İtirilmiş il, itirilmiş illüziyalar və itkin insanlar 

 

“Mən sizə Tanrı kimi inanırdım,

amma siz mənə həmişə yalan demisiniz”.

(Etel Lillian Voyniç. “Ovod”)

 

Sevmədim mən bu uzun illəri. Yəni illər onsuz da uzun olur da, amma fevral ki, 29  gün  oldu – mən  əzəl  gündən itkilər haqqında  düşünməyə başlayıram. Belə bir takıntım var. Belə illərdə  həmişə kimisə itirirəm, atam  da  belə  ildə  ayrıldı məndən. Amma  həm  ayrılmadı – insanın fiziki yoxluğu ağrılı, acılıdı doğru. Amma  canlı ölülərin  varlığı, ya da belə  deyim, səninçün ölmüş canlının yoxluğu  daha betər  hüzün  verir. Lap  qorxu  filmlərində  olan  kimi  canlı kimisə  dəfn  edirsən, tamaşa  edirsən  cabalamağına – qışqırır, bağırır, imdad  diləyir. Baxırsan, susursan. Dilin susur, ürəyin danışır.Sən  məni  öldürdün  axı, inamı öldürdün  içimdə”. Yalan eşitmədik böcəkdən, quşdan, insandı insana yalan danışan... Qorxu  filmlərində olan səhnələr – canlı ölülər... Deyəsən,  gəlib çıxdıq ilin sonuna, birtəhər ötüşdürdük deyə-deyə...Düzdü, deyirdilər dünya dağılacaq ...Sonra  dedilər gördüz dağılmadı – cahil insanlar. Allahın bu  böyüklüyündə sevgiylə yaratdığı  dünya dağılarmı heç? Dağılan bizim özlüyümüzdə yaratdığımız  yalançı dünyalardı – təməli yalan və təmənna dolu. Bir  boylansaq içimizə, nə qədər belə  xarabalıq var.Yıxılacaq  təbii... Qarışıq il oldu – hadisələri bol   nəticəsiz. Ən çox yadda qalanlar....İtkinlər...

 

lll

 

İnsanlar balaca bir cəmiyyət formalaşdıran kimi  özlərinə lider axtarırlar. Ya da bir tapınaq. Nümunə. Kiməsə oxşamaq, kimdənsə  imdad diləmək arzusu var insan  oğlunun içində. Fərq eləməz necə oldu, necə gəldi – qalibləri mühakimə eləmirlər axı. Əsas odu ki, bir nəfər tapıb ona sitayiş edəsən (ola bilər ki, bu  sitayiş obyektini sabah ayaqlar altında əzərsən də). Bu gün varmı? Off, nə gözəl... rahat yatmaq da olar, səhər dinc yaşamaq da olar – obraz var ...

Yunan mifologiyasından gəlir söz – ERO... Qəhrəman yəni. Bizim dilimizdəki versiyasına qayıdacam hələ... İndi bunun ətrafında fırlanım bir az. HERO  tapmışkən... Kimdi  bu axı? Niyə lazımdı insanlara?  Tanrı yaratdıqları kimi onu da yaradıb başına  dönürlər.

