İstedada qayğı gərəkdir
Bu gün respublikamızın suverenliyə, iqtisadi müstəqilliyə nail olmasını təmin edə bilən yüksək hazırlıqlı kadrlara malik olması bütün kəskinliyi ilə qarşıda durur. Ona görə də respublikamızın təhsil sisteminin bütün pillələrində – uşaq bağçasından tutmuş ixtisas alana qədər qabiliyyətli və istedadlı uşaqların və gənclərin aşkara çıxarılması və onların inkişaf etdirilməsi ən vacib məsələlərdən biri olmalıdır. Məhz bu səbəbdəndir ki, ümummilli liderimiz Heydər Əliyevin sədrliyi ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul edilmiş müstəqil dövlətimizin ilk demokratik Konstitusiyasında, “Təhsil haqqında” qanununda və təhsil sahəsində islahat Proqramında (1999) bu məsələyə xüsusi diqqət yetirilib.
Keçid dövrünün, bazar iqtisadiyyatı cəmiyyətinin sərt tələblərinə, xalqımızın müharibə şəraitində yaşamasına, 20 faiz torpaqlarımızın işğal altında olmasına baxmayaraq qabiliyyətli, istedadlı uşaqlara və gənclərə dövlət səviyyəsində böyük qayğı göstərilir. Dövlətimizin başçısı olarkən Heydər Əliyev istedadlı uşaqları və gəncləri şəxsən himayə edir, onlara diqqət və qayğısını əsirgəmirdi. Bu qayğının təzahürü olaraq ümummilli liderimiz “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” fərman vermiş, gənc istedadların “Qızıl kitabı”nı, “Gənc istedadlar fondu”nu yaratmışdır.
Qabiliyyətli, istedadlı uşaq və gənclərlə aparılan
işlərin daha sistemli,
səmərəli və məzmunlu təşkili üçün dövlətimizin
başçısı İlham Əliyev
cənablarının 17 aprel 2006 –cı il tarixli sərəncamı
ilə “Xüsusi istedada
malik olan
uşaqların (gənclərin) yaradıcılıq
potensialının inkişafı üzrə Dövlət
Proqramı” (2006 – 2010) təsdiq edildi. Proqramın qəbul edilməsində əsas məqsəd
respublikanın təhsil müəssisələrində mövcud olan istedad potensialını vaxtında aşkar edib onun inkişafını təmin etmək üçün xüsusi
tədbirlər həyata keçirməkdən, ölkə
ictimaiyyətinin diqqətini bu vacib məsələnin həllində
yaxından iştiraka yönəltməkdən,
istedadlı uşaq və gənclərin
inkişafına dövlət qayğısını gücləndirməkdən
ibarətdir.
Proqramda
irəli sürülən başlıca vəzifələrin
həyata keçirilməsi üçün Təhsil Nazirliyi
geniş Fəaliyyət planı hazırlayıb təsdiq
etmiş, nəzərdə tutulan tədbirlərin xeyli qisminin
icrasına nail olmuşdur.
İstedadlı gənclərin inkişafı üçün müvafiq şəraitin yaradılması baxımından ölkə başçısı tərəfindən təsdiq edilmiş “2007 – 2015 –ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət Proqramı xüsusi əhəmiyyət kəsb edir”. Proqram çərçivəsində görülən tədbirlər nəticəsində son beş ildə dünyanın inkişaf etmiş 27 ölkəsinin 200 –dən çox qabaqcıl ali məktəblərində və elmi mərkəzlərində 1700 –dən artıq gənc təhsil almış və almaqdadır.
Proqram və Fəaliyyət planında bir sıra elmi – tədqiqat işlərinin aparılması nəzərdə tutulsa da problemin köklü şəkildə araşdırılması, müvafiq təkliflərin və tövsiyələrin hazırlanması və pedaqoji ictimaiyyətə çatdırılması ilə əlaqədar görülmüş işləri qənaətbəxş hesab etmək olmaz.
