Məhəmməd Seçilmiş: şəxsiyyəti və meracı
Peyğəmbər
sevgisi... Nəsil-nəsil, zaman-zaman yaşanan bu sevginin səngiməzliyi-sönməzliyi
predmetini təkcə peyğəmbərimizin şəxsiyyət
böyüklüyünə olan əlahiddə bir münasibət
müəyyənləşdirmir. Məsələn,
dünyanın dahilərinə dair Qərbdə keçirilən
bəzi “reytinq” sorğularında Məhəmməd şəxsiyyəti
adətən birincilik qazanır və onun tarixi şəxsiyyət
kimi üstünlüyü etirafının arxasında,
şübhəsiz, böyük bir sevgi də dayanmır.
Vurğuladıqları başlıca məqam ondan ibarətdir
ki, dahi şəxsiyyət özəlliyinə sahib Məhəmməd
yeni dini təlim gətirmiş, bunu yaymaqla Ərəbistan
yarımadasında tayfa ayrılıqlarını aradan
qaldırmış, vahid dini hakimiyyət qurmuş,
özündən sonrakı tarixi gedişata yetərincə təsir
edən xilafət imperiyasının
başlanğıcını qoymuşdur və onun
ideyaları bu gün də milyon-milyon insanı öz təsirində
saxlamaqdadır və s. və i.
Dolayısı
ilə təlqin olunur ki, İslam Tanrının deyil də Məhəmmədin
yaradıcılığında ortaya çıxmış dəyərlər
sistemidir. Belə çıxır dinimiz obyektiv ilahi mahiyyətdən
xali məzmunda sadəcə olaraq dahi bir insanın subyektiv zəka
məhsuludur. Bu fikri müqəddəs Oxu məntiqi və
möcüzəsi heçə endirir. Kitabımızın mətn
möcüzəsini son illərin çeşidli elmi
araşdırmaları da tam sübuta yetirmişdir.
Təbii ki,
müsəlmanların peyğəmbər şəxsiyyətinə
sevgisi fərqli münasibətdən doğan bir nəsnədir.
Günahların Tanrı tərəfindən
bağışlanmasına nail olmaqdan ötrü zaman-zaman
peyğəmbər şəfaətinə, iltimasına
sığınmaq istəmişlər. Hesab etmişlər və
indi də bir çoxları bu fikirdədir ki, İslam mənsublarının
suclarını ulu Yaradan Öz elçisinin hörmətinə,
uca şanına bağışlar. Peyğəmbər ruhuna
müraciətlər, minacatlar, salavatlar bu əski
inanışla bağlıdır.
“Kitabi-Dədə
Qorqud” abidəsindəki boylar bir qayda olaraq dualarla bitir.
Tanrı yanında məhz peyğəmbərimizin iltimascı
olacağına dəruni bir inamla Qorqud dilindən dəyişik
variantlarda bu qəbildən ifadələr qopur: “Qadir səni
namərdə möhtac eləməsin! Beş kəlmə dua
qıldıq, qəbul olunsun! Amin, amin deyənlər didar
görsün! Günahımızı adı görklü Məhəmməd
Mustafa hörmətinə bağışlasın, xanım
hey!”.
Bununla əlaqədar
yeri gəlmişkən yas məclislərində
çoxlarının itaətlə yerinə yetirdiyi bir rituala
toxunmaq istərdim. Molla deyəndə ki, “peyğəmbərimizin
ruhuna bir salavat zikr eləyək”, hamı bir nəfər kimi
sağ əlini üzünə çəkərək təkrarlayır:
“Allahummə salli alə Muhammədin va əli Muhamməd”, yəni
“İlahi, Sən Məhəmmədi və Məhəmmədin
ailəsini uğurla (xeyir-dua ver)”.
Və sonra molla kecir dünyasını dəyişmişlərə
və onların da ruhuna “salavat zikrini” təlqin edir. Amma ifadə
dəyişmir. Yenə hamı bir nəfər kimi “Allahummə
salli alə Muhammədin va əli Muhamməd” deyir. Məntiqcə, “salavat”
ünvanı dəyişdiyinə görə ifadə dəyişməlidir,
yəni ünvanlanmalıdır o deyilən şəxslərin
ruhlarına. Aşkar bir ifadə
yanlışlığıdır. Anlayıram ki, din xadimləri
“salavat zikr”ini yalnızca peyğəmbərə aid bilirlər.
Bəs niyə dünyasını dəyişmiş olan
başqalarına da bunu ünvanlayırlar? Söz yox ki, ilkində
nəzərdə tutulan, fəqət unudulan bir nəsnə
ondan ibarətdir ki, peyğəmbər müsəlmanlar
üçün axirətdə günahların
bağışlanmasını Rəbbimizdən diləyəcək
bir şəfaətçi, yəni iltimasçıdır.
Amma dua məzmununda səsləndirilən bu “salavat zikri”ndə
nə Rəbbimizə müraciət var ki, peyğəmbəri
iltimasçı olaraq seçsin və onun konkret şəxslər
üçün umulan iltimasını qəbul etsin, nə də
Rəbbimizdən istənilir ki, konkret şəxslərin
suçlarını bağışlasın, onları Öz
sonsuz mərhəmətinə layiq bilsin. Bunların heç
birinin leksik ifadəsi səslənmir. Peyğəmbər
ruhuna ünvanlandığı nəzərdə tutulan “salavat
zikri”ndə səslənən təkcə budur: “Allahummə
salli alə Muhammədin va əli Muhamməd”. Bu ifadənin özündə də
uğurlama, xeyir-dua peyğəmbərin ruhuna aid səslənmir.
Və əslində səslənməməlidir də.
Cünki dünyasını dəyişmişlər
üçün artıq bütün uğurlamalar, xeyir-dualar
dünya həyatında qalmışdır. Tanrı
uğurlamalarına dünya həyatında tuş gəlmişlər
üçün gözəl bir axirət var. Uğurlama bu
axirət üçündürsə təkrar uğurlanmaya nə
hacət?
