“Naxçıvan Dövlət Universitetinin media ilə əlaqələrini daha da möhkəmləndirməyə çalışırıq”

 

MEHRİBAN SULTAN: “MAARİFLƏNDİRMƏK FUNKSİYASINI, DƏQİQLİYİ ƏSAS GÖTÜRÜB, ŞABLON XƏBƏRÇİLİKDƏN QAÇIR, ORİJİNAL SƏRLÖVHƏLƏRƏ, ELMİ ŞƏRHLƏRƏ ÜSTÜNLÜK VERİRİK”

 

Azərbaycan Respublikasının ali məktəblər ailəsinin üzvlərindən biri də Naxçıvan Dövlət Universitetidir. Bu ali təhsil ocağı Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən yeganə dövlət universiteti, müasir mərhələdə qədim diyarın əsas elm, təhsil və mədəniyyət mərkəzidir. Naxçıvan Dövlət Universiteti (NDU) 1967-ci ildə yaradılmış Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan filialının, beş il sonra isə müstəqil ali məktəbə çevrilmiş Naxçıvan Dövlət Pedaqoji İnstitutunun varisidir. Filial kimi fəaliyyət göstərdiyi illərdə ali məktəbdə üç ixtisas-Azərbaycan dili və ədəbiyyatı, tarix və riyaziyyat ixtisasları üzrə mütəxəssislər hazırlanıb. Burada elmi dərəcəsi olan cəmi üç nəfər müəllim elmi-pedaqoji fəaliyyətlə məşğul olub. Regionun ehtiyacları nəzərə alınaraq 1972-ci ildə Naxçıvan filialının bazası əsasında Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutu təşkil olunub. İnstitutda Azərbaycan dili və ədəbiyyatı, tarix, fizika, riyaziyyat, kimya, biologiya, əmək ixtisasları üzrə mütəxəssislər hazırlanıb. Bu mütəxəssislər az vaxtda muxtar respublikanın əsas ziyalı qüvvəsini təşkil edib. 1990-cı ildə mövcud Pedaqoji İnstitut Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Naxçıvan Dövlət Universitetinə çevrilib. Universitetdə pedaqoji istiqamətli mütəxəssislərdən başqa hüquqşünaslar, avtomobil və rabitə mühəndisləri, iqtisadçılar və mühasiblər, bələdiyyə və gömrük işçiləri də hazırlanmağa başlanıb. Hazırda bu ali təhsil ocağında 11 fakültədə 47 ixtisas üzrə ali təhsilli mütəxəssislər hazırlanır. 1997-ci ildən fəaliyyətə başlayan magistraturada isə 21 istiqamət, 40 ixtisas üzrə kadr hazırlığı aparılır. Magistraturanın nəzdində yaradılmış Azərbaycanşünaslıq mərkəzi Azərbaycançılıq ideologiyasının təbliğinə, Azərbaycanın kompleks şəkildə öyrənilməsinə, Azərbaycan diasporu ilə əlaqələr qurulmasına, dünya universitetlərinə Azərbaycan həqiqətlərinin operativ çatdırılmasına xidmət edir. Beləliklə, məlumatdan da aydın olduğu kimi, müsahibimiz NDU-nun mətbuat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Mehriban Sultandır.

 – Mehriban xanım, ilk öncə NDU-nun müasir mərhələdəki fəaliyyəti barədə qısa məlumat almaq istərdik.

