Azəristan ölkəsi  

 

Şeytan növbəti dəfə Azəristan ölkəsinə Məkkə və Mədinəni, Kərbalanı, Məşhədi ziyarət etmiş, eləcə də digər müqəddəs və səcdə edilən dini ocaqlarda olmuş və yüksək dini təhsil almış molla qiyafəsində qayıdır. O müqəddəs yerlərdə maraqlı hər nə vardısa molla Şeytanın ondan xəbəri vardı və bu barədə çox inandırıcı bir dildə danışırdı. Həm də elə bir əminliklə danışırdı ki, həqiqətən həmin müqəddəs yerləri ziyarət etmiş, amma onun kimi zərif və incə danışa bilməyən adi zəvvarlar bu baxımdan onunla bəhsə girib rəqabət apara bilməzdilər. Doğrudan da Allaha ibadət edən və uşaqlıqdan o yerləri ziyarət etməyə can atan hər kəs, o müqəddəs ocaqlar haqqında heç olmazsa, söhbətlərə qulaq asmaq üçun Şeytanın yanına gəlirdilər.

Getdikcə onun söhbətlərinə qulaq asmağa gələnlərin sayı çoxalırdı və adamlar molla Şeytana qulaq asa-asa həmin ziyarət yerlərini, dini ocaqları və müqəddəs məbədləri öz gözlərilə görə bilmədiklərinə görə dərindən köks ötürüb təəssüflənirdilər. Zaman keçdikcə molla Şeytanın şöhrəti də artırdı. İnsanlar ona getdikcə daha çox hörmət edirdilər, söhbətlərinə daha maraqla qulaq asırdılar. Kimin qapısını bədbəxtlik döyürdü və ya hər kimə pis qəziyyə, acı bir hadisə üz verirdisə, kömək almaq üçün molla Şeytanın yanına gəlirdi və həmişə ondan ağıllı məsləhətlər alırdı. Həyat yollarında yorulan da, var-yoxunu itirən də onun yanına təsəlli tapmağa gəlirdi, molla Şeytanın təskin sözlərini eşidərək yüngülləşirdi və yeni ümidlə evinə qayıdırdı. Canı ağrıyan da, beli bükülən də onun yanına dua oxutdurmağa və şəfa tapmağa gəlirdi. Xəstələnmiş, amma hələlik həyatının son günlərini saymayan hər kəs, onun verdiyi dərman bitkiləri ilə müalicə olunub sağalırdı.

Artıq hamı fikirləşirdi ki, molla Şeytan müqəddəs adamdır və ona görə də onun hər sözünə qulaq asırdılar. Bunu belə görən Şeytan bir gün camaata müraciət edərək deyir:

– Sizin ölkə xoşbəxt ölkədir. Həyat da burada şən keçir. Əgər, daha xoşbəxt yaşamaq istəyirsizsə, onda gərək Allahın buyurmadığı, amma insanların özlərinin uydurduqları hər cür qadağa ilə özünüzü qısmayasınız. Əxlaqın öyrətdiyi kimi yaşamaq lazımdır, zülmətin məsləhətlərinə məhəl qoymayın, məhdudiyyətdən mərifət nuruna tərəf gedin!

Bu sözləri dedikdən sonra o, uzaq ölkələrdə tərbiyəli xalqların əxlaqı rəhbər tutaraq necə ədəb-ərkanla yaşadıqları barədə danışmağa başlayır. Artıq insanlar tənbəlləşmişdilər, aralarında savadlı bir nəfər yox idi ki, müqəddəs Quranı oxumuş olsun, Allah hökmləri və Onun əsl göstərişləri barədə bilgiləri olsun ki, vəsvəsə danışan bu fırıldaq ağzıgöyçəyin paxırını aça bilsin, söhbətlərinin yalan olduğunu üzə çıxarmağı bacarsın. Buna görə də Şeytanın söhbətlərinə qulaq asanlardan heç kəs bir kəlmə də olsun deyə bilmirdi və hamı ağızlarına su almış kimi susub dururdu, matdım-matdım baxaraq onu dinləyirdilər.