İzah edim ki,
yuxarıdakı ifadənin kökü bu Oxu ayəsindədir:
“Uğurlayır peyğəmbəri gerçəkdən
Tanrı, mələklər. Ey inananlar, siz də onu
uğurlayın, salamlayın təslimiyyət içində”
(33, 56). Burada uğurlama peyğəmbərin
sağlığında (“Sən də, şəksiz, ölərisən,
onlar da, şəksiz, öləri” – 39, 30) olan zamana aiddir. O zamana ki, Tanrı
onu uğurlayır Quran ayələriylə, mələklər
də Tanrı itaətində ona yardımçı olurlar,
Tanrı Öz elçisini zəfərlərə
çatdırır. Dünya həyatında Tanrı
xeyir-duasını qazanmış və elçi
seçilmişin cənnətlik olduğuna şübhə
yox. Və dünya həyatından sonrakı salavatın mənası
da qalmır.
Bir də ayədən
göründüyü kimi, peyğəmbərin
sağlığında Tanrı istəyincə müsəlmanlardan
umulan salavat və salamlama aktında Rəbbimizə dua məsələsi
yer almır. Şəksiz ki, Tanrı və mələkləri
onu uğurlayırsa, sən də uğurla deyə
dolayısı ilə bildirilən ilahi bir təlqin öz
yerində, amma deyilmir də ki, peyğəmbəri
uğurlamaq üçün Rəbbinə dua et, O Özü
elçisini uğurlasın. Və əslində bilinən və
anlaşılan da odur ki, o zamanın müsəlmanları
üçün nəzərdə tutulan nəsnə əslində
bu uğurlamanı rituala (indi teoloji məntiqini tamamilə
itirmiş) cevirmək deyil də praktiki müstəvidə həyata
kecirmək olub. Peyğəmbərin yanında olmaq, ona dəstək
vermək və bununla da Tanrı rizasını qazanmaq mənasında.
Yuxarıda toxunduğum axirət iltimasına isə gətirdiyim
Oxu ayəsində sadəcə olaraq işarə belə
yoxdur.
Amma hər halda
“adı görklü Məhəmməd Mustafa”nın
iltimasçı olacağına etiqadın “peyğəmbərin
üzünü görən” Bükdüz Əmən kimi
oğuz bəylərindən birininin də də iştirak
etdiyi Dədə Qorqud dastanlarının yaşı qədər
tarixi var.
Xüsusi ad kimi
qəbul etdiyimiz “Mustafa” sözü “Seçilmiş” deməkdir.
Məhəmməd şəxsiyyətinin əzəməti,
gözəlliyi, ona xas əxlaq, düşüncə,
davranış özəllikləri tam halında bu
“seçilmişlik”lə şərtlənir. Və onun kimliyi
haqqında daha dolğun qənaətləri Tanrı kəlamından
– müqəddəs Oxudan hasil edə bilirik.
Bu kosmik-ilahi informasiyanın
Məhəmmədə, yaşadığı dövrün və
məkanın əxlaq mücəssəməsi bir tarixi şəxsiyyətə
enişi ilk baxışda tarixi olay olsa da, yəqindir ki, tarix
içində, qəlbində qalacaq bir olay da deyil.
Çünki təktanrılıq inanışı və dəyərlərinə
çağırışın bu yeni və son ifadəsi
bütün çağlara hökmlər verən, hikmətlər
açan ilahi bir qaynaqdır. Və Məhəmməd şəxsiyyətini
qiyamətəcən ucalıqda saxlayacaq da Tanrı
Özüdür. Göndərişini seçdiyi bəndəsinin
dilindən səsləndirmiş ulu Yaradan Özü!
Məhəmməd
Seçilmiş yeganə haqq elçisidir ki, bəşəriyyətə
onun vasitəsilə kosmik-ilahi informasiya
ötürücülüyünün möcüzəvi rabitə
anları tarixin “qeydiyyat dəftəri”ndə yer
almışdır. Başqa sözlə, müqəddəs
Oxu dəyərlərinin eniş tarixləri və səbəbləri
barədə ilahiyyat elmində xeyli bilgilər var.
Elçisinə
ilk xitabında Rəbbimiz “oxu!” buyurmuşdur. Quran sözü
“oxumaq” felindən düzəlmə ismi-məsdər olub “Oxu”
Kitabı anlamında. Rəbbimizin bu ilk buyruğu
oxumağı-yazmağı bilməyən peyğəmbərin
psixoloji ovqatında öncə bir rahatsızlıq
doğurmuş və o da ilahi müraciəti çəkinə-çəkinə
belə cavablamışdır ki, “mən oxuyan deyiləm”, yəni
bunu bacarmaram. Ancaq sonradan arxayınlıq duyunca ki, Rəbbimiz
onu Öz elçisi olaraq vəzifələndirmiş və dəstəkləməkdə
israrlıdır, bu ilahi yükü çəkmək məsuliyyətini
dərk edərək Tanrı buyruqlarına boyun əymək
şərəfinə nail olmuşdur.
Məhəmməd
Seçilmiş həyatının ən maraqlı
dövrü peyğəmbərliyə başladığı
ildən hesablanır. Məhz bu zamandan etibarən onun
düşüncə və davranış tərzi ard-arda enən
ayələrin hikmətlərilə müəyyənləşir.
Yəni gördüyü işlər Tanrı istəyincə
baş verir. Peyğəmbərliyindən öncəki
dövrdə isə Məhəmməd yalnız gözəl
bir əxlaq sahibi kimi soydaşlarının rəğbətini
sadəcə qazanmış birisi imiş. Məhəmməd Əmin
deyərmişlər ona. “Əmin”, yəni etibar ediləsi,
güvəniləsi bir şəxs.
İnsani özəlliklərinə
görə hamıdan üstün, ancaq bəzilərindən
fərqli olaraq dünyəvi savaddan məhrum məhz belə
bir şəxsin dilindən vəhylərin, qatları
zaman-zaman acılan bu möhtəşəm hikmətlərin bəyanı
və təbliği də Rəbbimizin siyasətidir. Məhəmmədə
gəlmiş deyimlərin Ali Gücdən olduğunu qəbul
etdirmək də ilahi bir fənd idi və bunların kəlam
möcüzəsi kimi təqdimatına tarixi bir ehtiyac var idi.