 Sən demə, bunun əsası varmış – mifologiyaya görə  HERO, yəni qəhrəmanlar tanrıların yerdəki fanilərlə sevgisindən doğulan insanlardı (sevgi məsələsi var hər halda).Tanrılar ölməzdi, amma onlardan  doğulanların belə imtiyazı yox. Miflərdə Ölməz valideynin fani övladına əbədi həyat vermə cəhdləri  süjet kimi keçir. Fetida oğlu Axillesi yeraltı Stiks  çayında çimdirir, dabanına su dəymədiyindən zəif yeri  qalır. Axillesin dabanı. Məşhur Troya müharibəsi — burda da Fetida hər vəchlə oğluna yardım etməyə  çalışır,hətta Olimpdəki bütün əlaqələrindən (indiki dillə desək) də istifadə edir. Döyüşün yunanlar üçün uğurlu  olmasını Zevsdən xahiş edir (Burda da  tanışlıq    əlaqə  faktorları  var  gördüyünüz  kimi). Amma  əlahəzrət Təsadüf və ya Zərurət işə qarışıb artıq. Daban zəifdi. Məşhur döyüş və Axilles həlak olur  (dabanından aldığı yara öldürür) döyüşdə. İlahə  Fetida oğlunu ölümsüz edə bilmir. Ya da belə  yanaşsaq, bəlkə edir ölümsüz. Neçə əsrdi insanlar bu  əfsanəni yaşadırlar. Axillesin öldüyü gün olmayıb  məncə. Fetida istəyinə çatıb. Fiziki ölümlər çox adidi... Heroizm insanı əbədiləşdirən bir məfhum... Deməli, fani (sözün bütün çalarlarında) insanların əbədiyyət  arzularına bir cığırdı qəhrəman. 

Antik ədəbiyyat bu obrazlarla çox zəngindi. Homerin  İliada”  və “Odisseya”sı  ilk  baxışda  satrapların, çarların tarixini əks etdirsə də, eposun əsas  qəhrəmanları yenə elə Qəhrəmanlardı. Maraqlıdı  eləmi, əsərlərdə, hadisələrdə, gündəmdə də əsas  fiqurlara qəhrəman  deyirlər. Şah, çar, xan, lider filan yox – elə Qəhrəman. Bütün dillərdə  belədi, deməli  insan təfəkküründə öndə gələn obraz budu. Bəlkə   insanlar Qəhrəmanı Tanrıya bərabər tutduqlarından bütün möcüzələri, qeyri-adilikləri onlardan gözləyirlər. Hökmdarlardan yox, Qəhrəmanlardan, Heraklından  tutmuş Teseyinə qədər. Antik yunan mifləri öz yerini  Roma reallıqlarına verəndə də  eyni mənzərə  görünür.

 

 lll 

 

Baxırdım və anlamırdım, niyə belə həşirdi. Qəhr olsun... sakitləşin bir az, cənablar. Ayın yeri Günəşlə  tərs düşməyib, okeanlar gölə sığdırılmayıb, göydən  yerə bircə alma da düşməyib. Hər şey öz axarında, hər zaman necəydisə elə gedir. Yanan yanır, dağılan  dağılır, artan artır, yıxılanın da vaxtı gələndə yıxılır... Zatən, başqa cür gördüyümüz olmuşmuydu? Qəhr  olsun... Biz cəmiyyət olaraq bu il Qəhrəman obrazını çox müzakirə etdik. Haqlı-haqsız günün  qəhrəmanına  çevrildi o oğlan ... Nəticə isə o oldu  ki... Bir  taqıma  (lap kiçiyindən başladım)  rəhbərlik edə biləcək bir  igidin  karyerası başlamadan bitdi. Zəif yerlər vardı  bu olayda – bitməmiş müharibə və formalaşmamış insan cəmiyyəti. O oğlan illüziyalarından qurtula  bilməmişdi (nəyəsə inanırdı), cəmiyyət isə qışqırıb  bağırmaq istədiyi mövzuların bu şəkildə həllini həzm  edə bilmədi. Uzaqdakılar yaxınlaşdı və bu anda  insanlar arzuladıqları yaxınların nə qədər əlçatmaz  olduğunu dərk etdilər elə bil. Və qəzəb, kin yağmuru  yönəldi bu gəncə – şüurlu ömrünün böyük  əksəriyyətini kazarmalarda, məhbəsdə keçirən, özü  bilmədən qəhrəman elan olunan, özü də anlamadan taxtdan endirilən bu oğlan itkin düşdü aramızdan. Sözün bütün mənalarında. İndi o yoxdu, insanlar yeni  qəhrəmanları müzakirə edirlər. Fərq eləməz bu  qəhrəmanlar müsbətdi, ya mənfi. Amma  müzakirə  konusu var yenə... Göstərilənlər görünən olmadı... İnam yox  idi...Yalan vardı...

