Elçinin folklor dünyasına
bir baxış
(Əvvəli ötən şənbə
sayımızda)
ƏBƏDİ ABİDƏMİZ, MÜDRİKLİK MƏKTƏBİMİZ
Xalqımız
dövlət müstəqilliyi qazandıqdan sonra mənəvi
irsimizin yeni elmi düşüncə və yeni metodoloji
meyarlarla öyrənilməsi zərurəti ortaya
çıxdı. Bu zərurəti ilk duyan
yazıçılarımız: Anar, Elçin və Kamal
Abdulla oldu. Bu yazım Elçin haqqındadır. Elçinin
“Dədə Qorqud” bəşəriliyi”, “Kitabi-Dədə
Qorqud” qələbəsi”, “Dədə Qorqud”
qayıdışı”, “Dədə Qorqud” həmişə
xalqımızla olmalıdır”, “Kitabi-Dədə Qorqud”
aliliyi” məqalələri ədəbi-elmi ictimaiyyət tərəfindən
rəğbətlə qarşılandı. Burada Elçinin
Azərbaycan, rus, ingilis, fransız, alman, ərəb dillərinə
tərcümə edilərək gözəl
illüstrasiyalarla çap edilmiş “Kitabi-Dədə Qorqud”
aliliyi” (Bakı-1999) kitabından söz açmaq istərdim.
“Kitabi-Dədə Qorqud”dan seçmə parçalar da
verilmişdir ki, əsəri daha da oxunaqlı edir.
Görkəmli
rus alimi M.Baxtinin kəlamı var: “özgə mədəniyyət
yalnız başqa mədəniyyətin gözündə
özünü tam və dərindən göstərir”. O da
var ki, “Kitabi-Dədə Qorqud” kimi böyük sənət
abidələri özgə mədəniyyətlərlə
müqayisədə bütün qatları ilə
açılır və dərk olunur. Mənə görə
Elçinin bu əsərinin ən böyük qiyməti bu
ali amala xidmətindədir. Elçinin bu əsəri sırf
tədqiqat işidir. Araşdırıcı ilk öncə
“Kitabi-Dədə Qorqud”u tədqiq və təhlil etmiş, nəşrə
hazırlamış, şərhlərini yazmış,
lüğətini tərtib etmiş və bir çox
dünya dillərinə, – alman, rus, ingilis, fransız, türk,
ərəb, fars, serb, gürcü, türkmən, qazax,
latış və s. tərcümə etdirərək nəşr
etmiş, dünya qorqudşünaslarını ehtiramla yada
salmış, “Kitabi-Dədə Qorqud”un ilk tərcüməçisi,
alman alimi Henrix Fridrix fon Ditsdən xüsusi söz
açmışdır. Yazıçı haqlı olaraq
“Kitabi-Dədə Qorqud”un tədqiqi tarixini, Fridrix Ditsin 1815-ci
ildə Basatın Təpəgözü
öldürdüyü boyu tərcümə edərək nəşr
etdirdiyi ildən başladığını qeyd edir.
Elçin “Kitabi-Dədə Qorqud”un üç qədim əlyazma
nüsxəsinin – on iki boydan ibarət Drezden nüsxəsinin,
altı boydan ibarət Vatikan nüsxəsinin və vaxtilə
F.Ditsin İstanbulda əldə etdiyi, yarımçıq
Berlin nüsxəsinin olduğunu göstərir.
Qeyd etməliyəm
ki, abidənin Berlin əlyazma nüsxəsi Drezden nüsxəsindən
köçürmədir. Hətta Drezden nüsxəsindəki
səhvlər də eyni ilə təkrar olunur. Əgər belə
olmasa idi, bu nüsxə üzərində də tədqiqat
aparılardı. (Mən Flora Əlimirzəyeva “Kitabi-Dədə
Qorqud” dastanlarının alman dilinə tərcüməsi və
tədqiqi” adlı doktorluq dissertasiyasının müdafiəsi
zamanı rəsmi opponent olaraq tədqiqatçını
Berlin nüsxəsinin ayrıca əlyazma olduğunu göstərdiyinə
görə tənqid etmişdim).
