Esmira Fuadın “Sözə
sevdalılar”ı haqqında düşüncələr
Ədəbiyyatın
və sənət əsərinin böyük əhəmiyyəti
ondadır ki, o hər zaman ictimai şüura təsir edə
bilsin. Zamanın və mühitin yeniləşməsi prosesində
xalqın kamilləşməsinə, yeni dəyərlər ənənəsində
inkişafına təkan versin. Həyat gerçəkliklərinin
ictimai-tarixi-ədəbi mənzərəsinə obyektiv
münasibəti formalaşdırsın. Bütün
bunların fövqündə şəxsiyyətin cəmiyyət
həyatındakı mövqeyini, xalqın milli
varlığının təəssübkeşliyindəki
xidmətini örnək olaraq gəncliyin diqqətinə
yönəldə bilsin.
Tanınmış
tədqiqatçı-alim, publisist Esmira Seyfəl qızı
Şükürovanın-Esmira Fuadın axarıncı
kitabı olan “Sözə sevdalılar”ı da
özlüyündə bu dəyərləri ifadə etdiyindən
məni haqqında söz deməyə ruhlandırdı.
Esmiranın şəxsiyyətinə, elmi-publisistik
yaradıcılığına yaxından bələdəm.
Sözə ali bir duyğuyla sevdalı olan xanım həmkarımın
yeni kitabı əzəl başdan özəlliyi ilə məni
özünə bağladı. Sözə vurğunluq, onun
qüdrətinə, təsir gücünə
bağlılıq Esmiranın
yaradıcılığının mayasını təşkil
edir. O, bütün yazılarında mübarizliyi, cəfakeşliyi,
bütövlüyü ifadə etməkdən ötrü
sözün qüdrətlisini, döyüşkənini,
incisini, zərini seçir, O burda kimlərdən bəhs etməyib,
hansı mövzulara toxunmayıb... Böyük bir sevgiylə
xalqın ictimai-ədəbi taleyində misilsiz xidmətləri
olan görkəmli şəxsiyyətlərin ömür yolu,
sənət aləminə, fundamental əsərlərinə
yaxından bələdliyi, məhrəmliyinin tutarlı bir
mövqedən təhlil-tədqiqinin obrazlı təsviri diqqəti
çəkir. Bununla yanaşı sənətkarlıq
baxımından ədəbiyyatşünaslığın dəyərli
nümunələri, görüşlər, müsahibələr,
eləcə də bu gün ədəbi mühitdə yenicə
görünməyə başlayan gənclərin əsərlərinə
səciyyəvi münasibətini incələyən
Esmiranın bütün bunlara həssaslıqla
yanaşması, ondan mənəvi ucalığı, şəxsiyyət-zaman
anlayışının ictimai məcmusunu ədəbi-publisist
baxışlarıyla çözməsi tədqiqatçının
istedadının göstəricisidir. Bu başlıca
xüsusiyyətlər onun yaradıcılığının
özəyi, cövhəridir.
Esmira
Fuad geniş yaradıcılıq təxəyyülünə
malik olan, elmi-nəzəri baxışlarını mükəmməl
ifadə etməyi, obyektivlik prizmasından qiymətləndirməyi
bacaran bir qələm sahibidir. Bu baxımdan da əsərlərində
obyektə və hadisəyə sağlam mövqedən
münasibət bildirməsi ictimai-ədəbi mühitdə hər
zaman maraqla qarşılanır.
Esmira
qeyd edir ki, Söz haqqında söz demək, özü də
düşündüklərini çəkinmədən
söyləmək çox çətindir. Əslində,
Söz sənəti haqqında, sözün özü haqda
söz demək də bir sənətdir... Bu çətinliyi
yoğurub hasilə gətirməsi, səhər-axşam, gecə
gözündə işləməsi Esmiraya hər zaman,
özü də hər mənada uğur gətirib.
