Ruslan Quliyev: "Turizm sahəsində çalışan sahibkarlar vergidən azad edilməlidir"

 

 

Müstəqillik əldə etdikdən sonra bir çox sahələrdə olduğu kimi, turizm sahəsində müəyyən inkişaf nəzərə çarpır. Turizmin inkişafı üçün atılan addımlar nəticəsində bu istiqamətdə hansı nailiyyətlər əldə etmişik? Bu kimi suallara cavab tapmaq üçün 525.az saytının əməkdaşıMillenium Turizm Konqres DMC” şirkətinin rəhbəri Ruslan Quliyevə mürəciət edib.

- Bu gün Azərbaycanda turizmin inkişafını necə qiymətləndirmək olar? Ötən illərlə müqayisədə ölkəmizə gələn turistlərin sayında müəyyən artım hiss olunurmu?

-Müstəqillik əldə etdikdən sonra bir çox sahələrdə olduğu kimi turizmdə müəyyən durğunluq müşahidə olunurdu. Torpaqlarımızın işğal altında olması, turizm obyekti üçün böyük önəm kəsb edən ərazilərin ermənilər tərəfindən dağıdılması bu sahənin inkişafına mənfi təsirini göstərib. 1994-cü ildə Əsrin müqaviləsinin imzalanması ilə iqtisadiyyatımızda böyük dönüş yarandı. Bir çox əcnəbi adamları ölkəmizə axın etdi. 1999-cu ildə turizm haqda imzalanan sərəncam Azərbaycanda bu sahədə inkişafa təkan yaratdı. Hazırda  ölkəmizdə turizm sektoru öncəki illərlə müqayisədə daha çox inkişaf edib. Ölkə başçısı turizmin inkişafı üçün 2010-2014-cü illərə dair dövlət proqramını təsdiqləyib. Proqramda Azərbaycana yeni investisiyaların cəlb olunması, kadrların hazırlanması, ölkə turizminin təbliği məsələləri əksini tapıb. Müstəqilliyimizin ilk illərində 40-a yaxın mehmanxana tipli obyektlər mövcud idisə, hazırda  bu rəqəm 500-dən artıqdı. 90-cı illərdə 10-a yaxın turizm şirkəti fəaliyyət göstərirdisə, bu gün bu rəqəm 200-ə yaxındır. Öncəki illərlə müqayisədə beynəlxalq sərgilərə daha çox qatılırıq. Bu tip tədbirlərdə iştirakımızın əsas məqsədi ölkəmizi beynəlxalq arenada tanıtmaqla Azərbaycan haqda həqiqətləri dünyaya yaymaqdan ibarətdir. Hər il ölkəmizə gələn turistlərin sayında da artım hiss olunur. Əvvəllər turizm sahəsində 1500 kadr çalışırdısa, hazırda bu rəqəm 8 mindən artıqdır.Uzunömürlülər diyarına səyahət marşurutuvasitəsi ilə 100 nəfərdən artıq yaşı 100-ü ötmüş, 500 nəfərə yaxın 90-100 yaş arasında olan 3 əsrin şahidləri ilə görüş təşkil olunur. Onlarla görüşmək,  bu qocaların dilindən müəyyən əhvalatlar eşitmək turistlər üçün çox maraqlıdır. Biz şirkət olaraqİpək yolu marşurutu”nda iştirak etməkdə maraqlıyıq. Təşkil olunan bu turlarda Uzaq Şərqdən gələn qonaqlar bir səfərlə bir neçə ölkəni gəzmək şansını qazanırlar. Bu yaxınlarda şirkətimiz Türkiyədən başlayıb Çində başa çatan“Trans Asiya 3” layihəsini həyata keçirdi. Bu cür layihələrin həyata keçirilməsində məqsəd ölkəmizin rolunu artırmaqdır.  Səfərlər zamanı da ölkəmizin görməli yerləri, tarixi abidələri, adət-ənənələri sərgilənir. Turizm sahəsində çalışanların əsas məqsədi Qarabağın azad olunması ölkəmizin turizm səltənətinə çevilməsidir.  Bu gün ölkə vətəndaşları Azərbaycanda turizmin zəif inkişafından gileylənir. Ölkə turizmi müstəqillik əldə etdikdən sonra dirçəlib. Qısa zaman kəsiyində çox böyük uğurlar əldə etmişik. Biz həm şanslı ölkəyik. İqtisadiyyatımız, geo vəziyyətimiz bizə bu haqda danışmağa imkan verir.

- Turizmin inkişafında əsas problemlər nədən ibarətdir? Bu problemlərin həll edilməsi üçün hansı addımlar atılmalıdır?

