Professor Abbas Hacıyev yaxud sizsizliyin iki ili

 

 

Azərbaycan ədəbi-nəzəri fikri günümüzə qədər  olduqca uğurlu, həm də zəngin yol keçib. Bu yolun bir-birindən böyük şəxsiyyətləri olub. Hər  biri də özünəməxsus üslub və düşüncə fərqliliyi ilə ədəbi-nəzəri fikrimizə töhfələrini veriblər, boy artımına xidmət göstəriblər, böyük-böyük amallarla yaşayıblar. Belə bir böyüklüyə xidmət göstərənlərdən birifilologiya elmləri doktoru, professor Abbas Məhəmməd oğlu Hacıyev olub. Onun Azərbaycan ədəbi-nəzəri fikrində nələri etdiyini, hansı işləri gördüyünü aydınlaşdırmaq, bütöv təsəvvür yaratmaq üçün təkcə yazdığı əsərlərin adını xatırlamaq kifayətdi. “Tiflis ədəbi mühiti” (Bakı, Yazıçı, 1980), “Mirzə İbrahimov”. Bakı, Yazıçı, 1982, “Tiflis Azərbaycan teatrı” (Bakı, İşıq, 1984), “Yazıçı şəxsiyyəti və bədii qanunauyğunluq” (Bakı, Yazıçı, 1986),  “Ədəbiyyatşünaslığın əsasları” (Bakı, APİ, 1988), “Sənətkarın yaradıcılıq fərdiliyi” (Bakı, APİ, 1990), “Bədii əsərin strukturu” (Bakı, ADPİ, 1992), “Ədəbi növlər və janrlar” (Bakı, ADPİ, 1994), “Ədəbiyyat nəzəriyyəsi” (Bakı, Mütərcim, 1996), “Ədəbiyyatşünaslığın əsasları” (Bakı, Zaman, 1999), “Tiflis Azərbaycan və Adıgün türk teatrı” (Bakı, Borçalı, 2006), “Həyat və ədəbi tale” (Bakı,Səda, 2008), “Ədəbi meyllər və cərəyanlar” (Bakı, ADPU, 2010), “Sənətin işığında” (Bakı, Adiloğlu, 2010) və s. Kitablarının hamısının adını çəkmədim. Ancaq bu sıralanmanın özüprof. A.Hacıyevin nə qədər zəngin yaradıcılıq yolu keçdiyini aydınlıqla göstərir. Sonuncu iki kitaba redaktorluğu da mən eləmişəm. Onun yazı manerasına, düşüncə zənginliyinə, hansı duyğularla yaşamasına  yaxından bələd olmuşam. Məhz bu zənginlikdə  prof. Abbas Hacıyevi özüm üçün bir məktəb bilmişəm.

Keçən əsrin yetmiş-səksəninci illər ədəbi tənqidində ən çox görünən imzalardan biri Abbas Hacıyevin imzası idi. O, ədəbi prosesi, demək olar ki, bütün incəliklərinə qədər nəzərdən keçirirona özünün fəal münasibətini bildirirdi. Hələ şəxsən tanımadığım vaxtlardan A.Hacıyevin yazılarını oxumuşdum. Tələbəlik illərində mənim və tələbə yoldaşlarımın ən çox marağında olan imzalardan biri məhz onun imzası idi.  Ədəbi prosesi  incəliklərinə qədər nəzərdən keçirmək, ona fəal, obyektiv münasibət bildirmək başlıca amalı idi. Bu, mətbuat səhifələrində çap olunan  yazılarında tam aydınlığı ilə görünürdü. Əlbəttə belə yazıları yazmaq özü də çətin idi. Çünki tənqid, mühiti obyektiv təhlil etmək həmişə əlavə söz-söhbətlərə, baş ağrısına səbəb olurdu.  bu gün də olmaqdadı. Təəssüflər olsun ki, son dövrün ədəbi prosesi tənqidi bir qədər arxa plana keçirib. Əsərlərin təhlili, obyektiv qiymətləndirilməsi sahəsində yazılanların böyük əksəriyyəti münasibətlə yazılmadan, müsbət tərəfləri sadalamadan o yana kecmir. Bu gün birmənalı olaraq deməliyik ki, ədəbiyyatımızın həmin tənqidə, tənqidçi nəslinə ehtiyacı var. Əgər belə olsaydı sözün bu cür ucuzlaşması, boğazdan yuxarı boş-boşuna mədhiyyələrin baş alıb getməsi olmazdı. Təəssüf, çox təəssüf ki, ədəbi mühit bu gün məhz bu ağrıları yaşayır və yaşamaq  məcburiyyətindədi.

