Hamlet Qoca: “Mən
bu ömrü boşuna yaşamamışam...”
“AZƏRBAYCANIN MÜSTƏQİLLİYİNİ, SOVET REJİMİNDƏN QURTULUB AZAD YAŞAMASINI ÖMRÜMÜN ÖTƏN 70 İLİNİN ƏN BÖYÜK SEVİNCİ BİLİRƏM”
Tanınmış tərcüməçi Hamlet Qocanın
bugünlərdə 70 yaşı
tamam olur. Bu münasibətlə söhbətləşdiyimiz
yubilyar öz ömür yolundan, məşğul olduğu
tərcümə sahəsinə
gəlişindən, nailiyyət
və çətinliklərindən
söz açdı.
Hamlet Qoca 1942-ci il
dekabrın 22-də Ağdaşda
dünyaya gəlib. Hələ orta məktəbdə oxuduğu illərdən fransız dilinin öyrənilməsinə xüsusi
maraq göstərib, sonralar Xarici Dillər İnstitutunun fransız dili şöbəsini bitirib.
Bir müddət Azərbaycan Elmlər Akademiyasının
Tarix İnstitutunda çalışan Hamlet Qoca
1966-68-ci illərdə Mali Respublikasında
tərcüməçi işləyib.
Tərcüməçilik fəaliyyətini davam etdirməklə yanaşı,
1970-80-ci illərdə Azərbaycanın
Asiya və Afrika ölkələri ilə həmrəylik Komitəsinin katibi, Əlcəzairdə keçmiş
Sovetlərin ölkəsinin
səfirliyində bölmə
müdiri, Azərbaycan
Televiziya və Radio Şirkətində Qərb
ölkələri üzrə
baş redaktor vəzifələrində çalışıb.
Sonralar Milli Məclisinin Beynəlxalq münasibətlər
şöbəsində baş
məsləhətçi, AzərTAc-da
fransız bölməsinin
rəhbəri kimi çalışıb. Fransa-Azərbaycan mədəni əlaqələrinin
inkişafındakı səmərəli
fəaliyyətinə və
xidmətlərinə görə,
Fransanın yüksək
“İncəsənət və
ədəbiyyat komandoru”
ordeninə layiq görülüb. Azərbaycan- Fransa tarixi və
mədəni əlaqələri
haqqında ilk araşdırma
kitabının müəllifidir.
Heydər Əliyev İrsinin
Araşdırma Mərkəzinin
hazırladığı kitabların
fransızca mətninin
redaktəsini həyata
keçirib.
Tələbəlik illərindən tərcümə
ilə məşğul
olmağa başlayan H.Qoca Azərbaycan dilinə ümumilikdə
14 tərcümə kitabı,
o cümlədən Gi
de Mopassanın hekayələrini,
Jorj Simenonun “Malular ailəsi” romanını, Fransuaza Saqanın “Salam, kədər”,
Ann Flippin “Bir göz qırpımı”,
Nikol Villelmanın
“Samba və Kinaro”,
Andre Moruanın “Fəslin
çiçəkləri”, Ümmülbanunun “Qafqaz günləri” və başqa əsərləri
tərcümə edib.
Yüksək peşəkarlıq səviyyəsi
ilə seçilən
tərcüməçiliklə yanaşı müxtəlif
illərdə Hamlet Qocanın
müəllifi olduğu
“Tam-tamlar ölkəsində”,
“Afrikada gördüklərim”,
“Üç Afrika səfəri”, “Fransızlar
yurdum haqqında” və digər kitabları da işıq üzü görüb.
Məşhur mütərcim tərcümə
sahəsinə marağından
və gəlişindən
danşırkən dedi:
“Mənim bir ömürlük mütaliəmin
böyük hissəsi
fransız ədəbiyyatının
payına düşür.
Hələ fransız dilini
yaxşı öyrənməyə
başladığım tələbəlik
illərində əlimə
düşən bütün
fransız kitablarını
oxuyurdum. Tələbəlik illərindən sonra Afrikada – Mali Respublikasında
tərcüməçi işlədiyim
illərdə, yaşadığım
şəhərlərdə fransızlardan qalan kitabxanalardakı kitabların
əksəriyyətinin yararlı-yararsızlığına
baxmadan gecə-gündüz
oxuyurdum. Bəzilərinin mövzusunu tez unutsam da, arasında
sosial mövzulu, yadda qalan əsərlər
də vardı. Sonralar Əlcəzairdə işlədiyim
müddətdə kitabları
və müəllifləri
seçmək imkanım
vardı. Saatlarla bukinist
dükanlarında vaxt
itirir, kitabları ancaq reklamlı üzlüklərə görə
deyil, mövzu və müəlliflərə
görə seçmək
imkanı qazanırdım.
Məhz ona görə də 1982-ci ildə Əlcəzairdən gəmi
ilə Azərbaycana qayıdanda gömrük işçiləri yükümün
böyük hissəsinin
fransız dilində kitablardan ibarət olduğunu görüb çox təəccüblənmişdilər.
