Azərbaycan rəssamlığında
kolorit ustası – Böyükağa Mirzəzadə
Azərbaycan incəsənətinin tərəqqisinə layiqli töhfələr vermiş istedadlı sənətkarlar sırasında onun da adı fəxrlə çəkilir. O, davamlı olaraq nümayiş etdirdiyi sənətinin qüdrəti ilə ölkəmizin sərhədlərindən uzaqlarda da şöhrət qazanıb. Bundan əlavə uzunmüddətli pedaqoji fəaliyyəti ilə neçə-neçə gənc istedadlı rəssam kadrların yetişməsinə və təsviri sənətimizin zənginləşməsinə əmək sərf edib. O, yaratdığı əsərləri ilə Azərbaycan təsviri sənət tarixinə öz adını əbədi həkk edib, desək, yanılmarıq. Bu unudulmaz sənətkarın adı Böyükağa Mirzəzadədir (1921-2007). Tanışlıq üçün deyək ki, Böyükağa Məşədi oğlu Mirzəzadə Bakının Fatmayı qəsəbəsində dünyaya gəlib. Rəssam müsahibələrinin birində ötən günlərə qayıdaraq xatırlayırdı ki, “Adi kasıb ailədə böyümüşəm. Atam, anam savadsız adamlarıydı, özümüz də səkkiz uşaq: altı oğlan, iki qız idik...” Nə qədər təəccüblü səslənsə də onun sənətə gəlməsi təsadüf nəticəsində olub. Belə ki, atası onun həkim olmasını arzulayırdı. Gələcək rəssamın yoldaşları isə onu sənədlərini rəssamlıq məktəbinə verməyə inandırırlar. Böyükağa isə cavabında şəkil çəkə bilmədiyini söyləyir. Buna baxmayaraq yoldaşları onu “yoldan çıxarırlar” və tale Böyükağanın üzünə gülür. Eyni ildə iki Böyükağa adlı şagird qəbul imtahanı verir. Əslində elə qəbul olunan da biz tanıdığımız rəssam yox, digər Böyükağa olur. Artıq iş işdən keçir və Böyükağaya ilin sonunadək möhlət verirlər: “Əgər ilin sonunda Böyükağa özünü doğrultsa dərslərini davam etdirər.” Artıq ilin sonunda Böyükağa qabiliyyəti və çalışqanlığı hesabına rəssamlıq məktəbinin fəal şagirdlərindən birinə çevrilir. 1939-cu ildə Azərbaycan Dövlət Rəssamlıq texnikumunu müvəffəqiyyətlə bitirir və İ.V.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olur. Lakin İkinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar rəssam təhsilini yarımçıq qoyur və Bakıya qayıdır. B.Mirzəzadə 1940-cı ildən etibarən yerli və beynəlxalq sərgilərdə fəal iştirak edib. O, 1960-cı ildə Azərbaycan SSR-nin əməkdar incəsənət xadimi, 1966-cı ildə Ü.Hacıbəyov adına Dövlət mükafatına və 1967-ci ildə isə Xalq rəssamı fəxri adına layiq görülüb. B.Mirzəzadə Çexoslovakiya, Fransa, İtaliya və digər xarici ölkələrdə yaradıcılıq ezamiyyətlərində olub. Rəssamın xaricdə və ölkəmizdə bir çox fərdi sərgiləri təşkil olunub. Onun əsərləri ölkəmizlə yanaşı bir çox xarici ölkələrin muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır. B.Mirzəzadə rəssamlıq sənətinin bir neçə janrında eyni dərəcədə yüksək sənət meyarlarına uyğun əsərlər yaradıb. Rəssamın süjetli tablo, mənzərə, portret, natürmort, teatr – dekorasiya və s. sahələrdə yaratdığı sənət nümunələrinə nəzər yetirmiş olsaq, sənətkarın yaradıcılıq dühasının nəhayətsizliyinin, cəsarətli rəng yaxılarının, bədii təxəyyülünün və ecazkar fırçasının qüdrətinin bir daha şahidi olmuş