Zamanlara meydan oxuyan əsər

 

 

İllərlə gözlədiyim bir xəbəri eşidəndə, sözün düzü, bir qədər təsirləndim. Elə bil, təxminən bir il öncə Azadlıq radiosuna verdiyim müsahibənin gerçəkləşməsi sahəsində atılan ilk addımlardan birini eşitdim. Düzü “Əli Nino” əsəri ətrafında gedən mübahisələrə rəğmən, çox istəyirdim ki, bu əsəri qərb kino rejissorları bədii film kimi çəksinlər. Bu mövzu ilə bağlı həm türk, həm gürcü rejissorları film çəkmək maraqlarını mətbuatla bildirmişdilər. Çoxları bu arzu ilə yaşasa da həmişə olduğu kimi, qərb mütəxəssisləri bizi qabaqladı.

Tarixən şərqin yaratdığı  əşyalardan tutmuş daha nələrə qədər keçmiş dövrlərdən, şərqlilərdən öyrənən qərb səyyahları gördüklərini, eşitdiklərini əlyazma şəkil kimi çəkmişlər. Bu baxımdan alman alimi səyyahları Sitilbergin, Tektandeirin XV əsrdə, Adam Olariusun Enqelbert Kembferinin XVI əsrdə  Azərbaycana Uzaq Şərqə səfərləri mühitin adət ənənələrinin öyrənilməsi ilə yanaşı, burada yaradılan əşyalarla tanışlıq ən azından kağız üzərinə şəkil kimi köçürülməsi ilə yekunlaşırdı. Sonrakı illərdə çap olunan kitab şəkillərə əsaslanaraq qərblilər gördüklərini müasir texnologiyalarla ərsəyə gətirmişlər.

Kinonun çəkilişi ərəfəsində bu əsər ətrafında illərlə aparılan araşdırmalara nəzər salsaq düşünürəm ki, oxuculara maraqlı olacaq. Belə ki “Əli Nino” əsərinin  şərqli tərəfindən yazılması aksiomdur. Ancaq bəzi həvəskar tədqiqatçılar müəllifi başqaları ilə səhv salıb milliyətcə kim olmasına qədər yozmalar aparmaqda israrlı olaraq, müxtəlif fikirlər söyləməkdədirlər. Ancaq ən maraqlısı odur ki, mövzu öz aktuallığı ilə Amerikadan Şərqə qədər araşdırılıb.

Almaniyada mühacir həyatı yaşamış soydaşımız Hilal Münşi 1930-cu ildə Berlində alman dilində yazdığı “Die Azerbaidsnische rebublic” kitabında Əsəd bəyin Berlin həyatını təsvir edərək onun daha çox digər cəmiyyətlərdə iştirak etməsini vurğulayır.

İngilis dilində yenicə əldə etdiyim materiallarda məhz onun rus icmasının nümayəndələri ilə münasibətləri, rus mühacirlərinin yazdığı kitablarda Əsəd bəyin həyatı, “Əli Nino” əsəri ilə bağlı maraqlı fikirlərin, araşdırmaların davamı  təqdim olunur.

Şərqdə ilk Azərbaycan Demokratik Respublikasının yaranmasını əks etdirən roman o dövr üçün öz tolerantlığı ilə çoxlarının diqqətini cəlb etmiş Qafqaza olan marağı daha da artırmışdı.

Əsəd bəyin Avropa həyatına nəzər salsaq görərik ki, Vətən həsrəti ilə yaşamış M.Əsəd bəy dostluq etdiyi avstriyalı xanım Boronessa Elfriede  Ehrenfels von Bodmershofla sonralar bir-birlərinə yazdığı məktublarda “Kurban Səid” ləqəbindən istifadə etmələri çox suallara cavab verir. Məhz 1974-ci ildə H.Ahmed Schmiedeyə məktubunda Boronessa Elfriede  Ehrenfels von Bodmershof  belə yazıb:

“Hörmətli cənab Şmiede,

Sizə türk dilləri üzrə tərcüməçi-mütəxəssisi olaraq məlumat vermək istərdim ki, “Qurban Səid” Bakıda doğulmuş Məhəmməd Əsəd bəyin yazıçı kimi götürdüyü ləqəbdir mən Əsəd bəylə onun “Qızıl Buynuzlu Qız” adlı romanının 1938-ci ildə nəşrində iştirak etmişəm.

Hörmətlə

Elfriede  Ehrenfels von

Bodmershof”

Tarixi gedişatlarda görünür ki, 1937-ci ildə Venanin Tal nəşriyyatında çap olunan “Əli Nino” əsəri onların öz aralarındakı razılığa əsasən “Kurban Səid” ləqəbi ilə çap olunub.