Molla Şeytan uzun zaman ərzində adamları belə minvalla azdırıb yoldan çıxardan vəsvəsi söhbətlər edir və insanlara həyatda necə yaşamağı öyrədirdi. Halbuki, o cür həyatı Allahı tanımayan, Onun peyğəmbəri Məhəmmədə hörmət etməyən, vəhşi heyvanlar kimi çöllərdə gün keçirən, yaxşını pisdən ayıra bilməyən, Tanrının hökmü və müqəddəs Quranın kəlamları ilə nəyin qadağan olunduğunu qanmayan gavurlar yaşayırlar.

Çöl heyvanları kimi sərsəri ömür sürmək Allahın buyruqlarını yerinə yetirməkdən və özünü şirnikdən uzaqlaşdıraraq nəfsi boğmaqla yaşamaqdan daha asan olduğuna görə, molla Şeytanın sözlərinə inanaraq onun öyrətdiyi kimi yaşamağa başlayanların sayı getdikcə artırdı. Adamlar artıq namaz qılmır və oruc tutmurdular, Novruz qabağı həyət-bacada abadlıq və təmizlik işləri görərək səliqə-sahman yaratmırdılar, tövbə edərək günahlarından təmizlənmirdilər. Onlar adamı kefləndirib şənini qaldıran, amma ağlını başından alaraq özünü heyvana döndərən məstedici içkilər içməyə başlamışdilar. Pozğun və əyyaş həyat keçirmək özünü tamahdan təcrid edərək Tanrının göstərişlərinə riayət etməklə yaşamaqdan daha asan olduğuna görə, doğru yol gedənlər də əxlaqsızlıq yolunun yolçularına baxaraq, doğrudan da Allaha ibadət edənlərin yaşamalı olduqları həyat tərzini və  yaşayış ahəngini tərgitməyə başladılar.

Beləliklə, zaman keçdikcə insanlar Allahı və Onun əsl elçisi Məhəmmədi yaddan çıxartdılar, müqəddəs Quranın öyrətdiyi kimi yaşamağı, şəriət qaydalarına riayət etməklə həyat sürməyi unutdular.

Daha məscidlərin uca minarələrindən müəzzinlər azan oxumur və Allaha inanan bəndələri ibadət etməyə səsləmirdilər, insanlar artıq səhər, günorta və axşam namazını qılmırdılar.

Beləliklə, Azəristan ölkəsinin adamları Allahın iltifatına layiq olmayan və insanlarda məmnuniyyət hisslərini öldürən pozğun gavurlar kimi yaşamağa başlamışdılar. Bunu belə görən Allah onlardan üz çevirdi və Azəristan ölkəsini həmşərilərin ixtiyarına vermək barədə hökm verdi.

Həmşərilər şimal küləklərinin qovub gətirdikləri qara buludlar kimi ölkənin başını büsbütün aldılar, adamların mal-qarasını apardılar, var-dövlətini talan etdilər, evlərini uçurdular, mülklərini yağmaladılar, gözədəyimli hər nə vardısa yerlə yeksən etdilər, xəstələri və zəifləri qılıncdan keçirdilər, əsl qırğın törətdilər, cavanları və qüvvətli olanları isə əsir edərək ölkələrinə apardılar ki, ömürlərinin sonuna qədər özləri üçün qul kimi işlətsinlər.

Yalnız dağlara qaçmağa macal tapanlar, oradakı mağaralarda, daşlar arasında və hündür qayalarda gizlənə bilənlər vəhşicəsinə qırılmaqdan güclə xilas ola bildilər. Bundan öncə çiçəklənən, gözəl və zəngin Azəristan ölkəsini qəsbkarlar sanki heç vaxt bir canlının belə yaşamadığı və heç nəyin bitmədiyi qara səhraya döndərmişdilər.

Həmşərilər qara tufan kimi gəldilər, fırtına tək əsib Azəristanı büsbütün darmadağın etdilər, burağan kimi ötüb ölkəni viran qoydular və qəfil qasırğa kimi yox olaraq öz vətənlərinə qayıtdılar.

Azəristan ölkəsinin adamları ancaq axırıncı həmşəri buranı tərk edəndən sonra dağlardan endilər, gizləndikləri sığıncaqlardan çıxaraq yurd yerlərinə qayıtdılar. Yurd yerləri isə xarabalığa çevrilmişdi və hələ də tüstülənən küllüyə oxşayırdı, elə bir kəs yox idi ki, deyə bilsin ki, Allah onu və onun ev-eşiyini qoruyub saxlayıbdır. Zülm camaatı zara gətirmişdi. Qardaş–bacını itirənlər, arvad–uşağı öldürülənlər, əri həlak olanlar ah-fəğan içində acı göz yaşları tökürdülər...

