Məhəmməd Əmin Rəsulzadə
Nəşrin redaktorları: prof.
Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir.
Əsərləri
Üçüncü cild (1915-1916)
Ön söz
Azərbaycan milli qurtuluş hərəkatının
ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin
banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii
publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914)
2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə
dövri mətbuatda dərc olunmuş əsərlərinin III
cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız
hazırladığım bu əsər Azərbaycan tarixi və
bütövlükdə I dünya müharibəsi
dövrü tarixi ilə maraqlananlar üçün
faydalı olacaqdır.
(Əvvəli
ötən şənbə saylarımızda)
İcmali-əhval
Böyük
müharibə arayı o qədər qarışdırdı,
böyük Avropa dövlətlərinin müvazinələrini
o qədər alt-üst etdi ki, axırda Yunanıstan ilə
İran kibi kiçik dövlətlərin tutacağı xətti-hərəkətlər
belə dünya siyasətindən ötrü böyük bir əhəmiyyət
qazanmış oldu.
Almanlar bolqarlarla
birləşib də Serbiyayi sənələrdən bəri
kiçik qüvvətilə böyük qüvvətlərə
müqabil durmaq məcburiyyətində qalan zavallı Serbiyayi
İstanbul yolu üzərindən qaldırdıqdan və bu
surətlə Berlin ilə İstanbulu birləşdirdikdən
sonra düşmüş olduqları müharibədən bir
dərəcəyədək çıxmış olacaqlardı.
Almanların
İstanbula yol açmalarının məna və əhəmiyyətindən
çox danışılmışdır. Bu əhəmiyyətli
vəzifələrinin ifası üçün alman siyasiləri
əvvəlcə Yunanıstanı bitərəf qalmağa,
sonra da İranı öz siyasətlərinə tabe etməyə
diqqət vermişlərdi. Yunanıstan Serbiyaya kömək edərsə,
Balkandakı alman icraatını müşkülata
düşürəcəkdi. İran da Hindistan və Əfqanıstana
olacaq səfər yolunu açmaqla Almaniyanın Şərqdəki
intriqalarını asanlaşdıracaqdı.
Bolqariya və
Yunanıstanda ciddi qədəmlər və feli hərəkətlər
göstərməmiş olmaları ilə böyük xəsarətlərə
düçar olan etilaf dövlətləri İran həqqində
vəqti itirmədilər və az qala alman və Türkiyə
tərəfinə keçmiş olan İran hökumətini
nümayiş etdirdikləri qüvvət sayəsində
öz əllərinə aldılar. Son həftə içərisində
İrandan gələn xəbərlər iştə etilaf
dövlətlərinin bu xüsusda əldə etdikləri
müvəffəqiyyətlərini təyid edən bir
taqım xəbərlərin vürudu ilə
ayrılmış oldu. Bundan əvvəlki həftədə
İrandan həyəcanamiz xəbərlər gətirmiş
olduğu halda, keçən həftəki teleqraflar tamamilə
təskinavər xəbərlər verdilər. Fəqət bu
sükutun daimi olub da intizar olunmayan bəzi hadisələrin
çıxmayacağına bel bağlamaq olarmı?
Bu suala
qarşı əhvali-hazirədən son dərəcə məmnun
olan rəsmi məhfillər belə tamamilə xatircəm
degildirlər və buna görə də Kerçdə
dayanmış olan rus ordusuna geri çəkilmək əmri
verməkdə əcələ edilmiyor. Həm həqiqətən
də əhval tamamilə intizar dövründən
çıxmış degildir. Çünki məmləkətdə
iki müariz firqənin mövcud olub da birinin alman-türk, digərinin
rus – ingilis tərəfdarı olduğu aşkardır. Alman səfiri
İsfahana çəkilmiş, Osmanlı səfiri də hala
Qumda oturaraq İrandakı ümidlərindən tamamilə əl
üzməmişdir. Digər tərəfdən də cənubi
İranda İngilis konsulları rəsmi adamlarının həbsə
alındığına aid xəbərlər eşidilməkdədir.
İsfahanda adətən cəbbəxanə, topxanə, hətta
ayroplanlara malik olan almanlar heç bir ixtişaş
çıxarmadan qəzaya razı olacaq və bu qədər
məsarif və əməklə əldə etdikləri
şahi düşmənləri ilə müsafihədə
görürkən qısqanmıyacaqlarmı?...
Bu suallara nəzəriyyə
degil, həvadis və vaqiələrə dayanaraq cavab vermək
üçün keçən həftə öylə bir sərih
məlumat verməmişdir.
