Yunus Novruzun ikinci görüşü
Ötən
əsrin 70-ci illərində öz səsi, öz nəfəsi
ilə imzasını tanıdan gənc şairlərdən
biri də Yunus Novruzov idi. Ədəbiyyata dabanqırma gələn
nəsillər arasında həmişə cıdır kimi
yarış, bəhsəbəslik olur. Hər qələm
götürən öz tay-tuşları ilə və hətta
özündən əvvəl – sonra gəlmişlərlə
də yarışa çıxır. Beləcə sənət
yarışı uzun bir marafona, nəsillərin
yarışına çevrilir. Və bu yarışlarda
yorulub yolda qalanlar da olur. Əsl sənət isə adiliklərdən
yuxarıda dayanır, başımız üstündəki kəhkəşan
kimi qaranlıqlar içindən işıq saçır və
hər kəsin öz işığı öz yerini göstərir.
Sənət həm də zamanın sınağından
çıxmaqdır.
İlk
yazılarının uğurunu xatırlayan şair özü
belə yazır:
Mənim
ilk kitabçam çaşdırır məni,
Qorxuram
kiminsə xətrinə dəyəm.
Ancaq
söz verirəm bütün qüvvəmi,
Şeirə, sənətə həsr edəcəyəm.
Bugünkü ədəbiyyatımızda artıq ağsaqqallaşmış, imzaları oxucu kütləsi, ədəbiyyatı sevənlər arasında tanınan, ədəbi tənqidin nəzər-diqqətində olan 70-cilər kimi tanınan şairlər – Vaqif Bayatlı, Vaqif Bəhmənli, Sabir Sarvan, Musa Ələkbərli, Zəlimxan Yaqub, Ağacəfər Həsənli, Paşa Qəlbinur və s. arasında adı çəkilməsə də, Yunus Novruz bu cərgənin ön sıralarında olanlardan biri idi və oxuculara təqdim olunan “Dünya elə o dünyadı” kitabı da göstərir ki, o yaradıcılığında nəinki poetik səviyyəsini qoruyub saxlayıb, hələ bir xeyli də qabağa gedə bilib. Qaynar paytaxt həyatından, ictimai konfliktlərin qaynayıb daşdığı mühitdən kənara düşsə də şair yaradıcılığında insan qəlbinin tədqiqatçısı kimi kiçik kainat olan insan aləminə baş vurur, araşdırır, yeni bir aləmin, insan qəlbinin bitib-tükənməz dərinlik və dayazlıqlarını üzə çıxarır. Rus ədəbiyyatı Qoqolun “Şinel”indən çıxdığı kimi, XX əsrin yeni Azərbaycan şeirini yaradan şairlərin, xüsusən 70-ci illərdə şeirə gələnlərin demək olar ki, hamısı Əli Kərimin poeziya bulağından su içib. Əli Kərim poeziyası, xüsusən son şeirləri onun poetik araşdırmaları şeiri tarladan, partiyadan, mədhiyyətçilikdən qopararaq sadə insanın özünə, daxilinə, qəlbinə yönəltdi.
Yunus Novruz da öz şeirlərində yaşadığı kənd həyatını, keçirdiyi ömrü saf-çürük edir, sanki zamanın yavaşıdığı, lakin öz böyük və kiçik problemləri ilə dramatik bir həyatı incə müşahidələr, orijinal deyimlərlə ifadə edir.
Bürünüb bir kəndin sakitliyinə,
Elə yuxulamaq istəyir adam.
Kəsilir səs-küyü uçan quşların,
Günlər yavaşıyır, donur saatlar.
O, dünyada hər bir insanın öz problemləri olduğunu belə ifadə edir:
Ürəyimə haradansa düşən səs,
Pıçıldayır irəlini-gerini.
Bəşəriyyət yığılsa da verəmməz
İndi mənə ailəmin yerini.
Onun şeirlərində yeni qafiyələr, yeni mövzular, özünəməzsus görmə və dərk etmə, poetik mənalandırmalar var. “Xokkey”, “Kosmonavtlar”, Tutulma” və s. şeirləri bu qəbildəndir. Ənənəvi onbirlik heca şeirindən əlavə onluq və doqquzluq bölgüsündə olan orijinal axtarış və tapıntılar, incəliklər var.
Üzündən ürəyin oxunsa,
Bəs niyə heç üzün gülməyir?
Sən mənə o qədər yaxınsan,
Baxmağa ürəyim gəlməyir.
Xatirələrlə yaşayıramsa
Sabahım artıq ölüdür demək.
Əllərimdə şeir yazmaq arzusu,
Gözlərimdə yuxu görmək həvəsi.