İnsanlar ağı deyib ağlaşaraq sakitləşdikdən sonra yenidən işə başladılar; onların bir qismi taxıl əkmək üçün sahələri xışlamağa çıxdılar, bir qismi də əlinə bel, kətmən və oraq alaraq dirriklərə, tarlalara və bağlara üz tutdular, torpağı əkib-becərməyə tələsdilər ki, tezliklə məhsul yığa bilsinlər, belə ki, keçmiş varlı günlərdən və bol güzərandan indi bir əsər-əlamət qalmamışdı.

Torpaq o zaman hələ də bol məhsul gətirirdi və buna görə də Azəristan ölkəsinin insanları tez bir zamanda əvvəlkindən də artıq varlandılar. Belə ki, xilas olaraq yurduna qayıtmışların torpaq sahələri həlak olmuş və öldürülmüş insanların torpağı hesabına daha da genişlənmişdi və ona görə də onların məhsulu da çoxalmışdı.

Doğrudan da Allaha inanaraq səcdə edən insanların əbədi himayəçisi olan Qadir Tanrı Azəristan ölkəsi sakinlərinin fəlakətini, onların çəkdiyi müsibət və dərdləri, yaşadıqları ağrıları görürdü və onlara rəhmi gəldiyi üçün, o, məlakələrə göstəriş verdi ki, onların adını qəbahət işlətmiş və günahkar işlər görmüş bəndələr siyahısından silsinlər.

Amma bir müddət ötdükdən sonra Azəristan insanları təkrarən pozulurlar. Bunu görən Tanrı ürəyində qəzəb və sərtliyə yer verir, xoşbəxtlik yollarını Azəristan ölkəsindən uzaqlaşdırır, sakinlərini isə uzun müddətə gürcülərin hökmranlığına verir.

Gürcülər Azəristana gəlib ölkəni əsarət altına aldılar, insanları özlərinə qul etdilər, ağır vergilər qoydular, boyunlarına cürbəcür gömrük və bac boyunduruğunu keçirdilər, müqavimət göstərənləri qılıncladılar, ən gözəl qadın və qızlarını da özlərinin dağlıq ölkəsinə apardılar.

Burada qalan gürcülər əsl hökmdar kimi yaşayırdılar, istila olunmuş Azəristan ölkəsinin insanları isə onların köləsi olaraq həyat keçirirdilər.

Şənlik sevən gürcünün kefi yüz vuranda xoşxasiyyətli olurdu və ürəyi də gün altında qızan qır kimi yumşalırdı. Odur ki, bu zaman o, ətrafında kədərli üzləri, ümidsiz baxışları görməyi xoşlamırdı. Ona görə də əhlikef gürcülər Azəristanın oğullari ilə tez bir zamanda dostlaşırlar və hökmdardan qardaşa çevrilirlər. Elə o vaxtlardan Azəristan ölkəsinin insanları üzüm salxımlarından məstedici şərab çəkməyi öyrəndilər; dodaqlardan gülüş və ürəklərdən şənlik əksik olmasın deyə, ayaqlarsa beyindən asılı olmayaraq atılıb düşərək oynasın deyə hər gün səhər–axşam həmin şərabdan vurmağa başladılar.

Azəristan ölkəsinin adamları iyrənc əməlləri və çirkin işlərilə Allahın gözündən əvvəlkindən də aşağı düşdülər və Onun çox şiddətli qəzəbinə düçar oldular. Qəzəblənmiş Allah ona nökər olaraq xidmət edən qara mələklərin ən qorxuncunu yanına çağırdı və dedi:

– Əzrayıl, Azəristan ölkəsinin insanları getdikcə daha çox günaha batırlar, onların qəbahətli işlərini görməkdən səbrim daha tükənibdir. Bütün ölkəni və onun sakinlərini verirəm sənin ixtiyarına. Onlar üçün elə bir fəlakət fikirləş, elə bir miskin və iztirablı həyat yarat ki, indiyədək o cür müsibəti görməmiş olsunlar.