-İnkişaf olan yerdə çətinliklərin olması labüddür. Əsas problemlərimizdən biri kadr çatışmazlığıdır. Bəzən turistlər qiymətlərin yüksək olmasından da şikayət edirlər. Ötən illərlə müqayisə apardıqda qiymətlərdə müəyyən endirimlər nəzərə çarpır. Ölkəmizin müharibə şəraitində olması da Azərbaycanda bu sahənin inkişafına mənfi təsirini göstərir. Xarici partnyorlarımız ölkəmizin müharibə şəraitində olmasını əsas gətirərək  sabitliyin olmamasını iddia edirlər. Amma ölkəmizə səfər etdikdən sonra bu fikirlərdən imtina edirlər. Bu gün müxtəlif bölgələrdə tədbirlərin, böyük festivalların keçirilməsi Azərbaycanı beynəlxalq səviyyədə tanıtmağa xidmət edir. Muğamımız, xalçalarımız, Novruz şənliklərimiz UNESCO-nun qeyri-maddi irsi siyahısına daxil olub. Biz daha çox informasiya müharibəsində qalib gəlməliyik. Bu yolla Azərbaycan həqiqətlərini dünyaya çatdırmağı, ölkəmizə səfər edən turistləri maarifləndirməyi qarşımıza məqsəd qoyuruq. Ümumiyyətlə, turizm sahəsində 3 məsələyə diqqət yetirmək lazımdır: birincisi, turizm sahəsində maraqlı olan şəxslərin təşkilatlanması; ikincisi koordinasiyaların yaradılması; üçüncüsü, mədəni abidələrimizin təbliği üsulları haqda düşünmək.

- Mədəni irsimizin əcnəbi vətəndaşlara təbliğində bələdçilərin rolunu necə qiymətləndirə bilərsiniz?

-Bugünkü gündə bələdçi çatışmazlığı var. Hazırda fəaliyyət göstərən digər bələdçilərin məlumatlılıq səviyyəsi ürəkaçan deyil. İngilis dilini bilmək bələdçi olmaq deyil. Bu gün az da olsa, yeni bələdçilər yetişir.

- Xarici turistləri Azərbaycana cəlb edən nədir?

- 11 iqlim qurşağının 9-u Azərbaycanda yerləşir. Məhz burda turistlər qısa zaman kəsiyində təbiətin müxtəlif çalarları ilə tanış ola bilərlər. Neft daşları, Yanardağ, Yanarsu, Qobustanın qayaüstü rəsmləri, Naftalan sanatoriyası bu gün ölkəmizə gələn turistlərin diqqət mərkəzindədir.

- Hazırda Azərbaycanda işgüzar turizm, yoxsa istirahət turizmi daha çox inkişaf edib?

-Hazırda ölkəmizdə işgüzar turizm daha çox inkişaf edib. Neft, bank işləri müxtəlif sahələrlə əlaqədar ölkəmizə xeyli sayda  turist axın edir. Bu gün biz turizmin bütün il boyu inkişafına çalışmalıyıq.

- Qış turizminin inkişafında müəyyən durğunluq nəzərə çarpır. Bunun aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?

- Ölkəmizdə qış turizmi zəif inkişaf edib. Şahdağqış-yay turizm kompleksinin inşaası ilə böyük turist axınını qarşılaya biləcəyik. Müxtəlif ölkələrin turizm şirkətləri hər il 31 dekabr öncəsi turistləri öz ölkələrinə cəlb edirlər. Azərbaycanda da bayram öncəsi müəyyən turist axını müşahidə olunur. Dünyanın müxtəlif yerlərində yaşayan həmyerlilərimiz bayramı ölkəmizdə qeyd etmək üçün Azərbaycana gəlir. Şahdağturizm mərkəzinin inşaasından sonra qış turizmi sahəsindəki boşluğu müəyyən qədər aradan qaldıra bilərik.

- Ölkəmizin daha çox zəif inkişaf edən turizm bölgəsi hansıdır?

-Bakı-Abşeron, Şəki-Zaqatala, Astara-Lənkəran bölgəsini daha çox inkişaf etmiş turizm zonası hesab etmək olar. Quba-Xaçmaz bölgəsi hər zaman turistlərin diqqət mərkəzində olub. Gəncədə turizmin inkişafı zəifdir. Daha çox işlər görməklə bu ərazidə turizmi inkişaf etdirmək olar.

- Bu il Azərbaycan üçün çox yadda qalan il oldu. Azərbaycan 57-ci “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edib. Müsabiqə ərəfəsində ölkəmizin mədəni irsinin, tarixi abidələrinin əcnəbi turistlər üçün təbliğinin təşkili haqda deyə bilərsiniz?