 – Müasir mərhələdə NDU mühüm elmi mərkəzlərdən biridir. 1992-ci ildən universitetdə aspirantura şöbəsi, sonrakı illərdə isə “Regionun inkişafı problemləri” adlı problem laboratoriya fəaliyyət göstərməyə başlayıb. Universitetin 4 ixtisas üzrə ixtisaslaşmış müdafiə şurasında fəlsəfə doktoru və elmlər doktoru elmi adı almaq məqsədilə dissertasiyalar müdafiə olunur. Bu ali təhsil müəssisəsində 40-a yaxın elmlər doktoru, 192 fəlsəfə doktoru fəaliyyət göstərir. “Elmi əsərlər” jurnalı və “Fikir” informasiya bülleteni universitet əməkdaşlarının elmi məqalələrini nəşr edib yayır. Universitetin 1997-ci ildə yaradılmış “Qeyrət” nəşriyyatında isə Naxçıvan regionunun tarixinə, arxeologiyası və etnoqrafiyasına, zəngin təbiəti və təbii sərvətlərinə, memarlıq abidələrinə, habelə fundamental elmlər üzrə aparılan elmi axtarışların nəticələrinə dair kitablar nəşr edilir. Univesitetdə keçirilən elmi konfrans və simpoziumlarda ən aktual məsələlər müzakirə olunur. Müstəqil Azərbaycanın gənc nəslinin dünyagörüşünün inkişafına xidmət edən “Heydər Əliyev Universiteti” Naxçıvan Dövlət Universitetində əsl dövlətçilik məktəbi kimi uğurla fəaliyyət göstərir. NDU-nun Strasburq, Paris-8 (Fransa), Lids, Vorvik, Esseks universitetləri (İngiltərə), Kimçonq Universiteti (Cənubi Koreya), Leyspiq Universiteti (Almaniya) İstanbul, Ankara, Ərzurum, Qars, Elazığ, İzmit, Kayseri, Ərdahan, Van, İqdır universitetləri (Türkiyə), Təbriz, Urmiya universitetləri (İran), Qırğızıstan Beynəlxalq Universiteti (Bişkek), Novosibirsk universiteti (Rusiya) ilə əlaqələri Naxçıvanda elm, təhsil və mədəniyyətin inkişafına müsbət təsir göstərir. Universitetin SİFE (Tələbələr Azad Sahibkarlıq Fəaliyyətində) komandası iki dəfə ölkə çempionu olub, ABŞ-ın Los-Anceles şəhərində, Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçirilən SİFE Dünya Çempionatında ölkəmizi layiqincə təmsil edib. NDU-da yaradılmış Konservatoriya Azərbaycanın müstəqillik dövrünün yenitipli mədəniyyətini inkişaf etdirə biləcək mütəxəssislər hazırlayır. Buradakı Tələbə Teatr Studiyası, Tələbə Opera Studiyası və digər mədəniyyət kollektivləri qardaş Türkiyədə, Gürcustanda və Novosibirskdə uğurlu qastrol səfərlərində olub. Müxtəlif internet mərkəzləri tələbələrə ən müasir informasiya-kommunikasiya texnologiyalarını öyrətməyə imkan yaradır. Geniş imkanlara malik olan “İdman bazası”nda isə güclü idmançılar yetişdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 31 mart tarixli sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin 40 illik yubileyi dövlət səviyyəsində möhtəşəm tədbirlərlə qeyd olunub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müxtəlif vaxtlarda universitetdə olmaları, yeni tədris obyektlərinin açılışında iştirak etmələri, səmimi görüşləri kollektivdə böyük ruh yüksəkliyi yaradaraq, ali məktəbin gələcək inkişaf strategiyasını müəyyənləşdirib. Ümumiyyətlə, bu təhsil ocağı Avropa Rektorlar Klubu, Asiya Universitetlər Assosiasiyası, İpək yolu və Qafqaz Universitetləri Cəmiyyətləri, Qara Dəniz Ölkələri Birliyinin üzvüdür. CİSCO texnologiyaları və NATO-nun qrant layihəsi əsasında yaradılan “Wi-Fi” kampus İnternet şəbəkə sistemi vasitəsilə nəinki universitetin bütün tədris korpuslarında, struktur bölmələrində, eləcə də 108 hektarlıq ərazinin hər tərəfində İnternet bağlantısı yaradılıb. –Bəs, NDU-nun mətbuat xidmətinin yaradılması haqqında təşəbbüs nə zaman meydana gəldi?