Etilaf dövlətləri
İranda ciddiyyətə təvəssül etdikləri kibi
son zamanlarda Yunanıstan üzərinə də icrai-təsir
etmək istədilər. Burada bir tərəfdən Fransa vəzirlərindən
Yunanıstan mühibbi olmağına məşhur “dəni
qoşun”un Yunanıstana gəlməsi, digər tərəfdən
də İngilis ricalından məşhur Lord Kiçnerin Səlanikə
vürudi və bunların vürudu ilə Yunanıstan
kralı ilə ricalı arasında vaqe olan müsahibələr
bütün dünyanın diqqəini cəlb etdi. Digər tərəfdən
də etilaf dövlətləri Yunanıstan sularında
nümayişi-bəhriyyə qərar verərək kəndisini
iqtisadən abluğə altına almaqla təhdid etdilər və
Maltada durmaqda olan İngilis-Fransa bəhriyyəsinə səfərə
amadə olmaq üçün əmrlər verildi. Etilaf
dövlətlərinin bu kərə Yunanıstandan istədikləri
cəbrən müharibəyə qoşulmasını tələb
üçün olmayıb, müharibə Yunanıstan
torpağına keçərsə, müttəfiq əskərlər
ilə Serbiya əskərlərinin təxliyəyi-silahlarını
istəməməsini təmin üçün idi.
Məlum
olduğu üzrə Serbiya əskəri özünə faiq olan
qüvvətli bir ordunun qabağında davam gətirməyib
çəkilə-çəkilə Yunanıstan hüduduna
sıkılıyor. Yunanıstan da serblər torpağına
girərlərsə, arxalarından Bolqarlar da girirlər-deyə
serbləri öz torpağında təxliyəyi-silaha məcbur
edəcəgini bildirmişdi. Bu bəyanı ilə bərabər
Vilhelmin yeznəsi 15 firqədən ibarət olan yunan ordusunu
müttəfiq əskərlərin keçirdikləri Səlanik
xətti ardına yığışdırmışdır.
Bu hal şübhəsiz ki, etilaf siyasilərini qorxuduyordu. Həm
həqiqətən də qorxmalıdır, çünki
günün müşkül bir dəqiqəsində alman
zabitləri tərəfindən idarə olunan Ələn
ordusu serblərlə qeyri Avropa səkərlərindən
ötrü olduqca mühüm bir təhlükə təşkil
edə bilərdi. İştə bu təhlükəni
heç olmasa rəf etmək üçün etilaf dövlətləri
bir yandan yumuşaqlıq və məhəbbət, digər tərəfdən
də cəbr və şiddət göstərərək
Yunanıstandan tələb ediyorlar ki, Səlanik xətti tərəfindən
əskərlərini oradan çəksin, dəmir yol ətrafındakı
yerləri etilaf ordularına vagüzar eləsin. Serbiya ordusunu
torpağına keçdigi təqdirdə təxliyəyi-silahə
məcbur etməyəcəgi həqqində söz versin.
Bütün bunlara müqabil isə etilaf dövlətləri
Yunanıstanın bu güzəştlərdən
dolayısı düçar olacağı xəsarətləri
təzmin ediyorlar.
Yunanıstan
hökuməti vaqe olan bu tələblərə razı
olacaqmı? Bu xüsusda varid olan xəbərlər daha
vüzuhdan məhrumdurlar. Hər halda yunan siyasətində
mühüm bir rol oynayan Kralın “dəni qoşun”la
müsahibə etdigi əsnada siyasətdən əsla söz
açmadığını xəbər verən qəzetəçilər
Kralın başqa bir fikirdə olduğunu iddia ediyorlar.
Hər halda
keçən həftə zərfində Yunanıstan olduqca
mühüm günlər keçirdi, baqalım bunun nəticəsi
nə olur?...
Müharibə
meydanlarında öylə şayani-etina bir təbəddül
vüqu bulamamış, daxili siyasət həvadisləri
arasında Tiflisdə şura etməkdə olan məkulat
şurasının iniqadı ilə dumanın
açılacağı xüsusunda başlanan tədarüklər
şayani-əhəmiyyətdir.
M.Ə.Rəsulzadə
“Açıq
söz”, 13 noyabr 1915, ¹34
Məhfil – məclis
Müariz – etiraz
edən, qarşı çıxan
Cəmiyyəti-xeyriyyənin
on illigi
Bundan tam on il əvvəl
bu günün mislində imdi Nikolayevski küçədə
möhtəşəm bir binaya malik, Rusiyanın müsəlmanlarla
sakin olan hər tərəfində, bilxassə Qafqasiya hərb
meydanında hərbzədə olan müsəlman vilayətlərində
nam və şöhrət qazanmış, Qafqasiyanın
müsəlman xeyriyyə işləri üçün faidəli
bir mərkəz şəklini almış olan Bakı müsəlman
cəmiyyəti-xeyriyyəsi təsis edilmişdir.