olarıq. Rəssamın yaradıcılığının səciyyəvi xüsusiyyətləri kimi kompozisiya aydınlığını, işıq – kölgə həllində təsirliliyi, kolorit zənginliyini, plenerə hədsiz marağını, impressionist ənənələrinə xüsusi meylliyini və digər xüsusiyyətləri qeyd etmək olar. B.Mirzəzadənin çoxillik yaradıcılığı həm çoxşaxəli və həm də məhsuldar olub. Demək olar ki, rəssam ömrü boyu yorulmadan çalışıb. Həm uzun müddət pedaqoji fəaliyyət göstərib, həm də bir – birindən maraqlı əsərləri ilə geniş tamaşaçı məhəbbəti qazanıb. B.Mirzəzadənin süjetli tablolarından “Pambıq tarlasında” (1947), “Pambıq yığımı” (1951), “Çimərlikdə” (1957), “Günorta” (1963), “Bizim Lənkəranda” (1963), “Xəzər neftçiləri” (1971), “Bizim kəndin insanları” (1971), “Səhnə arxasında” (1972) və s. əsərlərini qeyd etmək olar. “Çimərlikdə” adlı əsərində rəssam Abşeron çimərliklərindən birində adi həyat hadisəsini fırçaya alıb. Surətlərin inandırıcı sadə hərəkətləri, isti günəş şüalarının və sahilin qızmar qumlarının koloriti ustalıqla təsvir olunub. “Günorta” adlı əsərində rəssam cənub bölgələrimizin birində təbiətin qoynunda bir neçə qadın fiquru təsvir edib. Əlvan geyimli qadınların iş prosesində olduqları onların əllərindən və başları üzərində tutduqları zənbillərdən hiss olunur. Müxtəlif pozalarda təsvir edilmiş surətlərin hər birinin özünəməxsus xarakterik xüsusiyyətləri duyğulandırıcı hisslər yaradır. Tablonun çərçivəsinə sığmayan surətlərin təsviri (sanki əhatəli süjetin bir fraqmenti təsvir edilib) əsərin dinamikliyini və ekspressivliyini daha da artırır. Sadalanan xüsusiyyətləri “Bizim Lənkəranda”, “Bizim kəndin insanları” və s. əsərlərinə də şamil etmək olar. B.Mirzəzadənin yaradıcılığında süjetin kətanın hüdudlarından kənara çıxarılması, plenerdə işlənilməsi, günəş işığının bolluğu, bir qədər adi görünən mövzuların seçilməsi və obrazların ani, təbii hərəkətlərdə təsvir edilməsi metodu rəssamın əsərlərində özünü qabarıq şəkildə büruzə verir. Onun bu metodla işləməsini rəssamın impressionist cərəyanına və bu cərəyanın nümayəndələrinə xüsusi rəğbətinin olması ilə izah etmək olar. “Səhnə arxasında” adlı əsərini rəssamın yaddaqalan əsərlərindən hesab etmək olar. Kompozisiyada balerinaların çıxışdan əvvəlki vəziyyətləri təsvir edilib. Surətlərin hazırlaşdıqları məqam – obrazların bəzilərinin məşq zamanı keçirdiyi ehtiraslı hissləri, bəzilərinin həyəcanlı şəkildə səhnəyə yönəlmiş nəzərləri yüksək ustalıqla, duyğulandırıcı boyaların dili ilə bədiiləşdirilib. Surətlərin daxili psixoloji gərginliyi, “yüngül” ritmik harmoniyası və tablonun kolorit həlli mahiranə rəng yaxıları ilə işlənilib və əsərin bədii təsir qüvvəsi olduqca təsirlidir. Əsərin rəng qammasında isti – narıncı, qırmızı, göy rənglərin keçidləri ustalıqla əlaqələndirilib. Bu əsəri XIX əsr Fransa impressionisti E.Deqanın eyni mövzulu məşhur əsərləri ilə müqayisə etmək olar. B.Mirzəzadənin işləmiş olduğu