Timuçin Əfəndiyev: "Formalaşmış böyük sənət ənənələrini qoruyub saxlaya bilirik"

 

 

 

Həmsöhbətimiz Azərbaycan dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, əməkdar incəsənət xadimi, filologiya üzrə elmlər doktoru, professor Timuçin Əfəndiyevdir

 

I Söhbət

 

– Hörmətli Timuçin müəllim, ilk olaraq mədəniyyətimizin bugünkü durumu, ölkəmizdə gedən mədəni proseslər barədə rəyinizi öyrənmək istərdim.

– Hesab edirəm ki, müasir Azərbaycanda gedən mədəni proseslər, mədəniyyətimizin qiymətləndirilməsi, inkişafına şərait yaradılması və təbliği yüksək səviyyədədir. Bu gün ölkəmizdə mədəniyyət və incəsənətin hərtərəfli inkişafı üçün real şərait yaradılmışdır. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müasir Azərbaycan dövlətçiliyi tərəfindən milli-mənəvi dəyərlərimizin,  mədəniyyətimizin inkişafı üçün çox iş görülmüşdür və indi də görülməkdədir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qayğısı ilə bu gün teatrlarımız yüksək səviyyədə təmir olunmuş, beynəlxalq standartlara cavab verən ən yeni avadanlıqlarla təhciz edilmişdir. Dövlət başçımızın sənət adamlarına göstərdiyi qayğıkeşlik, mədəniyyət xadimlərinin yubileylərinin keçirilməsi, təhsilə xüsusi diqqətin ayrılması və s. şübhəsiz ki, məni sevindirir.  

– Bildiyimiz kimi, Azərbaycan mədəniyyətinin, incəsənətinin ən görkəmli nümayəndələrinin 90 faizi Sizin universitetin yetirmələri və orada çalışmış, çalışan insanlardır. Bütün Şərq aləmində teatr təhsili üzrə 90 illik şərəfli yol keçmək böyük hadisədir. Və bunun məsuliyyəti də böyükdür. Bu barədə Sizin məlumatınızı dinləmək istərdim.

– Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti unikal bir sənət məbədidir. Burada mədəniyyət və incəsənətin əksər sahələri üzrə yüksək ixtisaslı kadrlar hazırlanır. Universitetimiz öz başlanğıcını 1923-cü ildə yaradılmış Teatr məktəbindən götürür. O zaman görkəmli opera ifaçımız, SSRİ xalq artisti, professor Şövkət Məmmədovanın təşəbbüsü ilə belə bir məktəb yaradıldı və tezliklə teatr təhsili sahəsində ciddi uğurlara imza atıldı. 1945-ci ildə Teatr Məktəbi Teatr İnstitutu adlandırıldı. 1968-ci ildə Teatr İnstitutunda  yeni ixtisasların açılması ilə əlaqədar bu tədris ocağı İncəsənət İnstitutu adlandırıldı. Artıq o dövrdə institutun maddi-texniki bazası nisbətən genişlənmiş, tələbələrinin sayı artmışdı. Lakin bütövlükdə institut hələ də lazımi inkişaf səviyyəsinə çıxa bilməmişdi. İnstitutun tədris imkanları məhdud idi və artan tələblərə cavab vermirdi.

1987-ci ildən etibarən İncəsənət İnstitutunda köklü dəyişikliklər baş verdi. Həmin dövrə qədər burada 2 dekanlıq, 6 kafedra fəaliyyət göstərirdi, 9 ixtisasda mütəxəssis hazırlanırdı. Sonrakı illərdə isə ixtisasların, fakültə və kafedraların sayı artmağa başladı. Əgər 1987-ci ildə İncəsənət İnstitutunda bir nəfər elmlər doktoru, altı elmlər namizədi işləyirdisə, 90-cı illərdə burada çalışan elmlər doktorlarının, professorların, elmlər namizədlərinin sayı 100-ü ötüb keçdi. Mədəniyyət və incəsənətin istər nəzəri, istərsə də praktik sahələrini əhatə edən yeni ixtisaslar şəbəkəsi quruldu. Universitetdə aspirantura şöbəsi yaradıldı, Müdafiə Şurası təşkil edildi. Əvvəllər kitablarının sayı o qədər də çox olmayan kitabxananın işi yenidən quruldu, kitab fondunun sayı xeyli artdı, yeni qiraət zalı yaradıldı, kitabxanamız elektron kitabxanaya çevrildi.