Göründüyü kimi, bu problemin elmi cəhətdən işlənilməsi ilə bağlı alimlərimiz qarşısında çox vacib və təxirəsalınmaz məsələlər durur.
İstedadlı uşaq və gənclərin vaxtında aşkar edilib onların maraq və meylləri əsasında qabiliyyətlərinin, bilik, bacarıq və vərdişlərinin inkişaf etdirilməsi təhsil sistemi qarşısında duran problemlərdən biridir. Cəmiyyətdə, həyatda istedadın inkişafı bir sıra amillərdən, ilk növbədə, uşaqların, şagird və gənclərin intellektual səviyyəsinin üzə çıxarılmasını təmin edən tədbirlərə cəlbindən, həmin uşaqların müəyyənləşdirilməsinə kömək göstərən psixoloji xidmətin yaradılmasından, istedadlı uşaq və gənclərlə işləmək qabiliyyətinə malik müəllim, tərbiyəçi kadrların hazırlanmasından, təhsil müəssisələrində müasir tələblərə cavab verən möhkəm maddi-tədris bazanın olmasından asılıdır. Bu baxımdan cəmiyyətin yaradıcılıq və mənəvi potensialını hər vasitə ilə gücləndirmək zərurəti respublikanın təhsil sitseminin və ictimaiyyətinin qarşısında yeni, çox mühüm vəzifə – elmi və yaradıcı ziyalıların intellektual nəslini yetişdirmək, şagirdlərin və gənclərin fərdi qabiliyyətinin aşkara çıxarılması və onların yaradıcılıq potensialından istifadə edilməsi üçün maksimum şərait yaratmaq vəzifəsi durur.
Qeyd edək ki, son illər ölkəmizin siyasi, iqtisadi və sosial həyatında baş verən keyfiyyətcə yeni dəyişikliklər bütün sahələrə olduğu kimi, təhsilə də ciddi təsir göstərmiş, gənc nəslin təlim-tərbiyəsi işində əsaslı dönüşə yönəldilən, ölkənin təhsil sisteminin gələcək inkişaf yollarını müəyyənləşdirən mühüm qanunlar, qərarlar qəbul olunmuş, bu istiqamətdə normativ sənədlər işlənib hazırlanmış, təhsil orqanlarına, təlim-tərbiyə müəssisələrinə çatdırılmışdır. Bu sənədlərdə uşaqların hərtərəfli, bütöv şəxsiyyət kimi yetişdirilməsi, onların istedad və qabiliyyətlərinin ardıcıl inkişaf etdirilməsi ümumdövlət əhəmiyyətli vəzifə kimi qəbul olunmuş, ümumi orta təhsilin əsas prinsipləri gözlənilməklə təlimin çoxvariantlılığı ideyası irəli sürülmüşdür. Belə bir fikir yekdilliklə müdafiə olunur ki, məhz müxtəlif variantlı təlim formalarının geniş tətbiq edilməsi hər bir şagirdin maraq, meyl və qabiliyyətinə müvafiq olaraq onların təbii imkanlarını üzə çıxarmağa əlverişli şərait yaradacaqdır.
Məlumdur ki, dünyanın bir sıra qabaqcıl ölkələrinin sürətli elmi-texniki tərəqqisinin əsas səbəbi bu ölkələrdə cəmiyyətin intellektual qüvvəsindən düzgün istifadə edilməsi, istedadlı uşaqların vaxtında aşkar olunması və onların inkişafı üçün hərtərəfli şərait yaradılması istiqamətində elmi cəhətdən əsaslandırılmış vahid dövlət diaqnostik xidmət sisteminin işlənib hazırlanması və müvəffəqiyyətlə həyata keçirilməsi olub. Bu baxımdan bizim ölkənin inkişafca yeni səviyyəyə qalxması malik olduğumuz istedad potensialından necə istifadə edə biləcəyimizdən çox asılıdır. Xüsusilə respublikamızın iqtisadi müstəqilliyə qədəm qoyduğu, bazar iqtisadiyyatı yolu ilə irəlilədiyi indiki dövrdə yaradıcı düşünə və işləyə bilən adamlara ciddi ehtiyac yaranıb.
