Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

Antonin kimi mənim üçün şəhər və vətən Romadır, bir insan kimi isə – dünyadır.

Mark Avreli

 

Mərmər “Kupidonu” satın alan kardinal Rafael Riario rəssamı işləmək üçün 1496-cı ildə Romaya dəvət edir. Ona görə ki, Roma “adamın nəyə layiq olduğunu nümayiş etdirmək üçün geniş meydan” idi. Burada o, bir bankir üçün “Vakx” heykəlini yondu. Sonra isə yaradıcılığında mühüm yer tutan xristian mövzularına keçdi. O, mərmərdən “Pyeta” – “Xristə yas tutmaq” heykəlini yondu və heykəl indiyədək Müqəddəs Pyotr kilsəsini bəzəyir. Burada oğlu İisusu ağlayan və elə bil ki, gəncliyə məxsuz cizgiləri olan bakirə qadın təsvir olunur. “Pyeta”sında (“Xristə yas tutmaq”) Mikelancelo elə bir mövzuya müraciət etmişdi ki, həmin vaxta qədər bu mövzu daim yalnız günahı yumaq ideyası ilə əlaqələndirilirdi. 23 yaşlı sənətkar isə, əksinə, Madonnanın doğma ölü oğlu ilə əvvəllər heç vaxt rast gəlinməmiş təsvirini təklif edir. Bu qadının gənc qız sifəti vardı, lakin bu, heç də yaşın əlaməti deyildir, bu təsvir elə bil ki, zamandan kənar bir təsəvvür yaradır. Yaşlı oğlu ölən qadın bakirəlikdən xəbər verir. Vazari Madonnanın məhz “ilahi gözəlliyi” barədə söhbət açır. Mikelancelo özünü və bizi təsvir edilən fiqurların ilahi təbiətinə və ilahi təyinatına inandırır. Gözəllik barədəki insan meyarlarına uyğun olaraq onlara kamil füsunkarlıq və bunun nəticəsi kimi ilahi gözəllik bəxş edir. Burada günahın yuyulmasının şərti kimi əzab o qədər də göstərilmir, bunun əvəzində ona yiyələnmənin nəticəsi kimi məhz gözəllik meydana çıxır.

1501-ci ildə Florensiyaya döndükdən sonra Madonnanın 4 heykəltəraşlıq obrazını yaradır. 1504-cü ildə mərmərdən “David” heykəli üzərində işini başa çatdırır. Ona bağışlanmış iri mərmər daşında çat olduğundan sol çiynini nisbətən qısa etmiş və bunun üstünü örtmək üçün həmin çiyninə qaldırılmış əlində sapand tutduğunu təsvir etmişdi. Əslində heykəltəraş bu yaraşıqlı obrazda Bibliya təsvirlərindən uzaqlaşmışdır. Çünki “Köhnə Vəsiyyət”də David cılız bədənli bir çoban uşaq kimi göstərilir, heykəldə isə qəddi-qamətli, düzgün proporsiyalara və cazibədar sifətə malik olan bir gənc təsvir edilir. Mikelancelo qəsdən bu yolu seçmişdi, heykəl Florensiyanın mənəvi qüdrətinin alleqoriyası idi.

1505-ci ildə Papa II Yuli tərəfindən heykəltəraş Romaya çağırılır və Papa ona özü üçün qəbirüstü düzəltməyi sifariş verir. Mərmərlə işləmək üçün səkkiz ay ərzində Toskanadakı məşhur Karrar mərmər karxanasında olur.

1505-1545-ci illərdə fasilələrlə qəbirüstü heykəllər üzərində işləyir, bu vaxt “Moisey”, “Əli-qolu bağlanmış qul”, “Ölən qul” və “Liya” heykəllərini yaradır.

1506-cı ildə sözləşdiyi Papa II Yuli ilə Bolonyada barışır və Pontifik ona özünün bürünc heykəlini tökməyi sifariş verir. Sonrakı ili o, həmin sifariş üzərində işləyir.

1508-ci ilin mayında II Yulinin xahişi ilə Sikstin kapellasının tavanında freska çəkmək üçün Romaya gedir. Bu iş üzərində o, 1512-ci ilin oktyabrına qədər işləyir.

XVI əsrin erkən dövrünün böyük rəssamı olan Mikelancelo və “Döyüşçü Papa” olan II Yuli bir-birinə bənzəyən titanlar idi. Rəssamın temperamenti və Papanın mülayimliyi bu iki adam arasında uzun sürən və çox hallarda ucadan səslənən sözləşmələrə səbəb olurdu. Papa Mikelanceloya sifariş verdi ki, Romada Sikstin kapellasının tavanına freska çəksin, lakin o, heykəltəraş olduğuna görə, bu, onun üçün olduqca çətin bir tapşırıq idi.