 – Naxçıvanda kütləvi informasiya vasitələrinin (KİV) formalaşması və inkişafında muxtar respublikanın yeganə dövlət ali təhsil müəssisəsi olan Naxçıvan Dövlət Universitetinin özünəməxsus yeri var. Universitetdə 2001-ci ildən yaradılmış “Jurnalistika” ixtisası, 2002-ci ildən fəaliyyət göstərən “Jurnalistika və dünya ədəbiyyatı” kafedrası regionda ali təhsilli jurnalist mütəxəssislərin yetişdirilməsində mühüm rol oynayır. Jurnalist məzunlarımız muxtar respublika rəhbərliyinin xüsusi diqqət və qayğısı sayəsində bu gün ən müxtəlif kütləvi informasiya vasitələrində məsul vəzifələrdə çalışır, yüksək peşəkarlıq nümayiş etdirirlər. Universitetdə jurnalistika ixtisası tələbələri üçün fundamental təcrübi baza, əsl yaradıcılıq laboratoriyası rolu oynayan mətbuat şöbəsi, “Qeyrət” nəşriyyatı, universitet televiziyası, “Nuhçıxan” radiosu fəaliyyət göstərir. Bu qurumlar 22 iyul 2011-ci ildən etibarən Azərbaycan ali təhsil sistemində analoqu olmayan Media mərkəzi şəklində cəmləşib. Naxçıvan Dövlət Universitetinin mətbuat xidməti isə rektor, akademik İsa Həbibbəylinin təşəbbüsü və dəstəyi ilə 2000-ci ilin iyun ayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “2000-2001-ci illərdə Kütləvi İnformasiya Vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər proqramı haqqında” 6 mart 2000-ci il tarixli sərəncamına, Azərbaycan Respublikasının Təhsil Naziri Misir Mərdanovun bu sərəncama müvafiq 22 mart 2000-ci il tarixli əmrinə əsasən yaradılıb. 2009-cu ildə isə universitetin KİV ilə əlaqələrinin möhkəmləndirilməsi məqsədi ilə bu qurumun əsasında mətbuat şöbəsi formalaşdırılıb. Mətbuat xidmətinə 2008-ci ilədək filologiya üzrə fəlsəfə doktoru, dosent Seyid Surə rəhbərlik edib, 2008-ci ildən bu günə kimi isə bu işi mən aparıram.

 – Naxçıvan Dövlət Universitetinin mətbuatla münasibətləri, mətbuat xidmətinin iş prinsipləri necə formalaşdırılıb?

 – Naxçıvan Dövlət Universitetində elm və təhsil, tədris prosesində baş verən yeniliklər, beynəlxalq əməkdaşlıq sahəsindəki uğurlar, xarici səfərlər, mədəniyyət və idman hadisələri barədə operativ informasiya hazırlamaq və mətbuatda işıqlandırmaq fəaliyyətimizin əsasını təşkil edir. Universitetlə media və ictimaiyyət arasında geniş, davamlı əlaqələr qurulmasına, əlaqələrin daha da möhkəmləndirilməsinə çalışırıq. Əməkdaşlarımızın, alim və pedaqoqların mətbuatla əlaqəsini təmin etməklə onların mətbuatda vaxtaşırı çıxışlarına köməklik göstəririk. Bizim şöbə yerli və mərkəzi mətbuat orqanları ilə sıx əməkdaşlıq edir, universitetlə bağlı yazıların dərcini təmin edir. Yeri gəlmişkən, fürsətdən istifadə edib sizin də qəzetiniz daxil olmaqla “Azərbaycan”, “Yeni Azərbaycan”, “Azərbaycan müəllimi”, “Elm”, “Ədədbiyyat”, “Şərq qapısı”, “İki sahil”, “Palitra” kimi mətbu orqanların redaktorlarına öz səhifələrində bizə xüsusi diqqət və yanarlılıqla yer ayırdıqlarına görə dərin minnətdarlığımı bildirirəm. Mətbuat şöbəsi media qurumlarının elm və tədris yönlü informasiyalara olan təlabatını ödəyir, milli elmin, təhsilin inkişaf tempinin geniş oxucu kütləsinə çatdırılmasında uğurla, fəal iştirak edir. Universitet televiziyasının çəkdiyi sənədli filmlərin, hazırladıqları verilişlərin ssenariləri də burada ərsəyə gətirilir. Jurnalistika və dünya ədəbiyyatı kafedrasının müdiri kimi universitetdə jurnalistikanın tədrisində özünəməxsus xidmətləri olan Seyid Surə və mən 2005-ci ildən fəaliyyət göstərən Naxçıvan Mətbuat Şurasının idarə heyətinin üzvüyük. Mətbuat Şurası ilə birgə yaradıcılıq müsabiqələri, elmi disput və müzakirələr, yeni nəşrlərin təqdimat mərasimləri, regionun tanınmış jurnalistləri, qələm sahibləri ilə görüşlər təşkil etməklə istedadlı tələbələrimizi publikaya tanıtmağa, onlarla mətbuat arasında körpü yaratmağa, yaradıcılıq səriştələrinin və dünyagörüşlərinin inkişafına çalışırıq. Bu illər ərzində uğurlarımız çox olub. Uğurlarımızda yaradıcılığımızı daim izləyən, müsbət fikirləri ilə ruhlandıran, tövsiyələri ilə istiqamətləndirən, xüsusi tələbkarlığı və universitetdə yaratdığı qaynar elmi-ictimai mühitlə dinamik fəaliyyətimizə və peşəkarlıq səviyyəmizin yüksəldilməsinə nail olan hörmətli rektorumuz, millət vəkili, akademik İsa Həbibbəylinin misilsiz payı var. Təhsil sahəsində görülən işlərin ictimaiyyətə çatdırılmasına, KİV-lə təmsil etdiyimiz təhsil müəssisəsi arasında ikitərəfli əlaqələrin inişafındakı xidmətlərimizə görə Azərbaycan Respublikası Təhsil Nazirliyi adından bizə müxtəlif vaxtlarda təşəkkür elan edilib, eyni zamanda Təhsil Nazirliyinin, universitetin fəxri fərmanları ilə təltif olunmuşuq. – Fəaliyyətinizdə hansı meyarları əsas götürürsünüz?