Tələbəlik illərində imzasını izlədiyim, yazılarını mətbuat səhifələrində oxuduğum A.Hacıyevi sonuncu kursda tanıdım. Elə şəxsi tanışlığımın başlanğıcı da həmin vaxtdan qoyuldu. Mən tələbə, o isə professor Abbas Hacıyev. Azərbaycan ədəbiyyatının sovet dövründən mühazirələr oxuyurdu. Bizim bütün suallarımıza, maraqlandığımız məsələlərə, bir sıra qaranlıqlara təmkinlə, özünəməxsusluqla aydınlıq gətirərdi. Tale elə gətirdi ki, bir neçə ildən sonra professor Abbas Hacıyevlə bir yerdə işləməli oldum. Xeyli vaxt mənim kafedra müdirim oldu. Xarakter uyğunluğu və həyat, ətrafımızda baş verənlər bizi bir-birimizə daha da yaxınlaşdırdı. Hətta onu o dərəcədə öyrənmişdim ki, hansı məsələdə nə deyəcəyini, hansı mövqeyi tutacağını əvvəlcədən oxuya bilirdim.  Çünki onun mövqeyi, hadisələrə birmənalı münasibəti vardı. Və bu da davamlı olaraq özünü göstərirdi. Bunu bütün fəaliyyətində, ədəbi prosesin təhlilində, elmi diskussiyalarda, ictimai, siyasi hadisələrə münasibətində də görmək olurdu. Son dövrlərdə ictimai, siyasi həyatda baş verənlər onun düşüncəsinin mühüm bir hissəsini təşkil edirdi. Çünki respublikamız ağır günlərini yaşayırdı. İmperiyanın təhdidləri, hakimiyyət narazılıqları, torpaqlarımızın işğalı gündən-günə qorxulu narahatlıqlara aparırdı. Həmin günlərdə Abbas müəllim daha çox bu istiqamətli söhbətlərə üstünlük verərdi. Və bizim münasibətimizi, baş verən prosesi öyrənməyə çalışardı. Hər səhər gündəlik mətbuatı izlədiyini görərdik.  Güclü müşahidə və son dərəcədə dəqiq təhlil qabiliyyəti onun tənqidçiliyindən gəlirdi. O, bizim üçün örnək idi.

