Özbək türkcəsi şeirinin
“prezidenti”- Ortaq
türkcəyə doğru ...
Dünyanın onlarla ölkəsində
şeirləri, müsahibələri
çap olunmuş məşhur özbək şairi Muhamməd Salih poeziyasına və demokrtaiya uğrunda mübarizəsinə
görə təkcə
qardaş Özbəkistanda
yox, çağdaş
dünyamızın çox yerində yaxşı tanınır, əsərləri
müxtəlif dillərə
tərcümə edilir,
çap olunur.
Fikrimcə o, çağdaş dünya
şeirinə, İlahi
şeirə daha çox yön verən şairlərdən
biridir.
Təəssüf ki, o, iyirmi ildən
artıqdır, öz
məmləkətinə dönə
bilmir. Onu orda həm də şərq şairlərinin şeirlərinin
“sevimli” obrazlarından
biri olan zindan gözləyir.
Yeri gəlmişkən qeyd edim ki, Muhamməd
Salihin və mənim də dostum, bir çox
Avropa dillərinə əsərləri tərcümə
olunmuş özbək
yazıçısı Məmmədəli
Mahmud artıq on üç
ildən artıqdır
ki, həbsdədir.
Onun kiçik hekayələri,
miniatürləri vaxtilə
“525-ci qəzet”də və
“Xəzər” dərgisində
çap olunmuş və oxucularımızin böyük rəğbətiylə
qarşılanmışdı. Onun tezliklə azad olmasını diləyirik.
Muhamməd Salihin şeirlərini
özbək türkcəsindən
Azərbaycan türkcəsinə
çevirərkən bəzən
bizə bir az anlaşılmaz
kimi görünən
sözləri, ifadə
etmələri orijinalda
olduğu kimi saxladım. Biz türk
qardaşlar bir-birimizi
daha yaxşı anlamaq üçün ilkin dövrlərdə bu çağı da keçməliyik.
Əslində hər şey anlaşılır,
bəziləri hərdən
ya səbrsizlik göstərir, ya sadəcə çığallıq
edir, ya da, nə etmək
olar,Allah onlara dilləri, sözləri duymaq qabiliyyəti verməyib. Hər halda Allah nə etdiyini özü dəqiq bilir.
Muhamməd Salihin Türkiyədə
çap olunmuş kitabına Türkiyənin
məşhur dövlət
adamı, həm də şair olan Bülənt Əcəvitin yazdığı
ön sözdə deyilir: “... ayrı-ayrı
ölkələrdə yaşayan
türklər arasındakı
kültür bağını
və dayanışmanı
gücləndirmənin bəlkə
də ilk addımı
bir-birinin şeirini tanımaq olardı. Dəyərli özbək şairi
Muhamməd Salihin şeirlərinin Türkiyə
türkcəsində yayımlanmasını
buna görə də sevinclə qarşılayıram.
Bir siyasətçi
olaraq Muhamməd Salih və onunla
birlikdə Özbəkistanda
demokratikləşmə hərəkatına
öncüllük edən
dostları bu gün hələ bir baxıma yerdən yerə vurulurlar. Amma Muhamməd Salih bu basqılara
öz dilində:
Əgər bir kimsə məni yerə vurmasaydı,
göyə necə
sıçraya bilirdim,
– deyə meydan oxuyan bir politikaçı
ozandır.
Muhamməd Salihin şeirlərini ortaq türkcəmizə yaxın Azərbaycan türkcəsində verməklə
həm də mərhum Bülənt Əcəvitin ruhunun şad olmasını diləyirik.
Əziz
oxucular!
Muhamməd Salihin şeirlərinin Azərbaycan türkcəsinə
çevirisini tezliklə
daha geniş şəkildə “Xəzər”
dərgisində oxuya bilərsiniz.
Muhamməd Salih
Qəfəsdəki siçan
Qəfəsdəki bu siçan
bir zamanlar bülbül idi.
Bir zamanlar pırıl-pırıl
uçurdu o,
indi ayaqlar altında.
Əvvəllər ovçudan qorxardı
yazıq,
indi pişikdən.
Bir zamanlar
danüzü
cik-cik edərək
bizi
oyadardı bu siçan.
Adam cəmlənib
hakim olsa özünə
Vücud,
damarlarını qapat,
buraxma o yerə satqın titrəməni,
Köksə qızardılmış dəmir
basanda düşmən,
ağız, açılıb
söyləmə ürək
sirrini
Qışqırıb bağırma, boğaz,
inləyib xırıldama
əzabdan,
Adam cəmləsə özünü,
özünü bir meydana toplasa,
təkbaşına böyük
bir ordu olar o.
Başaq kimi müxtəsər
Başaq
kimi müxtəsər,
dən kimi kiçik,
bir şeir, bir əsər,
İlahim,
lütf et.
Çox
deyil, azacıq,
ta ki, kiçik bir qızın
bülbültək balaca
ovcuna sığsın.
Günah
Günahlarımı o yandan alıb
bu yana qoyaram.
Yaşlılığımdan alıb
cocuqluğuma.
Cocuqluğumdan alıb
bəbəliyin boynuna asaram.
Nəhayət, bəbəlikdən alıb ...
hara qoyacağımı
bilmirəm,
ancaq haykırıram
dəlilərtək:
– Nə günahı var bu bəbənin,
nə?!
Sevinc
Sevincək çıxıram evdən,
sevincək girirəm
evə,
nə oldu mənə, bilmirəm.
Göylərdə səkməyim gəlir,
yerə ağnamağım
gəlir,
bu nə bəla, bilmirəm.
Gülərəm, insanlar baxmaz,
gülərəm, durmadan
gülərəm,
bir kimsə toxtatmaz məni amma.
Bir kimsə yardım əli uzatmaz,
qanrılıb baxmaz bir adam balası
sevincdən ölməkdə
olan adama.
Talesiz adamın dediyi
Taleyə
bax ki, evim
yox,
yanıb gedərdi,
olsaydı əgər.
Bağım yox, min kərə
şükür,
quruyub qalardı, olsaydı əgər.
Bəxtim
gətirib ki, bəxtsiz, talesizəm,
bir daha talesiz olardım yoxsa.
Vaxt
Sim üstdə bir quş oturubdu,
o haqda yazmaq şərtmidir?
Quşcığaz ora-bura baxmağa
başladı,
bunu demək zərurətmidir?
Quşcığaz uçub getdi,
dəftərimdəki cızıqlar
bom-boş simlərtək
bir an titrəyib durdu.
Vaqif Bayatlı Odər
525-ci qəzet.-
2012.- 15 dekabr.- S.20.