“Tariximiz: neçə
dövlət qurduq?” – türk
tarixinə dair maraqlı araşdırma
Bu gün Azərbaycan
xalqının öz tarixinə, öz tarixi köklərinə böyük marağı var və bu
da başadüşüləndir. Müstəqillik əldə etdikdən sonra kənardan heç bir basqıya məruz qalmadan müstəqil Azərbaycan dövlətçiliyi
ideologiyası istiqamətində
tariximizin yenidən nəzərdən keçirilməsi
və bu sahədə mövcud olan nöqsanların, ideoloji ştampların aradan qaldırılması
təbiidir, vacibdir.
Bu mənada istər ölkə daxilində, istərsə də xaricdə çap olunan elmi məqalələr
və kitablar böyük
maraq doğurur. Belə mənbələrdən
biri 2010-cu ildə qardaş Türkiyənin Kutahya şəhərində
çap olunmuş,
Mustafa İngəncin “Tariximiz:
neçə dövlət
qurduq?” kitabıdır.
İyirmi iki bölmədən
ibarət 500 səhifəlik
bu kitab üzərində müəllif
20 ildən çox işləyib.
Kitabda Mustafa İngənc türklərin bir etnos kimi yaranıb təşəkkül tapması, bir xalq və millət kimi formalaşması, yayılması, ən qədim dövrlərdən başlayaraq orta tarixdə və sonralar qurduğu dövlətlər və onların əraziləri haqqında, Osmanlı İmperatorluğunun yaranması və süqutu, Türkiyə Cümhuriyyətinin yaranması və bugün dünyada mövcud olan müstəqil türk dövlətlərinin tarixi, mədəni və iqtisadi həyatı haqqında çoxlu tarixi sənədlərə söykənən bir araşdırmanı – monoqrafiyanı ortaya qoyub. Kitabda bizim üçün ən maraqlı məsələlərdən biri Azərbaycan-Türk dövlətlərinin qədim dövrlərdə və orta əsrlərdə Qaraqoyunluların, Ağqoyunluların, Atabəylərin, Eldənizlərin və Səfəvi Azərbaycan dövlətinin yaranma tarixinin araşdırılmasıdır. Müəllif Azərbaycan ərazilərində yaranan türk dövlətlərini və burda formalaşan Azərbaycan türk etnosunu Anadolunun digər bölgələrində yaranan türk etnosu ilə əlaqəli şəkildə tədqiq edir.
Mustafa İngənc Səfəvi dövləti, bu dövlətin meydana gəlməsinin konkret tarixi şəraiti, 15 yaşında dövlət qurub ona rəhbərlik edən Şah İsmayılı, onun sərkərdəlik məharətini göstərir, qısa zaman kəsiyində böyük bir imperiya qurduğunu yazır, Osmanlı İmperatorluğunun gənc şaha və onun qələbələrinə qısqanclıqla yanaşdığını, bütün bunların isə son nəticədə Anadoludan türk toplumlarının azalmasına və yerinin başqa etnoslarla əvəz olunmasına sıbəb olduğunu qeyd edir. M.İngənc bu dövləti quranların əsil-nəcabətinin Ağqoyunlu və Qaraqoyunlu dövlətlərini quran türkmənlər, Anadoludan İran ərazisinə köç edən türklər olduğunu yazır. Sah İsmayılı həm sərkərdə, həm dövlət xadimi ,həm də şair və elm adamı kimi xarakterizə edir, Azərbaycan dilinin dövlət dili statusunda işlədilməsini xüsusi qeyd edərək yazır: ”Səfəvi dövlətinin rəsmi dili türkcə idi. Səfəvi dövlətində elm adamlarına önəm verilirdi. Riyaziyyat, fəlsəfə, astronomiya elmləri inkişaf etdirilirdi. Səfəvilər zamanında məscidlər tikilir, yollar, körpülər salınır, türbələr inşa edilirdi”.
Müəllif Osmanlı və Səfəvi türk dövlətləri arasındakı çəkişmələrdə müəyyən xarici təsirlərin və bəzən şəxsi ədavət hisslərinin də rolunun olduğunu istisna etmir. Məlumdur ki, Şah İsmayıl Sultan Bayəzidin oğlu, sonralar sultanlıq taxtında əyləşən Səlimə deyil ,o biri qardaşı Əhmədə isti münasibət bəsləyirdi. Sultanlıq taxtını Səlim ələ keçirəndən sonra iki dövlət arasında münasibət daha da kəskinləşdi. Müəllif yazır: “1512-ci ildə Yavuz Sultan Səlimin taxta keçməsi ilə Osmanlı dövlətinin də xarici siyasətində yeni hədəf Şah İsmayıl olmuşdur. Yavuz Sultan Səlim Anadoluda Səfəvi tərəfdarları olan 40.000 insanı həbs etdirib bir qismini öldürtdürdü, bir qismini isə sürgünə göndərdi”.
Müəllif qeyd edir ki, professor Faruk Sümərə görə, Şərqi Anadoluda Səfəvi idarəsi davam etsəydi, bu bölgədə türkcədən başqa heç bir dildə danışılmayacaqdı.
Kitabda Azərbaycanda mövcud olan xanlıqların yaranması və süqutu, Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması və süqutu, SSRİ-nin dağılmasından sonra müstəqilliyini əldə edən Azərbaycan Respublikası və onun əldə etdiyi uğurlar haqqında geniş informasiya öz əksini tapıb. Azərbaycan tarix elminin aparıcı simalarından olan professorlar Süleyman Əliyarov və Musa Qasımovun əsərlərindən istifadə edilməsi əsərin elmi dəyərini bir az da artırır. Kitabda müvafiq xəritələr də çap edilib.
Gülhüseyn KAZIMLI
fəlsəfə
doktoru.
525-ci qəzet.-
2012.- 21 dekabr.- S.4.