Esmira
yaradıcılığın çətin, əzablı
yollarında addımlayan, bu yolda yorulmayan, usanmayan fədakar
bir sənətkardı. Bu da onun ciddi axtarışlara meylli
olmasından irəli gəlir. Bilmirəm, elmi
araşdırmalara marağı əvvəl yaranıb, yoxsa
publisistikaya həvəsi erkən doğulub. Hər halda tədqiqatçı-publisistin
yaradıcılığında filologiya ilə jurnalistika məsələləri
bir-biri ilə üzvi surətdə bağlıdır. Axı
o, ixtisasca filoloqdur. Bu səbəbdən də mövzunun dərinliyinə
varmaq, ona tədqiqatçı baxışları ilə nəzər
salmaq, ciddi araşdırmalar aparmaq “xəstəliyi” onda
güclüdür. Bütün bunlar Esmiranın tədqiqatçı
vərdişindən, həm də jurnalistikada ciddi janr olan
publisistikanın imkanlarından məharətlə bəhrələnməsindən
yaranıb. Onun yaradıcılığındakı bu
xüsusiyyəti professor Məhərrəm Qasımlı belə
ifadə edib: “Mən onun yazı və düşüncə tərzindəki
bir nüansı da diqqət önünə çəkməyi
vacib bilirəm: fakta bağlılıq və məntiqi səlislik.
Birinci keyfiyyət jurnalistika ilə əlaqəsindən, ikinci
keyfiyyət isə elmi fəaliyyətindən gəlir”.
Professorun qeyd etdiyi birinci keyfiyyətə, jurnalistika ilə əlaqəsi
fikrinə bir əlavə etmək istərdim: Esmira xanım
jurnalistika üzrə təhsil almış çoxlarından
fərqli olaraq bu janrın yeni ənənələr əsasında
inkişafına və mövzuya fərqli yanaşma
imkanlarına görə öndə olan peşəkarlardandır.
“Sözə
sevdalılar”la bağlı düşüncələrimə
hər bir yazının üzərində ayrıca dayanıb
əsərin və onu tədqiq edənin təhlil və
münasibətindən bəhs etmək şübhəsiz, bir
məqalənin çərçivəsinə sığan
deyil. Bir tərəfdən də bu işin öhdəsindən
kitabın redaktoru Qəşəm İlqar (Ruhdaş)
ustalıqla gəlib. Öz ədəbi icmalı ilə
oxuculara bir növ bələdçilik edib.
Esmira
cəsarətli publisistdir. O, hər zaman xalqın milli
varlığını, kimliyimizi ifadə edən əsərləri
arayıb-axtarır, onların ideya-nəzəri xüsusiyyətlərini
açıqlayır. Böyük şəxsiyyətlərin ədəbi
talelərindən bəhs edərkən həyatlarından məlum
olan faktları, hadisələri düşüncəsində
ipə-sapa düzərək sanballı bir süjet ətrafında
təsvir edir. Elə yaradıcılıqda əsas meyar həm
də budur. Amma kitabda M.İbrahimov, B.Vahabzadə, M.Kazımbəy,
Ü.Hacıbəyli M.Araz, B.Nəbiyev, İ.Əbilov, Anar
kimi xalqın milli varlığının təəssübkeşliyi
ilə yaşayıb-yaradan münəvvər şəxsiyyətlər
haqqında yazılara göz gəzdirərkən düzü
bir qədər həyəcan keçirdim. Fikirləşdim
ki, axı bu sənətkarlar haqqında böyük
ustalıqla yazılmış qədərincə əsərlər
var. Bunlardan sonra Esmira xanım həmin əsərlərə
özünün yeni, fərqli baxışlarını ortaya
qoya bilibmi? Bu düşüncələrlə də həmin əsərləri
diqqətlə oxudum. Oxuduqca da həyəcanım çəkilir,
fikirlərim də öz axarına düşürdü.
Esmira xanım özündən əvvəlki müəlliflərin
əsərlərinə qədirdanlıqla yanaşaraq, dəyərlərindən
bəhrələnib, bununla bahəm özünün də
özgür baxışlarını ortaya qoya bilib. Bu şəxsiyyətlər
haqqında qələmə gətirdiyi əsərlərin hər
biri ədəbi-bədii, monoqrafik səciyyəli tarixi bir
salnamədir. Mirzə İbrahimovun haqqında, həyatın
acılarını dadmış, ağır sınaqlardan
çıxmış kamil bir yaradıcı ömrün
yaşantılarını məharətlə araşdıran
və maraqlı formada təqdim edəm müəllif, sənətkarın
ədəbi-ictimai fəaliyyətini özünəməxsus
formada işıqlandırıb. Bəzən bir abzasın, bir
cümlənin tutumundakı qüdrətli fikirlər, dəyərlər
böyük bir yazıdan alınmış qənaəti əvəz
edir: “Mirzə İbrahimov nəsr və dramaturgiyasının
özəlliyi, bədii təsir gücü insanın daxili
dünyasının, psixologiyasının görünən cəhətlərini
hərtərəfli, real və təbii, inandırıcı
boyalarla ifadə etməsində, Vətəninə,
xalqına, ana dilinə olan böyük sevgisini milyonlarla
oxucunun qəlbinə ötürə bilməsində, yüksək
vətənpərvərlik, ideala sadiqlik, mərdlik,
düzlük və əhdə sədaqət, əməksevərlik,
əməlisalehlik və xeyirxahlıq, humanizm, milli, mənəvi-əxlaqi
dəyərlərlə sahiblik duyğuları
aşılamasındadır”. Fikir verin, bu böyüklükdə,
bu mündəricəli cümlədə bir yoruculuq,
qarışıqlıqdan əsər varmı? Geniş bir mənanı
izləyən fikir məntiqi ardıcıllıqla
böyük mütəfəkkirin yaradıcı xarakterini
möhtəşəm bir formada ifadə edir.