1991-ci ildə İncəsənət İnstitutu respublika ali məktəbləri arasında ilk dəfə olaraq universitet statusu qazandı. Beləliklə ADMİU o zaman Azərbaycanda mövcud olan iki universitetdən (BDU ilə yanaşı) birinə çevrildi. Yuxarıda sadalanan nailiyyətlər – ADMİU-nun mədəniyyət sahələrini kompleks şəkildə əhatə etməsi, çoxprofilli ixtisas şəbəkəsinin yaradılması – bu ali məktəbə universitet statusunun verilməsi üçün ciddi hüquqi əsas oldu. Xüsusilə qeyd etmək istəyirəm ki, ötüb keçən illər ərzində universitetimiz öz imkanlarını xeyli genişləndirmişdir. Bu gün burada 7 fakültə, 30 kafedra fəaliyyət göstərir, 40-dan artıq ixtisas və ixtisaslaşmalar üzrə kadr hazırlanır. Təhsil sahəsində dövlət siyasəti prinsiplərinin ardıcıl olaraq həyata keçirilməsi, bu sahədə milli ideologiyanın tətbiqi, Boloniya təhsil sisteminə keçid – bütün bunlar ali təhsilin inkişafı üçün geniş imkanlar açmışdır. Artıq ADMİU-nun diplomları beynəlxalq aləmdə tanınır ki, bu da son dövrlərdə qazanılan nailiyyətlərimizin əsas göstəricilərindən biridir.

ADMİU köklü sənət ənənələrinə malik olan təhsil ocağıdır. Xatırladım ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində vaxtilə korifey sənətkarlar işləmişlər. Cəfər Cabbarlı, Hüseyn Cavid, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cəfərov, Məmməd Cəfər, Əli Sultanlı, Sabit Rəhman kimi görkəmli alim və ədəbi şəxsiyyətlər məhz bu universitetdə dərs demişlər. Azərbaycanın böyük səhnə xadimləri – aktyor və rejissorlar, tanınmış teatr tənqidçiləri, ədəbiyyatşünaslar burada pedaqoji fəaliyyət göstərmişlər. Səhnəmizin parlaq simaları –  Rza Təhmasib, Mirseyfəddin Kirmanşahlı, İsmayıl Dağıstanlı, Kazım Ziya, Müxlis Cənızadə, Əli Zeynalov, Məlik Dadaşov, Səməndər Rzayev, Hamlet Xanızadə, Həsən Turabov və bir çox digər görkəmli aktyorlar müxtəlif dönəmlərdə universitetdə çalışmışlar.

Teatr Məktəbinin ilk məzunları içərisində Fatma Qədri, Rza Əfqanlı, İsmayıl Dağıstanlı, sonrakı illərdə Ələsgər Ələkbərov, Gülxar Həsənova, Nəcibə Məlikova, görkəmli bəstəkarımız Əfrasiyab Bədəlbəyli və başqa tanınmış sənətkarlar olmuşdur.

Rejissor sənəti üzrə universitetimizdə Aleksandr Tuqanov, Ədil İsgəndərov, Mehdi Məmmədov, Məhərrəm Haşımov, Tofiq Kazımov, Rza Sarabski və başqaları çalışmışlar. Onların yaradıcılıq ənənələrini bu gün xalq artistləri Azər Paşa Nemət, Cənnət Səlimova, Ağakişi Kazımov, əməkdar incəsənət xadimi Bəhram Osmanov, kino sahəsində isə Oqtay Mirqasımov, Vaqif Mustafayev, Eldar Quliyev, Tofiq İsmayılov, Yalçın Əfəndiyev, Ramiz İsmayılov və başqaları davam etdirir.

Musiqi sənəti xadimlərindən maestro Niyazi, Aleksandr Milovanov, Hacı Xanməmmədov, Lütfiyar İmanov, Rəhilə Cabbarova, Gülarə Əliyeva, Qulu Əsgərov, Mirzə Babayev və başqaları burada işləmişlər.

Universitetimizin rəssamlıq ənənələri də zəngindir. Vaxtilə burada tanınmış sənətkarlardan Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov, xalq rəssamları Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Nadir Qasımov, Nadir Əbdürrəhmanov, Lətif Kərimov, Yusif Hüseynov kimi istedadlı rəssamlar pedaqoji fəaliyyət göstərmişlər. Həmçinin tanınmış nəzəriyyəçi alimlərimizdən Cəfər Cəfərov, Kərim Kərimov, Məmməd Cəfər Cəfərov, eləcə də Əli Sultanlı, Feyzulla Qasımzadə, Əkbər Ağayev, Yaşar Qarayev, Əhməd İsazadə bizim universitetdə işləmişlər.

