Yenidən Kiyevdə

 

Yazardan bir-iki giriş sözü 

 

Bu yay Ukrayna arxivlərində Təhsil Nazirliyi xəttiylə gördüyüm işlər haqqında “Azərbaycan müəllimi” qəzetində geniş hesabat vermişəm (“Azərbaycan müəllimi”,  2012, 28 sentyabr, ¹38; 5 oktyabr, ¹39;12 oktyabr, ¹40; 19 oktyabr, ¹41; 2 noyabr, ¹43). Kiyev Şəhəri Dövlət Arxivində (KŞDA) apardığım araşdırmalardan yazarkən orada işlərimin yarımçıq qaldığını bildirmişdim. Həmin işi başa vurmaqçün noyabrın 18-də yenidən Kiyevə getməli oldum. Ötən dönə 1920-ci ilədək Kiyevin ali məktəblərində oxumuş 85 tələbəmizin şəxsi sənədlərini KŞDA-də iki həftə incələyərək onlardan üst-üstə 792 səhifəlik surət çıxarmışdımsa bu dəfə bir həftəyə 66 yeni tələbənin özəl bəlgələrindən 1.379 səhifənin surətini əldə edərək Bakıya gətirə bildim.

 

“Amarant” “qaratərə” deməkdir

 

Təyyarəmiz Bakıdan səhər saat 7.30-da göyə qalxdı. 2 min kilometrlik yolu 3 saat 15 dəqiqəyə uçaraq saat... 8.45-də Kiyevə çatdıq. İş burasındadır ki, Kiyev də Ankara və İstanbul kimi bizdən iki saat geridədir.

Hava limanında pasport qeydiyyatından keçib yükləri götürən kimi taksi sürücüləri səni dövrələyir. Onlardan yayınaraq valyutadəyişmə məntəqəsinə yaxınlaşdım, çünki cibimdə bir qəpik də Ukrayna pulu (qrivna) yoxdu. Məntəqənin qarşısında növbə vardı. Sən demə, Ukraynada pul dəyişmək vaxt aparan ciddi bir işmiş. Növbəm çatanda müəyyən sayda dolları qrivnaya dəyişmək istədim. Xəzinədar xanım pasportumu tələb etdi. Verdim. Ad-soyadımı, verdiyim valyutanın məbləğini bilgisayara köçürdü. Az sonra, alacağım pulun miqdarı yazılmış vərəqi uzadıb qol çəkməyimin gərəkliliyini bildirdi. Qolladım. Bundan sonra mənə çatacaq Ukrayna valyutasının miqdarı göstərilən qəbzi təqdim etdi. Bu əməliyyat ən azı 8-10 dəqiqə çəkdi. Deməli, Ukraynada dəyişdirilən bütün valyutalar qəpiyinəcən hesablanırmış. Bizim Azərbaycandasa pul dəyişmək su işmək qədər asan işdir...

Qırx dəqiqə sonra Kiyevin mərkəzindəki “Amarant” otelindəydim. Yayda iki həftə burada qalmışdım. Olduqca səliqəli və sakit qonaq evidir. Çox mehriban, qayğıkeş, diqqətcil işçiləri var. Onlarla dostlaşmışdım. Maksim “Sladki”, iki Yuliya, Aleksandra, “veteranlar” Yan və İvan, deyəsən, mənim darıxdığım qədər onlar da məndən ötrü darıxmışdılar, məni sevinclə qarşılayaraq öncədən sifariş verdiyim, keçən dəfə qaldığım 210-cu otağa uğurladılar.

“Amarant” sözü bizim yerlərdə “xanımsallandı” adlandırılan, ancaq elmi adı “qaratərə” olan, əsasən, bənövşəyi rəngli bir çiçəyin adıdır. Bu qonaq evində çalışanlar onu gerçəkdən çiçək kimi təmiz və təravətli saxlayırlar. Burada özümü evdəki kimi rahat hiss edirdim.

 

Kiyev Şəhəri Dövlət Arxivində 

 

19 noyabrda səhər saat 10-da arxivdəydim. Doğrudur, direktor Vera Petrovna Kupçenko iclasdaydı, ancaq şöbə müdiri Janna İvanovna Serqa və artıq məzuniyyətdən dönmüş oxu zalının müdiri Natalya İllarionovna Solovyova məni gülərüzlə qarşılayıb arxiv sənədləriylə bağlı sifarişlərimi qəbul etdilər.

