“Sehrbazlar dərəsi”nin sehri

 

 

Yaradıcılığına yaxşı bələd olduğum və ruhuma çox doğma hesab etdiyim, əsərlərini hər dəfə oxuduqca ruhi rahatlıq tapdığım müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan, şəxsiyyəti ilə yaradıcılıq kredosunun vəhdətində həmişə ucalıq hökmü dayanan və diqqəti bu kriteriya ilə cəlb edən, insan kimi də həmişə nümunə olmağa çalışan Kamal Abdullanın fəlsəfi düşüncələri hər  əsəri ilə heç bir pafosa uymadan, özünəməxsus potensial qüvvəti ilə sakitcəsinə oxucuların gözlərinin içinə elə cür cəlbedici zəhmlə boylanır ki, bu fəlsəfi baxışların dərinliklərindən dikilən müəllif sehri oxucunu dərhal öz tilsiminə salır. Təzə-tər bənövşə qoxulu fikirləri, mülahizələri, təxəyyülü, fəlsəfi təlqinləri ilə oxucunu sehrində elə saxlaya bilir ki, oxunulan hər bir əsərinə təkrar dönüş həmin oxucunun ruhuna hakim kəsilir. Bir kərə oxuduğun fikirlərin yeni oxunuşda daha dərin  qatlardan boy verdiyini, indi ayrı məna dəryasında dalğalandığını görür və daha yeni fikir qatlarından közərən işartıların qığılcımlarını hiss edir, onun yaradıcılığına növbəti dönüşə mütləq bir ehtitac duyulduğunun qaçılmaz qüdrəti ilə hadisələrin iştirakçısına çevrilirsən. Hadisələrin iştirakçısına çevrilmək isə həmin əsəri əbədi olaraq həyatının bir hissəsi kimi unudulmazlıq dəftərçənin səhifələrinə yazmaq deməkdir.

Kamal bütün əsərlərini tərtib etdiyi özünəməxsus xüsusi bədii kodlarla kilidləyir və həmin kilid oxucuya yalnız və yalnız əsərləri oxuyarkən müəllifin aydınlatdığı şifrələr vasitəsi ilə asanlıqla açıqlanır, oxucunun idrakına sirayət edərək əsərin mahiyyətini bütün dolğunluğu ilə aydınlaşdıra bilir. Şifrənin sirrini isə oxucu yalnız müəllifin ruhunu bütün ruhu ilə duyarkən öyrənə bilir. Bəzən şifrələrin sirri oxucuya əsərin ilk oxunuşunda aydın olmaya bilir. Çünki Kamal ruhsal yazıçıdır. Ona görə də Kamal Abdullanın əsərlərinin sehri onu təkrarən oxunmaya ehtiyac tələb edir. Bunun bir üstün cəhəti də ondadır ki, ədibin əsərləri hər oxunuşda növbəti oxunuş üçün oxucunu öz sehrində ilğıma salır və ilğımdan çıxmaq üçün “çarpışmaq” nə qədər də xoşdur.

Kamalın dili də müəllifin özünəməxsus kodları ilə möhürlənmişdir, ona görə də orijinaldır, şirindir, poetikdir, sadədir, rəvandır. Əslində Kamal da hər bir Azərbaycan ədibi kimi ana dilinin geniş imkanlarından ustalıqla istifadə edir, lakin onun dili “Kitabi-Dədə Qorqud”un ruhundan bəhrələnir və bu da müəllifin dil polifoniyasını özünəməxsus zənginliyə qovuşdurur, mistik ovqata kökləyir və bunun üstün cəhəti isə yaratdığı ədəbi nümunələrin poetik dalğalarda rahat şəkildə üzüb mənzilə doğu varmasına uğurlu bir imkan yaradır. Və nəzərə alsaq ki, Kamal dilçidir və burada heç bir qəribəlik yoxdur, onun dili barədə fikir söyləməyə lüzum qalmır. Çünki dilçinin dili şirin olmalıdır məntiqinə söykənməyə tam əsasımız var. Lakin qəribə də olsa çox halda dilçi yazarlar öz peşələrinə sırf elmi konteksdən yanaşırlar deyə sözlərin, cümlələrin bədii estetikasını yazıçılıq kantekstindən daha çox ixtisas çevrəsində formalaşdırırlar. Kamalı fərqləndirən cəhət də məhz ondadır ki, Kamal Abdulla dilçiliyin elmi cəhəti ilə yazıçılığın dilçilikdən yararlanma üsulunu həqiqi ustalıqla cilalaya bilir.

Kamalı oxuyarkən oxucu həm müasir Azərbaycan ədəbi dilinin dəryasında üzdüyünə əmin olur, həm də Dədə Qorquddan gələn qədim oğuz dilinin poetik ruhu ilə rəvan bir yol getdiyindən məmnun qalır. Və məhz bu üslubun sehirli tilsimi oxucunu kitabı oxuyub bitirdikdən sonra da həmin əsərə yenidən qaytarır.

