Xalqa 50 il təmənnasız xidmət-
ADMİU-90
2013-cü ildə unikal təhsil ocağı olan Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin 90 yaşı qeyd ediləcək. Bu müddət
ərzində Azərbaycan incəsənətində mərhələlər
yaratmış, böyük sənətkarlar yetişdirmiş
Universitet yubileyə böyük həvəs və ruh yüksəkliyi
ilə hazırlaşır. Respublikamızın
çağdaş mədəniyyət və incəsənət
korifeyləri hesab olunan böyük söz, sənət
ustaları bir zamanlar bu Universitetin divarları arasında təhsil
almışlar. Universitet, demək olar ki,
tarix boyu böyük sənətkarların isti nəfəsi
ilə canlanmışdır.
Bu gün
də Universitetdə həyatını və taleyini mədəniyyət
və incəsənət təhsilinə bağlamış
görkəmli şəxsiyyətlər fəaliyyət
göstərirlər. Həmsöhbətimiz belə
şəxsiyyətlərdən biri ömrünün yarım
əsrini aktyor və rejissor kadrlarının hazırlanmasına
həsr edən, Universitetin “Səhnə
danışığı” kafedrasının dosenti
Əzizağa Quliyevdir.
– Əzizağa müəllim, orta məktəb illərində
ədəbiyyat dərsində belə bir mövzuda inşa
yazmışdıq: “Müəllimlik ən şərəfli
peşədir”. Biz müəllimə həmişə əlçatmaz,
uca, hörmətli bir insan kimi baxardıq, bəs indi?!
– Müəllimlik
sənəti həmişə şərəfli olmuş, indi
də şərəflidir, hörmətlidir. Buna şübhə
ola bilməz. Ona görədir
ki, müəllimlərin zəhməti müntəzəm
olaraq qiymətləndirilir, onların əməyinə
yüksək dəyər verilir. Hər il
hörmətli Prezidentimiz İlham Əliyevin sərəncamına
əsasən Respublikamızın müxtəlif şəhər
və rayonlarında səmərəli fəaliyyət göstərən,
pedaqoji işdə uğur qazanan müəllimlərə fəxri
adların, mükafatların verilməsi, orden və medallarla təltif
olunması buna əyani sübutdur.
1923-cü
ildə Şərqdə ilk dəfə olaraq Teatr Məktəbi adı ilə
yaradılmış, hazırda isə Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universiteti
kimi geniş və səmərəli fəaliyyət göstərən
həmin ali təhsil müəssisəsinin qarşıdan gələn
90 illik yubileyi müstəqil Respublikamızın həyatında
əlamətdar hadisədir. İftixar hissi ilə
demək olar ki, bu Universitet nəinki respublikamız
üçün, həm də xarici ölkələr
üçün yüksək ixtisaslı kadrlar
hazırlayır. Burada öz sənətini
dərindən və incəliklərinə qədər
yaxşı bilən görkəmli teatr pedaqoqları, alimlər
və tanınmış sənətkarlar dərs deyir, gənc
mütəxəssislər hazırlayırlar. Vaxtilə mənə dərs demiş, sənətin
sirrlərini, incəliklərini öyrətmiş müəllimlərimi-Xalq
artistləri Məhərrəm Haşımovu, Əli Zeynalovu,
Əjdər Sultanovu hörmət və məhəbbətlə
xatırlayıram.
– Sizi həmişə
klassik ədəbiyyatın təəssübkeşi, müdafiəçisi
kimi görürük. İstər tələbələrlə
iş prosesində, istər kafedranın müəllimləri
ilə söhbətlərinizdən, məsləhətlərinizdən
belə hiss olunur ki, sizin üçün Füzuli, Sabir,
Cavid, C.Məmmədquluzadə, Ə.Haqverdiyev və s. əbədidir.
Çox maraqlıdır Ə.Quliyev bu gün
müasir yazarların əsərlərini oxumur və ya bəyənmir?
Necə bilirsiniz, bugünkü yazarlar
arasında günümüzün reallığını əks
etdirən müəlliflər yoxdurmu?
–Siz
düz hiss etmisiniz. Mən klassiklərimizi sevir, onların əsərlərini
dönə-dönə oxuyur, hətta tələbələrlə
iş prosesində onların şeir və hekayələrindən
istifadə edirəm. Axı tələbələri
yüksək səviyyəli bədii əsərlər–şeir,
poema və nəsr əsərləri əsasında tərbiyə
etmək, onların zövqünü inkişaf etdirmək
mümkündür.
