Gəncliyimin
ağsaqqalı
İsmayıl İsmayılovu
(26.6.1947-21.4.2010) anarkən
Tələbə yoldaşım Südabə xanım zəng
etdi. Əzizimiz İsmayıl haqqında yazı
yazmağımı istəyirdi. Beş illik tələbə
həyatımı gözlərim önünə gətirməyə
çalışdım və heyrət etdim – demək olar ki,
hər şey yadımdan çıxmaqdadır: tələbə
yoldaşlarımın ad-soyadlarından, sifətlərindən
tutmuş yaşadığımız ən önəmli hadisələrədək.
Ancaq yadıma düşənlərin hamısından hökmən
İsmayılın gülər üzü boylanır!..
lll
1969-cu ilin iyul ayıydı. Azərbaycan Dövlət
Universitetinin (indiki Bakı Dövlət Universitetinin)
jurnalistika fakültəsinin qiyabi şöbəsinə ədəbiyyatdan
şifahi imtahan verirdik. İmtahanı
professor Pənah Xəlilov və adlarını indi
unutduğum bir neçə müəllim
götürürdü. Pənah müəllim cavab verəcək
növbəti abituriyenti çağırdı:
– İndi İsmayıl gəlsin.
İki oğlan eyni vaxtda ayağa qalxdı. Müəllim dedi:
– İsmayıl İsmayılov gəlsin.
Oğlanların ikisi də İsmayıl İsmayılov
olduğunu bildirdi. Belə olanda Pənah müəllim
siyahıya baxıb İsmayıl Yolçu oğlu
İsmayılovu çağırdı.
Gənclərdən biri qabağa çıxdı və
oturub cavab verməyə başladı. Bütün
sualları əla cavablandırıb “5” aldı. O biri İsmayıl
İsmayılovun da qiyməti “əla” oldu. Mən
də “5” alıb çıxdım. Gördüm
ki, İsmayıllar dəhlizdə söhbət edirlər.
Onlar da mənim qiymətimlə maraqlandılar.
Bizimlə birlikdə bizdən yaşca çox
böyük olan şair Tacəddin Şahdağlı (Məmmədov)
da imtahan verirdi. O da “5” alanlardandı. Beləcə
dördümüz tanış olaraq qalan
imtahanlara birgə gedir, imtahanqabağı sorğu-sual edirdik.
Dördümüz
də yüksək bal toplamışdıq.
Ancaq təkcə Tacəddin Şahdağlı qəbul
olundu. Sonralar doğruluğuna çoxlarını
çətinliklə inandıra bildiyim bir hadisə baş
vermişdi – jurnalistika fakültəsinin qiyabi şöbəsinə
hətta dörd dənə “3”-lə yalnız redaksiya və nəşriyyatlarda
işləyənləri qəbul etmiş (Tacəddin müəllim
də Qəbələdəki “Qalibiyyət” qəzetinin əməkdaşıydı),
bizim kimi yüksək ballı, ancaq ixtisas üzrə stajı
olmayanları qıraqda qoymuşdular.
Ruhdan düşmədik. Bir ay sonra – avqustda sənədlərimizi
artıq “küsdüyümüz” jurnalistikaya deyil, filologiya
fakültəsinə verdik. Bu dəfə də iki
“5” və iki “4” alaraq qəbul olunduq. (O biri İsmayıl
İsmayılov, yanılmıramsa, kitabxanaçılıq
fakültəsinə girdi və sonradan onunla əlaqəmiz kəsildi).
Mən İsmayılla eyni qrupa düşdüm. Bir neçə
gün sonra məni qrup başqanı qoydular və
İsmayıl mənim “tabeliyimdə” oldu. Ancaq
ikinci kursda hərbi dərslərə başlayarkən
artıq əsgərliyini çəkmiş İsmayıl
bölük komandiri seçildi və bu dərslərdə mən
onun “tabeliyinə” keçdim.
Dərslərimiz ozamankı “Kommunist”, indiki “İstiqlaliyyət”
küçəsində yerləşən bugünkü
İqtisad Universitetinin binasında keçirilirdi. Bu binada
çar dönəmində gimnaziya yerləşmiş,
böyük maarifçi Həsən bəy Zərdabi onun səhnəsində
Azərbaycan teatrının özülünü qoymuşdu.
