“Canavar ağzından çıxan
ov kimi...”
Əli NƏCƏFXANLI
Şair Sabir Yusifoğlu haqqında yazmaq çoxdankı fikrim idi. Günü-günə sata-sata bu günə gəlib çıxdım. Nə yaxşı
ki, bu da
onun əlli yaşına təsadüf
elədi. Amma lütfən,
mənim bu qeydlərimi bir yubiley tostu kimi
qəbul etməyin.
Səmimi deyirəm: burada əsla üzgörənlik-zad yoxdur.
Sabirin “Dünyanı özümlə
aparmıram ki” və “Yaşamağa bəhanə çox” adlı kitablarını oxusanız, istedad sahibi olduğuna zərrə şübhəniz
qalmaz.
Üzə dirənən günlərin
İçindən qopdum, ölmədim.
Yaşamağa bəhanə çox,
Bəhanə tapdım, ölmədim.
Nədənsə, düşünürəm ki,
Sabir bu misraları Şəhidlər
Xiyabanını ziyarət
zamanı, bizlərdən
hər birimiz kimi, özünə bəraət üçün
pıçıldayıb. Məncə
o, həmişə şəhid
olmağa can atan vətən oğullarındandır.
Sadəcə, bu, alnına
yazılmayıb. Amma qoy,
xətrinə dəyməsin,
hərdən onu elə aramızda gəzən şəhid kimi görürəm.
Vətən dərdinin
şəhidi, millət
qayğılarının şəhidi,
şeirlərinin şəhidi
kimi... Təsadüfi deyil ki, Sabir
şəhidlərə üz
tutaraq deyir:
Alan yoxdu dərdimizdən,
Tora düşdük
səbrimizdən.
Ya siz qalxın qəbrinizdən,
Ya bizi də ora çəkin.
Sonra da bu qarışıq
dünyanın halını
düşünərək yazır:
Dünya
şeytanların əlinə
keçsə,
Allah da sonuncu şəhid olacaq.
Ağsaqqal qələm dostumuz
Əşrəf Veysəlli
onun kitabına ön sözündə şairi ürəklə təqdim eləyib: “Şəhid məzarlarını
məlhəm kimi yaralarına bağlayan Vətənin” dərdlərinin
alt qatına sirayət
etməyi bacaran, qürurla, fəxrlə: “Mənəm Vətən boyda dərdin yiyəsi, görənlər
ha desin kasıb yaşayır” deyən,.. qələmdən
ağ vərəqəcən
uzun-uzadı, daşlı-kəsəkli,
qanlı-qadalı bir yol keçən, sözün məsuliyyətini
yaxşı dərk edən əsl şairdir Sabir. “İşıq gələn
tərəfini div qamarlayan”,
bütün şahların
taxt-tacında türkün
qanını görən
bu türk şairinin deyimlərindəki
həyat hadisələrinin,
tarixi faktların poetik ifadəsi, obrazın məntiqə söykənən fəlsəfi
harmoniyası, fikrin məna yükü diqqətçəkəndir. Dopdolu meyvə budaqlarını xatırladan misralarla tamamlanan şeirlərini oxuduqca şairin qələminin sehrinə,
gücünə, qüdrətinə
inanırsan.
Ağlını şeytana vermə,
Soyun, dondan-dona
girmə.
Gücünü mənə göstərmə,
Gücündə türkün qanı
var...
Bu gün qəzet, dərgi, toplu səhifələrində az görünən Sabir Yusifoğlu bəlkə də yeganə şairdir ki, tez-tez mənə
zəng edib yeni yazdığı şeirlərini telefonda oxuyur və qüsurunu söyləməyi
xahiş edir. Tərifləyəndə inanmır. İlk tanışlığımız
yadıma düşür.
O vaxtlar Sumqayıtdakı
Səməd Vurğun
və Cəfər Cabbarlı küçələrinin
kəsişməsində yerləşən
(təsadüfə bir
baxın) Poeziya Klubunun toplantılarının
biri idi. Elə mənim kimi qarayanız, darıxdırıcı
çöhrəsi olan
Sabirin şeirlərini
dinləyəndə istər-istəməz
sıçrayıb yerimdən
qalxdım. Professor Vaqif Yusifli demişkən,
sözü şeirə,
şeiri poeziyaya çevirmək məharəti
ruhumu tərpətmişdi
mənim.
Qoşula
bilmədik qayalarına,
Qoşduq tükdən yüngül
sözə dağları.
Havası
çatışmır aran
yerində –
Kim dartıb gətirdi
düzə dağları?
O mənəm hər yandan yolu kəsilən,
Babəklə bir yerdə qolu kəsilən.
Köçürün bu yurdun xəritəsinə
Sinəmə çəkilən təzə
dağları.
Razılaşın ki, klassik qoşma
səmasında bu cür “qanad çalmaq”, pərvaz eləmək hər təbli şairə qismət olmur.