Günortaya yaxın iş otağına dönən direktorla görüşdüm. Vera Petrovna bu dəfə də mənə hər cür şərait yaratmağa boyun oldu. O, mənə hər gün 5-10 əvəzinə 20 şəxsi iş verilməsinə, oxu zalının iş günü olmayan II və IV günlərdə də sənədləri alaraq çalışmağıma, bütün şəxsi işləri öz fotoaparatımla çəkməyimə icazə verdi. Hətta arxivin işləmədiyi şənbə günü belə mənə 28 (!) şəxsi iş verildi və onları çəkməyimə şərait yaradıldı. Bunların sayəsində mən bu bir həftədə iyul ayının iki həftəsində əldə etdiyim sənədlərdən az qala iki dəfə artığın üzünü çıxara bildim. Bütün bu surətlər üçün arxivin büdcəsinə bizim pulla 687 manat ödədim.

Sənədlərin surətlərini hər gün çəkirdim. Cümə günü yeni bir siyahıdan Kiyev Kommersiya İnstitutunda oxumuş 28 tələbənin adını tapdım və onları sifariş verdim. Doğrudur, bu dəfə də mənə güzəştə getdilər, ancaq iki problem yarandı – birincisi, bank şənbə günü işləmədiyinə görə bütün surətlərçün pul ən geci cümə günü ödənməliydi, buna görə də şənbə günü materiallarından çəkiləcək səhifələrin sayını təxmini göstərməyə məcburduq. İkincisi, bir gündə 28 şəxsi işi fotoaparatla çəkmək həddən artıq ağırdı. Bu işə yarım gün vaxtım getdi və boynuma alım ki, hədsiz yoruldum. Ümumən arxivdəki işim o qədər gərgin keçdi ki, şəhəri gəzməyə qətiyyən vaxt tapmadım, halbuki Sergey Karamaşla gəzintiyə çıxmağa öncədən söz vermişdik.

Bu səfərdə şəxsi işlərini araşdırdığım tələbələr aşağıdakılardır (ad-soyadlar fond, siyahı və sənəd nömrələrinin ardıcıllığına görə düzülüb). Həmin tələbələrdən 37-sinin adı Azərbaycan elminə indiyədək bəlli deyildi. 

 

Kiyev Müqəddəs Vladimir Universiteti

1. Qədimov Adıgözəl Allahverdi oğlu (Naxçıvan)

2. (Allahverdiyev) Əliheydər Allahverdi oğlu (Bakı)

Kiyev Kommersiya İnstitutu

3. Axundov Rüstəm bəy Heydər bəy oğlu (Bakı)

4. Abdullayev Muxtar Həsənxan oğlu (Şuşa)

5. Əliəkbərov Əliəsgər Hacı Kazım oğlu (Bakı)

6. Ağayev İsrafil İbrahim oğlu (Qarğabazar)

7. Əliyev Şövkət Məşədi Hacı Abdulla oğlu (Gəncə)

8. Aleyev Abdulqazis Qayazetdinoviç

9. Ağasıbəyov Səlim bəy Böyük bəy oğlu (Gəncə)

10. Ağalarov Sultanəhməd bəy Əliəkbər bəy oğlu (Şamaxı)

11. (İbrahimbəyov) Adışirin Mirzə Məhəmmədbağır oğlu (Şuşa)

12. Bəylərbəyov Əbdüləli bəy Şahkərəm bəy oğlu (Lənkəran)

13. Babayev Həbib Mirzəaga oğlu (Bakı)

14. Bəhramov Bəhram Hacı İmamqulu oğlu (Şuşa)

15. Hüseynbəyov Mustafa bəy İsmayıl bəy oğlu (Şəki)

16. Həmzəyev Cahangir İsmayıl oğlu (Gəncə)

17. İbrahimov Abbasqulu Hacı Paşa oğlu (Gəncə)

