Elmə dövlət qayğısı olmasa...
Son vaxtlar Azərbaycan
Milli Elmlər Akademiyasının adı
müxtəlif TV kanallarında
tez-tez çəkilir. Elm məbədinə müxtəlif
yanaşmalar, alimlərin
real vəziyyətinə acımalar,
AMEA-da çalışan
alimlərin orta yaş həddinin yuxarı olması, gənclərin elmə marağının azalması
məsələləri ilə
bağlı narahatlıqlar
hiss olunur. Təbii ki,
elmimizin gələcəyi,
cəfakeş alimlərimizin
taleyi, acınacaqlı
sosial durumu ölkənin əsl vətəndaşı olan
hər kəsi düşündürməlidir. Bütün bunlara aydınlıq gətirmək üçün
AMEA-nın prezidenti, akademik Mahmud Kərimovla görüşdük.
– Mahmud müəllim, nələr
baş verir?.. Yenədəmi illərdən bəri elmi tədqiqatları ilə aləmə səs salmış elm məbədimizin başı
üzərində qara
buludlar dolaşır?..
– Bilirsiniz, alimin yazı masası arxasındakı yaşantılarını,
yuxusuz gecələrinin
əziyyətlərini, yaradıcılıq
əzablarını duymadan,
bu əzabların uğurlu nəticələrindən
doğan sevinc duyğularını yaşamadan,
alimin bugünkü sosial məişət qayğılarını bilmədən,
onun işi, yaşı, yaxud həyat şəraiti haqqında danışmaq,
özü də tənqidi baxış bucağı altında danışmaq asandır. Müxtəlif yollarla saxta
diplom alanlar bilməlidirlər ki, Elmlər Akademiyası həmişə olduğu
kimi, bu gün də bütün çətinliklərə
baxmayaraq var-gücü
ilə çalışır,
alimlərimiz dünya
miqyasında uğurlar
qazanır, ölkəmizə
başucalığı gətirirlər.
Hazırda ayrı-ayrı
institutlarda hesabatlar gedir, nailiyyətlər müzakirə olunur,
2013-cü il yanvar ayının sonunda mühüm nəticələr haqqında
ətraflı məlumatlar
əldə edəcəyik.
Bu gün real vəziyyətlə bağlı
onu deyə bilərəm ki, doktoranturaya növbəti qəbul prosesi başa çatıb.
Sənədlərini verən və
alim olmaq istəyən gənclər
arasında istənilən
səviyyədə rəqabət
olub. 200 nəfərdən çox
gənc uğurla imtahan verib, sınaqlardan çıxıb.
Ümumiyyətlə, nəticələrdən razıyam. Əminəm ki, AMEA-ya ayrılan vakansiyalar üzrə boş yerlər qalmayacaq.
– Gənclərin elmə marağının az olması da bu gün
cəmiyyətdə dartışma
mövzusudur... Gələcəkdə yaxşı alim olacağına potensial imkanı, intellekti olan gənclər AMEA sisteminə niyə gəlmək istəmirlər?
Reallıqlar nə deyir?
Yoxsa, tədqiqatçılıq ağrılarını,
yuxusuz gecələrin
əzablarını yaşamaqmı
qorxudur cavanları?
– Bu məsələ real problem olaraq
qalır və müxtəlif səbəblərə
söykənir. Əvvəla, aylıq məvacib aşağıdır, elmi
işçinin maaşı
130 AZN-dən başlayır.
Müasir gənc bu məvaciblə ömrünü
elmi araşdırmalara,
elmin inkişafına sərf eləmək istəmir. Çünki bu maaşla
o, indiki çətin
dövrdə necə yaşaya bilər? İkincisi, onun mənzillə, ən adi yaşayış
şəraiti ilə təmin olunması lazımdır. Bizdə
isə elə alimlər var ki, yaşı 50-60-ı keçib, amma hələ də kirayədə yaşayırlar...