Prof.A.Hacıyev ədəbi-nəzəri fikrimizin tarixinə ədəbiyyatşünas alim kimi adını yazıb. Onun bir neçə istiqamətli araşdırmaları bu gün də, sabah da əhəmiyyətlidi və əhəmiyyətli də olacaq. Çünki Abbas müəllimin tədqiqatlarında elə problemlər qoyulub ki,  bütünlükdə xalqın tarixi, milli-mənəvi mədəniyyətinin böyük bir hissəsi ilə bağlıdı. Tiflis ədəbi mühiti ilə bağlı araşdırmalar  buna nümunədi. Məlum olduğu kimi, on doqquzuncu yüzillikdə Tiflis Qafqaz xalqlarının mədəni mərkəzlərindən idi. Özünün qaynarlığı, zənginliyi ilə diqqət mərkəzində idi. Bu səbəbdən də Qafqazın ziyalı mühiti daha çox ora can atırdı. Bir növ Qafqaz xalqlarının beyin mərkəzinə çevrilməkdə idi. Məhz Azərbaycan mədəni mühitinin bir sıra böyük şəxsləri də ora toplaşmaqda, həmin mühitlə mədəni əlaqələr yaratmaqda idilər. Prof. A.Hacıyev Azərbaycan və gürcü milli teatrı timsalında bu mühiti xarakterizə edərək yazır: “Azərbaycan və gürcü ziyalılarının milli teatr yaratmaq arzuları tez, 1850-ci ildən oyanmışdır. Belə bir real niyətə istiqaməti M.F.AxundovQ.Eristavi vermişdir. Artıq XIX əsrin 50-60-cı illərindən Q.Eristavi, M.F.AxundovZ.Antonovun əsərləri Tiflisdə yay və qış teatrlarında rus dillərində tamaşaya qoyulmuşdur. Elə M.F.AxundovQ.Eristavi teatrı, sonralar M.Ş.Girmanşahlı, L.Mesxişvili, M.Abbasov, M.Quliyev, N.Qabuniya, Ə.Yüzbaşov, K.Kipiani, S.Seyidov, H.Tahirov, S.Qayıbov, Q.Dvanadze, M.Sənani, K.Çaparidze, Tərlan xanım, H.Haşımov, A.Meporiani, N.Uzunadze, M.Mərdanov, Tonailidi və İ.İsfahanlı kimi səhnə ustaları yetişdirmişdir”. Bu adlar hamısı bir tarixdi. Bizim, bütünlükdə Qafqaz mühitinin yaşadığı tarixdi. Onların araşdırılması, öyrənilib üzə çıxarılması özlüyündə mədəni mühitimizin öyrənilməsi hadisəsidi. Prof.A.Hacıyevin elmə gəlişi məhz bu ağır, həm də kifayət qədər məsuliyyət, əzmkarlıq və dözüm tələb edən sahədən başlamışdı. “Tiflis ədəbi mühiti”ni dissertasiya kimi işləməyi qarşısına məqsəd qoymuşdu. Həmin işə onu bir-birindən maraqlı böyük şəxsiyyətlər Şıxəli Qurbanov, Mir Cəlal Paşayev sövq etmişdilər. Çünki onlar bilirdilər ki, bu problemi öyrənməyə, arxiv materialları ilə işləməyə istedalı, bacarıqlı bir nəfəri gətirmək lazımdı. Həm də bir başlıca məsələni də nəzərə almışdılar ki, Abbas Hacıyev həmin mühitə (Tiflis mühitinə) bələddir. Özüo mühitin yetirməsidir. Borçalıda böyüyüb boya-başa çatmışdı. Və doğrudan da qiymətləndirmə düz oldu. A.Hacıyev az keçmədi ki, həmin mühitdən əli dolu qayıtdı. Bir-birindən maraqlı faktlarla ədəbiyyatımızı, ədəbiyyat tariximizi zənginləşdirdi. Daha doğrusu, Tiflis ədəbi mühitini bütünlükdə Azərbaycan ədəbi-nəzəri fikrinə çılpaqlığı, olanları ilə təqdim etdi. Yeni, həm də gərəkli bir yolun başlanğıcını qoydu. Ümumiyyətlə, on doqquzuncu yüzilliyə nəzər yetirdikdə mühitlər, yeni ruhun gəlişi anlamında maraqlı bir zənginlik nəzərə çarpır.  Bu əsri M.F.Axundov və Qasım bəy Zakir əsri də adlandırmaq olar. Yəni bunu klassik üslubla  (Q.Zakirin şəxsində) yeni düşüncənin, Avropa düşüncə tərzinin qovuşduğu zaman kimi də səciyyələndirmək olar. Ancaq onu da nəzərə almaq lazımdı ki, həm Q.Zakirdə, həm də M.F.Axundovda zamanın və mühitin özünün doğurduğu düşüncə və ifadə tərzi də nəzərə çarpır. Biz burada hər iki xəttin arasında sərhəd də çəkmək fikrində deyilik. Sadəcə olaraq bu əsrdə artıq Avropa meylləri intişar tapır. Bir zamanlar Şərqdən düşüncəni daşıyan Avropa indi özü təsir faktında görünür. Məhz Azərbaycanın rus çarizmi tərəfindən işğalından sonra artıq təmayüllər, təsirlər və ictimai, siyasi, mədəni düşüncə sferasında axınlar müşahidə olunur. M.F.Axundov bu mənada müsbət olaraq müəyyənləşmiş sərhədləri qırdı və orijinal düşüncədən çıxış edərək bütünlükdə ədəbi-mədəni mühitə zənginlik gətirdi. Düzdü, M.F.Axundovda Şərq konteksti, Şərq ruhu bir başqa istiqamətdi. Onda digər istiqamət Qərbi xarakterizə edir. Bu istiqamət öz intişarını Avropadan rus çarizmionun imkanı ilə yaratdığı Tiflis vasitəsilə (daha çox) bütünlükdə Azərbaycana, Şərqə ötürülürdü. Ona görə də on doqquzuncu yüzillik rus  mətbuatı (“Kavkaz”, “Tiflisskie vedemosti”, “Novoe obozrenie”, “Kaspi”, “Kavkazskiy vestnik”, SMOMPK və s.) ayrıca bir