Ədəbi-elmi fikir tariximizə dair faydalı
tədqiqat
Filologiya
üzrə elmlər doktoru, əməkdar elm xadimi Hüseyn Həşimli
yeni dövr Azərbaycan ədəbiyyatının unudulmuş
şəxsiyyətlərinə, öyrənilməmiş problemlərinə dair
bir sıra mühüm araşdırmaların müəllifidir.
Bu baxımdan onun
respublikamızda və xarici ölkələrdə
müxtəlif dillərdə nəşr olunmuş “Azərbaycan
poeziyasında sonet və terset”, “Azərbaycan mənsur
şeirinin təşəkkülü”, “Avropa lirik janrları
və Azərbaycan ədəbiyyatı”, “Əli Səbri”,
“Əli Məhzun və “Ədəbiyyata dair” əsəri”, “Azərbaycan
ədəbi mühiti və türk dünyası”, “Azərbaycan
mənsur şeirinin inkişaf yolları”, “Türk
xalqlarının ədəbiyyat ilişkilərinə dair
araşdırmalar”, “Hüseyn Cavidin lirikası və Avropa
poetik ənənələri” kimi monoqrafik tədqiqatları
ayrıca qeyd olunmağa layiqdir. İyirminci əsrin əvvəlləri Azərbaycan
ədəbiyyatının bir sıra unudulmuş nümunələri
də ilk dəfə H. Həşimli tərəfindən
çapa hazırlanaraq çağdaş ədəbi ictimaiyyətə
çatdırılmışdır.
Bunlardan Məhəmməd
Hadi, Abdulla Sur və digərlərinin mənsur şeirləri,
Əli Məhzun Rəhimovun ədəbi-nəzəri fikir
tariximizdə özünəməxsus yer tutan “Ədəbiyyata
dair”, Abdulla Divanbəyoğlunun “Məcnunun Leyliyə məhəbbəti”
əsərləri, Bağır Cabbarzadənin “Bir yetimin naləsi”
romanı, Əli Səbrinin “Şəbi-hicran, yaxud müsibəti-Şadi”
povesti, Əlabbas Müznibin “Ürək yanğısı”,
Ələkbər Qərib Naxçıvanlının “Haqq
divanı” hekayələri, Əlipaşa Səbur Hüseynzadənin
“Zümzümə”, “Düşüncə yarpağı”
adlı şeir kitabları xatırladıla bilər. Bakıda 1910-1911-ci illərdə çap olunmuş
“Yeni füyuzat” jurnalının bütün saylarının
çapa hazırlanaraq kitab halında müasir oxuculara
çatdırılması da H. Həşimlinin əməyinin
bəhrəsidir. Ümumiyyətlə, ədəbi
yaddaşın indiyədək diqqətdən kənarda
qalmış müxtəlif səhifələrinə üz
tutub onları sistemli şəkildə tədqiq etmək və
həmin unudulmuş materialların bir çoxunu həm də
nəşr etdirmək alimin ədəbiyyatşünaslıq
və mətnşünaslıq fəaliyyətinin
ardıcıl vəhdətindən soraq verir.
Bu
yaxınlarda Hüseyn Həşimlinin
“Elm və təhsil” nəşriyyatında çap
olunmuş “Fərhad Ağazadənin
“Ədəbiyyat məcmuəsi”ndə ədəbi-elmi fikir”
adlı yeni monoqrafiyası (rəyçi – akademik, əməkdar
elm xadimi İsa Həbibbəyli) da bu qəbildən olan diqqətəlayiq
tədqiqatdır. Bəllidir ki, iyirminci əsrin
əvvəllərində Azərbaycanda zamanın tələblərinə
uyğun olaraq yeni tipli tədris vəsaitlərinin
hazırlanması və nəşri işi xüsusi
aktuallıq kəsb edirdi. Ana dili və ədəbiyyat
üzrə dərsliklərə maraq və diqqət daha
böyük idi. Həmin dövrdə bu sahədə
ortaya çıxan müvafiq kitablar sırasında
tanınmış pedaqoq, filoloq və publisist Fərhad
Ağazadənin “Ədəbiyyat məcmuəsi” dərsliyi
(Bakı: “Kaspi” mətbəəsi, 1912) həm həcminə,
həm də ədəbi-elmi əhatəsinə görə
seçilirdi. Lakin deməliyik ki, tək-tək
müəlliflərin qısa qeyd və mülahizələri
çıxılmaqla indiyədək bu qiymətli məcmuə
tədqiqata cəlb olunmamış, diqqətdən kənarda
qalmışdır. Ona görə də ədəbiyyatşünas
Hüseyn Həşimlinin ədəbi-elmi fikir tariximizdə
mühüm yeri olan 370 səhifəlik həmin dərsliyi ilk
dəfə olaraq əhatəli, sistemli şəkildə tədqiqata
cəlb etməsi, geniş təhlillər və mükəmməl
dəyərləndirmələr aparması böyük maraq
doğurur.
