Təfəkkürlə hissiyyatın ideal vəhdəti

 

Vaqif Məmmədovun “Dənizə qar yağırdı” şeirlər kitabı haqqında

 

 

Tarix elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin və İLESAM-ın (Türkiyə) üzvü, Əməkdar mədəniyyət işçisi şair Vaqif Məmmədovun çoxşaxəli elmi, ədəbi və publisistik fəaliyyəti ilə çoxdan tanışam. Poeziyasının isə, daimi oxucusuyam. “Gərək zəmanədə üzlü olasan”, “Sən görən kişilər gedibdi daha”, “Qorxuram öyrəşək bir-birimizə”, “Kişi olan yerdə açmaz bu güllər”, “Köç çiçəyi” kimi dərin və orijinal məzmunlu şeirləri yaddaşımda, hafizəmdə qərar tutaraq, əhval-ruhiyyəmlə əlaqədar müəyyən məqamlarda daxilimdə səslənən poetik nümunələrdir.

Vaqif Məmmədov otuza yaxın bədii və publisistik kitabın müəllifidir. Şeirləri bir sıra dillərə tərcümə edilərək Türkiyə, İran, İraq, Özbəkistan, Rusiya, Ukrayna, Belarus, Yunanıstan, Almaniya, Bolqarıstan, Pakistan və ABŞ-da çap edilib. Şair Özbəkistanda keçirilmiş “Daşkənd təranəsi” beynəlxalq poeziya festivalının qalibi, müxtəlif ölkələrdə keçirilmiş poeziya festivallarının və elmi simpoziumların iştirakçısı olub.

Vaqif Məmmədovun poeziyası üçün təfəkkürlə hissiyyatın yüksək vəhdəti səciyyəvidir. Şeirlərində fikrinmi, hissinmi – hansının üstün olduğunu müəyyənləşdirmək qeyri-mümkündür. Poetik məzmunu ifadə etməkdə fikir və hiss bu şeirlərdə elə çulğaşmış şəkildə təzahür edir ki, onlar oxucunun da ağlına və qəlbinə eyni dərəcədə vəhdətdə təsir göstərir.

Vaqif Məmmədovun poeziyasına xas olan mövzu genişliyi və rəngarəngliyi “Dənizə qar yağırdı” kitabı üçün də səciyyəvidir. Doğma yurda övlad sevgisi, onun füsunkar təbiətinə vurğunluq, dostluq və xəyanət, ədalət və haqsızlıq kimi müxtəlif  mövzular şairin qələmi ilə poetik nümunələrə çevrilmişdir. “Ömrümün yarpaqları” başlığı altında verilmiş iki yüzədək dördlüklərdə lirik qəhrəmanın həyatının, demək olar ki, bütün məqamları öz əksini tapmışdır. Türkiyənin Bayburt şəhərinə və ziyalılarına həsr olumuş on şeirdən ibarət “Bayburtnamə” şairin çoxlu xarici səfərlərindən birinin  təəssüratları ilə yazılmışdır. “Hafiz işığına yol gedirik biz”, “Şiraz”, “Bayatı-Şiraz”, “Şiraz lövhəsi” və “Təxni-Cəmşid” adlı şeirlər də şairin İran səfəri zamanı qələmə aldığı gözəl bədii lövhələrdir. Qardaşı Müşfiqin xatirəsinə həsr etdiyi şeirlər isə müasir poeziyamızda elegiya janrının mükəmməl nümunələridir.

Vətəni Azərbaycanın gözəl bir güşəsi olan doğma yurdu Naxçıvana həsr etdiyi şeirlər fikrin aydınlığı, hisslərin təbiiliyi və poetik təhkiyənin ahəngdarlığı ilə diqqəti cəlb edir. “Sözlü, nəğməli diyar”, “Naxçıvan süitası” və “Naxçıvan nəğməsi” adlı şeirlərdə şair doğma diyarının keçmişini və bu gününü, qəhrəmanlıq tarixini, mədəniyyət abidələrini, təbii gözəlliklərini və sərvətlərini böyük sevgi və ilhamla tərənnüm edir. Kitabın ilk şeiri olan “Sözlü, nəğməli diyar”dan oxuculara bir-iki bənd təqdim etmək istərkən, çətinliklə qarşılaşdım: bəndlərin hər biri eyni dərəcədə mənalı və axıcıdır: 

 

 

 

Əlincə mərdlərin haray səsidir,

Köksündə izi var elin-elatın.

