Zirvələr ünvanlı fəlsəfə
yolçuluğu
GÖRKƏMLİ FİLOSOF İZZƏT
RÜSTƏMOVUN 80 İLLİYİNƏ
Dünya fəlsəfəsinin
başlanğıcı hesab edilən Doğu fəlsəfəsinin
(və istərsə də Batı fəlsəfəsinin)
yaradıcı dühaları həmişə öz
mülahizə və fikirlərini təbiətə istinadən
izah etmiş və onun fonunda toplumun tarixi, iqtisadi və
ictimai-siyasi istiqamətlərini ümumiləşdirməyə
çalışmışlar. Bu da təsadüfi deyil. Biz bir
ömür çərçivəsində bunları
yaşaya-yaşaya həmişə iç edə bilməyə
çalışmışıq. Əlbəttə ,hər kəs
öz çiyninə düşən (çiynini verdiyi)
yük qədər, ağırlıq qədər...
Fikirləşəndə,
belə qənaətə gəlmək olar
ki, təbiət öz
füsunkar gözəlliyi ilə bizi zaman-zaman məftun edə
bilmişdir. Onun durnagözlü
bulaqlarının, zümzüməli çaylarının notsuz, bəstəsiz şərqiləri
ömrümüzə, günümüzə elə daxil oub ki,
bu sehrin , bu tilsimin içində gücümüz ancaq şüurumuzu, ağlımızı itiləməyə
çatmışdır. Ürəyimizə təpər olan çeşmənin
pıçıltısından, nədənsə axar çayların səsi,
qıjıltısı, şərqiləri daha
cəlbedici olmuşdur. Ancaq məsələ
bundadır ki, bu səsləri,
bu şərqiləri yaradan
onun alt qatında ütülüb bülövləşən və
hələ də fərqinə varmadığımız daş parçaları, qaya
parçalarıdır (hərəkətlə hərəkətsizliyin
toqquşması, çulğalaşması!). Həmişə,
zaman-zaman, səsi qulaqlarımızda əks-səda
verən Qobustan qayaları, Qobustan daşları kimi...
Bu baxımdan axar
çaylar, fərqinə vara
bilmədiyimiz, giley-güzarımızın, şikayətmizin,
ağrılarmızın mənbəyi və mənsəbi olan Zamandır! Ancaq onun alt qatını təşkil
edən bizlər, cansız çay
daşlarından fərqli olaraq
insanıq. Və biz, bu,
bəxş edilmiş tale
çevrəsində Zamanın içində nəfəsimizlə,
ruhumuzla doğula bilirik, yaşaya bilirik...
Bu zaman nəhrinin
bir dan üzündə
Gədəbəyin Keçəldağ yaylağında
İzzət müəllimin anası Tavat ana üzünü Günəş
tərəfətutaraq bir “salavat”
çevirmişdi. Onun səhərin bu sübh
çağına ünvanlandığı duaları mənim
ana babamın adına yurd
yeri kimi qalmış
Tanrıverdi boynundan dolaylanıb üzü Göycə gölünə,
İrəvan çuxurana qədər, elə
həmin sübhün havasına, mehinə
qatılmış, mehinə tutulmuşdu.
Onda qapalı sərhədlər çevrəsində mövcud və hakim
ideologiyanın “düşməni” hesab
edilən bir çox
filosofların, şairlərin, yazıçıların (bir sözlə, ziyalılarımızın)
daşını daş üstə
çevirən Zaman, onların bəxtini,
taleylni sürgünlərə, katorqalara, güllələrə bağlamışdı. Hüseyn Cavidlə, Əhməd Cavadla, Mikayıl Müşfiqlə, Heydər Hüseynovla və bir çox ziyalılarımızla davam edən qanlı-qadalı “37” içimizdə
sıralana-sıralana, bu Zamanın
dalğalarında yeni-yeni dünyaya
gəlmiş filosoflarımıza, bir
sözlə, bütün
yazarlarmızın qələminə örnək ola biləcək, sipər ola
biləcək və iç
dünyalarında gizli bir
milli, fəlsəfi və ictimai
şüurun formalaşmasına xidmət
edəcəkdi...
