“Nailiyyətlərimiz mədəniyyətimizin
və bədii təhsilimizin dünyada tanınmasına xidmət
edir”
Həmsöhbətimiz
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin rektoru, Əməkdar Incəsənət xadimi,
filologiya üzrƏ elmlƏr doktoru, professor Timuçin Əfəndiyevdir
II
Söhbət
(Əvvəli ötən
sayımızda)
– Azərbaycan
mədəniyyəti və incəsənəti tarixinin öyrənilməsi
sahəsində alimləriniz nəyi tədqiq ediblər?
–
Professor-müəllim heyətimizin elmi-yaradıcılıq
işlərinin diapazonu çox genişdir. Onu
da vurğulayım ki, mədəniyyət və incəsənətimizin
ayrı-ayrı sahələri üzrə tədqiqatlarla təkcə
nəzəri fakültələrdə dərs deyən müəllimlərimiz
yox, həm də sırf bədii yaradıcılıqla, sənətlə
bağlı olan müəllimlərimiz də məşğul
olur. Ancaq bu sahədə nəzəriyyəçi-alimlər
daha ciddi fəaliyyət göstərirlər və bu, belə
də olmalıdır. Çünki məhz
elmi-tədqiqat işləri pedaqoji işlə yanaşı
onların fəaliyyətinin əsasında dayanır.
Xatırladım
ki, vaxtilə Azərbaycan MEA-nın müxbir üzvləri,
professorlar Cəfər Cəfərov, İnqilab Kərimov,
professor Mahmud Allahverdiyev, böyük Hüseyn Cavid yadigarı
Turan Cavid və başqaları universitetimizin
“Teatrşünaslıq” kafedrasında işləyiblər və
elmimizə də buradan xidmət ediblər. Pedaqoji
təcrübə onların elmi görüşlərinin təşəkkülündə
mühüm metodoloji vasitə rolunu oynamışdır.
Bilirsiniz, alim üçün ənənə,
elmi dəst-xətt yetişdirməyin əsas şərtlərindən
biri də məktəb qurmaqdır. Bunun
üçünsə pedaqoji fəaliyyət meydanı tələb
olunur və universitetimiz ən layiqli alimlərimizi özünə
cəlb etməklə onlara bu imkanı yaratmışdır.
Bu gün istər “Teatrşünaslıq” kafedrasında,
istərsə də digər nəzəri kafedralarda ciddi elmi-tədqiqat
işləri aparılır. İlham Rəhimlinin teatr tarixinə
dair zəngin tarixi-faktik materialları əks etdirən
kitabları, Məryəm Əlizadənin tənqidi-nəzəri
əsərləri, Ədalət Vəliyevin teatr idarəçiliyi
və təşkilatçılığı kimi az öyrənilmiş
sahələrdəki dəyərli araşdırmaları,
Aydın Talıbzadənin Şərq teatrı problemləri
ilə bağlı fundamental tədqiqatları elmi-monoqrafik səciyyə
daşımaqla yanaşı, həm də dərs vəsaiti
kimi bizim üçün çox önəmlidir.
Kinoşünaslıq sahəsində də universitetimizdə
ciddi araşdırmalar aparılır. Elmlər doktoru, professor Aydın
Dadaşovun kinoşünaslığın müxtəlif
problemlərinə həsr olunmuş irihəcmli tədqiqatları,
dosent Aydın Kazımzadənin milli kino tariximizin
ayrı-ayrı mərhələlərini, tanınmış
kino xadimlərimizin həyat və yaradıcılığını
işıqlandıran nəşrləri təkcə
universitetdə deyil, ümumən cəmiyyətimizdə
maraqla qarşılanır.
Onu da qeyd
edim ki, ADMİU-da son illərdə çox güclü ədəbiyyatşünaslıq
məktəbi formalaşıb, həm də bu prosesə təkcə
“Ədəbiyyat və Azərbaycan dili” kafedrası deyil,
başqa kafedralar, misal üçün, “Ədəbi iş və
ekran dramaturgiyası”, “Səhnə danışığı”
kimi kafedralar da cəlb olunub. Əlbəttə, bu cəhət
həmin kafedraların peşəkar yönümündən,
ifaçılıq sənətinin ədəbi-bədii
xarakterindən, sözlə iş məharətindən, bir
sözlə, peşə tələblərindən irəli gəlir.
Bu gün universitetimizdə filologiya üzrə
elmlər doktorları, professorlar Aqşin Babayev, Nizaməddin
Şəmsizadə, Aydın Abi Aydın, Gülşən
Əliyeva kimi tanınan alimlər dərs deyirlər.