– Əzrayıl – “Baş üstə, Əbədi hökmdarım, Sənin istəyin tamamilə yerinə yetiriləcək! – dedi və hər dəfə alnını Allahın oturduğu taxtın ayaqaltlığına vuraraq üç dəfə yerə qədər baş əyib təzim etdi və arxasını İlahiyə çevirib çıxmağa cürət etmədiyi üçün dal-dalı yeriyərək Onun hüzurundan yox oldu.

 Əzrayıl uzun müddət fikirləşir və çox götür–qoy edir ki, Azəristan ölkəsinin oğulları üçün nə cür bədbəxtlik gətirsin. Nəhayət, belə bir fəlakət düşünüb tapır:

 Azəristan ölkəsinə xalis Şeytan oğlunu, Yer üzünün nanəcib və alçaq varlığını, ürəyi qurdlu və dırmıxa oxşayan əlləriylə hər şeyi qamarlayıb özünə yığan ermənini göndərir.

 Erməni Azəristan ölkəsinə öz  arşını, çəki daşları və yekə qapan tərəziylə gəlir, özüylə batman, girvənkə və misqal götürür, öz çanağını, satıl və sərnicini gətirir. Hamsının da ölçüləri saxta idi. O, hər kəsə nə ölçürdüsə, ona külli miqdarda ziyan vururdu, kimə nə çəkirdisə, onu da gözlərinin içinə baxa-baxa aldadaraq böyük zərərə salırdı.

 Azəristan ölkəsində ermənilər o qədər törəyib artdılar ki, daha neçə baş olduqları bilinmirdi, sayı–hesabları məlum deyildi, özləri də hamısı indi olduğu kimi, o vaxtlar da camaatı aldada-aldada dəllallıq edirdilər. Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş idilər, yalnız yad əməyi hesabına yaşayır və haram çörək yeyirdilər, başqalarının əzab-əziyyəti sayəsində dolanır və özgə göz yaşlarını su əvəzinə içirdilər.

 Ermənilər Azəristan ölkəsində guya, dost kimi məskunlaşdılar. Ancaq ikiüzlü olmaqlarını, yalan və hiylə qurub əl altından iş görmək və kürəyə xəyanətlə xəncər sancmaq “məharətlərini” ürəklərində gizlin saxlayırdılar. Nə vaxt ki, ermənilər qeyri ermənilərlə duz-çörək kəsirdilər, kirvəlik edirdilər, onlara guya, mehribanlıqla və nəvazişlə baxırdılar, ağızlarından xoş sözlər çıxardırdılar, məhz o vaxt ermənilər həmin adamlara – onların lənətə gəlmiş cinsinə mənsub olmayanların hamısına – hər hansı bir pislik və  yamanlıq etmək barədə düşünürdülər.

 Lakin Azəristanın bədbəxt oğulları erməni hiyləsini çox gec başa düşdülər. Belə ki, onlar əvvəlcə ermənilərlə dostlaşdılar və ticarət etməyə başladılar, ermənilərlə alverə girişmiş varlılar qısa müddətdən sonra müflisləşdilər, ortabablar lüt-üryan qaldılar, arıq və cılız canlarından başqa heç nəyi olmayan cırıq dilənçi gününə düşdülər. Bütün sərvətlər və dəyərli hər nə vardısa ermənilərin əlinə keçdi, Azəristan oğullarının isə məkrli erməniləri yedirtmək üçün əzab-əziyyət və alın təri ilə becərdikləri torpaqdan savayı heç nəyi qalmadı.

 O zamanlar Azəristanda yaşamaq ağır idi, həyat çətinləşmişdi, lakin buna baxmayaraq, hələ heç kəs tövbə edərək Tanrıdan mərhəmət diləmirdi, üzünü Ona tutub imdad istəmirdi. İnsanların Tanrıya belə üz tutmamasını, onların bu cür inadcıllığını görən Allah çox məyus olur və bu, Ona möhkəm toxunur. Odur ki, əlini Azəristan ölkəsinin üzərinə uzadaraq deyir:

 – Qoy Azəristan torpağı daha məhsul yetirməsin, bağlar çiçəklənib mer-meyvə verməsin və bar-bəhər pozğunluq yolu ilə gedən adamların gözlərinə sevinc nuru ələməsin! Çünki onlar məni unudublar, daha Quranımı oxumurlar, namaz qılmırlar və yalnız gavurlarla dostluq etməklə məşğuldurlar!

