Nalın tarixi möhürləri
Hələ qədimdən dünyada nə qədər
insan özünün və özgələrin meydanında at
oynadıb qılınc çalıb. Atların
qopardığı toz göylərə ucalıb. Deyərdilər
ki, Hun imperatoru Atillanın atının keçdiyi torpaqda ot bitməzdi. Rəvayətlərə
görə, at Adəm peyğəmbərdən öncə
yaranıb. Allah ona at və Burağı
göstərib özü üçün birini seçməyi
təklif edir. Atamız Adəm isə
atı seçir. At öz gözəlliyi,
zərifliyi, sürəti və sədaqəti ilə
özünü insanlara sevdirə bilib.
Görəsən, dünyada atlara qoyulan heykəllərin
sayını bilən varmı? Yeganə
varlıqdır ki, onların adı yiyəsi ilə bir yerdə
yaşayıb, tarixə qovuşub. Fikir
vermisnizsə, atın üstündə oturan sərkərdələrin
heykəlləri daha əzəmətli görünür.
Mən müasir qəhrəmanların
şöhrətinə kölgə salmaq üçün
atı tərifləmirəm. Qədim sərkərdələr,
hökmdarlar öz zamanının atı üstündə təsvir
edilib, heykəllərə çevrilib. Deyəsən,
II Nikolay sonuncu çardır ki, at belində heykəli olub.
Ondan sonra at köhnəlik qalığı kimi kapitalizmin mirasına
çevrilib. Vətəndaş müharibəsində
atlardan son dəfə istifadə edilib. Məsələn,
Budyonnının altı atı döyüşdə məhv
olub. Sonralar ölkədə əzəmətli
heykəllər atsız ucaldıldı, şəxsiyyətə
pərəstiş illərində də hakimiyyəti atla
bölüşmədilər.
Kim deyə bilər ki, Stalini at üstündə
görüb.
Onun əli hər şeyə çatsa da, təkcə ata çata bilməmişdi. Əslində onun bir əli yarışikəst,
üstəlik də insan kimi çevik deyildi. Amma bir dəfə tarix üçün gizli qalsa da,
at belində özünü görmək istəmişdi.
Oğlunun dediyinə görə, o, Möskvada hərbi
paradı ağ atın üstündə
şəxsən özü qəbul etmək arzusundaydı,
lakin o, atın qarşısında aciz qalır. Ata minməyə çalışarkən
yıxılıb əzilir. Bu hadisə
uzun illər hamıdan gizlin saxlanıldı. Hakimiyyətdə
ondan güclü, vəzifədə ondan yüksəkdə duran
adam yox idi, amma o, ata qalib gələ bilmədi. Stalin ata minə
bilməyəcəyini başa düşüb bir gün
Budyonnını yanına cağırıb deyir ki, parad
üçün qələbə və şöhrət rəmzi
olan yaxşı cins ağ atlar tapsın. Budyonnı Stalinin tapşırığını
tez bir zamanda yerinə yetirir, yaxşı cins atlar tapır.
Marşal Jukov və Rokosovski bir ay ərzində
atda məşq edirlər. (Jukovun
atının adı “Kumir”, Rokosovskinin atının adı isə
“Polyus” idi.) Qələbə paradından əvvəl
xüsusi bərbər atların zahiri gözəlliyi
üçün əlindən gələni əsirgəmir,
onları daha cazibədar edir. Yəqin ki, cavan nəsil
televizor ekranından Sovetlər ölkəsinin Qızıl
Meydanında ağ atların şahanə
yerişini, görkəmini xatırlayır. 1948-ci ildən
sonra Stalin paradda ağ atdan istifadə edilməsinə
qadağa qoyur. Çünki ağ at ona
Jukovu xatırladırdı. Artıq marşal
yüksək vəzifələrdən
çıxarılmışdı. Gördüyünüz
kimi, at da şəxsiyyətə pərəstişin
qurbanına çevrilıb keçmiş yiyəsi Jukov kimi
unudulur. Onu unutmaq istəməyənlər isə 1995-ci
ildə Jukovun at üstündə məğrur heykəlini Moskvanın Manej
meydanında ucaldırlar.