portretlərə tamaşa etmiş olsaq, onun həssas müşahidə qabiliyyətinə malik olmasını, obrazının daxili mənəvi dünyasına nüfuz edərək onları mahiranə rəng yaxıları ilə yaratdığını görərik. Buna misal olaraq “Dirijor Niyazinin portreti” (1951), “Həyat yoldaşının portreti” (1961), “Ritanın portreti” (1966), “Gənc rəssamın portreti” (1967), “Ədilənin portreti” (1969), “Şıxəli Qurbanovun portreti” (1969) “Aşıq Ələsgərin portreti” (1972), “Çəhrayı geyimli qız” (1973), “Şəmsi Bədəlbəylinin portreti” (1975), “Bəstəkar Xəyyam Mirzəzadənin portreti” və s. göstərmək olar. “Niyazinin portreti”ndə rəssam dirijoru səhnədə konsert zamanı təsvir edib. Sənətkarın dəqiq təsvir edilmiş rəsmi və onun əlindəki dirijor çubuğunun ritmik hərəkəti obraza peşəsindən irəli gələn harmonik bağlılıq verir. Rəssam dirijorun daxili mənəvi dünyasını kolorit həllinin köməyi ilə tamaşaçıya çatdıra bilib. “Ritanın portreti”ndə rəssam yarım profildən irigözlü xanım fiqurunu təsvir edib. Sol əlini çöhrəsinə söykəmiş vəziyyətdə nəzərlərini uzaqlara yönəltmiş obrazın şux görünüşü tamaşaçının diqqətini cəlb edir. Əsərin koloriti ustalıqla həll edilib. Qızılı, gümüşü və göy rəng keçidləri məharətlə kətanda əbədiləşdirilib. B.Mirzəzadənin yaratmış olduğu “Çəhrayı geyimli qız” portretini rəssamın ən uğurlu işlərindən hesab etmək olar. İstər kompozisiya, istər kolorit və istərsə də obrazın xarakterinin ifadə edilməsi baxımından əsər çox uğurla işlənilib və impressionist cərəyanının ən önəmli cəhətlərini özündə ehtiva edir. Rəssamın bu əsərini XIX əsr Fransa impressionist cərəyanının məşhur rəssamı O.Renuarın portretləri ilə müqayisə etmək olar. “Şəmsi Bədəlbəylinin portreti” əsərində rəssam yaradıcı sənət adamının yaddaqalan obrazını boyaların dili ilə bədiiləşdirib. Antikvar saat önündə kresloda əyləşmiş Ş.Bədəlbəyli dərin fikir aləminə qərq olub. Əsərdə obrazın yaradıcı, gərgin daxili tarazlığı sənətkarın sağ əlini dizinə söykəməsi ilə tarazlanıb. Əsərin kolorit həlli ustalıqla işlənilib. “Bəstəkar Xəyyam Mirzəzadənin portreti”ndə rəssam istedadlı bəstəkarımızın yaddaqalan bədii obrazını rənglərin xüsusi dili ilə məharətlə ifadə edə bilib. Oturmuş vəziyyətdə təsvir edilmiş bəstəkarın tamaşaçıya yönəlmiş nəzərləri, onun qırmızı rəngli köynəyinin əhatəsində çöhrəsində ifadə edilmiş xarakterik xüsusiyyətləri daha da xoş təəssürat yaradır. Rəssam bəstəkarın yaradıcı daxili dünyasını ustalıqla kətanda əks etdirə bilib. B.Mirzəzadənin mənzərələrində şəhərimizin müxtəlif görüntüləri, Xəzər dənizinin şahanə mənzərəsi, vətənimizin dilbər guşələrinin ilhamverici təbiəti həssas rəssam təxəyyülünün yaddaqalan boyaları ilə canlandırılıb. “Bakı mənzərəsi” (1946), “Zənlər” (1953), “Yeddi gəmi adası” (1953), “Göyçə gölü” (1960), “Qala” (1963), “Mavi dəniz. Neft daşları” (1959), “Lənkəran mənzərəsi” (1969) və s. tablolarını qeyd etmək olar. Rəssamın “Göyçə gölü” adlı