Şəfqətimiz əskik olmasın...

 

Ömrüm yarıdan keçib. Amma hələ mənə elə gəlir ki, həyat bir ədəbiyyatdır. Mən hələ ədəbiyyat aləmindəyəm, ədəbiyyat deyilən bir dünyadayam. Hətta qarşılaşdığım hər hansı bir müşkülün bədii həllini verməyə çalışıram. Bu, ya mənim qanımda var, ya da ədəbiyyat müəllimi olmağımdandır... Hər nədəndirsə, mən bundan məmnunam...

Tarixi-Nadiri yarıya qədəroxuduğumdan bilirəm ki, böyük ədiblər onları düşündürən hər vardısa, onu bədii dillə anladıblar bu yolla da insanlığa tükənməz xəzinə qoyub gediblər. Çernişevski əbəs demirdi: “Ədəbiyyat insanşünaslıq elmidir...”

Bəzən ya özünhəyatın dibinədüşürsən, ya da bir başqasınıoradagörürsən. O zaman düşünürsən ki, yox, burada ədəbiyyat keçməyəcək... Bu, başqa söhbətin mövzusudur...

Həyatım məktəblə bağlıdır, məktəb ikinci evimdir, ailəmdir, şagirdlərimövladlarımdır, onları övladım qədər sevirəm, hər birinə necə yanaşmanın yollarını axtarıram. Bilik şəfqət... Biliyə şəfqət qarışanda qarşındakı səni daha yaxşı dərk edir. Həm şagirddə bir mənəviyyat formalaşır gələcək həyatında dünyaya, insana fərqli yanaşmalar, baxışlar yaranır...

Mən ali məktəbdə yetmişinci illərdə oxumuşam. BDU-nun filologiya faültəsində oxuyurdum. Müəllim olmaq istəmirdim. Jurnalist olmaq istəyirdim. O zamanlar baxdığım iki film məni çox cəlb etmişdi. Yəqin ki, çoxları bu filmləri xatırlayır: “Fransız dili dərsiBazar ertəsinədək gözləyək”... Bu filmlərdəki məktəb həyatı, müəllimlərin davranışı, həm bir-birilərinə, həm şagirdlərə olan münasibət məni elə tutmuşdu ki, müəllim olmaq, özü fransız dili müəlliməsi kimi olmaq qərarını verdim.

Yeri gəlmişkən, hələ arzulayıram ki, “Bazar ertəsinədək gözləyəkfilmindəki kimizavuç”, ya da direktor bir səhər müəllim otağına girib, hansısa bir müəllimə gül təqdim edib, bu gün onun ad günü olduğunu xatırladacaq... yazıq ki, bu 35 ildə bir kərə olsun rastlamadım... Mən bir dəfə bir müəllim yoldaşım üçün belə etdim. Əlimdə hədiyyə sinfə girdim dedim ki, uşaqlar bu gün Şəfiqə müəllimənin ad günüdür, bilirsinizmi?..

Bu il yanımda hazırlaşan bir şagirdimə (atası rəhmətə gedib onun 3 yaşı olanda) ad günü sürprizi hazırladım. Qonaq otağının qapısını açdım, uşaqları ora dəvət etdim. Süfrə bəzənmiş (sadəcə şirniyyat süfrəsi), tortun ətrafında 17 şam yanır, ingiliscə “ad günün mübarək” səslənir və s...

Filmə qayıdıram. “Fransız dili dərsi” filminə qısa xatırlatma: Müharibə yenicə bitib, ata cəbhədə həlak olub. Ana bir kisə kartofuoğlunu gətirir qəsəbəyə bir tanışının evinə qoyur ki, burada oxusun... Nə isə, uşağın kartofunu da oğurlayırlar. Ona süd içmək lazım olanda qəpik də tapmır. Təsadüfən “qəpik-qəpik” oynayan uşaqların yanından keçəndə istəmədən oyuna qoşulur və qəpikləri udur, süd alıb içir. Növbəti oyunda yenə udur, bu dəfə cığal uşaqlar onu döyür. Gözünün altı göyərir. Müəlliməsi işdən hali olduqda, onunla əlavə fransız dili dərsi keçir, çünki oğlan yaxşı oxuyur. Müəlllimə “qəpik-qəpik” oyununu ona da öyrətməsini xahiş edir. Beləliklə, müəllimə qəsdən uduzur, amma oğlan bunu anlayır və etiraz edir... Səs-küyə direktor gəlir... və müəllimi nümayişkaranə surətdə məktəbdən xaric edir... Sonra oğlana “posılka” yollayır və adını yazmır. Oğlan əvvəlcə elə bilir anası göndərib. Amma uşaq bağlamadakı almaları görüb öz-özünə deyir: “axı bizim yerlərdə alma bitmir...” “Şəfqət bütün bəşəriyyətin ən əsas, bəlkə də yeganə varlığı, qanunudur”.

Əziz müəllimlər, bu filmlərə təkrar baxın. Bəlkə işinizə yaradı... Bəlkə bir-birimizə, şagirdlərimizə baxışlarımız dəyişdi.