– Azərbaycançılıq ideologiyasına, dövlətçilik prinsiplərinə sədaqət, milli mənəvi dəyərlərimizin təbliği əsas qayəmizdir. Bununla yanaşı elm, təhsil sahəsi ilə bağlı olduğumuz üçün maarifləndirmək funksiyasını, dəqiqliyi əsas götürürük. Stereotip, şablon, sxolastik xəbərçilikdən qaçaraq orijinal sərlövhələrə, elmi şərhlərə üstünlük veririk. Vizual təəssürat, əyanilik effekti yaratmaq məqsədilə fotojurnalistikaya üz tuturuq. İnformasiya və analitik janrlara müəyyən tələbləri pozmamaq şərti ilə qismən bədiilik, necə deyərlər, rəng qatmaqla öz üslubumuzu, dəst-xəttimizi yaratmaq istəyirik. Şöbənin əməkdaşları mətbu orqanlarda maraqlı bədii publisistik yazılar, oçerk və resenziyalarla da çıxış edirlər.

– Media ilə əlaqələrdə xüsusi metodikadan istifadə olunurmu?

 – Müasir informasiya kommunikasiya texnologiyalarının, internet jurnalistikanın geniş imkanlarından istifadə edərək media ilə əsasən virtual əlaqələr qururuq. Bu da fəaliyyətimizdə operativliliyi və dinamikanı təmin edir. Universitet həyatının mətbuatla yanaşı digər KİV-də işıqlandırılması üçün onları daim məlumatlandırır, tədbirlərimizdə iştirakına yardımçı oluruq. Bununla yanaşı, mətbuat və informasiya agentliklərini abunə yazılışı yolu və rəsmi internet saytlarından mütəmadi izləyirik.

 – Media nümayəndələri daha çox hansı suallarla müraciət edir?

– Universitetdə 2 millət vəkili, AMEA-nın 2 həqiqi, 6 müxbir üzvü, 13 professor, 30-dan artıq elmlər doktoru, 119 dosent, 192 fəlsəfə doktoru çalışır. Media nümayəndələri buradakı ictimai xadimlərin, tanınmış elm adamlarının bu və ya digər aktual məsələ ilə bağlı mətbuatda çıxış etmələrinə, ziyalı münasibəti bildirmələrinə maraqlıdırlar. Biz də vasitəçi kimi bu işdə öz köməyimizi əsirgəmirik. Digər sorğular isə əsasən fakt araşdırmaları ilə bağlı olur. – Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq edən jurnalistlərin peşəkarlığını necə dəyərləndirirsiniz?