mənzərəsində əbədi və əzəli Azərbaycan ərazisi olan Göyçə gölünün romantik mənzərəsi yaradılıb. Əsərin koloriti Göyçə gölünün bugünkü real aqibəti ilə səsləir. B.Mirzəzadənin 1963-cü ildə Lənkərana səfərindən sonra rəssamın yaradıcılığına yeni bir nəfəsin gəlişini hiss etmək olar. Rayonun təkrarsız panoramı, əsrarəngiz təbiəti, özünəməxsus təbii landşaftı, əməksevər insanları və digər özəlliklər rəssamın yaradıcılığında xüsusi vəchlə bədii biçimdə tərənnüm olunub. Sadalanan xüsusiyyətləri rəssamın “Lənkəran mənzərəsi” əsərinə də şamil etmək olar. Rəssam bu əsərində şairanə təbiət təsvirinin romantik biçimdə kətana “köçürüb”. Rəssamın süjetli və portret janrında olan əsərləri açıq təbiət qoynunda təsvir edildiyindən onlara da mənzərə janrının ovqat yaradıcı xüsusiyyətləri xasdır. O, eyni zamanda yaddaqalan natürmortlar müəllifi kimi də tanınır. Bu janrda yaradılmış əsərlərin ən səciyyəvi xüsusiyyətlərini özündə cəmləşdirən “Qırmızı çətirlə natürmort” (1942) adlı əsərini qeyd etmək olar. B.Mirzəzadə həm də bir çox tamaşalara bədii tərtibatlar hazırlayıb. Buna misal olaraq “Qaynana” (1965, Z.Barırov), “Milyonçunun dilənçi oğlu” (1966, Ş.Qurbanov), “Bayadera” (1973, İ.Kalman), “Mənim günahım” (1967, İ.Əfəndiyev) və s. göstərmək olar. Bu tərtibatların hər birinə məzmunun açılmasına kömək edən bədii ifadəlilik xüsusiyyətləri xasdır. B.Mirzəzadənin xarici ölkələrə səfərləri zamanı yaratdığı əsərləri onun yaradıcılığının yaddaqalan səhifəsi hesab etmək olar. Rəssamın iki dəfə Çexoslovakiyaya səfər etməsi qarşılığında rəssamın xarici ölkə mövzularına duyulası marağın olmasından xəbər verir. Rəssam bu cür əsərləri ilə bir daha özünün yüksək kolorit ustası olduğunu sübut edib. Birmənalı şəkildə B.Mirzəzadəni Azərbaycan rəssamlığında ən istedadlı kolorit ustası kimi qəbul etmək olar. B.Mirzəzadənin yaradıcılığı xalqımız və dövlətimiz tərəfindən daim dəyərləndirilib. Bu yerdə B.Mirzəzadənin 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilməsi və onun təltifetmə mərasimində rəssam haqqında söylədiyi fikirləri xatırlatmaq yerinə düşərdi: “Böyükağa, mən gənc vaxtlarımdan səni Azərbaycanın böyük rəssamı kimi tanımışam. Bilirsən ki, mən rəssamlıqla o vaxtdan çox maraqlanan bir adamam. Gənc yaşlarımda mən də rəssam olmaq istəyirdim, rəsmlər çəkirdim. Böyükağa Mirzəzadə bizim qarşımızda böyük bir rəssam idi. Ona görə də mən səni heç vaxt unuda bilmərəm və heç vaxt unutmamışam.” Bu siyasi xətt bu gün də H.Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün haqq dünyasında olan B.Mirzəzadənin Rəssamlıq Akademiyasına ömrünün ixtiyar çağlarında xüsusi şövqlə gəlməsi və gənc rəssamlara sənətin incəliklərini öyrətməsi heç zaman gənc davamçılarının yaddaşından silinməyəcək. Bu cür sənətkarların xalqın qəlbində əbədi qalacağı birmənalıdır...
Əsəd QULİYEV,
sənətşünas,
AMEA-nın dissertantı
525-ci qəzet.-
2012.- 1 fevral.- S.7.