Mirzə İbrahimovun 100 illiyilə bağlı inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

 

Dünən Təhsil Nazirliyində görkəmli Azərbaycan yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyi ilə əlaqədar şagirdlər arasında keçirilən inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov deyib ki, prezidentin Xalq yazıçısı və dramaturq Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında verdiyi sərəncama uyğun olaraq ölkədə silsilə tədbirlər təşkil olunur.

Görkəmli yazıçının Azərbaycan xalqı qarşısındakı xidmətlərindən söz açan nazir bildirib ki, Mirzə İbrahimov qüdrətli qələm sahibi olmaqla yanaşı, həm də tanınmış ictimai xadim, böyük vətəndaş və ziyalı olub. Nazir, həmçinin yazıçının keçdiyi şərəfli həyat yolu, ədəbiyyat tariximizə həkk olunan əsərləri, ümumilikdə onun fəaliyyəti barədə danışıb.

Xalq yazıçısı Mirzə İbrahimovun Azərbaycan dilinin dövlət dili statusunun bərqərar olmasında möhtəşəm xidmətlərini mərasim iştirakçılarının nəzərinə çatdıran M.Mərdanov ədibin ana dilimiz uğrunda nümayiş etdirdiyi qətiyyət və cəsarətini bugünkü gənc nəsil üçün ibrətamiz nümunə adlandırıb.

Prezidentin müvafiq sərəncamına əsasən Təhsil Nazirliyinin geniş tədbirlər planının təsdiq edildiyini vurğulayan nazir inşa müsabiqəsinin keçirilməsinin də məhz bu planda nəzərdə tutulduğunu açıqlayıb. Nazir ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş müsabiqədə minlərlə məktəblinin iştirak etdiyini, ölkənin bütün rayon və şəhərlərindən seçilərək Təhsil Nazirliyinə təqdim olunan 115 inşanın müvafiq komissiya vasitəsilə yoxlanıldıqdan sonra qaliblərin müəyyənləşdiyini deyib. I yer üzrə 7, II yer üzrə 14, III yer üzrə isə 16 qalibin olduğunu nəzərə çatdıran təhsil naziri hər bir qalibi qazandığı uğur münasibətilə təbrik edibonlara daha yüksək nailiyyətlər əldə etməyi arzulayıb. Təhsil naziri, həmçinin müsabiqənin keçirilməsi və təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Daha sonra inşa yazı müsabiqəsi qalibləri müvafiq olaraq I, II və III dərəcəli diplomla təltif edilibonlara Xalq yazıçısı haqqında kitab təqdim olunub.

Sonda Mirzə İbrahimovun qızı, respublikanın Xalq artisti Sevda İbrahimova ölkə prezidentinin müvafiq sərəncamının xüsusi önəm daşıdığını vurğulayıb və belə bir tədbirin keçirilməsində əməyi olanlara dərin minnətdarlığını ifadə edib.

 

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2012.- 2 fevral.- S. 7.