Heykəltəraşlıq əvəzinə, bədbəxtlikdənmi ya xoşbəxtlikdənmi o, rəngkarlıqla məşğul olmağa məcbur edildi. Bu əslində Herkules vəzifəsi hesab oluna bilərdi. Dostu bu hadisəni belə izah etmişdi ki, o, “heç də düz yerində  deyildir və həm də rəssam deyildir”. Lakin bəzi tarixçilər onun rəssamlığını heykəltəraşlıq bacarığı ilə müqayisə edirlər. Panorama şəklindəki tavan xristianlıqdan əvvəlki peyğəmbərləri bütpərəst sivillalarla tarazlıqda təsvir edirdi. Burada “Köhnə Vəsiyyət”dən doqquz tarixi əhvalat nəql edilirdi, onlar Xristin əcdadları kimi göstərilirdi.

Mikelancelo layihəni öz üzərinə götürməyə məcbur oldu, lakin uzun müddət Papa da daxil olmaqla, heç kəsə öz işinə baxmağa icazə vermədi. Yulinin narahatlığı artırdı, tavandakı işin nə vaxt qurtaracağını gözləmək onu boğaza yığmışdı. Nəhayət, Mikelancelo Papanın tələblərinə cavab verdi ki, tavandakı iş o vaxt başa çatacaqdır ki, “bu məni bir rəssam kimi məmnun etsin”. Papa bu sözlərə belə cavab qaytardı: “Və siz istəyirsiniz ki, bizi məmnun edəsiniz və işi tezliklə qurtaracaqsınız”. Həm də Mikelanceloya hədə gəldi ki, əgər “tezliklə tavandakı işi qurtarmasan” Papa “onu üstündə işlədiyi nərdivandan aşağı atacaqdır”. Papanın hiddətindən qorxan Mikelancelo “vaxtı itirmədən bütün lazım olan işləri gördü” və tavandakı işi tezliklə başa çatdırdı. Bu əsər Qərb rəssamlığı tarixində ən böyük incilərdən biri oldu.

Bu əsərində o, insanın ilk günaha batmasını Bibliyanın “Başlanğıc” kitabından götürdüyü doqquz səhnə kimi təsvir etmişdi. Buradakı “Adəmin yaranması” səhnəsində yaxşı, dəqiq proporsiyalanmış fiquralı Adəmin ilahi qığılcımı gözlədiyini göstərir. Adəm, digər kişi fiquraları kimi insan varlığının ideal tipini açır. Yaxşı neoplatonik dəbdə olan bu fiquraların gözəlliyi ilahi füsunkarlıq mənasını verməli idi. Ən gözəl bədən isə Allaha daha çox bənzəyən fiqura idi.

Sikstin kapellasının tavanındakı rəngkarlıq siklində rəssamın yaratdığı möhtəşəm, təntənəli, bütövlükdə və detallarda çox asanlıqla müşahidə edilən kompozisiya, fiziki və ruhi gözəlliyə bir himn kimi, Allahın və onun özünə bənzər şəkildə yaratdığı insanın yaradıcılıq imkanlarının təsdiqi kimi qəbul edilir. O, dörd il ərzində nəhəng plafonun divar naxışı üzərində heç bir köməyə ehtiyac duymadan yalnız öz əli ilə işlədi. Bu plafonun sahəsi 600 kv. metr idi. Bibliyadakı süjetlərdən doqquz kompozisiya çəkilmişdi, burada dünyanın yaranmasından tutmuş, yer üzərindəki ilk insanlara qədər hər şey təsvir olunurdu: “İşığın qaranlıqdan ayrılması”, “İlk günaha batma”, “Daşqın”, “Nuhun sərxoş olması” və s. Hətta allah obrazında təsvir olunan əzəmətli nəhəng qocada hər şeydən əvvəl yaradıcı coşqunluq diqqətə çatdırılır. Bu onun əlinin hərəkətlərində ifadə olunur. Elə bil ki, bu əllər həqiqətən dünyanı yaratmağa və ilk insana həyat verməyə qadirdir. Titan qüvvəsi, intellekt, uzağı görən müdriklik, əzəmətli gözəllik peyğəmbərlərin – hüznlü İeremiyanın, poetik ilhamlı İsayyanın obrazlarını xarakterizə edir.

