Azərbaycan Bəstəkarlar
İttifaqının IX qurultayından qeydlər
XX əsr Azərbaycan
musiqi mədəniyyəti
tarixində keyfiyyətcə
yeni bir səhifə açdı. Bu səhifə, ilk növbədə,
Avropa anlamlı bəstəkar yaradıcılığının
meydana gəlməsi ilə bağlı idi. İlk Azərbaycan bəstəkarı
Üzeyir Hacıbəylinin
1908-ci ildə səhnəyə
qoyulmuş “Leyli və Məcnun” operası ilə intibaha başlayan musiqimiz XX əsrin ortalarına doğru bir sıra yeni
janrların – opera, balet,
operetta, simfoniya, konsert
kimi irihəcmli, habelə kiçikhəcmli
musiqi janrların yaranmasına gətirib çıxardı. Azərbaycan musiqisinin
çox qısa zaman kəsiyində təşəkkülü prosesi
dövlətin mədəni
həyatında bir sıra yeniliklərin yaranmasına gətirib çıxardı. Əlbəttə ki, bu yeniliklər
sırasında əlamətdar
hadisələrdən biri
də Azərbaycan Bəstəkarlar İttifaqının
yaranması idi.
1934-cü
il iyun
ayının 30-da 17 nəfərin
iştirakı ilə
ümumi yığıncaq
keçirilir. Məhz bu
gün musiqi tarixində Azərbaycan Bəstəkarlar İttifaqının
yaranma tarixi kimi qəbul olunmuşdur.
Azərbaycan Bəstəkarlar İttifaqı
yarandığı ildən
bu günümüzə
qədər bəstəkar
və musiqişünasları
bir araya gətirən birlik kimi özünün geniş və aktiv fəaliyyətini önəmli tədbirlərin
keçirilməsi ilə
bir daha təsdiqləyir.
Bu ilin 14-18 dekabr
tarixləri Azərbaycan
musiqi həyatında daha bir yeni
əlamətdar dönəm
kimi qeydə alındı. Bu günlər
ərzində Azərbaycan
Bəstəkarlar İttifaqının
IX Qurultayı həyata
keçirildi. Qurultay çərçivəsində
müxtəlif tədbirlər
– mətbuat konfransı,
müxtəlif konsert proqramları, tamaşalar,
müzakirələr uğurla
baş tutdu.
Musiqi bayramı kimi qarşılanan qurultayın
ilk günü – 14 dekabr
Fəxri Xiyabanın ziyarəti ilə başlayıb , günün
ikinci yarısında Azərbaycan Bəstəkarlar
İttifaqının konfrans
zalında mətbuat konfransı ilə davam etdirildi. Təntənəli açılış
mərasimi Müslüm
Maqomayev adına
Azərbaycan Dövlət
Filarmoniyasında həyata
keçirildi. Azərbaycan
Dövlət Simfonik Orkestrinin(dirijor-F.Kərimov) və Azərbaycan Dövlət Xor Kapellasının iştirakı ilə(bədii rəhbər-G.İmanova)
konsert proqramı musiqisevərlərə təqdim
olundu. Qurultayın hər bir günündə konsert proqramları Azərbaycan musiqi mədəniyyətində
müstəsna rol oynamış dahi bəstəkarların parlaq
əsərləri ilə
başlandı. Açılış mərasimində ilk nömrə
olaraq Üzeyir Hacıbəylinin “Koroğlu”
operasından üvertura
səsləndi. Azərbaycan musiqi
xəzinəsinin gözəl
nümunəsinin ardınca
bəstəkarlıq məktəbinin
nümayəndələri – M.Mirzəyev, A.Dadaşov, C.Abbasov, S.Fərəcov, X.Zeynalova, R.Əliyev, N.Məmmədov, M.Babayevin
əsərləri tamaşaçılara
təqdim olundu. Proqram Firəngiz Əlizadənin
“İntizar” operasından
final səhnəsi ilə
yekunlaşdırıldı. İlk günün böyük maraqla qarşılanması
növbəti konsert proqramlarının dinləyicilər
tərəfindən səbirsizliklə
gözlənilməsi zərurətini
yaradırdı.