Bildiyiniz
kimi, ta qədimdən hökmdarların ən sevdiyi hədiyyə cins atlar
olub. Bu elə gözəl bir məxluqdur ki, ona
göstərilən məhəbbət də bir neçə
at gücünə bərabərdir. Elə
bilərsiniz ki, belə güclü sevgiyə, ancaq kentavr
malikdir. At əsasən ceyran kimi uzun nazik ayaqlara sahib
olmaqla bərabər ağlı ilə də seçilir, ağıllı
Hans adlı at kimi. Hans ona deyilən rəqəmləri
tapıb götürür, üstəgəlləri, vurma və
bölməni yaxşı bilirdi. Əgər
partaya sığa bilsəydi uşağın yerinə məktəbə
hesab dərsinə gedə bilərdi.
Nəzərinizə
çatdırım ki, “Əl-Adiyyət” və “Əl-Bəqərə”
surələrində atlar haqqında ayələr var.
Quranın “Sad” surəsində Süleyman peyğəmbərin
atlara olan sevgisindən bəhs
edilir. O, atların gözəlliyinə o qədər aludə
olur ki, bir gün öz peyğəmbərlik missiyasını belə
unudur. Günəşin quruba endiyini görəndə
başa düşür ki, Allaha ibadət vaxtını unudub.
Bir versiyada deyilir ki, sarsıntı keçirən Süleyman
peyğəmbər günahını yumaq üçün
minlərlə atın başını kəsdirib onu Allaha qurban
verir. Başqa versiyada isə yazılıb ki,
Allah günəşı əvvəlki yerinə qaytarır
ki, peyğəmbər öz vaxtında ibadət edə bilsin.
Əslində Süleyman peyğəmbər
müharibələr üçün atlar tərbiyə edib
hazırlamağa böyük önəm verirdi.
Bir haşiyəyə çıxım. Deyilənlərə görə,
cənnət əhli bir yerə toplaşandan sonra mələkləri
Allahın əmriylə nur saçan atların
belində gələcəklər. Qızıl
və bahalı daş-qaşla, zərif parçalarla bəşənmiş
küləkdən sürətli gözəl behişt
atları cənnət əhlinin qarşısında
dayanacaqlar. Atlar bir göz
qırpımında onları Allahın hüzuruna
aparacaqdır. Cənnət əhlinin yerdəki nümayəndələri
elə bilməsinlər ki, orada da hərə öz
ünvanına çatmaq üçün köhnə, çirkli
avtobuslara minəcək, düşəndə də gediş haqqını ödəyəcək.
Pulsuz cənnət atları yolunuzu gözləyir,
ey yerdəki cənnət əhli.
Yadıma “Qaçaq Nəbi”
mahnısı düşdü. Mahnıda
boz atın tərifi həqiqətdir ya əfsanə? Yəqin
ki, bu mahnını dinləməyən yoxdur:
Boz at səni
sər tövlədə bağlaram,
Qızıldan, gümüşdən səni nallaram.
Sözün düzü, atın nalının möhkəm
olması üçün qızıl və gümüşdən
istifadəsi yadıma düşmür. Yəqin cənnət
atları nəzərdə tutulub. Orda yollar daş-kəsəkli deyil,
axı. Digər tərəfdən də atın qızıl,
gümüşlə bəzənməsi mənə Roma
diktatoru Kaliqulanın
İnsitat adlı atını xatırlatdı. At əsl insan həyatı yaşayırdı.
Onun yaşadığı yerə tövlə demək
mümkün deyildi, çünkü ora bərli-bəzəkli mərmərdən
idi. İmperator Penelopa adlı atla
İnsitatı evləndirmiş, həm “ata”, həm də
“qayınata” olmuşdu. Atların saray əyanları
kimi ayrıca xidmətçiləri vardı.