Son illərdə qabiliyyətli, istedadlı şagirdlərin aşkar edilməsi və inkişaf etdirilməsi istiqamətində müəyyən işlər görülüb, müvafiq tədbirlər həyata keçirilib, respublika hökuməti tərəfindən bütün ümumi orta (natamam orta), tam orta məktəblərə, gimnaziya və liseylərə psixoloq ştatı ayrılıb.
Hazırda ölkəmizdə fəaliyyət göstərən 4118 ümumi orta (natamam orta) və tam orta məktəblərdə (2011/12 –ci dərs ili) psixoloqlar işləyir.
Lakin Təhsil Nazirliyinin aparatında bu böyük psixoloqlar ordusunun işini istiqamətləndirən,
tənzimləyən və nəzarət edən nə bir bölmə, nə də bir
mütəxəssis var. Bu
məsələ dəfələrlə
qaldırılmasına baxmayaraq hələ
də öz müsbət həllini
tapmayıb.
İstedadlı şagirdlərin üzə çıxarılması və inkişaf etdirilməsində fənn olimpiadalarının rolu inkaredilməzdir. Uzun illər ərzidə fənn olimpiadalarının təşkili və keçirilməsində məktəblərimiz və müəllimlərimiz müəyyən təcrübə toplamışlar. 50 ildən artıqdır ki, respublikamızda məktəblər, rayonlar (şəhərlər) və respublika üzrə riyaziyyat, fizika, kimya və biologiya fənlərindən olimpiadalar keçirilir, qaliblər keçmiş ittifaq və beynəlxalq turlarda iştirak edirdilər. 80-ci illərin ikinci yarısında qeyd edilən fənlərə informatika da əlavə olundu. Ölkəmiz suverenlik əldə etdikdən sonra respublikamızın məktəblilərdən ibarət komandası müstəqil olaraq bir çox beynəlxalq olimpiadalarda iştirak etməyə başlayıb.
Müstəqillik illərində 1992 –ci ildən başlayaraq ölkəmizin məktəbliləri Dünya olimpiadalarında iştirak etmiş, 12 qızıl, 35 gümüş, 53 bürünc medal əldə etmiş, dünyanın 50-dən çox ölksində Vətənimizi təmsil etmişdilər.
Bununla belə bir həqiqəti etiraf etmək lazımdır ki, istedadlı şagirdləri olimpiadalara hazırlamaq məqsədilə məktəblilər və müəllimlər üçün müxtəlif fənlər üzrə elmi-nəzəri,elmi-metodik, elmi-populyar əsərlər, sorğu kitabları, lüğətlər və s. ədəbiyyat buraxılışı qənaətbəxş deyil. Bu sahədə Təhsil Problemləri İnstitutunun, Universitetlərimizin müvafiq kafedralarının, alimlərin, mütəxəssislərin məqsədyönlü fəaliyyəti çox vacibdir.
Respublikamızda hazırda 400-ə yaxın məktəbdə müxtəlif fənlər üzrə – 4500-dən çox təmayüllü siniflər fəaliyyət göstərir. Onlara seçmə yolla 40 minə yaxın qabiliyyətli şagird cəlb edilib. Artıq 50 ilə yaxındır ki, bu siniflər (məktəblər) fəaliyyət göstərir və bu dövr ərzində ayrı-ayrı fənlərin nəzəri və praktik cəhətdən dərindən öyrədilməsi sahəsində müəyyən müsbət təcrübə toplanıb. Bu siniflərin (məktəblrin) məzunları müvəffəqiyyətlə ali məktəblərə daxil olur, elm, təhsil, mədəniyyət və xalq təsərrüfatının müxtəlif sahələrində uğurla çalışırlar. Belə siniflərin (məktəblərin) mövqeyini möhkəmləndirmək, tədris-maddi bazasını gücləndirmək, yüksək ixtisaslı elmi-pedaqoji kadrlarla təmin etmək hər bir məktəb və R(Ş) TŞ rəhbərinin vəzifə borcudur.