Bax, onda – zamanın bu
keçməkeşli günlərində İzzət müəllimin
Gədəbəydə öz ulu babasının adını daşıyan
Düz-Rəsullu kəndindəki yeddi illik kənd məktəbinə
atdığı addımlar, həm də düşüncədən-düşüncəyə,
fikirdən-fikrə atılan addımlar olacaqdı. Bu
fikirlər, Düz-Rəsullu ilə Çay-Rəsullu kəndi
arasında, hələ onda araba yolunu xatırladan
yeddi-səkkiz kilometrlik daşlı,
çınqıllı, dörd fəslin
dörd dördlük
yaşandığı bir yolda
öz axarı ilə təcalla edəcəkdi,
sanki. Bu izləri gerçəkləşdirən Çay-Rəsullu
kənd orta məktəbində
aldığı təhsil, bu təhsildə
yer almış klassik
şair və
yazıçılarmızın əsərlərindəki milli və bədii dəyər onun iç
dünyasına qaynaq olmuşdu,
adətə...
O,
bu yolların şaxtalı, boranlı
günlərində klassik şairimiz
Məhəmməd Füzulinin “Salam verdim, rüşvət
deyil deyə almadılar” nisgilini,
Molla Pənah Vaqifin
“...hər nə gördüm əyri gördüm, özgə babət görmədim”
etirafını, Mirzə Fətəlinin qaranlıq
dünyanın içindən üstümüzə dolaylanmış
“Aldanmış kəvakib”ini, Mirzə Cəlilin bizləri öldürüb, dirildən “Ölülər”ini...
fikir dünyasında
daşıya-daşıya, “qərar”ını, nöqtəsini,
nidasını ömrünün darülfünun illərinə
saxlayacaqdı...
O,
bu yolların yaz və
payız fəslində Mirzə Şəfi Vazehin,
Mixail Lermontovun, Bestujev-Marlinskinin, Karamzinin
romantizmlə dolu şeirlərini təbiətlə,
sevgiylə həmahəng bir duyğu çevrəsində, “Port-Port“ bulağının üstündən
güneyə istiqamətlənmiş Günəşin qürub üfüqləri altında bir yaz havası, bir payız
havası altında ovxarlana-ovxarlana
yaşayacaqdı... Bu yaz və payız rənglərinin
içində bir fəlsəfi
dünyanın romantik cizgilərini
cızacaq, xəyala dönmüş
baxışlarında və bir də
“Töləki” ağacının qızılı rəngə
çalan yarpaqlarından əsən səhər
mehini içindən, keçirəcəkdi...
Bax, onda, onun Darülfünun illərindəki təhsilindən
sonra dissertasiya işinin əsası olan
və özü qeyd etdiyi kimi, “Görkəmli jurnalist, pedaqoq, maarifçi-demokrat”, təkcə Azərbaycan
xalqının deyil, həm də bütün Türk
Dünyasının iftixarı sayılan, “Əkinçi” qəzetiylə
milli mətbuatımızın təməlini qoyan Həsən bəy Zərdabinin fəlsəfi
baxışları çözələnib, saf-çürük
edilib işıqlandıracaq içimizi, çölümüzü...
Azərbaycanın görkəmli filosofu
İzzət Rüstəmov bax onda daxilində zaman-zaman
cücərtdiyi bir poetik
(fəlsəfi) fikri epiqraf
edib, bu
monoqrafiyanın üstünə yazacaqdı: “Bunlar
sənin oğullarındır, Azərbaycan”..!
Görkəmli
filosofumuz bu monoqrafiyada böyük
şəxsiyyət və böyük maarifçi Həsən Bəy Zərdabinin təkcə
ictimai-siyasi, fəlsəfi
baxışlarının dəyərləndirilməsi ilə
qalmayacaq, həm də onun
qaranlıq və boğucu dünyadan
bu günümüzə ərmağan olmuş milli potensialının təkanverici
imkanlarının formalaşmasını da
öz oxucularına layiqincə
çatdıracaqdı.
Mənəvi
dəyərlərmizə layiqli töhvə
olan bu möhtəşəm
monoqrafiya, hörmətli filosofumuz
İzzət Rüstəmovun qarşıda müraciət etdiyi elmi problemlərin həlli
üçün açar
rolunu oynayacaqdı. Bütün
bunlar “Mirzə Fətəli Axundov”, “Abbasqulu ağa Bakıxanov” və “XX yüzilin
əvvəllərində
Azərbaycanda təbii-elmi və fəlsəfi fikrin
vəhdəti” əsərlərində daha
mükəmməl və obrazlı şəkildə öz layiqli yerini alacaq, yeni yazılan əsərlərin mənbəyinə
çevriləcəkdi.
