Qorxmaz Şıxalıoğlunun
şeirləri
Təndir
istisi kimi
Üzünü qarsıya yalan.
Yanında daş çatlaya
haqsızlıqdan.
Beş addımlığında
adamın başın
kəsələr.
Ancaq sən dinməyəsən.
Eləcə qara bığını
burub,
Yanındakı dostuna
pıçıldayasan gizlin- gizlin:
Allah dünyamızı
salamat eləsin.
10.10.11
Hər nə gəldi, qaraladın,
Şeir
adına sıraladın.
Bir gün unudular adın,
Darıxma, atam-qardaşım.
Söz sarayın- köhnə daxma,
Bu qədər özünə
yaxma.
Sən mənə bax, göyə baxma,
Duruxma, atam- qardaşım.
Ömrünü puç eləmisən,
Boş yerə güc eləmisən,
Zora salıb qələmi sən,
Karıxma, atam- qardaşım.
Daha keçmir
yalan- palan.
Olarmı
sənə inanan
Bir axmaq, atam-qardaşım?
Düşdün Sözün qarğışına,
Zaman su qatdı aşına.
İndi
döyüb göz- başına,
Qarıxma, atam- qardaşım.
29.11.12
Çətin bir ömür sürən şair Kələntər Kələntərlini
bu yaxınlarda başıqarlı Şahdağın
ətəyindəki Kuzun
kəndində torpağa
tapşırdıq. Bu şeiri onun dilindən yazıram.
Özüm də bilmirəm
niyə
balacalıqdan qışı
sevdim.
Qışın qarını, şaxtasını
sevdim.
Qarda odun doğrayanda,
Soyuqdan qızaranda əllərim,
üzüm,
yaşamaq mənə
daha şirin gələrdi.
Ona görə həyatı
qış kimi çətin keçən
insanları sevdim.
Allah da ürəyimə baxdı-
mənə qış
kimi çətin
bir ömür qismət elədi.
Allaha qurban olum!
22.11.2012
Bu payız anam dünyasını dəyişdi
Payızda köç edib
gedən durnalar!
Anam da bu payız qoşuldu
sizə.
İntizar gözlərim indi
hər bahar,
Göyləri dolaşar, sizləri gəzər.
Qayıdar anam da durnaya dönüb,
Qayıdar işıqlı bir yaz səhəri.
Keçəndə üstündən bizim
çöllərin,
Yaşarar anamın durna gözləri...
Anamın
dünyaya göz açdığı gün,
Təbiətin payız vaxtına düşüb.
Sizlərə də yoldaş
olmağı, yəqin,
O payız günündə
bəxtinə düşüb.
Dilində bayatı, səsində
nisgil,
Qüssə bitirərdi payız günləri.
Cavan itirdiyi qardaşı kimi,
Qəlbində başqaydı payızın
yeri.
Dumanda yol alıb gedən
durnalar,
Yolunuz çətindir,
yolunuz uzun.
Sizin səfinizə təzə
qoşulan,
Anamın
üstündə gözünüz
olsun!
Darıxsa, yorulsa uzaq ellərdə,
Ona bahardolu
bir ümid verin.
Qoruyun şimşəkdən, soyuq
yellərdən,
Hər bahar anamı mənə yetirin!
31.10.12
Səsi
götürüb dünyanı,
Bu yağış bizdən
danışır.
Demə
bizi sevən hanı,
Bu yağış bizdən
danışır.
Eşqimizdən gəlib dilə,
Damcı-
damcı, gilə- gilə,
Qərənfilə, qızılgülə,
Bu yağış bizdən
danışır.
İndi
səs düşüb
bağlara,
Bülbül uçan budaqlara,
Yaxınlara- uzaqlara,
Bu yağış bizdən
danışır.
Yarpaqlardan nur süzülür,
Göy çəmən sevinir, gülür,
Eşidirsən, mənim gülüm?
Bu yağış bizdən
danışır.
15.09.2012
Sabir Mirzəyevin ölüm xəbərini
eşidəndə, yazıçı
Zakir Sadatlı dedi: “İndi qoy hamı oxusun!”
