“Folklor Paytaxtı” Masallı
Turizm
Oxunub:
56 dəfə
a - A +
Azərbaycanın “Folklor Paytaxtı” Masallıya infotur təşkil olunub
Mədəniyyət və Turizm Nazirliyinin
“2010-2014-cü illər Xalq
Yaradıcılığı Paytaxtları” layihəsi çərçivəsində “Folklor Paytaxtı” nominasiyası bu il Masallı
rayonuna verilib. Bu məqsədlə ötən həftə nazirliyin xəttilə növbəti infotur Masallı rayonuna təşkil olunub. İnfoturda
media nümayəndələri ilə birlikdə Mədəniyyət siyasəti
şöbəsinin müdiri
Fikrət Babayev, şöbənin aparıcı
məsləhətçisi Rəşad Əliyev və nazirliyin mətbuat katibi Zöhrə Əliyeva iştirak ediblər.
KİV nümayəndələri ilk olaraq rayonda fəaliyyət göstərən
Gənclər Mərkəzində
“ Masallı 2012. Azərbaycanın folklor paytaxtı”
çərçivəsində hazırlanmış yekun tədbirdə iştirak ediblər. Tədbiri
rayon İcra Hakimiyyəti
başçısının birinci müavini, Masallının “Folklor Paytaxtı” elan edilməsi ilə bağlı yaradılmış
Təşkilat Komitəsinin
sədri Nəsir Muxtarlı açaraq il ərzində rayonda aparılan abadlıq və quruculuq işlərindən,
o cümlədən “Folklor
Paytaxtı” layihəsi
çərçivəsində keçirilən tədbirlərdən
danışıb. N.Muxtarlı bildirib
ki, “Folklor ili” çərçivəsində
rayonda reallaşdırılan
ən möhtəşəm
tədbirlərdən biri
beynəlxalq folklor festivalı olub. Festivala Türkiyə, İran, Latviya, Rusiyanın Kabardin-Balkar Respublikasından folklor ansamblları qatılıblar.
Bundan başqa N. Muxtarlı plan çərçivəsində
Masallıda Ümumrespublika
Muğam festivalının
keçirildiyini, “Halay”
folklor ansambının
fəaliyyətinə və
Masallının tanınmış
ziyalısı Mirkazım
Aslanlının həyat
və yaradıcılığına
həsr olunmuş sənədli filmlərin çəkildiyini, habelə
teatr həftəsi, turizm və xalq sənətkarlıq nümunələrinin sərgisinin,
“Bayatı gecələri”
folklor axşamlarının,
kitab sərgilərinin
keçirildiyini bildirib:
“Hətta onu da nəzərinizə çatdırım ki, Masallı haqqında iki kitabın hazırlanması üzərində
də işlər tamamlanıb. Azərbaycan və ingilis
dillərində çap
olunacaq Masallı ensiklopedik toplusu və Folklor İnstutu ilə birlikdə hazırlanan Masallı Folkloru kitablarının yaxın
vaxtlarda çap edilməsi planlaşdırılır”.
Masallının “Folklor Paytaxtı” seçilməsinin təsadüfi olmadığını deyən N. Muxtarlı bu rayonun ən qədim insan yaşayış məskənlərindən olduğunu qonaqların diqqətinə çatdırıb: “Yüzlərlə maddi-mənəvi sərvətləri olan bu yaşayış məskəninin tarixi haqqında müxtəlif məlumatlar olsa da, arxeoloji qazıntıların ortaya çıxardığı həqiqətlərə görə, burda 20 min əvvəl yaşayış mövcud olub. Min illlərlə insanların yaşayış məskəni olan bu diyarın Folklor Paytaxtı elan olunması çox təbiidir. Təsadüfi deyil ki, “Masallı” toponiminin bir yozumu da folklor nümunəsi olan “Misallar”la bağlıdır. Yəni “məsəlli, misallı” diyar, “məsəl çəkənlərin” bol olduğu bir yurd yeri. Müxtəlif zamanlarda bu diyarda yaşayan insanlar şifahi xalq yaradıcılığının ən gözəl nümunələrini yaradıblar”. Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev “Xalq Yaradıclığı Paytaxtları” arasında Masallının xüsusi yeri olduğunu deyib: “İl ərzində burda keçirilən respublika və beynəlxalq səviyyəli tədbirlər onu deməyə əsas verir ki, Masallıda mədəniyyət sahəsində böyük inkişaf var. Eyni zamanada, bölgədə belə tədbirlərin təşkili, çoxsaylı qonaqların qəbulu üçün hərtəfəli şərait yaradılıb. Sentyabr ayında Masallıda təşkil olunan möhtəşəm beynəlxalq folklor festivalı bunu bir daha sübut edir. Bu festival göstərdi ki, rayonlarımızda belə tədbirlərin keçirilməsi mümkündür. Mən əminəm ki, bu tədbirlərin davamı olacaq”.