 Həmin il bütün yaz–yay boyu günəş göydən od ələdi, bir damcı da oslun yağış yağmadı. Su quyularında və göllərdə sular azaldı, çaylar qurudu və otlaq yerləri saraldı, əkin-səpin sahələri cücərməmiş, bağlar isə çiçəklənməmiş soldu. Hətta zirvəsində həmişə buludların gecələməyi xoşladığı uca dağların yaşıl yüksəklikləri də saraldı və bütün ölkə qara səhraya çevrildi. Mal-qara aclıqdan tələf olurdu və insanlar susuzluğun atəşindən yanıb qovrulurdular. O il əkinlər, çəmənlər və bağlar bar vermədi. İnsanlar ötən ilin məhsulundan qalmış və ermənilərin hələ ki, almaq istəmədikləri nəyi vardısa, onunla bir təhər başlarını dolandırdılar.

 Növbəti ilin yazı yetişdi, sonra yay gəldi və ötən ilkindən də betər cəhənnəm isti oldu. Toxum qalmadığından heç kəs heç nə əkmədi, əkin-səpin sahələri bom-boş qalmışdı. Nəsə əkmək mümkün olmuşdusa, o da yanıb məhv oldu, toxum əbəs yerə işləndi. Qurumuş örüş yerlərinin kədərli və tutqun üzündə, sarımtıl ölgün  çöhrəsində həyat əlaməti yox idi; heç bir yerdə nəinki mal-qara naxırları, hətta bircə heyvan belə görsənmirdi. Hər yerdə acınacaqlı və miskin bir mənzərə vardı.

Azəristan ölkəsində canlı hər nə vardısa zarıldayıb-inildəyirdi, çunki hər yanda dəhşətli və əzazil aclıq hökm sürürdü.

Bütün insanlar ah-nalələr içində qərq olaraq fəryad çəkən zaman, bircə mənfur ermənilər sevinirdilər. Belə ki, Allahın Azəristan ölkəsinə hələ qəzəbi tutmamış vaxtlarda, hələ münbit torpağın bar gətirdiyi dövrdə, ermənilər hər cür məhsuldan bolluca, – özlərinə lazım olandan da artıq miqdarda alıb yığmışdılar.

 Ermənilər – “həə, indi bazarımız “xod” gedəcək, pul-sərvət başımızdan aşacaq!” – deyərək əllərini sevinə-sevinə və acgözlüklə bir-birinə sürtürdülər. Sevinən ermənilər arvad-uşaqları da sevinməyə məcbur edirdilər. Onların hamısı şadlıq günlərində və ən möhtəşəm toy məclislərində geyindikləri yaraşıqlı paltarlarını geyinir, ən gözəl zinət əşyaları ilə bəzənib-düzənərək bayram günlərində olduğu kimi sevinirdilər.

 İndi ermənilər əvvəllər nə almışdılarsa onu satmağa başlamışdılar. Azəristan ölkəsinin oğulları nə vaxtsa ermənilərə satdıqlarını indi onlardan on, iyirmi və yüz dəfə baha qiymətə alırdılar. Axırda hər şeyi tükəndikdən sonra onlar arvad-uşaqlarını ermənilərə qulluqçu kimi verməyə başladılar ki, acından ölməmək üçün əvəzində yemək ala bilsinlər. Qılıncın aça bilmədiyi qapıları aclıq açırdı.

 Onda ermənilər insanları sıxma-boğmaya salaraq yaşadıqları yerdən sıxışdırıb çıxarırdılar, arvad və uşaqlarıyla birgə öz qullarına çevirirdilər, ev-eşiyini və torpaqlarını isə əlindən alırdılar. Elə o vaxtdan Azəristan oğulları ermənilərə nifrət etməyə başladılar, necə ki, bu günə kimi onlara o cür nifrət etməkdə davam edirlər və ermənini görməyə gözləri yoxdur!

 Üçüncü il də quraq gəldi və əvvəlki illərə baxanda daha ağır və amansız, daha fəlakətli il oldu. İndi artıq hamı acından ölürdü, çünki nə ərzaq satan bir kəs vardı, nə də ki, adamların onu almağa bir şeyi qalmışdı. Daha ermənilər də heç nə satmırdılar, nələri vardısa özləri yeyib–içirdilər və qarınlarını doldururdular, yeyib–içə bilmədiklərini də başqalarından gizlədirdilər.

