Ədəbiyyat nəzəriyyəsinin elmi-metodoloji aspektləri

 

 

Azərbaycan ədəbiyyatşünaslığında M.Rəfilinin “Ədəbiyyat nəzəriyyəsinə giriş” kitabının ədəbiyyat nəzəriyyəsinə dair ilk dərslik olmasına dair fikir formalaşıb. Müəyyən mənada, bu doğrudan da belədir. Lakin professor N.Şəmsizadə yenicə çap olunmuş və təqdimat mərasiminə yığışdığımız “Ədəbiyyat nəzəriyyəsi” kitabında (Bakı, “Proqres” nəşr., 2012, 434 səh. Redaktoru akademik B.Nəbiyev, rəyçilər AMEA-nın müxbir üzvü N.Cəfərov, professor H.Qasımovdur) belə bir qənaətə gəlir ki, “H.Zeynallı, A.Şaiq, A.Musaxanlı və C.Əfəndizadə tərəfindən yazılmış” və 1928-ci ildə çap olunan “Ədəbiyyatdan iş kitabı”nı “ilk ədəbiyyat nəzəriyyəmiz hesab etmək olar”. Bu fikirdə də həqiqət var. Alim “Ədəbiyyatdan iş kitabı”nda ədəbiyyat nəzəriyyəsinin əsas məsələlərinin əhatə olunması ilə bağlı tutarlı dəlillər gətirir. Lakin ilk ədəbiyyat nəzəriyyəsi dərsliyi ilə bağlı bu iki mövqe bir-birini inkar etmir, əksinə tamamlayır. Məsələ burasındadır ki, tarix etibarı ilə ilk yazılan kitab – “Ədəbiyyatdan iş kitabı” müəlliflərinin əksəriyyətinin repressiya olunması ilə bağlı ədəbi-elmi dövriyyədə qalmaq imkanını itirmiş və üzərinə düşən funksiyanı yerinə yetirə bilməmişdi. Yazılış tarixi ilə ikinci yerdə dayansa da, bu funksiyanı ilk dəfə mükəmməl şəkildə yerinə yetirən M.Rəfilinin dərsliyi oldu.

Orasını da qeyd edək ki, nəinki M.Rəfilinin dərsliyinə, hətta “Ədəbiyyatdan iş kitabı”na qədər Azərbaycan ədəbiyyatşünaslıq elmi ədəbiyyatın nəzəri problemlərinin, metodoloji məsələlərinin, estetik kateqoriyalarının tədqiqi istiqamətində müəyyən işlər görmüşdü və “Azərbaycan ədəbiyyat nəzəriyyəsinin tarixinə müxtəsər nəzər salmadan onun çağdaş problemlərini, xüsusən də prioritetlərini düzgün müəyyənləşdirmək mümkün deyil” qənaətindən çıxış edən yeni “Ədəbiyyat nəzəriyyəsi”nin müəllifi ədəbi-nəzəri fikrimizin inkişaf tarixinə mərhələlər üzrə nəzər salır, bu yolda əldə olunmuş uğurları tipoloji ümumiləşdirmə yolu ilə yığcam şəkildə şərh edir. Ədəbi-nəzəri fikrin inkişafında klassik dövrü – orta əsrləri, M.F.Axundzadə mərhələsini, XX əsrin əvvəllərini və sovet dövrünü mühüm mərhələlər kimi fərqləndirən tədqiqatçının haqlı olaraq əsas diqqəti daha çox sovet dövründə və müstəqillik illərində yazılmış dərsliklərə yönəltməsi bir neçə səbəbə görə metodoloji cəhətdən özünü tam doğruldur. Birincisi, bu dərsliklər ədəbi-nəzəri fikrin tarixi inkişaf yolunun son nəticələri kimi ərsəyə gəlib. İkincisi, bu kitablar bir “ədəbiyyat nəzəriyyəsi” olaraq bütün müsbət və qüsurlu cəhətləri, metodoloji dolğunluğu və yanlışlıqları özündə ehtiva edir. Üçüncüsü, bu kitablar hazırda ali məktəblərdə “Ədəbiyyat nəzəriyyəsi” fənnindən dərslik funksiyasını yerinə yetirməkdədir.