Məni fərəhləndirən əsas cəhətlərdən biri də budur ki, vaxtilə formalaşmış böyük sənət ənənələrini qoruyub saxlaya bilirik. Universitetimizdə o zamanlar da görkəmli şəxsiyyətlər işləyib, bu gün də professor-müəllim heyətinə respublikamızın tanınmış ziyalıları, sənətçiləri, alimləri daxildir. Teatr, kino, musiqi, rəssamlıq təhsilinin keyfiyyətini yüksəltmək üçün universitetimizə görkəmli sənətkarlar cəlb olunmuşlar. Hal-hazırda xalq artistləri Bəsti Cəfərova, İlham Namiq Kamal, Firəngiz Mütəllimova, Zemfira Nərimanova, Valeh Kərimov, Laləzar Mustafayeva, Rafiq Əliyev, Azər Zeynalov, Qərinə Kərimova və başqaları “Aktyor sənəti” fakültəsində dərs deyir, gənc kadrların yetişdirilməsi işində əllərindən gələni əsirgəmirlər.

“Musiqi sənəti” fakültəsində də tanınmış musiqi xadimləri dərs deyirlər. Onlar universitetimizdə onilliklər boyu formalaşmış sənət ənənələrini davam və inkişaf etdirirlər. Bu gün burada xalq artisti, professor Faiq Sücəddinov, əməkdar incəsənət xadimi, populyar cazmen, dosent Vaqif Gərayzadə, dosent Eldar Dadaşov kimi bəstəkarlar çalışırlar. Sevilən müğənnilərimiz, xalq artistləri Canəli Əkbərov, Yalçın Rzazadə, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Qəndab Quliyeva, Nazpəri Dostəliyeva, Simarə İmanova və başqaları “Musiqi sənəti” fakültəsinin müəllimləridir. Onların bir çoxu həm də universitetimizin məzunlarıdır. Fakültədə tar, kamança, saz, qarmon üzrə sevilən ifaçılar, xalq artistləri Ağasəlim Abdullayev, Zamiq Əliyev, Fəxrəddin Dadaşov, Zakir Mirzəyev, əməkdar mədəniyyət işçisi Əhliman Rəhimov və başqaları dərs deyir, tələbələrə ifaçılıq sənətinin xüsusiyyətlərini öyrədirlər.

– Universitetin məzunları təyinatla respublikanın mədəniyyət və incəsənət müəssisələrində işləməyə göndərilirmi?

– Universitetimiz sənət ocağı olduğundan tələbələrimizin əksəriyyəti gənc olmasına baxmayaraq kifayət qədər tanınan, karyera qazanan, qəbul edilən sənətçilər və peşəkarlardır. Onların bəziləri nəinki təhsil aldığı illərdə, hətta bundan əvvəl belə öz sənəti ilə özünə yol açmış, cəmiyyətdə bərqərar olmuş insanlardır. Bir çox tələbəmiz isə peşəkar təhsilin ilk dövrlərindən həqiqi sənət mühitinə düşür, müxtəlif müsabiqələrdə, nüfuzlu mədəniyyət layihələrində iştirak edir, müxtəlif yerlərdən dəvətlər alırlar. Diqqət yetirsəniz, tələbələrimizin müxtəlif radio və telekanallarda, teatrlarda, mahnı və rəqs ansambllarında, moda evlərində, layihə, dizayn ofislərində, gözəllik salonlarında işlədiklərinin şahidi olarsınız. Onlar burada prodüser, operator, aparıcı, aktyor, rejissor, rəqqas, ifaçı, rəssam, dizayner, qrim ustası, stilist, vizajist və bir çox bu kimi işlərdə çalışırlar. Sənət reklamımız güclü olduğundan əslində bizim universitetdə təyinatla işə göndərilməyə elə bir ehtiyac qalmır.

– Gənclərdən ibarət böyük bir ordu yetişdirirsiniz. Son zamanlar müasir gənclərin mədəniyyətində mentalitet problemindən niyə şikayətlər səslənir? 