“Müasir yazarlar” məsələsi
ilə əlaqədar demək istəyirəm ki, müasir
dövrdə yaşamaq və yazmaq hələ müasir əsər
yazmaq demək deyildir. Məgər Nizami, Nəsimi,
Füzuli, Vaqif, Sabir və başqa şairlərimiz müasir
deyilmi?
Mən
“Ədəbiyyat qəzeti”ni müntəzəm
alır və mütaliə edirəm. Orada dərc edilən
materiallar yüksək keyfiyyətli olur, bu, mənə xoş təsir
bağışlayır. Lakin bunu bəzi
şeir və hekayələr haqqında demək çətindir.
Ona görə də tələbələrlə tədris-yaradıcılıq
işi üçün S.Vurğun, M.Müşfiq, R.Rza,
B.Vahabzadə, C.Məmmədquluzadə, Ə.Haqverdiyev,
Y.V.Çəmənzəminli, İ.Əfəndiyev, S.Rəhman,
Mir Cəlal, G.Hüseynoğlu, Anar və bu kimi şair və
nasirlərin dolğun məzmunlu, müasir səslənən,
tədrisin tələblərinə uyğun gələn
şeir, poema və hekayələrinə üstünlük
verirəm.
–
2011-2012-ci tədris ili sizin həyatınızda
uğurlu il kimi qalacaq. Buna səbəb isə
düz 49 illik elmi axtarışlarınız və pedaqoji təcrübəniz
əsasında yazdığınız “Səhnə
danışığı” dərsliyinin ərsəyə gəlməsidir.
Azərbaycan dilində ilk dəfə qələmə
alınmış bu dərslik həm biz müəllimlər,
həm də tələbələr üçün çox
gərəkli vəsaitdir. Necə bilirsiniz, bir qərinə
boyu görkəmli sənətkarlar – Rza Təhmasib, Mehdi Məmmədov,
Adil İsgəndərov və başqaları ilə
çiyin-çiyinə işləyən Ə.Quliyev
üçün bu dərslik bir qədər gecikməyib ki?!
– Əvvəlcə onu qeyd edim ki, hər hansı fənnə
aid dərslik yazmaq mürəkkəb və çətin
işdir.
Xüsusilə də, “Aktyor sənəti”, “Rejissor sənəti”
və “Səhnə danışığı” kimi daha
çox praktik səciyyə daşıyan ixtisas fənlərinə
dair dərsliyin yazılması olduqca məsuliyyətlidir. Görünür, bu səbəbdən “Səhnə
danışığı” dərsliyi bir qədər gec
işıq üzü görüb.
Doğrudur, bundan öncə görkəmli sənətkarımız,
Xalq artisti Kazım Ziya “Səhnə dili haqqında” adlı əsər
yazmışdır. Lakin 1947-ci ildə müzakirə təriqi
ilə buraxılmış həmin kitabça öz
dövrü üçün (elə indi də) müəyyən
əhəmiyyətə malik olsa da, təəssüf ki, dərslik
deyildir, həm də müəllifin yazdığına
görə o yalnız düzgün danışıq
qaydalarını (orfoepiya) əhatə edir. “Səhnə danışığı” isə təkcə
orfoepiyadan ibarət deyildir. İkinci, “Səhnə
danışığı” dərsliyinin gec meydana gəlməsinin
digər səbəbi bizdə bu sahədə təcrübənin
olmaması ilə bağlıdır. 2011-ci ildə, gec də
olsa, nəhayət, aktyor və rejissor
hazırlığında mühüm əhəmiyyəti olan
“Səhnə danışığı” dərsliyinin
yazılıb çap edilməsi gələcəkdə bu sahənin
də inkişafına zəmin yaradacaqdır.
Dərsliyin gecikməsinin üçüncü səbəbi
onunla əlaqədar müəllifin 35 adda əsas işlərinin
(metodik göstərişlərin, elmi məqalələrin və
tərcümələrin) nəşrinə sərf olunan
vaxtın uzun illər davam etməsidir.
– Əzizağa müəllim, deyildiyinə görə
siz bir müddət kafedra müdiri də işləmisiniz. Bu sahədə
də sizin səmərəli və dəyərli fəaliyyətiniz
olmuşdur. Bilirəm ki, siz həddən
artıq təvazökarsınız, gördüyünüz
faydalı, gərəkli işlər haqqında
danışmağı xoşlamırsınız. Ancaq Universitetimizin 90 illiyi ilə əlaqədar əhəmiyyətli
olduğuna görə xahiş edirəm, bu barədə məlumat
verəsiniz.