Qafqasiya müsəlmarları
daha əvvəlcə cəmiyyəti-xeyriyyə
üçün müsaidə istəmiş, müvəffəq
ola bilməmişlərdi. 1905-ci ildə ilk müsəlman cəmiyyəti
olmaq üzrə iştə Bakı cəmiyyəti-xeyriyyəsi
rəsmən meydanə gəlmiş oldu. Bakı
dumasının zalındakı kəsrətli və gurultulu təsis
cəmiyyəti ehtimal bakılılardan bir çoxunun
yadındadır.
Bakı cəmiyyəti-xeyriyyəsinin
on illigi, eyni zamanda da Bakı müsəlman cəmiyyətinin
cəmaət işlərinə qarışmalarının on
illigi deməkdir. Buna görə də bu xüsusa əhəmiyyət
vermək məcburiyyətindəyiz.
Bakı müsəlman
cəmaət işlərində daimən başda olan Hacı
Zeynalabdin Tağıyev cənabları burada dəxi sərxeyl
olub cəmiyyətin nizamnaməsindən
göründüyü kibi müəssislər cüzində:
mərhum Həsən bəy Məlikov, Əlimərdan bəy
Topçubaşov, Əhməd bəy Ağayev, Əli bəy
Hüseynzadə, İsmayıl bəy Səfərəliyev, mərhum
Hacı Aslan Aşurov, İsa bəy Hacınski, Kamal bəy Səfərəliyev,
Əbdülxaliq Axundov, Məhəmməd Rza Ağa Vəkilov,
Həsən bəy Ağayev, Kərbəlayi Nəcəfqulu
Sadıqov, Kərbəlayi İsrafil Hacıyev, Həsən
Ağahüseynov, Mirzə Əsədullayev, mərhum Əsəd
bəy Səlimxanov, Ağabala Tağıyev, Əsədulla Əhmədov,
mərhum Hacı Həsən Atamalıyev və Nəcəf Əmiraslanov
cənabları gəliyorlar.
İlk cəlsədə
münaqişə və gurultusuz olmuyaraq əksəriyyət
ara ilə: Hacı Zeynalabdin Tağıyev sədarətə,
İsrafil Hacıyev müavinligə, Hacı Mustafa Rəsulov
xəzinədarlığa, Əhməd bəy Ağayev
katibliyə və İsmayıl bəy Səfərəliyev, Əlimərdan
bəy Topçubaşov və Əsədulla Əhmədovlar
da idarə əzalığına seçilmişlərdir.
Bu idarə heyəti
(Əlimərdan bəydən başqa) hər ildə bir dəfə
intixab təzələnmək nizamnamə ilə lazım ikən
1907-ci ilə qədər qalmış və bunun səbəbi
də cəmiyyətin köhnə protokollarından
anlaşıldığı vəchilə xəzinədarın
hesabnaməsi hazır olmadığından iləri gəlmişdir.
1907-ci ildə sədarətə yenə Hacı cənabları,
müavinliyə Ağa Musa Nağıyev, katibliyə Mehdi bəy
Hacınski, idarə üzvülüklərinə Məhəmməd
Cavad Sadıqov, Hacı Mirhəsən Ağa və Əsədulla
Əhmədov cənabları seçilmişlərdir. 1911-ci
ildə üçüncü seçgi vüqua gəlmiş,
bu seçgidə sədarətə Ağa Musa, müavinliyə
Mirzə Əsədullayev, katibliyə Mehdi bəy, xəzinədarlığa
Əli bəy Aşurbəyov, idarə üzvləri cüzində
Həsən Ağa Həsənov cənabları
seçilmişlərdir. 1313-də imdiki idarə
seçilmişdir ki, sədr Mirzə Əsədullayev,
müavin Məhəmməd Həsən Hacınski, xəzinədar
Fətulla bəy, katib Mehdi bəy, idarə üzvləri də
Mirzə Həbib Mahmudbəyov, Ağa Hüseyn Tağıyev
və Əli Heydər Babayev cənabından ibarətdir.
Cəmiyyəti-xeyriyyə
müfəttişliginə on ildən bəri Kərbəlayi
Mirza Ağa Yusifxanov cənabları seçilə gəlməkdədir
ki, cəmiyyətin on illiyi ilə onun da on illik xidməti
bitmiş oluyor deməkdir. İnfisalsız olmaq uzrə Mehdi bəy
cənabları da Əhməd bəydən sonra bu günə
qədər katiblik vəzifəsinə ifa ediyorlar.
Cəmiyyəti-xeyriyyənin
nizamnaməsindən görünən məqsədi “Fəqir
və möhtac müsəlmanlara kömək etmək, məktəblərdə
oxuyan fəqir uşaqlara müavinət göstərmək,
naxoş və qoca müslümə və müsəlmanları
himayə etmək, yetim və fəqir uşaqlarını sənət
məktəblərinə vermək” kibi ümuri – xeyriyyədir.