İnsitatı qəyyumluğa götürən, ona
“atalıq” edən
Kaliqula atını hətta siyasət meydanına gətirmişdi.
Kaliqula onu Romanın vətəndaşı
etdikdən sonra senat kimi ən yüksək dövlət
orqanına senator seçmişdi. İnsana məxsus olan “şərəfli vəzifə”
İnsitata qismət olmuşdu. Deyilənə
görə, Kaliqula bu qeyri-adi hərəkəti ilə
senatı qıcıqlandırmaq istəmişdi. Senatda
danışa bilməyən at, ancaq darıxanda kişniyə bilərdi.
Bu səs isə nə “hə”, nə də “yox”
deməkdir. Yaxşı ki, İnsitat adam
dili bilmirdi, yoxsa ilk təklifi o olardı ki, “atlar” partiyası
yaransın, senat cıdır meydanına çevrilsin. Atalar
sözüdür, at yolu ayaqları ilə görür...Qəddar
imperatorun ömrü uzun olsaydı, axırda senatda kentavrlar da
peyda ola bilərdi. Çünki heç
olmasa, onların başı adam
başıdır. Yadınızdadırsa, qədim
əsatirə görə, qəhrəman Heraklın, Axillesin
müəllimi kentavr olub. Kentavr dedim, hindular yadıma
düşdü.Deyilənə görə, hindular ilk dəfə
at belində insan görəndə bərk vahimələniblər.
Atın yiyəsi yəhərdən yerə
yıxılanda isə elə zənn ediblər ki, at iki yerə
bölünüb. Qorxudan yerli aborigenlər
qaçıb meşədə gizləniblər. İndi
təsəvvür edin ki, senatda da atı görənlər nə
çəkiblər!
Qismətə bax, bizdə də elə atlar olub ki,
müharibədə insandan çox onun bəxti gətirib. Məsələn,
1993-cü ildə Ağdam at zavodu erməni təcavüzkarları
tərəfindən işğal ediləndə, nə
yaxşı ki, atçılar vaxtında atları döyüş bölgəsindən
çıxarmışdılar. Məkrli
düşmən at zavodunu ələ keçirə bilməmişdi.
Yoxsa onları da mənimsəyib deyərdilər
ki, “Davud Sasunlu”nun Cəlali adlı atı “qədim erməni
torpağı olan Ağdam” atlarının əcdadır.
Yeri gəlmişkən, Qarabağın xan zavodlarında
əsasən üç cins atlar saxlanılıb-Maymun,
Qarnıyırtıq, Əliyetməz. 1869-cu ildə keçirilmiş
Ümumrusiya at sərgisində iştirak edərək Maymun
gümüşə, Toxmaq bürüncə, Usmiyevlərin (xan qızı Natəvanın)Əyilməz
adlı atı isə attestata layiq görülüb.
Qarabağın xan zavodları nəinki Rusiya
atçılığına, hətta Avropa dövlətlərinin atçılığına da az təsir
göstərməyib.
Yazının
əvvəlində at üstündə sərkərdələrin
möhtəşəm görkəmindən
danışdıq. Belə qəhrəmanlardan
biri, Xarkovda Lenin prospektində at üstündə
dünyanın qırmancı adlanan, əzəmətli heykəli
ucalan Atilladır. Əlində nizə, sol
çiynində şahin quşu, qalxanının
üstündə su sonasının əksi var. Onun məhz
Xarkovda heykəlinin ucalması təsadüfi deyil. Atillanın bacısı Xarka su sonalarının
himayədarı idi. O, su sonalarından birini xəbər
üçün qardaşının yanına uzaq ölkəyə
göndərir ki, Atilla artıq döyüşlərdən əl
çəkib evinə, ocağına qayıtsın. Yolda
şahin quşu su sonasını öldürür, Atillaya
bacısının ismarıcı gəlib çatmır. Xarka vəfat
edəndən sonra bu şəhərin əsası qoyulur.(Əski türklərin məskunlaşdığı
torpaqlar.) XII əsr şairi Reyhan Bulqarinin və
Baxşi İmanın əsərlərində Atillanın ailəsi
haqqında məlumatlara rast gəlmək olar. Reyhan Bulqari “Qıpçaq
çöllərinin çiçəkləri” əsərində
Atilla haqqında yazır ki, o, at ilində dünyaya gəlmişdi,
gərək ilan ilində deyil, at ilində dünyadan
köçəydi. Onun qara atı öləndə
basdırıldığı yer kurqana çevrilmişdi.Amma
Atilla Makedoniyalı İskəndər kimi ata olan böyük
sevgisi ilə seçilən sərkərdələrdən
deyildi.