Romadakı bazilikanın Sikstin kapellasının plafonunda çılpaq kişi rəsmləri ilə o, möhtəşəm yaradıcılığının apogeyinə çatdı. O, kişi fiquralarını şöhrətləndirirdi. Bunun üçün uzun müddət anatomiyanı öyrənmişdi. O, hesab edirdi ki, bunlar “Allahın özünü açıb göstərən bir rübənddir”.

Mikelancelonun ideal gözəllik axtarışını biz mərmərdən yonulmuş “David” heykəlində də görürük. Heykəltəraş yaradıcılığında inqilabi tapıntılardan yorulmurdu, burada da Bibliya mətninə məhəl qoymayaraq Qoliafı məğlub edən bu zəif bədənli çoban oğlanı gözəl bədənə və cazibədar sifətə malik olan bir gənc kişi kimi təsvir etmişdir. Mikelancelo bu əsəri ilə insan bədəninin gözəlliyini vəsf edərək, insan varlığını şərəfləndirirdi.

1514-cü ildə Florensiyada ona Mediçi San Lorentso kilsəsinin fasadını yaratmaq sifarişini verirlər və o, artıq dünyadan köçmüş Papa II Yulinin qəbirüstünü yaratmaq üçün üçüncü müqaviləni imzalayır.

1534-1541-ci illərdə elə həmin Sikstin kapellasında Papa III Pavel üçün dramatizmlə dolu olan, möhtəşəm “Qiyamət günü” freskasını yaradır. Öz gözəlliyi və əzəməti ilə Mikelancelonun arxitektura işi olan Kapitoli meydanının ansamblı və həmçinin Vatikan kilsəsinin qübbəsi hələ də heyranlıq obyekti kimi qalır.

Bu dövrdə onun şəxsi həyatında da əlamətdar hadisə baş verir. 1536-cı ildə Romaya gələn 43 yaşlı şairə Vittoriya Kolonna – markiza Peskara ilə 61 yaşlı Mikelancelonun ehtiraslı məhəbbət macərası başlanır. Öz böyük platonik məhəbbətinə Mikelancelo bir neçə alovlu sonet həsr etmişdi. O, bu qadının yanında bir çox saatlarını keçirirdi. Vittoriya yeganə qadın idi ki, Mikelancelo ona möhkəm bağlı idi. “O, bu qadını pyedestala çıxardı, lakin ona olan məhəbbətini çətin ki, fiziki yaxınlıq saymaq olardı. O, rəfiqəsini “qadında kişi” (un uoma in una donna) adlandırırdı. Bu, fikirlərin, bütöv ağılın, zərif müşahidənin və istehzanın canlı mübadiləsinin nadir nümunəsi idi”.

1546-cı ildən həyatının sonuna qədər Mikelancelo Müqəddəs Pyotr kilsəsinin və Romadakı Kapitoli ansamblının tikintisinə rəhbərlik etdi. Onu gözü götürməyənlər böyük heykəltəraşı biabır etmək üçün Papanı dilə tutub kilsənin tikintisini ona tapşırmağa inandırmışdılar, axı vaxtilə rəssamlığa da o, məcbur edilmişdi və onun üçün yeni olan arxitektura işindən nəinki qorxmadı, ona girişməklə əslində bu sahədə də dühasının yeni bir zəfərini çala bildi. Onun layihəsi əsasında kilsə binasının çox iri və analoqu olmayan qübbəsinin tikilməsi ilə Mikelancelo memarlıqda da öz adını əbədiləşdirdi.

Mikelancelonun poetik əsərləri 343 sonetdən, madriqaldan ibarət olmaqla “ruhi tərcümeyi-hal” xarakteri daşıyır. Corco Vazariyə yazdığı sonet “onun ikinci uşaqlıqda olduğunu sübut etmək üçün” idi. Mikelancelo vaxtından çoxunu məhəbbət şeirləri yazmağa həsr edirdi. 50-yə qədər epitafiya yazmışdı. Vazariyə göndərdiyi məktubunda yazırdı: “Sən deyəcəksən ki, mən qocayam və sərsəmcəsinə sonetlər qoşuram. Lakin o vaxtdan çoxları deyir ki, mən ikinci körpəliyimdəyəm, arzu etmişəm ki, özümə aid olan işi görüm”. O, yazdıqlarının nəşr edilməsinə icazə verməkdə tərəddüd edirdi. Yalnız ölümündən sonra əsərləri çap olundu və o, şair kimi tanındı.