Bu möcüzə qarşısında caşbaş qalan
bütpərəstlər məcburdular ayələrə
şeir desinlər. Yəni, bunlar şairliyə
başlamış Məhəmmədin guya öz
yaradıcılıq məhsulu imiş. Yə-sin surəsində
Rəbbimizin onlara cavabı var, oxuyuruq: “Ona şer öyrətməmişik,
bu ona gərək deyil. Onun söylədikləri yalnızca
bir öyüd də açıq-aydın bir Oxu” (36, 69). Həqiqətən
də müqəddəs Oxu ərəb orijinalında heç
bir məlum bədii janr qəlibinə sığacaq deyil. Bu,
imana dəvət üçün öncəki təktanrılıq
elçilərinin Tanrı yardımıyla göstərmiş
olduqları möcüzələrdən fərqli bir
möcüzədir. Yeri gəlmişkən, Oxu hikmətlərinin
eniş zamanı tələblərinə yalnız uyğun
bir hissəsi Məhəmməd Seçilmişə bəlli
idi. Sonrakı zamanlara aid hikmətlərin elmli adamların
dililə bəyanı və acıqlanması isə yenə də
Tanrının Öz öhdəsindədir. Necə ki, Rəbbimiz
buyurur: “Hec şübhəsiz, Bizim üstümüzdədir
bunu cəm eləmək, bunu oxumaq. Biz bunu oxuyanda izlə
oxunuşunu. Sonra bunun açımı Bizim öhdəmizdədir”
(75, 17-19).
Toxunduğumuz
ilahi siyasətin başqa bir incəliyi də ondan ibarətdir
ki, Rəbbimiz göndərdiyi ayələr gərəyincə
hərəkət edən elçisinin simasında bizi passiv əxlaq
dəyərlərinin fəal ictimai müstəviyə gətirilməsinin
gözəl bir örnəyilə tanış edir. Gözlərimiz
önündə ayələrlə qolboyun peyğəmbərin
ilahi dəyərlər uğrunda verdiyi mücadilənin mənzərəsi
canlanır. Bu dəyərləri toplumda hakim mövqelərə
gətirmiş peyğəmbərimizin gözəl dövlət
başçısı, islahatçı lider, ağıllı
sərkərdə, böyük demokrat kimi şəxsiyyəti
də olduqca ibrətamizdir. Bu barədə çox
deyilmişdir. Və aydındır ki, onun bir şəxsiyyət
kimi püxtələşməsi aldığı vəhylərin
təsiri altında, başqa sözlə, Rəbbimizlə təmasda
gerçəkləşə bilmişdir.
Şura surəsində
iman gətirənlərin belə bir xüsusiyyəti
vurğulanır ki, onlar bütün işlərini “şura”
ilə, yəni məşvərətlə, cağdaş
yozumla, demokratik üsullarla yoluna qoyurlar. Bu “şura” prinsipi
peyğəmbərimizin idarəçilik və təşkilatcılıq
işlərində əsas yönləndirici bir amil olmuşdur.
Onun ardıcılları olan soydaşları hər hansı
bir məsələnin həllindən ötrü öncə
bunun vəhylərlə əlaqəsi barədə peyğəmbərdən
soruşarmışlar. Vəhylərə aidiyyatı olmurdusa,
onun iştirakı ilə açıq müzakirələr
aparırlarmış. Və peyğəmbər də son qərarı
çoxluq tərəfindən qəbul edilən fikirlərin əsasında
qəbul edərmiş.
Tarixə “Uhud
savaşı” adıyla düşmüş döyüşdən
öncə belə bir olay baş verir. Peyğəmbər
müzakirə açır ki, Mədinəyə gözlənilən
hücumu şəhərin içindəmi, kənarındamı
qarşılasınlar. Özü düşmənlə şəhər
içində savaşa girmək tərəfdarı imiş.
Bir gün öncə gördüyü yuxusunun yozumu da, itki
sayının xeyli ola biləcəyi əndişəsi də
onu bu rəyə gəlməyə sövq edibmiş. Ancaq bu rəyin
vəhylə bağlılığı da yox idi. Və
peyğəmbər borclu idi ki, qərar verərkən
silahdaşlarının fikrini nəzərə alsın. Hərbi
taktika tələblərini düşünmədən müsəlman
çoxluğu məsələni emosionallıqla belə qoyur
ki, düşməni açıq ərazidə
qarşılamaq başucalığı gətirəcək
bir hərəkətdir, belə daha yaxşıdır.
Peyğəmbər müzakirəni çoxluğun rəyinə
uyğun yekunlaşdırır. Camaatla namazı
qıldıqdan sonra evinə çəkilib döyüş
paltarını geyir, qılıncını bağlayır.
Bayırda bir neçə silahdaşı söhbət
salır ki, bəs peyğəmbərimiz istəyirdi Mədinə
içində qalıb döyüşək, biz də öz
dediyimizdə israr edib durduq, halbuki ona əmr göylərdən
gələr, yaxşı olarda bunu buraxaq onun öz istəyinə.
Camaat mütəəssir olur, rəyi nəzərə
alınan çoxluğun əhvalında bir
peşmançılıq duyğusu da baş qaldırır.
Peyğəmbər evdən çıxdığında ona
bildirirlər ki, Mədinədə qalıb döyüşmək
istəyirsə, qoy elə də olsun və hec də istəməzlər
peyğəmbərin iradəsinə qarşı
çıxalar. Peyğəmbərimizsə cavabında: “Bir
peyğəmbərə yaraşan deyil ki, döyüş
paltarını geyə, sonra isə düşmənlə
savaşmadan və Allah onunla düşmən arasında
Öz hökmünü vermədən bu paltarı əynindən
çıxara” deyir.
Bəli,
Tanrı elçisi öz iradəsi əleyhinə də olsa,
çoxluğun rəyilə qəbul etdiyi qərarın dəyişməzliyini
beləcə car cəkir. Demokratiyaya bu cür sədaqət
örnəyi əslində Rəbbimizin Məhəmməd
Seçilmişə Özünün öyrətdiyidir: “Məsləhətləş
onlarla. Gəldinmi bir qərara güvən Tanrıya” (3, 159).
