Mirzə Fətəli
Axundzadə: Qərb mədəniyyətləri sintezi, yenilik hərəkatları,
inqilab və ziddiyyətlər
Mirzə Fətəli Axundzadə
haqqında söz
“Və məndən ancaq əndazə
və nümunə göstərmək idi və baniyi-kar olmaq”
(M.F.Axundzadə)
Ədəbiyyat tariximizin və M.F.Axundzadə yaradıcılığının yeni baxışla araşdırılmasında böyük xidmətləri olan rəhmətliklər M.Ə.Rəsulzadənin, M.Rəfilinin, Ə.Sultanlının, M.Cəfərin, C.Cəfərovun, Y.Qarayevin, tələbəm S.Tağızadənin əziz xatirələrinə...
...M.F.Axundzadə irsinin Türkiyədə ən böyük araşdırıcısı Yavuz Akpınara və “Fətəli fəthi” romanının yazarı Çingiz Hüseynova sayqı və salamlarla...
Yazı akademik düşüncə ilə essə üslubunun qovşağında yazılmış, elmi araşdırma ilə ədəbi-fəlsəfi düşüncənin bir-birini tamamlamasına çalışılmışdır.
Bugünkü Türkiyədə və Azərbaycanda aktual olan ateizm və dindarlıq, dini inanç və fəlsəfə , mövhumat, cəhalət və dünyəvilik və dini rejim kimi məsələlərə münasibət baxımından da ayrı-ayrı ciddi məsələlərə münasibət bildirilmişdir.
Bu yazını ziddiyyətli dahi haqqında ziddiyyətli bir adamın yazısı kimi də oxuya bilərsiniz, sevgi və nifrət elegiyası kimi də. Fərq etməz. Söhbət yalnız dəyərləndirməkdən və təhlil, tənqid etməkdən deyil, 200 il əvvəl baş verənlərdən və 200 il sonra baş verəcəklərdən, düşüncə burulğanının sonsuzluğundan, tarixin seçim yollarından, insanın, millətin və dünyanın taleyindən gedir. Görsək də, görməsək də, inansaq da, inanmasaq da.
80-ci illərin əvvəllində M.F.Axundzadə haqqında iki məqalə yazmışam. O illərdə ən yeni ədəbiyyat uğrunda mücadilədə Mirzə Fətəli məktəbini (Mirzə Cəlil, M.Ə.Sabir, H.Üzeyir bəy, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə...) maarifçiliyin, demokratizmin, yeni ədəbiyyatın təməli olaraq aldığımız üçün ayrı-ayrı yazılarda, Mirzə Fətəliyə istinad etmiş, onun elmi və bədii düşüncələrindən çox bəhrələnmişəm.
Bu yazı bir növ o qeydlərin davamı və bəlkə də sonudur. Əlbəttə, Mirzə Fətəli yaradıcılığı bir yazıya sığacaq və ya tükənəcək qədər hüdudlu deyil. Bu mənada Mirzə Fətəli haqqında düşüncələr nisbi mənada bitə bilər. Çünki Mirzə Fətəli həmişəyaşardır. O, hər zamankı kimi bugün də öyrədir, öyrənir, düşünür və düşündürür.
Həyatım boyu çox dinsiz tanıdım, inanan qatil də gördüm, imansız molla ilə, əliəyri, vicdansız namaz qılan da. Allahsızları oxudum, söhbətlər etdim. Keçirdiyim ilk hiss onlara qəzəblənmək, nifrət oldu. Bir az keçdi Allahsızlığı və yalançı “Allahlılığı” dərk etməyə çalışdım. Səmimi Allahsızla, səmimi olmayan dindarı ayırd etməyə cəhd etdim. İmanı, məzhəbi, şəriəti, təriqəti, məərifəti, həqiqəti öyrənməyə, özüm üçün aydınlaşdırmağa çalışdım. Qəzalini, Əl-Ərəbini, Mövlananı, Füzulini oxudum. Renessansı və Avropa maarifçilərini anlamağa cəhd etdim və çox şey də anladım. Tövratı, İncili, Quranı həm inanan və həm də inanmayanların önyarqısı ilə oxudum, haqqın yolunu tapmağa çalışdım. İdrak yolunda o Allahsızlara və yalançı Allahlılara yazığım gəldi.
