Sözünqanunun keşiyində

 

İctimai elmlərin, bədii-publisistik əsərlərin mərkəzi mövzusu insandır, onun toplum içərisində yeri,  gerçəkliyə, təbiətə, münasibətləridir. XX əsrin əvvəllərində İnsan təbiətini mövzu obyektinə çevirən, insanlığın mənəvi-əxlaqi köklərini araşdıran antropoloji fəlsəfə (İnsan fəlsəfəsi) adı ilə ortaya çıxan bir ictimai elm sahəsi ilə də tanış oluruq. Bu fəlsəfi anlamda insan təbiətinə xas mühüm cəhət kimi onun öncədən hadisələrin gedişini görə bilməsi, onları dəyərləndirməsi, sevmək, sevilmək, tərbiyə etmək, ailə qurmaq, dövlət yaratmaq, dini inanclar, hüquqi qanunları formalaşdırmaq kimi fenomenlər daha aydın görünür. Təbii ki, insana xas bu fenomenlərin təsvirinə və izahına aid bir çox elmi ədəbiyyat, bədii sənət nümunələri meydana gəlmişdir. Hüquq elmləri namizədi Yusif İldırımzadənin “Məktub” ( Bakı letterpress, 2008) kitabını oxuduqdan sonra bu qəbildən olan elmi ədəbi-publisistik nümunələrin siyahısının bir daha genişlənməsini söyləmək mümkündür. Kitabda fərqli və zahirən uzaq görünə bilən mövzuların bir xətt üzərində birləşməsi və eyni estetik məqsədə xidmət etməsi əslində müəllif mövqeyinin tamlığı, sonadək bir məqsəd və eyni ahəng üstdə qurulmasındadır. Kitabın “Esselər”, “Məqalələr”, “Müsahibələr”, “Prokurorun qeydləri” bölümlərinin hər birində insan, onun zəngin mənəvi –psixoloji aləmi, estetik mahiyyəti, əxlaqi mükəmməlliyi, dini baxışları, ahəngdar inkifaşı ilə ön plana çəkilib. Bu məsələlərin işıqlandırılmasında isə maraqlıdır ki, müəllif öz fikirlərini əsaslandırmaq üçün zəngin fəlsəfi ədəbiyyata, bədii nümunələrdən parçalara müraciət edir, fikir və nəticələrində daha etibarlı mənbələrə söykənir. Eyni zamanda o, populist düşüncələrə, bəsit və çeynənmiş fikirlərə yer vermir, lokal,   məhdud çərçivələri aşıb, dünya ədəbiyyatı və fəlsəfi – estetik fikir tarixindən maraqlı mülahizələr söyləyir. Onun müraciət etdiyi, tədqiqat obyektinə çevirdiyi etik-estetik görüşlərini də mütəfəkkirlər və sənət adamları içərisində Sokrat, Platon, Aristotel, Şiller, Spinoza, Şopenhauer, Larosfuko, Dante, Şekspir, Tolstoy, həmçinin Azərbaycan mədəniyyət tarixində xüsusi yeri olan Nizami, Füzuli, Nəsimi,  M.F.Axundov, Ü.Hacıbəyli, M.Ə.Sabir, C.Məmmədquluzadə, Bülbül, T.Salahov, B.Bəhlulzadə və sair kimi şəxsiyyətləri görürük. Kitabdakı məqalələrdə həm şərq, həm də qərb mədəniyyət nümunələrinə, fəlsəfi-estetik fikrinə müraciət olunması onu daha oxunaqlı, daha cazibədar edir. Eyni zamanda belə bir ünsiyyət üsulu müəllifin dərin intuisiyasından, təfəkkür üfüqlərinin genişliyindən xəbər verir. Zənnimizcə, onun sosial – mədəni hadisələrə münasibətindəki orijinallığı, heç kəsə bənzəməyən yazı tərzini müəyyən edən əsas cəhəti də elə bununla izah etmək mümkündür. O, bəzi hüquq – mühafizə orqanlarında çalışan və vəzifələrini sadəcə olaraq hüquqi qanunlar çərçivəsində icra edən doqmatik məmurlardan olduqca fərqlənir.

