Yeddi oğuldan biri anıldı  

 

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin fakültə və kafedraları uzun illərdi bir növ elmi mərkəz rolunu oynayır, 90 yaşlı bu qocaman elm-sənət ocağında zaman-zaman təhsil alan tələbələri müstəqil həyata, çətin olsa da həm də gözəl, sirli-soraqlı sənət dünyasına inam və arxayınçılıqla yola salır. Doğma universitetlərindən ayrılıb sonradan müstəqil həyata atılan, sənət yollarında rast gəldikləri, birgə çalışdıqları məşhur sənət xadimləri, aktyor, rejissor, rəssamlarla üzləşəndə, onlarla ünsiyyətdə olanda bir daha tələbəlik illərinin xoş xatirələrini yaşayır, o illərdə öyrəndikləri, bildiklərini göz önünə gətirirlər.

ADMİU-nun layiqli yetirmələrindən olan “Sənətşünaslıq” fakultəsinin, “Teatrşünaslıq” , “Ədəbiyyat və Azərbaycan dili”, “Ekran dramaturgiyası” və “Kinoşünaslıq” kafedralarının əməkdaşları yalnız sənət nəzəriyyəsi, onun əsaslarını öz yetirmələrinə tədris etməklə kifayətlənmir, yeri gələndə ayrı-ayrı korifey sənətkarlarla tələbələrin görüşlərini təşkil edir, bir növ nəzəriyyə ilə təcrübənin vəhdətini nümayiş  etdirirlər. Son aylar ərzində ölkə Prezidenti İlham Əliyevin sərəncamlarında adları qeyd olunan Azərbaycanın ünlü şair, dramaturq, ədəbiyyatşünas, rejissor və aktyorlarının əlamətdar yubileyləri ilə əlaqədar ADMİU-da dalbadal keçirilən tədbirlər barədə KİV-də məlumatlar dərc edilib. sevindirici haldır ki, universitetin Elmi şura zalında, sərgi salonlarında, dəhliz və auditoriyalarında keçirilən bu tədbirlər, elmi-nəzəri konfranslar yalnız protokol xatirinə deyil təşkilatçıların qəlb istəyi, könül diləyi kimi meydana gəlir. Dekabrın 25-də “Kinoşünaslıq” kafedrası əməkdaşlarının görkəmli kino aktyoru, Xalq artisti Şahmar Ələkbərovun 70 illiyinə həsr olunmuş tədbiri də belə bir istəyin təzahürü idi. “Azərbaycanfilm”in istehsal etdiyi 30-dan çox filmdə rol almış, radio efirindən, televiziya ekranlarından sənətsevərlərə yaxşı tanış olan bu istedadlı sənətkara olan xalq məhəbbəti tədbirin elə ilk dəqiqələrindən hiss olunurdu. Şahmar Ələkbərov sənətinin, onun unikal şəxsiyyətinin pərəstişkarı olan sənət xadimləri, tələbə və müəllimlər böyük həvəs və ehtiramla bu törənə qatılır, həyatdan vaxtsız getmiş, bir sıra kino layihələrini həyata keçirməyə fürsət tapanda bizləri tərk etmiş Şahmar Ələkbərov barədə danışmaq, xatirələrini bölüşmək istəyirdilər. Tədbirin aparıcısı, ADMİU-nun “Səhnə danışığı” kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı qonaqları təqdim etdikcə zalda səmimi bir ovqat yaranır, alqış sədaları ucalırdı. Xalq artisti Rafiq Əzimov, tanınmış kinoşünas Aydın Kazımzadə, hələ gənclik illərində “Əhməd haradadır” filmində yaratdığı obrazla milyonların sevgisini qazanmış əməkdar incəsənət xadimi Elxan Qasımov, ekran tamaşaçılarının “Bəxt üzüyü”ndən  tanıyıb sevdikləri Xalq artisti Valeh Kərimov və uzun illər Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Şahmar Ələkbərovla birgə çalışmış, bu gün isə ADMİU-nun “Kinoşünaslıq” kafedrasına rəhbərlik edən professor Aydın Dadaşovun aktyor haqqında nə söyləyəcəklərini gənclər böyük maraqla gözləyirdilər.