Tədbirdə Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru Muxtar İmanov Masallıda keçirilən bütün tədbirlərdə iştirak etdiyini bildirib. Onun sözlərinə görə institutun əməkdaşları tərəfindən bölgənin folklor nümunələri toplanaraq “Azərbaycan Folklor Antologiyası. Masallı folklor örnəkləri” kitabı çap edilib.
Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov il ərzində keçirilən tədbirlərdə fəallıq göstərən bir sıra mədəniyyət işçilərini fəxri fərmanlarla təltif edib. Tədbir “Masallı” rəqs ansamblının, “Halay”, “Həcər” folklor ansambllarının və gənc xanəndələr Kamilə Nəbiyeva, Ehtiram Hüseynovun ifalarından ibarət bədii hissə ilə davam edib. Yekun tədbirindən sonra Gənclər Mərkəzinin konfrans zalında rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov KİV nümayəndələri ilə görüşüb. Konfransı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva açaraq həyata keçirilən layihənin əhəmiyyətindən danışıb və Masallı rayonunun “Folklor Paytaxtı” olaraq bu ada layiq çox möhtəşəm tədbirlər həyata keçirdiyini vurğulayıb. Jurnalistlərlə tanış olan Rafil Hüseynov onların suallarını cavablandırıb. O bildirib ki, Masallı əhalisinin sayına görə Azərbaycanın ən böyük rayonlarındandır. Rayonda geniş turizm imkanlarının olduğunu qeyd edən icra başçısı turizmin inkişaf etməsi üçün rayonda çoxsaylı turizm obyektlərinin tikildiyini diqqətə çatdırıb: “Rayonda “Viləş”, “Nağıl dünyası” hotelləri tikilib istifadəyə verilib. Həmçinin termal su mənbələrinin yaxınlığında da istirahət mərkəzləri fəaliyyət göstərir. Bu yerlər xarici qonaqların diqqətini cəlb edir. Bu il rayonumuza 16 mindən çox turist axını olub”. R. Hüseynov həmin turizm mərkəzlərində xidmətin yüksək səviyyədə təşkil olunması üçün də bir sıra tədbirlər görüldüyünü, rayonda bu istiqamətdə bir neçə peşə məktəblərinin açılmasının planlaşdırıldığını deyib. Qarşıdakı planlardan danışan icra başçısı Qala bazarının ilkin modelinin layihələndirilməsi üzərində işlər getdiyini bildirib: “Burada dulusçuluq, həsirçilik əl işlərini təqdim edəcək, rayonun özünəməxsus mətbəxi nümayiş olunacaq, qədim ənənələr yaşadılacaq. Bu məkan eyi zamanda turizm nümayiş obyekti kimi rayona gələn qonaqlara da xidmət edəcək. Bundan başqa Masallı Mədəniyyət Evinin təmiri də başa çatır, gələn il istifadəyə veriləcək. Kənd mədəniyyət evlərinin təmiri də nəzərdə tutulur. 2012- ci ildə Gənclər Mərkəzi yay konsert salonu istifadəyə verilib”. Mətbuat konfransından sonra KİV nümayəndələri Masallı İstisu Fatimeyi-Zəhra Şəfa Sanatoriyasına da baş çəkiblər. Sanatoriyanın direktoru Hacı İldırım Allahyarov bildirib ki, müəssisə 1998- ci ildən fəaliyyət göstərir. Burada gündə 300 nəfərin qəbul edilib yerləşdirilməsi üçün şəraitin mövcud olduğunu deyən direktoru Hacı İldırım Allahyarov il ərzində sanatoriyaya bir çox xarici ölkələrdən o cümlədən İrandan, Türkiyədən, Rusiyadan və Avropadan turist axını olduğunu qeyd edib.
Günel MUSA
525-ci qəzet.-
2012.- 20 dekabr.- S.7.