- “Eurovision” mahnı müsabiqəsi öz möhtəşəmliyi ilə hər kəsi heyran etdi. Münsiflər də bu vaxtadək müsabiqənin belə yüksək keyfiyyətlər əsasında hazırlanmadığını bildirdilər. Bu yarışmadan sonra  bizim beynəlxalq səviyyədəki rolumuz daha da artdı. Azərbaycanla çox az maraqlanan həmkarlarımız müsabiqənin təşkili, otellər və s bu kimi önəmli məsələlərlə əlaqədar müxtəlif suallarla bizə müraciət etdilər. Müsabiqənin nəticələrinin açıqlanması üçün elan edilən fasilədə mili-mədəni irsimizi yüksək səviyyədə təbliğ edə bildik.

- Şirkətiniz tərəfindən həm daxili, həm də xarici turlar təşkil edilir. Ölkə vətəndaşları daha çox hansı turlara üstünlük verir?

-Biz şirkət olaraq beynəlxalq və daxili turizmlə məşğuluq. Beynəlxalq turizm- xaricə səfər  outgoing” və ölkəmizə təşkil edilən səfərlər “incoming” adlanır. Xarici turizmin ölkəmizdə inkişafı stabildir. Lakin bizim əsas məqsədimiz daxili turizmi inkişaf etdirməkdir.

- Bir çox vətəndaşlarımız xarici turlara üstünlük verməsini ölkədaxili turizmdə süni qiymət artımının olması ilə əlaqələndirir. Sizin buna münasibətiniz necədir?

-Mən ölkədaxili turizmdə süni qiymət artımının olması ilə razılaşmıram. Hətta öncəki illərlə müqayisədə qiymətlərdə 5-12 faiz enmə müşahidə edilir. Sadəcə, media qurumları turizm şirkətlərinin məhsulları, ödəyəcəkləri qiymətlərə nələrin daxil olması haqda ətraflı məlumat vermədikləri üçün müxtəlif şirkətlər haqda səhv təəssürat oyadırlar. Öncələr turistin ödədiyi məbləğə yalnız səhər yeməyi  daxil idisə, bu gün həmin məbləğ daxilində istifadəçiyə digər imkanlardan da yararlanmaq şansı verilir. Ümumiyyətlə, son 3 il ərzində ölkə vətəndaşlarının Azərbaycanın dilbər guşələrinə daha çox üstünlük verməsi diqqətimizi çəkir. Əsrin əvvəllərində vətəndaşlarımızın böyük hissəsi turizm şirkətlərinə müraciət etmədən ölkənin müxtəlif bölgələrinə səfər edirdilər. Bu gün isə vəziyyət dəyişib.  Ötən il 225 min vətəndaş ölkədaxili turizm marşurutundan istifadə etmişdisə, bu il rəqəm 370 min olub. Etiraf etmək lazımdı kir, bu gün Azərbaycanda turizm sahəsində göstərilən xidmətlər hələ də dünya standartlarından geridə qalıb.

- Azərbaycanda turizmin gələcək inkişafı haqda hansı proqnozlar vermək olar?

-Turizmin inkişafı üçün bu işlə məşğul olan təşkilatların xarici bazarlardakı təqdimatlarına görə, 50 faiz maddi vəsait ayrılmalıdır. Yəni, hər hansı təşkilat xarici bazarda öz məhsulunu təbliğ edirsə, onun bu istiqamətdə xərclədiyi vəsaitin 50 faizini qaytarmaq lazımdır. İkinci əsas nüans xarici turistlərin ölkəmizə gətirilməsiilə məşğul olan təşkilatlara AZAL tərəfindən ən azı 30 faiz endirimlər edilməli, uzunmüddətli, çox az faizlə kreditlərin ayrılması üçün müəyyən proqramlar hazırlanmalıdır. Üçüncü nüans isə turizm sektorunda çalışan sahibkarın  5 il müddətində tamamilə vergidən azad edilməsidir. Məsələn, Kipr Respublikasında ölkəyə gələn  hər turist üçün dövlət 7 gecə  gecələmək şərti ilə 70 euro xərcləyir. Ölkəyə gələn 1 milyon turist üçün dövlət 70 milyon vəsait ayırır.  Bir milyon turistin bu müddət ərzində xərclədiyi vəsaiti nəzərə alsaq, dövlətin xərclədiyindən daha çox gəlir götürməsini müşahidə edə bilərik.

 

Nigar MƏHƏRRƏM

525-ci qəzet.- 2012.- 14 dekabr.- S.5.