Dayandı ürəyi bu gün Sabirin,
İndi
qoy oxusun, oxusun hamı!
Çayçı Ağakərim, alverçi
Şirin,
Oxuyun, ağladın
indi muğamı.
Narahat olmayın heç səsdən yana,
Muğamın, təsnifin belini
qırın!
Salın
“Çahargah”ı ayaq
altına,
Minin kürəyinə “Bəstənigar”ın!
Oxumaq adına çıxıb
səhnəyə,
Zarıyın, əl çalın – alqış dilənin.
Çürüdün “ Qubanın
ağ alması”nı,
Girin yatağına “Qaragilə”nin.
Şəhər, kənd deməyin,
çöllük deməyin,
Bürüsün səsiniz dərəni,
düzü...
Fəqət, əlli sürü
ömrünə dəyər,
Göyləri titrədən şir nəriltisi.
Zirvəyə zirvələr qonşuluq
eylər,
İldırım dağlarla gələr döş- döşə.
Hərdən üfüqlərə boylanın, baxın,
Orda təkcə
qartal süzər həmişə.
Elə bil şimşəkdir Sabirin zili,
İşığı zülmətin bağrını
yarır.
Bu səs sonunuza çıxacaq, bilin:
İşıq qənimidir yarasaların.
“Çahargah” səslənir,
Sabir oxuyur,
Uzaqlar yaxına
qarışır yenə.
“Çahargah” səslənir,
Sabir oxuyur,
Yer- göy
dilə gəlib danışır yenə.
Oxuyun çiçəkdən, otdan,
alağdan
Qatın bir- birinə qaranı, ağı.
Durub sizə baxır Sabir uzaqdan,
Ayıbdır, səhnədən düşün
aşağı!
25.07.11
Bizi ayıran fələk,
Könlümü almaq üçün,
Bundan sonra lap mənə,
Beş yüz il
ömür verə.
Hər il qışın
yerinə,
Bizə
bahar göndərə;
Yupiteri gətirib,
Yerə
qonşu eləyə;
Bu dünyanın sirrini,
O dünyanın sirrini,
Mənə lap, açıb deyə;
Yenə,
yenə ürəyim
Bu fələklə barışmaz.
O yaradan dünyayla
Daha könlüm
danışmaz.
10.07.12
Canım
Xansənəm, gözüm
Xansənəm,
Vallah, bilirəm,
sən təmizlikdə
quzey qarısan,
gözəllikdə bütün
qızlardan
yuxarısan.
Bəlkə də, bizim qədər
çox sevməyib
bir-birini
nə Leyli- Məcnun,
nə Əsli- Kərəm.
Amma, iki gözümün işığı,
təkcə sevgi ilə iş aşmır axı.
Adamın
bir işi- gücü olsun gərək,
yaşamağa bir küncü olsun gərək.
Başına dönüm,
bircə ay kirəpulunu
gecikdirəndə,
ev sahibi Qara keşişə dönür...
Dərd
bir deyil, beş deyil,
Neçəsini yazım, neçəsini
deyim
Odur ki, məni məzur
tut,
bu izdivaca qol qoya bilmərəm.
Canım
Xansənəm, gözüm
Xansənəm,
Kərəm eylə,
bu qara sevdadan əl çək.
İndi
“Leyli- Məcnun”,
Hələ qalsın bir,
“Xansənəm- Qorxmaz”
dastanı.
22.08.12
Uzaqdakı kəndə gedən
kimsəsiz torpaq yol
bu boz –bulanıq,
yağışlı payız
günündə
yerə uzadılmış
tabutdur elə bil.
Yol qırağında,
quru budaqlarından
su damcılayan
topa-topa
qaratikan kolları da,
cənazə üstündə
ağlayan
kənd arvadlarıdır
sanki.
15.11.12
Hərdən mənə elə
gəlir ki,
taleyim uzaqda dayanıb,
izləyir məni.
Arada içəndə mən
narahat olur, istəyir
öyüd- nəsihət
versin mənə.
Ancaq görür ki, içəndə
insanları, dünyanı
daha da çox sevirəm.