Monoqrafiyanın
girişində müəllif “Ədəbiyyat məcmuəsi”nin araşdırılmasını
aktuallaşdıran məqamlara, onun elmi əhəmiyyətinə,
xüsusən Azərbaycanda dünya ədəbiyyatının
tədqiqi və tədrisi tarixində məxsusi yerinə diqqət
yetirmişdir. “Fərhad Ağazadənin “Ədəbiyyat
məcmuəsi”nin ədəbi-elmi əhatəsi” adlanan ilk fəsildə
bu dərsliyin strukturuna, hissələrinə nəzər
salınmış, hər hissədəki materialların
mündəricəsi, səciyyəvi məziyyətləri əhatəli
təhlil yolu ilə aşkarlanmışdır. Öyrənirik ki, məcmuənin ilk hissəsində
verilmiş oxu materiallarını F. Ağazadə ictimai (məktəb,
ailə və cəmiyyət), tarixi və ədəbi
xarakterli nümunələr olmaqla üç qrupda birləşdirmişdir.
Burada Azərbaycan, eləcə də bəzi dünya
xalqlarının folklorundan və yazılı ədəbiyyatından,
müxtəlif mənbələrdəki maraqlı materiallar
sırasından seçilmiş mütaliə mətnləri
didaktik mahiyyəti ilə diqqəti çəkir, həmin əsərlərdə
Vətənə məhəbbət, elmin, maarifin təbliği,
sadəlik, xeyirxahlıq, valideynə ehtiram kimi nəcib qayənin
ifadəsi ön planda dayanır. Tədqiqatdan
aydın olur ki, dərsliyin ikinci hissəsi zaman təsvirlərinə,
məkan təsvirlərinə və incəsənətə
dair materiallardan ibarətdir. Bu mətnlər
bədii ədəbiyyatda zaman və məkan təsvirləri,
həmçinin poeziya, musiqi, təsviri incəsənət və
digər yaradıcılıq sahələri barədə
lazımi təsəvvür yarada bilir. Yəni
burada müxtəlif bədii mətnlərlə yanaşı,
nəzəri-estetik səpkili müvafiq materiallar da
verilmişdir.
Dərsliyin “Şərq və Qərb
dahiləri” adlanan dördüncü hissəsi daha çox əlavə
oxu materialları kimi nəzərdə tutulmuşdu. Monoqrafiya
müəllifi qeyd edir ki, F. Ağazadə məktəblilərin
bilik dairələrini, dünyagörüşlərini
genişləndirmək məqsədi ilə bu hissəyə
dünyanın (o sırada Azərbaycanın) bir sıra
görkəmli şəxsiyyətləri barədə
tanıtma yazıları daxil etmişdi: Zərdüşt,
Budda, Konfutsi, Nuşirəvan, Harun-ər Rəşid, Fərabi,
İstəxri, Sultan Mahmud Qəznəvi, İbn Sina,
Nizamül-mülk, Nəsirəddin Tusi, Əmir Teymur,
İldırım Bayazid, Nadir şah, Şeyx Şamil, İsgəndər,
Arximed, Janna Dark, Quttenberq, Kolumb, Kopernik, Qaliley, Nyuton, 1-ci Pyotr,
Vaşinqton, Napoleon, Qaribaldi, Edison kimi məşhur simalar
haqqındakı belə materiallar və onların monoqrafiyada təhlil
edilib dəyərləndirilməsi bu baxımdan maraq
doğurur. Dərsliyin beşinci hissəsində “Atalar
sözləri”, “Həkimanə sözlər” və “Qəzəliyyat”
başlıqları altında verilmiş materiallar da ədəbi-didaktik
qayəsi ilə səciyyələnir. Son hissə
isə mətnlərdəki çətin anlaşılan
sözlərin lüğətindən ibarətdir. Bütün bunlar da monoqrafiyada lazımi elmi təhlilini
tapmışdır. “Ədəbiyyat məcmuəsi”nin həcm və elmi-ədəbi əhatə
baxımından ən sanballı bölməsi
üçüncü hissədir. Bu hissə əsasən
dünya ədəbiyyatı məsələlərinə həsr
olunmuşdur və dörd bölmədən ibarətdir:
türk ədəbiyyatı, fars ədəbiyyatı,
rus ədəbiyyatı və Qərb ədəbiyyatı. Azərbaycanda
dünya ədəbiyyatının tədqiq və tədrisi
tarixində xüsusi əhəmiyyət daşıyan bu
materiallar monoqrafiyanın sonrakı iki fəslində hərtərəfli
şəkildə elmi araşdırma predmetinə
çevrilmişdir.