İlk tədqiqatçılardan olan alman alimi professor Gerhard Höpp əfsanəvi Məhəmməd Əsəd bəyin həyat yaradıcılığını Berlinin Şərqi Tədqiqatlar İnstitutunda araşdırıb. Təsadüf olsa M.Əsəd bəy 1942-ci ildə dünyasını dəyişmiş, Gerhard Höpp isə anadan olmuşdu. 2010-cu ildə dünyasını dəyişmiş, almancadan türkcəyə tərcüməçi kimi tanınmış  tədqiqatçı H.Ahmed Schmiede 2005-ci ildə yazdığı məktubunda bu mövzu ilə ilişkilərini qeyd etmiş öz arxivini mənə göndərmişdi.

Alman alimləri ilə uzun müddətli yazışmalarıma əsaslanaraq sonda gəldiyim qənaət belə oldu ki Qurban-müsəlman aləmindəki nəyisə nəyəsə qurban vermək, Səid isə ərəbcədə könüllü deməkdir. Yəni müəllif  əslində keçən əsrin 30-cu illərində faşist Almaniyası tərəfindən izləndiyi üçün gizlənərək, öz dünya şöhrətli əsərini ləqəblə çap etməyə məcbur olmuş könüllü qurban vermişdi.

Çox qəribə cəhət odur ki, Əsəd bəyin Pozitonada yaşadığı dövrdə ona yazılan müxtəlif səpkili məktublarda o Leo Əsəd bəy İbrahim kimi göstərilir. Ancaq nəzərə alaq ki, Pozitonada yaşadığı evin, xatirə lövhəsinin üzərində məhz Əsəd bəy, Qurban Səid yazılması hamının diqqətini çəkir.

Alman-Azərbaycan cəmiyyətinin təşkilatçılığı ilə 2005-ci ildə Bakıda M.Əsəd bəyin 100 illik yubileyinə gəlmiş italiyalı professor Romalo Erkolino 5 yaşında ikən onu canlı görmüş, Pozitono şəhərinin o dönəm komendatı olmuş atasının himayəsi sayəsində onların evində gizlənərək yaşadığı dövrü, onun xəstəlikdən əziyyət çəkməsinə rəğmən yazıdan da doymadığını xatırlayaraq göz yaşlarını saxlaya bilmirdi. Bakıya səfəri zamanı Romolo Erkolino yuxuda imiş kimi davranır, həyat yoldaşı ilə Fəvvarələr meydanında yeni açılmış “Əli Nino” kitab mağazasını gördüyünə sevinərək xatirələrini  danışırdı. O da  bu mövzu ilə bağlı arxivlərini mənə göndərmişdi.

Heç təsadüfi deyil ki, M.Əsəd bəyin 100 illik yubileyində Niderland rejissoru Jos de Putter tərəfindən ərsəyə gələn təxminən bir saatlıq sənədli film Bakıda “Kapelhauz” Alman-Azərbaycan mədəniyyət mərkəzində təqdim edilmiş salondakıları heyran edərək müxtəlif fikirlərin ərsəyə gəlməsinə səbəb olmuşdu. Yadımdadır, filmi seyr edəndən dərhal sonra Barat Abdullayev Əsəd bəyi imkanlı olduğunu o dövr Avropaya inqilabdan sonra emiqrasiya olunmuş yazıçılardan əsərlərin əl yazmasını alıb öz adına çap etməsi fərziyyəsini irəli sürmüşdü. Bu fərziyyəni dəstəkləyən Rəşad Məcid həmçinin onun mühacirət həyatını bacarıqlı yazıçı kimi qələmə almışdı.

Əsəd bəyin yubileyi 2005-ci ildə Almaniyada Herman-Hesse muzeyində, Polşada Elmlər Akademiyasında Pozitona şəhər meriyasında onun yaradıcılığını izləyənlərin iştirakı ilə keçirilmişdi. Sonrakı dövrlərdə Azərbaycan Milli Kitabxanası Hotte institutunun dəstəyi ilə keçirilən Leo Nisembaum, Əsəd  bəy, Qurban Səid; “Əli Nino əsərinin müəllifi kimdirədəbiyyat sərgisinin açılışında çıxış edən berlinli gənc tədqiqatçı Jasmin Bölinq konfransda öz tədqiqatı haqqında danışmış, 70-dən çox fotoşəkil arxiv materiallarını da təqdim etmişdi.