Buna görə də gənclərimiz daha çox özəl firma və müəssisələrə, xarici
ölkələrə üz
tuturlar. Doğrudur,
dövlətimiz AMEA-ya
qayğı göstərir,
az iş
görülməyib. AMEA-nın İnstitutlarının
əksəriyyətində əsaslı təmir işləri aparılıb.
Şamaxı rəsədxanası yenidən qurulub, elmi kitabxananın, ME-nin yeni binaları
tikilir. ASE-nin üç cildi nəşr olunub, xüsusi cildi rus dilinə
tərcümə edilib,
yaxın günlərdə
çap olunaraq oxucuların ixtiyarına veriləcəkdir. Qeyd edim
ki, həvəsləndirici
vasitələr də
var. Dövlət Neft Fondu, Elmin İnkişafı
Fondu müəyyən
qədər vəsait
ayırır və bu vəsait uğurlu layihələrin
gerçəkləşdirilməsinə sərf olunur. Bu il 3 milyon
manat vəsait ayrılıb və bu vəsait müsabiqələrdə qalib
gələn ən uğurlu layihələrin
həyata keçirilməsinə
sərf olunub. Bu layihələrin icraçıları, müəllifləri
içərisində gənclərin
sayı çoxdur.
Elmin İnkişafı
Fondu tərəfindən
gənclər üçün
müsabiqələr elan
olunur, qalib gələn layihələr
müəyyən məbləğdə
maliyyələşdirilir... Ancaq bu, kifayət
eləmir... Çünki dünya elmi
durmadan inkişaf edir, yeni-yeni avadanlıqlar icad edilir, geniş spektrli təcrübələr
aparmaq üçünsə
həmin avadanlıqlar,
kimyəvi aktiv maddələr, reaktorlar tələb olunur. Biz bunları ala bilmirik.
Bilirsiniz ki, ümumiyyətlə, dünya
ölkələri arasında
tamamilə varlı ölkələr, super dövlətlər
də var, inkişaf etmiş ölkələr də...
Mən istəyirəm ki, bizim gözəl Vətənimiz-Azərbaycan dünyanın
varlı ölkəsi
deyil, inkişaf etmiş ölkəsi olsun. İnkişaf etmiş ölkə
səviyyəsinə çatmaq
üçün isə
elmi biliklərə əsaslanan iqtisadiyyatın
olması lazımdır.
İqtisadiyyatın gələcək inkişafı da, heç şübhəsiz,
elmin inkişaf səviyyəsi ilə bağlı olacaqdır.
Bunun üçün də elm
sahəsinə dövlət
tərəfindən daha
böyük diqqət
və qayğı gərəkdir. Əgər
elmə qoyulan vəsait Ümumdaxili Məhsulun 0,5 faizindən azdırsa, bu zaman elm sosial-mədəni
funksiya daşıyır,
elmin inkişafına yatırılan vəsait
ÜDM-un 0,5-1faizi qədərdirsə, elm
bilik funksiyasını
daşıyır. Əgər bu
vəsait 2 faizdən artıqdırsa, bu halda elm bilavasitə həmin ölkənin iqtisadiyyatının inkişafına,
güclənməsinə təsir
edir və onun ən yüksək
səviyyədə inkişafının
əsas təkanverici amilinə çevrilir.
Maraqlı faktdır ki, Avropa İttifaqı
qarşısına məqsəd
qoyub ki, 2015-ci ilə qədər elmin inkişafına qoyulan vəsaitin həcmini ÜDM-in 3,5 faizinə çatdırılsın.