N.Şəmsizadənin “Ədəbiyyat nəzəriyyəsi” dərsliyi milli və dünya ədəbi-nəzəri fikrinin tarixinə birbaşa istinadla bərabər, əvvəlki dərslikləri həm elmi, həm metodoloji, həm də tədris-metodik baxımdan ciddi təhlil əsasında yazılıb. Belə bir deyim var: “Həqiqi sənətkar yaradıcılığa sələflərinin nöqtə qoyduğu yerdən başlayır”. Bədii yaradıcılığın qanunauyğunluğu kimi, bu çox dəqiq deyilmiş fikirdir. Lakin elmi yaradıcılıqda, xüsusən dərslik yazmaq işində bir spesifiklik var. Müəllifin dərsliyin predmetinə dair məsələləri dəqiq bilməsindən əlavə, özünə qədər deyilmişləri də dəqiq təsəvvür etməsi zəruridir. Dərslik müəllifi onlara zamanın tələbləri, dövrünün elmi səviyyəsi ilə birbaşa münasibət göstərməyi, yaradıcı yanaşmağı, ədəbiyyat nəzəriyyəsinin tarixini öz “söz”ünün köməyi ilə ədəbiyyat nəzəriyyəsinin bu gününə çevirməyi bacarmalıdır.

Professor N.Şəmsizadə üçün bu gün yeni “Ədəbiyyat nəzəriyyəsi” dərsliyinin yazılmasnı önə çıxaran, zəruri faktora çevirən əsas cəhət budur ki, indiyə qədər yazılmış “Ədəbiyyat nəzəriyyəsi” kitabları “rus qiyafəli ədəbiyyatşünaslığın ənənələrindən kənara çıxa bilmir”. Bu dərsliklərdə ədəbiyyatın nəzəri sistemi bütövlükdə öz başlanğıcını Aristotelin “Poetika”sından götürən Avropa ədəbiyyatşünaslığına söykənir.

Sovet dövrü və müstəqillik illərində yaranan “Ədəbiyyat nəzəriyyəsi” dərsliklərində özünə yer edən bir əsaslı qüsur da yeni dərslik müəllifinin diqqətindən yayınmır. Tədqiqatçı belə bir qənaətdədir ki, bu dərsliklər bir-birindən doğulub, ancaq hər yeni doğulan dəsrlik dialektik inkişaf mənasında köhnəni inkar edə bilmir. Müəyyən qədər şərti mənada  biz M.Rəfilinin, M.Cəlal və P.Xəlilovun “nəzəriyyə” kitablarına klassik dərsliklər deyirik. Təxminən rus ədəbiyyatşünaslığında Timofeyevin “Ədəbiyyat nəzəriyyəsinin əsasları” kimi. Ancaq M.Cəlalın və P.Xəlilovun kitabından sonra yazılan nəzəriyyə dərslikləri hətta Qərb poetikasını gerçəkləşdirmək mənasında da “klassik dərslik”lər ola bilmirlər (Yalnız professor R.Əliyevin “Ədəbiyyat nəzəriyyəsi” kitabı istisnalıq yaradır. Bu istisnalığı müəllifin “dərslik yazmamaq”, “ədəbiyyatın nə olduğu barədə öz əsərini yazmaq” məqsədi də şərtləndirir). Professorlar X.Əlimirzəyevin, A.Hacıyevin, N.Qəhrəmanlının, xüsusən R.Əliyevin dərslikləri bu mənada müəyyən qədər seçilsə də, yeni yaranan dərsliklərin bir qismi nəinki, ədəbiyyat nəzəriyyəsinə elmi-metodik baxışı irəli aparmır, hətta onu əsaslı şəkildə geriyə çəkir.