Bu məqsədin
ifası yolunda cəmiyyət on ilin ərzində nə etmiş,
nə cür eləmiş, nə qədər üzvü
olmuş, nə qədər ianə yığmış, nə
qədər paylamış, bütün bunlar həqqində
müntəzəmən məlumat vermək üçün məəttəəssüf
çap olunmuş bir əsər tapılmadı.
Çünki bugünki günə qədər cəmiyyət
gördügü işlər həqqində hesabnamə nəşr
etməmişdir. Bununla belə oxucuların marağını
təskin etmək üçün biz cəmiyyətin
mövcud olan köhnə protokollarını
arayıb-araşdırdıq. cəmiyyəti-xeyriyyə
müfəttişi möhtərəm Mirzağa Yusifxanovun məlumatına
müraciət etdik, nəhayət, bu səfərlik bir məlumat
təhsil edə bildik:
Cəmiyyət
idarəsi on ilin ərzində ancaq qırxa yaxın iclas
etmişdir. Halbuki, nizamnaməyə görə bu qədər
müddətdə heç olmasa, ayda bir hesabı ilə 120
iclas etməli idi. Bu on ilin içində illər var ki,
heç iclas edilməmiş gedir.
Cəmiyyətin gördügü işlərdən
şayani-ehtiram və diqqət olanı ancaq Nikolayevski
küçədə Ağamusa Hacıyevin ianəsi ilə mərhum
oğlunun adına salınan möhtəşəm bina ilə
(bu bina 300 min rublə yaxın oturmuşdur) hər il qurban
bayramında görüş məclisi tərtib etdirməsidir.
Müharibə zamanının icabi olan imdiki fəaliyyətdərə
gəlincəyə qədər bunlardan başqa öylə
böyük gözə görünən bir işi yoxdur.
On il zərfində cəmiyyəti-xeyriyyə
fəqirlərə 4 mindən ziyadə para verdigi kibi yoxsul
şagirdlərə də ancaq 1500 manatlıq qələr əl
tutmuşdur. 1911-ci ildə bərk qış olduğu zaman
5000 manat qiymətində 600 put un paylamış, 1914-cü
ilin də də 504 fəqirə bir dəfə olaraq 277 manat
vermişdir. Daimi olaraq da 29 fəqirə ayda 140 manata yaxın
bir məbləğ verməkdədir.
cəmiyyətin protokolları
arandığı zaman gözə çarpan bəzi qəryələri
bitərəf bir müvərrix sifətini saxlamaq
üçün qeyd etməliyiz: əvvəlinci məclisin
(1905 dekabr 20) anlaşılıyor ki, Hacı Hacıbaba
Haşımov mərhumdan birisinin irs davası varmış (məəttəəssüf
katib bu birisinin adını göstərmiyor) cəmiyyətə
müraciətlə övraq və sənədlərini təqdim
eləmiş ki, cəmiyyət o xüsusda Haşımovla
anlaşsın. Bu xüsus Hacı Mustafa Rəsulova həvalə
olunmuş. Sonrası artıq məlum degildir. Halbuki, bu
“anlaşma” nəticəsində cəmiyyət özü
böyük faidə edəcəkmiş. Haman ildə
martın 14-də iniqad edən 3-cü idaryei-cələsənin
Əhmədbəy Ağayevin xəttilə yazılan
protokolunda oxuyuruz ki, “bədə cənab sədr ...... tərəfindən
cəmiyyəti-xeyriyyə bəxş olunan neft yeri barəsində
yazılan məktubi oxudu. Məclis kəmali-imtinan təşəkkür
ilə bu bəxşeşi qəbul edib cənab Əsədulla
Əhmədovu vəkil etdi ki, bu yeri natarius vasitəsilə təhvilə
alsın”. Artıq bunun təhvilə alınıb
alınmadığından protokollarda bir əsər də
yoxdur. Ancaq 3-cü cələsinin protokolları kənarında
məda ədlə yazılmış bir haşiyə var ki,
bundan da neft yerinin o zaman o qədər də qiyməti
olmayıb bu gün yüz minlərə dəgən Qara
dayıda (Şubani) vaqe Mirdadaş arvadının (ki molla
Hüseynin qızıdır) irsi olduğu aşkar olduğu
kibi. Adının yeri ağ qalan kağız yazanın da
Hüseyn bin Molla Hüseyn bin Molla Dəşdi olduğu
ögrənilir.
Yenə o ilin aprelin 12-də iclas edən
5-ci iclasın protokolundan xolera ilə mübarizə
üçün toplanan 3500 manat bir ildən ziyadə Əlimərdan
bəy Topçubaşovda qaldığı ilə bu pulun kəndisindən
mütaliyə edilməsinə qərar verildigi
anlaşılır. Fəqət bu pul hesabının Əlimərdan
bəy cənabları tərəfindən cəmiyyətə
verildigi dəxi sonra gələn qeydlərdə göstərilmişdir.