Makedoniyalı
İskəndərin Busefal adlı atı dünyada öz
sahibi kimi çox cəsarətli olub. Dönə-dönə
İskəndəri ölümdən xilas etmiş, Hindistana
yürüş zamanı ölümcül
yaralanmışdı. Busefal 25 il
Makedoniyalı İskəndərə sədaqətlə xidmət
edib. Onun əzəmətli heykəli
öldüyü şəhərdə ucaldılıb.
Yel sürətli atlar sahibi ilə dünyada neçə-neçə
ölkələrin sərhəddini aşıb,
ayaqlarının nalı ilə yeni tarixə “möhür”
vurub.
At yeganə canlılardan biridir ki, öz sahibinin həyatı,
qayğıları ilə yaşayır. Bu sevgi həmişə
qarşılıqlı olur. Türkmənbaşı
Saparmurat Niyazovun ata sevgisi bitib tükənməz idi. O, əziz
qonaqlarına cins atlar bağışlamağı sevirdi.
Dövlət gerbində “Yanardağ” adlı atın şəkili həkk
olunub. Bununla bərabər ölkədə hər il böyük təntənə ilə “Axaltəkə
atı” günü qeyd edilir. Hələ qədim zamanlarda
skiflərdə belə adət vardı:
döyüşçülər atı ilə bir yerdə
basdırılırdı. Əgər atı
öldürməsəydilər, tükündən kəsib qəbrə
qoyurdular. Əfsanəyə görə, at yiyəsinə
həyatda olduğu kimi, qəbirdə də qulluq edəcək,
onu ruhlar aləminə aparacaqdı.
Monqolustannın da dövlət gerbində at şəkli
var. Maraqlıdır ki, adət-ənənəyə görə,
burada təzə doğulan üç günlük oğlan
uşağına at hədiyyə olunur. Monqolustanda ən çox
atı olan adam varlı hesab edilir.
Qayıdaq on üçüncü əsrə. O dövrdə Çingiz
xan Monqolustanın kiçik qəbilələrini bir yerə
toplayıb güclü ordu yarada bilmişdi. Avropa
və Asiyanı işğal edən Çingiz xanın
döyüşlərdə dalğalanan bayrağı at
quyruğu idi. Yəqin bu, ordunun at gücünə malik
olmasının rəmzidir. Monqol atları uzaq səfərlər
üçün çox dözümlü və çevik
idilər. Bir haşiyəyə çıxım:
Çingiz xanın nəvəsi Batı xan öz qüdrətini
nümayiş etdirmək üçün at
hündürlüyündə iki qızıl at fiquru düzəltdirib,
Qızıl Ordanın paytaxtındakı darvazanın
qarşısında yerləşdirir. Sonralar
atın başına macəralar gəlir, oğurlanır.
Ulan-Batordan bir az aralıda çölün düzündə Çingiz xanın at belində möhtəşəm heykəli ucalır. Heykəl beş ilə hazırlanıb. Kompleksdə restoran, mağazalar xidmət göstərir, ziyarətçilərin Çingiz xanın zəbt etdiyi torpaqların xəritəsi ilə tanış olmaq imkanı var. Kompleks 13 mərtəbəli bina hündürlüyündədir. Dünyanın bir çox ölkələrindən turistlər bu nəhəng abidəni görməyə gəlirlər. Deyəsən, monqollar fərqli istedadları ilə seçiləmyi bacarırlar.