Yalnız Sovet Yazıçıları
Birliyinin üzvlük
vəsiqəsini təqdim
etdikdən, kitablar haqqında sorğu-sualdan,
bədii tərcümə
ilə məşğul
olduğumu dedikdən
və kinayəli baxışlardan sonra gömrük işçilərinin
əlindən qurtarıb
həmin kitabları gətirə bildim. Fransız ədəbiyyatı haqqında
bildiklərimi azərbaycanlı
oxuculara, ədəbiyyat
həvəskarlarına çatdırmaq
fikri də elə həmin dövrlərdə başlayıb”.
Yubilyarla söhbətimiz zamanı H. Qoca sovetlər dönəmi ilə müasir dövrdə tərcüməçilik fəaliyyətində böyük fərqlər olduğunu qeyd edib. Mütərcimin fikrincə, sovetlər dövründə həm orijinaldan tərcümədə senzura amili vardı, həm də kitab dövlət planına salınmasa, çapı müşkül məsələ idi: “Sovet dövründə orijinaldan hansısa əsəri oxuyurdum, elə xoşuma gəlirdi, mətndən elə ləzzət alırdım ki, istəyirdim, dilimizə tərcümə edim, başqa həmvətənlərim də həmin zövqü hiss etsinlər. Amma gərək mütləq əvvəlcədən tərcümə olunan kitabı dövlət planına salınmasına nail olaydın. Üstəlik də orijinaldan tərcüməyə bir qədər şübhəylə yanaşırdılar, gərək rus dilinə tərcümə olunmuş əsəri çevirəydin. Gi de Mopassanın əsərlərini tərcümə etmişdim, amma plana salınmamışdı deyə, illərlə onun çapını gözləməli oldum. Amma indi, müstəqillik dövründə vəziyyət başqadır. Tərcümə sahəsində də, çap məsələlərində də sərbəstlik mövcuddur. Amma bu dövrün də özünəməxsus problemləri var, çox zaman tərcüməçi öz kitabını özü çap etdirmək, satmaq, oxucuya çatdırmaq məcburiyyətində qalır. Xarici ölkələrdə bu problem çoxdan həll olunub. Nəşriyyatlar tərcüməni də, satış işini də özləri həyata keçirirlər”.
H.Qoca hazırki dövrdə keyfiyyətsiz tərcümə nümunələrinin yayılması fikrinə də münasibət bildirdi: “Mən tərcümədə təcrübəsizliyi də, uğursuzluğu da bir qədər normal qəbul edirəm. Çünki uğurlu tərcümələr təcrübə ilə birbaşa bağlıdır. Əlbəttə ki, bu gün tanınmış mütəxəssislər özləri də nə vaxtsa çətinliklə başlayıblar, ilk vaxtlar uğursuzluqları da olub. Tərcümədə peşəkarlıq zamana bağlıdır, amma həmişə yox. Əgər mütərcimin bədii təfəkkürü, mütaliəsi, dünyagörüşü zəifdirsə, heç onillər də keçsə, uğurlu əsərlər ortaya qoya bilməyəcək. İstedad, əlbəttə ki, vacib amildir. Amma istedadı da zamanla mütaliə ilə, təcrübə ilə cilalamaq, inkişaf etdirmək lazımdır”.
Yubilyar “İndiyə qədər tərcümə etdiyiniz fransız müəlliflərindən daha çox kimi ruhunuza yaxın hiss etmisiniz, yaradıcılığını daha artıq bəyənmisiniz” sualını belə cavablandırdı: “Fransız ədəbiyyatının zəngin tarixi haqqında hamının az-çox məlumatı var. Müasir fransız ədəbiyyatı özünün keçmiş sirayətedici ənənələrinə sadiq qalaraq bütün qitələrdə oxucuların qəlbinə yol tapa bilib. Mənim ən çox sevdiyim fransız yazıçısı isə Viktor Hüqodur. Onun yaradıcılığına, şəxsiyyətinə böyük hörmətim var”.
Sonda tərcüməçi keçdiyi 70 illik ömür yoluna nəzər salanda bir məqamı xüsusilə vurğuladı: “Azərbaycanın müstəqilliyini, sovet rejiminin pəncəsindən qurtulub azad yaşamasını ömrümün bu ötən 70 ilinin ən böyük sevinci bilirəm. Vətənimlə qürur duyuram. Tərcümə sahəsində indiyə qədər dövr və imkandan asılı olaraq bacardığım kimi fəaliyyət göstərmişəm. Düşünürəm ki, mən bu ömrü boşuna yaşamamışam, fəaliyyət sahəmə uyğun olaraq mən də Azərbaycanın və xalqımızın inkişafı naminə mümkün qədər faydalı işlər görməyə çalışmışam”.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2012.- 19 noyabr.- S.5.