1906-cı il oktyabrın 21-də yazılan
protokoldan görülüyor ki, xəzinədarın hesabnaməsi
hazır olmadığından idarə iclasi-ümumini təxirə
salmışdır. Bu hesab bu günə qədər də
verilməmişdir.
Əlbəttə, yuxarıda sayılan rəqəmlərlə
göstərilən həqiqətlər Bakı cəmaət
xadimlərinin, cəmiyyəti-xeyriyyəni inhisar etmiş olan
böyük ünvanlı ağaların üzlərini
ağardacaq bir halda degildir.
Yuxarıda cəmiyyəti-xeyriyyənin on
illiyi Bakı müsəlmanlarının cəmaət işinə
qarışmalarının on illiyidir dedik. Bu meyarla
bütün cəmaət işlərimiz üçün cəmiyyəti-xeyriyyənin
on illik işi demiyəlim, ətaləti, əlbəttə, fəna
bir nümunə təşkil edər! Fəqət
unutmamalıdır ki, Bakı müsəlman cəmaət işləri
ancaq cəmiyyəti-xeyriyyə dairəsində degil, bundan
başqa Nicat, Nəşri-məarif, Səadət və Səfa
kibi digər cəmiyyətlər dəxi təsis olunmuşlar
ki, onların hər halda mizandan daha əyarlı
çıxacaqları güman olunur.
Hər nə isə, böyük
müharibənin aləmləri sarsan gurultusu, nəhayət,
istər-istəməz uyuşmuş müsəlman aləminə,
bilxassə, Bakı müsəlman cəmiyyəti-xeyriyyəsinə
də təsir elədi. Heç bir fənalıq bu qədər
ki, zəminində bir yaxşılıq olmasın. Öylə
də Kars, Ərdəhan faciələri bütün müsəlman
cəmaətində bir hərəkət hasil elədi və
bu hərəkətə başçı olmaq vəzifəsi
də Bakı müsəlman cəmiyyəti-xeyriyyəsi
öhdəsinə üşdü və demək olar ki, on ilin
təlafisi haman bir ildə çıxdı.
Hazırda cəmiyyəti-xeyriyyədə
Kars, Ərdəhan yetimlərindən ötrü bir yetimxanə,
Batum və Kars tərəflərində hifzi-səhiyyə
müavinət heyətləri mövcud olduğu kibi,
yaralı saldatlar üçün də bir lazaret vardır.
On ilin on mini ötməyən cəmiyyət
büdcəsi imdi bəlkə də 403 yüz minə
baliğdir.
İmdiki fəaliyyəti ilə
şübhəsiz, böyük və milli iş
görüyor. Fəlakətə uğramış zavallı
qardaşlarına göstərdikləri müavinət də
vasitə olmaq surətilə Bakı cəmiyyəti-xeyriyyəsi
imdi yeni halda bütün Rusiya müsəlmanlarını birləşdirmək
yolunda şayani-ehtiram böyük bir xidmət göstəriyor.
Fəqət, yaxşı dost olmaq vəzifəsini ifa surətilə
deməliyiz ki, məəttəəssüf cəmiyyət on
ildən bəri təkrar edə bilməkdə olan
böyük və əsaslı bir səhvini imdi də təkrar
ediyor. Bu səhv haman iclasi-ümumiyyəyi nəzəri-etinayə
almamaq və gördügü işlər və məsərrəf
həqqində fikri-əmmayi işıqlandırmamaqdan ibarətdir.
Cəmiyyəti-xeyriyyə işlərini
idarə edənlər bilməlidirlər ki, cəmaət
işi ancaq cəmaət ilə görülməlidir.
Böyük-böyük işləri fövqəladə məsərrəflər
görə biliyor, artıq məsuliyyətlər bu yönə
götürülüyor. Halbuki, bir dəfə olsun iş
sahibi olan iclasi-ümumi çağırıb da onunla bu
xüsusda məsləhət olunmuyor. Görüləcək
işlərin təhri, xərclənəcək pulların
smetası üçün onun icrasına ehtiyac göstərilmiyor.
Bu gün ehtimal ki, cəmiyyəti-xeyriyyə müdirləri nəzərində
boş bir rəsmiyyətçilikdən ibarət olan bu
xüsus cəmiyyətin ən böyük bir xətasını
təşkil ediyor. Əgər mətbuat qədər cəmiyyəti-xeyriyyə
idarəsi özü dəxi bu on illik sənəyi-dövriyyəyə
əhəmiyyət versə və bu gün bu vəqtə qədər
üzünə həsrət qaldığımız
iclasi-ümumini çap olunmuş bir hesabatı ilə
mümtaz etsəydi, başlanmış böyük bir fəaliyyətin
hər bir tərəfi və müvəffəqiyyətin ən
böyük zamanı olan həqiqi bir əsasə
bağlamış olardı!...