E.Fuad
görkəmli şəxsiyyətlərin həyat və
yaradıcılığına, ədəbi talelərinə
müraciət etməklə həm də bu mövzulara
müasirlik prizmasından yanaşmanı ortaya qoyur. Bu sənətkarların
hər birinin sənət dünyasına haqqı çatan
bir söz sərkərdəsi kimi daxil olur. Onları tədqiq
edə-edə, öyrənə-öyrənə, təsirlənə-təsirlənə
ədəbi talelərinə işıq salır. Məlumdur
ki, Ü.Hacıbəylinin əsərləri, xüsusən də
yaradıcılığının cəsarətli qolu olan publisistikası
uzun illərdir ki, müxtəlif aspektdən tədqiq olunur.
Lakin bu Esmiranı qorxutmur. O da ədəbiyyatşünas,
publisist kimi Ü.Hacıbəylinin əsərlərinin ictimai
əhəmiyyətini dərk edə-edə müasirlik
baxımından onun publisistikasına yenilikçi
baxışları ilə münasibət bildirir.
“Təbiətin
hökmü olsaydı məndə” deyən müəllimi,
görkəmli sənətkar Bəxtiyar Vahabzadənin ədəbi
ömrünü böyük məhəbbətlə, maraqla tədqiq
edir. Şairanə duyğularıyla ustadın uşaqlıq
illərindən başlamış müdrikliyin zirvəsinəcən
uzanan yolları şairin özüylə birgə qət edir.
Onun sənət dünyasına bələdçiliyini
tamam-kamal başa vurduqdan sonra da böyük vurğunluqla
deyir: “O, qələmə aldığı mövzunu, hadisəni
sadəcə müşahidə etməyib, onları
yaşayıb, bilavasitə iştirakçısı olub,
özündən heç nə uydurmağa
çalışmayıb, duyduğunu yazıb və
yaşadığı hisslərin, duyğuların həssas
ürəkli bir şair kimi səmimi ifadəçisi
olmağı bacarıb. Bu inancda olub ki, şair insan kimi
duymalı, şair kimi yaşamalıdır. Bəs insan nə
zaman həyatı və dünyanı duymağa
başlayır? Təbii, iztirab odundan keçdikdən sonra...
Bundan sonra başlanır yana-yana yaşamaq, bundan sonra
başlanır qorxu, ehtiyat, həyat...”
Esmira
Azərbaycanın vəsvəgəlməz gözəlliklərini,
dünya fəlsəfəsinin çox maraqlı məqamlarını,
vətənçilik əxlaqını, azərbaycançılıq
ideyalarını poeziyasında yaşadan Məmməd
Arazın da ömürlüyünü, sənət taleyini dərindən
duyub-yaşamaqdan ötrü uşaqlıqdan pöhrə
tutmuş poetik düşüncələrinin iziylə yola
çıxır. Balaca Məmmədin nağıllardan qanad
açmış dünyası və şairlik zirvəsinəcən
böyüyən, müdrikləşən əsərlərinin
hikmətinəcən heybəsi dolu qayıdır:
“Poeziyamızın bu özünəməxsus, son dərəcə
orijinal, duyğuların şahə qaxdığı, hisslərin
təlatümə gəldiyi Məmməd Araz qolunda oxucular istədiklərinin,
təşnə olduqları arzuların, təkrarsız poetik əksini
tapdılar. Bu poeziyada nakam sevgililər itkin
düşmüş sevgilərinin doğurduğu
müdhiş yalqızlığa, tənhalığa həmdəm,
həmdərdlə qarşılaşdılar, onların qəlb
ağrılarını duyan, dərk edən bir insanla dərdləşmək,
əzablarını bölüşmək imkanı
qazandılar”.