Ötən əsrlərin nişanəsidir,

Daşlaşan qeyrətdir Möminə Xatun.

 

 

... Dar gündə əlinə silahın alıb,

Danışıb Sədərək, dinib Sədərək.

Döyüşdə düşmənə qələbə çalıb,

Qeyrət qalasına dönüb Sədərək.

 

 

“Naxçıvan süitası” şeirinə Əkrəm Məmmədov eyni adlı musiqi əsəri bəstələmişdir. “Naxçıvan nəğməsi” də öz ahənginə görə musiqi bəstələnəsi şeirdir:

 

 

Yaddaşın Gəmiqaya,

Baxır Günəşə, Aya,

Nur düşüb Arpaçaya,

Naxçıvanım, Naxçıvan.

 

 

Nuhdan qalan közün var,

Əcəmidən izin var,

Yallın, sazın, sözün var,

Naxçıvanım, Naxçıvan.

 

 

Şair “Qorxuram bir az”, “Gedib sənin qatarın...”, “Sənin səhvlərin”, “Həmin dostluq o illərdə qalıbdı”, “Nə deyim sənə, dünya”, “İnsanlığın qızıl kəməri”, “Nəsihət”, “Yaxşı adam” və bu qəbildən olan şeirlərində mənəvi-əxlaqi məsələlərə toxunur, Bu şeirlərdə haqq-ədalət, düzlük-doğruçuluq, dostluq-sədaqət kimi insani məziyyətlər tərənnüm, vəfasızlıq-sədaqətsizlik, yalançılıq-kələkbazlıq, vəzifəpərəstlik-hərislik kimi qeyri-insani sifətlər məzəmmət edilir. Şair tərənnümündə olduğu kimi, məzəmmətində də səmimidir. “Həmin dostluq o illərdə qalıbdı” şeiri bu cəhətdən səciyyəvidir:

 

 

İtirmişəm cığırını, izini,

Eşitmirəm baldan şirin sözünü,

Bulud alıb o günəşin üzünü,

Həmin dostluq o illərdə qalıbdı.

 

 

Karvan getmir, dəvə yükün əyməyir,

O təbəssüm heç gözümə dəyməyir,

Ağacdələn o qapını döyməyir,

Həmin dostluq o illərdə qalıbdı.

 

 

Yuxarıda qeyd etdiyim kimi, V. Məmmədovun iki yüzə yaxın dördmisralıq şeirlərində lirik qəhrəmanın həyatının elə müxtəlif məqamları qələmə alınıb ki, onlar əslində bir insan ömrünü özündə ehtiva edir. Bu silsilədə insanın öz həyatında qarşılaşa biləcəyi hər məqama aid şeir tapmaq mümkündür. Ən əsası isə odur ki, bu dördlüklər rübaiyə xas olan mücərrəd səciyyə daşımır,  sadəcə həyat lövhəsi də cızmır; bu şeirlərin hər birində bu və ya digər həyat faktı  şairin poetik təfəkkür və hissiyyat süzgəcindən keçərək  elə dərk olunur və duyulur ki, oxucu onları öz həyatının konkret  məqamları kimi anlayır və qavrayır. Elə buna görə də, indiyədək mütaliə etdiyimiz dördlüklərdən fərqli olaraq onların hər birisinin sərlövhəsi var. Deyilənləri təsdiq üçün oxuculara ardıcıl olaraq şairin bir neçə dördlüyünü – “Dost salamı”, “Növbə” və “Qonaqpərvərlik” şeirlərini təqdim edirəm:

 

 

Ömrüm alovlarda bişib odlanıb,

Tale çox arzumu külə döndərib.

Bir dost bu gün mənim adımı anıb,

Ondan gözləmirdim – salam göndərib.

 

 

Söz var açıb deyir, söz var danıram,

Sabah bir imtahan gözləyir məni.

Hərdən üşüyürəm, hərdən yanıram,

Ağ, qara növbəylə izləyir məni.

 

 

Bu Əsrikdi qonağını buraxmaz,

Dağlarının yaşıl rəngli kürkü var.

Adam burda gecələr də darıxmaz –

Aşığı var, türküsü var, türkü var...