Son illərdə qabiliyyətli uşaqların bilik, bacarıq və vərdişlərinin daha da inkişaf etdirilməsi üçün müvafiq şəraitin yaradılması məqsədilə yeni tipli tədris müəssisələrinin – gimnaziya və liseylərin yaradılmasına da xüsusi diqqət yetirilir. Bununla bağlı “Təhsil haqqında” qanununda oxuyuruq: “Dövlət maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin təhsilini davam etdirməsinə təminat verir, sosial müdafiəyə ehtiyacı olanların təhsil almasına şərait yaradır”.
Rusiyada, MDB ölkələrində, o cümlədən Azərbaycanda lisey və gimnaziyalar ümumi təhsil müəssisələrinin bir növü kimi fəaliyyət göstərir.
Bəs hazırda respublikamızdakı yeni tipli tədris müəssisələri – gimnaziyalar və liseylərin qarşısında qoyulan məqsəd və vəzifələr nədən ibarətdir? Qabiliyyətli və istedadlı uşaqları aşkara çıxarmaq; ölkənin intellektual potensialının formalaşması prosesində fəal iştirak etmək, şəxsiyyətin yüksək mənəvi və vətəndaşlıq keyfiyyətlərini inkişaf etdirmək; ümumi təhsilin məzmununun baza komponentlərinin genişləndirilməsi əsasında hər kəsin fərdi keyfiyyətlərini inkişaf etdirilməsinə şərait yaratmaq, özünütəlim və özünüinkişafı formalaşdırmaq; şagirdləri ali təhsil almağa, yaradıcı əməyə, müxtəlif sahələrdə elmi və praktik fəaliyyətə hazırlamaqdır. Deyilənlər baxımından müasir gimnaziyalar, liseylər haqqında nə demək olar?
Gimnaziya (lisey) – axtarışda olan,şagirdlərin maraq, meyl və qabiliyyətlərini nəzərə almaqla fərdiləşdirmə və diferensiallaşdırma əsasında təlim-tərbiyənin yeni məzmununu elmi-metodik cəhətdən işləyib hazırlayan və onu həyata keçirməyin forma və metodlarını müəyyənləşdirən və tətbiq edən, yüksək hazırlıqlı elmi-pedaqoji potensiala, güclü tədris-maddi bazaya malik, uşaqların mənəvi və fiziki inkişafı üçün əlverişli şərait yaradan orta ümumtəhsil müəssisəsidir.
Qeyd edilən tələbləri yerinə yetirmək məqsədi ilə təhsil sahəsində islahat Proqramında “Xüsusi istedada malik olan şagirdlərin vaxtında aşkar edilməsi və onların təhsilinin inkişafını təmin etmək üçün yeni tipli təhsil müəssisələrini yaratmaq” məsələsi qarşıya qoyulub.
Dərslərdə – tədris prosesində əldə edilən biliklər sinifdənxaric məşğələlərdə və məktəbdənkənar təlim-tərbiyə müəssisələrindəki dərnəklərdə, bölmələrdə daha da dərinləşdirilməli və genişləndirilməlidir. Bunun üçün həmin təlim-tərbiyə müəssisələrinin rəhbərləri hər cür şərait yaratmalıdırlar.