Tədqiqatçı-publisist bu əsərlərin içərisindəki yarımbaşlıqlarla çox maraqlı, orijinal formada keçidlər edir. Bunlar yazının ruhunu duymaq, yaddaşa köçürməkdən ötrü işlədilən ədəbi priyomdur. Mövzuları ətrafında ən kiçik detalına, xırdalığına qədər (ifratçılıqdan uzaq!) araşdırma və bəhrələnmələrin işığında sözə aşiq olan qəhrəmanlarının ədəbi-bədii məhsullarına doğma, isti münasibətlə yanaşır, hər birinin öz şöləsini aramağa və onu ürəkdolusu işıqlandırmağa çalışır. Bu mövzuların hər birinə onun ayrıca münasibəti var. Esmiranın əsərə, müəllifin yaratdıqlarına özgür baxışları ilk növbədə o şəxsiyyəti dərindən öyrənməsi, tədqiq etməsi, sözün rəngini, məqsədinə uyar olan çalarını seçməsi ilə diqqəti çəkir. İllər boyu tanıdığı, çiyin-çiyinə işlədiyi və bundan böyük fəxarət duyduğu şəxsiyyətlərə də bu meyarla yanaşır. Təbii ki bu da Esmiranın münəvvər şəxsiyyətlərə tam fərqli bir mövqedən yanaşması vərdişindən irəli gəlir. Budur, akademik Bəkir Nəbiyev haqqında yazdığı əsərin girişində oxuyuruq: “ Məmləkətimizdə bəlkə də onu tanımayan az adam tapılar, ancaq düşünürəm ki, “Mən Bəkir Nəbiyevi çox yaxşı tanıyıram” deyənlərin belə, onu daha yaxından tanımasına ehtiyac var. Axı, hər kəsin olduğu kimi, mənim qəhrəmanımın da uşaqlığının, gəncliyinin, kamillik çağının, lap “ayaqları möhkəm yer tutan” anlarının bilinməyən tərəfləri az deyil... ” Burada qeyri-adilikdən uzaq, lakin çox səmimi, sadə və lakonikliyi ilə cəlbedici görünən bir tanışlıq təəssüratı cəlbedici təsir bağışlayır. Bu tanışlıq əlimizdən, fikrimizdən yapışıb, sonacan bizi böyük bir ömrün yaşantılarının içiylə çəkib-aparır. Uşaqlığından bugünkü mərtəbəyədək keçdiyi çətin, əzablı yollar Esmiranın təqdimatında yenidir, maraqlıdır.
Esmiranın “Bir gecədə yazılan yazı” rubrikasında göyərtdiyi “Zamanın qürbətində itkin düşən sevdaların poeziyası” insanın qəlbini riqqətə gətirir. Tədqiqatçı-publisistin poeziyanı bunca dərk etməsinə, incələməsinə, misralarda sıralanan fikirlərin məna çalarlarına həssaslığı həsədaparandır. Adətən bir gecədə şeir yazılır, bayatı qoşulur. Amma nəsrin işi başqadı. Esmiranın bu yazısına mən publisistika nümunəsi kimi yanaşmadım. Bu əsərin özü də elə nəsr diliylə yazılmış poetik nümunədir. Çünki onun düşüncəsinə həm də poetik bir ruh hakimdir. Görün, Esmira Anarın şeirə münasibətini necə ifadə edir: “Şeir yazmaq bir həvəsdi, bilmirəm, bəlkə əbəsdi” desə də, Anar bəlkə də nəsrin imkanları ilə oxucusuna çatdıra bilmədiyi mətləbləri poeziyanın ecazkar dili ilə pıçıldamağı gərəkli sayır. Axı şeirin dili daha yüyrəkdi, ürəklərə, beyinlərə, hətta qalın qafalara belə daha kəsəsinə yetişəndi... Axı nəsrin dililə bu misralardakı emosiyanı, için-için qovrulmanı, göyüm-göyüm göynəməni yaratmaq mümkünsüzdür”.