Sonralar Bakı Dövlət Universiteti bu binaya
köçmüşdü. Sovet dönəmində
Xalq Təsərrüfatı İnstitutunu – İqtidad
Universitetinin sələfini də buraya gətirmişdilər
və biz “Narxoz” uşaqlarıyla birgə oxuyurduq (girişimiz
və mərtəbələrimiz ayrıydı). Əlbəttə, belə tarixi bir ocaqda təhsil
almağın özü çox böyük şərəfdi.
Onu da deyim ki, biz – 1974-ün məzunları bu binada oxuyan
sonuncu Universitet (o zaman Azərbaycanda bircə universitet
vardı) tələbələri olduq. Həmin ilin
sentyabrından filologiya fakültəsi Yasamaldakı indiki
binaya köçdü.
O zaman
Universitetin Yasamalda 6 yataqxanası vardı. Birincisində hərbi
kafedra yerləşirdi, ikinci və
üçüncüsündə oğlanlar,
dördüncüsündə qızlar, beşinci və altıncısında
dünyanın hər yerindən, özəlliklə
Vyetnam və Kubadan gələn əcnəbi tələbələr
yaşayırdı. Biz üçüncü yataqxanada
qalırdıq. Mən, İsmayıl İsmayılov və
jurnalistika fakültəsinin iki tələbəsi: kürdəmirli Ayatxan
İsgəndərov, naxçıvanlı Əşrəf
Hümmətov bir otağa düşmüşdük. İsmayılla Əşrəf “ağsaqqallar”dı
– əsgərlik çəkib gəlmişdilər. Çox mehriban dolanırdıq. Ancaq
yataqxana hədsiz səs-küylü olduğuna görə mən
birinci kursu bitirər-bitirməz oranı tərk edib kirayədə
yaşamağa başladım. Buna
baxmayaraq, köhnə yataqxana yoldaşlarımla yenə
sıx əlaqəm vardı.
Müəllimlərimiz Azərbaycan
ziyalılarının qaymağıydı. Onlar xalqımızın
yetişdirdiyi, Azərbaycan elminin bu gün də fəxr etdiyi
böyük alimlər, azman şəxsiyyətlərdi.
Məsələn, fonetikanı bizə dekanımız prof.
Ağamusa Axundov, leksikologiyanı prof. Səlim Cəfərov,
morfologiyanı prof. Muxtar Hüseynzadə, sintaksisi professorlar
Əlövsət Abdullayev və Yusif Seyidov, dosent Ağaməli
Həsənov, türkologiyanı prof. Fərhad Zeynalov, dil
tarixini prof. Tofiq Hacıyev, dialektologiyanı prof. Abdulla Vəliyev,
ümumi dilçiliyi prof. Musa Adilov... öyrədirdi. Ədəbiyyatşünaslığın
müxtəlif qollarını və dövrlərini peyğəmbərcəsinə
şəxsiyyətiylə bütün tələbələri
ovsunlamış akademik Məmməd Cəfər, professorlar Bəxtiyar
Vahabzadə, Pənah Xəlilov, Mircəlal Paşayev, Əkbər
Ağayev, Firidun Hüseynov, Qulu Xəlilov və başqa
müəllimlər keçirdi, ancaq peşəcə həkim
olan Əli Fəhminin Füzulidən keçdiyi xüsusi
kursu unutmaq mümkün deyil. Bu kişilərin
hər biri mütəxəssis və insan kimi yetişməyimizdə
böyük rol oynayıb.
İsmayıl məndən bir neçə yaş
böyükdü və onu gerçəkdən
ağsaqqalım sayırdım. Bir çox məsələlərdə
mənə müsbət təsir göstərmişdi. Bir-iki örnək. İlk kursda
oxuduğumuz zaman küçədə onunla gəzərkən
ara-sıra qızlara söz atardım. Bunun
pis vərdiş olduğunu bildirən İsmayılın tələbiylə
söz atmağı tərgitdim. Bir dəfə
univermaqda özümə sapsarı rəngdə gödəkçə
seçərkən özünə məxsus yumorla elə tənqid
etdi ki, bir də həyatım boyunca o rəngdə paltar
almadım. Sonrakı bütün təhsil
illərində də ondan yalnız doğru və faydalı məsləhətlər
eşitdim, dediklərinə qulaq asdım, heç zaman da
peşman olmadım.