– Hazırda muxtar respublikada 3 televiziya, 3 radio fəaliyyət göstərir, 10 qəzet, 3 jurnal nəşr olunur. Ümumilikdə regionumuzda 400-dən artıq jurnalist çalışır. Bunlarla yanaşı “Lider” və “İctimai” televiziyaların bölgə müxbirləri də mütəmadi olaraq universitetlə əməkdaşlıq edir, media tərəfindən universitetdəki dinamika fəal izlənilir. Peşəkar jurnalistlərimiz çoxdur. Mərkəzi mətbuatda materiallarımızın redaktəsi, səhifədə yerləşdirilməsi, fotolarla müşayiətinə hər zaman həssaslıq və tələbkarlıqla yanaşılır. Təəssüf ki, bəzən informasiyanın ilkin və səhih mənbədən alınmaması, dəqiqləşdirilməməsi fakt yanlışlığına səbəb olur. – Jurnalistlərlə aparılan sorğular zamanı onlar bəzi mətbuat xidmətlərinin işindən narazı olduqlarını dilə gətirirlər. Xüsusilə, mətbuat xidmətini lazım olan anda yerində tapmamaqdan, telefon zənglərinə cavab verməməkdən, yaxud sorğuları cavablandırmamaqdan irəli gəlir. Siz bu istiqamətdə media ilə əlaqələrinizin təhlilini aparmısınızmı?

 – Ölkənin ictimai-siyasi, sosial, mədəni həyatının, elm və təhsil sahəsindəki yeniliklərin operativ, qüsursuz, balanslaşdırılmış işıqlandırılmasında təkcə redaksiyalar deyil, mətbuat xidmətləri (katibləri) də birbaşa məsuliyyət daşıyır. Mətbuat xidməti (katibi) təmsil etdiyi müəssisə və ya təşkilatla media arasında yeganə əlaqələrindici vasitə, körpüdür. Bu körpünün sağlam bünövrə üzərində, dayanıqlı olması anlamında məsuliyyətimizi aydın dərk edirik. Elektron poçtum və digər əlaqə vasitələrim haqqında məlumat universitetin tezliklə işə düşəcək yenilənmiş saytında struktur bölmədə qeyd olunacaq. Günün istənilən vaxtı bizimlə əlaqə saxlamaq mümkündür. Bizə olunan müraciətləri dəqiq və operativ cavablandırmağa hər zaman hazırıq. Materiallarımızın gündəlik işıqlandırması üçün əksər mətbuat orqanları, informasiya agentlikləri ilə mütəmadi əlaqə saxlayırıq. Qarşı tərəflərdən də eyni “online”lıq gördüyüm üçün minnətdarlığımı bildirirəm.

– “İnformasiya əldə etmək haqqında” Qanuna görə informasiya açıqlığını təmin etmək üçün dövlət orqanları öz internet saytlarında vətəndaşlara lazım olan məlumatları yerləşdirməlidirlər. Naxçıvan Dövlət Universitetinin veb saytında bu qanunla nəzərdə tutulan informasiyalar yer alıbmı?