Axır zaman
peyğəmbərinin adı Məhəmmədlə
bağlı hikmət də maraqlıdır. Bu adın ərəbcəsi
– “Muhamməd”. Qrammatik tələbə uyğun tərcüməsi
– “öyülmüş”, “öyülən”. Görəsən,
“həmd”, “tərif, öyüm” təkcə Tanrı
haqqıdırsa, bəs peyğəmbərin həmd edilməyini
necə anlamalıyıq? Bu, müqəddəs Oxunun məntiqinə
zidd olardı axı. Fatihə surəsində “əl-hamdu
li-llah” ifadəsi “həmd olsun Tanrıya” ilə yanaşı
həm də “tərif, öyüm yalnızca Tanrıya aiddir”
mənasını verir. Ən yaxşı halda belə izah
edirlər ki, Tanrı özünə aid bəzi isim və sifətləri
Ona ən yaxın olan peyğəmbərə vermişdir. Elə
bilirəm peyğəmbərin adındakı məna
çoxlarının qəbul etdiyi kimi “öyülən”
deyil, sadəcə kecmiş zaman içində
“öyülmüş” olaraq qavranılmalıdır. Və
peyğəmbərin öyümünü də Tanrı onu
Özünə elçi seçməklə Özü təmin
etmiş, bunu insanların öhdəsinə
buraxmamışdır. Yəni Tanrı bu işi Özü
artıq bitirmişdir. Törədə və Müjdədə
Tanrı tərəfindən öyülmüş, təriflə
möhürlənmiş bir peyğəmbərin, yəni Məhəmmədin
gəlişi barəsindəki öncədən verilmiş
ilahi xəbərlər də həmin məntiqi təsdiqləyir.
Bəli, burası var ki, Tanrının xeyli öncədən
nəzərdə tutmuş olduğu seçimini, hələ
göndərilməmiş elçisini insanlar həmdlə,
öyümlə, təriflə anmaq imkanına malik deyildilər.
Bu imkan ümumən insanlar üçün Oxu məntiqilə
tanınmır. Tanrının peyğəmbər seçimilə
Məhəmmədin “öyülməsi” artıq möhürlənib
bitmiş bir olaydır. Və ucalıq zirvəsində bərqərar
olan peyğəmbərin insanlar tərəfindən
öyümünə zatən ehtiyac da qalmamışdır.
Məsələnin
ənənəvi şərhi isə bütpərəstliyə
təkan verə biləcək bir mahiyyətdədir. Və yəqin
bundan dolayıdır ki, Yaradana sevgi zaman-zaman peyğəmbərə
sevgilə əvəzlənmiş, Tanrı elçisi
haqqında gercək təsəvvürlər xurafatlara, əsatirlərə
bürünərək müsəlman şüurunda peyğəmbər
nəslindən olanlara, imamlara, övliyalara, onların
ruhlarına və daş məzarlarına tapınmaq kimi
bütpərəstliyə xas bir tələbat
yaratmışdır. Şəxsiyyətə səcdə, əyilmə,
pərəstiş siyasətlərinin müsəlman Şərqində
zəif müqavimətlə qarşılanmasının bir səbəbi
də, şübhəsiz, aşınmalara uğramış
din dəyərlərinin təsirilə gəlişən təfəkkür
və davranış tərzilə bağlıdır.
Məhəmməd
Seçilmişin şəxsində onu da görürük
ki, İlahiyə iman gətirmək məsələsində
duyğu ilə zəka amilinin üzvi vəhdəti, müqəddəs
Oxu məntiqilə vacib bilinən tarazlığı necə də
gözəl baş tutur. Ağıla, təfəkkürə,
elmə, bəsirətə peyğəmbər
çağırışları və təşviqləri əslində
Rəbbimizin “oxu!” buyruğundan güc alır.
Məhəmməd
Seçilmişin elm və alimlər haqqında məşhur
kəlamları var: “Beşikdən qəbrədək elm
öyrənin”, “Elmin fəziləti ibadətin fəzilətindən
üstündür”, “İnsanlar elə bir sədəqə verə
bilməzlər ki, öyrənilən yayılan elmdən
üstün ola”, “Elm hər bir müsəlmana, istər
kişi olsun, istər qadın – vacibdir”, “Alimlərə
hörmət qoyun, onlar peyğəmbərlərin varisləridir.
Onlara hörmət Allaha, elçisinə hörmət deməkdir”
və s. və i. Bu kəlamlar da Oxu ayələrində
olduğu sayaq müsəlman təfəkkürünü bəsit-sadəlövh
inanışlar sistemindən iman kamilliyinə ucaltmaq
impulsları ilə yüklüdür.
Peyğəmbərimizi
tərif edən o qədər gözəl sözlər
yazılmış, deyilmişdir ki... Yenə də istərdim
diqqəti Qorqud sözünə qaytarım: “Adı
görklü Məhəmməd Mustafa”. Adı görklü, yəni
adı gözəl. “Məhəmməd” sözünün mənası
ilə bağlıdır. Rəbbimiz tərəfindən
“öyülmüş”, “təriflənmiş” anlamında “Məhəmməd”
sözünün. Bu ad gözəlliyi öz yerində. Bunun Məhəmməd
Seçilmiş şəxsiyyətində ifadə olunan
gözəlliyi və özəlliyi məndən ötrü
bir də ondan ibarətdir ki, ən yüksək məqama və
şöhrətə layiq görüldüyünə,
“öyülmüş” və “seçilmiş”liyinə
baxmayaraq peyğəmbərimizi həm də özünün
başqaları tərəfindən ilahiləşdirilməsilə
bağlı sapqınlığa arxa çevirən bir
İnsan kimi tanıyırıq. Sevinən və kədərlənən,
gülən və ağlayan, sevən və nifrət edən
adi bir bəşər övladı kimi. Və hərdən
xırda səhvlərə də yol verən birisi olaraq. Bu
qeydin müəyyən mübahisə doğura biləcəyəni
nəzərə alaraq oxucu diqqətini “Tökdü
qaş-qabağını” surəsinə yönəltmək
istərdim. Peyğəmbərimiz din mövzusunda ona sorğu
ilə müraciət etmiş bir kor kişiyə
sayğısızlıq göstərdiyinə görə surədə
Rəbbimizin qınağına tuş gəlir. Məhəmməd
Seçilmişə aid bu ilahi qınaq onun öz
sağlığında haqq elçisinin
davranışlarını tənzimləmək məqsədi
güdürdüsə, indi bu faktın başqa bir təyinatı
da var – peyğəmbər şəxsiyyətini
mövhumatcılıq tərzilə ilahiləşdirməyə
imkan verməmək. Və beləliklə, sevgili peyğəmbərimizin
baş qarışıqlığı anlarında
buraxdığı adicə bir davranış xətası da
bizim, insanlığın, ilahi məntiqin xidmətindədir.