Görkəmli türkoloq-dilçi, ədəbiyyat tarixçisi, nəzəriyyəçi alim və tənqidçi B.Çobanzadə 1930-cu ildə nəşr olunan “Azəri ədəbiyyatının yeni dövrü” adlı tədqiqatında yazırdı: “Azəri ədəbiyyatının tarixi hər ədəbiyyatın olduğu kimi müxtəlif məsələlərə dair ayrı-ayrı tədqiqlər, monoqrafilər meydana gətirilmədikcə yaradıla bilməz.  Bu kimi hazırlıq işi yapılmadan ortaya çıxacaq əsərlər əsgi şərq biçimində yazılmış təzgərələrdən daha dərin, daha yüksək ola bilməz”. Biz bu qənaətdəyik ki, ədəbiyyat tarixi yaratmağın nəzəri-metodoloji əsaslarını müəyyənləşdirmək baxımından indi də öz müasirliyini və elmliyini saxlayan bu mülahizələr eyni dərəcədə ali məktəblər üçün yazan dərsliklərdə də əsas götürülməlidir. Professor N.Şəmsizadə özünəqədərki dərsliklərə, xüsusən son illərin məhsulu olan kitablara tənqidi yanaşanda məhz bu konsepsiyadan çıxış edir. O, hazırda bizim ədəbi-nəzəri düşüncəmizin elmi və metodoloji əsaslarını düzgün istiqmətləndirə biləcək çoxaylı tədqiqatların yarandığını qeyd edir, onlara münasibət bildirir. N.Şəmsizadəyə görə, “klassik” nəzəriyyə dərsliklərində Şərq poetikasına istinadın zəifliyinin obyektiv əsasları da var idi. Belə ki, zamanın, siyasi rejimin təzyiq və təlqinləri müəllifləri Şərq poetikasını arxa plana keçirməyə məcbur edirdi.

Ancaq müstəqillik ərəfəsi və dövründə bizdə Azərbaycan ədəbiyyatını Şərq poetikası əsasında araşdıran xeyli fundamental tədqiqatlar əmələ gəlib. Ə.Cəfərin “Əruzun nəzəri əsasları və Azərbaycan əruzu” kitabı ilə bərabər bu tədqiqatların sırasına M.Mahmudovun, S.Əliyevin, N.Cəfərovun, M.Quliyevanın, T.Kərimlinin, T.Quliyevin, G.Əliyevanın, Füzuli Bayatın, Y.Babayevin və b. araşdırmaları daxil olub. Bütün bunlar Azərbaycan ədəbiyyatının tarixi poetikasının işlənməsi istiqamətində çox ciddi addımlardır. N.Şəmsizadə  bu sırada görülən işlər sırasında nəzəriyyəçi alim Ş.Alışanlının rəhbərliyi ilə buraxılan ikicildlik “Azərbaycan ədəbiyyatının tarixi poetikası” kitablarını çox doğru olaraq, “Azərbaycan nəzəri fikrinin analitik səviyyəsini əks etdirən dəyərli toplular” kimi qiymətləndirir. Alimə görə, bu fundamental işlər bizə “Ədəbiyyat nəzəriyyəsi”nin əsaslarını hər bir bədii sistemin öz xarakterinə uyğun şəkildə işləməyə imkan verir. Düşünürük ki, alimin  ortalığa çıxardığı yeni dərslik Şərq və Qərb bədii sistemlərinin əsaslarını ümumiləşdirməyin, yeni ədəbi-bədii faktlarla izah etməyin nəticəsi olaraq yaranıb.

 

 

lll

 

Sovet ədəbiyyatşünaslığı bizə həmişə təlqin edib ki, ədəbiyyat həyatı bədii surətlərlə əks etdirən söz sənətidir. Mövcud ədəbiyyat nəzəriyyələrində bu tərif mahiyyəti dəyişməmək şərti və aşağı-yuxarı redaktə ilə qəbul olunub. Yeni “Ədəbiyyat nəzəriyyəsi”ndə bu tərif materialist konsepsiyanın məhsulu kimi dəyərləndirilir, əsl mənada ədəbiyyatın həqiqi mahiyyətini izah etmək gücündə olmadığı üçün ondan imtina edilir. N.Şəmsizadə “Ədəbiyyat nədir?” sualına aşağıdakı kimi cavab verir: “Allah əmanəti olan insan ruhunun sözdə cism və can bulmasına ədəbiyyat deyilir”. Olsun ki, bu tərif kifayət qədər mübahisəli səslənsin. Ümumən birmənalı qarşılanmayacağına da şübhə etmirik. Alimə görə (və bu həqiqətən də belədir) “Ədəbiyyat nədir?” sualının iki cavabı var və yaxud mümkündür: Materialist və idealist. N.Şəmsizadənin tərifi öz başlanğıcını Hegelin baxışlarından götürən idealist nəzəriyyəyə əsaslanır. Ancaq başlanğıcını hansı nəzəriyyədən götürməsindən asılı olmayaraq sənətin mahiyyətini mütləq başlanğıca – ilahi mənşəyə bağladığı üçün və sənətin predmeti olaraq insan varlığını önə çəkdiyi üçün bu tərifin ədəbiyyatın təbəiətinə daha yaxın olduğunu düşünürük. Məlumdur ki, indi ədəbiyyatşünaslıqda ədəbiyyata immanent qanunları olan, məhz bu qanunlar sayəsində özünün  özünəməxsusluğunu qoruyub saxlayan, məhz bu mənada həyatın adekvatı olmayan bir sahə kimi yanaşan elmi baxış getdikcə güclənməkdədir. Ədəbiyyatın “həyatın surəti” olmağa muncər edilməsi onu “özünəməxsus qanunları  (B.Çobanzadə) olan bir sahə kimi təsəvvür etməyi mümkünsüz edir. N.Şəmsizadənin ədəbiyyata verdiyi tərirfdə isə başlanğıcı ilahi mənşəyə bağlı olan sənətin – ədəbiyyatın avtonomluğu, “özünün xüsusi təbiətinə ümumi  ictimai və iqtisadi qanunlardan əlavə, öz xüsusi inkişaf yollarına, qanunlarına da malik” (B.Çobanzadə) olması nəzərə alınır.