– “Səhnə
danışığı” kafedrasının müdiri vəzifəsində
işlədiyim 12 il (1989-2001) mənim elmi,
pedaqoji və təşkilatçılıq fəaliyyətimdə
xüsusi mərhələdir. Həmin dövrdə
kafedrada 6 fənn tədris olunurdu. Lakin bu fənlər
üzrə proqram çatışmırdı. Aydın məsələdir ki, əsasən, proqram
olmadan fənni elmi cəhətdən düzgün tədris
etmək mümkün deyildir. Ona görə
də o vaxt diqqətim ilk növbədə proqramların tərtibinə
və tərcüməsinə yönəldi. “Səhnə
danışığı”, “Nitq mədəniyyəti”,
“Danışıq texnikası”, “Natiqlik sənəti”,
“Sözlə iş görmə” proqramları belə
yarandı.
Elmi-tədqiqat və yaradıcılıq-ifa işlərinə
tələb artırıldı, onların işlənməsi
və qəbulu müəyyən sistemə salındı. Beləliklə,
kafedrada fəaliyyət göstərmək üçün əlverişli
şərait yaradıldı.
Belə bir şərait indi də davam etməkdədir. Hazırda
kafedra Universitetimizin 90 illik yubileyinə ciddi
hazırlaşır və bu münasibətlə
planlaşdırdığı tədbirləri ardıcıl
surətdə həyata keçirir. Kafedra
müdiri sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent F.Atakişiyevanın təşəbbüsü,
rəhbərliyi ilə, həm də şəxsi vəsaiti
hesabına Universitetin “Aktyor sənəti” fakültəsində
yaratdığı sərgi diqqətəlayiqdir. Bu
münasibətlə keçirilən açılışda
çıxış edən hörmətli rektorumuz, professor
T.Əfəndiyev 1923-cü ildən başlayaraq son illərə
qədər istər Teatr Məktəbində, istərsə də
ondan sonra ali məktəbdə, xüsusilə, Universitetdə
fəaliyyət göstərmiş görkəmli sənətkarların,
pedaqoqların həmin təhsil ocaqlarını bitirmiş
aktyor, rejissor, teatrşünas və mədəniyyət xadimlərinin,
habelə dramaturqların, bəstəkarların və
başqalarının şəkillərindən ibarət təşkil
olunmuş nəfis sərgiyə görə
F.Atakişiyevanın zəhmətini yüksək qiymətləndirdi.
– Bu fənni
tədris edən bir müəllim olaraq sizdən öyrənmək
istəyirəm. “Səhnə
danışığı” fənni üçün nəzəriyyə
və təcrübənin vəhdəti nə deməkdir?
– “Səhnə
danışığı”, eləcə də “Aktyor sənəti”
və “Rejissor sənəti” praktik fənlər sırasına
daxil olsa da, onların nəzəriyyəsi, elmi əsasları
vardır. Həmin fənlərə dair rus
dilində yazılmış saysız-hesabsız əsərlər,
vəsaitlər bunu sübut edir. Artıq
adı çəkilən fənlərin yalnız təcrübəyə
(empirizmə) əsaslanan tədrisi arxada qalmışdır.
“Səhnə danışığı” fənnini də
tədris edərkən dərin nəzəri biliyə əsaslanmaq
tələb olunur. Əks halda keçilən dərsin
özfəaliyyət dərnəyindəki məşqdən
heç bir fərqi olmayacaq. Ona görə
də bizdə dərs prosesində nəzəriyyə ilə
təcrübənin vəhdətinə, xüsusilə,
K.S.Stanislavski “sistem”inə əsaslanan tədris üsulu ilə
professional aktyor və rejissorların hazırlanmasına ciddi səy
göstərilir.
– Məlumdur
ki, “Səhnə danışığı” ilə “Aktyor sənəti”
arasında sıx bağlılıq var. Onların biri olmadan o
birini təsəvvür etmək mümkün deyildir. Buna sizin münasibətiniz necədir? Aktyor sənətini bilmədən “Səhnə
danışığı” fənnindən dərs demək
mümkündürmü?