Rəbbimizin bizə bir lütfü olaraq anlamaq gərəkdir
ki, onu mələklərin sırasından deyil də
insanların öz içindən seçməklə
insanlardan da ayırmamışdır.
Və Rəbbimizin
başqa bir lütfü də Məhəmməd
Seçilmişi bizə Özünün sonuncu peyğəmbəri
kimi təqdim etməsidir: “Sizlərdən bir kəsin atası
deyil Məhəmməd. O, Tanrının elçisidir,
peyğəmbərlərin sonuncusudur. Tanrı hər şeyi
biləyən” (33, 40). Bəşəriyyətin tərəqqisi,
yüksəlişi, Tanrıya doğru yoluna daha hansısa
ayrıca bir şəxsiyyət bələdçilik etməyəcək.
Tanrının “oxu!” təşviqilə hər çağda
yeni-yeni qatları acılan ilahi hikmətlər həyata kecirəcək
o uca vəzifəni, zamanlara sahibliyi.
Müqəddəs
Oxuda adı keçən və keçməyən, sayı
bilinməyən peyğəmbərlər olmuşdur ki,
bunların qövmlərinə, toplumlarına təsiri məhdud
səciyyə daşımışdır. İlahi ilə təmas
tarixən istər həmin o peyğəmbərlərə gələn
və yazıya alınmayan vəhylər, istər də
Tanrıya bağlılıqdan alınan və zəka sahiblərinin
konkret işlərində əksini tapan yaradıcı ilham
impulsları vasitəsilə
sürdürülmüşdür. Və bütpərəstliyin
hakim kəsildiyi uzun bir zaman icində təktanrılıq
dininin təsir sferası beləcə elitar zümrələrdən
kənara cıxa bilməmişdir. Sonralar göndərilməyə
başlamış müqəddəs Yazılarsa yaradıcı
mahiyyətə malik uca mənəvi-əxlaqi dəyərlərə
sahibliyi bu zümrələrin inhisarından almaq amacında
olmuşdur. Beləliklə, səmavi Yazılardakı yönəldici
və təşviqləndirici ilahi məlumatlar təkcə məhdud
qrup insanlara deyil də kütləvi şüura
ünvanlanmaqla bəşəriyyətin mənəvi yüksəlişini
sürətləndirmək qayğısında bulunmuşdur.
Şübhəsiz
ki, təktanrılıq dininin kütləviləşməsində
Təslimolmanın (İslamın) rolu ayrıca qeyd
olunmalıdır. Bu dinə son möhürünü vuran Təslimolma
bütün zamanlarla ayaqlaşa bilən özəlliklərə
malikdir ki, bunlar da onun ana mənbəyində – yönəldici
impulsları hec vaxt kəsilməyəcək Müqəddəs
Oxuda yer alır. Uca mənəvi-əxlaqi dəyərlərin
kütləviləşməsini amaclayan Oxu ayələri
bunları birər-birər incələyir. Və ilahi məntiq
işığında ən adi yaxşılıqlar, ən adi
xoş davranışlardan (kiminsə könlünü almaq,
kiməsə əl tutmaq, zəhmətə qatlaşmaq,
qurub-yaratmaq və s.) tutmuş ən mürəkkəb
psixoloji fədakarlıq nümunələrinədək
(azadlıq uğrunda mücadilə, zülmə-zalıma-zülmətə
müqavimət və s.) hər bir hərəkət
Tanrıya ibadət məzmunu qazanır.
Bütün mənəvi-əxlaqi
özəlliklərə tam halında sahib cıxma xoşbəxtliyi
sevgili peyğəmbərimiz Məhəmməd
Seçilmişə qismət olmuşdur. Bu ilahi qismətin
öz hikməti var. Peyğəmbərin kimliyindən bəllidir
ki, o, elçilik missiyasını daşımazdan öncə
adidən adi, sadədən sadə və yaxşıdan
yaxşı bir insan imiş. Heyrət ediləcək elə
bir keyfiyyəti də, təhsili-savadı da, geniş
dünyagörüşü də yox imiş. Ancaq ən adi
davranışlarında nümunəvericidir. Peyğəmbərliyə
qədərki ömür yolu bununla səciyyələnir.
Tanrı onu peyğəmbər seçərək ali pillələrə
ucaltmaqla bəşəriyyətə şəxsiyyətin
kamilləşməsi yollarını sərgiləmiş olur.
Peyğəmbərlik
ağır bir yükdür. Yuxarıda
yazdığımız kimi, Məhəmmədə ilk vəhy
gələndə o bundan hec də sevincək düşməyibmiş.
Hətta öz içində bu yükə tablamayacağından
əndişə də keciribmiş, “Oxu Yaradan Rəbbinin
adıyla” buyruğuna “mən oxuyan deyiləm” cavabıyla ilk
öncə zəif bir müqavimətdə bulunubmuş. Fəqət
Tanrı yardımına bel bağladığına görə
dəhşətli məsuliyyət hissindən yaranan psixoloji
baryeri aşmış, peyğəmbərlik yükünü
üzərinə götürərək şərəflə
daşımışdır. Bunun
qarşılığında və eləcə də
insanları iman sınağına cəkməkdən
ötrü Tanrı peyğəmbərə yer səthindənmi,
yoxsa dünya həyatındanmı deyək, qısa müddətliyə
aralanaraq bəşər övladına hələlik nəsib
olmayan ucalıqları da görməyi təmin etmişdir.
Dini ədəbiyyatda buna peyğəmbərin meracı deyilir.
“Merac” hərfən
pillələrlə ucalma anlamında. Müqəddəs Oxuda
həmin sözün cəmini ifadə edən “Məaric” (“Ali
pillələr”) ünvanlı surə var. Burada Tanrıya nisbət
olaraq meracların, yəni ali pillələrin yiyəsi tərifi
də yer tutur: “Əlli min il sürən bir gündə
Tanrıya doğru yüksələr o pillələrlə mələklər
və ruh” (70, 4). Təfsirlərdə “ruh” kəlməsilə
vəhy gətirən mələk Cəbrayılın nəzərdə
tutulduğu yazılır. Hər halda bu yozumu şübhə
altına almağa əsas var. Oxuyuruq: “Səndən ruh barədə
soruşarlar. De ki, “Rəbbimin işindəndir ruh. Sizə elm
adlı şeydən çox az bilgi verilmiş” (17, 85). Yəni
ruh – bu ilahi material ətrafında gercəkləri öyrənmək
istəyinin hər hansı ölcüdə dərhal
cavablandırılması məsləhət bilinmir.