problem kimi işlənməlidir. Düzdü, bu istiqamətdə müəyyən qədər araşdırmalar aparılıb. Folklorşünaslar, etnoqraflar, arxeoloqlar, ədəbiyyatşünaslar müəyyən araşdırmalar zamanı bura müraciət ediblər. Ancaq etiraf edək ki, sistemli araşdırmalar aparılmayıbdı. Bu isə problem kimi hələ elmi ictimaiyyətimizi gözləməkdədi. Həmin işin binasını qoyanlardan, sistemli araşdırmalara qərar verənlərdən biri, məhz birincilərdən biri prof. A.Hacıyev olmuşdu. O, arxiv sənədləri əsasında böyükson dərəcədə gərəkli işə qərar verməklə özlüyündə bütünlükdə Tiflis ədəbi-mədəni mühitini Azərbaycan elminin üzünə açdı. Bu, hadisə idi. Azərbaycan ədəbi-nəzəri fikrində A.Hacıyev bununla özünün yolunu qoydu. Bundan sonra gələnlər həmin yolun davamçıları kimi Abbas müəllimin gördüklərini daha da zənginləşdirmək yolunu tutdular. Əgər o, heç nə yazmayıb “Tiflis ədəbi mühiti”, “Tiflis Azərbaycan teatrı”, “Tiflis Azərbaycan və Adıgün türk teatrı”  əsərini yazsaydı da ədəbi-nəzəri fikirdə kifayət qədər şərəfli yol tuta bilərdi. Ancaq prof.A.Hacıyev bütün həyatı boyu yazmaq yolunu tutdu. Ömrünün axır çağlarında onun necə yazı yazdığını, hansı problemlər üzərində işlədiyini görən adam kimi bunları deyirəm. Onun Azərbaycan teatrının tarixini 1873-cü ildən 1872-ci ilə aparması haqqında ardıcıl qeydləri, narahatlığı yadıma gəlir. Təəssüf ki, biz  nə səbəbdənsə hələ də Azərbaycan teatr tarixinin 1883-cü ildən başlandığı qənaətindəyik. Hətta bəzən 1886-cı ilqeyd olunur. Prof. A.Hacıyev yazır: “1921-ci ilin axırlarından Tiflis-Azərbaycan teatrı çətin, mürəkkəb səhnə imtahanına, baxış tamaşasına – Dövlət Dram Teatrı adını almağa hazırlaşmışdır.  Baxış tamaşası üçün H.Bədrəddin və M.Rüfətin “Əbül üla” pyesi seçilmişdi. Əsəri tamaşaya hazırlamaq bu teatrın yaradıcılarından birinə – Mirseyfəddin Girmanşahlıya tapşırılmışdı... Baxış tamaşası gec, 1922-ci ildə keçirilmiş, teatra M.F.Axundov adına Tiflis-Azərbaycan Dövlət Türk Dram Teatrı adı verilmişdir.  Eyni zamanda, 1922-ci ildə teatrın yaranmasının 50 ili (1872- 1922) tamam olmuşdu”.  Abbas müəllim həmişə yubileyin keçirilməsi ilə bağlı sənədlərin onun arxivində olmasını və tapa bilmədiyini vurğulayırdı. Deyirdi ki, həmin sənədlər 60 illiklə əlaqədardı. Günlərin birində zəngləşdik və mənə xüsusi sevinc duyğusu ilə əlavə etdi ki, artıq Azərbaycan  teatrının yubiley komissiyasının olduğu sənədləri tapmışam. Və bu məsələ ilə bağlı mətbuat səhifələrində də çıxış etdi.  Sonra “Tiflis Azərbaycan və Adıgün türk teatrı” (2006) əsərini yazdı. Oradakı informativ xarakterli, həm də kifayət qədər əhəmiyyətli bir epizodu vermək istəyirəm. “Tiflis Dövlət türk teatrosunun yubileyi (1872-1932) çox geniş miqyasda, dövlət əhəmiyyətli hadisə, qonşu xalqların da teatr bayramı kimi keçirilmişdir...  Yubiley komissiyasının fəxri sədrlərinin, sədr, sədr əvəzi və katiblərinin, komissiya üzvlərinin ad və familləri üç dildə Azərbaycan, gürcürus dillərində 250 tirajla çox nəfis çap olunmuş və yayılmışdır. Yubiley Komissiyasının fəxri sədrləri on nəfərdən – Bubnov, Q.Qurulov, Q.Musabəyov, F.Maxaradze, Mamiya Oraxelaşvili, Mariya Oraxelaşvili, D.Simonyan,  Skrinnik Striyinov, L. Beriya – (sonralar xalq düşməni) ibarət idi. Həmid Sultanov yubiley komissiyasının sədri, Əsgər sədr əvəzi, B.Boquçova və A.Şahsabahlı katib seçilmişdir. Yubiley komissiyasının üzvləri 86 nəfər idi”. Abbas müəllim onu da vurğulayırdı ki, Tiflis Azərbaycan teatrı ilk tamaşasında M.F.Axundovun “Sərgüzəşti-vəziri-xani Sərab” komediyasının üçüncü pərdəsini göstərmişdi. Təkrar qeyd edək ki, Tiflis ədəbi mühiti bütün həyatı boyu Abbas Hacıyevin düşüncəsini, məqalə və kitablarını izləmişdi. Hətta həyatının son illərində ardıcıl şəkildə Tiflis mədəni mühiti ilə bağlı, eləcə də məşhur Şeytanbazarla əlaqədar bir-birindən maraqlı yazılar yazdı. O, bu yazıları yazmağa sanki tələsirdi. Və xüsusi olaraq söhbətlərimiz zamanı vurğulayırdı ki, Mahmud, bunları tezliklə gərək yazam. Əgər mən yazmasam gördüklərim və bildiklərim elə yaddaşımda da qalacaq. Bu xalqımızın mədəniyyətidi, tarixinin bir hissəsidi. Bu yazılara, eləcə də digər yazacaqlarına Tanrı şükürlər olsun ki, möhlət verdi.