Ənənəvi ədəbiyyatşünaslıqda bu elmin üç əsas sahəsi fərqləndirilir: ədəbiyyat tarixi, ədəbi tənqid və ədəbiyyat nəzəriyyəsi. (yeri gəlmişkən, onu da qeyd edək ki, kompratavistikanı (müqayisəli  ədəbiyyatşünaslıq) da bura əlavə etməyin vaxtı çoxdan çatmışdır). Prinsip etibarilə dərslik müəllifi də bu bölgünü qəbul edir. Ancaq müasir ədəbiyyatşünaslıqda bu bölgüyə tənqidi (bəlkə də yaradıcı münasibət demək daha düzgün olar) yanaşmalar da var. Xüsusən ədəbi tənqidi “spesifik idrak hadisəsi” (R.Ulusel) kimi ədəbiyyatşünaslığın çərçivəsindən çıxarmaq meyli çox güclüdür.

N.Şəmsizadə ədəbiyyat tarıxi, ədəbi tənqid və ədəbiyyat nəzəriyyəsini ədəbiyyatşünaslığın sahələri kimi təqdim etsə də, onlardan daha çox filoloji elm sahəsi (ədəbiyyat tarixi), filoloji elmi yaradıcılıq sahəsi (ədəbi tənqid), yaxud filoloji elm (ədəbiyyat nəzəriyyəsi) kimi söhbət açır. Ədəbiyat tarixi, ədəbi tənqid və ədəbiyyat nəzəriyyəsinə bu cür, dualist yanaşma, birinci halda alimin məsələyə qeyri-müəyyən münasibəti kimi yozula bilərsə, ikinci halda müasir ədəbiyyatşünaslığın elmi təfsirlərinin konturları kimi də izah oluna bilər. Ancaq bu məqamda dərslik müəllifinin uğuru başqa bir cəhətlə müəyyənləşir. Alim ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi və tənqidin predmeti və funksiyalarını dəqiq müəyyənləşdirir. Onun bu anlayışlara verdiyi təriflərdə iki vacib cəhət öndədir: estetiklik və tarixilik.

N.Şəmsizadənin “ədəbiyyat nəzəriyyəsi elminin nəzəri-tarixi perspektivləri” kimi müəyyənləşdirdiyi “prioritet istiqamətlər” onun “Ədəbiyyat nəzəriyyəsi” dərsliyinin metodoloji əsasında dayanmaqla məsələlərə elmi baxışın təzəliyini şərtləndirir.

Düşünürük ki, “ədəbiyyatı sosioloji amil kimi deyil, bədii fenomen kimi təhlil etmək”, “ədəbiyyat tarixinin ictimai fikir tarixindən mütləq asılılığını aradan qaldırmaq”la onu “bədii-fəlsəfi cərəyanların sistemi kimi öyrənmək”, “əruz vəzninin  əsaslarını mənimsəmək” və s. kimi müəyyənləşdirdiyi istuiqamətlər ortaya qoyulan dərsliyin metodoloji təyinatını dəqiq xarakterizə edir. 