18. Qayıbov Xalid bəy (Quba)

19. Kazımov Cəfər Kərbəlayı Əliəsgər oğlu (Bakı)

20. Məhəmmədov Məhəmməd Əsəd oğlu

21. Məhəmmədyarov Əbdüssəməd Əbdülbağı oğlu (Quba)

22. Mövsümov Mirhüseyn Hacı Mirağa oğlu (Bakı)

23. Musayev Məhəmmədalim Əhmədcanoviç

24. Maqrubov Bahadur bəy İsgəndər bəy oğlu (Şuşa)

25. Mullayev Tausultan İşakoviç

26. Nağıyev Zeynalabdin Ağaəli oğlu (Bakı)

27. Orucəliyev Hacımurad Əbdülqədir oğlu (Şamaxı)

28. Rəhimzadə Abdulla Məhəmməd oğlu (Gəncə)

29. Səidov Məcid Bağır oğlu (Quba) (2 şəxsi işi var)

30. Səlimov Müseyib İbrahimxəlil oğlu (Lahıc k.)

31. Səfərəliyev Mirzəhüseyn bəy İbrahim bəy oğlu (Bakı)

32. Semakov Abdurahman Xayruloviç

33. (Bağırlı) Abdulla Məşədi Sadıq oğlu (Gəncə)

34. Tahirov Əhmədsultan Şakircanoviç

35. Talışinski Mirabbasqulu xan Mirrza xan oğlu (Lənkəran)

36. Talışinski Mirisgəndər xan Bağır bəy oğlu (Lənkəran)

37. Tağıyev Abdulla Hacı Məhəmmədtağı oğlu (Gəncə)

38. Talıbov Böyükağa Mirqasım oğlu (Salyan)

39. Şahbazov Abdulla Abbas oğlu (Bakı)

40. Yarıbəyov Samid bəy Cavad bəy oğlu (Hacıbabalı k. – İmişli)

41. Ağabəyov Yusif bəy Məhəmməd bəy oğlu (Quba)

42. Adigözəlov Qəhrəman Hacı Məhəmmədtağı oğlu (Zazalı k.–Gəncə qəzası)

43. Əliəkbərov Məhəmmədrza Məşədi Məhəmmədsadıq oğlu (Bakı)

44. Mütəllimov Baba Əşrəf oğlu (Şamaxı ş.) (2 şəxsi işi var)

45. Hacıyev Məhəmmədrza Kərbəlayı Əliəsgər oğlu (Bakı)

46. Qasımbəyov Əbdüssəttar bəy İbrahim bəy oğlu (Bakı)

47. Qocayev Əliheydər Ağabəy oğlu (Saray k. – Bakı)

48. Hüseynov Hacısaleh Məşədi Fətulla oğlu (Dərbənd)

49. Cəfəroglu Əhməd Ağaismayıl oğlu (Gəncə)

50. Zöhrabbəyov İsmayıl bəy Əliəkbər bəy oğlu (Quba)

51. Zeynalbəyov Cavad bəy Hacı Əli bəy oğlu (Dərbənd)

52. İsmayılzadə İbrahim Məhəmməd oğlu (Gəncə)

53. Qazıxanov Məhəmmədsəfa Qazıxan oğlu (Kafir–qumuq k.–Dağıstan)

54. Qardaşov Həbibullah bəy Aslan bəy oğlu (Zaqatala)

55. Qasımov Məhəmmədqasım Məlikəhməd oğlu (Bakı)

56. Keyseruxski Adigörklü bəy Əbdülməcid bəy oğlu (Balakən)

57. (Məhəmmədov) Nəbi Məhəmməd oğlu (Aslanbəyli k.–Qazax)

58. Mahmudbəyov Şamil bəy Mirzə Həbib bəy oğlu (Bakı)

59. Mahmudov Əbdülqafar Hacı Mahmud oğlu (Şamaxı)

60. Məhrəmov Əliabbas Əliheydər oğlu (Şamaxı)

61. Məlikov Nurullah bəy Ağarəhim bəy oğlu (Bakı)

62. Mütəllimov Mütəllim Məşədi Sadıq oğlu (Şamaxı)

63. Sultanov İsgəndər bəy Rüstəm bəy oğlu (Qasımuşağı k.–Zəngəzur)

64. Talıbov Əliəşrəf Məşədi Əsəd oğlu (Bakı)

65. Talışxanov–Talışinski Mirhəbib xan Mirfəttah bəy oğlu (Lənkəran)

66. Əfəndiyev Əhmədsultan Ağarəhim oğlu (Şamaxı)

 

Burada göstərilmiş 5 nəfər tatar balasının Azərbaycanla bağlılığı olmasa da onların şəxsi işlərini kənara atmağa qıymadım və araşdırıcı tatar qardaşlarımıza gərək olar düşüncəsiylə arxivdən götürməyi faydalı saydım.