Qurultayın 2-ci günü biri-birindən
maraqlı tədbirlərlə
zəngin idi. İlk konsert Azərbaycan Bəstəkarlar İttifaqının
Ü.Hacıbəyli adına konsert salonunda baş tutdu. Konsert öncəsində Bəstəkarlar
İttifaqının sədri,bəstəkar Firəngiz
Əlizadə qurultaya
xarici dövlətlərdən
qatılan qonaqları
və tamaşaçıları
salamladı. Ardınca Özbəkistan Bəstəkarlar
İttifaqının sədri
Rüstəm Abdullayev
öz çıxışında
qurultayın Azərbaycanın
mədəni həyatında,
qonşu dövlətlərlə
əlaqəsinin möhkəmləndirilməsində
əlamətdar olmasını
vurğuladı. R.Abdullayev çıxışının
sonunda Firəngiz Əlizadəyə Azərbaycanın
tarixini, mədəniyyətini
özündə əks
etdirən ünvan təqdim etdi.
Ənənəvi olaraq proqramda ilk nömrə yenə də klassik Azərbaycan bəstəkarlıq
məktəbinin nümayəndəsinin
adı ilə bağlı idi. Cövdət
Hacıyevin piano üçün
“Ballada”sının ardınca
O.Zülfüqarov, İ.Abdullayev,
M.Arazbəyli, D.Dadaşov,
E.Məmmədov, N.Şəfiyeva,
F.Babayeva,Ü.Əhmədovun
əsərləri səsləndi.
Musiqili günün davamı olaraq R.Behbudov adına Dövlət
Mahnı Teatrında “Mahnı konserti” dinləyicilərdə xoş
əhval-ruhiyyə oyatdı.
Bakı şəhər
Mədəniyyət və
Turizm İdarəsinin
“Bakı gecələri”
estrada orkestrinin,Azərbaycan Televiziyası
və Radiosunun Ə.Dadaşov adına “Xatirə” xalq çalğı alətləri
ansamblının ifasında
müxtəlif mahnı
və kompozisiyalar səsləndi.
Günün axşam saatlarında
daha bir tamaşa qurultay tamaşaçılarını öz ətrafına topladı. Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrında T.Bakıxanovun
“Xeyir və Şər”, E.Dadaşovanın
“Sayalı” adlı baletinin premyerası uğurla baş tutdu.
Elə həmin
saatlarda günün sonuncu tamaşası – Ü.Hacıbəylinin “Ər
və arvad” musiqili komediyası Dənizçilərin Mədəniyyət
evində nümayiş
olunmuşdur. Bununla da Qurultayın
2-ci günü də
maraqlı tamaşaları
ilə yaddaşlarda xoş təəssüratlar
oyatdı.
16 dekabr – Qurultayın 3-cü günündə qonaqların şəhərə ekskursiyası təşkil olunmuşdu. Şəhərə gəzintinin ardınca günorta saatlarında Azərbaycan Dövlət Filarmoniyasında A.Paşayevin dirijorluğu ilə Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin konserti baş tutdu. Konsert Üzeyir bəyin “Arşın mal alan” musiqili komediyasından Müqəddimə ilə başlandı. Ardınca S.Rüstəmovun “Bayatı- Kürd” fantaziyası, Əməkdar artist Almaz Orucovanın ifasında Niyazinin “Qaragilə” ,Hacı Xanməmmədovun tar ilə xalq çalğı alətləri orkestri üçün “ 3 saylı konsert ” solist Əməkdar artist Sahib Paşazadənin təqdimatında səsləndi. Proqramın ikinci hissəsində Ramiz Zöhrabovun “Uşaq lövhələri”,D.Dadaşovun “Rəqs süitası”,F.Əmirovun “Kor ərəbin mahnısı”, H.Adıgözəlzadənin “Vallah,adam qocalmaz” mahnısı,K.Əhmədovun “Cəngi”,Y.Xəlilovun “Yallı”, V.Allahverdiyevin “Azərbaycan torpağıyam” kompozisiyası alqışlarla qarşılandı.