N.Şəmsizadənin “Ədəbiyyat nəzəriyyəsi” dərsliyi ümumilikdə götürəndə on bölmədən ibarətdir. Altı bölmədə – “Bədii əsərin arxitektonikası”, “Bədii əsərin dili və üslub”, “Ədəbi növlər və janrlar”, “Şeirin vəznləri”, “Azərbaycan gülüş mədəniyyəti”, “Bədii sistemlər, ədəbi cərəyanlar və yaradıcılıq metodları” bölmələrində qoyulan problemlər adlarından da göründüyü kimi, ənənəvidir, başqa sözlə desək, ədəbiyyat nəzəriyyəsinin predmeti kimi bu məsələlər əvvəlki dərsliklərdə də öz əksini tapıb. Dörd bölmədə — “Ədəbiyyat nəzəriyyəsi elmi: tarixi, predmet və prioritetləri”, “Yazıçı şəxsiyyəti və yaradıcılıq prosesi”, “Ədəbi proses: yazıçı, tənqidçi və oxucu” və “Formalist ədəbi cərəyanlar” bölmələrində qoyulan məsələlər əksər nəzəriyyə dərsliklərində əks olunmamağı mənasında bizə yeni göründü. Şübhəsiz ki, məsələ problemlərin ənənədən gəlməsində və yaxud ilk dəfə qoyulmasında deyil. Məsələ istər ədəbiyyat nəzəriyyəsinin ənənədən gələn, istərsə də ilk dəfə qoyulan problemlərinə müəllifin yeni baxış bucağındadır; Məsələləri ədəbiyyat nəzəriyyəsinin prioritet istiqamətləri kimi müəyyənləşdirdiyi nəzəri-tarixi perspektivə uyğun şərh etmək bacarığındadır.

Professor N.Şəmsizadə öz yaradıcılıq stixiyası, elmi-nəzəri tədqiqat təmayülü etibarilə tənqid tarixçisidir. Ədəbi mühitdə o filosof tənqidçi, Azərbaycanşünas alim, ədəbiyyat tarixçisi kimi də böyük nüfuza malikdir. O, sözün həqiqi mənasında estetikdir. Bununla belə onun ədəbi-nəzəri hazırlığının kökünü, qaynağını, biz böyük alimin tənqid tarixi ilə uzun illər və ardıcıl məşğul olmasında görürük. Olsun ki, bir qədər qəribə səslənsin, ancaq, biz bu fikirdəyik ki, ədəbiyyatşünaslıq düşüncəsindəki zaman və sahə hüdudsuzluğu ədəbi tənqid tarixindən keçir. Ədəbi tənqidin tarixi ilə ardıcıl məşğul olan mütəxəssis üçün ədəbiyyatşünaslıq elminin hər hansı bir sahəsinə nüfuz etmək çətinliyi yoxdur. Ədəbi tənqid tarixi ədəbiyyatın keçib gəldiyi bütün tarixi yolu çevrələdiyi üçün tənqid tarixçisinin ədəbi tarixi dövr və mərhələlərin hər biri ilə əhatəli tanışlığı vacib şərtə çevrilir.

Ədəbiyyatın tarixi müəyyən mənada bədii-fəlsəfi cərəyanların, metod və üslubların tarixi olduğuna görə tənqid tarixçisinin bunlara dərindən bələdliyi qaçılmaz olur.