 

lll

 

Hər kəs deməyəcəm, böyük çıxar, amma kimlərinsə  içində öz qəhrəmanları var. İnanır ona və möcüzə  gözləyir. Uzaqların yaxına gəlməsini gözləyir. Olmur  möcüzə. Yoxdu o qəhrəman. Onun da  öz yalanları  və doğruları var, öz zəif yerləri var. Və sən bu zəiflikləri müşahidə edə-edə öz dünyanı yıxırsan. Uduzan isə sənsən nəticədə. İllüziya idi və itirdin. Bundan ağır nə ola bilər ki... Canlı ölü siyahın artdı  qəlbində, ya da itkin insanlar siyahısı. İndi fikirləşirəm ki, nəinki  insanlar, hətta  sözlər də ölür. Ev tapşırığı kimi leksik lüğətdə bütün xoş sözləri xatırlamaq  istəyirsən, yadına düşənlər ağrı verir. Heç sözlərdən  belə küsdüyüm olmamışdı. Sözü bu qədər sevən mən, əzizləyən mən, sözə tapınan mən – qəzəbləndim sözlərə. Nəyə lazımmışsınız?   Əzizlənmiş bir cocuğun əlində sındırılıb atılan  oyuncağa bənzədiniz... Leksik luğətimə zaman-zaman əl gəzdirməm lazım... Amma ac olduğum sözlər çoxdu...

 

lll

 

açtık çok açtık çok açtık

kadın istedik tanrı istedik...

ve bir kadın aldık çarşıdan

birşeyler umarak

kadın dediler, soy dediler soyduk.

giysilerini soyduk kadının ve şeylerini

ve salt kadın dediler,

salt kadındı şimdi o

salt erkek bekliyordu,

şimdi biz salt erkeğiz

salt erkeğiz ve çok açız dayanamadık

soymayı sürdürdük

kadını gözlerimizle

ve soyduk giysilerini

kadının ve şeylerini

ve soyduk saçlarını dudaklarını

ve gözlerini tardye gibi.

ve soyduk birşeyler umarak

derilerini etlerini

ama hep birşeyler umarak

soyduk herşeylerini

ne çıktı karşımıza

biliyormusunuz sonunda

salt kadın yerine salt kemik,

ve kemikler arasında kirli bir yürek,

çirkin korkunç bir iskelet.

oysa hep başka düşlemiştik kadını

en iyi en güzel ve sıcacık

ve de temiz yürekli / yani kadın

yani kadın / biz çok açtık kadın istedik

yani kadın, yani sevgi, yani aşk.

ama en iyi en güzel ve sıcacık

ve de temiz yürekli

yani kadın...

 

  istədiyinizi  özünüz    bilmirsiz... Qadınların ürəyi kirli olanda, çirkin skelete dönəndə fərq edirsiniz o ürəyi.... Heç yazığınız da gəlmir və bir gün  özünüzün necə tənha olacağınızı anlayacaqsınız... Gec olacaq... Kardinal Montanelli inandığı həqiqətlərə  qurban verdi Arturu. Sonra anlayanda  gec idi... Arturmu itkin? Kardinal Montanellimi? Mən Arturu  yaşatdım  hər  zaman  qəlbimdə... İtkin  olmadı... Hisslərinizdən niyə utanırsınız? Bu miqyas nə qədər genişdirsə, sən də o boydasan. Kainat böyüklüyündə də ola  bilərsən, ürəyinin fiziki qabaritləri boyda da... Artur...  ...Xoşbəxt  kəpənək... Yaşasa da, ölsə də....  Yaşadı hər zaman...