F.Ditsin xidmətlərindən
biri də elmi faktlarla alimin “Kitabi-Dədə Qorqud”un Homerin
“Odisseya” əsərindən əvvəl
yarandığını göstərməsidir. Elçin o
fikirdədir ki, türk xalqlarının bir sıra qədim
abidələri başlanğıcını “Kitabi-Dədə
Qorqud”dan almışdır. Və o bu qənaətə
çoxsaylı tədqiqatlarla tanışlıqdan sonra gəlmişdir.
Bir çox görkəmli alimlər qəti fikir söyləmişlər
ki, “Kitabi-Dədə Qorqud” Azərbaycan dilində
yazılmışdır. Elçin dilimizin çağdaş
vəziyyətini göz önünə gətirərək
deyilənləri təsbit edir. Elçin “Kitabi-Dədə Qorqud”un
çox əski zamanlarda yarandığını göstərir,
hətta onun yubileyini keçirdiyimiz 1300 il rəqəmini
şərti hesab edir və bircə misalla fikrinin
doğruluğunu təsdiqləyir: “Azərbaycan
qorqudşünaslığı hesablamışdır ki,
“Kitabi-Dədə Qorqud”da 2721 sözdən istifadə
olunmuşdur və bunların yalnız 559-u ərəb-fars mənşəlidir.
Bu faktın özü də eposun qədimliyinin göstəricisidir”.
Elçin sovet
dönəmində “Kitabi-Dədə Qorqud”a olan basqılardan,
onun “həbsə” məruz qalmasından ürəkağrısı
ilə danışır və alimlərimizin fədakar əməyini
gündəmə gətirir. Müstəqillik dövründə
görülən işlərə nəzər salır.
Yazıçı
Adam Olear və Ölviya Çələbinin Dədə
Qorqudun qəbrindən söz açan səyahətnamələrini
yüksək qiymətləndirir, Dədə Qorqudun tarixi
şəxsiyyət olub-olmadığından bəhs edən əsərləri
tədqiqatına cəlb eləyir. Qəti qənaətə gəlir:
“Əsrlər boyu yaşayan, qopuzunu sinəsinə
sıxıb söz söyləyən bədii surət Dədə
Qorqud elə Dədə Qorqudun özüdür”.
Müdriklik məktəbi
olan Dədə Qorqud insanları ayıq olmağa,
dünyanın şirinliyinə aludə olmamağa, dondan-dona
girən dünyanın “gəlimli-gedimli, bir ucu
ölümlü” olduğunu unutmamağa
çağırır, ibrət götürməyi tövsiyə
edir.
Hanı dediyin bəy
ərənlər,
Dünya mənimdir
deyənlər?
Əcəl gəldi,
yer gizlətdi,
Fani dünya kimə
qaldı?
Gəlimli-gedimli
dünya,
Son ucu
ölümlü dünya!
Ən nəhayət,
uzun yaşın,
Sonu ölüm,
axırı ayrılıq.
Bütün bunlar barədə
Elçinin “Kitabi-Dədə Qorqud aliliyi” əsərində
oxuduqca fikrə qərq oldum. Həm məni dərindən düşündürməyə
vadar etdiyinə, həm də əbədi abidəmiz,
müdriklik məktəbimiz “Kitabi-Dədə Qorqud”a layiq əsər
yazdığına görə müəllifə ürəyimin
dərinliklərindən gələn minnətdarlığımı
bildirdim.
YAZILI VƏ
ŞİFAHİ ƏDƏBİYYATIMIZ HAQQINDA
DÜŞÜNCƏLƏR
Elçinin fəlsəfi
düşüncələrini əks etdirən “Karvan yola
düzülür” folklorumuzdan, aşıq poeziyası ilə yazılı
ədəbiyyatımızın vəhdətindən,
onların bir-biri ilə sıx əlaqəsindən bəhs
edir. “Yazıya pozu yoxdur” epiqrafı ilə başlayan tədqiqat
işi Elçinin xalqımız, yazılı və
şifahi ədəbiyyatımız haqqında
düşüncələrini içinə alır.
