Litva-Azərbaycan
əlaqələri tarixindən qoparılmış səhifələr
(Əvvəli ötən şənbə
saylarımızda)
Əgər
yeni quruluşun ilk aylarında Bakıdakı Litva konsulunun
özünün şəxsi təhlükəsizliyinin təmin
edilməsi və əmlakının toxunulmazlığı məsələsi
Xalq xarici işlər komissarlığı səviyyəsində
qaldırılırdısa, onda Azərbaycanda yaşayan
sıravi Litva vətəndaşlarının vəziyyətini
təsəvvürə gətirmək heç bir çətinlik
yaratmır. Göstərilən sənədlərlə
yanaşı, biz Litva konsulluğunun Azərbaycan SSR-nin
müxtəlif dövlət strukturlarına, Bakı şəhər
Sovetinin icraiyyə komitəsinə və habelə
respublikanın mərkəzi partiya təşkilatının rəhbərliyinə
ünvanladığı 50-dən artıq Notanın izlərini
Bakı və Vilnüsün arxiv fondlarında müəyyən
etmişik. Onların əksəriyyətində, yeni hökumət
orqanları tərəfindən həbs edilmiş və ya məhkum
olunmuş litvalıların azadlığa buraxılması,
dörd yol ağzında mərmi və güllə
yağışına düşmüş soydaşların
xilas edilməsi, həmvətənlərin Bakıdakı ticarət
yerləri və mənzillərinin qeyd-şərtsiz
müsadirədən qorunması, maddi zərərə görə
təzminatın ödənilməsi və yaxud vətənlərinə
dönmək istəyən Litva vətəndaşlarına
icazələrin alınması məsələləri
qoyulmuşdu.
Sözügedən
diplomatik yazışmaların məzmunu və intonasiyası
ap-aşkar göstərir ki, həmin “notalar savaşı”
Litva konsulunun özü üçün də qəmli bir
sonluqla nöqtələnə bilərdi. Odur ki, Vintsas Kreve
Sovet Azərbaycanında Litva konsulluğunun öz fəaliyyətini
davam etdirməsinin vacib olduğunu çox gözəl
başa düşdüyünə baxmayaraq, Bakını tərk
etməyə hazırlaşırdı.
10
iyun 1920-ci ildə Litva konsulluğu Azərbaycan SSR XXİK-na
772 saylı Nota təqdim edir və bildirir ki, V. Krevenin vətəninə
qayıtması ilə bağlı Litvanın Azərbaycan
SSR-dəki konsulu vəzifəsini müvəqqəti olaraq
konsulluğun katibi Mixail Dmitriyeviç Markovski icra edəcək.
Həmin
günlərdə hələ heç kəs bilmirdi ki, Azərbaycanda
Litva konsulluğunun fəaliyyətinin başa
çatmasına nə qədər vaxt qalır.
Çünki onda Sovet Rusiyası Azərbaycanla hələ ki,
“müstəqillik” oyununu oynayırdı və o biri Qafqaz
dövlətləri hələ ki, işğal edilməmişdi.
1920-ci ilin noyabr ayında Ermənistanda və 1921-ci ilin fevral
ayında isə Gürcüstanda bolşeviklər hakimiyyəti
“qələbə çaldıqdan” sonra, Moskvada çəkilmiş
planın cizgiləri dürüst şəkildə
aydınlaşmağa başladı.
Moskvada
qurulmuş o planın Cənubi Qafqazda həyata keçirilməsi
ilə bağlı qeyd etmək istərdik ki, 1920-ci il aprel
işğalından sonra SSRİ yaradılanadək olan
dövrdə Azərbaycan SSR-nin diplomatik-siyasi münasibət
problemləri tarix elmləri elmləri doktoru, professor Musa
Qasımlının (1957) “Xarici dövlətlər və Azərbaycan“
adlı dəyərli monoqrafiyasında (Bakı, 1998) əsaslı
surətdə araşdırılmışdır. 1920-1922-ci
illərdə Azərbaycan SSR-nin beynəlxalq vəziyyətinin
ümumi mənzərəsi və xarici dövlətlərlə
diplomatik-siyasi münasibətlərinin məhv edilməsi ilə
bağlı hadisələrin inkişafı da müəllifin
həmin əsərində sənədli mənbələr əsasında
öz elmi təhlilini tapmışdır. Və təbii ki,
onları təkrarən oxuculara təqdim etməyə
lüzum görmürük. Amma xarici ölkələrin
Bakıdakı nümayəndəliklərinin ləğv edilməsini
şərtləndirən qanun aktları və İttifaq
dövlətinin yaradılması ərəfəsindəki
ictimai-siyasi durum barədə bir neçə fikri təqdim
etməyə ehtiyac duyuruq.