Belə ki, “Ədəbiyyat məcmuəsi”ndə Şərq
xalqları ədəbiyyatı məsələləri” adlanan
ikinci fəsildə əvvəlcə bu dərslikdə
türk xalqlarının söz sənətinə dair
materiallar yüksək professionallıqla
araşdırılmışdır. Burada Azərbaycan klassiklərindən
N. Gəncəvi, Ə. Xaqani, M. Füzuli, S. Ə. Nəbati,
özbək ədibi Ə. Nəvai, həmçinin
Osmanlı ədəbiyyatı nümayəndələrindən
C. Rumi, Ziya Paşa, M. Naci, N. Kamal, Ş. Sami, İ. Səfa, M.
Ə. Recaizadə, Ə. Hamid, Ə. H. Sezaizadə, X. Z.
Üşşaqizadə, T. Fikrət, A. Cövdət, Ə.
Midhət, M. Ə. Yurdaqul, S. Samipaşazadə və H. Cahid
haqqındakı elmi-ədəbi xarakterli oçerklər,
yaxud onların əsərlərindən verilən nümunələr
həmin sənətkarları lazımınca tanıda bilir. Fars ədəbiyyatının Firdovsi, Ənvəri,
S. Şirazi, H. Şirazi, Ə. Cami kimi ustadlarının ədəbi
irsinin dərslikdə təqdimi məsələləri də
yetərincə təhlil olunmuşdur. Dərsliyin “Şərq
və Qərb dahiləri” adlı dördüncü hissəsində
haqqında bəhs olunan bəzi şəxsiyyətlərin həm də ədəbiyyat
aləmində ciddi xidmətlər göstərdiyni nəzərə
alan H. Həşimli həmin hissədən Ö. Xəyyam və
ərəb ədibi Ə. Məəri barədəki
materialları da bu fəsildə təhlilə cəlb
etmişdir. Tədqiqatın
üçüncü fəsli isə Avropa xalqlarının ədəbi
irsinin “Ədəbiyyat məcmuəsi”ndə təqdimi məsələlərinə
həsr olunmuşdur. Rus ədəbiyyatından A. S.
Puşkin, M. Y. Lermontov, L. N. Tolstoy, qədim yunan ədibi Homer,
ingilis şairi və dramaturqu V. Şekspir, alman klassiklərindən
F. Şiller, fransız söz sənətindən Lamartin, V.
Hüqo, A. Düma, Beranje və s. barədə məcmuədə
yer alan oçerklər, onlardan bəzilərinin əsərlərindən
verilən örnəklər o illərdə dünya söz sənətinin
Azərbaycanda tanıtdırılması işinə ciddi
töhfə idi. “Şərq və Qərb dahiləri”
hissəsindən Volter və J. J. Russo barədəki
yazıların da təhlilini buraya əlavə etsək, dərslikdə
fransız ədəbiyyatına daha geniş yer
ayırıldığını söyləyə bilərik.
Bütün bu çoxşaxəli materiallar
monoqrafiyada özünün obyektiv və hərtərəfli
elmi təhlilini tapmış, dəqiq qiymətini
almışdır. Monoqrafiya ilə
tanışlıq deməyə əsas verir ki, Fərhad
Ağazadənin “Ədəbiyyat məcmuəsi” həm ədəbiyyatşünaslıq
materiallarının, həm də bədii nümunələrin
səviyyəsi və əhatəsinə görə təqdirəlayiq
tədris vəsaitidir.