Musiqi bayramı tamaşalarla – Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında F.Əmirovun “Sevil” operası, Dənizçilərin Mədəniyyət evində Ramiz Mirişlinin “Amerikalı kürəkən” musiqili komediyası ilə davam etdirildi.
17 dekabr – festivalın 4-cü günündə Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda kamera konserti həyata keçirildi. Konsert proqramı A.Zeynallının “Muğamsayağı” əsəri ilə başlayıb, G.Mirzəyeva, R.Xəlilov, F.Nağıyev,İ.Zeynalov, T.Əkbərin,A.Məlikovun əsərləri ilə davam etdi.
Silsilə tədbirlərin davamı olaraq axşam Kamera və Orqan musiqi zalında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti baş tutdu. Teymur Göyçayevin bədii rəhbərliyi və dirijorluğu ilə Azərbaycan bəstəkarlıq məktəbinin nümayəndələrinin – A.Əlizadə, R.Ramazanov, M.Cəfərov, S.İbrahimova, D.Dadaşov, S.Əliyev, G.Abdullayeva, A.Yusifova, R.Xəlilov, N.Şəfiyevanın əsərləri səsləndi. Konsertin 2-ci hissəsində Aqşin Əlizadəyə həsr olunmuş yeni kitabın təqdimatı keçirildi.
Azərbaycan Bəstəkarlar İttifaqının IX Qurultayının sonuncu günü Azərbaycan Bəstəkarlar İttifaqının konfrans zalında dəyirmi masa ətrafında müzakirə ilə başlandı. Axşam saatlarında isə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında IX Qurultayın yekun konserti həyata keçirildi. Konsertdə Əməkdar İncəsənət xadimi Azad Əliyevin bədii rəhbər və dirijorluğu ilə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik orkestrinin ifasında C.Zülfüqarov, O.Rəcəbov, Ə.Rəhmətova, Y.İmanov, M.Umudov,A.Mirzəyev, L.Cəfərova,Y.Mirişlinin əsərləri səsləndi. Yekun konsert proqramı dahi bəstəkar Qara Qarayevin yaradıcılıq irsindən “İldırımlı yollarla” baletindən Süita ilə sona çatdı. Qurultayın hər bir konsert proqramına Azərbaycanın musiqi mədəniyyəti tarixində dərin izlər qoymuş bəstəkarın əsəri ilə başlanması və yekun konsertin də böyük bəstəkarın əsəri ilə bitirilməsi Azərbaycan bəstəkarlıq məktəbinin əvəzolunmaz simalarına olan ehtiram və minnətdarlıq hisslərinin göstəricisidir.
Qurultayın konsert proqramlarının ardınca həmişə olduğu kimi Azərbaycan Bəstəkarlar İttifaqının yeni idarə heyətinin seçilməsi prosesi gerçəkləşdi. Sədr vəzifəsinə beynəlxalq aləmdə geniş şöhrət tapmış Respublikanın Xalq artisti, professor Firəngiz Əlizadənin yenidən seçilməsi tamamilə təbii göründü. Qurultay günlərində İttifaqın işini, onun hər bir üzvünün fəaliyyətini işıqlandıran dolğun məlumat xarakterli kitabçaların nəşri də bu fikri tam təsdiqləməyə əsas verdi. Son beş il ərzində İttifaqın fəaliyyətində yaranmış əhəmiyyətli dəyişikliklər və böyük canlanma bu seçimi labüd edirdi. İnanırıq ki, növbəti illər də Azərbaycan Bəstəkarlar İttifaqının tarixinə yeni, maraqlı və rəngarəng layihələr silsiləsi ilə daxil olacaq.
Nuray ƏLİYEVA
525-ci qəzet.-
2012.- 25 dekabr.- S.7.