Yazıçı göstərir ki, ilk laylamızı nə
vaxt eşitmişiksə, ilk nəğməmiz nə vaxt
oxunubsa, ilk nağıllarımız nə vaxt söylənibsə,
o karvan da, elə o vaxtdan yola düzülüb. Bizim ulu
babalarımız o karvanı üzübəri bizim
üçün yola salıblar, biz də o karvanı
balalarımıza, nəvələrimizə, nəticələrimizə,
kötükcələrimizə, yadcalarımıza (bəzi
bölgələrdə “iticə” – Q.P.) layiqincə
ötürməliyik ki, onların mənəvi
dünyasını işıqlandırsın.
Göründüyü
kimi söhbət var-dövlətdən, ləl-cəvahirdən
getmir. O karvan heç vaxt qiymətini itirməyən sərvətdir.
Azərbaycan xalqının mənəvi və milli sərvətindən
– xalqın istək və arzularının, təsəvvür
və təfəkkürünün, mənəvi aləminin
güzgüsü, bitib-tükənməyən incilər xəzinəsi
olan folklordan, ulu ozan – aşıq sənətinin görkəmli
nümayəndələrinin söz xəzinəsindən və
nəhayət ümmana bənzər yazılı ədəbiyyatımızdan
gedir.
Yazıçı
milli şüurumuzun inkişafı və formalaşmasında
müstəsna rolu olan nağıllardan, laylalardan,
bayatılardan, andlardan, nazlamalardan, dastanlardan söz
açır, fikrini təsdiqləmək üçün
müdrik şair və aşıqlardan misallar gətirir, adət-ənənələrimizə
geniş yer verir. Dilimizdən söz açır. XIX əsrin
birinci yarısında Qafqaza gələn M.Lermontovun Azərbaycan
dili barədə bir çox mətləblərdən söz
açan məşhur kəlamını iftixarla bəyan edir.
“Necə ki, Avropada fransız dili, bu dil də burada və
ümumiyyətlə, Asiyada zəruridir”. Elə buradaca
Elçin ciddi bir məsələyə də toxunur. XIV əsrdə
– bir çox xalqların hələ özünü yenicə
tanımağa başladığı bir dövrdə Azərbaycanda
fəlsəfi şeirin əsasını qoyan Nəsimi kimi bir
dahinin yetişdiyini önə çəkir. Xalqın mənəvi
sərvətini, ilk növbədə, həmin xalqın dili
yaradır və yaşadır – deyir. Yazıçı
dilimizi yaşadanlardan: Qazi Bürhanəddin, Nəsimi, Xətaidən,
Füzuli, Vaqif, Vidadidən, M.F. Axundovdan, Sabirdən, Hadidən,
Cəlil Məmmədquluzadədən, Üzeyir Hacıbəyovdan
söz açır.
Aşıqlardan:
Qurbani, Abbas Tufarqanlı, Aşıq Bəsti, Aşıq Pəri,
Aşıq Alı və Ələsgərin
yaradıcılığını yüksək qiymətləndirir
və onların xidmətlərinin misilsiz olduğunu xüsusi
vurğulayır. Fikrini təsdiq üçün Qurbanidən,
Tufarqanlı Abbasdan, Aşıq Bəstidən nümunələr
gətirir:
Şeiri, gözəl,
mən söylərəm şanına,
Olsun varım qurban sənin canına,
Mən yetiməm, bir al məni yanına
Gəlsin onda kef, damağa ləblərin!...
(Qurbani)
Mənə belə gəlir ki, Abbas
Tufarqanlının aşağıdakı misralarını
saz-söz sənətinə az-çox maraq göstərən
elə bir adam tapılmaz ki, əzbər bilməsin. Yəqin
buna görədir ki, Elçin həmin şeiri xüsusi təhlilə
çəkir:
Ay həzərat, bir zamana gəlibdi,
Ala qarğa şux tərlanı bəyənməz.
Oğullar atanı, qızlar ananı,
Gəlinlər də qaynananı bəyənməz.
Adam var geyməyə tapammaz bezi,
Adam var al geyər, şalı bəyənməz.
Adam var ki, çörək tapmaz
dünyada,
Adam var yağ yeyər, balı bəyənməz.
Bu fəlsəfi şeirdə aşıq
real həqiqətlərdən söz açır.
Aşığın bu qoşması, əslində təkcə
aşığın zamanı üçün deyil,
bütün zamanlar üçün keçərlidir.