Hər şeydən öncə yazılarında Yusif müəllim hüquqi qanunların və prinsiplərin digər sosial hadisələr və ictimai elmi sahələrlə, ilk növbədə də əxlaqi – etikestetik problemlərlə əlaqəli olması fikrinin zəruriliyini göstərir. O, hüququn, hüquq-mühafizə orqanlarının profilaktik, tərbiyəvi funksiyasının da olduqca mühüm əhəmiyyət kəsb etməsini canlı misallarla sübut etməyə çalışır. Müəllifin hüquq praktikası tarixindən, hüquq –mühafizə orqanlarında çalışdığı zaman şəxsi təcrübəsindən alınmış çoxsaylı örnəkləri böyük maraq doğurur. Bu misallarda Yusif müəllim bir çox mənəvi – etik məsələlərə toxunur.  İnsanlarda üzə çıxan mənfi əxlaqi keyfiyyətlərə,  yaltaqlıq, ikiüzlülük, paxıllıq, xəyanətkarlıq,  tənbəllik, biganəlik, yalan danışmaq, rəzillik kimi davranışlara diqqəti cəlb etməklə eyni zamanda onları doğuran sosial, iqtisadi, mənəvi, əxlaqi səbəbləri də göstərməyə çalışır . O, öz fikirlərini zəngin ədəbi – bədii nümunələrlə, müdriklərin fikirləri və düşüncüləri ilə təsdiq edir. Geniş spektrli cinayət hadisələrindən söz açan təcrübəli hüquqşünas çox vaxt onları törədənlərin adi ibtidai hüquq anlamından xəbərsiz olduqlarını nəzərə çatdırır və ahəngdar insan tərbiyəsinin mühüm sahəsi olan hüquqi tərbiyənin davamlı olaraq həyata keçirilməsini zəruri sayır.

Qloballaşan dünyamızda texniki informatik vasitələrin geniş radiusda yayılması şəraitində tərbiyə sistemi mürəkkəb vəziyyət alıb. İnsan tərbiyəsində zordan, təqibdən uzaqlaşıb daha çox demokratik vasitələrə güvənmək, insanı sevərək tərbiyə etmək, hüquq qanunları prizmasından yanaşdıqda basqıdan, şantajdanbu kimi bir çox əski metod və prinsiplərdən yaxa qurtarmağın vacibliyini qeyd edən müəllif demək olar ki, kitabın bütün fəsillərində insana olan dərin sevgisini, onun xoşbəxt, firavanqorxusuz yaşama arzusunu bəyan edir. Müəllif haqlı olaraq hətta cinayət işlətmiş insanların belə, toplumun, xalqımızın bir parçası olduğunu unutmamağı tövsiyyə edir. Məhkum olunmuş insanların tamamilə itirilməməsi, yenidən sosial həyata qaytarıla bilməsi yolunda çalışmaları önəmli sayır. Kitabda müsbət mənəvi-əxlaqi keyfiyyətlərin daşıyıcısı olan ziyalılıq barədə fikirlər diqqəti xüsusilə çəkir. Ziyalılığın mütaliə anlayışları işığında izah edilməsi və bu məqsədlə də zəngin bədii – fəlsəfi ədəbiyyata müraciət edilməsi problemin kökünə qədər araşdırılmasını şərtləndirir. Ziyalılıq anlayışını müəllif haqlı olaraq, ali təhsil almış, elmi biliklərə yiyələnmiş, heç də yalnız oxumuş insanlara xas bir keyfiyyət kimi qəbul etmir. Bura humanizm, insanpərvərlik, qayğıkeşlik, mərhəmətlik, vətənsevərlik kimi məfhumları da əlavə edir, bunlarsız ziyalılıq və ziyalı anlayışlarının öz mənasını itirə bilməsi qənaətinə gəlir. Ziyalılıq anlayışının tam mənasını onu daşıyan insanların mənəvi-əxlaqi davranışlarında axtaran müəllif bu keyfiyyətin ən sadə insanlarda, hətta azyaşlı uşaqlarda belə ifadə oluna bilməsini sübut etməyə çalışır. Müəllifin bu baxımdan C.Məmmədquluzadənin “İki alma” hekayəsinə müraciət etməsi də olduqca yerindədir.