İsraildə bu göstəricinin 5 faizə,
Rusiyada 1 faizə, Türkiyədə isə
1,5 faizə çatdırılması nəzərdə
tutulur. Azərbaycanda isə bütövlükdə
elmə qoyulan vəsait ÜDM-un 0,2 faizini təşkil edir. Əvvəldə də qeyd etdiyim kimi, gənc
alimlərə mənzil
verilmir. İş şəraiti
ilə yanaşı
minimal kommunal, sosial şəraiti də təmin olunmur. Nəinki gənclərin, yaşlı
alimlərin belə bu gün mənzilə
ehtiyacı var. İldə
heç olmazsa, bir milyon AZN vəsait ayrılarsa, biz o
zaman 10-15 ailəni mənzillə təmin edə bilərik.
– Alimləri aylıq məvaciblərin, maaşların
artırılması məsələsi
də bu gün daha çox
düşündürən məsələlərdəndir. Siz nə deyə bilərsiniz, Mahmud müəllim,
maaşlar artırılacaqmı?
– Açığı, maaşların
artırılmasını hər
il gözləyirik,
nəinki maaşların,
elmi dərəcələrin
və rütbə maaşlarının da bir neçə dəfə artırılmasını
gözləyirik. Bir neçə
ildir ki, Milli Məclisdə “Elm haqqında Qanun” müzakirə olunur, ancaq bu vacib
qanunun qəbulu hansı səbəblərdənsə
gecikir. Əgər “Elm haqqında Qanun”
qəbul olunarsa, alimlərin sosial təminatı məsələləri,
həm vəzifə, həm də rütbə maaşlarının
artırılması, həmçinin
digər güzəşt
və imtiyazların həlli öz axarına düşəcəkdir.
Bunu söyləməyə tam haqqım
var, çünki alimlərimizin elmi potensialı çox yüksəkdir. Onlardan
bəzilərinin elmi məqalələri dünyanın
elə reytinqli jurnallarında dərc olunur ki, inanın
bu çox böyük uğurdur, məsələnin mahiyyətini
anlayanlar üçün...
Cəmiyyətimizdə çox
az adam
bilir ki, dünya elmində Hiqqporonun kəşfi
2012-ci ilin ən böyük kəşflərindən
biridir. Və bu kəşfin
müəlliflərindən biri Azərbaycan alimidir, AMEA Fizika İnstitutunun əməkdaşı
Öfsət Abdinovdur.
Öfsətin bu uğuru hər hansı bir sahədə qazanılan qələbədən az əhəmiyyət
daşımır, bəlkə
də dünya səviyyəsində dəyərləndirilməyə
layiq çox-çox
üstün bir qələbədir...
Əminliklə deyirəm ki, əgər bizim alimlərimiz elmi nailiyyətlərilə yanaşı,
hər gün ailəsinin nə yeyəcəyi, yaxud nə geyinəcəyi, övladına toy etmək
üçün vəsaiti,
evi, iş yerini hardan və
necə tapmağı
düşünməsə, bunların heç olmasa bir qismini əldə
etmək üçün
bir iş yerindən digərinə qaçmasa, onların kəşfləri də, uğurları da qat-qat çox olar...
SÖZARDI:
Bircə onu deyə bilərəm ki, müxtəlif sahələrdə qazandığımız
qələbələr, sözsüz
bizə, ölkəmizin
bugün imicinin yüksəlməsinə lazımdır.
Ancaq elm Azərbaycanımızın sabahına,
gələcək inkişafının
təmin olunmasına gərəkdir. Dahi Füzuli
hətta qəzəli
belə elmi əsaslarla yazmağı vacib sayırdı və “elmsiz şeiri əsası yox divar, əsası
olmayan divarı isə bietibar” sanırdı. 500 ildən
artıqdır ki, Füzuli qəzəlləri
yaşayır, dillərdə
dolaşır... Elm bizim
gələcəyimizdir, ağalar,
həm sizə gərəkdir, həm də bu millətə...
Ölkənin gücü,
qüdrəti ilk növbədə
onun elminin, iqtisadiyyatının gücü
ilə ölçülür...
Esmira FUAD
Filologiya üzrə Fəlsəfə doktoru
525-ci qəzet.-
2012.- 18 dekabr.- S.5.