 Azəristan ölkəsində yaşayan bütün canlı varlıqlar üçün ölüm və məhv olmaq günü yetişmişdi.

 İnsanlar yalnız ölüm ayağında üzünü İlahiyə çevirib yalvarmağa başladılar, imdad istədilər, mərhəmət dilədilər və onda Allahın – qoy əsrlər boyu Onun şəfqəti və iltifatı üstümüzdən əksik olmasın! – onlara rəhmi gəldi...

 Çünki Allah bağışlayandır, rəhm edəndir! Yaxşılığı sonsuz, ikramı boldur!

 

 ~II~

 

Azəristan ölkəsinin ucqar yerində bir biyəbanlıq vardı və insanlar ona Muğan çölü deyirdilər. Orada nə göllər vardı, nə də ki, çaylar axırdı və yağış da heç vaxt yağmırdı. Torpağın üzü şiddətli istidən sanki qızdırma içində titrəyən xəstənin dodaqları tək çatlaq–çatlaq idi. Muğan çölündə heç nə bitmirdi və heç bir canlı yaşamırdı. Yüzlərlə mil uzanan bu biyəbanlığın ucu–bucağı bilinmirdi.

İnsanların yaşadıqları yerdən uzaqda – həmin biyəban torpaqların ortasında bir vahə vardı. Vahədə yerin dərinliyindən bulaqlar qaynayıb çıxırdı və sular kiçik arxlarla yaxınlıqdakı dayaz dərəyə axaraq burada göl əmələ gətirmişdi. Bulaqların kənarında və gölun ətrafında sərin kölgəli palmalar, qollu–budaqlı tut, bal kimi əncir, sarıköynək heyva və başqa meyvə ağacları bitirdi. Ağır üzüm salxımları meynələrin sarmaşdığı uzun şaxları yerə əyirdi.

 Dumduru, şəffaf göz yaşına bənzəyən gölün suları kiçik şırnaqlarla torpağı dəlib keçirək özünə yol tapırdı, sızılıb-tökülərək arxlarda birləşirdi və uzaqlarda qızmar günəşin qurutduğu və susuzluqdan yanan çöllərə axaraq yoxa çıxırdı.

 O vahədə növbənöv dənli bitkilər də yetişirdi. İnsanlar onlardan özləri üçün həm ruzi kimi istifadə edir, həm də mal–qarasını yemləyirdilər.

 Qədim zamanlarda həmin vahədə Allahdan qorxan bir şeyx yaşayırdı. Hamı onu Allahyarxan – yəni, Allahın dostu – deyə çağırırdılar. O vaxtlar ki, insanlar Tanrını unutmuşdular və pozğun gavurlar kimi davranırdılar, onda şeyx heç vaxt namazını ötürməzdi, hər gün və həmişə Allahın göstərdiyi vaxtda ibadət edərdi. Orucunu da heç vaxt pozmazdı – axşam qürubda günəşin son şüası sönməyənə qədər, hətta göylərin qaranlıq ənginliklərində insan gözüylə güclə sezilən ən kiçik ulduzların işığını Allah yandırmayana kimi, ağzıoruclu şeyx dilinə yemək vurmazdı.

O, indiyədək heç vaxt dilini şəraba vurmamışdı, nə Allahın qadağan etdiyi bu içkiyə, nə də ki, adamı sərxoş edən və ağlını başından alaraq onu heyvana döndərən başqa bir içkiyə dodağını toxundurmamışdı.

Allahdan qorxan bu adam müqəddəs Quranın qadağan etdiyi heç bir işi görmürdü. Ona görə də Qadir Allah onu sevir, ev-eşiyinə xeyir-dua verir və var-dövlətini öz dərgahında saxlayırdı. Onun xırmanları və anbarları taxılla dolu idi, zirzəmilərində min cür naxışlı, növbənöv qab-qacaq yığılmışdı, sandıqlarında cürbəcür süfrələr, rəngarəng dəstərxanlar, ipək örtüklər, qumaş, nadir zərxaralar, güllü-çiçəkli çit bükülüləri, müxtəlif tirmələr və digər toxunma parçalar qalanmışdı. Belə yaraşıqlı parçaların olması ilə ancaq doğrudan da Allaha ibadət edən abid bir adamın evi fəxr edə bilərdi; gavur arvadları o cür parçaları toxuya bilmirlər və heç vaxt da toxuya bilməyəcəklər. Onun saysız-hesabsız qoyun və keçi sürüləri dağlara yayılmışdı; iriyelinli və bolsüdlü inək naxırları dağ yamaclarındakı arxaclarda sağılırdı, mehtərlər itigedən köhlənləri dördnala çaparaq şeyxin yeyinayaqlı at ilxılarını dağlar arasındakı vadilərdə və dərələrdə otarırdılar.