O,
M.F.Axundov yaradıcılığında,
təkcə ağrılarmıza, dərdlərimizə yük olmuş
qaranlıqların açılmasını deyil,
həm də onun ana dilimizin, milli əlifbamızın
formalaşmasında, dövrünün,
eləcə də bu günümüzün
ictimai-siyasi həyatında tutduğu mövqeyinin fəlsəfi təhlilini
sıralaya bilmişdi. Eyni zamanda,
İzzət müəllim bir filosof kimi, Azərbaycan
dramaturgiyasının banisi M.F.Axundovun, alman Bondeyştet tərəfindən oğurlanan (və Avropada çap edilmiş)
şeirlərin müəllifi, o dövrün görkəmli romantik
şairi Mirzə Şəfi Vazeh irsinin layiqli
tədqiqatçısı kimi
formalaşdığını sərgiləmişdir.
Xristian dünyasında bir general
kimi xidmətlərindən
peşmançılıq hissi keçirən
və buna görə də Həcc yolunda, Həccə çatmamış haqqa qovuşan görkəmli
şəxsiyyət, “Gülustani irəm” əsərinin
müəllifi, ictimai-siyasi xadim Abbasqulu ağa Bakıxanovun ədəbi-bədii
yaradıcılığı, fəlsəfi baxışları onun
fəlsəfi-etik əsərlərində əsas yerlərdən
birini tutur.
“XX
yüzilliyin əvvəllərində Azərbaycanda
təbii-elmi və fəlsəfi fikrin vəhdəti”
əsəri hörmətli filosofumuzun doktorluq müdafiə əsəri kimi onun bədii və fəlsəfi
təfəkkürünün tam
formalaşmasında önəmli rol
oynamış və onun şah
əsəri olaraq, keçən yüzilin əvvəllərinin olduqca qarmaqarışıq dövründə
cərəyan edən və gələcəymizin
çiçəklənməsinə ünvanlanmış tarixi, ictimai və siyasi baxışlarının zümrüd
qaşına çəkən ziyasını,
işığını bizlərə ərmağan edə bilmişdi.
Ümumən,
klassik Doğu və
Batı filosoflarından, eyni zamanda Azərbaycanın klassik
filosofları Bəhmənyardan, Eynəlqüzatdan, Yəhya
Sührəvərdidən, Siracəddin Urməvidən üzü bəri, dövrümüzün
Heydər Hüseynov, Ziyəddin Göyüşov, Firudin
Köçərli, Cəmil Əhmədli, Tofiq
Rəsulov,
Camal Mustafayev, Həmid
İmanov kimi görkəmli
filosofları ilə yanaşı,
yaradıcılığı və fəlsəfi
baxışları tədqiqat obyektinə çevrilmiş
görkəmli filosof İzzət Rüstəmov,
təkcə yuxarıdakılarla yetinməmiş, pedoqoji fəaliyyətində də
ziyalılığın və fəlsəfi fikrin
formalaşmasında önəmli yerlərdən birini tutur.
O,
ictimai və dövlət xadimi
olaraq, uzun illər
özünə təcrübə etdiyi fəlsəfə
elminin bu və ya digər sahələrinin sonucu
olaraq, Azərbaycan Baş
nazirinin müavini kimi də bacarıq və yetənəyini, bədxah
qonşumuz Ermənistanın
işğalçılıq müharibəsi nəticəsində yerindən, yurdundan olmuş
qaçqın-köçkünlərimizin narahat
dünyasının aradan
qaldırılmasına sərf etmiş, bununla az da
olsa rahatlıq tapa bilmişdi.
Bu yazıda hörmətli filosofumuzun
kövrək hisslərinə toxunmaq istəməzdim,
ancaq məcburam qeyd edim ki, bu
elan olunmamış müharibədə, Vətən
uğrunda (Haqq işi uğrunda!) qəhrəmancasına
həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun
atası olaraq bu illər ərzində nələri
yaşamamışdı o...