Oxuculara bu da maraqlı olar ki, arxiv işçiləri bütün bu şəxsi işləri son yüz ildə ilk dəfə mənim sifariş verib oxuduğumu dedilər. Bu üzdən işlərin heç biri hələ tikilməmişdi, ayrı-ayrı vərəqlər şəklində bir qovluğa yığılmışdı, bu isə həm mənim fotoçəkmə işimi xeyli asanlaşdırdı, həm də mətnlərin bütünlüklə oxunmasına yardımçı oldu, çünki tikilən işlərdə, adətən, vərəqlərin ya baş, ya da son hissəsi başqa vərəqin altında qaldığına görə mətndə bir çox sözləri oxumaq mümkün olmur.

Kupçiklə görüş

Bakıda olarkən AR Xarici İşlər Nazirliyinin “Diplomatiya aləmi” dərgisində (2011, ¹30) Oleq Kupçik və Əli Dəmirov’un 1917-1921-ci illərdə Ukrayna – Azərbaycan diplomatik münasibətləri haqqında məqaləsini oxumuşdum. Həmin yazıda ilk Azərbaycan Parlamentinin üzvü olmuş Vasil Nikolayeviç Kujim haqqında da maraqlı bilgilər vardı. Müəlliflər onun Azərbaycanda gördüyü işlər və diplomatik fəaliyyəti haqqında bir çox dəyərli bəlgələr üzə çıxarmışdılar. Mən Sergey Karamaş’dan Oleq Kupçikin telefonunu tapmağı xahiş etmişdim.

Sənədlərlə çalışdığım zaman birdən Sergey gəldi ki, Kupçik arxivdədir və səninlə görüşmək istəyir. Sevinərək foyeyə çıxdım. Qarşımda ucaboy, yaraşıqlı bir gənc vardı. Tanış olduq.

Taras Şevçenko adına Kiyev Milli Universiteti tarix fakültəsinin müəllimi olan Oleq Romanoviç Kupçik (1979) Ukrayna SSR-in 1920-1923-cü illərdə xarici siyasəti mövzusunda 2005-ci ildə namizədlik dissertasiyası müdafiə edib. O, bu il professor Musa Qasımlı və Kiyevdə yaşayan eloğlumuz Əli Dəmirov’la birlikdə Kiyevdə “Ukrayna-Azərbaycan siyasi münasibətləri: tarix və müasirlik” adlı dəyərli elmi monoqrafiya nəşr etdirib. Bu əsərdə Ukrayna – Azərbaycan diplomatik münasibətlərinin 1918-ci ildən bugünədək olan tarixi izlənilib və yuxarıda adını çəkdiyim V.N.Kujim haqqında da bilgi verilib.   

Maraqlıdır ki, ilk Ukrayna – Azərbaycan diplomatik münasibətlərində ən önəmli rolu Kiyev Universitetində  oxumuş azərbaycanlı tələbələr Yusif Vəzir Çəmənzəminli (Vəzirov), Yusif Salehov, Cahangir Həmzəyev və b. oynamışlar. Mən Yusif Vəzir çıxılmaqla son iki tələbənin şəxsi işlərini hələ yayda arxivdən taparaq Bakıya gətirmişdim.

Oleq Romanoviç məni Əli Dəmirovla da tanış etməyə söz verdi   bizi telefonda görüşdürdü. Əli bəylə cümə günü axşam görüşəsi olduq.

Əli Dəmirovun “Orman”ında

Öncədən razılaşdığımıza görə, cümə günü axşam saat 18.10-da O.R.Kupçik arxivə gələrək məni və Sergeyi şəhərə apardı. Əli Dəmirov bizi orada gözləyirdi. Metroyla xeyli yol getdik. Haradasa yer üzünə çıxdıq. Çox keçmədən görünüşcə ukraynalılardan əsla seçilməyən eloğlumuz öz maşınında gəldi və bizi şəhərin hansısa rayonundakı meşəlikdə yerləşən “Orman” adlı özəl kafesinə apardı. Yolda maşında ukraynaca şirin söhbət getdi. Ən çox danışan da Sergeylə Oleq yox, Əli Dəmirovdu. Onun Ukrayna dilində ləhcəsiz təmiz danışmasına heyran qalmışdım. Tanımayan qıraq adam onun ukraynalı olmadığını ağlına belə gətirməzdi.

Azərbaycan bayrağının üç rəngindəki böyük lövhə üzərində yazılmış “Orman”ın qarşısında maşından düşdük. Gördüyümüz mənzərə Sergeylə Oleqçün adicə ekzotika, mənimçünsə qürur qaynağıydı.