Ümumiyyətlə, mən deyərdim
ki, universitetimizin bəzi nəzəri kafedraları, o cümlədən
“Teatrşünaslıq”, “Kinoşünaslıq”, “Ədəbiyyat
və Azərbaycan dili”, “Ədəbi iş və ekran
dramaturgiyası”, “Sənətşünaslıq”,
“Kulturologiya”, “Musiqişünaslıq” və s. kafedralar əslində
ciddi elmi mərkəzlərdir və respublika miqyasında
aparıcı potensiala malikdir. Azərbaycanda
teatr, kino, musiqi, təsviri sənət, kulturologiya,
muzeyşünaslıq kimi sahələrdə ən fundamental
tədqiqatlar məhz universitetimizin müvafiq kafedralarında
aparılır. “Kulturologiya” fakültəsində
çalışan elmlər doktorları, professorlar, insan və
cəmiyyət münasibətləri haqqında müasir
baxışlar sistemini çevrələyən kulturologiya sahəsində
fundamental monoqrafiyalar, dərsliklər nəşr etdirmişlər.
Bu fakültədə professorlar Maral Manafova, İlqar
Hüseynov, dosentlər Sədaqət Əliyeva, Tamilla Əhmədova,
Oqtay Sultanov kimi yüksək nəzəri hazırlığa,
elmi təfəkkürə malik pedaqoqlar fəaliyyət
göstərirlər. Eyni sözləri
muzeyşünaslıq, turizm və sosial-mədəni servis və
s. haqqında da söyləmək olar.
Universitetimizin “Musiqi sənəti” fakültəsindəki
“Musiqişünaslıq” kafedrası da güclü elmi-nəzəri
bazası ilə respublikada tanınır. Bu kafedrada
dosentlər İradə Köçərli, Kamilə
Dadaşzadə kimi ciddi nəzəri hazırlığa malik
musiqişünas kadrlar çalışırlar.
Türk dövlətləri və xalqlarının ortaq folklor
musiqi dəyərlərini bir araya gətirən beynəlxalq
“TÜRKSOY” layihəsinin hazırlanmasında və
keçirilməsində respublikanın digər qurumları ilə
yanaşı, universitetimizin “Musiqi sənəti” fakültəsi
və xüsusilə “Musiqişünaslıq” kafedrası əsas
təşkilatçı qismində çıxış
edir.
Universitetimizdə
təsviri və tətbiqi sənətlər sahəsində də
əhatəli elmi-pedaqoji iş aparılır. 50 ildən
artıq peşəkar sənət ənənələri olan
“Rəssamlıq” fakültəsinin “Sənətşünaslıq”
kafedrasında bu gün dosentlər Səyyad Bayramov, Xəzər
Zeynalov, təcrübəli pedaqoq İqrar Gül kimi ciddi
elmi-nəzəri petensiala malik kadrlar dərs deyir. Onların elmi tədqiqatları təkcə Azərbaycan
təsviri sənəti ilə məhdudlaşmayıb, həm
də dünya incəsənətinin bir sıra aktual məsələlərini
əhatə edir. Digər nəzəri
kafedralarda olduğu kimi, “Sənətşünaslıq”
kafedrasında da müəllimlər vaxtaşırı beynəlxalq
konfransların iştirakçısı olur, xarici ölkələrdə
nəşr olunan nüfuzlu elmi jurnallarda məqalələrlə
çıxış edirlər.
–
Hazırda pedaqoji fəaliyyətlə yanaşı, elmi-bədii
yaradıcılıqla da məşğul olmağa vaxt
tapırsınızmı?
– Elmi-bədii
yaradıcılıq mənim fəaliyyətimin ayrılmaz tərkib
hissəsidir. Son dövrlərdə mən daha
çox Azərbaycan teatrının nəzəri və tarixi
problemlərini, müasir kulturoloji görüşləri,
kulturologiyanın sosial-mədəni xarakterini, sənətşünaslıq
tariximizi araşdırmaqla məşğulam. Həmin mövzularda son illərdə bir neçə
kitabım işıq üzü görüb. Bunlarla yanaşı mən dövri mətbuat səhifələrində
də vaxtaşırı elmi-kütləvi mövzuda məqalələr
dərc etdirir, müsahibələr verir, həm
respublikamızda, həm də xaricdə keçirilən
elmi-nəzəri konfransların iştirakçısı
olur, orada mədəniyyətin və incəsənətin
müxtəlif problemləri ilə bağlı
çıxışlar edirəm.