Bizim kursa (536 və 538-ci qruplar) 50 nəfər qəbul
olunmuşdu, hamısı da yaxşı oxuyurdu. Rüşvət
söhbəti müəllimlərin də, tələbələrin
də heç ağlına gəlməzdi. İsmayılla mən də əlaçıydıq.
İkimiz də fərqlənmə diplomuna namizəddik,
buna görə də “3” ala bilməzdik. Ancaq
mən kənd uşağı olduğuma görə rus dilini
zəif bilirdim, bu üzdən də hərbi dərsdən
axsayırdım, İsmayılınsa yaralı yeri dil üzrə
bəzi fənlərdi. Biz bir-birimizə
möhkəm arxaydıq. İki dəfə
hərbi dərs imtahanlarında komandirlər mənə “3”
yazmaq istəmişdilər, ancaq İsmayıl onları fikrindən
daşındırıb “4” verdirmişdi (diplomuma düşən
yeganə “4” budur) – xatirini çox istədiklərinə
görə sözünü yerə salmamışdılar.
İki dəfə də qrup başqanı
nüfuzumu işə salaraq mən onu dil imtahanlarında “3”-dən
xilas etmişdim. Beləliklə, ikimiz də
Universiteti qırmızı diplomla bitirmişdik. (Ümumən iki qrupdan 7 nəfərimiz fərqlənmə
diplomu almışdı – 536-dan: Jalə, Kəmalə,
Qızılgül, İsmayıl və mən, 538-dən:
Kamran və Tərlan).
Üçüncü kursda oxuduğumuz zaman ixtisaslara
bölündük. İsmayıl ədəbiyyatçı,
mənsə dilçi oldum. O, hədsiz mütaliəçiydi
və inanılmaz sürətlə oxuyur, şeirləri
asanlıqla yadda saxlayırdı. Füzulinin qəzəllərini
əzbər bilirdi. Mirzə Cəlili, Əbdürrəhim
bəy Haqverdiyevi, Sabiri son dərəcə sevir, tez-tez onlardan
parçalar söyləyirdi. Xarici dillərdən
almancanı yaxşı bilirdi. (Sonralar
aspiranturaya girdiyim zaman elə İsmayıla güvənərək
və onun yardımıyla alman dilindən imtahan verdim və
aspiranturada da alman dili keçdim).
Biz – 536 və
538-ci qruplarda oxuyan bir neçə yoldaş: İsmayıl,
Südabə, Giləxanım, Ramiz, balaca Qızılgül,
Tofiq, Yaşar (bəzən onların qohumları da bizə
qoşulurdu) və mən dövlət bayramlarında, boş
vaxtlarda şəhərdə bir yerdə gəzir, dəniz
qırağına, kinoya birgə gedirdik. Təxminən
üçüncü kursdan İsmayıl Südabəni sevməyə
başladı, ancaq daş qayaya rast gəldi – Südabəni
yola gətirmək ona heç də asan olmadı. Yanılmıramsa, yalnız beşinci kursda o,
qızın “həri”sini ala bildi. Südabəyə
xüsusi bir dəftər ayırmış, burada ona həsr
etdiyi çoxlu yazıları toplamışdı. Elə Universiteti bitirincə də evləndilər.
Mənim taleyimdə İsmayılın mühüm bir
rolu da olmuşdu. Onun dostluğu olmasaydı həyatım bəlkə
də başqa cür dəyişə bilərdi. Əhvalat belə baş vermişdi. Dördüncü kursda oxuduğumuz zaman yayda bizi
Universitetdən Culfa rayonuna üç aylıq hərbi yığıma
aparmışdılar. Komandirlərimiz
Universitetin rus hərbi müəllimləriydi. Şəhərdəki əsgəri qışlada
(kazarmada) qalırdıq.