Bir adamın
xətrinə dəymirəm.
Ona görə mən sarıdan
arxayındır daha.
İndi,
bəlkə də,
çiçəkli bir çəməndə
uzanıb böyrü
üstə
kef eləyir taleyim
mənim hesabıma.
12.06.12
Bir payız günü Binədə,
dostumgildə qalmışdım.
Yadımdadır, qəfil
təyyarə uğultusuna
ayıldım
gecə.
Gördüm ki, səhərə
yaxındır-
dan yerinə düşəcək işartının,
sehrli havası vurur dünyanı.
Birdən
mənə elə gəldi ki,
uzaqlaşan uğultunun
içindən
ölüb-gedənlərimin səsi
gəlir.
Sonra nigarançılıq bürüdü
qəlbimi,
fikir götürdü
məni:
görən, mən
ölüb gedəndən
sonra
oğlum, nəvəm
ayırd eləyə
biləcəkmi səsimi
təyyarə uğultusunun
içindən?
10.12.11
Bu dağlar mənimlə danışmalıdır,
ya da əriyib, ürəyimə
qarışmalıdır.
Ruhuna qurban olum
kəlbəcərli Sücaətin;
bu dağlar ruhumu oynadır...
Balacalıqda, üstü naxışlı
sandığını açıb,
bir konfet, ya bir sıxma
kişmiş
verməsəydi
mənə,
əl çəkməzdim
nənəmdən...
Ola bilməz ki,
bu dağlar məni boş qaytarsın,
mənə nəsə
deməsin.
Zaqatala. Şamil dağı
18.03.12
Bu səs nə qədər həlim,
Nə qədər
şirin, zərif.
Yəqin,
göylər bu səsi,
Bu qıza pay göndərib.
Bu səs göl kimi sakit,
Bulaq kimi dumduru.
Bu səs üstündə sanki,
Qaranquş yuva qurub.
Bu mələk qız səsini,
Qaldırmaz heç yuxarı.
Sanki qorxar, oyana
Qaranquş balaları.
17.07.12
ƏJDƏR
OLA
Dörd
il əvvəl
Dəvəçidə tanıdım
səni-şair dostumuz
Ağalar Mirzənin dəfninə getdiyimiz gün.
Yadımdadır,
Ağaların oğluna, bacılarına
ürək- dirək
verirdin;
tank kimi qəm- kədərin
üstünə yeriyirdin...
Yadımdadır o mağar,
sənin sözün-
söhbətin,
səsinin ləngəri.
Onda, birdən mənə elə gəldi ki,
mağarın bir küncündə oturub,
sənə baxır
Ağalar.
Sənin
dost sədaqətin,
duz- çörəyə
hörmətin
yaman kövrəldib onu.
Yadımdadır, o gün sən
mənə
“dost” sözünün
dərinliyini göstərdin.
O gün öləcəyim günü
saldın yadıma-
gördüm ki,
kənddəki həyətimizdə
durub,
balalarıma ürək-
dirək verirsən;
tank kimi qəm –kədərin
üstünə yeriyirsən.
01. 05. 12
Muğan
çölünün dərinliyində
balaca bir göl var.
Təbiət sahillərinə
hasar çəkib qamışdan.
Bu göl, sanki
nəhayətsiz Muğan
çölünün
köçəri quşlara
uzatdığı
bir ovuc sudur.
24.03.2012
Allah yanına aparsa məni,
nə yaxşı olar!
Odununu doğrayaram,
suyunu gətirərəm,
ağaclarının dibini
belləyərəm.
Gecə də oturub,
söhbətinə qulaq asaram-
canım qurtarar
bu adamlardan.
İyul
2008
Nə tramvay var, nə
tramvay zəngi,
nə də aprel səhərinə oxşayan
trolleybuslar.
Həzin
mahnı kimi-
bir yanı xəzəl,
bir yanı xatirəyə oxşayan
bir park da yoxdur.
Bəs sevgidən necə yazım?
22.04. 10
525-ci qəzet.- 2012.- 22 dekabr.- S.30.