Gürcüstanın
bolşevik işğalından sonra Azərbaycan SSR-nin xarici
siyasət fəaliyyətinin Cənubi Qafqaz respublikaları ilə
birləşdirilməsi prosesi gücləndirildi.
Gedişatı RSFSR XXİK tərəfindən istiqamətlənən
bu proses 1922-ci ilin yayında yüksək nöqtəsinə
çatdı və Azərbaycan SSR-nin xarici siyasət fəaliyyəti
faktiki olaraq tamamilə məhv edildi.
Belə ki, həmin ilin iyun ayının 13-də Cənubi
Qafqaz respublikalarının xarici siyasətinin birləşdirilməsi
barədə dekret qəbul edildi. Bu dekretə əsasən
müttəfiq respublikaların Xalq xarici işlər
komissarlıqları ixtisar edildi və Cənubi Qafqaz
respublikalarının xarici siyasətinə rəhbərliyi
ittifaq müqaviləsinə uyğun olaraq İttifaq
Şurası həyata keçirməyə başladı. 1
avqust 1922-ci ildə Cənubi Qafqaz respublikalarında xarici əlaqələr
üzrə katiblik yaradıldı. 1922-ci ilin avqustun 21-də
isə “Xarici siyasətin birləşdirilməsi haqqında”
İttifaq Şurasının dekreti verildi.
Məlumdur
ki, 1922-ci ilin martın 12-də Zaqafqaziya Sovetlər
qurultayında “aşağılardan verilən təkliflə”
– Azərbaycan, Ermənistan və Gürcüstanın “istəyi
ilə” Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası təsis
etmək barədə qərar qəbul olundu. Azərbaycan SSR-də
Litva konsulluğunun hüquqi statusu Cənubi Qafqazda
yaradılmış bu yeni inzibati-siyasi quruluşa və
ümumiyyətlə mövcud geosiyasi vəziyyətə
artıq o zaman uyğun gəlmirdi.
28
iyul 1922-ci ildə Genuya konfransında ABŞ Litva
Respublikasının müstəqilliyini de-jure tanıdıqdan
dərhal sonra, Moskva Litvanı “qanadının altından”
buraxmamaq üçün bir sıra əlavə addımlar
atdı. Və o cümlədən, Kreml çox səylər
göstərdi ki, onun əlaltı “dövlətləri” – yəni,
Zaqafqaziya SSR də daxil olmaqla, “müstəqil” sovet respublikaları
ilə Litva arasında dövlətlərarası müqavilələr
imzalasın və belə yolla bu suveren Baltik dövləti
Sovet Rusiyasının subyektlərinə bağlansın.
Lakin
Kaunas bu dəfə Kremlin böyük təzyiqlərinə
tab gətirə bildi və güzəştə getmədi.
Cavab gedişini isə çox gözləmək lazım gəlmədi.
Genuya konfransından düz bir ay sonra – 28 avqust 1922-ci il tarixində
Bakıdakı Litva konsulluğu Zaqafqaziya SSR İttifaq
Şurasının Azərbaycan SSR üzrə Xarici işlər
səlahiyyətli idarəsinin işlər müdiri Məlikovun
imzası ilə 1022 saylı belə bir göstəriş
alır:
“Vətəndaş
M. Markovskiyə. Litva Demokratik Respublikası və Azərbaycan
SSR hökumətləri arasında beynəlxalq hüquqa
uyğun müqavilə münasibətlərinin olmamasına
görə, Zaqafqaziya Sovet Sosialist Respublikası İttifaq
Şurasının Azərbaycan SSR üzrə Xarici işlər
səlahiyyətli idarəsi bildirir ki, Litvanın Azərbaycan
SSR-dəki konsulluğu ləğv edilir və Sizdən
xahiş olunur ki, keçmiş Litva konsulluğunun işlərini
təsviyyə edəsiniz və vəzifələr
ştatında olan bütün əməkdaşlarınızla
bərabər Azərbaycan SSR-nin ərazisini 48 saat ərzində
tərk edəsiniz.”