Culfa dəhşətli isti yerdir. Biz tələbələr
45-50 dərəcə istidə bir-birimizi su
şırnağıyla başdan-ayağa isladır, ancaq 15-20
dəqiqədən sonra yenidən qupquru olurduq. Culfa çöllərində bu cür istidə bizə
hərbi təlim keçir, təpik döydürür,
qaçırır, yer qazdırırdılar. Hərbi işə marağımız
olmadığına görə bu təlimlərdən
bezirdik. Çox vaxt bərk yorulduğumuza
görə fasiləyə çıxan kimi gün təpəmizə
döyə-döyə quru torpağın üstündə
uzanır, elə toz-torpağın içində də
şirin yuxuya gedirdik.
Mən hərbi geyim qaydalarına əməl etməyi
xoşlamırdım. Çox vaxt panamamın ortasını
yatırıb çökəldir, hərbi geyimi kombinezon
şəklinə salırdım. Bir dəfə
elə bu cür geyimdəykən oturduğum yerdə əlim
dinc durmayıb tozlu çəkmələrimin ikisinin də
üstündə çubuqla faşist svastikası çəkdim.
Təbii ki, bu, sadəcə bir uşaq
şıltaqlığıydı və arxasında heç
bir qara düşüncə durmurdu. Birdən
rus komandirimizin gözləri çəkmələrimə
sataşdı və onu sanki ildırım vurdu. Tez
qışqırdı: “Tahirzadə!”. Mən cəld ayağa durdum. O, “Sıradan
çıx!” komandası verib məni yanına
çağırdı. Hərbi yerişlə
yanaşdım. Yüksək səslə əmr etdi :
– Təcili
şəkildə hərbi hissəyə, əks-kəşfiyyat
rəisinin yanına get!
Öncə mən də, uşaqlar da elə bildik ki,
zarafat edir. Sonra gördük ki, yox, aşna, polkovnikin fikri qətidir
və məni hökmən əks-kəşfiyyat rəisinə
təslim etmək istəyir. Bir anlığa gözlərim
qarşısından bunlar gəlib keçdi: əks-kəşfiyyat
rəisinin yanındayam, o, “vətən xaini” olmağım
haqqında Universitet rektoruna raport yazır və şübhəsiz
ki, rektor da belə bir təqdimatdan sonra məni Universitetdən
qovur. Hər şey oyana, atama nə cavab verəcəyimi
düşündükdə dəhşətə gəldim.
İsmayıla dedim ki, bax görək neyləyə bilərsən.
O, vəziyyətin son dərəcə gərginliyini
görüb şirin dilini işə saldı, məni ailəlikcə
yaxşı tanıdığını, yeddi əmimin və
dayımın müharibədən
qayıtmadığını, babamın müharibə
veteranı olduğunu söylədi
(bunları özündən uydurmuşdu), müharibəyə
nifrət bəslədiyimi bildirdi, hərbi geyim
qaydalarını pozmağımı və svastika çəkməyimi
“yekəbaşlıq və qanmazlıq” adlandırdı, bu dəfə
günahımdan keçərək məni kollektivin tərbiyəsinə
verməyi xahiş etdi. Başqa
uşaqlarımız da yerbəyerdən onun dediyinə
qüvvət verdilər və bir saatlıq
yalvar-yapışdan sonra, nəhayət, onu yumşalda, fikrindən
daşındıra bildilər. Təbii ki,
mən də tutduğum işdən bərk peşman
olduğumu bildirdim, komandirdən üzr istədim və bir
daha belə “qələt etməyəcəyimə” söz
verdim. Bundan sonra,
gerçəkdən də, İsmayılın da
danlağı altında nümunəvi əsgərə
çevrildim...
İsmayıl təbiətcə çox nikbin və
zarafatcıl adamdı. Bəzi adamlar içəndən sonra qəzəbli
olur, dava-dalaş salır, ancaq İsmayılsa, əksinə,
aramsız gülür, məclisi şənləndirirdi.
Yataqxanada hamı növbəylə xörək bişirirdi, ancaq onun aşpazlığına heç kim çatmazdı. Kartofu elə bişirirdi ki, qıpqırmızı olur və dən-dən dururdu. Əlində yeməklə dolu qab otağa girən kimi üçümüzdən birinə deyərdi ki, dur get, qəbiristanlıqdan bura bir ölü gətir, bu yeməkdən bircə qaşıq onun ağzına tökəcəyəm, dirilib ayağa duracaq.