Yusif müəllim Kafkanın “Biganəlik ruhun xərçəngidir” fikrini eyniadlı essesi üçün sərlövhə seçib və əsasən burada yuxarıda qeyd etdiyimiz ziyalı məfhumunun geniş şərhini verməyə çalışib. Ziyalılıq anlayışını formalaşdıran zəngin ədəbi-bədii mənbələrə müraciət edən müəllif elm və əxlaqı, mənəviyyatı hər zaman ön plana çəkir və bu səbəblərə görə də bütün səmavi peyğəmbərləri, Nizami Gəncəvini, Füzulini, Şekspiri, Höteni, Tolstoyu, Mark Avrelini, Mahatma Qandini, Erazım Rotterdamlını, Mövlana Cəlaləddin Rumini və başqalarını ziyalılıq nümunəsi kimi təqdim edir. Essedə müəllif vəzifə düşgünlərinə, bu yolda müxtəlif cinayətlərə belə əl atanlara etiraz edərək bildirir ki, vəzifə insana ağıl vermir, o yalnız səlahiyyət verir, o da müvəqqəti. Kitabın bu bölümündə Yusif İldırımzadə təlim-tərbiyyə məsələlərinə xüsusi toxunur, təhsil sistemini də keçmişdə bəlli ideoloji səbəblərdən dolayı lazımınca bitkin hesab etmir, onun yeniləşdirilməsi, yenidən formalaşdırılması zərurətindən söz açır. Milli təhsil sistemimizə, milli mənəviyyatımıza yad elmi-metodiki qaydalar müəllifin qənaətinə görə yeni prinsiplər əsasında qurulmalı, xüsusən təhsilin daxili strukturu və məzmunu dəyişməlidir. Bu baxımdan, xüsusilə də, dini-əxlaqi dəyərlərimizin yenidən gündəmə gətirilməsi, Qurani-Kərimin məktəblərimizin tədris prosesində yer alması, müasir gəncliyə islamın elmi əsasları, şəriətin öyrədilməsi, həmçinin dinimizin humanist elmi-fəlsəvi mahiyyətinin şərh olunmasının müasir milli ideoloji proqramımızın formalaşmasında mühüm rol oynaya biləcəyini həlli vacib məsələ kimi irəli sürür.

Ümumiyyətlə kitabın bu bölümündə müasir təlim-tərbiyə məsələlərinə xüsusi diqqət verilir. Müasir insanların daha çox seyirçiyə çevrilməsi, audio-vizual vasitələrə daha sox maraq göstərməsi, kitab oxumaq, mütaliə etmək kimi son dərəcə mühüm bir məsələnin artıq ikinci plana keçməsi müəllifi son dərəcə qayğılandırır.Belələrinə T.Ceffersonun dili ilə kəskin ismarıc göndərir:Kitab oxumayan insan ölüdür”. Bəli sərt səslənir, lakin obyektiv və realdır. O, fikrini davam etdirərək bir daha qeyd edir ki, hətta qədim yunanlar mütaliənin önəmini vurğulamaqdan ötrü kitabxanaların qarşısında “ Dərdlərin dərmanı olan yer” sözlərini yazırdılar. Müəllif Azərbaycan klassikləri ilə yanaşı dünya ədəbiyyatı korifeylərinin, U.Şekspirin, L.N.Tolstoyun, F.Dostoyevskinin, M.Qorkinin, M.Tvenin, M.Hikmətin və başqalarının əsərlərini oxumağı tövsiyyə edir. Onların əsərlərinin insanı tərbiyələndirən, dəyişdirən, dünyagörüşünü zənginləşdirən tükənməz xəzinə olduğunu vurğulayır... Bəli Yusif müəllimin də qeyd etdiyi kimi bu əsərlərdə bütün milli mədəniyyətlərə, ümumiyyətlə keçmişmüasir mənəvi-estetik dəyərlərə hörmətlə yanaşılır, vətənə sevgi aşılanır, humanizm və vətənpərvərlik təbliğ edilir. Belə kitabları axı, necə oxumayasan, onlarla necə təmas qurmayasan?... Bu əsərlərdən gələn mütərəqqi, milli adət-ənənələrin bəşəri ideyalar səviyyəsində təqdimi, hər bir xalqa hörmət hissi necə də müasir səslənir. Nizami, Xəqani, Füzuli, Sabir, Üzeyir bəy, Q.Qarayev, S.Bəhlulzadə kimi sənətkarlarımızın əsərləri də bu dünyəvi xəzinənin bir parçasıdır. Müəllif daima milli-mənəvi mədəniyyətimizi zənginləşdirən, bu sənətkarları qorumağı və onların zəngin mədəni irsindən bəhrələnməyi tövsiyyə edir və nəticə kimi “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” qənaətinə gəlir.