Qeyd edim ki, İzzət
Rüstəmov təkcə bir filosof kimi deyil,
həm də təbiəti, keçmişin
gələnəksəl dəyərlərini, insani
keyfiyyətləri özündə əks etdirən və isti münasibətlərə bağlı bir ziyalı, hər şeydən öncə
isə alicənab bir insan kimi tanınmışdır. O, mənə
yalnız ana qohumlarımdan olmaqla deyil, ümumən
görkəmli və nüfuzlu
ziyalılarımızdan biri kimi doğmadır.
İzzət
müəllimin böyük
qardaşı, ağsaqqalım olmuş mərhum
İsmayıl Rüstəmov bir gün bir məclisdə məni
töhmətlədi: “Ayə, kitablarını oxumuşam,
hamıya şeir yazmısan, İzzət
müəllimə də bir şeir yazsaydın nə olardı ki?” Ağsaqqala o vaxt
“müsbət cavab” borcum
qalmışdı. – Hər şeyin bir məqamı var, deyiblər,
– bu günlərdə eşitdim
ki, hörmətli filosofumuzun
80 illik yubileyi
yaxınlaşır və mərhum İsmayıl müəllimin
sözləri yadıma düşdü,
fikirləşdim ki, məqam yetişib. Bu da söz deməyin bir bəhanəsi olsa gərək.
Yazdığım şeir, görkəmli
filosofumuz İzzət Rüstəmovun
timsalında mənim Azərbaycan ziyalılığına məhəbbətimin
poetik ifadəsi olsun.
İctimai-siyasi, dövlət xdimi,
BDU-nun kafedra müdiri, görkəmli filosof
İzzət Rüstəmovun 80 illik yubileyi münasibətilə ürəkdən
təbrik edir və can
sağlığı arzu edirəm.
Əlbəttə,
həm yaxşı insanlar haqqında, həm
də mənim ixtisas peşəmdən kənar,
fəlsəfi baxış və ümumiləşdirmələri
özündə birləşdirən filosoflar
haqqında fikirləri, deyimləri və sözləri bir-birinə
cilalamaq, ilgələmək olduqca çətindir.
Bütün bunlara baxmayaraq, bilgisayarımın arxasına
keçməyim məni ruhlandırdı, ağlımdan,
içimdən keçənləri düzüb,
pis-yaxşı bilgisayarımın yaddaşına ötürə
bildim.
Eyni zamanda hörmətli
yubilyarımız İzzət müəllim, Rəmə adlanan örüş yerinin ayağında, Duzdağ
deyilən yerdə mövcud olan və “Port-port” adlanan bulağı səliqə-səhmana
saldırıb. O, bulaq indi
“İzzət bulağı” adlanır. Mən də şeirimə
“İzzət bulağı” adını seçdim:
Bu bulağın yaşı, əzəli
qədim,
Yol üstü, çox sayda, mərd yola salıb.
Salavat bilib
də üzə çəkmişik,
Neçə qəm, kədəri,
dərd yola salıb.
Elə aynalanıb
neçə diləkdə,
Gülüb, çeşmələnib
qarda, küləkdə,
Gəlib dualanıb
hür də, mələk də,
Neçə yad baxışı,
bəd yola salıb.
Dönüb ziyarətə,
pirə dönübdü,
Göydəki ruhlar da, yerə,
dönübdü,
Dil açıb
irəmə, dərə
dinibdi,
Ocaq olub qalıb, yurd olub qalıb.
Qədim kurqan
kimi Duzdağa bir bax,
Böyründə, başında yüz dağa bir bax,
Düşmən olmuşlara gözdağı,
bir bax,
Duyub, duyğulanıb, sərt
olub qalıb.
Çiçək düymə-düymə, gül
düymə-düymə,
Şeh küsüb
tökülər, əl,
dəymə, dəymə,
Ocaqda kömbəsi,
kül düymə-düymə,
Dəyirman ununa şərt
olub qalıb.
Seçib, seçmələyib
doğmanı, yadı,
Qalıb ağızlarda,
dodaqda dadı,
İzzət bulağıdı
çoxdandı, adı,
Neçə namərdləri, pərt
yola salıb.
Bu bulağın yaşı, əzəli qədim,
Yol üstü, çox
sayda, mərd yola salıb.
Salavat bilib
də üzə çəkmişik,
Neçə qüssə, kədər,
dərd yola salıb.
25.01.2012
Fəxri MÜSLÜM
525-ci qəzet.- 2012.- 2 fevral.- S. 6.