Ədəbiyyatşünas  alimimiz Abbas Hacıyevin düşüncəsini uzun illər məşğul edən problemlərdən biri “Ədəbi meyllər və cərəyanlar” adlı kitabı yazmaq idi. İlk əvvəl onu deyək ki, onun elmi-nəzəri araşdırmalarında müxtəlif istiqamətlər vardı. Mühüm bir hissəsini sırf nəzəri məsələlər təşkil edirdi. Düzdü, Abbas müəllimin bütün yazıları konseptual səciyyəsi, nəzəri xarakteri ilə həmişə seçilmişdi. Daha doğrusu, sırf nəzəri düşüncəyə hesablanmışdı. Sovetlər dönəminin 60-cı illərindən bəri yazdığı məqalələri bunu tam aydınlığı ilə göstərir. Hətta son illərdə həmin yazıları, bütünlükdə məqalələrini sistemləşdirmək istədiyini də tez-tez vurğulayırdı. Və mənimlə bir neçə dəfə cəhdlər də etmişdi. Mühüm bir hissəsini bir yerə toplamışdı. Həmin məqalələri toplama zamanı da oxumuşdum. Klassiklərimizdən gələn yaradıcı ənənənin uğurla Abbas müəllimdə yaşandığını görmüşdüm.  “Yazıçı şəxsiyyəti və bədii qanunauyğunluq” (1986),  “Ədəbiyyatşünaslığın əsasları” (1988), “Sənətkarın yaradıcılıq fərdiliyi” (1990), “Bədii əsərin strukturu” (1992), “Ədəbi növlər və janrlar” (1994), “Ədəbiyyat nəzəriyyəsi” (1996), “Ədəbi meyllər və cərəyanlar” (2010) kitabları məhz  bu uğurlu ənənənin yaşanışı idi. Onu da əlavə edim ki, prof.A.Hacıyevin bu araşdırmalarının hamısı real zərurətdən ortaya çıxmışdı. “Ədəbiyyatşünaslığın əsasları”, “Ədəbiyyat nəzəriyyəsi” dərslikləri buna nümunədi. Çünki Abbas müəllim bir istiqamətdə tələbə auditoriyası ilə bağlı idi. O, uzun müddət Azərbaycan ədəbiyyatının sovet dövründən, Ədəbiyyatşünaslığın əsaslarından, Ədəbiyyat nəzəriyyəsindən mühazirələr oxumuşdu. Tələbə auditoriyası onun həyatının mühüm bir hissəsi idi. Ona görə də vaxtaşırı bu istiqamətli yazılara müraciət edirdi. “Ədəbi meyllər və cərəyanlar” kitabı A.Hacıyevin ömrünün son illərinə təsadüf etdi. Və uzun illər düşüncəsində gəzdirdiyi, yazmaq istədiyi kitabı yaza bildi. Əlbəttə ədəbi meyllər və cərəyanlardan yazmaq elə də asan deyildi. Onu ancaq dünya ədəbiyyatının problemlərinə bələd olan, bütünlükdə nəzəri düşüncəni izləməyi bacaranonu yazıya gətirə bilən nəzəriyyəçi alim yaza bilərdi. Bu isə heç şübhəsiz Abbas Hacıyev idi.