– “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”
adlı monoqrafiyanız ulu öndərin mədəniyyət
sahəsindəki məzmunca tükənməz
düşüncələrinin, çoxşaxəli
maarifçilik fəaliyyətinin tədqiqinə həsr
olunmuş dəyərli əsər kimi diqqəti cəlb edir. Bu əsərin
davamı olacaqmı?
– “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”
kitabını mən 2011-ci ildə yazaraq nəşr
etdirmiş və ulu öndərimizin işıqlı xatirəsinə
ithaf etmişəm. Əslində mən uzun illər boyu bu
mövzu üzərində düşünürdüm, necə
deyərlər, onu ürəyimdə gəzdirirdim. Bilirsiniz ki, Heydər Əliyev hər zaman öz
xalqına, Azərbaycana bağlı olan qüdrətli şəxsiyyət,
əsl fenomen idi. Onun mədəniyyətə,
milli-mənəvi dəyərlərimizə olan sevgisi, sənət
adamlarına, onların yaradıcılığına olan məhəbbəti
hamımıza yaxşı bəllidir. Mən
özüm sənət mühitində böyüyüb
yetişdiyimdən bunu çox yaxından görüb hiss
etmişəm. Bilirsiniz, həmin kitabdakı
faktların xeyli qisminin bilavasitə şahidi olmuşam.
Sənət
xadimlərimiz hər zaman ulu öndərin diqqət və
qayğısını öz üzərində hiss ediblər.
O, ədəbiyyat, mədəniyyət, elm, sənət xadimlərinə
hamilik edir və bundan qürur hissi duyurdu. Əlbəttə,
mədəniyyət və incəsənətlə bilavasitə
bağlı olan insan kimi mən bütün bunları qələmə
almaya bilməzdim. Bu, daxildən gələn
tələb idi və mən həmin kitabı yazıb
ictimaiyyətin diqqətinə təqdim etdim. Əminəm ki, fenomenal şəxsiyyət olan Heydər
Əliyevin böyük quruculuq salnaməsini
işıqlandıran əsərlər hələ çox
yazılacaq və mən bundan sonra da bu nəcib işə
öz payımı verməyə hazıram.
– ADMİU-nun xarici ölkələrin
aparıcı ali məktəbləri ilə əlaqələri,
universitetinizdə əcnəbi tələbələrin təhsil
almaları barədə nə deyə bilərsiniz?
– 1991-ci
ildə Azərbaycanın müstəqilliyinin bərpasından
sonra ölkəmizin qarşısında dünya ölkələri
ilə əməkdaşlıq sahəsində geniş imkanlar
açılmışdır. Bu imkanlar tədris
sahəsinə, o cümlədən bizim universitetimizə də
aiddir. Bu gün ADMİU geniş beynəlxalq
əlaqələr şəbəkəsinə malikdir. Bu
əlaqələr universitetlərarası
qarşılıqlı müqavilələrin
imzalanmasında, tələbə mübadiləsində,
müəllimlərimizin digər ölkələrin ali məktəblərinə ezam olunmasında
özünü büruzə verir. Mədəniyyət,
elm və təhsil məsələləri ADMİU-nun xarici əlaqələr
sahəsindəki fəaliyyətində prioritet istiqamətlər
kimi dəyərləndirilir.
Universitetimiz
dünyanın bir çox ölkələrinin ali
təhsil, elm və mədəniyyət müəssisələri
ilə sıx əlaqələr saxlayır. Təkcə bu
faktı qeyd etmək kifayətdir ki, universitetimiz 25 xarici
ölkənin 46 ali məktəbi ilə əlaqə
yaratmışdır. Bu ali məktəblərdən
25-i ilə universitetimiz arasında əməkdaşlıq
müqaviləsi imzalanmışdır. Bunu da
vurğulamaq vacibdir ki, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universiteti Avropa İncəsənət
Universitetləri Liqasının tamhüquqlu
üzvüdür. Bu, universitetimizin beynəlxalq
aləmdə nüfuzunun daha da artmasından xəbər verir.
Universitetimizdə bir çox xarici ölkələrdən,
xüsusən qardaş Türkiyədən çoxlu sayda tələbə
təhsil almış və almaqda davam edir. Onlar
üçün xüsusi hazırlıq kursları fəaliyyət
göstərir. Bir il müddətində
burada oxuduqdan sonra, əcnəbi tələbələr
seçdiyi ixtisas üzrə təhsilini davam etdirir.