I Pyotrun da atın üstündəki heykəlləri Sank Peterburqda ən görkəmli mədəniyyət abidələridir. Şəhərin mistik həyatında heykəlin özünəməxsus yeri var. Deyilənə görə, işıqlı aylı gecələrdə saat üç radələrində heykələ diqqətlə baxsan, sanki onun canlandığını müşahidə edəcəksən. Kim bilir, bəlkə, at bir yerdə dayanmaqdan yorulub, ləngər vurur, bəlkə də sərxoş adamın uydurmasıdır. Lizetta adlı atın müqəvvası Sankt- Peterburqun Zoologiya muzeyində saxlanılır.
Şəkillərdə, heykəllərdə at üstündə təsvir edilən sərkərdələrin hamısı göründüyü kimi, həyatda da müsbət qəhrəman ola bilsəydilər...Belə tarixi şəxsiyyətlərdən biri Napoleondur. Başqa qəhrəmanlar kimi onun atlara xüsusi rəğbəti olmayıb. Rəssam Jak Lui Davidin çəkdiyi “Napoleon Sen-Bernard aşırımında” məşhur şəklini tanımayan az olar. Bir çox zəngin insanlar nədənsə rəssama sifariş verərkən öz obrazlarını Napoleonun atında oturan qəhrəmana bənzətmək istəyirlər. Görünür, çox adamın ürəyindən Napoleon olmaq keçir. Daha demirlər ki, şəkil çəkilməzdən əvvəl onu qaldırıb ata oturdublar. Sən demə, Napoleon tez-tez atdan yıxılırmış. Napoleonun şəxsi mehtəri Antuan Jardenin dediyinə görə, imperator atlara qarşı amansız idi. Onun döyüş atları çətin sınaqlardan keçməliydi. Atın başına, qulaqlarına qamçı vurulur, silahdan atəş açılır, gözləri qarşısında bayraq yellənirdi, bir sözlə, ata psixoloji təsir göstərilirdi. 1805-1815-ci illər ərzində döyüş cəbhələrində fransız ordusu beş yüz min at itirmişdi, onların arasında yaralanıb, şikəst olanları da vardı. Ömrünün son illərini “Müqəddəs Yelena” adasında sürgündə olarkən Napoleon kökəlmiş və xəstələnmişdi, o, Kinq Corc adlı ata başqalarının köməkliyi ilə, çox çətinliklə minərdi. Tarixdə yaşayan məşhur şəkildə isə şahə qalxan at üstündə cəsarətli Napoleon, guya atı cilovlaya bilir.
Sənaye inkişaf edəndən sonra şəhərlərdə atın özü yox, heykəlləri qalıb. Lakin onun at gücü müasir maşınların sürətində davam edir. 1872-ci ildə şotlan ixtiraçı-mühəndis Ceyms Vatt “at gücü” anlayışından ilk dəfə istifadə edir. Kömür mədənlərində yük daşıyan atları bir müddət müşahidə edəndən sonra o, bir atın 45 kiloqramlıq kömürü 1 saniyədə 1,11m. uzağa daşımaq imkanı olduğunu müşahidə etmişdi. İndi həmin at gücü ilə maşınlar öz gücünü nümayiş etdirir. Kimi avtoşluqla, kimi bahalı maşın markası ilə “sahib olduğu at gücünü” göstərir.
Atda oturanla maşında oturan dünyaya eyni gözlə baxa bilərmi? “Dəmir dostlarımızın” qurbanlarının sayı durmadan artır. Şəhərdə bir neçə at gücündə işləyən maşınlara etibar yoxdur. Maşın insanı öz arzularının mənzilinə tez çatdıra bilsə də, o dünyaya da tez çatdırır. Sürücü və ya sərnişin bir göz qırpımında həyatını itirir. Atın hissi, duyğusu güclüdür, öz yiyəsini uçuruma yuvarlanmağa qoymaz. Təhlükəyə bir neçə saniyə qalmış olsa belə, dəmir nallarından od çıxar, yiyəsini vaxtında ölümdən qurtarar. Sözümüzün canı odur ki, ata etibar var, maşına isə yox. At üçün yol qaydaları yoxdur, amma maşın üçün var. Yol hərəkəti üçün bu qədər qayda-qanun mövcuddur, cərimələr təyin edilir, biz isə nədənsə maşının yerini atla səhv salırıq. Maşında at gücü var, amma özü, hissi yoxdur. Bunu bilməyə nə var ki...İlbəil küçələrdə artan maşınlar insanların sayını azaltmaqdadır. Bu məqamda ağıllı, etibarlı atları necə yada salmayım.