Maraqlıdır ki, məsələ bununla qapanıb
qalmır. Məsələni açıq saxlayan hikmət ruh
haqqında bilgi almaq kimi təbii əqli ehtiyacı
vurğulamaqdır. İnsan zəkasının cari məqamda
məhdud imkanları bu ehtiyacı qarşılaya bilmir. Ancaq əqli
imkanların elmi tərəqqi, yüksəliş hesabına
genişləndirilməsi perspektivdə ruh haqqında təsəvvür
və biliklərin gercəyə yaxınlaşmasını
mümkün edir. Beləliklə, peyğəmbərin verməli
olduğu cavab insanların öz öhdəsinə
buraxılır. Və elmə-biliyə-savada təşviq hikməti
çox incə bir tərzdə qulaqlara oxunur, gözlərə
sərgilənir, könüllərə hopdurulur.
Peyğəmbərin
meracı da bu qəbildən olan hikmətlər
sırasında. Mələklərin və ruhun qalxa biləcəyi
ucalıqlara peyğəmbər necə qalxmış?
İsra surəsində
oxuyuruq: “Ucalardan ucadır O Varlıq ki, aparmış Öz bəndəsini
bir gecə o hörmətli səcdə yeri, səcdə
anından ətrafını bərəkətli
qıldığımız o uzaq səcdə yeri, səcdə
anına. Ki, göstərək ayələrimizdən ona. Odur,
şəksiz, eşidəyən, görəyən” (17, 1).
“Hörmətli səcdə yeri, səcdə anı” və
“uzaq səcdə yeri, səcdə anı” kimi hərfən tərcümə
etdiyim ifadələr uyğun olaraq “Məscid-i Haram” (Məkkədə
Kəbənin yerləşdiyi məscid) və “Əl-məscidu-l-Aksa”
(fələstin ərazisindəki Aksa camesi) anlamlarını
bildirir. Ayənin keçdiyi surənin başlığı olan
“İsra” sözü isə “gecə ikən aparılma,
yürüdülmə” deməkdir.
Quranda göstərilən
bu olay peyğəmbərin Mədinəyə
köçündən əvvəlki dövrə təsadüf
etmişdir. Məhəmməd Seçilmişin
sıxıntılara, təqiblərə, təhqirlərə,
qınanmışlığa ən çox məruz
qaldığı dövrdür. Peyğəmbərlik
missiyasının ən ağır günləri imis. Və
Tanrı Öz seçdiyini qısa zaman icində kosmik-ilahi
bir səfərə çıxarır. Səfərin
marşrutu Kəbə ətrafı məsciddən Qüdsdəki
Aksa məscidinə və buradan da Məkkəyə
dönüşdən ibarətdir. Olayın məzmunu ilə əlaqədar
çeşidli fərziyyələr və ziddiyyətli
görüşlər irəli sürülmüşdür.
Daha
yayğın olan rəvayətdə əhvalat belə nəql
olunur. Peyğəmbər Məkkədə məsciddə ikən
vəhy gətirən mələk Cəbrayıl bəzi mələklərlə
gələrək onun sinəsini açmış, içini
zəmzəmlə yuyaraq hikmət və iman nuru ilə
doldurmuş, sonra da peyğəmbəri Buraqa
(görünüşcə ata bənzər və şimşək
nurlu bir nəsnəyə) mindirib Qüdsdə Aksa camesinə
gətirmişdir. Və buradan da bərabər göylərə
çıxmışlar. Hər bir göy qatında son təktanrılıq
elçisi ayrı-ayrı peyğəmbərlərlə
görüşür və nəhayətdə Tanrıyla
üz-üzə durur. Ondan öz ümmətinə gündə
əlli dəfə namaz qıldırılması buyruğunu
alır. Qayıdır göyün altıncı
qatındakı Musa peyğəmbərin yanına, Allahdan
aldığı tapşırığı peyğəmbər
qardaşına acıqlayır. Bu isə öz növbəsində
məsləhət görür ki, bir də dönsün
Allahın yanına və namazların sayını
azaltmağı Ondan rica etsin, çünki ümməti əlli
dəfə namaza tablamayacaq. Məhəmməd Musanın
dediyilə hərəkət edir. Namazların sayı
düşür qırx beşə. Musayla təkrar
görüşəndə bunu da ona çatdırır. Musa
deyir ki, get bir də Allahdan xahiş elə həmin sayı bir
də azaltsın. Bu dəfə də namazların sayı
qırx olur. Say beşə enincəyədək peyğəmbərimiz
Musayla Allah arasında get-gəldə olur. Və s. və i.
Yayılan rəvayətlərin
heç biri Oxu süzgəcindən keçmir. Ənənəvi
müsəlman zehniyyətinin Oxu məntiqinə açıq
olmaması səbəblərinin bir çoxunu həmin rəvayətlərdə
də tapırıq. Yuxarıda toxunduğumuz əhvalatdan
görünür ki, ali Yaradan maddiləşdirilərək
statik büt timsallı bir varlıq qiyafəsində bəşər
övladı peyğəmbərlə üzbəüz
dayanır, onunla birbaşa danışır. Və Öz
elçisilə hər görüşdə verdiyi
buyruqlarına düzəlişlər edir və s.
Bəs nədir
meracın mahiyyəti, mahiyyətində yatan hikmət? Bu
olayın baş vermə cizgiləri çağdaş
düşüncə qəliblərinə necə
sığır?
Əvvəla onu
deyək ki, dəvə karvanlarının iki aya gedib gəldiyi
məsafəni peyğəmbərin gecənin qısa bir
payında qət etməsi məsələsi bir iman
mövzusudur. Quranın İsra surəsində bu
yazılıbsa, deməli, şəkk gətirməyin bir əsası
yox. Şəkkakın ümumən diqqətə çəkdiyi
nəsnə bunun zaman baxımından mümkünsüzlüyüdür.