Ömrünün dəli-dolu duyğulu çağından müdriklik çağına qədəm basmış şair həyatın, ömrün əbədi cavab axtarılan suallarını çözür: “İnanmıram mən dünyanın puçluğuna,” – deyir.
Doğulmuşuq, baxmamışıq çoxa-aza,
Ömür ki var, bir əl boyda qələm-kağız.
Dünya əgər təsadüfən yaranıbsa,
Onda niyə növbələşir bahar-payız?
Çiçəklərin nə zamansa solmağına,
Uçub gedən günlərə də mən yanmıram.
Ömrümüzün ötüb keçən olmağına,
Və həyatın puçluğuna inanmıram.
Yunus Novruzun həyat devizi kimi qəbul etdiyi, həyatından qırmızı xətt kimi keçən yaşamaq etalonu, meyarı düzlük, halallıqdır. Gerçək həyatla vicdanlı həyatın ziddiyyətlərini şair belə qələmə alır:
Gəlirli bir yerdən yapışmamışam,
Yox belə şeylərdən çıxmayır başım.
Bu dünya qazanmaq dünyasıdırmı
Ay mənim qayğılı ömür yoldaşım?
Dünyada bircə gün halal yaşamaq
Yaxşıdı yüz ilin kef-damağından.
Sənsə əskiklikdən söhbət açırsan,
Bir də özgələrin yaşamağından.
Yunus Novruz kəskin ironiyalar, kinayələr ustasıdır və bu kinayə və iradlarını, giley-güzarını çox vaxt elə özünə qarşı da yönəldir:
Bəxtim nə gətirdi tez gətirmədi,
Ürəyim dopdolu söz gətirmədi,
Dünyada işlərim düz gətirmədi,
Mən hələ dünyada qalası oldum.
Yaxud, başqa bir şeirində şair fikirlərini belə ifadə edir:
Ürəyim gör necə mənasız vurur,
Qələmim bir yanda korşalıb
durur.
Xəyalım özündən inam
uydurur,
Mən bir təpəyəmmi, dağammı
görən?
Göylərin qatından yerə
düşmüşəm,
Çiçəyəm, bir daşqın selə düşmüşəm,
Özüm öz gözümdən
elə düşmüşəm,
Ölmüşəmmi görən, sağammı
görən?
Yunus Novruzun şeirlərinin böyük
bir qismində, doğulub boya-başa çatdığı torpağa
məhəbbət, el-obasına
sevgi tərənnüm
olunur. O, yüzlərlə,
minlərlə, indiki zamanda isə milyonlarla tarixi vətənlərindən uzaq
düşmüş soydaşlarımızın
Azərbaycanla bağlı
istək və duyğularınını belə
ifadə edir:
Axır
ürəyimdən Kür də, Araz da,
Kim bilər
nələrdir könlümdən keçən...
Mən sənin qoynunda doğulmasam da,
Dilim də, qəlbim də sən olmusan, sən!
Yaxud da parçalanmış Vətən dərdi belə təsvir olunur:
Harda çay görürəm
elə bilirəm,
Arazdı, bir xalqı bölüb yarıya.
Harda çay görürəm,
gəlir qəfildən,
Yüz həsrət,
yüz nisgil düşür araya.
Sonda Yunus Novruzun lirik şeirləri içərisində
yer tutan sevgi-məhəbbət lirikasını
xüsusi qeyd etmək istərdim. Sevginin gənclikdən
ayrılmaz olduğu bəllidir, lakin şair gənclikdən başlanan sevgi duyğularına həyatı
boyu sadiq qaldığını, onu
yeni-yeni keyfiyyət və mənalarla zənginləşdirdiyini, sevginin
ürəkdən, qəlbdən
ayrılmaz olduğunu
öz lirikasında əks etdirir.
Yunus Novruzun şeirlərinə bələdçiliyimizi
burda yekunlaşdırıb
oxucuları yormadan söhbətimizi bitirək. Qoy onun öz şeirləri sizin bələdçiləriniz
ölsun. Sizi işığa, halallığa,
paklığa və bütün bunların təcəssümü olan
sevgilərə səsləsin!
Bu şeirləri Poeziya sevənlərin yeni bir hadisə
kimi qarşılayacağına
inanıram. Uzun müddət tanıdığm,
dostluq etdiyim, mənəviyatı ilə
çox az
istisna insanlardan olan Yunus Novruzun
müasir şeirimizi hər yanda təmsil edə biləcək istedadlı şairlərimizin ön sıralarında layiqli yeri var.
Sultan MƏRZİLİ
525-ci qəzet.- 2012.- 2 fevral.- S. 7.