Yadda saxlamaq lazımdır ki, yeni tipli tədris müəssisələrinin yaradılması hər hansı bir məktəbin adının sadəcə dəyişdirilməsi demək deyildir. Həmin müəssisələrdə təlim prosesi sırf diferensial xarakter daşımalı, çoxvariantlı və fərdi tədris planları, proqramları tətbiq edilməli, bunlara yüksək elmi-nəzəri hazırlığa, pedaqoji və metodik kamilliyə, yaradıcılıq qabiliyətinə malik alimlər, müəllimlər cəlb olunmalı, müasir tələblərə cavab verən tədris-maddi baza –proqramların tələbləri baxımından təchiz olunmuş fənn kabinetləri, laboratoriyalar, kompüter sinifləri, zəngin kitabxana və s. yaradılmalıdır. Kitabxanalarda digər ədəbiyyatlarla yanaşı müəssisənin profilinə uyğun elmi, elmi-kütləvi əsərlərlə, sorğu kitabları, lüğətlər və s. daha dolğun təchiz edilməsi çox vacibdir. Çünki bu, şagirdlərin öz üzərlərində müstəqil yaradıcı işləmələrinə şərait yaradar.
Gənclərin qabiliyyətlərinin durmadan inkişaf etdirilməsi, formalaşması və canlanmasında tədrislə bərabər tərbiyə işinin də düzgün təşkil edilməsi başlıca amillərdəndir. Bu iş müəllimlərdən, tərbiyəçilərdən və valideynlərdən gərgin əmək və səbr tələb edir. Çünki bu vunderkindlər (möcüzəli uşaqlar) qeyri-standart adamlardır. Təlim-tərbiyə prosesində büdrəmələr, durğunluq, hətta geriləmə baş verə bilər.Bu halda yaranmış vəziyyət müəllimlər, tərbiyəçilər, psixoloq və valideyn tərəfindən dəqiq təhlil edilir, səbəblər aşkar olunur və durğunluğu, geriləməni aradan qaldırmaq üçün yollar müəyyənləşdirilir.
Qabiliyyətli, istedadlı uşaqlar, gənclər təkəbbürdən, lovğalıqdan çəkindirilməli, həmişə öyrənməyə, axtarışda olmağa, elmin, sənətin sirlərinə səbrlə, təmkinlə yiyələnməyə sövq edilməlidirlər.
XIII əsrin sonu, XIV əsrin əvvəllərində yaşayıb yaratmış görkəmli Azərbaycan şairi və mütəfəkkiri Marağalı Əvhədi qabiliyyətli, lakin zatı naqis olan şəxsə təhsil verilməsini belə məsləhət görmürdü. Onun fikirincə, zatən ziyankarlığa meyilli şəxslər təhsil aldıqdan sonra ziyanlı işlərini daha təsirli, daha məharətlə yerinə yetirə bilərlər.. Belə qabiliyyətlilər psixoloqlar, müəllimlər və tərbiyəçilər tərəfindən erkən yaşlarından aşkar edilməli və çox ciddi tərbiyə edilməli və daim nəzərdə saxlanılmalıdır.
Fədakar müəllimlər, tərbiyəçilər, alimlər inanırlar ki, onların ən yaxşı təhsil və tərbiyə almış, yüksək intellektə və yaradıcılıq qabiliyyətinə malik şagirdləri yeni dünya yaradacaqlar.
Qabiliyyətli uşaqların və gənclərin aşkar edilməsi və inkişaf etdirilməsi mürəkkəb və çoxcəhətli işdir. Bu işi həvəs və səbrlə ölkəmizin gələcək inkişafı üçün döyünən ürəyi, qəlbi, möhkəm iradəsi olan müəllimlər, tərbiyəçilər, alimlər, valideynlər, uşaq və gənclər təşkilatları aparmalıdır. Bu işə elmi istiqamət vermək, elmi – praktik əsaslara söykənən sistemini yaratmaq məqsədilə ölkədə müvafiq qurumun-Elmi-metodik mərkəzin yaradılması məqsədəuyğun olardı.
Arif Muradov
Azərbaycan Respublikasının
əməkdar müəllimi
525-ci qəzet.- 2012.-
25 dekabr.- S.4.