Görkəmli nəzəriyyəçi alim Abbas Hacıyevin maraqlı yazı tərzi vardı. O, istənilən yerdə düşüncəsini yazıya gətirə bilən az-az adamlardan idi. Bir də görərdin ki, qələm-dəftərini çıxarıb yazmağa başladı. Bu mənə çox maraqlı gələrdi. Dəfələrlə şahidi olmuşdum. Və səbəbini soruşanda deyərdi ki, Mahmud, bu mənim yazı tərzimdi. Ömrünün axır çağlarında iki kitabının çıxmağını gözləyirdi. Onlardan biri “Sənətin işığında” (2010) monoqrafiyası, digəri isə “Ədəbiyyatşünaslığın əsasları” adlı dərsliyi idi. Hər ikisinin sonuncu variantını mən oxumuşdum. Və hər iki kitabın da siqnal nüsxəsini xəstə yatarkən, ömrünün axır çağlarında mən aparıb verdim. “Sənətin işığında” (monoqrafiya istedladlı şair, publisist mənim və Abbas müəllimin yaxın dostu Əli Rza Xələflinin yaradıcılığının tədqiqinə həsr olunmuşdu) kitabını verərkən xəstəxanada alıb tərtibatına, cildinə baxdı və stolun üstünə qoydu. Üzündə bir təbəssüm yarandı. Çünki Abbas Hacıyev kitabı, elmi qiymətləndirən, onun nə demək olduğunu bilən şəxsiyyətlərdən idi. Son dövrün olaylarında baş alıb gedən bəzəkli sözlər, təriflər, mədhiyyələr söyləmək xüsusiyyəti ona yad oldu.  Öz sözünü ancaqancaq cəsarət və qətiyyətlə deyərdi. Belələri isə çox az-az olur. Abbas müəllim  məhz həmin az-az olan şəxsiyyətlərdən idi. Və məhz şəxsiyyət olaraq özünün böyüklüyü, bütövlüyü ilə də bu dünyayla vidalaşdı.  Yetmiş səkkiz yaşında. Yaşasaydı bu yaxın günlərdə (1 yanvar 2013-cü il) səksən yaşı tamam olacaqdı. Cismən vidalaşdı. Ruhən isə bizimlədi.

 

 

Mahmud ALLAHMANLI

filologiya elmləri doktoru, professor

525-ci qəzet.- 2012.- 19 dekabr.- S.7.