 

 

Kitabdakı “Bayburtnamə” şeirlər silsiləsində, şairin yazdığı kimi, Dədə Qorqud yurdundan bəhs edilir. Bayburtda Dədə Qorquda abidə ucaldılıb, Masatköydə onun qəbri üzərində türbə tikilib. Bu silsilədəki “Aydıntəpə  adlı şeirdə şair şəhərin qəhrəmanlıq tarixinə nəzər salır, Aydıntəpə savaşından bəhs edir. “Şair Zihni o diyara gəlmiçik” şeiri bayburtlu şair Zihniyə, “Rəhmət olsun, rəhmət sizə” şeiri “Bayburt postası” qəzetinin qurucuları Osman Okutmuş və Yakup Okutmuşa, “Yenə gəlləm Bayburta” şeiri şair Mustafa Kayalıya, “Salih Çengiz dünyası” şeiri bayburtlu rəssam Salih Çengizə ithaf olunub. Bu şeirlərdə şairin öz ziyalı türk qardaşlarına bəslədiyi səmimi dostluq münasibətləri ümumilikdə iki qardaş xalqın ziyalıları arasında son 20-25 il ərzində bərqərar olmuş sıx əlaqələrin rəmzi kimi təzahür edir. Bayburtun özünə isə ehtiramını şair belə ifadə edir:

 

 

Bir şairin yaman düşüb

Gözü Bayburta, bayburta.

Yuxularda yol gəlir o

Üzü Bayburta, Bayburta.

 

 

... Çoxaldı saçımın dəni,

Qovdum yoldan duman-çəni.

Göndərirəm bu nəğməni,

Sözü Bayburta, Bayburta.

 

 

Şairin öz qardaşının xatirəsinə həsr etdiyi “Müşfiqsiz günlərim” adlı silsilədəki on şeirdən hər biri, yuxarıda qeyd etdiyim kimi, kamil elegiya nümunələridir. Bu şeirlər məna dərinliyi və bədii təsir qüvvəsinə görə Xaqaninin öz oğlu Rəşidin ölümünə yazdığı mərsiyələri, Əhməd Cavadın öz qızı Almasın vəfatına həsr etdiyi şeirləri xatırladır. Qardaşını itirən şairin poetik düşüncələri təlatümlü olduğu qədər də geniş və əhatəlidir. Qardaşına həsr etdiyi şeirlərdən (“Getdi”, “Üç bayatı”, “Bu ilki qış məni yaman üşüdür”, “Qəribsəməz baş daşın” və s.) əlavə, anasına (“Aağla ana, ağla daha doyunca”), qardaşının həyat yoldaşına (“Sınma, əyilmə”), atasız qalmış övladları Aygülə və Coşquna (“Gördüm”) müraciətlə yazdığı şeirlərdə ağır itkinin faciəvi mənzərəsi yaradılaraq, elegiya silsiləsi tamamlanır.

Bu şeirləri daxili sarsıntı keçirmədən oxumaq mümkün deyil. Şeirlərin bədii təsiri elə güclüdür ki, oxucu öz doğma adamını itirmiş kimi həyəcanlanır, kövrəlir. Bu şeirlərdə şairin yüksək sənətkarlığı da bariz şəkildə təzahür edir:

 

 

Məni bir nisgil də göynədir yaman,

Salıb qəmli cığır, iz gedəcəksən.

Sənə Müşfiq adın mən qoyan zaman,

Qəlbimə dammışdı tez gedəcəksən.

(“Ölümü ərəfəsində yazdığım şeir”)

 

 

Durnalar qatardan ensələr belə,

Lal duran qayalar dinsələr belə,

Səfərə çıxanlar dönsələr belə,

Müşfiqin səfərdən gəlməyi getdi.

 

(“Getdi”)

 

 

Salxım söyüd qəmli-qəmli baxsa da,

Qar altından novruzgülü çıxsa da,

Qabaqkıtək qış sazağı yoxsa da,

Bu ilki qış məni yaman üşüdür.

(“Bu ilki qış məni yaman üşüdür”)

 

 

Vaqif Məmmədovun səksənə yaxın şeirinin toplandığı “Dənizə qar yağırdı” kitabı bu qəmli notlara baxmayaraq, bütünlükdə oxucuda həyata, insana inam, nikbinlik hissləri aşılayır. Sənətkarlıq baxımından isə bu şeirlər toplusunu şairin hazırkı yaradıcılığının zirvəsi hesab etmək olar.

 

 

525-ci qəzet.- 2012.- 13 dekabr.- S.7.