Deyə bilərsiniz ki, Allahsızların da Allahlılara yazığı gəlir. Haqlısınız. Sən avama nə qədər nifrət edirsənsə, avam onun on qatı sənə nifrət edir. Kimi isə mühakimə etmək istəmirəm. Özünütəsdiq, axına qarşı üzmək, fərqlilik duyğularını da anlayıram. Səmimi dinsizləri də dərk etməyə çalışıram. Allah və insan araşdırmasını elmi və bədii müstəvidə gerçəkləşdirən dahilərin elmi və bədii araşdırmalarından çox şey öyrəndiyimi söyləməyə borcluyam. Bu mənada özəlliklə, Qəzalidən, Füzulidən, Dostoyevskidən çox şey öyrəndim.
Bütün bu təcrübə mənim Mirzə Fətəliyə yenidən üz tutmağıma rəvac verdi. Dinlinin dininə, dinsizin dinsizliyinə sayqı ilə düşüncələrimi qələmə almaq yeni nəslin inanc araşdırmalarına işıq tutmaq, dinsizliklə dini, fanatizm və cəhalətlə din fəlsəfəsinin nə qədər uzaq olduğunun üzərində dayanmaq istədim. Yeni nəslin arayışlarına, axtarışlarına Mirzə Fətəli mövqeyindən aydınlıq gətirilməsini faydalı bildim. Vicdan və din azadlığı kontekstində tarixlə, tarixi şəxsiyyətlərlə söhbəti üz tutduğum gənclər üçün vacib bildim.
Bu yazını həm də gedənlərlə gələnlərin, əbədi dəyərlərlə zamanı bağlı keçici dəyərlərin dialoqu kimi də oxuya bilərsiniz. Hər kəs istədiyi hər şeyi qəbul etməkdə və əlbəttə ki, qəbul etməməkdə azaddır, oxucum.
...Göydə ulduz olmayanda ürəyim nəhayətsiz dərəcədə sıxılır. Göydə ulduz olmayanda özümü hədsiz bir tənhalıq, yalqızlıq içində hiss edirəm. Göydə ulduz olmayanda elə bilirəm ki, Allah məni görmür, eşitmir, dinləmir.
...Bir millət, bir Vətən ikiyə ayrıldıqdan sonra dünyanın xəritəsi də, insanı da büsbütün dəyişdi. Modern adlanan yeni çağ dünyaya başqa bir baxış, fərqli bir düşüncə gətirmişdi. Dünya başqa bir dünya olmağa başladığı bu vaxtda yer üzünə gələnlərdən biri də Mirzə Fətəli idi – Mirzə Fətəli Axundzadə.
Bəzən həyatda elə təsadüflər olur ki, (təsadüfmü?!), o təsadüf insanın taleyini dəyişir, ona tamam başqa yön, istiqamət vermiş olur.
Balaca Fətəlinin Güney Azərbaycanın Xamnə bölgəsindən, atasından ayrılıb, anası ilə Quzeyə – Şəkiyə gəlməsi qəzavü-qədərin cilvəsi idi. Mən İran üçün Şərq istibdadı, dini-fanatizm ölkəsi kəlmələrini işlətmək istəmirəm. Trafaretləşmiş bu basmaqəlib kəlmələr bir az siyasət, bir az da önyarqı qoxuduğu üçün bu kəlmələri işlətməyəcəyəm və ya çox az işlətməyə çalışacağam.
Kəlmələr də uşaq kimidir. Hansı mühitə, zamana düşürsə, onun valideyni də o mühit, zaman olur.
O zamanın Xamnəsi ilə Şəkisi arasında tarix, mənəviyyat, mədəniyyət fərqi o qədər də böyük deyildi, sərhəd-filan da indiki sərhədlərdən deyildi. Fəqət tarixən bir yurdun iki yöndə gələcəyi var idi ki, o zaman doğulan uşaqlar bu yolların fərqsizliyindən dəhşətli dərəcədə böyük fərqin olacağını bilmədən, dərk etmədən onu yaratmalı, qurmalı idilər.
Bir
şeyi yaratmaq,
qurmaq Allahın verdiyi missiyadır. Sonralar
Mirzə Fətəli bu missiyanı Allahın deyil, zamanın,
şəraitin, şərtlərin verdiyi qənaətinə gələcək.