Cəmiyyətin işləri idarəsində
olanlara böylə mühüm bir vəzifə tərtib
etdigi kibi cəmaətimizin məarifmənd qisminin öhdəsində
dəxi daha böyük bir vəzifə vardır.
On illik ərzində cəmiyyətə
üzv yazılmış olanları yığsanız, bir
neçə ondan o yana keçməz. Halbuki, cəmaətimizin
diri bir cəmaət olub da, məarifməndləri cəmaət
və millət işlərində həvəsli olsalardı,
bu ədəd başqa bir hal alardı.
1905-ci ilin hərəkəti daş kibi hərəkətsiz
olan cəmaətimiz arasında imdiki naqis və azil cəmiyyətləri
fücudə gətirdi isə, ümid etməlidir ki, 1915-ci
ilin dünyalar sarsan hərəkəti də bizi bu azil və
naqis cəmiyyətlərin əsasını daha fəzl və
daha kamil bir yolda islah etmək yoluna salar. Fəqət bunun
üçün əhli-ürfanın oyanıq olub da
qonulmuş olan xüsusiyyətlərindən
çıxmaları əlzəmdir!
M.Ə.Rəsulzadə
“Açıq söz”, 15 noyabr 1915, ¹35
Kəsrət – çoxluq
Sərxeyl – başçı
Övrəq – vərəqələr
Təlafi – əvəzinə ödəmə
Tərh – layihə
Bu işləri
kim görsün?
Bugünki sayımızda həssas
cavanlarımızdan Talıblı cənablarının
“Atalara xitab”ını dərc ediyoruz. Talıblı hökumət
edadilərində müsəlman şagirdlərin milli tərbiyədən
məhrum bir halda buraxıldıqlarından hasil olan acı nəticələri
suzişli bir ifadə ilə bəyan etdigindən sonra bu
xüsusda ataların öhdəsində böyük bir vəzifə,
ağır bir məsuliyyət görüyor. Həm həqiqətən
də öylədir. Oğullar kəndi mühitlərinə
biganə, öz millətlərinə yabançı, tərbiyə
və hazırlığı naqis birər qeyri-təbii tiplər
olurlarsa, onlar bu halları ilə atalarının işlədikləri
günahın cəzasını çəkmiş oluyorlar.
Bizdən əvvəlki nəsil milli tərbiyənin
nə olduğunu bilmiyordu. Buna görə də o zamanlarda xəlqin
təəsübi, mollaların təkfirinə baxmayaraq, nə
olursa-olsun elmin cəhlə üstün olduğu nəzəriyəsilə
övladlarını məktəblərə verən atalar
bizim qədər məsul degildirlər. Fəqət bizim
zamanımız özgədir. Biz mətbuata malik bir dövrdə,
məarif cəmiyyətləri mövcud olan bir zamandayız.
Bir zamadayız ki, keçmiş nəslin tərbiyə
qüsurundan hasil olan eyblər gözümüz
qabağında olub övladlarımız, cavanlarımız
bizi oyanmağa dəvət ediyorlar. Böylə gurultulu və
oyanıq bir zamanda da yatarsaq, qiyamətə qədər yatacaq
bir halda olduğumuzu isbat etmiş olacağız.
Bu gün Talıblı cənabları fəryad
qoparıyor. Bir neçə gün əvvəldə rövzəxanlarımızdan
biri minbər üstündən bu xüsusi
işıqlandırmışdı. Keçəndə “Bir
moizə münasibətilə” yazdığımız məqalədə
biz də ağlımıza gələn tədbirdən bəhs
etmişdik.
Möhtərəm zatlardan birisi bu
mövzudan bəhs açaraq diyordu ki, çox yaxşı, zəhmət
çəkilir, yazılır, fəqət bu yazıları
kim tətbiq etsin, kim çalışsın ki, yazılan bu
gözəl tədbirlər səhrada bağrılan bir səda
olub qalmasın.
Həqiqətən də böylədir.
Dövlət dumasındakı vəkillərimiz vasitəsilə
hökumətə bildirməlidir ki, edadi məktəblərin
proqramları təshih olurkən yerli dil və ədəbiyyatlarının
qədr və əhəmiyyəti də gözədilsin. Edadi
məktəblərə müraciət edərək Gəncə
üsuli ilə tələb etməlidir ki, türkcə ilə
şəriət dərsi qeyri dərslər kibi icbari bir şəkil
alsın: məaşının artığını təmin
etmək surətilə tələb etməlidir ki, edadi məktəblərinin
türkcə müəllimliginə işini bilər, sənətini
anlar, şərəf və heysiyyatını saxlar adamlar təyin
olunsun. Bunlar hamısı çox əla... Fəqət bu
işləri kim görsün?