Sabir Yusifoğlu
Cəlilabadda doğulub. Dnepropetrovskda
ali metallurq
təhsili alıb. Sumqayıtda yaşayır. Uzun illər
boruyayma zavodunda çalışıb. Metal əritməsi öz yerində, sözü mum kimi yumşaldıb əridərək istədiyi
qəlbə tabe eləyə bilməsi hardandır bəs? Allahdandır, əlbəttə!
Orasını da deyim ki,
əvvəlki şeirlərində
dünyaya meydan oxuması, hökm eləməsi, ötkəmlik
göstərməsi çox
idi, indikilərdəsə
sanki ehtiyatlı bir qəzəb közərir. Bu da, yəqin, yaşla-başla
bağlıdır: axı,
otuz hara, əlli hara?
Otuzunda deyirdi:
Sən də bir ölümün
dizinə baş qoy,
Hər tac kölgəsinə
əyilmə, zalım.
Və yaxud:
Uçub
töküləcək qurama
nə var,
Bütlərin hamısı dağılacaqdır.
Əllisində isə deyir:
Ümid
basdırıram hər
ötən günə,
Göyərmir buranın qaranlığında.
Və yaxud:
Canavar qırğını başlandı
bəlkə,
Vaxt varkən doyunca bax canavara...
Amma bir də görürsən ki, Sabir sözü
lap “sabiranə”, kəsə
deməkdən özünü
saxlaya bilmir. Məsələn,
özünü “çörək
ağacı”ndan asan birisi üçün belə deyir:
Saxlama bu yolsuzu,
Hara gedir, qoy getsin.
Lap belə cəhənnəmə,
Gora gedir, qoy getsin.
Sözü bütöv kişilər
Yoxdu, kimi eşidər?!
Beş gününün beşi də
Qara gedir, qoy getsin.
Ya qurd-quşa rast olar,
Ya şeytanla dost olar.
Bunun tutduğu yollar
Ora gedir, qoy getsin!
Bu da onun, necə
deyərlər, yoxuş
sonu gəldiyi qənaətlərdəndir:
Dünyanın ikicə rəngi
var imiş,
Bir də ikisinin qarışığı
– boz.
Hardansa səs gəlir: taleyin ilə
Arada bağlanan barışığı
poz!
Şair
olmaq, şeir yazmaq iztirablarının rəsmini iki kəlmə ilə elə gözəl çəkib ki...
Misramın
bir ucu ürəyimdədi,
O biri
ucundan asılmışam mən.
Dostumun
sevgi şeirlərində sevinc yoxdur. Amma işıq var:
Mənə
bir məktub göndər,
Bilim ki,
ölməmişəm...
Bir vəfasız
gözələ “acıqlanmış” şair, görün,
onunla necə “üzülüşür”:
Daha
ürəyində yerim yoxdusa,
Qopar
yaddaşının küncündən məni.
Payız yağışının damcılarıtək
Çırp yerə saçının ucundan məni.
Onun subaylıq sultanlığına
son qoyan xanıma isə deyir:
Kimdəsə nəyisə sevdiyim
olub,
Bəlkə də kim
isə sevirdi məni.
Hamının
əlindən qoparıb aldın,
Hamının
yerinə sev indi məni.
Son
ayrılıq dəmində necə də nikbin təsəllilər
verir:
Sən
niyə qalıbsan əli qoynunda?
Adımı
sinəndən qoparmıram ki.
Əlini
dünyadan üzmə, ay gülüm,
Dünyanı
özümlə aparmıram ki...
Sabir
Yusifoğlu bu il əllisinə qədəm qoyur. Ömür
marafonunu yarılayır.
Tökülüb
qırıldı ömrün illəri,
Ömürdə
gör neçə qırğından çıxdıq.
Bəlkə
də çıxmazdıq şeytan deyəndən,
İlahi,
biz sənin qorxundan çıxdıq.
Kimini saxladı bir girov kimi,
Uddu kimini də, uddu div kimi.
Canavar
ağzından çıxan ov kimi
Çıxdıq,
əjdahanın xılxından çıxdıq.
Son
ümidinin kəşfiyyatdan “işıq gəlir” xəbərilə
sağ-salamat dönməsinə sevinən şair əlli
yaşında təskinliyini nədə tapır?
Özünün bu suala cavabı belədir:
Çapır
ömrün düzənində
Zaman
saxlamır atını.
Qoruyub
saxlaya bildim
Bir
ümidin həyatını.
Şükür,
qardaşım, şükür! Ümidlərin inama
dönsün, inşaallah!..
P.S: Dahilərdən
biri deyib ki, gözəllik hiss olunur, arşınla
ölçülmür. Mən də bu yazıda şair
dostum Sabir Yusifoğlunun şeirlərinin gözəlliyini bir
filoloq arşını ilə deyil, adi oxucu təəssüratı
ilə göstərmək istədim. Hərtərəfli təhlil
tənqidçilərin işidir.
Əli NƏCƏFXANLI
525-ci qəzet.- 2012.- 2 fevral.- S. 7.