İçəri keçdik. Adam çox deyildi. Əli bəy kafe işçilərinə gərəkli göstərişlər verib yanımıza gəldi. Yaxından tanış olduq. Öyrəndim ki, Biləsuvar rayonunun İsmətli kəndindəndir. 47 yaşı var. Politexnik İnstitutu fərqlənmə diplomuyla bitirib. Azərbaycanın ali məktəblərində dərs deyib. 20 ildən artıqdır ailəsiylə Kiyevdə yaşayır. İş adamıdır. Ukrayna Jurnalistlər Birliyinin üzvüdür. Burada bir neçə il (1996-1999) öz vəsaitiylə Azərbaycanı təbliğ edən üçdilli “Exo Azerbaydjana” qəzeti buraxıb. Ukrayna dilini çox yaxşı bildiyinə, Ukrayna ədəbiyyatının ana dilimizə, bizim ədəbiyyatımızın Ukrayna dilinə çevrilməsində mühüm işlər gördüyünə (2006-cı ildə mərhum Mikola Miroşniçenko ilə birlikdə ikicildlik “Azərbaycan poeziyası antologiyası”nı Kiyevdə Ukrayna dilində buraxdırıb), Azərbaycan səfirliyiylə yaxın əməkdaşlıqda Ukrayna – Azərbaycan münasibətlərinin daha da yaxşılaşmasına əlindən gələni etdiyinə görə yerli ziyalılar arasında böyük hörməti var. O, dilçilik və tarix sahəsində də ciddi araşdırmalar aparır. Kiyevin bir sıra dövlət arxivlərində onu yaxşı tanıyırlar.

Həyat yoldaşı da azərbaycanlıdır. Övladları gözəl bildikləri ana dilindən başqa, Türkiyə türkcəsinə, bir neçə Avropa və Şərq dilinə də mükəmməl yiyələniblər.

Əli bəy “Orman”da bizə əsl Azərbaycan qonaqlığı verdi. Doğrudur, indiyədək “Dərbənd” restoranında Sergeylə birgə bir neçə dəfə lüləkabab yemişdik, ancaq Azərbaycanın gerçək lüləkababını və quzu ətindən hazırlanmış kababını Sergey ilk dəfə dadırdı. O, milli yeməklərimizi çox bəyəndi.

Söhbətimizə Əli bəyin kafedə ortağı Asif Allahverdiyev də qoşuldu. Çox gözəl bir ziyalı məclisi oldu. Şirin diskussiya getdi. Dağılışanda Əli bəy öz maşınında bizi bir-bir evlərimizə düşürdü. Məni sona saxladı. Kiyevin Obolon rayonunda azərbaycanlıların gücüylə Səməd Vurğun adına kitabxana yaradıldığını, kitabxananın qarşısında şairin heykəli qoyulduğunu söylədi və məni oraya apardı. Mate Zalka küçəsindəki 3 saylı binanın birinci qatını tutan kitabxana yetərincə böyükdür. Heykəl də gözəldir. Təəssüf ki, qaranlıq olduğuna görə orada çəkdiyim şəkillər yaxşı alınmadı.

Əli bəy məni “Amarant”ın həyətində düşürdü. Tezliklə Bakıda görüşmək umuduyla ayrıldıq.

Son bir-iki söz

Noyabrın 24-ü şənbə günü axşam 22.30-da oteli tərk edərək Borispol hava limanına yollandım – ayın 25-də saat 1.10-da təyyarəm uçacaqdı. Özümlə Bakıya 66 tələbənin 68 şəxsi işinin surətini də götürmüşdüm. Ancaq Kiyev Şəhəri Dövlət Arxivindəki araşdırmalarım yenə yarımçıq qaldı. Kiyevdə oxumuş bütün soydaşlarımızı üzə çıxarmaqçün həmin arxivdə yenə bir neçə ay işləmək gərəkmiş! Ancaq bu işi daha mən deyil, başqaları davam etdirəcək...

Ukrayna paytaxtına səfərimin uğurlu keçməsi üçün dostlarımın, demək olar ki, hamısı dua edirdi. Onların hər birinə, özəlliklə Ağaəli Bağırov’a dərin minnətdarlığımı bildirirəm!

 

 

Ədalət Tahirzadə,

Bakı Avrasiya Universitetinin professoru

 

525-ci qəzet.- 2012.- 30 dekabr.- S.26-27.