Amma hələ
o zamana xeyli var və balaca Fətəli böyük olmaq
üçün dayısı Hacı Ələsgərin
dizinin dibində oturub Sədini oxuyur, Quranı öyrənməyə,
əzbərləməyə çalışır, ərəb-fars
dünyasının bağlı qapılarını
açmaq üçün açar arayır, idrak dənizindəki sularda
çırpınırdı. Atasız
böyümək hər bir uşaqda böyük bir kompleksin
içində çırpınmaq deməkdi. Dayısı Hacı Ələsgərin atalıq
qayğısı atanı əvəz etmirdi. O, Fətəlinin
doğma süd qohumu, daha çox müəllimi idi. Hacı, bacısı oğlunun simasında
böyük bir din alimi yetişdirmək istəyirdi.
Sən
saydığını say, gör fələk nə sayır,
ay Hacı Ələsgər kişi... Sən haradan biləydin ki, bu sarışın
uşaq öyrətdiyin əlifbanın, ehkamların, nəsihətlərin
barışmaz düşməni olacaq. Sənin
açdığın qapıdan dünyaya girməyəcək,
bu dünyaya heyrətlə baxan uşaq. Bu
uşağı anası Gündoğanda, Şərqdə
doğub, ancaq onun fikir qisməti Günbatandaymış.
Şərqdə doğulub, Qərb təfəkkürü
yolu tutmaq da bir qisməti-ilahidir. Orta əsrlərdə
Batı ilə Doğu yer dəyişdirdi. İbn Sina, Fərabi, İbn Rüşd Batıya
köçüb Batılı oldu, onların yerini cəhalət
tutdu. Xaçlı yürüşləri
ilə Kopernikləri, Qalileyləri edama, həbsə məhkum
edənlər Rafael oldu, da Vinçi oldu, Şekspir oldu. Bu sürəc 4-5 əsr içində
tamamlanmağa doğru getdi. Müsəlman
renessansının, Quran elminin, fəlsəfəsinin yerini
Batı renessansı, insan mərkəzli düşüncə
tutdu. Hegel Şərqin böyüklüyü
qarşısında diz çöküb səcdə edəndə,
cəhalətin tüstüsü Şərqi bürüyəndə
kəşf edilən kəsif qoxulu buxar maşını
dünyaya başqa bir yön – istiqamət verdi.
Modern çağ renessansın çiyinləri üstə
yarandı. Batı fəlsəfəsi, siyasi, iqtisadi
texnologiyası, ədəbiyyatı, mədəniyyəti
yüksəldikcə Osmanlı imperiyası
çöküşə doğru gedir, Şərq
sömürü meydanına çevrilirdi. “Tüfəng çıxmış, mərdlik
bitmiş”, yeni dünya yaranmağa başlamışdı.
Çağdaş Avropanı qurub yaradan Adam Smitlər,
Dürkhaymlar, Kantlar, Hegellər, Nyutonlar, Erazmlar, Napoleonlar,
Volterlər, Didrolar, Molyerlər, Balzaklar, Dikkenslər,
Tolstoylar, Dostoyevskilər... yeni Avropanın, “yengi dünya”
adlanan Amerikanın memarı olaraq ortaya çıxanda feodal hərc-mərcliyi
içində çarpışan, bir-birini yeyən Şərq
yaddaşını qeyb edir, mövhumat ehkam, cəhalət,
fanatizm içində boğulmaya başlayırdı.
Şərqin örnək kimi Qərbə üz
tutması, Qərbin model kimi Şərqə gəlməyə
başlaması daha acı fəsadları yetişdirirdi. Şərqin gələnəyi
içində hazırlanmamış formatlar ictimai-siyasi həyatda
da, elmdə və sənətdə də, düşüncə
həyatında da böyük ziddiyyətlər
doğurmağa başlayırdı...
Azərbaycan türkü Mirzə Fətəli bu ziddiyyətlərin
insan şəklindəki ən böyük və canlı ifadəsidir. Mirzə Fətəlinin
Gülüstandan, Bustandan, Qurandan başlayan yolunun Volterə,
Didroya, Monteyə, Molyerə... gəlməsi həm çox təbii,
həm də çox qeyri-təbii sürəcin ifadəsiydi.
İnsanın ata-anası ilə bərabər həm
də öz zamanının övladı olmasının
canlı ifadələrindən biri də yenə Mirzə Fətəlidir.