Göründüyü kimi, poeziya həyatın təcəssümüdür,
daha doğrusu həyatın özüdür. Əslində
poeziyada həyat həqiqətdə olduğundan daha həyatidir
(V.Q.Belinski).
Elçin bu əsərdə Xurşidbanu
Natəvanın bibisi, Qarabağ Xanı İbrahimxəlil
xanın qızı Ağabəyim ağadan və ona aid edilən
məşhur bayatıdan da söz açır.
Mən aşiqəm qara bağ
Qara salxım, qara bağ,
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.
Biz “ona aid edilən” ifadəsini təsadüfi
işlətmədik. Bu bayatının başqa bir variantı
da vardır.
Əzizinəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ,
Bağdad cənnət də olsa,
Yaddan çıxmaz Qarabağ.
Bundan əlavə İraqda yaşayan azərbaycanlıların
Qarabağla bağlı gözəl bir bayatısı
vardır:
Əslim Qarabağlıdı,
Sinəm çarpaz dağlıdı.
Kəsilib gəlib-gedən,
Yoxsa yollar bağlıdı.
Kərkük şəhərində
“Qarabağlı” məhəlləsi olub, indi “Bulaq” məhəlləsi
adlanır. Orada “Qarabağlı” və ya “Qarabağı”
adlı uzun bir hava vardır. Kərküklü
folklorşünas Əta Tərzibaşı onun Qarabağdan
aparıldığını qeyd edir. Söhbət “Qarabağ
şikəstəsi”ndən gedir.
SƏNƏTİN
ZİRVƏSİNDƏ BƏRQƏRAR OLAN FİLOSOF AŞIQ
Bu məqalə Aşıq Ələsgərin
sözü və sazı barədə bir manifestdir.
Elçinin ulu aşıq sənətinə, aşıq
poeziyasına vurğunluğunun, sonsuz məhəbbətinin
bariz nümunəsidir. Yazıçı Aşıq Ələsgər
yaradıcılığını milli hadisə, milli mədəniyyətin
faktı kimi təsbit etməkdə haqlıdır. Dahi
Üzeyir bəy vaxtilə deyirdi: “Aşıq
yaradıcılığı elə bir sənət aləmidir
ki, orada şairin də, bəstəkarın da, xanəndənin
də, rəqqasın da istədiyi qədər götürə
biləcyi pay vardır”. Göründüyü kimi
aşıq yaradıcılığı ədəbiyyat,
musiqi, ifaçılıq, rəqs və teatr elementlərini
özündə birləşdirən çoxcəhətli
sinkretik sənətdir. Yazıçı bütün
bunları elə gözəl təqdim edir ki, bu sənətə
vaqif olmayanlar belə Elçinin təhlilindən sonra onu
anlayacağına şübhə yeri qalmır: “Aşıq –
şairdir. Aşıq-yazıçıdır (dastanlar
yaradır). Aşıq – dramaturqdur (deyişmələr,
dialoqlar). Aşıq – bəstəkardır (“Dilqəmi”dən
tutmuş “Ruhani”yəcən, “Yanıq Kərəmi”dən
tutmuş “Keşişoğlu”nacan yüzlərlə
havacatı kim yaradıb? Naməlum aşıq!). Aşıq –
müğənnidir. Aşıq – bugünkü ifadə ilə
desək, bədii qiraət – ustasıdır. Aşıq sənəti
əslində bir fərdin yaratdığı teatrdır”.
Tədqiqatçı Aşıq Ələsgərin
aşıq sənətinin memarlarından biri olduğunu
xüsusi vurğulayır və göstərir ki, Aşıq Ələsgər
bu ölməz sənəti yaradıb-yaşadanlardan Qurbani,
Tufarqanlı Abbas, Xəstə Qasım, Aşıq Valeh, Şəmkirli
Hüseyn, Mola Cüma, Hüseyn Bozalqanlı kimi
aşıqlarla bərabər bu sənətin zirvəsində
layiqli yerini tutmuşdur. Çünki əvəzsiz
şairdir, filosofdur, estetikdir, humanistdir, moralistdir,
maarifçidir, ilahiyyatçıdır, materialistdir,
romantikdir, realistdir.
