dəfə bu ölüm qarşısında sarsılmışdı. Atatürk öldüyü günlərdə atamın həyatında böyük daxili sarsıntı keçirdiyini göstərən bəzi təzahürlər meydana çıxmışdı. Qocalmasından, vücudunun artıq çürümüş olmasından daha tez-tez bəhs etməyə başlamışdı”.

Lakin Əhməd bəy kimi güclü şəxsiyyətlər zamanın namərd gərdişlərinin qarşısına heç vaxt sadəcə ah-vayla, şikayətlə çıxmırlar. Bu dəfə də belə olmuşdu. Məhz Atatürkün yoxluğunun təsiri ilə Əhməd Ağaoğlu heç nəyə baxmadan qəzetçilik fəaliyyətini yenidən bərpa etməyin zəruriliyini anlamışdı. Oğlunun da  yazdığı kimi, son dərəcə təsirləndiyi bu ölüm beş ildən bəri yorularaq, bezərək, bəzən Sizif əməyi sayaraq kənara çəkildiyi jurnalistika həyatının canlanmasına vəsilə olmuşdu. Daha dəqiq desəm, Atatürk sevgisi onu qələmə sarılmağa vadar etmişdi. Bunu özünün vətəndaşlıq və qədirşünaslıq borcu saymışdı. Çünki Cümhuriyyət qurucusu ilə gizli düşmənçilik edənlər, zamanında qarşısına çıxmağa özlərində cəsarət tapmayanlar  meydanı boş görüb fəallaşmışdılar.

Müxtəlif istiqamətli qəzet və məcmuələrin səhifələrində türk millətinə ikinci həyat gətirmiş böyük insanın şəxsiyyətini, əməl və mübarizəsini təftiş və təhrif edən qərəzli yazılar meydana çıxmağa başlamışdı. “Dövri-İsmət gəldi”- deyə İsmət İnönünün cümhurbaşqanı seçilməsi ilə yeni məddahlıq hədəfi tapanların əl-qolu açılmışdı.  Belə şəraitdə xəstəliyinə, güc və enerjisinin tükənməsinnə  baxmayaraq Əhməd bəy Atatürk əleyhdarları ilə fikir mücadiləsini öz mənəvi borcu saymışdı. Sonradan cəsarətə gələn bəzi muzdlu qələm qoçularını “Napoleon öldükdən sonra heç bir fransız onun əleyhinə yazı yazmağı ağlına gətirməmişdi” – deyə utandırmağa çalışmış, türkləri   böyük insanlarına sayğı  və səmimiyyətlə yanaşmağa səsləmişdi.

Atatürkün ölümündən az sonra, özünün ölümünə isə altı ay qalmış Əhməd bəy yaşadığı sarsıntıları qızı Tezerlə bölüşərək 1938-ci ilin dekabrında ona yazırdı: “Neçə gündür sənə məktub yazmaq istəyirdim. Qələmi əlimə alıram, mənə qəribə bir hal gəlir, iki kəlmə söz tapıb ard-arda düzə bilmirəm. Atatürkün vəfatı məni təsəvvür edilməyəcək dərəcədə sarsıtdı. Həyatımda ikinci kərədir ki, (buna bənzər böyük sarsıntını birinci dəfə ananın ölümündə hiss etmişdim) özümü dərin və qaranlıq bir uçurumun qarşısında gördüm və başım fırlandı. Onsuz (Atatürk nəzərdə tutulur – V.Q.) həyat mənə boş və acı gəldi. Onun məndə bu qədər yaşadığını özüm də təsəvvürümə gətirə bilməzdim. Bu günün özündə belə Onun ölümünə inana bilmirəm. Daha doğrusu, bu ölümə alışa bilmirəm. Əslində O özü bir həyat deyildimi? O nə tükənməz, hüdud bilməyən daşqın sel idi! Bəzən coşqun dəniz dalğaları kimi hiddət, bəzən Vaqnerin musiqisini andıran yaradıcı həmlələr, bəzən isə müdhiş fırtınaların başlanğıcı olan sıxıcı və boğucu sükunətlər! Onun bir dəqiqəsi digərinə bənzəyirdimi? O, hər şeyin gah üstündə, gah altında deyildimi!?

Budur, iyirmi ildən bəri Türkiyəni öz varlığı ilə dolduran şəxsiyyət! Gözlərimiz, qulaqlarımız, ələlxüsus da qəlb və ruhumuz Onunla o qədər dolmuşdu ki, indinin özündə də Onu duymaqda və eşitməkdə davam edir, onun yoxluğuna inanmırlar. Nə deyim, belə bir şəxsiyyətin itirilməsi qarşısında dərin heyrət və təəccüblə sükuta dalmaqdan başqa çarə yoxdur”.

Qəlbin və ruhun dərinliklərindən gələn bu müdrik və ehtiraslı sətirlər həyatının son aylarını yaşayan 70 yaşlı xəstə  qocanın qələmindən çıxmışdı. Onları yazdıran isə türklüyə tükənməz sevgi, Atatürk şəxsiyyətinə sonsuz ehtiram hissi idi...

Oktyabr, 2012-ci il

Budapeşt

 

 

Vilayət QULİYEV

525-ci qəzet.- 2012.- 15 dekabr.- S.10-12.