Bu
bildiriş elə həmin gün axşam saat 10-da M. Markovskiyə
təqdim edilmişdi. Konsula təqdim edilmiş 285 sayl
telefonoqrammadan görünür ki, Litva konsulluğunun ləğv
edilməsi barədə tələbin icra edilməsi üzrə
nəzarət Azərbaycan SSR Fövqəladə
Komissiyasına (ÇK) həvalə edilmişdi. O zaman Azərbaycan
SSR FK-nın sədri Mir Cəfər Bağırov (1895-1956)
olsa da, Konsulluğun ləğv olunması məsələsinin
təşəbbüsçülərindən biri Azərbaycan
SSR FK sədrinin müavini və Operativ işlər üzrə
məxfi şöbənin rəisi Lavrenti Pavloviç Beriya
(1899-1953) idi. Konsulluğun ləğv edilməsi sənədlərində
məhz onun adı hallanır. Bununla yanaşı, FK-nın
Xarici işlər şöbəsi müdirinin Azərbaycan SSR
XXİK-na təqdim etdiyi arayışdan bəlli olur ki, Litva
konsulluğunun ləğv olunması məsələsi Azərbaycan
SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi
Sergey Mironoviç Kirov (1886-1934) ilə şəxsən
razılaşdırılmışdı.
Haşiyə
çıxaraq qeyd etmək istərdik ki, o zaman Azərbaycan
SSR-nin xüsusi çekist xidməti orqanlarında Bakıda
anadan olmuş erməni əsilli gürcü Vladimir
Georgiyeviç Dekanozov (1899-1953) da xidmət edirdi. Bu faktı
ona görə vurğulayırıq ki, çox-çox
sonralar – 1940-cı ilin yayında V. Dekanozov SSRİ Xalq xarici
işlər komissarının müavini vəzifəsində
çalışan zaman, Sovet dövlətinin
başçısı İosif Vissarionoviç Cuqaşvili –
Stalin (1879-1953) tərəfindən Kremlin emissarı olaraq
Litvaya göndərilmişdi. V. Dekanozov 1940-cı ildə
Litvanın SSRİ-nin tərkibinə inkorporasiya edilməsi məsələlərini
əlaqələndirən əsas şəxslərdən biri
olubdur. Odur ki, zənnimizcə, 90 il bundan əvvəl
Litvanın uzaq Azərbaycandakı elçiliyini ləğv
etmək işində ilkin təcrübə və peşə
vərdişi əldə etmiş Vladimir Dekanozov, 1940-cı
ilin yayında müstəqil Litva dövləti
bütünlüklə məhv olunan zaman yəqin ki, həmin
təcrübədən ustalıqla istifadə edibdir.
Qasırğalardan
çıxmış əlaqələr tariximizin yeni mərhələsi
Litva-Azərbaycan
dövlətlərarası münasibətləri tarixdə
yüksəliş və enmələr yaşayıbdır.
Amma, təsadüfi deyildir ki, həmin enmələr əsla
xalqlarımızın istək və iradəsi ilə
bağlı olmayıbdır, əksinə, həmişə
xaricdən atılmış maneələr və yadların
törətdikləri əngəlliklər nəticəsində
yaranıbdır. Bu səbəbdən, rəsmi münasibətlərimiz
elə mərhələlər yaşamışdır ki, ilk
baxışdan bir o qədər təsirli görünməyən
və başımızın üzərindən əsən
geosiyasi yellər, bəzən bircə an içində
şiddətli qasırğaya çevrilmiş və
xalqlarımızın uzun illər boyu müstəqillik yolunda
çətinliklə qurduğu bir çox dəyərləri
kökündən qopardıb yerlə yeksən etmişdir.
Litva
21 il bundan əvvəl, Azərbaycan isə iyirmi il öncə
dövlət müstəqilliyini bərpa etdilər və
xalqlarımız XX əsrdə dünya birliyi ilə ikinci dəfə
öz adından danışmaq hüququnu qazandılar. Məmnunluqla
qeyd etmək istərdik ki, bu gün yenidən müstəqillik
dönəmində yaşayan Litva və Azərbaycan
hazırda çox yaxın və səmərəli dövlətlərarası
əlaqələr saxlayırlar. Diplomatik əlaqələrimiz
bərpa edilməsə də, heç vaxt unutmaq lazım deyil
ki, dövlətlərarası münasibətlərimizin davam
müddəti yalnız 15-20 illik zaman kəsimi ilə deyil, təxminən
yüz illik bir tarixlə ölçülür...
Vilnüs
– Bakı – Vilnüs.
1991-2011-ci
illər
Mahir HƏMZƏYEV
525-ci qəzet.- 2012.-
4 fevral.- S.25.