Yazıçı bütün bu deyilənləri
aşığın yaradıcılığından gətirdiyi
misallarla təsdiq edir.
İKİYƏ
BÖLÜNMÜŞ ÜRƏYİN HƏSRƏT NƏĞMƏLƏRİ
Yadıma keçən əsrin 80-ci illərinin
ortaları gəlir. Elçinin ədəbi hadisəyə
çevrilən “Mən sizdən ayrılmazdım” məqaləsini
oxuyub Yazıçılar İttifaqına yollandım.
İttifaqın katibi Elçin məni artıq yaxşı
tanıyırdı. Folklora dair bir neçə kitabım və
“Altı il Dəclə-Fərat sahillərində” əsərim
çıxmışdı. Həmin məqaləsində
Elçin mənim tərtib etdiyim, böyük həcmli
“İraq-türkman bayatıları” kitabımı da xüsusi
vurğulamışdı.
Elçinin yanına Güney Azərbaycanın
folklorunu içinə alan, tanınmış
folklorşünas Bəhlul Abdullanın “Arazam, Kürə bəndəm”
kitabına yazdığı həsrət, kədər dolu “Mən
sizdən ayrılmazdım” məqaləsi barədə fikrimi
bölüşməyə getmişdim.
Deməyə söz çox idi. “Arazam,
Kürə bəndəm” kitabında bayatılar, atalar
sözü və məsəllər, nağıllar,
sayaçı sözlər, lətifələr, uşaq
folkloru nümunələri (laylalar, nazlamalar, düzgülər),
oyunlar, vəsf-hallar, qaravəllilər, tapmacalar (bilməcələr),
gələcək nəsillərə dəyərli töhfə
olan, elə bizim özümüz üçün də
böyük qiymət kəsb edən “Tufarqanlı Aşıq
Abbas dastanı” toplanmışdır.
Mən “Arazam, Kürə bəndəm” və
Kərkük folklorunda yer alan nümunələri müqayisə
edəndə aydınca gördüm ki, onlar
xalqımızın tarixini, taleyini, psixologiyasını, adət-ənənəsini,
istək və arzularını ifadə edən söz inciləridir.
Elçin də bunu dərindən
duymuş və “Mən sizdən ayrılmazdım” məqaləsində
müqayisələr yolu ilə üzə çıxarmışdı.
Elçinin atalar sözləri və bayatılar üzərində
apardığı müqayisəli təhlillər göstərir
ki, o, folklorumuzun dərin qatlarına enərək ən qiymətli
inciləri üzə çıxarmağa qadir, ondan
yerli-yerində istifadə etməyi bacaran səriştəli
folklorçudur.
“Arazam, Kürə bəndəm”
kitabını tədqiqat süzgəcindən keçirən
müəllif bayatılarla bağlı yazır: “Onların
estetik gözəlliyinə, məna dərinliyinə
vardıqca, istər-istəməz, xalq dühasının
ucalığına, ülviliyinə, qadirliyinə heyrət
edirsən”.
Bu sətirləri oxuyarkən gözlərim
önündə “Arazam, Kürə bəndəm”
kitabının tərtibçisi, əməkdar elm xadimi, mərhum
Bəhlul Abdulla ilə axarlı-baxarlı, ətrafı
meşəli, dağ silsiləsi ilə əhatə olunan
Topçu meşəsi ilə məşhur Buynuz kəndində
Musa Yaqubu ziyarət etdiyimiz və şairin dediyi: “Bəzən
şeir yazanda bayatıdan utanıram” sözləri
canlandı.
Həqiqətən də hər birində
bir dünya fikir olan, hər misrasına bir dünya ürək
döyüntüsü sığmayan, hər biri
ayrı-ayrılıqda bitkin bədii əsər olan bu
kiçik parçalarda məna ilə bərabər, fəlsəfi
fikrin yığcamlığı, əxlaqi və ictimai
anlamların dərinliyi diqqəti çəkir. Hələ
bu az imiş kimi, xalq yeri gəldikcə öz ürək
sözünü daha dəqiq, daha tutarlı, daha
inandırıcı demək üçün bayatılarda
atalar sözlərindən də istifadə edir.