İştə öz-özünə
qalxıb da cavab istəyən bir sual!
Şəhərimizdə məarif cəmiyyətləri
olmasa idi, bəlkə də bu sualın cavabı bir az
müşkül olurdu. Allaha şükür ki, şəhərimizdə
məarif işləri ilə xeyrinə baxan beş cəmiyyətimiz
var. Bunlar arasında “Nəşri-məarif” cəmiyyəti
vardır ki, əsl vəzifəsi məarif yaymaqdır. Edadi məktəblərdəki
milli dərsləri yoluna qoydurmaqdan artıq “Nəşri-məarif”in
görəcəgi vacib və lazım bir təşəbbüsü
varmı? Neçün cəmiyyət bu xüsusdaki təkliflərə
qarşı laqeyd qalıyor, neçün hər tərəfdən
qalxan sədalara qulaq vermiyor?
“Nəşri-məarif”dən keçdikdən
sonra “Nicat” da qədim məarif cəmiyyətimizdəndir.
“Nicat”ın olduqca fəal və işıqlı bir sabiqəsi
vardır. Oxumaq və oxutmaq işlərimizi nizama salmaq
üçün “Nicat” cəmiyyəti vəqtilə Qafqasiya
müsəlman müəllimlər ictimai dəvət etmək
kibi mühüm qədəmlər atmış bir cəmiyyətdir.
Keçmiş “Nicat” üzvlərinin ibtidası ünas məktəbləri
ilə sair ibtidai məktəblər və məktəb
xaricində biligi yaymaq işində az-çox himmətləri
görülmüşdür. Əcaba, edadi məktəblərindəki
tədrisati-miliyyə üçün görüləcək
tədbirlərə təvəssül edə bilməzmi?
“Səfa” cəmiyyəti ilə “Səadət”ə
mənsub olanların da bu xüsusda mütəəssif
olduqlarını görmüş, eşitmişik.
Xülasə, hər kəs mütəəssif,
hər kəs bunun görüləcək bir iş olduğuna
qanedir. Yalnız zəngi pişiyin boynundan asacaq birisi
tapılmıyor.
Bizə öylə gəliyor ki, bu zəng
məarif cəmiyyətlərinin, hətta hamısı da
degil, birisinin bir az qeyrət və təşəbbüsü
ilə asıla biləcək yüngül bir şeydir,
yalnız istər ki, bir az himmət, bir az da həmiyyət
olsun!
M.Ə.Rəsulzadə
“Açıq söz”, 16 noyabr 1915, ¹36
İran üsyan
içində
İrandan gələn xəbərlər
Şiri-Xurşid məmləkətində felən iki
hökumətin hökm sürdüyünü göstərməkdədir.
Bu hökumətlərdən birisi İran
rəsmi hökuməti olub, digəri də Tehrandan yüz
kilometro uzaqda olan Qumdaki “müdafiəyi-islamiyyə” komitəsidir.
Rəsmi hökumət kəndisinin rus və
ingilis hökumətlərinə mail bir bitərəflik elan
etmiş olduğu halda, Qum komitəsi elanən Almaniya ilə
Türkiyə tərəfinə keçib, onların rəhnümalığı
ilə hərəkət etməkdədir.
Şah Tehrandan çıxmış
olsaydı, rəsmi İran hökuməti ələnən rus
və ingilis dövlətlərinə qarşı düşmənanə
bir vəziyyət almış olacaqdı. İran hökuməti
ilə aramızda baş tutan etilaf felən böylə bir
müharibənin qabağını saxlamış oldu. Fəqət
həqiqətə hələ diqqət edərsək, bu
müharibə heç də dayanmamış, biləks qeyri-rəsmi
bir surətdə olsa da, başlanmışdır. İran
böyük nizami bir qüvvətə malik olsaydı, şah
ilə hökumətinin bu ya o tərəfdə
olmalarının böyük bir əhəmiyyəti
olardı. Məəttəəssüf İran böylə bir
nemətdən məhrumdur. Bu məhrumiyyət var ikən
İranda rol oynayan qüvvət İran əhalisi üzərinə
icrayi-nüfuz edə bilən qüvvətlərdir.
Gərək sənələrdən bəri
İran hökuməti ilə üləması arasında olan
mübarizə və gərək neçə ildən bəri
davam etməkdə olan inqilab İran cəmaəti arasında
iki böyük qüvvəti xəlqə tanıtmış və
sevdirmişdir. Bunlardan birincisi mülkədar olmayan üləma
ilə ikincisi də məclisdir. Kərbəla və Nəcəf
müctəhidləri ilə məclisin məmləkət
üzərində şahdan da, hökumətdən də
böyük nüfuzları vardır. Hal-hazırda bu
nüfuzun ikisi də Qum hökuməti tərəfində,
dolayısı ilə də almanlarla türklərin əlindədir.
