Üç şeirin məna
yükü
Mənim qəribə bir şeir oxumaq adətim var. Yadıma düşmür ki, hətta çox sevdiyim bir şairin
şeir kitabındakı
şeirləri eyni gündə oxuyam. Kitabı əlimə
alıb vərəqləyirəm,
vərəqdəki şeirə
gözucu nəzər
yetirirəm və həmin andakı əhval-ruhiyyəmə, ovqatıma
uyğun bir şeir gözümə sataşanda dayanıram, daha növbəti vərəqi çevirmirəm.
Oxuyuram həmin şeiri-birnəfəsə
yox, sətir-sətir,
söz –söz. Bütün ruhum o şeirin havasına köklənir.
Ruhum itir o sətirlərin arasında. Bəzən kövrəlirəm, doluxsunuram, ya da xəyala dalıb uzaqlaşıram bu dünyadan.
...” Arazbarı”nı da beləcə oxuyuram. Bir axşam,
ata evimiz üçün qəribsədiyim,
həyətimizdəki ağaclar
üçün darıxdığım,
atam əkən o iri şahtutun iri gövdəsinə söykənib atalı günlərimi xatırlamaq
istədiyim vaxtda əlimə aldım Sona Vəliyevanın kitabını... Vərəqlədim, vərəqlədim, ta ki “Ata evim”ə
çatanacan. Dayandım
“Ata evim”də... “Açdım
qapısını” – Bu ev eynən mənim ata evim kimiydi... Keçdim “Ata evim”ə:
“Bir yüyənsiz köhləndi xatirələrim,
Ata evim.
Hər gecə yuxuma gələrsən,
ruhuma dinclik gətirərsən,
üstü dolu gilasıyla, tutuyla
gözümə, könlümə
toxluq əkərsən...”;
“Gözüm zilləndi bir nöqtəyə,
kirpiyimdən asıldı
dəcəl uşaqlığım...”;
“İlişib qalmışam
tut budağında
Gözüm bulaq kimi dolub...”
Ürəyimə yığıram bu
sətirləri, sətirləri
bircə-bircə ürəyimə
yükləyirəm, qoymuram
bircə söz belə yaddan çıxsın... Sonra isə:
“İçimdə qərib
duyğular,
quş qanadında uçuram sənə doğru,
Ata yurdum...”
– misralarıyla
qanadlanıb yol alıram ata evimizə... Yol alıram uşaqlığıma
doğru.
lll
...Bir axşam atam düşmüşdü
yadıma... Bu dünyadan
köçəndə görə
bilmədiyim atam... Tələbə bacıma
yeni il
payı gətirmişdim...
Bacım dedi ki, bir az da qalım,
o imtahanlarını verəndən
sonra birlikdə gedərik kəndə... Avtovağzalda eşitdim atamın
ölüm xəbərini.
Yolboyu bircə söz deyirdim: “Kaş, yalan ola!” Neçə
illər öncə yazdığım misralar yadıma düşür:
“Yalan olmadı o xəbər...
Sehrayəylə mən kəndimizə
çatanda
Qəbristanlıqdan təzəcə
gəlmişdilər...”;
“ Ata, sən sonuncu dəfə
bu
dünyaya baxanda,
sonuncu dəfə evimizə baxanda
yanında olmadım
mən-
sən ölən dəqiqədə ağlamadım
mən...”
...Son köçünə çata
bilmədiyim atam düşmüşdü yadıma...
Və Sona xanımın kitabını
vərəqlədim... ”Bir
ana köçünə
çatmamışam mən...”
Sona xanım ana köçünə çatmayıb,
mənsə ata köçünə. Elə
bil 27 il
əvvəlki halımın
şəklini çəkib
Sona xanım... Elə bil ilk atasız günümü lentə alıb, şeirin yaddaşına hopdurub.
Elə bil anamın üzünə baxıb atamı soruşanda, atam əkən ağacı qucaqlayıb hönkürəndə
yanımda olub, şəklimi çəkib
və o şəkli sözə çevirib:
“İçim pardaq-pardaq dərd zəmisidir,
Bir ana köçünə çatmamışam mən...”
Elə bil hər dəfə
kövrələndə, ürəyimin
dərd zəmisi gömgöy göyərəndə
ürəyimə girib,
bircə-bircə dərdlərimlə
dərdləşib, sonra
yazıb bu şeiri... Elə bil anamın dizinə başımı
qoyub atasızlığıma
ağı deyəndə
eşidib dediklərimi:
“Yuxuda hər gecə yol başlayaram,
Ana itkisinə inamım
olmaz.
Darvaza önündə haray çəkərəm:
Ehey,
bu evin ən ərköyün uşağı gəlib!
Ana balasını qapıda
qoymaz”.
...Oxuyuram. Oxuduqca kövrəlirəm... Və
birdən:
“İlahi, nə yaman yağış başladı,
Halıma dözmədi ruhu anamın,
Üstümə göylərdən göz yaşı tökdü...”
Beləcə, bir şeirin söz seli, söz yağışı isladır məni....
lll
Bayaq telefonla
danışdım anamla. Yenə həmişəki
kimi gözünün
zəif görməsindən,
gecələr gec yuxuya getməyindən gileyləndi. O gileylənəndə
həmişə susuram.
Gücsüzəm. Onun gözlərinin nurunu
geri qaytarmağa gücüm çatmaz.
Təbiətin qanunlarına
tabe olmaqdan başqa əlacım qalmır...
Anamın səsini eşitdim. Beynim, ürəyim
anamın səsiylə
doldu. Elə bil ürəyimin,
beynimin içində
nə varsa hamısını çıxardıb,
yerinə anamın səsini doldurmuşdular.
Yalnız anamı düşünürdüm.
Onsuz necə olaram? Onsuz halım necə olar? Bəs bircə gün
anamın səsini eşitməsəm nə baş verər? Bu suallarıma cavab axtararkən “Ehtiyac” köməyimə çatdı:
“Ana yanındasa, adi anadır,
Əlindən gedibsə, hər cür ehtiyac:
Torpaqdır, günəşdir, sudur, havadır”.
Bu gün anam sağdır. Gərək ana adlı torpağın, günəşin,
suyun, havanın qədrini biləm. Anamın səsi günəşdir.
O səs-günəş həyat
verir arzularıma, qurudur ehtiyaclarımı. Anamın səsi havadır. O səs-havanı ciyərdolusu
içimə çəkəndə
sanki hamıdan güclü oluram. Anamın səsi kəndimizi göstərə bilir mənə.
...”Arazbarı” – bu kitabın səhifələrində
mənə bənzəyən
yağışı gördüm,
uşaqlığımla rastlaşdım,
yol ayrıcında bitən tənha gilas ağacının dərdini dinlədim, onun dərdinə şərik oldum, yazmadığım şeirlərlə
vidalaşdım...
14 dekabr, 2012
Sevil GÜLTƏN
525-ci qəzet.-
2012.- 22 dekabr.- S.21.