“Bizlər onu daha çox Azərbaycan şifahi xalq ədəbiyyatımızın, folklor xəzinəmizin çəfakeş tədqiqatçısı, istedadlı alim kimi tanıyırdıq” deyən Esmira Fuad Məhərrəm Qasımlının indiyə qədər çoxumuza bəlli olmayan poeziyasına diqqət yönəldir. Bir oxucu kimi mən də duyuram ki, M.Qasımlının poetik düşüncələri uzun illər cəfasını, zəhmətini çəkdiyi folklorumuzdan rişə alıb. Başqa sözlə, onun bütün şeirlərindən folklorumuzun ətri gəlir. Şeirləri yarpaq-yarpaq, ləçək-ləçək açılan və ətrafa məhəbbət ətri saçan, insanda mübarizlik ruhunu coşduran sənətkarı tanıdıqca həm sevinir, həm də qürur hissi keçirirəm: Məhərrəm Qasımlı həm də şairdi, nə gözəl!
Esmira bu cərgədə məhəbbət şairi N.Kəsəmənli, Ə.Mədətoğlu, K.Abıyeva, Y.Nəğməkar, F.İsmayılov, F.Ziya, Ə.Əsgəroğlu və başqalarının da poeziyasından ərşə qalxan alovun dillərində yana-yana, ağrı-acılarında qovrula-qovrula söhbət açır.
Xuramanın “Məhəbbət və kədərdən doğulmuş yazılar”ına qadın ürəyinin işığı, məhəbbəti, tutqun, qara kədərinə həssaslıqla, bütövlüklə ortaq olur Esmira Fuad. Həmkarımızın ağrılarının, yanğılarının dağı-daşı dilə gətirən için-için harayından bir köz bəxş edir bizə: “Bir ağac kəsiləndə, bir çiçək tapdananda qəlbi sızım-sızım sızıldayan insan necə öldürə bildi bu böyüklükdə məhəbbəti? Dünyanın ən ağır cinayətini törədən cani cəzasızmı qalacaq” fikirlərini oxuyan hər kəs torpağı yağı düşmən tapdağında inildəyən Vətənin bötövlüyü uğrunda müsəlləh əsgərə dönməzmi?
“Sarı odalar”ın cazibəsində özünü-sözünü “itirən” E.Fuad əsərin müəllifi İradə Tuncayla bağlı fikirlərini, özünəməxsus sənətkarlıq sirlərini qat-qat açmağa nail olub. Zənnimcə, özünü cəmiyyət həyatına və sənətə baxışları, həm də xarakteri ilə göstərə bilən İradə xanımın jurnalistikada sözün ən möhtəşəm, qüdrətli təsvirinə meydan verilən publisistikada tam fərqli bir üsluba, deyim tərzinə malik olması, mənə sazaqlı-şaxtalı, qarlı günlərdə torpağın bağrından cəsarətlə boy verən qardələn gülünün, ilk yazın gəlişindən xəbər verən novruzgülünün bənzərsizliyini xatırlatdı. Nə deyim, kitabı oxumaq gərəkdi...
Esmira Fuad həyatda da, yaradıcılıqda da çox səmimidir. Mən bunu bütün yazıların ruhunda gördüm. Ən başlıcası da qadın yazarlara münasibəti açığı məni bir qədər də heyrətləndirdi. Etiraf edək ki, biz qadınların xislətində arzu olunmayan bir cəhəti görməmək mümkün deyil. Ələlxüsus da yaradıcı qadınların. Kəsəsi, qadınlar bir-birinin uğuruna, sevincinə o qədər də ürək açıqlığıyla münasibət bildirmirlər. Lakin Esmira qadın həmkarlarının sənət dünyasına, yenicə işıq üzünə çıxan əsərlərinə uşaq kimi sevinir, onların haqqında söz deməyi bir növ mənəvi borcu bilir. Görün, “Sözə sevdalılar”ın içərisində nə qədər qadın yazarlara səmimiyyətlə yanaşıb, əsərlərinin ictimai əhəmiyyətindən, sənətkarlıq xüsusiyyətlərindən könüldolusu söhbət açıb. Flora Xəlilzadə, İradə Tuncay, Kəmalə Abıyeva, Şəfəq Nasir, Xuraman İsmayılova, Fəridə Ləman, Aysel Əlizadə...
Bu deyilənlərə yekun olaraq bir daha qeyd edirik ki, “Sözə sevdalılar” ədəbiyyat və mətbuat tariximizin yeni ənənələr üzərində inkişafına təkan verən şəxsiyyətlərin yaradıcılığına, ədəbi talelərinə özünün ədəbi-nəzəri baxışları ilə işıq çilədiyindən dəyərli əsərlər sırasındadır.
Şəfəq NASİR
525-ci qəzet.- 2012.- 2 fevral.- S. 6.