– Siz “Səhnə
danışığı” fənninin tədrisi ilə əlaqədar
çox ciddi bir məsələyə toxunursunuz. Sualınıza cavab vermək üçün həmin
fənnin görkəmli mütəxəssisi olmuş, professor
Y.F.Sariçevaya müraciət etmək istərdim. O
yazırdı: “Səhnə danışığının tədrisi
elə bir ixtisas olmuşdur ki, o, müəllimdən yalnız
səsin qurulması sahəsində yox, həm də
dilçilik, orfoepiya, loqopediya, dialektologiya sahəsində
geniş bilik tələb edir. Onun hələ
aktyor sənətinin əsasları ilə konkret
tanışlığını demirik”. Mən
də “Səhnə danışığı” fənninin tədrisini
“aktyor sənəti”ndən ayrı təsəvvür etmədiyimə
görə uzun illərin gərgin zəhməti,
yaradıcılıq axtarışlarının nəticəsi
olaraq “Vospitaniye aktyora şkolı Stanislavskoqo” (Q.Kristi)
fundamental dərs vəsaitini dilimizə tərcümə
etdim. Həmin kitab “Stanislavski məktəbi əsasında
aktyor tərbiyəsi” adı altında görkəmli sənətkarımız,
professor Mehdi Məmmədovun redaktorluğu
ilə 1979-cu ildə “Maarif” nəşriyyatında çap
edildi. Həmin kitab indi də “Aktyor sənəti”
fənninin tədrisi və öyrənilməsi
baxımından müəllim və tələbələrin əlində
yeganə və nadir dərs vəsaitidir.
– Sizi C.Cabbarlı ilə bağlı tədbirlərin
birində onun “Məhkum Şərqə” şeirini ifa edərkən
gördüm.
Tamaşaçılar sizi ayaq üstə
alqışladılar. Düzü, sizi dərslərdə
mətn üzərində iş prosesi zamanı tələbəyə
göstəriş verərkən görmüşdüm. Amma çoxdan idi ki, belə gurultulu alqış
eşitməmişdim. Çox
maraqlıdır, bu sənətin həm nəzəriyyəsi
ilə, həm də təcrübəsi ilə məşğulsunuz.
Nədən aktyor və ya bədii qiraətçi
olmadınız?
– Mən Teatr İnstitutunda kino və dram ixtisası
üzrə təhsil alarkən gələcəkdə səhnədə
rollar oynamaq həvəsi ilə yaşayırdım. Lakin III kursa
çatanda fikrim dəyişdi. Qərara gəldim
ki, “Səhnə danışığı” fənninin tədrisi
ilə məşğul olum, həmin fənnə dair
araşdırmalar aparım. Çünki
o dövrdə səhnə danışığı tədqiq
olunmamışdı; K.Ziyanın “Səhnə dili
haqqında”kitabçası bu sahəyə aid çap
edilmiş yeganə əsər idi. Hətta
Azərbaycan dilində fənnin proqramı da çap edilməmişdi.
Beləliklə, mən şüurlu surətdə
bu yolu tutdum və Moskvada səhnə
danışığı üzrə pedaqoji aspiranturaya daxil
oldum. O vaxtdan indiyə qədər “Səhnə
danışığı” fənninin tədrisi, metodikası
ilə, onun tədqiqi və araşdırılması ilə
məşğul oluram.
Digər
tərəfdən “ bir əl ilə iki
qarpız tutmaq olmaz”. İstər aktyorluqla, istərsə
də bədii qiraət sənəti ilə məşğul
olmaq, eyni zamanda “səhnə danışığı” kimi
mürəkkəb bir fəndən istənilən səviyyədə
dərs demək mənə çətin görünür.
Düzdür, bunların arasında
yaxınlıq var. Lakin çoxlu vaxt tələb olunur. Çatdırmaq olmaz. Ona görə
də mən bir yolda layiqincə fəaliyyət göstərməyə,
teatr təhsili üçün faydalı işlər görməyə,
yüksək səviyyəli aktyor və rejissor kadrları
yetişdirməyə üstünlük verdim.
– İnsanın keçmişi onun bu gününə və
gələcəyinə bələdçilik edir. Yəni onu dəyişməyə
qoymur. Amma insanların əksəriyyəti
nəyinsə naminə dəyişir, öz əqidələrinə,
məsləklərinə sadiq qalmır. 20
ilə yaxındır ki, sizi tanıyıram. Əzizağa müəllim heç dəyişmədi.
Həmişəki kimi doğru, cəsarətli,
ədalətli. Dəyişməmək
üçün çoxmu əziyyət çəkdiniz?
– Mənim
haqqımda “doğru”, “cəsarətli”, “ədalətli” sifətlərini
işlətdiyinizə görə təşəkkür edirəm.