Kitabın digər bölümü Romen Rollanın “Yaratmaq ölümü öldürmək deməkdir” sözlərinin, bələdçiliyi ilə başlayır. Bu və sonrakı “Allah adamı” bölümlərində müəllif yazıb – yaratmaq eşqi ilə yaşayan, xalqın maariflənməsi yolunda hər cür əzablara qatlaşan, daim cəmiyyətin paklaşması uğrunda çarpışan insanlardan söz açır. Bu müstəvidə də hüquqi və mənəvi cəhətlərin bir-birini tamamlamasını önə çəkir. Professor Əliheydər Həşimovun sözləri ilə fikrini təsdiqləyir: “ Əlinə qələm almağa, yazmağa, kimə isə öyüd – nəsihət verməyə hamının hüquqi cəhətdən imkanı var, ancaq mənəvi cəhətdən yalnız o şəxsin belə işlərə girişməyə haqqı çatar ki, özü başqalarına təlqin etmək istədiyi nəcib keyfiyyətlərin daşıyıcısı olsun, sözü və əməli bir-biri ilə uyğun gəlsin. Müdrikliyi, ağıllı və kamallı olması, əxlaqının və ən əsası qəlbinin dərinliyi etibarı ilə yüksəkdə dursun” müəllif bu ali keyfiyyətləri yaxından tanıdığı, sevdiyi, yüksək mənəviyyatına inandığı tanınmış yazıçımız, müdrik ağsaqqalımız Əli İldırımoğluna, həmçinin “Allah adamı” kimi təqdim etdiyi Əhmədağa Əhmədova şamil edir. Kitabda yer almış digər məqalələrində də Yusif müəllim hər zaman hüququn aliliyi, hümanizmin tərbiyəvi mahiyyətini ön plana çəkir, demokratikləşmə yoluna qədəm qoyduğu bir mərhələdə cəmiyyətimizin zamanın tələblərinə uyğun olaraq yeniləşməsi və inkişafı perspektivlərini göstərməyə çalışır. Burada milli və bəşəri dəyərlərin vəhdətinə, dialektikasına üstünlük verilir, beynəlxalq hüquq normalarının tədricən daha da genişlənəcəyinə inam hissi təlqin edilir. Ölkəmizdə bu sahədə keçirilən bütün hüquqi-siyasi islahatların himayəçisi, təşəbbüskarı olmuş Ulu Öndərimiz Heydər Əliyev cənablarının müstəsna rolu, yorulmaz fəaliyyəti xüsusi qeyd edilir və ölkəmizdə həyata keçirilən hüquqi islahatların və tədbirlərin dönməzliyinə inam ifadə olunur.

Kitabda Dağlıq Qarabağ probleminiunutmayan müəllif onun həlli yolları ilə əlaqədar fikirlərini söyləyib, bir professional hüquqşünas kimi bu işdə haqlı olaraq Avropa Şurasının imkanlarından daha səmərəli istifadə olunmasını təklif edir. Şuraya üzv olmağın perspektivlərini və müsbət yönlərini göstərən Yusif müəllim hələ o vaxt bir çox beynəlxalq hüquq normalarının daha yaxından diqqətə alınmasını (məsələn, ölüm cəzasının ləğvi, birgəyaşayış qaydalarının təkmilləşdirilməsi və s.) tövsiyyə edir, müasir mərhələdə onların önəmli olmasını bildirir.

Öz peşə fəaliyyəti ilə bağlı müxtəlif dövrlərdə verdiyi müsahibələrində müəllif hər zaman qanunun aliliyihumanizm tərəfdarı kimi çıxış edir.  Bir hüquqşünas kimi kütlə psixologiyasına qarşı çıxır, cəzanın cinayətin ölçüsünə uyğun verilməsini önə çəkir, həmçinin prokuror vəzifəsinin əslində cəza aləti yox,  cəmiyyəti və insanları qoruyan, onlara qayğı göstərən humanist bir peşə olduğunu həyati detallarla sübut etməyə çalışır. Bu müsahibələrdə müəllif professional cavabları, intellektual səviyyəsi, milli və bəşəri, mənəvi – etik, hüquqi dəyərlərə sədaqəti, ən önəmlisi isə insan ləyaqətinə, mənliyinə və humanizmə hörməti ilə daha çox yadda qalır. Kitabda iqtibas olaraq klassiklərimiz Nizami, Füzuli, Nəsimi, Sabir, həmçinin B.Vahabzadə, M.Araz, Qabil, Musa Yaqub kimi tanınmış şairlərimizin şeirlərindən alınaraq yüksək mənəviyyatı, insan ləyaqətini, vətən sevgisini ifadə edən misralara müraciət anında Yusif müəllimin şair qəlbli bir hüquqşünasalim olmasına şübhəmiz qalmır... Bu duyğular bir daha deyir ki, Yusif müəllim saleh əməllərlə yaşayan, çətinliklər qarşısında əyilməyən, qəlbi daim xeyirxahlıq hissi ilə döyünən və yaxşıların yanında olan bir insandır.

Bizbu müqəddəs yolda Yusif İldırımzadəyə başarılar arzulayır, yolun hər zaman açıq olsun,deyirik.

 

 

Babək Qurbanov,

Fəlsəfə elmləri doktoru,

Professor

 

525-ci qəzet.- 2012.- 4 fevral.- S.24.