 

lll 

 

– Siz öz yalanınızla məni şəkər plantasiyalarında kölə vəziyyətinə salanda mənə çoxmu yazığınız gəlmişdi? Bunu sizə deyəndə siz dəhşətdən titrəyirsiz... Ay  yumşaq  ürəkli  müqəddəs  adam! Sizin vur-tut  bir  oğlunuz  olub!  Deyirsiniz ki, səni  sevirəm ...Yaman da  sevirsiniz! Sizin  məhəbbətiniz mənə  baha  oturdu. Yoxsa siz elə zənn edirsiniz ki, hər  şeyi  yenə  yoluna qoyarsınız, məni    əvvəlki  Artur  eləyə  bilərsiniz? Elə bir  adamı ki, çirkli  yavaxanalarda qab-qacaq yuyub, saxladıqları  heyvanlardan da pis  olan fermerlerin tövlələrini  təmizləyib. Elə  bir  adamı ki, aclıq  çəkib, onu ayaq  altına  salıb  tapdalayıblar, onun  üzünə  tüpürüblər, o əl açıb dilənib, kif basmış yemək tör-töküntüsünü istəyib, lakin bunu da  verməyiblər, çünki bu şeyləri  yemək itlərin haqqı idi!  Ah, mən bunları sizə niyə deyirəm! Sizin  sayənizdə  başıma  gələn  müsibətləri  saymaqla qurtarmaz. İndi   durub  mənə  məhəbbətinizdən  dəm vurursunuz!

“Ovod  əsərindən ...

Sən  dünyanın ən inamsız  adamısan    mən  bunun  əlacını  bilmirəm”. İnamsızlığın  əlacı  yox ki... Var  ya da... Biz yerin bilmirik. Nəyə inanacağımızı  çoxdan  bilmirik, çoxdan. İtirilmiş  illüziyalardı... İllüziyaların  arxasınca  getmək... Bunları fikirləşəndə  məhbəsdəki  Arturun  Kardinalın ardınca hönkür-hönkür  ağlamasını  xatırlayıram. Padre, nədən  biricik oğlunu atdın, həşəratlara yem elədin?   səhərə yaxın günəşin ilk şəfəqləriylə işıqlanan  otağımın  tavanında öz inamsızlığıma çarə  axtarıram. Tavanda axtarılan gerçəklər... sadəcə gerçəklər ... istəklər yox... İtdi bu il... Yaxınlar daha da uzaqlaşdı, illüziyalar  dağıldı...Qəhrəmanlar  öldü... Yenə ədəbi  qəhrəmanlara  sığınmaq, onların həqiqətlərinə  inanmaq və bundan məsud olmaq ... Arturu da qadın  yaratmışdı... Amma  ürəyi  kirlənməmiş,skeletə  dönməmiş... Görünür,  onun gördüyü, sevdiyi  insanlar illüziyaları dağıtmaq istəmədilər...Ya da  gücləri  çatmadı...Güclü qadın... Ay aman, mən bu  güclü  sözünə də nifrət edirəm. Leksik lügətimin itkin  sözlərindən biri ...

 

lll

 

İsmini unutduğum film....Gərək ki, altmışların italyan  filmi idi. Bir fraqment indiyə qədər xatirimdədi – əriylə  həftəsonu tətilinə gedən qadın səhər ayılıb qaldığı məkanın həyətinə çıxanda onu sevdiyinə inandığı kişini görür. İri planda gözləri yadımdadı – bir neçə saniyənin içində dəyişməyi yadımdadı. Yorgun, bezgin  gözlər və birdən qəfil ildırım kimi toqquşan baxışlar... Bir neçə saniyədə səadət yaşayan ruh. Sonra  susqunluq anları, maşına oturub gedən insanın  baxışlarla yola salınması. Əslində baxış da deyildi – gözünün ucuna bir dünya sevinc və həyat dolmuş qadın. Bir neçə vaxt sonra qadına gerçəyi deyir sevgilisi, daha doğrusu “sevgisizi”. Onların  münasibətləri tapşırıq imiş, o adam da bu qadını nəyəsə inandıra biləcək kimsə. Hər halda dürüstlük  edir o  kişi, düzünü deyir ona. Amma bu həqiqət onu  məhv edəcək həqiqətdi. Qapının bağlanması filmin  son kadrlarıdı, o tapındığı sonuncu ümidinə qapadır hər şeyi. Ümidə bağlanan qapı isə intihara açılır... Təfərrüatlar yadımda deyil – bir gözləri xatırlayıram  (elə qapı kimi açılmış), bir də bağlanmış qapı və təxmin edilən sonluq...  Niyə xatırladım axı bu filmi?...  Hə, inamın itməyi... İtməyi də yox... Olmaması... Nə dünənində, nə bu günündə, nə də sabahında ...