Öz əqidəsinə, məsləkinə sədaqət
insanın iradəsi, mənəvi təmizliyi ilə sıx
bağlıdır. Bir də nəfsi-əmmarədən
(əmredici nəfsdən) uzaq olmaq lazımdır. Dəyişməmək, pis yola
yuvarlanmamaq üçün yuxarıda deyilənlərə əməl
etmək lazımdır. Çətinliklə
olsa da.
Ekrana, efirə çıxan insan birinci növbədə
xalqa hörmət qoymalıdır. Elmin, texnikanın, nə bilim bazar
iqtisadiyyatının inkişafı ilə əlaqədar kim istəyirsə, veriliş açır, efirə
çıxır, necə deyərlər, millətə əxlaq,
mənəviyyat dərsləri keçir. Bu,
öz işləridir. Bəs efirə
çıxanların danışığı? Əksəriyyəti ədəbi tələffüz
qaydalarına riayət etmir, miqdar sayından sonra cəm şəkilçisi
işlədir, orfoepik normaları pozur, yerli şivədə
danışır.
–
Düşünürəm ki, xalqın minillik yaddaşı
olan dilini korlamağa heç kimin haqqı yoxdur. Bir mütəxəssis kimi bunun
qarşısının alınması üçün nə
təklif edərdiniz?
–
Qaldırdığınız problemlərin həlli vacibdir. Efirə çıxanların
danışığındakı müxtəlif xarakterli
qüsurların mövcud olması əksər ziyalılarda
olduğu kimi məndə də narahatlıq doğurur. Demək olar ki, gündəlik söhbətlərimizdə
biz bu məsələyə toxunur, fikir mübadiləsi
aparırıq. Xüsusilə, bəzi televiziya
aparıcılarından bir qisminin nitqindəki
qüsurlar–sözlərdə heca vurğularının,
cümlədə məntiqi vurğuların qoyuluşunda, Azərbaycan
dilinin intonasiyası baxımından buraxılan nöqsanlar;
orfoepik tələffüzə əməl etməmək bir
yana, yerli şivə ünsürlərinə yol verilməsi,
bəzi hallarda isə nəfəsdən düzgün istifadə
edilmədiyinə görə cümlənin axıradək
aydın tələffüz olunmaması, çox vaxt isə mətnin
qaçaraq deyilməsi halları baş alıb gedir. “Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət Proqramı
haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2012-ci il tarixli Sərəncamında deyilir: “Dilin
böyük ictimai-siyasi hadisə və mənəvi həyatımızın
mühüm amili olduğunu çox zaman nəzərdən
qaçıran bəzi mətbuat orqanlarında, radio və
televiziya kanallarında ədəbi dil normalarının
pozulması adi hal almışdır”. Halbuki “Bu
gün onun qorunması və qayğı ilə əhatə
olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının
müqəddəs borcudur”.
O ki
qaldı dilin korlanmasının qarşısının
alınmasına, təklif edərdim ki, düzgün
danışıq və nitq mədəniyyətinə aid
praktik əhəmiyyəti olan əsərlər, vəsaitlər
yazılsın.
Televiziya ekranında yaxşı danışmaq
üçün yalnız orfoepiya qaydalarını bilmək
azdır. Aparıcının nəfəsi və səsi
qurulmalı, o, aydın və təmiz danışıq (diksiya)
vərdişlərinə yiyələnməli, məntiqi
vurğu, qrammatik və məntiqi fasilələri nəzəri
və praktik cəhətdən mənimsəməlidir. Yaxşı olardı ki, bizim universitetdə
aparıcılar üçün “Səhnə
danışığı” kafedrasında kurslar
açılsın.
– Hər
bir kəsin həyatında yanlışlar və doğrular
var. Bu həyatdır, mübarizədir. Hər kəsin
öz həqiqəti var. Amma bəzən insan bütün
etdiklərinə haqq qazandıra-qazandıra haqdan
uzaqlaşır. Elə olubmu ki,
üzünüzü çevirib arxaya baxanda hansısa səhvinizə
görə vicdanınız sizi narahat edib. Nəyisə etiraf etməli olmusunuz?
– Həqiqətin
bir üzü var. İki dəfə iki dörd eləyir. Bu həqiqəti bütün bəşəriyyət
qəbul edib. O ki qaldı bütün etdiklərinə
haqq qazandıra-qazandıra haqdan uzaqlaşanlara,
görünür, onlar iki dəfə ikinin dörd olduğunu
yox, ya beş, ya da üç olduğunu qəbul
edirlər. Buna isə həqiqət demək
olmaz.