Yataqxanada yaşayan oğlanlar, adətən, dəlləyə getməz, bir-birinin başını özləri qırxardılar. Bir dəfə İsmayıl da kiməsə dəlləklik edirdi. İşin qızğın yerində uşaqlardan biri içəri girib ondan borc pul istədi. İsmayıl əlini işdən saxlayıb dedi:
– A kişi, məndə pul nə gəzir? Görmürsən burada acından it qırxıram?
Oradakı tələbələrin hamısı, elə
başı qırxılanın özü də, bu sözə
gülməkdən uğunub getdi.
Onun maddi durumu, gerçəkdən, yaxşı deyildi. 5 illik təhsili yalnız aldığı əlaçı təqaüdüylə başa vurmuşdu. Ana yurdu Tovuz rayonunun Düzcırdaxan kəndindən yanına yalnız ara-sıra qardaşı Avtandil (Akan) gəlirdi. Buna baxmayaraq, qətiyyən ruhdan düşməyib yüksək savad qazandı və az keçmədən APİ-də (indiki Pedaqoji Universitetdə) işləməyə başladı, dil metodikası üzərində tədqiqatlar apardı.
1978-ci ildə mən aspiranturada oxuduğum zaman ailəmlə Bakıya gəldim və Abbasmirzə Şərifzadə küçəsi 33-də aspirantların ailəli yataqxanasında yaşamağa başladım. Onda İsmayılın ailəsi də Yasamalda bizə yaxın olurdu. Gediş-gəlişimiz vardı. Doğrudur, sonralar ikimiz də ev alıb şəhərin müxtəlif yerlərinə köçdük, ancaq əlaqələrimiz yenə qaldı.
Mən onun xətrini həmişə istəmiş, hörmətini saxlamışam. 1992-ci ildə təhsil nazirinin müavini kimi işə başladığım ilk gün kabinetimdən birinci zəng etdiyim adam İsmayıl oldu. Az sonra onu nazirliyin yaratdığı Fövqəladə Elmi-Metodik Şuraya cəlb etdim. Müstəqilliyimiz dönəmində ana dili üzrə ilk milli proqram və dərsliklərin yaradılmasında Pedaqoji Universitetin dosenti İsmayıl İsmayılovun böyük əməyi oldu. Onun özü bu sahədə səmərəli çalışmaqla qalmadı, proqram və dərslik işinə fayda verə biləcək bir sıra dəyərli mütəxəssislərin də cəlb edilməsinə yardımçı oldu. “Ədəbiyyat” dərsliklərindən birinin müəllifi Soltan Hüseynoğlu onun “kadr”larındandı.
Müzakirələrdə fəallığını və gərgin əməyini nəzərə alaraq dəfələrlə ona dərslik müəllifi olmağı təklif etsəm də buna qətiyyən razılıq vermədi. Ancaq o zaman yaradılan bütün ana dili dərsliklərimizdə İ.İsmayılovun ruhu yaşamaqdadır.
Həyatı boyunca kimsəni incitməyən, hamıya bacardıqca yaxşılıq etməyə çalışan İsmayıl İsmayılov çalışdığı Pedaqoji Universitet kollektivində də böyük hörmət sahibi, söz yiyəsiydi.
Mən Ali Diplomatiya Kollecinə – indiki Bakı Avrasiya Universitetinə getdikdən sonra şəxsi əlaqələrimiz bir qədər səngidi. Ancaq onunla bir binada yaşayan fotoqraf dostum Elxan Kərimov vasitəsilə bir-birimizdən xəbər tuturduq.
İsmayıl həyatının ən məhsuldar dönəmində bu fani dünyanı tərk edərək əbədiliyə, ölümsüzlüyə qovuşdu. Qəlbimdə həmişə ən xoş duyğularla yaşadacağım dostuma Allahdan rəhmət və cənnət diləyirəm!
8 dekabr 2012-ci il.
Ədalət TAHİRZADƏ,
Bakı Avrasiya Universitetinin
professoru.
525-ci qəzet.-
2012.- 22 dekabr.- S.24.