 

lll

 

– Padre!

– Görünür, bunun nə demək olduğunu lazımınca  başa  düşməmisən. Bunu başa düşməyin də çətindir, çünki  çox cavansan. Sən yaşda olsaydım, mən də başa  düşməzdim, Artur! Sən mənim üçün öz oğlum kimisən, bunu anlayırsanmı? Sənə baxmaqdan doymuram, gözümün işığısan. Səni yanlış bir addım  atmaqdan çəkindirmək, həyatını qorumaq üçün mən  ölməyə də hazıram. Ancaq  indi acizəm... Mən səndən tələb etmirəm ki, söz verəsən... Səndən xahiş edirəm, dediklərimi yaddan çıxarma, ehtiyatlı ol. Qəti  qərara gəlməmişdən əvvəl yaxşı fikirləş....

.... Bu, atası olduğunu bilməyən Arturun Montanelli  ilə söhbətidi. Yeniyetmə Arturun. Sonra “gözümün  işığı” dediyi adama inamın ölməsi Arturu da intihara  aparır. Hamı üçün ölür... Rivares kimi qayıdır və yenə  onlar bağlı olduqları həqiqətlərin əsiri olurlar... Bu  ideyalar, bu həqiqətlər nə qədər insanı intihara aparıb  görəsən? Ya da itkin insanlar siyahısına salıb?!

 

lll

 

“Cemma, mən sizi hələ siz biçimsiz qız olanda, çit  paltar geyib siçan quyruğu kimi nazik hörük  qoyanda  sevirdim. Yadınızdadırmı, bir gün sizin  əlinizi  öpdüm, siz də həzin səslə xahiş  etdiniz ki, “bir də belə  şey  etməyin” . Bilirəm,  bu  yaxşı  hərəkət  deyildi, lakin siz bunu əfv etməlisiniz. İndi də sizin adınız yazılan kağızı öpürəm. Belə çıxır ki, mən sizi iki dəfə öpmüşəm, ikisində də sizin  razılığınız olmadan...” Bu, Arturun edamdan əvvəl  yazdığı məktubdu hər zaman sevdiyi qadına... Bu  sözləri hər zaman sevdim mən, unutmadım. Zalım  müəllimin verdiyi ev tapşırığı deyildi... Bu sözləri lüğətdən də çıxarmaq olmayacaq... Bu ədəbiyyatdı  təbii. Kişinin dilinə qadının yazdığı sözlər qoyulub. Amma  fərqi varmı? Onlar yaşayırlar və bizi də yaşadırlar. İtkin olmayan, qeybə çəkilməyən yalnız  odu. ƏDƏBİYYAT...İl deyil, illüziya deyil, insan deyil... İnam yalnız orda yaşaya  bilir.

 

***

 

PADRE!!! Mən bir xoşbəxt kəpənəyəm, yaşasam da, ölsəm də...

P.S  Sevmədim mən bu uzun illəri. İtirdim hər zaman...

P.P.S. Andın nə mənası var? İnsanı bir şeyə bağlayan and deyil. Əgər adam hiss edirsə, özü də dərindən hiss edirsə ki, bir fikir onun qəlbinə hakim olub – bu bəs edir. Bundan başqa adamı heç bir şey bağlaya bilməz...

 

 

İradə Tuncay

 

525-ci qəzet.- 2012.- 30 dekabr.- S.16.