Hər bir insanın həyatında olduğu kimi mənim
də həyatımda müəyyən səhvlər yox
deyildir. Lakin həmin səhvlər nəticəsində
başqası deyil, özüm əzab çəkmişəm.
Ona görə də nəyi isə etiraf etməyə
lüzum qalmayıb.
– Əzizağa müəllim, siz 50 ildir ki, Azərbaycan teatrı üçün aktyor və rejissor kadrları yetişdirirsiniz. “Tələbələrinizin arasında fəxri adlara, mükafatlara və s. layiq görülənlər kifayət qədərdir. Hələ vəzifə tutanları demirəm. Onların yetişməyində sizin böyük əməyiniz var. Maraqlıdır, tələbələriniz xidmətlərinizi dəyərləndirirlərmi?
– Mənim istedadlı tələbələrim çox olub. Xalq artistlərindən C.Əkbərovu, Ş.Məmmədovanı, R.Novruzovu, R.Hüseynovu, Z.Ağakişiyevanı, Qabil və Nurəddin Quliyevləri, S.Quliyevanı; əməkdar artistlərdən Q.Məmmədovanı, K.Abdullayevi, R.İbrahimovu, A.Məmmədovu, Ə.Nurzadəni, M.Xanlarovanı, Ə.Əliyevi, E.Cəbrayılovu, T.Əliyevanı, B.Sevdiyevanı, E.Rüstəmovu, Q.İsmayılovu və başqalarını qeyd edə bilərəm.
Tələbələrimdən bir çoxu öz taleyini pedaqoji fəaliyyətə bağlamışdır. Onlardan sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent K.Mehdiyeva, dosent N.Hüseynov, müəllim Ə.Mirzəyev mənimlə birlikdə “Səhnə danışığı” kafedrasında səmərəli fəaliyyət göstərirlər.
Professor M.Manafova universitetin elm və yaradıcılıq işləri üzrə prorektoru, dosent Q.Məmmədova isə kütləvi tamaşalar rejissoru kafedrasının müdiri vəzifələrində çalışırlar.
Tələbələrimin mənim xidmətlərimi dəyərləndirməyinə gəldikdə deməliyəm ki, onların mənə olan hörməti və məhəbbətindən çox razıyam. Bunu demək olar ki, mən hər gün hiss edirəm. Mənə qaldıqda hər dəfə tələbələrimin uğurunu eşitdikdə və gördükdə sevincimin həddi-hüdudu olmur.
– İlk dəfə tələbə auditoriyasına
sizin assistentiniz kimi qədəm qoymuşam. Necə deyərlər,
əlinizdən su içmişəm. Bu gün də
auditoriyaya daxil olanda çiyinlərimdə ağır bir
yük hiss edirəm. Mənə elə gəlir
ki, bu, sizdən mənə keçib. Bunun
adı məsuliyyətdir. Mənim kimi
çox müəllimlərin formalaşmağında əməyiniz
olub. Bizə arzunuz?
– Pedaqoji
fəaliyyətlə məşğul olanlara mənim arzum-istəyim
budur ki, onlar yaxşı müəllim olmağa
çalışsınlar, tələbələrin sevimlisinə
çevrilsinlər. Bunun üçün bir
neçə şərtə əməl etmək lazımdır.
Məlumdur ki, tələbələr eyni səviyyəli
olmurlar. Onların davranışı, mədəniyyəti
də bir-birindən fərqlənir. Müəllim,
vəzifəsinə uyğun olaraq səbr, dözüm
nümayiş etdirməlidir. Axı o, eyni
zamanda tərbiyəçidir. Bundan
başqa müəllim tədris etdiyi fənnin (bizdə “Səhnə
danışığı”) metodikasını daim təkmilləşdirməli,
onun nəzəri problemlərinin, elmi əsaslarının dərindən
öyrənilməsini davam etdirməyə xüsusi fikir verməlidir.
Bir məsləhətim də bu olardı ki, müəllim
hər dərsə məsuliyyətlə
hazırlaşmağı unutmamalıdır. İnanıram
ki, bizim müəllimlər qarşıdan gələn
Universitetin 90 illik yubileyini böyük uğurlarla
qarşılayacaqlar.
Zülfiyyə ELDARQIZI,
Sənətşünaslıq üzrə
fəlsəfə doktoru
525-ci qəzet.-
2012.- 14 dekabr.- S.4.