“Sehrbazlar dərəsi” – ilk baxışdan`, hələ kitabın vərəqlərinə toxunmamışdan, adama elə gəlir ki, bu roman əllaməçilər, hoqqabazlar oyunbazlar yığıncağının cəmiyyətdə yaratdığı eybəcərliklərinin tənqid atəşinə tutulmasını özündə ehtiva edir. Lakin oxuduqca bambaşqa bir mənzərə ilə qarşılaşırsan. Müəllif “İnsan cəmiyyəti”nin “insanlıq kriteriyası” ilə necə saflaşa bilməsini təlqin edir. Əsərin süjet xətti ilə dəvə karvanının sırtında yavaş-yavaş mistik aləmə daxil olduğunu görürsən və bir anlıq dayanıb geri dönmək istəyində olan olsa belə, əsərin fəlsəfi duruluğu və sehirli tilsimi oxucunu elə ilğıma salır ki, di gəl bu aləmdən çıx görüm çıxa bilirsənmi!.. 

Karvanbaşı karvanı mənzil başına çatdırmağa tələssə də yolunu mütləq “Sehrbazlar dərəsi”ndən salmağa qərarlıdır. Çünki həyatı boyu anlamaq istədiyi bir qaranlığın içində axtardığı işıq selinə qovuşmaq istəyir. Bu da yalnız və yalnız sehrbazların qüdrəti ilə öz həllini tapa bilər. Odur ki, “Sehrbazlar dərəsi”nə yetişməyə bütün ruhu ilə can atır qoca Karvanbaşı.

“Sehrbazlar”-  Kamal Abdullanın təqdimatında bu insanlar “Sehrbazlar dərəsi” adlı cəmiyyətin xüsusi özəllikləri ilə fərqlənən məxluqlarıdır ki, onlar yer kürəsinin kiçicik bir qütbündə müəllif tərəfindən yaratdılmış “Sehrbazlar dərəsi” adlanan ayrıca bir yer kürəsində məskunlaşmışlar ki, o məkan bütün komponentləri ilə tam bizim yaşadığımız Yer kürəsinə bənzəsə də bircə fərq ondadır ki, zamanından asılı olmayaraq orada bütün mənalarda həmişə eycahanlıqdır və o məkana cəmləşmiş insanların (sehrbazların!) hərəsi dünyanın bir tərəfindən gəlmişlərdir ki, bu insanlar fövqəladə bilik və bacarıqları ilə digər insanlardan fərqlənirlər və bu məkanın adamları qazandıqlarını yarıya bölənlər, bütün əməllərində heç vaxt qüsuru olmayanlar və nəhayət, müəllifin dili ilə desək “təkcənəlik” məqamında hər şeydən təcrid olunaraq gündə bir kərə vicdanları ilə baş-başa qalaraq hesabat aparmağı bacaran müqəddəslərdir. Onlar adi insanların bacara bilmədikləri müqəddəs mətləblər həyata keçirə bilirlər; məsələn onlar absurd olan ruhlarla insanların dialoqunu yarada bilirlər və s... Beləliklə Kamal Yer üzünün bütün insanlarını saflaşmağa, durulaşmağa, müqəddəsləşməyə, cəlladlıqdan şüurlu şəkildə imtina edərək insanlaşmağa, vicdan süzgəcində təmizlənməyə, ən azından günahlardan tövbə etməyə çağırır. Əks halda qiyamət gününün mütləq gələcəyini və həmin gün insan xilqətinə xitam veriləcəyini yada salır. Kamal əsərin sonunda müharibə nəticəsində kökü kəsilməkdə olan insanlar içərisindən bir körpəni Sehrbazlardan birinin əli ilə gizlincə götürərək “Sehrbazlar dərəsi”nə gətirir və bununla da müəllif bütün insanlara car çəkərək bildirir ki, daha yaxşı olar ki, hər bir insan özü dərk edərək saflaşsın, onsuz da dünyanın müqəddəs insanları insanlığın məhv olmasına yol verməyəcəklər. Ən çıxılmaz halda belə insan məxluqunu qoruya biləcəklər.