Tədbiri giriş sözü ilə açan “Kinoşünaslıq” kafedrasının gənc müəllimlərindən olan Samir Musayev Şahmar Ələkbərovun sənətdə, xüsusən də kinomuzun inkişafındakı xidmətlərini qeyd etdi.

Məşhur “Yeddi oğul istərəm” filmində qəhrəmanlardan birinin-Qəzənfərin obrazını yaratmış Şahmar barədə ürək sözlərini söyləyən, həmin filmdə Şahsuvar rolunda çəkilmiş Xalq artisti Rafiq Əzimova həyəcansız qulaq asmaq mümkün deyildi.

Şahmarın sənət dostu Elxan Qasımov öz çıxışını daha çox mərhum sənətkarın şəxsi keyfiyyətləri, insani məziyyətləri üstə qurdu. Dedi ki, Şahmar heç zaman özünü gözə soxmaz, filmdə rol almaq üçün dəridən-qabıqdan çıxmazdı. Amma qəribə haldır ki, hətta ilk baxışda quru görünən bu adamı hamı çox istər, rejissorlar isə  rol bölgüsündə daim onu önə çəkərdilər. Çünki o, şəxsiyyətinin tamlığı ilə sənətkarlığını eyni tutar, ona tapşırılan işin öhdəsindən gəlmək üçün əsl sənətkar axtarışlarına çıxardı.

Kinoşünas Aydın Kazımzadə Şahmarın kinomuzda yaratdığı obrazlar qalereyası ilə məclis iştirakçılarını tanış etdi, onun Azərbaycan ekran mədəniyyətindəki rolunun danılmaz olduğunu vurğuladı. Valeh Kərimovsa “Bəxt üzüyüfilminin çəkilişləri öncəsi Şahmarla rastlaşarkən Moşu obrazı ilə bağlı onun verdiyi tövsiyələri xatırladı. V. Kərimovun Sumqayıt Teatrında qoyulan tamaşadakı həmin işindən xəbərdar olan Şahmar aktyora məsləhət görübmüş ki, nəbadə dublyajda səni başqa aktyorun səsləndirməsinə razılıq verəsən, Moşunun dadı-duzu elə sənin öz səsindədir.

Professor Aydın Dadaşov son illər Şahmarın kino rejissorluğuna olan sonsuz marağının hardan qaynaqlanması barədə açıqlamalar verdi və təəssüflə qeyd etdi ki, əcəl “Qəzəlxan” filmi ilə Azərbaycan ekran sənətinə gətirdiyi yeni ovqat, orijinal ab-havanı davam etdirmək üçün Şahmara vaxt vermədi və onun bir sıra arzuları kimi rejissor layihələri də həyata keçmədi.

Tədbirdə Şahmar Ələkbərovun uzun illər Azərbaycan radiosu və televiziyadakı xidmətləri də çıxış edənlər tərəfindən söylənildi.

İsti, səmimi duyğular axını ilə müşaiyət olunan, sənətkar sayğısının əyani görünüşü kimi yaddaşlarda qalacaq yubiley tədbiri barədə son sözü isə ADMİU-nun  “Tərbiyə və humanitar işlər” üzrə prorektoru Gülşən Kəngərli – Əliyeva dedi. O, aktyorun 70 illiyinə həsr olunmuş tədbirin yüksək səviyyədə hazırlanmasını və bunun tələbə-gənclərdə Şahmar Ələkbərovun çoxşaxəli yaradıcılığı barədə dolğun təsəvvür yaratmasını razılıqla qeyd etdi.  

 

İ.Mehdizadə

525-ci qəzet.- 2012.- 27 dekabr.- S.7.