– Bilirsiniz ki, gənclik mövzusu hər zaman cəmiyyətdə polemikalar, mübahisələr yaradır. Müasir gəncliyin milli dəyərlərə etinasızlıq göstərməsi, müasir informasiya vasitələrinə – kompüterə, internetə hədsiz aludəçiliyi, sosial şəbəkələrdə yeri gəldi-gəlmədi ünsiyyət qurması barədə çox deyilir və yazılır. Ancaq müasir Azərbaycan gənclərinin xeyli hissəsi, o cümlədən universitetimizin tələbələri məhz milli-mənəvi dəyərləri qoruyan, özündə yaşadan və inkişaf etdirən gəncliyə aiddir. ADMİU-da təhsil alan gənclər beynəlxalq aləmə çıxış imkanları əldə edərkən milli mentalitetə zidd olan xüsusiyyətlərə aludəçilik göstərmir, əksinə, beynəlxalq miqyasda milli-mənəvi dəyərlərimizi təbliğ edirlər, həm də müvəffəqiyyətlə təbliğ edirlər. Tələbələrimizin beynəlxalq teatr, kino festivallarında, mahnı müsabiqələrində uğurlu çıxışları, Azərbaycan mədəniyyətini dünyaya tanıtmaları buna sübutdur. Bu baxımdan vurğulamaq istərdim ki, gənclərin milli ruhda tərbiyə edilməsi, onlarda milli mədəniyyətimizə maraq aşılanması müsbət nəticələr verir və qloballaşmanın, beynəlxalq aləmə inteqrasiyanın bəzi xoşagəlməz məqamlarından qorunmağa yardım edir.

– Universitetinizdə gələcəyin parlaq simalarının yetişdiyinə əminsinizmi?

– Söylədiyim kimi, o parlaq simalar elə bu gün də var və istər respublikada, istərsə də xarici ölkələrdə keçirilən mühüm mədəniyyət tədbirlərində üzümüzü edirlər. Muğam ifaçılarımızın əldə etdiyi nailiyyətlər, rəssam tələbələrimizin beynəlxalq sərgilərdə sertifikatlar qazanması, aktyor və rejissor tələbələrimizin sənət uğurları, kinooperatorlarımızın beynəlxalq tələbə kinofestivallarında mükafatlar alması dediklərimi təsdiq edir. 2011-ci ildə Qazaxıstanın Almatı şəhərində keçirilən I Beynəlxalq Tələbə Tamaşaları Festivalında universitetimizin “Aktyor sənəti” fakültəsinin tələbələri festivalın ali mükafatı olan “Qran-pri” mükafatını almışlar. Qazaxıstanda reallaşan başqa bir tədbir isə mənim şəxsən iştirak etdiyim “Bastau” Beynəlxalq Kino festivalı olmuşdur. Teatr festivalından daha öncə baş tutan bu tədbirdə də universitetimizin təmsilçiləri – tələbə və məzunlarımız öz filmlərini nümayiş etdirmişlər. Fərəhli haldır ki, müxtəlif ölkələrin təmsilçilərinin iştirak etdiyi “Bastau” Beynəlxalq Kino festivalından da nümayəndələrimiz mükafatlarla geri dönmüşlər. Bundan başqa, Tiflis Beynəlxalq Tələbə Etüdləri Festivalında tələbələrimiz “Təmas” adlı tamaşa ilə çıxış etmiş və festivalın sertifikatını almışlar. Türkiyədə, İstanbul Kültür Universitetində keçirilən Beynəlxalq Tələbə Tamaşaları Festivalında da tələbələrimiz yüksək mükafata layiq görülmüşlər. Kino sənəti üzrə Strasburq şəhərində keçirilən Beynəlxalq Monumental foto müsabiqəsində tələbələrimiz birincilik qazanmışlar.

Musiqi sahəsində təmsilçilərimizin respublika və beynəlxalq müsabiqələrdəki uğurları bizi sevindirir. “Muğam”, “Yeni ulduz” müsabiqələrində, Norveçdə, Sloveniyada və digər ölkələrdə keçirilən musiqi festivallarında da tələbələrimiz laureat adına layiq görülmüşlər. Mən ümumiyyətlə vurğulamaq istərdim ki, bu gün ölkəmizdə istər musiqi, istərsə də mədəniyyətimizin digər sahələrində çox uğurlu beynəlxalq layihələrə start verilmişdir və mədəniyyətimiz dünya miqyasında hərtərəfli təbliğ olunur. Bu möhtəşəm layihələrin, festivalların reallaşdırılmasında, mədəniyyətimizin, sənətimizin dünyaya yayılmasında Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın olduqca böyük xidmətləri var və bu bizi çox sevindirir. Mədəni irsin qorunub saxlanılmasında, böyük mədəniyyətin yaradılmasında ADMİU-nun təmsilçiləri də iştirak edir və dövlətimiz tərəfindən hər cür dəstək alırlar. Nailiyyətlərimiz mədəniyyətimizin dünyada tanınmasına xidmət edir.

 

 

Günay ƏLİYEVA

525-ci qəzet.- 2012.- 18 dekabr.- S.4.