Yuxarıda “Ali pillələr” surəsindən gətirdiyimiz
ayə bəsirətlilər üçün zaman məsələsinə
də aydınlıq gətirir. Burada insan təfəkküründə
yer alan riyazi və astroloji zaman anlayışı Tanrı
zamanı ilə qarşılaşdırılır. Və “əlli
min il”in Tanrı qatında “bir gün”ə bərabər
olduğu vurğulanır. Bu “bir gün” sözünün
özü də adi və ilahi zaman məfhumları
arasındakı fərqi maddi anlamda catdırmaq məqsədi
güdür. Ona görə maddi anlamda ki, insan zəkası
belə qavrayışlara daha açıqdır. Yəni “bir
gün” bir an da, bir anın icində sonsuzluğadək
xırdalanan zaman vahidləri də ola bilər. Başqa
sözlə, əslində Tanrı zamanın içində
deyil, dışındadır.
Fakt
faktlığında qalır ki, peyğəmbər Məkkədən
Qüdsə aparılmış da ona Tanrı
varlığını, qüdrətini nişan verən ayələr
– dəlillər göstərilmişdir. Məhəmməd
Seçilmiş bu qısamüddətli kosmik-ilahi səfərdə
cismiləmi, ruhuylamı olmuş, bu barədə də fikir
ayrılıqları mövcuddur. Məkkə-Qüds arası
səfərin və sonra uyğun ayələrin göndərilməsilə
bağlı meracın ruhən baş verdiyi qənaətini
bölüşənlər azdır. Peyğəmbərin
zövcəsi Aişə bu azlığın içindədir.
“Rəsuli-Əkrəmin cismi yerindən qalxmadı, ancaq ruhuyla
səmaya, yüksəkliklərə çıxdı” –
söyləmiş Aişə.
Bəllidir ki,
peyğəmbərin özü gecə ikən aparılma
olayı haqqında ayrıntılı acıqlamalar verməmişdir.
Olayın o zamankı şüur ölçülərinə
xeyli dar gələcək əsrarəngizliyi bu məsələdə
peyğəmbəri, görünür, geniş şərhlərdən
çəkindirmişdir. Hər halda məlumat yayılan kimi
bütpərəstlər tərəfindən inkar
edilibmiş, iman gətirənlərin bəzisi xəbərin
doğruluğuna dair şübhələrə
varıbmışlar. Təkcə Əbu Bəkr bildiribmiş
ki, məlumat peyğəmbərin özü tərəfindən
söylənilmişsə inanmaq lazımdır. Bu hərəkətinə
görə Əbu Bəkr İslam tarixinə “Əbu Bəkr
Siddiq” (Təsdiqləyən) ləqəbilə daxil
olmuşdur.
Peyğəmbər
arxadaşının uğurla keçdiyi bu iman
sınağının hamıya aidiyyatı var: “Sənə
göstərdiyimiz görümdən bir sınaq qurmuşuq
sadəcə insanlar üçün...” (17, 60). Təbii ki, bu
sınaq inananların şüurunda zaman-zaman müəyyən
izlər buraxmışdır. Və şübhə etmirəm
ki, mənəviyyatla elmi biliklərin bir-birini tamamlayan yüksəlişi
dövründə həmin olaya daha açıq təfəkkürlə
maraqlı münasibətlər bildiriləcək.
Gecə ikən
aparılma olayından sonra baş vermiş meracdakı ayələrin
açıqlamasına cəhd edərkən bəzi
ilahiyyatçılar hadisələrdən, rəvayətlərdən
savayı Müqəddəs Oxudan da dəstək almaq
ümidindədirlər. Bu zaman başlıca olaraq “Nəcm”
(“Ulduz”) surəsinə müraciət edilir: “And olsun batmaqda
olan ulduza, yoldaşınız doğru yoldan sapmamış,
azğınlaşmamış. Dediyini özündən demir.
Bu da vəhydən başqa bir şey deyil. Öyrətmiş ona dediklərini
çox güclü olan, qüdrət yiyəsi. Bərqərar
olmuşdu ən ali üfüqdə. Sonra
yaxınlaşmış ona, bir az da yaxın gəlmiş.
İki qövs arası qədərincə, yaxud daha yaxın
olmuş araları. Nələr vəhy eləmiş bəndəsinə,
nələr. Gözünün gördüyünü
könlü danmadı. Gördüyünün
haqqındamı siz onunla mübahisə eləyirsiz. Bir yol da
görmüşdü onu uzaq sonluqda, sidr ağacı
yanında. Cənnət yurdu var orada. O sidr ağacını nə
örtürdüsə örtürdü. Göz hec nəyi
ötürmürdü, sağa-sola döyükmürdü. Rəbbinin
ən böyük ayələrini görmüş o” (53,
1-18).
Bu ayələrdə
gedən təsvirlər, əksər
ilahiyyatçıların da fikrinə görə, peyğəmbərin
vəhy gətirən mələk Cəbrayılı görməsini,
uca ilahi məqamları seyr etməsini sərgiləyir. Burada
Allahın ayə-dəlillərinin məhz könül
gözüylə, bəsirətlə görülməsi
acıqca ifadə olunur. Başqa sözlə, peyğəmbərin
bu meracı ruhani bir olaydır, maddi sistem içində səmaya
yüksəlməsi deyil.
Ancaq “Ulduz” surəsindəki
təsvirlərin “Gecə ikən aparılma” ilə əlaqəsi
ola bilməz. Sadə bir səbəbə görə ki, həmin
bu sonuncudan xeyli öncə nazil olmuşdur. Bunu nəzərə
almayanlar ciddi xətaya yol verirlər.
İstər
ilahiyyat elminə aid ədəbiyyatda, istər də dini rəvayətlərdə
isra və merac bir kosmik-ilahi səfərin ayrı-ayrı
halqaları olaraq qeyd edilir. Belə yazırlar və deyirlər
ki, öncə isra baş vermiş, yəni peyğəmbər
Qüdsdən Aksa camesinə aparılmış, sonra oradan da
peyğəmbərin meracı, ucalıqlara yüksəlişi
təmin edilmişdir. Və “Gecə
ikən aparılma” surəsinin 1-ci ayəsində bəhs
olunan ayələr – dəlillər ona bu sonuncu mərhələdə
göstərilmişdir. İslam aləmində belə bir
fikir ümumiliyi daha çox dini rəvayətlərin təsirilə
gəlişmişdir. Həmin ayələrin – dəlillərin
məzmunu Müqəddəs Oxuda acıqlanmır ki, bu da
meracın məhz Qüdsdən başlanmasını
şübhə altına almaq üçün müəyyən
əsas vermiş olur. Və düşünürəm ki, peyğəmbərin
isrası elə onun meracıdır.