Azərbaycan tarixinə, ədəbiyyatına, mədəniyyətinə töhfə verən bu əsərin 2007-ci ildə keçirilən 70 illik yubileyində xarici qonaqlar tərəfindən müxtəlif fikirlər səslənmişdi. Fikirlərin müxtəlifliyi əsas verir ki, deyək, əsər bu gün də aktualdır və ona görə də 33 dilə tərcümə olunub, müxtəlif müəlliflər tərəfindən bu mövzu ətrafında məqalə və kitablar çap olunub.

Belə ki, Azərbaycanda prof. Abbas Zamanov, prof. Zeydulla Ağayev, prof. Həsən Quliyev, Həmid Herişci, Rusiyada Çingiz Hüseynov, Ramiz Abutalıbov, Gürcüstanda prof. Nona  Gaprindaşvili, M.Miranaşvili, Almaniyada Məcid Musazadə, Uli Rootfös, Orxan Aras, Paulo Schrode, Jutto Brethaver, Amerikada Tom Reiss, Peter Mayer Polşada prof.Zelichovski, Voycex Quretski kimi mütəxəssislər bu mövzuda araşdırmalar aparıblar.

2011-ci ilin dekabr ayında bu mövzu ilə bağlı Yazıçılar Birliyində Xalq yazıçısı Anarın sədrliyi ilə keçirilən geniş müzakirədə “Azərbaycan international” jurnalının baş redaktoru Betti Bleyer öz fərziyyələri ilə çıxış edərək Əsəd bəyin yaradıcılığına şübhə ilə yanaşmışdı. Xalq yazıçısı Anar obyektiv apardığı müzakirədə mənə söz verərkən  tələskənliyə yol verməməyi, onaonu dəstəkləyən bəzi alimlərə əsasən xaricdə çəkilən sənədli film, aparılan araşdırmalara bir daha diqqətlə nəzər salmalarını tövsiyə edərək öz fikrimi bildirmişdim.

Nəhayət bu müzakirələr fonunda bəstəkar Aydın Əzimovun və alman sənətçilərin təşəbbüsünü nəzərə alaraq təxminən bir il əvvəl “Əli və Nino” əsərinə opera yazılması münasibəti ilə Alman-Azərbaycan cəmiyyəti adından Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə məktub ünvanlanıb. Yəqin ki, gələcəkdə bu ideya gerçəkləşəcək.

2007-ci ildə Bakıda Teatr İttifaqının dəstəyi ilə (Elvin Mirzəyev Əli rolunda, Nigar Həsənzadə Nino rolunda) gənclər tərəfindən tamaşaya qoyulan “Əli və Nino” əsəri anşlaqla keçərək, əsasən də gənclərin sevimli tamaşasına çevrilib.

İtaliyada bu yaxınlarda Əsəd bəyin həyatını əks etdirən muzeyin yaradılması ideyasını eşitdikdə isə bu xeyirxah işdə muzeyə göndərəcəyim materiallarla dəstək verəcəyimə görə çox sevindim

Əlamətdar haldır ki, xaricdə Nizamidən , Mirzə Şəfi Vazehdən sonra daha bir azərbaycanlı yazıçının yaradıcılığını əks etdirən guşə olacaq. Əlbəttə bütün bunlar xarici ölkələrdə əlaqələrin möhkəmlənməsinə, diasporun  formalaşmasına rəvac verən amillərdəndir.

Sevindirici haldır ki, nəhayət, Oskar mükafatçısı Kristofer Hemptonun ssenarisi əsasında Londonun “People films” şirkətinin dəstəyi ilə bu möhtəşəm əsər öz unikallığı ilə ərsəyə gələrək Hollivud filmləri arasında öz möhtəşəmliyi ilə seçiləcək.

Eyni zamanda Kristofer Hemptona  “Əli və Nino” romanı üzərində çalışmadan öncə M.Əsəd bəyin Almaniyada çap olunmuş “Şərqdə neftqan” əsərini oxumağı məsləhət görərdim. Yəqin K.Hempton əsər üzərində işlədiyi dövrdə Bakıda çalışmış ingilisya amerikalılarla da fikir mübadiləsi aparacaq, keçmiş dövrlə müqayisədə müasir dövrün oxşar cəhətləri, adət-ənənələri ilə də maraqlanacaq.

İstərdim ki, çəkiləcək kino kitab kimi uğurlu alınsın və milyonlarla tamaşaçının rəğbətini qazansın. Ümid edək ki, bədii film bir çox möhtəşəm ödüllərlə yanaşı Oskar mükafatına da layiq görüləcək.

 

 

Çingiz Abdullayev

Kulturologiya elmləri doktoru, BSU-nun professoru,

Almaniya-Azərbaycan Cəmiyyətinin sədri

525-ci qəzet.- 2012.- 26 dekabr.- S.4.