Onun ömür yolu adlanan xalçanın uzun toxunuşu hesabına Mikelancelo özünün arzusuna zidd olaraq Renessans adamı idi və Vazari Renessansda onu inkarnasiya kimi görürdü. Humanist eranın məhsulu olmaqla Mikelancelonun zənginləşmiş maraqları onu geniş və universal qaydada bu eranı ağuşuna almağa aparıb çıxardı. O, öz ömrü boyu bütpərəst humanizm ilə xristian ortodoksiyasının arasındakı ziddiyyətləri barışdırmağa çalışmışdı. Gəncliyində və yaşlı vaxtında yunan-roman mifologiyasının obrazlarını xristian teoqoniyasının şəxsiyyətləri ilə tarazlaşdırırdı.

Onun ən ciddi fərqləndirici cəhəti üç ayrıca sənət arasında barışıq yaratması idi. Gəncliyində o, əsasən heykəltəraşlıqla məşğul olmuşdu, lakin artıq 1546-cı ildə deyə bilərdi ki, “hər kəs bilir ki, mən heykəltəraşam, rəssamam və arxitektoram”. O, təkcə bu üç sənətdə sadəcə uğur qazanmamışdı, onların hər biri üzrə dahilik zirvəsinə yüksəlmişdi. Bu Renessans mütəfəkkiri rəssamlara yol göstərirdi. Rafael onu cəllad adlandırmışdı. O, asketik və fəlsəfi zonaları barışdırmış, rəssamlıq nəzəriyyəsini və praktikasını birləşdirmişdi.

Borciaların qovulması ilə Mediçilər hakimiyyətə qayıtdıqda o, yenidən iyirmi il müddətində Florensiyada yaşadı, sonra isə ölənə qədər Roma sakini oldu. Romada o, “Moisey” və iki “Qul” heykəllərini yaratdı, onlar Papaların qəbir üstlərini bəzəyəcəkdi.

Ona həm Papadan, həm də mərhum II Yulinin varislərindən təzyiq güclənirdi. Mikelancelo məktubunda bu barədə yazırdı ki, “mənə elə çox təzyiq edirlər ki, çörək yeməyə də vaxt tapa bilmirəm”.

Mikelancelo 1321-ci ildə vəfat etmiş italyan şairi Danteyə çox vurulmuşdu. O, yazırdı: “Əgər ki, mən onun yerində olsaydım! Belə seçimlə doğulsaydım, yalnız onun ləyaqətinə malik olmaq, dünyanın bütün xoşbəxtliklərindən hətta acı sürgünə görə də imtina edərdim”. 

Sonrakı illərdə Mikelancelo əsasən arxitektorluqla məşğul olurdu, çünki onun qolları çəkic və tişədən yorulmuşdu. O, Müqəddəs Pyotr bazilikasının qübbəsinin layihəsindən başqa Florensiyada kilsənin layihəsini hazırlamışdı. Ona bu işlər tapşırılanda özü Papaya demişdi ki, o, heç də arxitektor deyildir.

Mikelancelonun spartan adətləri və ağır zəhmət cədvəli sənətdəki uzun həyatı üçün onu dözümlü etmişdi. Əlbəttə o, öz sağlamlığından şikayət edirdi. Çox sayda xəstəliklərə tutulmuşdu. Onun məhsuldarlığı həm də bir növ sınaq rolunu oynayırdı. Ömrünün son günlərində yenidən sevimli qəbir üstü işlərinə qayıtdı, “Palestrina Pyetası”nı yondu.

O, demək olar bütöv 89 il yaşadı, 1564-cü ildə həyatdan getdi. Onun kardinala son etirafı belə idi: “Mən peşimanam ki, öz ruhumu xilas etmək üçün kifayət qədər çalışdım və mən öz sənətimin əlifbasını öyrənməyin başlanğıcında olanda ölürəm”.

Corco Vazari Mikelancelo barədə yazırdı: “O, (Yaradıcı-Tanrı) ona Vətən kimi Florensiyanı vermişdi ki, bu Vətən layiqincə kamilliyin zirvəsinə, bütün şücaətinə özünün yalnız bircə vətəndaşının qüvvəsi ilə nail olsun”.

Mikelancelo Buanorottinin həyatı və fəaliyyəti demək olar ki, bütöv bir əsr, 1475-ci ildən 1564-cü ilə kimi davam etdi. Bu zamanın fiziki ölçüsüdür, onun irsi isə çox-çox əsrlərə bərabər olan zəhmətin bəhrəsi hesab edilə bilərdi.

 

 

(Ardı var)

 

Telman Orucov

525-ci qəzet.- 2012.- 22 dekabr.- S.18.