Təpədən dırnağa qədər sehr içində olan “Sehrbazlar dərəsi”nin sakinləri Kamal Abdullanın təxəyyülünün bənzərsiz kəşfidir ki, məhz belə insanlarla, belə hikmətlə  müəllif tərəfindən İNSAN cəmiyyətinin İNSANLIQ xislətinin qoruna bilməsinin ən aydın mənzərəsi yaradılır və bu mənzərədə vicdanı ilə baş-başa qala bilməyənlərin içində kükrəyən insanlığın məhvinə səbəb olan intiqam hissinin insan xilqətinin sonuna yetənə qədər daima çarpışacağını, vuruşacağını və kimin kimə qalib gələ biləcəyinin isə heç şübhəsiz ki, bəlli bir sual altında olduğunu bədii fəndlə açıq şəkildə sərgiləyir. İntiqam hissi sözünü elə-belə ifadə etmədim, çünki “Sehrbazlar dərəsi” əsərinin sehri məhz ondadır ki, müəllif əsər boyu Sehrbazların timsalında müqəddəs insanların cəbhəsini, əks qütbdə isə daima intiqam hissi ilə yaşayan və ya intiqam hissini təlqin edən xislət sahiblərinin cəbhəsiini yaradır və onları qarşı-qarşıya qoyur və hər ikisinin əməllərinin mahiyyətini anlayış üçün və doğru nəticə çıxarmaq üçün oxucunu müəllif sehrində saflaşmağa təlqin edir...

Mən müəllifin “Sehrbazlar dərəsi” romanını roman yenicə işıq üzü görən zaman oxumuşdum və doğrusunu deyim ki, əsərə yenidən müraciət istəyi məni rahat buraxmırdı və bu günlərdə mən romanı böyük sevgi ilə yenidən oxumağa başladım.

Bu dəfə oxuyarkən digər əsərlərində olduğu kimi müəllifin yuxarıda qeyd etdiyim sehrlə dərin qatlardan alovlanan atəşin istisinə qızınmaq mahiyyətini oxucudan əsirgəmədiyinin şahidi oldum.

İkinci oxunuş birinci oxunuşda sezmədiyim bir çox mətləblərin açılmasını təmin etdi. İlk baxışdan, əvvəldən sona doğru inkişaf edən süjetə axırdan əvvələ doğru inkişaf edərək tezislər şəklində parça-parça qoşulan müxtəlif hadisələr kimi təsir bağışlayan əhvalatlar aydınca göründü ki, əsərin sonunda inkişaf edən süjet xəttinin dolğunluğunu təmin edir, misqal-misqal mahiyyətinə naxış vurur və gözlərimiz önündə bütöv bir əhvalatın nəqlinin mükəmməlliyini yaradır.

Belə ki, ana xətt üzrə kulminasiya nöqtəsinə qədər inkişaf edən ayrı-ayrı parçalardan ibarət müxtəlif əhvalatlar  çoxşaxəli qollarla, sanki hər tərəfdən süzülüb gələn şəffaf bulaqların böyük bir çaya qovuşduğu kimi bir süjet ətrafında üzvi şəkildə cəmləşə bilir və dediyimiz kimi əsərin sonunda qırır-qırıq nəql edilən bütün əhvalatların bir hadisə ətrafına toplaşdığı ustalıqla aydınlaşdırılır.

Əsərin virtual cərəyanı teatr adamı olduğum üçün təkrar oxunuşda həm də mənə onun səhnə həllini diqtə etməyə başladı. Və bu oxunuşda oradakı müəllif polifoniyası hadisələrin çox üzvi şəkildə səhnəyə gəlişini aydınlatdı və məndə belə bir fikir yaratdı ki, bu romanın səhnə həlli İNSAN cəmiyyəti, İNSANLIQ xisləti haqqında olan bir ədəbi nümunə kimi oxucu və ya tamaşaçı ilə canlı şəkildə üz-üzə, göz-gözə durarsa daha böyük səmərə verə bilər.

Bildiyimiz kimi Kamal Abdulla həmişə Azərbaycan teatr məkanının diqqət mərkəzindədir və onun əsərləri çoxdan Azərbaycan hüdudlarını aşmışdır. Estoniya, Gürcüstanın gürcü və Azərbaycan teatrlarının səhnələri Kamal Abdullanın əsərlərinə sevərək müraciət etmişlər və bu gün də həmin sevgi öz hökmündədir.

Kamalın səhnə üçün yazdığı pyesləri öz poetik ovqatı, teatrallıq kamilliyi və yeniliyi ilə müasir teatr poetikasının ənənələrinə novatorluq gətirir və müəllifin ədəbiyyata yanaşma prinsipləri əsas verir deyək ki, onun romanlarının da çox asanlıqla səhnə ekvivalentinin yaranmasını təmin edir, hətta romanlarının səhnə  təcəssümü imkanları öz mükəmməllyi ilə aydınca nişangaha gəlir. 

Bu mənada müəllifin ilk olaraq “Sehrbazlar dərəsi” romanının səhnə təcəssümü barədə düşünməyin tam zamanı olduğuna əminliklə deyə bilərəm ki, səhnə təcəssümü ilə əsərdə ortaya qoyulmuş məqsədin sehrində bu günkü reallıqda Yer kürəsinin bütün adamlarının (bəli, bütün adamların!) saflaşmaq və müqəddəsləşmək üçün daha canlı və dolğun şəkildə sehrlənməsi mümkündür.

 

 

 

İFTİXAR

525-ci qəzet.- 2012.- 18 dekabr.- S.7.