Demokratiya, inqilab, rasionalizm... kimi dəyərlər
Vətən, zaman və zəmin tanımayan qavramlardır.
...Mirzə Fətəlinin Şərq ədəbiyyatında
ən çox bəyəndiyi şəxsiyyət
Mövlanadır. Hegelin də vurğunu olduğu Mövlana
fəlsəfəsi ilk növbədə Qurana söykənir.
Mövlananın söykəndiyi xalq təfəkkürü,
xalq ədəbiyyatı da çox böyük bir
qaynaqdır. “Ya olduğun kimi görün, ya da
göründüyün kimi ol”- deyən Mövlananın fəlsəfi
düşüncəni şeirin, hekayətin, ibrətli kəlamın
içində ifadə etməsi Şərq fəlsəfəsi
yoludur. Bunu Qərb fəlsəfəsinin etiraz və
qəbul etməsi zərurətdir. Çünki
ağlın yolu birdir. Quran.
Mövlananın
din və özəlliklə Quran hermenevtikası ilahi
varlığın və gerçək dünyanın ən
gözəl dini-fəlsəfi yorumlarından biridir.
Qurana qarşı olan Mirzə Fətəlinin Mövlana
sevgisi və təqdiri də bir paradoksdur. İnqilabçı
Mirzə Fətəli ilə mütəfəkkir Mirzə Fətəlinin
fərqi də elə bundadır.
Xalqın mənəviyyat tarixi göy üzünü
andırır, böyük və ucsuz-bucaqsız
boşluğun hüdudu, mənzərəsi xalqın
içindən çıxan övladlarıdır. Dünyaya gəlib-gedən,
əməlləri ilə yandırdıqları işıqla
göy üzündə xalqın ruhu kimi yaşayan bu ulduzlar həmişə
xalqladır, bizimlədir, mənimlədir. Hər nə dağılarsa-dağılsın,
işığının bir ucu mənim və hamının
ürəyində olan ulduzlar göydədirsə, demək,
dünya yerindədir, dünyanın nizamı pozulmayıb, demək,
dünya ulduzların üzünə hələ
yaşayır.
Göy üzünün ulduzlarından biri də sübh
ulduzumuz, xalqının tale ulduzu Mirzə Fətəli Axundzadədir. Hələ
Mirzə Fətəli doğulmamış tarix onun
üçün kifayət qədər ağır ziddiyyətlər,
barışmaz qüvvələr, mürəkkəb vəziyyətlər
doğurmuşdu. O, dünyaya göz açmamış,
onun dağlar qədər dərdi, ələmi dünyaya
göz açmışdı.
Mirzə Fətəli haqqında danışmaq xalqın
tarixinin elə bir dövrünə qayıtmaqdır ki, o
dövr haqqında bütün nəsillər öz
sözünü demiş və deyəcəkdir. Hər nəslin
özünüidarə, özünütanıma, tarixə
qayıtmaq və özünü diriltmək, yaşatmaq
ehtirası var. Və hər nəsil Mirzə Fətəlidəki
dərinliklərə gedib çıxan qatları öyrəndikcə,
dərk etdikcə öz duyumunu, öz
tapıntısını, öz Mirzə Fətəlisini təqdim
edəcək.
Bu mənada Mirzə Fətəlinin həyatı və
yaradıcılığı öz tərcümeyi-halından
çox-çox genişdir, xalqın tarixi inkişafının
bütöv bir mərhələsidir.
Ancaq Mirzə Cəlil demişkən, “Mirzə Fətəli
Axundovun barəsində ya çox yazmaq lazımdır, ya
heç yazmamaq lazımdır.
Mirzə Fətəli Axundovun barəsində ya
yaxşı yazmaq lazımdır, ya heç yazmamaq
lazımdır”.
Mirzə Fətəliyə böyük bir
sayqının, müqəddəs bir ehtiramın ifadəsi
olan bu sözləri oxuyanda inandım ki, Mirzə Fətəli
haqqında onun özunə layiq sözü biz hələ deməmişik. Ümid var, gələcək
nəsil bu sözü desin, necə lazımsa, necə layiqsə
elə desin.
(Ardı
var)
Kamil VƏLİ
525-ci qəzet.- 2012.-
4 fevral.- S.22.