Yer səthindən
ruhənmi, yaxud cismənmi aralanma faktının özündə
bizə hələlik məchul qalan ayrıntılar niyə də
Tanrı elçisinə məhz isra zamanında göstərmək
istədiyi bəzi ayələrdən sayılmasın?
Yuxarıda qeyd
etmişdik ki, Tanrı elçisinin isra-meracda cismilə
iştirak etdiyi fikri daha yayğındır. Və bu fikrin
daşıyıcıları əsasən ənənəvi
islami təfəkkür sahibləridir. Belələrinin zehnində
dinlə elm ayrı-ayrı nəsnələrdir. Uydurma dini rəvayətlərdəki
fantastik epizodlara şəkk gətirəndə deyirlər
Allah hər şeyə qadirdir, Allahın iradəsilə hər
şey mümkündür və s. Şübhəsiz ki, belədir.
Ancaq bir məsələ də var ki, Uca Tanrının kainat
yaradıcılığı və idarəçiliyində
dövriyyəyə buraxdığı qanunlar elmilikdən də
hec cür kənar deyil. Bəşər zəkası bu
qanunları dünyəvi elmlər
adlandırdığımız (bunlar əslində Tanrı
elminin ayrı-ayrı hissələridir!) sahələrdə
öyrəndikcə Tanrıya yaxınlaşmağına davam
edir. O Ali Zəka özünü yer üzündə primitiv
üsullarla təsdiq etmək niyyətindən
çox-çox ucadadır. Tanrı bizə yox, biz ona
möhtacıq. Mövhumatcı şüur ilahi qanunları
öyrənməyə meylli olmadığından Tanrıya
aparan yolları da qapamağa cəhd göstərir.
Tanrıdan, Onun Kitabından, Elmindən aralanmaq isə
Tanrı yardımından məhrum olmaq deməkdir.
Elmlər
inkişaf etdikcə elmi təxəyyülün sərhədləri
də genişlənir. Bəzən bu gün qeyri-adi
görünən fərziyyələr sabah təcrübədən
kecmiş nəticələrdə təsdiqlənə bilir.
Xurafatçılıqdan fərqli olaraq zamanı önləyən
elmi təxəyyül gercəyə dönə biləcək
nəticələrin, demək olar ki, bir növ mənəvi-psixoloji
əsaslarını hazırlayır. Bəzi hallardasa Tanrı
Kitabından da dəstək qazanır. Quran açıb ayələrə
əyilək: “And olsun alatoranlığa, and olsun gecəyə,
gecənin öz başına yığdıqlarına, and
olsun bədirlənmiş aya, qatdan qata, nimcədən-nimcəyə
mütləq minəcəksiniz” (84, 16-19).
Ənənəvi
təfsirlərə və təəssüf edirəm ki,
sonuncu ifadə mənim də vaxtilə dərc etdirdiyim tərcümədə
ölmək-dirilmək mənasında “haldan-hala düşəcəksiniz”
kimi gedir. İfadənin hərfən tərcüməsi
“qatdan qata, nimcədən-nimcəyə mütləq minəcəksiniz”dir.
Söhbət “uçan boşqablar”dan, planetimizin
ayrı-ayrı bölgələrində müxtəlif
zamanlarda yer səthinə yaxınlaşmış naməlum
ucan obyektlərdən gedə bilər. Hərfən tərcümə
əsas götürüləcək təqdirdə təfsirlərdəki
bəlli ifadənin də öz hikməti ola bilər. O baxımdan
ki, hansısa fantastik, bəlkə də işıq sürətinə
yaxın bir sürətlə hərəkət edən obyektlə
kiminsə yoldaşlığı zamanı cismin-bədənin
haldan-hala düşəcəyi mümkün məsələdir.
Bu deyilənlərin
işığında sual oluna bilər, peyğəmbər
niyə də belə uçan boşqaba mindirilməsin? Bəşəriyyətə
öz ayələrini göstərməkdən ötrü
onun gələcək elmi tərəqqisini endirdiyi
Yazısında müjdələyən Tanrı niyə də
Öz elçisinə bunu hədiyyə etməsin?
Xanım Aişənin
isra-meracın ruhən baş verdiyilə bağlı fikrilə
razılaşmıram. Bunun ruhani deyil, cismani bir olay olduğu qənaətindəyəm.
Təəssüf ki, əksəriyyətin dinimizə aid
bildiyi hədis qaynaqları bu fikri xurafata söykənərəkdən
irəli sürür və Allahı maddiləşdirməyədək
uzanan süjetlər uyduraraq isranın cismən həyata
kecirildiyinə şübhəli və istehzalı münasibət
aşılayır, nəhayətdə isə uca dinimizin
yayılma perspektivini məhdudlaşdırır.
“Ulduz” surəsində
getmiş ayələrlə əlaqədar yuxarıda
toxunduğum birinci meracın ruhani, bu ikincininsə cismani
olmasının, zənnmicə, başqa bir hikmətini də
istisna etmək mümkün deyil. Söhbət ruhla cismin
tarazlaşdırılmasında Quran prinsipindən gedir. Uca
Tanrının kainat yaradıcılığı və idarəçiliyində
apardığı tarazlıq siyasətinin saysız predmetlərindən
biri də ruh-bədən, duyğu-zəka əlaqələridir
ki, bunlarda da ümumən tarazlığın göstərilməsi
Müqəddəs Oxu məntiqinin tövsiyəsidir. Gercək
mənada təfəkkür açan Oxu ayələrində
meracın həm ruhani, həm də cismani səpkidə təqdimatı
bu ilahi tövsiyənin bir ifadəsi olaraq da qəbul edilməlidir.
Digər yandan, mühüm bir nəticə ondan ibarətdir
ki, insanın bu maddi həyatda bütün yüksəliş
yolları ilk növbədə ruhunun təmizlənməsindən,
mənəvi-əxlaqi dəyərlərə riayətindən
başlayır. Yalnız güclü mənəviyyat
başlanğıcından təkan almaqla ucalıqlara nail
olmaq və sonucda elə səmalara da yüksəlmək mümkün
məsələdir.
Nəriman
QASIMOĞLU
525-ci qəzet.-
2012.- 4 fevral.- S.28.