Azərbaycanda
müxtəlif xalqların söz sənəti barədə məlumatların,
elmi biliklərin çox məhdud olduğu bir vaxtda türk,
özbək, fars, ərəb, rus, yunan, ingilis, alman, fransız
ədəbiyyatlarının ayrı-ayrı görkəmli
klassiklərindən dolğun şəkildə bəhs etmək,
onların yaradıcılıqlarını ümumən
doğru səciyyələndirmək, həmçinin əsərlərindən
nümunələr vermək kimi çox çətin bir
işin öhdəsindən gələn F. Ağazadə bu
kitabı ilə Azərbaycanda dünya ədəbiyyatının
tədrisi sahəsində ilk sistemli, əhatəli təşəbbüsü
uğurla, layiqincə gerçəkləşdirmişdir. Şərqin və Qərbin bir çox məşhur
ədəbi simaları haqqında Azərbaycanda hərtərəfli
elmi məlumatlar, tanıtma yazıları ilk dəfə məhz
bu dərslikdə öz ifadəsini tapmışdır. Dərslikdəki elmi və bədii materialların məktəblilərin
səviyyəsinə uyğunluğu da F. Ağazadənin
filoloji-metodiki səriştəsinin təzahürü idi.
H. Həşimlinin tədqiqatı göstərir ki, F.
Ağazadə “Ədəbiyyat məcmuəsi”ni
hazırlayarkən çoxsaylı qaynaqlara üz tutmuş,
onlardan müqayisəli şəkildə istifadə etmiş,
elmi-ədəbi və bədii materialların kompleks, sistemli təqdiminə
nail olmuşdur. Görkəmli maarifçi bu dərsliyi
araya-ərsəyə gətirərkən Ə. Hüseynzadə,
A. Şaiq, A. Səhhət, A. Sur kimi müasirlərinin məqalə
və tərcümələrindən də yeri gəldikcə
faydalanmışdır. Həmçinin
bir sıra digər ədəbi fikir nümayəndələrinin
müvafiq əsərlərinə istinadlar da diqqəti çəkir.
Monoqrafiya müəllifi həm tədqiqata cəlb
olunan dərslik haqqında əvvəllər söylənilmiş
bəzi birtərəfli mülahizələrə
aydınlıq gətirmiş, həmçinin məcmuənin
özündəki bəzi oçerklərdə F. Ağazadənin
arabir yol verdiyi yanlışlıqları da aşkarlayaraq dəqiqləşdirmələr
aparmışdır. “Ədəbiyyat məcmuəsi”
barədə bu tədqiqat müxtəlif ədiblərlə
bağlı bir sıra məsələləri də konkretləşdirir
və aydınlaşdırır.
Təkcə
bir faktı xatırladaq ki, məşhur rus şairi M. Y.
Lermontovun “Mtsıri” əsərindən A. Səhhətin tərcüməsinin
sovet dövründə çap olunmuş variantı ilə “Ədəbiyyat məcmuəsi”ndəki
müvafiq mətnin müqayisəli təhlilini aparan H. Həşimli
ilk mənbə ilə onun arasında çoxlu fərqlərin
olduğunu, bir sıra xətalara və ixtisarlara yol verildiyini
müəyyənləşdirmiş, lazımi dürüstləşdirməni
də həyata keçirmişdir. Monoqrafiyada
belə diqqətəlayiq məqamlar və yeniliklər
çoxdur. Bütövlükdə filologiya üzrə
elmlər doktoru, əməkdar elm xadimi Hüseyn Həşimlinin
“Fərhad Ağazadənin “Ədəbiyyat məcmuəsi”ndə
ədəbi-elmi fikir” adlı yeni monoqrafiyası ədəbi-elmi
fikir tariximizin unudulmuş bir səhifəsini hərtərəfli
şəkildə araşdıran faydalı tədqiqatdır.
Əbülfəz QULİYEV
Azərbaycan MEA Naxçıvan
Bölməsinin İncəsənət,
Dil və Ədəbiyyat
İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü,
professor
525-ci qəzet.-
2012.- 29 dekabr.- S.7.