Tanrı buyurur ki, mən insanları xüsusi bir ayrıcalıqla yaratmadım, amma seçilmişlər var. Məncə, seçilmişlər Tanrının buyurduğu o ayrıcalığa düzgün yanaşsalar, cəmiyyət zədələnməz, çox şeylər arzu olunan axara düşə bilər...

Çoxdanın söhbətidir. Dərs dediyim sinifdən üç şagirdimiz Tibb Universitetinə qəbul olunmuşdu. Digər institutlara da həmçinin. Məktəbdə onlara möhtəşəm bir “məzun günü” hazırladım. 1991-ci il 5 fevral. Ali məktəbə qəbul olmayan həmin sinifdən iki şagirdimə də dəvətnamə göndərdim. Əvvəl etiraz etdilər, utanırıq dedilər... Dedim ki, tələbə olmadınız, amma yaxşı adam olun... Düzdür, növbəti ildə onlar da ali məktəbə daxil oldular. Amma bu, şagirdə, bir gəncə yanaşmadır, şəfqət budur... Onların valideynlərindən biri küçədə mənə rast gəldi, kövrələ-kövrələ dedi ki, uşaq yaman fikir çəkirdi, indi fərəhlənib...

Bu il tələbə adını qazana bilməyən bir neçə abituriyentin intihar etdiyini eşitdim. Hörmətli müəllimlər, əziz valideynlər, etməyin, eləməyin! Övladlarınızı danlamayın, gözümçıxdıya salmayın... Bir filmdə görmüşəm... Ata yolunu azmış övladına deyir ki, sənə lüks yaşayış yaratmışam, sənə hər şey vermişəm, sən nə ilə məşğulsan? Övlad cavabında deyir ki, bəs şəfqət necə, vermisənmi, mənə sevgi göstərmisənmi, bircə dəfə mənə sarılıb “səni çox sevirəm, övlad” demisənmi?!.

“Xəbər” proqramlarının birində alt yazı gedirdi – övladlarımızla necə davranaq? İndi valideynlərin əksəriyyəti övladlarına daha çox danlaq, təhdid, təhqir, kötək “proqramları” ilə yanaşırlar. Bu, yanaşma deyil. Övladla ünsiyyət qura bilməməkdir, övladı tanımamaq bacarığıdır... Bu yazdıqlarımla cəmiyyətə nəsihət və ya resept vermək fikrində deyiləm... Bu, mənim düşündüklərim, gördüklərim, bildiklərimdir. Bəlkə hansısa bir müəllim, ya da hər hansı müəllif daha maraqlı tövsiyələr verə bilər.

Bir zamanlar çoxumuzNedelya” alıb oxuyurduq. Yadımdadır, qəzetin 13-cü səhifəsində redaksiyanın qəribə qonaqları yer almışdı. Dəyirmi masa ətrafına kimlər dəvət olunmuşdu? İslah-əmək koloniyasından bir dəstə oğru, cibgir, xuliqan uşaq. Jurnalistlərlə gedən söhbətdə məlum olurdu ki, bu uşaqların çoxu təsadüf nəticəsində cinayət törədiblər. Əslində, hərəsinin işıqlı tərəfləri olan bir dünyası var. Məsələn, biri təyyarəçi olmaq istəyir. Odur ki, model hazırlamalıdır, oğurluq edir, biri velosiped almaq üçün pul toplamaq istəyir və s... Bəlkə də, bunlar islah-əmək koloniyasında heç islah olunmayacaqlar, bəlkə də korlanacaqlar... Çünki mən çox təsadüf edirəm ki, biri oğurluq edib və məlum olur ki, əvvəllər də iki-üç dəfə oğurluq üstə və ya narkoticarətdə məhkum olunubmuş... Bu yerdə məşhur müğənni Tarkanın oxuduqları yadıma düşür: “öncə bir dinlə, sonra başımı duvarlara vur... anlamadan, dinləmədən...” qərarlar verməyək...

V.Hüqonun “Səfillər”i dünya ədəbiyyatı incisidir və ədəbiyyata Jan Valjan kimi xeyirxah, “adam kimi adam”, hətta düşməninə da şəfqətlə yanaşan bir obraz bəxş olundu... Necə oldu? Əsərin əvvəlində kilsə xadimi onun əlindəki şamdanları görür, amma polisə demir ki, tutun bunu, şamdanları oğurlayıb. Əksinə, deyir ki, mən onları sənə bağışlamışdım, bəs o biriləri niyə götürməmisən, gedin o birilərini də gətirin...bu şəfqət onu bir ömür boyu adam kimi adam elədi... Görürsünüzmü, yenə də ədəbiyyatın içində itib-batmışam... Neyləyim, başqa cür düşünə bilmirəm. Bu, artıq mənim yaşam tərzimə çevrilib.

 

 

Cabir Novruz demişkən:

Hərdən çirkinə də gözəlsən deyin,

Hərdən qocaya da cavansan deyin,

Yaşamaq istəyir insan!

 

 

Bəsti İSMAYILOVA

Tərtər şəhər 2 saylı

məktəb-liseyin müəlliməsi

525-ci qəzet.- 2012.- 22 dekabr.- S.10.