Azərbaycan tənqidşünaslığının banisi akademik K.Talıbzadədir. O, estetik fikir tariximizi də öz içərisinə almaqla tənqidin keçib gəldiyi böyük bir epoxanın – 900 illik dövrün tarixini yazmışdır. Ancaq K.Talıbzadənin tənqid tarixinə dair tədqiqatları keçən əsrin əvvəlləri ilə hüdudlanır. XX əsrin 20-ci illərindən tənqidin tarixində müxtəlif mərhələləri öz içinə alan yeni bir dövr başlanır. Bu dövrün içində 20-30-cu illər mərhələsi professor N.Şəmsizadənin özünün də çox dəqiq ifadə etdiyi kimi “nəzəri fikir tariximizdə ən güclü tənqid epoxası idi”. Müasir ədəbiyyatşünaslar arasında 20-30-cu illər tənqidinin tarixi ilə məşğul olan xeyli alimin adını çəkmək olar: Professorlar Ş.Salmanov, N.Qəhrəmanlı, B.Əhmədov, bu sətirlərin müəllifi və başqaları. Ancaq düşünürük ki, akademik K.Talıbzadənin tənqidşünaslıq məktəbinin ən prinsipial və ardıcıl davamçısı professor N.Şəmsizadədir. Xüsusən 20-30-cu illər tənqidinin ardıcıl tədqiqi və tarixinin yazılması onun adı ilə bağlıdır. Ən əlamətdar hal isə bundan ibarətdir ki, o, gənc yaşlarından yalnız bu dövrün tənqidinin tarixini yazmadı, sovet dövrü ilə başlanan yeni ədəbiyyat epoxasında ədəbiyyat tarixçiliyi konsepsiyasını araşdırdı. Gənc yaşlarında olduqca ziddiyyətli və mürəkkəb bir dövrün ədəbiyyat tarixçiliyi problemlərinə konseptual yanaşmanı əks etdirən “Ədəbi mübahisələr” monoqrafiyasını (1986) meydana çıxardı. “Ədəbi mübahisələr”in predmeti və obyekti onu ədəbiyyata materialist və idealist baxışın tarixini dərindən öyrənməyə sövq etdi; Bədii yaradıcılıqda özünə yer alan müxtəlif ədəbi cərəyanların, “izm”lərin estetikasını, fəlsəfi mənbələrini dərindən bilməyə istiqamətləndirdi. Sovet rejiminin qürub çağında sovet rejiminin doğuluş zamanının ədəbiyyatında materialist estetika ilə idealist estetikanın hüdudlarını araşdırdı, onların bir-birinə təsir və əks təsir imkanlarını ortaya qoydu. Ürək açıqlığı ilə deyə bilərik ki, sovet rejiminin hələ kifayət qədər güclü olduğu 80-ci illərin əvvəllərində o, marksist estetik fikrə ehkam kimi yanaşmadı, ona tənqidi münasibət göstərməyi bacardı. Ümumsovet ədəbiyyatşünaslığında və tənqidində Hegel estetikasından qidalanan antimarksist düşüncənin təzahürlərinə həssaslıqla yanaşdı (Vaxtında çap olunmasına imkan verilməyən, yazıldığı tarixdən ən azı  iyirmi il sonra çap olunan “Əli Nazim” monoqrafiyası buna ən parlaq sübutdur).

Əgər burasını da nəzərə alsaq ki, ədəbiyyatın və ədəbi-nəzəri fikrin tarixini, onun fəlsəfəsini, Şərq poetikasını yetərincə bilən alim dünya estetik fikrinin bu günkü hərəkət trayektoriyasına – yeni yaranan ədəbi-fəlsəfi fikir cərəyanlarına da yaxşı bələddir, onda onu “Ədəbiyyat nəzəriyyəsi” dərsliyini yazmağa təşviq edən və uğurlarını şərtləndirən amilləri tam təsəvvür edə bilərik.

Ədəbiyyat nəzəriyyəsinə dair kitablarda bir qayda olaraq ədəbiyyat-həyat əlaqələri önə çəkilir. Bu əlaqə prosesində isə “sənət həyat üçündür” tezisi müdafiə olunur. 20-30-cu illərin məşhur tənqidçilərindən biri olan H.Zeynallı yazırdı ki, “həyatdan alınmış təcrübədən sənət doğar”. Ədəbiyyatşünaslıq kitablarında bu fikir dolayısı ilə indi də özünə yer tapmaqdadır. Professor N.Şəmsizadə də söz sənətinin həyatla əlaqəsini qəbul edir, ancaq bunu mütləqləşdirmir. O, bədii yaradıcılığın əsas mənbəyi olmaq etibarilə birinci yeri sənətkar şəxsiyyətinə verir. Yeri gəlmişkən yeni dövrün böyük mütəfəkkiri M.F.Axundzadə də sənətin varlığını “ilahi vergi”yə bağlayırdı (sənət “bəxşi-ilahi”dir deyirdi) və bu mahiyyətcə, sənətkar şəxsiyyətinin önə çxarılması demək idi. Dərsliyin “Yazıçı şəxsiyyəti və yaradıcılıq prosesi” bölməsində ədəbiyyatın – sənətin metodoloji mahiyyəti psixoloji istiqamətdə araşdırılır və müəllif hesab edir ki, “sənətkarın şəxsiyyəti onun yaradıcılığının əsas mənbəyidir... Yaratmaq qüdrəti Allaha, Anaya, bir də Sənətkara bəxş olunub. Sənətkar Allah nurundan mayalanmış istedadı ilə yaradır. ...Sənət əsərində ən böyük obraz sənətkar qəlbidir”. Bu tezislər yaradıcılıq prosesinin mənşəyini, mahiyyətini, psixologiyasını və bitib-tükənməz sirlərini açır. Sovet dövrünün nəzəriyyəçiləri əksər hallarda bunu dərk edir, ancaq dilə gətirmirdilər. Çünki bu tezislərin əsasında idealist fəlsəfə dayanır. İndi heç kimə sirr deyil ki, sənətin mahiyyəti idealist estetikada daha məntiqli şərh olunur. N.Şəmsizadənin xidməti marksist estetikanın inersial düşüncə şəbəkəsini dəf edib həqiqətin arxasınca cəsarətlə gedə bilməsində üzə çıxır.