Universitetimizdə Əcnəbi tələbələrlə
iş üzrə dekanlıq yaradılmışdır. Dekanlıq əcnəbi tələbələrin təhsilini
diqqət mərkəzində saxlayır, onların üzləşdiyi
problemlərin həll olunmasına yardım edir.
Əcnəbi tələbələr həm bakalavr, həm
də magistr pillələrində təhsil alırlar. Onlara verilən
diplomlar beynəlxalq sertifikata malikdir.
–Tənqidlə aranız necədir?
– Əgər obyektiv, yerində və vaxtında deyilmiş tənqiddirsə, yaxşıdır, daha doğrusu, mən belə tənqidi hər zaman qəbul etmişəm və bundan sonra da qəbul etməyə hazıram.
– Tanınmış ictimai xadim, xalq yazıçısı İlyas Əfəndiyevin övladı olmaqla nələrə nail olmusunuz və nələrdən məhrum olmusunuz?
–İlyas Əfəndiyevin ailəsində dünyaya göz açmaq, böyümək mənim bir şəxsiyyət, yaradıcı insan kimi yetişməyimdə sözsüz ki, böyük rol oynayıbdır. Mən həmişə yaradıcı mühitlə təmasda olmuşam, yaradıcı ab-hava ilə nəfəs almışam. Azərbaycanın ən görkəmli, tanınmış ədəbiyyat, sənət xadimlərini – yazıçılarımızı, ədəbiyyatşünaslarımızı, teatr xadimlərimizi, müğənniləri, rəssamları evimizdə tez-tez görərdim. Onların maraqlı söhbətlərini indi də xatırlayıram və bu, mənim dünyagörüşümün formalaşmasına təsir göstərib. Bu mənim həyatda nail olduğum itirilməz qazancımdır və mən bununla həmişə fəxr etmişəm. O ki qaldı İlyas Əfəndiyevin övladı olduğuma görə nədənsə məhrum olmağıma, şükür ki, heç nədən məhrum olmamışam, əksinə, yuxarıda dediyim kimi qazanmışam.
–Universitetin 90 illik yubileyi ilə bağlı nə tədbirlər görülür?
–90 illik yubileyimizi biz silsilə tədbirlərlə qarşılayırıq. Radio və televiziyada, mətbuat səhifələrində də bu barədə söylənilir, yazılar, müsahibələr yer alır. ADMİU-nun və bütövlükdə milli peşəkar teatr təhsilinin bu möhtəşəm yubileyi ilə əlaqədar biz elmi-nəzəri konfranslar da keçirir və buraya xarici ölkələrdən nüfuzlu elm, sənət xadimlərini dəvət edirik.
Bu yaxınlarda universitetimizin 90 illiyi ilə bağlı fundamental tədqiqat əsərini yazıb başa çatdırmışam. Həmin əsər mənim uzun illər boyu topladığım müxtəlif materialların, şahidi olduğum unudulmaz hadisələrin məcmusudur, sənət və təhsil tariximizin güzgüsüdür. Bu kitab elmi əsər olmaqla yanaşı, həm də tarixi-biblioqrafik səciyyə daşıyır və universitetimizin inkişaf mərhələlərini, strukturunu, vaxtilə burada işləmiş görkəmli sənətkarların, habelə bu gün burada çalışan istedadlı sənətçilərimizin, alimlərimizin yaradıcılığını əhatə edir. Kitab artıq hazırdır və yaxın günlərdə oxuculara təqdim olunacaq. Əminəm ki, 90 illik yubileyimiz respublikada layiqincə qeyd ediləcəkdir.
– Qarşıdan Yeni il gəlir. Yeni ildə nələrə nail olmağı arzulayırsınız?
– Hər bir azərbaycanlı kimi, mənim də ən böyük arzum Yeni ildə doğma Qarabağımızı azad görməkdir. Mədəniyyətimizin mərkəzi, muğam sənətimizin beşiyi olan əziz Şuşada möhtəşəm musiqi festivalı keçirməyimizi arzu edərdim. İnanıram ki, arzularımıza çatacaq, üçrəngli Azərbaycan bayrağını əzəli yurdumuz olan Qarabağ torpağının ən uca zirvələrində dalğalandıracağıq. Başqa bir arzumsa qarşıdan gələn yubileyimiz ilində universitetimizin 90 illiyini yeni təhsil və sənət nailiyyətləri ilə qarşılamaqdır.
Günay ƏLİYEVA
525-ci qəzet.- 2012.- 19 dekabr.- S.4.