Kərbəla və Nəcəf müctəhidlərinin
şiəlikdə adətən Papanın katoliklikdəki
nüfuzu qədər əhəmiyyəti vardır. Hələ
bunların İran əvamı üzərindəki təsirləri
təsvir olunacaq bir halda degildir. Etilaf diplomatları tərəfindən
incidilmiş olan bunlar son zamanlarda tamamilə türklərin tərəfinə
keçdilər. Bu xüsusda Petroqradda çıxan “B. V.” qəzetəsi
də təəssüflə bəhs etmişdir.
Bu surətlə dini millətpərəstlik
qüvvəti almanların tərəfində olduğu halda, tərəqqipərvər
və avropavari millətçilik və vətənpərvərlik
hissiylə ruhlanan demokratlar da o tərəfdədirlər.
Şah Tehrandan çıxmaq əzmindən vaz keçdisə
də, 30-a qədər demokrat məbuslar, başda məşhur
Süleyman Mirzə olduğu halda, haman Tehranı tərk etdilər.
İştə, bu Süleyman Mirzə hal-hazırda türk və
almanlarla bərabər olaraq “müdafiəyi-islamiyyə” komitəsini
idarə etməkdədir.
Bu gün qismi-məxsusimizdə dərc
olunan xəbərlərdən anlayacaqsınız ki, Həmədanda
candarmalarla İran kazakları arasında baş verən
qarğın ilə Şirazda ingilis məmurlarının
tutulması vaqeələri ilə başlayan əks hərəkətlər
imdi artıq bir üsyan şəklini almışdır.
cənubi İran halə üsyandadır.
Bu üsyanı yatırtmaq üçün İran bizzat aciz
olsa gərək. O halda rus və ingilis dövlətləri ilə
müəyyən bir qərara gələcək olan İran
hökuməti şübhəsiz ki, istər-istəməz qədim
hamiləri və imdiki dostları olacaq iki dövlətin
müsəlləh qüvvətinə ərzi-ehtiyac göstərəcəkdir
ki, bu surətlə də iki müariz İran
partiyasının arxasında iki düşmən heyəti
mövcud olacaq və beləliklə İran felən dünya
müharibəsinə qarışacaqdır.
Türkiyə – alman amilləri ilə
İran millətlərinin din və milliyyət əsasları
üzərinə vaqe olan təhrikləri İran əhalisini
bilxassə cənubiləri öylə bir hala gətirmiş
ki, bu halın ancaq faiq bir qüvvət qarşısında təslim
olunacağı bütün əlaimi ilə görülməkdədir.
Tehranın xaricindəki daralüməarəllərindən
birində qışlamaq niyyətində olan Şah etilaf
diplomatları ilə müzakirə edərək vəqt
ötürməkdə ikən, kəndisinə müariz bir vəziyyət
alan qüvvətlər durmadan çalışıyorlar.
Kirmanşah, Soltanabad, Həmədan və Kəşan kibi
nöqtələr adətən birər düşmən
yatağı və birər sovqəlceyş istinadgahları
halına gətirilərək Qumdakı ərkani-hərb tərəfindən
hərəkətə gətirilirlər. Digər tərəfdən
də Avstriya səfiri ilə Osmanlı səfiri Tehrana daxil
olmuşlardır.
Görünüyor ki, bu səfirlər hələ
Tehran hökuməti ilə Şahdan qəti ümid etməmişlərdir.
Siyasi məmur olmaqdan ziyadə əskəri bir general olan Prins
(rəis) inqilab komitələri ilə əskərlərinin
idarəsi üçün xaricdə qalmış digər iki
yoldaşını siyasət üçün Tehrana
qaytarmışdır. Görünüyor ki, məmləkətin
əksər qüvvəsini əldə etmiş olan almanlar, hər
nə cür olsa da, rəsmi İran hökumətini dəxi əllərindən
çıxarmaq istəmiyorlar.
Fəqət, biri-birinə nəqiz olan
bütün bu əhvaldan doğru olaraq bir nəticə
çıxarmaq mümkündür ki, o da istər Şah bu tərəfdə
qalsın, istər o tərəfdə – hər halda dünya səhneyi-hərbində
vuruşmaqda olan iki düşmən heyətinin İranda da
üz-üzə gələcəklərindən İranın
da Avropa müharibəsinə qarışmış
olacağından ibarətdir.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 19 noyabr 1915, ¹39
(Ardı var)
Şirməmməd
Hüseynov
525-ci qəzet.- 2012.-
4 fevral.- S.26-27.