 – Naxçıvan Dövlət Universitetinin informasiya açıqlığını təmin etməyə, informasiya mübadiləsinə nə qədər böyük əhəmiyyət verdiyini göstərmək üçün sizlərə müəyyən faktları çatdırmaq istəyirəm. Ölkəmizin nüfuzlu ali təhsil ocaqlarından olan, dünya təhsil sisteminə uğurla inteqrasiya edən universitetdə muxtar respublika rəhbərliyinin xüsusi dəstəyi və qayğısı sayəsində müasir informasiya kommunikasiya texnologiyaları uğurla tətbiq olunur. Bu ali təhsil ocağı beynəlxalq səviyyəli videkonfranslara ev sahibliyi edir. Ali təhsil ocağımız 50-dən artıq ölkə ilə gerçək və virtual əməkdaşlığa malikdir. Hazırda burada 212 nəfər xarici ölkə vətəndaşı ali təhsil alır. Universitet muxtar respublikada səfərdə olan xarici ölkələrin diplomatik nümayəndələrinin, siyasət və elm adamlarının daim diqqət mərkəzindədir. Və nəhayət, informasiya yayımı məqsədilə bu ali məktəbin mətbuat və informasiya-kommunikasiya texnologiyaları şöbələri, ayrıca televiziya və radiosu, “Fikir” informasiya bülleteni və “Yeni fikir” qəzeti mövcuddur. Universitetin rəsmi saytına gəlincə, 2001-ci ildən etibarən fəaliyyət göstərir. Hazırda sayt universitetin informasiya-kommunikasiya texnologiyaları şöbəsi və konsaltinq və brendinq sahəsində ixtisaslaşan “MEQA” şirkəti tərəfindən yenilənir, təkmilləşdirilir. Çox yaxında işə düşəcək www.ndu.edu.az <http://www.ndu.edu.az> rəsmi saytında rektorluq, şöbələr, fakültə və kafedralar haqqında Azərbaycan, rus və ingilis dillərində məlumatlar və müvafiq qurumların elektron poçtları və əlaqə vasitələri haqqında informasiyalar linklər şəklində yerləşdiriləcək. Saytın “Tədbirlər, xəbərlər və elanlar”, “Fotoalbom” bölmələrindən də istənilən informasiyanı əldə etmək mümkün olacaq.

– Media ilə əlaqələrinizin inkişafı istiqamətində hansısa yeni planlarınız varmı?

–Uğurlarımız olsa da, bununla kifayətlənmirik. Daha operativ, məhsuldar işləməli, yüksək peşəkarlığa nail olmalıyıq. Bu gün geniş rəqabət meydanına çevrilmiş milli mediada öz mövqe və nüfuzumuzu qoruyub saxlaya bilmək üçün milli jurnalistikanın klassik ənənələrindən, dünya təcrübəsindən, internet jurnalistikanın ən son nailiyyətlərindən bəhrələnməliyik. Fəaliyyətimizdə janr rəngarəngliliyinə nail olmalı, analitik və bədii publisistik janrlara da geniş yer verməliyik. Jurnalist tələbələr hesabına mətbuatda imza çeşidini artırmağımız vacib amildir. Unutmamalıyıq ki, jurnalistika elmlə yanaşı xüsusi yaradıcılıq istedadı və peşə səriştəsi tələb edən bir sənətdir. Jurnalist məzunlarımızın tələbə ikən mətbuatla sıx əməkdaşlıqları, imzalarının yetərincə tanınması, ümumrespublika yaradıcılıq müsabiqələrinə qatılmaları, peşə vərdişlərinə yiyələnmələri onlar üçün ali təhsil almalarını təsdiqləyəcək rəsmi sənəd – diplom qədər zəruridir, gələcək yaradıcılıq həyatlarına vəsiqədir. İnteqrasiya dövrünün tələblərinə uyğun olaraq respublikanın qeyri ana dilli, eləcə də xarici mətbuat və informasiya agentlikləri ilə də əməkdaşlıq etməyə çalışacağıq. Ümumiyyətlə, görüləcək işlərimiz çoxdur. Ulu öndər Heydər Əliyevin jurnalistika haqqında bu qiymətli fikirlərini xatırlatmaq istərdim: “... bu peşə çox vacib peşədir. Demokratik, hüquqi, dünyəvi dövlətdə, qanunlarla yaşayan dövlətdə jurnalistika çox vacib bir peşədir, mətbuat çox vacib bir sahədir”. Zənnimcə, jurnalistlər həm də ona görə dördüncü hakimiyyət adlandırılır ki, onlar ictimai rəy formalaşdırmaları, böyük nüfuz və təsir gücünə malik olmaları, xalqı öz arxasınca apara bilmələri ilə yanaşı həm də günümüzün salnaməçiləridirlər. Naxçıvan Muxtar Respublikasının müasir ali təhsil tarixinin, inkişaf yolunun mətbu inikasında, yaşadılmasında bizim də azacıq payımız olarsa, bundan yalnız və yalnız böyük iftixar, qürur duya bilərik.

 

 

Rufik İSMAYILOV

 

525-ci qəzet.- 2012.- 1 fevral.- S.6.