Amma Allahyarxan var-dövləti  ilə  yox, ədalətli və allahpərəst olması ilə daha çox məşhur idi. Bədbəxtlik üz verənlər və əziyyət çəkənlər, həmçinin çətinliyə düşmüş insanların çoxusu, – kimisi kömək üçün, kimisi təsəlli tapmaq ümidilə, kimisi də ağıllı məsləhət almaq üçün onun yanına gəlirdilər. Allahyarxana üz tutub müraciət edən hər kəs evinə ümidlə qayıdırdı. Şeyxin qapısı həmişə öz arşını və öz tərəzisiylə gəzən ermənidən savayı hamının üzunə açıq idi, təkcə erməni üçün ora gedən yol bağlı idi.

Vərəm xəstəliyi yayan aclıq insanları indi göydə Allaha, yerdə isə Onun müqəddəs Quranına üz tutmağa məcbur edən bir zamanda, onların yadına düşür ki, vahədə Allahyarxan adlı və Allahdan qorxan çox müdrik bir şeyx yaşayır və o, məhv olmaqda olan ölkəni xilas edə bilər.

İnsanların bir qismi danışmağa başladı ki, bəs, biz ona görə lüt və acıq ki, Allaha doğrudan da ibadət edən bir bəndəni də indiyədək qapısından əliboş qaytarmamış Allahyarxanın olduğunu tamamilə unutmuşuq. Digər qismi də –“doğrudan da, unutmuşuq!” – deyərək təkrarladı. Ağlımız azıb, Allah beynimizdə hərc-mərclik yaradıb. Allahyarxanın xırman və anbarları isə axtardığımız taxılla və cürbəcür meyvələrlə doludur.

– Gedib ondan istəyərik, qoy, bizi son nəfərə kimi aclıq içində ölməkdən xilas etsin.

– Qoy, bizə doğrudan da Allaha ibadət edən bəndələrin getməli olduğu əsl Tanrı yolunu göstərsin.

– Qoy, bizə tövbə etməyi, Allahdan üzr istəməyi və günahlarımızı  yumağı öyrətsin ki, bir daha Tanrı bizi cəzalandırmasın, göylərdən qarğış yox, yağış yağdırsın, əkin-səpin sahələrinə və bağlara bar versin ki, ata-babalarımız keçmişdə necə yaşayıblarsa yenidən o cür yaşaya bilək.

Ac-yalavac insanlar bu cür danışa-danışa üzünü Allahyarxanın evinə tutub yola çıxdılar və onun həyətinə gələrək şeyxə belə dedilər:

– Ay Allahyarxan! Allahın dostu olduğun tək, insanların da dostu ol! Qoyma aclıqdan ölək.

– Xırman və anbarlarını aç, yeməkdən və sudan bizə borc ver ki, çörəkli günlərimiz gələnə qədər yaşaya bilək. Və onda sənə borcumuzu ikiqat qaytararıq.

– Üçqat, dördqat, doqquz dəfə artıq qaytararıq! – deyərək, hamı əllərini ona tərəf uzadıb qışqırırdı.

Allahyarxan bu zaman saqqalını sığallaya-sığallaya onların qarşısında dinməzcə durmuşdu.                        

Yığılanlar isə “bizi aclıqdan qurtar!” sözlərini təkrar edə-edə qışqırmaqda davam edirdilər.

Bir zaman sonra Allahyarxan dillənir:

– Aydın məsələdir ki, sizi aclıqdan qurtarmaq lazımdır. Və Allah yaxşı bilirdi ki, niyə özümün və külfətimin yeyıb qurtara bilmədiyindən çox-çox artıq mənə taxıl göndəribdir və digər məhsullardan da böyük səxavətlə bol-bol veribdir.

 

 

(Ardı var)

 

Vintsas Kreve

525-ci qəzet.- 2012.- 22 dekabr.- S.26-27.