Hanı, Koroğlu kimi qəhrəmanlarımız at belində? Düzdür,o zamanda da hamının Qıratı olmayıb, amma ata minən hər kəs təbiətlə daha yaxın olub. Atalar sözüdür, igid odur atdan düşüb atlana, çətinliyə qatlana. Keçmişdə kişilər maşın pəncərəsindən başını çıxarıb təbiəti seyr eləməyiblər.
Atlar öz taleyini sahibi ilə bölüşməyə hər an hazırdır. Eh, sadəlövh atlar, kaş ki, bizi daha yaxından tanıya biləydiniz...Bir tərəfdən də sevinirəm, nə yaxşı ki, Allahın yaratdığı canlı varlıq kimi Yaradanın qanunları ilə yaşayırsınız. Alimlərin fikrinə görə, at insan kimi yuxu görmək qabiliyyətinə malikdir. Görəsən, o yuxularda insanların atlarla ünsiyyəətini necə dəyərləndirir? Deyilənə görə, atlar hər gün sübh vaxtı Allaha dua edir: “Ya Allah, Adəm övladlarına itaət etməyimi əmr etmisən, məni onların gözündə sevimli et.” Bir də deyirlər ki, cins atın olduğu həyətə şeytan girməz. At çox qürurlu bir varlıqdır. (Nədənsə ona heyvan demək istəmirəm.) O başqa atın qabağındakı yemin artığını heç vaxt yeməz, amma şəffaf suyu bulandırıb içər. Görəsən, suyun aynasında niyə görünmək istəmir. Bəlkə suda əksi onu qorxudur. O insana o qədər alışıb ki, özünü də insan kimi görmək istəyir...Qəribədir, atlar bizi sevib tanısa da deyəsən, biz onları axıra qədər tanımırıq.
Bilirsiniz, elə atlar var ki, o da yiyəsi kimi cənnətə düşəcək. Onlardan biri imam Hüseynin sadiq dostu-Zülcahan adlı boz atıdır. Döyüş meydanında sahibi ilə tək qalan, onun şəhidliyinə ilk ağlayan odur. İmamla ayrılıq Zülcahanın belini əyən ən ağır tənhalıq yükü idi. O son dəfə əziz sahibinin bədənini həsrətlə qoxulayıb qohumlarının yanına acı xəbərlə tək qayıtdı. Zülcahanın o gündən sanki ayaqları yerdən üzüldü, üfüqlərə doğru gedib bir daha gözə görünmədi. İnsanın insana verdiyi zülm, atın da qəlbini qırıb sarsıtmışdı...
Yaxşı və pis insan var, lakin pisliyin daşını atıb yaxşılığı, nəcibliyi atlardan öyrənmək ayıb deyil. Məhəbbətin öz gizli dili var- nəvaziş, qayğı və fədakarlıq bu dildə danışır. Atlar öz yiyəsini sonsuz məhəbbətlə sevir. Deyirlər, ata qırmanc almaq yox, ot vermək lazımdır, o hər hansı bir təhlükə anında səni xilas edə bilər.O öz kasıb tövləsində yatanda da ayaq üstə yatır, həmişə insanın köməyinə hazır olan təmənnasız dost kimi...Atları çox yorub incitməyin. Yorğun atları güllələməyin, cənablar!
Zöhrə Əsgərova
Yazıçı-publisist
525-ci qəzet.-
2012.- 29 dekabr.- S.6.