“Tənqid ədəbiyyatşünaslığın bir sahəsidirmi?” Ədəbi-nəzəri fikrin dünənində də, bu günündə də bu sual mübahisə obyekti olaraq qalır. Ədəbiyyatşünaslıqda tənqidi düşüncənin elmi, yaxud bədii təfəkkürün, yaxud hər ikisinin sintezində formalaşan bir sahə, hətta tamam fərqli bir idrak hadisəsi olması ilə bağlı suallar səngimək bilmir. Əslində sualların çoxluğu nəzəri problemlərin tədqiqində daha dərinlərə getməyin, hər bir sahəyə məxsus qanunauyğunluqların diferensiallaşması ilə bağlı məsələdir. Və heç şübhəsiz ki, bu elmdə irəliyə doğru hərəkətdir. Lakin əgər biz sual qoysaq ki, ədəbi-nəzəri fikrin təkamülündəki bu hərəkət, başqa sözlə, yeniliklər “Ədəbiyyat nəzəriyyəsi” dərsliklərinə gəlib çıxırmı? Birmənalı şəkildə və həm də tam məsuliyyət hissi ilə deyək ki, yox. Əslində axı, “Ədəbiyyat nəzəriyyəsi” estetik qanunauyğunluqlardan, kateqoriyalardan əlavə, ədəbiyyat tarixçiliyinin, ədəbi tənqidin nəzəriyyəsini də öz içinə almalıdır.

Əlimizdə olan “Ədəbiyyat nəzəriyyəsi” və “Ədəbiyyatşünaslıq” kitablarının demək olar ki, hamısında ədəbiyyatşünaslığın sahələri (ədəbiyyat nəzəriyyəsindən başqa) haqda müxtəsər – təxminən bir-iki, ən yaxşı halda iki-üç səhifədə ümumi xarakterli məlumatla kifayətlənilir.

Birmənalı şəkildə söyləmək olar ki, xüsusən ədəbi tənqidin nəzəriyyəsi haqqında, ümumən bu sahənin görməli olduğu iş haqqında tələbələrdə əhatəli  elmi təsəvvür yaranmır. Diqqətəlayiqdir ki, N.Şəmsizadənin dərsliyində mövcud dərsliklərdəki bu qüsur nəzərə alınmış, tənqidin estetikası haqqında dolğun təsəvvür yaradılmışdır. Ədəbi tənqidin predmeti, obyekti, növləri, janrları, prinsipləri, funksiyaları, tənqidçi şəxsiyyəti, tənqidçi-oxucu-yazıçı problemləri kitabın “Ədəbi proses: yazıçı, tənqidçi və oxucu” bölməsindəki “Ədəbi proses nədir?”, “Tənqidi mühakimədə sosial və estetik amilin vəhdəti”, “Tənqidi mühakimədə oxucu kriteriyası” yarımbölmələrində öz elmi izahını tapmışdır. Doğrudur, məsələlərin izahında təfərrüatçılıq, xüsusən akademik üslubdan gələn ağırlıq da hiss olunur. Bununla belə düşünürük ki, alim ədəbi tənqidin nəzəriyyəsi ilə bağlı əsas fikirlərini ortaya qoya bilmişdir.

Müasir ədəbiyyatşünaslıq düşüncəsi ilə “Ədəbiyyat nəzəriyyəsi” dərsliyinin yazılması Zamanın tələbidir. Bu tələb yerinə yetirilib. İnanırıq ki, zaman keçdikcə müəllif öz əsəri üzərində dönə-dönə işləyəcək və onu çağdaş dövrün “Klassik ədəbiyyat nəzəriyyəsi” dərsliyinə çevirə biləcəkdir. Ç.Aytmatovun təbirincə desək, biz klassikləri ancaq keçmişdə axtarmırıq.

 

Təyyar Salamoğlu

filologiya üzrə elmlər doktoru,

professor

525-ci qəzet.- 2012.- 27 dekabr.- S.7.