Epik növdə, xüsusən də
nağıl və dastanlarda xalqın dilək və
arzuları müəyyən əfsanəvi ünsürlərlə
qarışdığı halda, lirik növdə, ələlxüsus
da bayatı və aşıq poeziyasında bu arzu və dilək
tamamilə real ünsürlərdən ibarət olur.
Buradakı sevgi də, nifrət də, kədər və ələm
də həyatiliyi ilə seçilir (Mehdi Hüseyn).
Elçin “Arazam, Kürə bəndəm”
kitabındakı folklor nümunələrini təhlil etməklə,
tərtibçiyə layiq olduğu qiyməti verməklə
kifayətlənmir (Onda o, Elçin olmazdı), folklorumuzun o
vaxtkı vəziyyətinə qiymət verir. Xüsusi
vurğulayır ki, biz folklorla bağlı tədqiqatlarımızı,
elmi fəaliyyətimizi məhz xalq dühasının
ucalığı səviyyəsində aparmalıyıq.
Dissertasiya xatirinə folklora girişənlərə, mətbuat
səhifələrində, qondarma “folklor” və folklorla
bağlı bəsit “tədqiqat” kitablarının üz
qabığında tez-tez rast gəlirik. Halbuki, folklorla ən
istedadlı və yüksək elmi-nəzəri savada malik
alimlərimiz məşğul olmalı, təsadüfi
adamların meydana girib at oynatmasının qarşısı
alınmalıdır.
Bütün bunlar barədə
düşünə-düşünə Elçin müəllimin
iş otağının qapısını döydüm. Diqqətimi
ilk çəkən yazıçının
mehribanlığı və adamı dinləmə qabiliyyəti
oldu. İngilis yazıçısı Ceyms Oldricin “İkiyə
bölünmüş bir ürək”
adlandırdığı Azərbaycanın, şərti olaraq
“Cənubi Azərbaycan folkloru” adlandırdığımız
folklorunu ehtiva edən “Arazam, Kürə bəndəm”
kitabına həsr olunmuş məqalədən,
otaylı-butaylı Azərbaycandan danışdıq. Mən,
müəllimin prof. Arif Məmmədovun musiqi bəstələdiyi
mahnıdan bir bəndi yada saldım:
Aramızdan axıb gedir,
Araz bulana-bulana.
Seyr edirəm görkəmini,
Yaram sulana-sulana.
Elçin qələm götürüb həmin
misraları kağıza köçürdü və gözləmədiyim
halda dedi:
– Qəzənfər müəllim, Kərkük
folkloruna dair hansı kitabları nəşr etdirmisiniz?
Mən Xalq şairi Rəsul Rza ilə birgə
çap etdirdiyim “Kərkük bayatıları”ndan
başlamış, “Arzu-Qəmbər” dastanı, “Kərkük
mahnıları”, “İraq-Kərkük bayatıları”, “Kərkük,
tapmacaları”, “Kərkük atalar sözləri” və s.
kitabların adını çəkdim.
– Onların hərəsindən bir nüsxə
mənə gətirin. Kərkük folkloruna dair də məqalə
yazmaq fikrindəyəm.
Elçin müəllimin bu təklifi məni
sevindirsə də səmimiyyətlə, bəlkə də
sadəlövhlüklə dedim ki, çox ilhamla
yazılmış “Mən sizdən ayrılmazdım” məqalənizdə
ürəyinizi boşaldıbsınız. Eyni folklordur. (Onda hələ
öndərimiz Heydər Əliyev tarixi kəlamını deməmişdi:
“Tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan,
Quzey Azərbaycan və İraq türkmanları bir
bütövün parçalarıdır”).
Apardığım tədqiqatlar bunu deməyə əsas
verirdi. Qoy bir az keçsin – dedim.
– Elçin təbəssümlə dedi: Hərgah
belədirsə, qoy sonraya qalsın. Sizin dediyinizdə bir həqiqət
var.
Aradan illər keçdi. Öz
günahım ucbatından o əsərin yazılmaması barədə
indi ürəkağrısı ilə düşünürəm.
ƏSL MƏHƏBBƏT
ÖTƏRGİ OLMUR
Elçin kimdən və nədən
yazır yazsın, dünyanın hansı guşəsində
olur olsun, mütləq folklorumuzla, aşıq
yaradıcılığı ilə yol yoldaşı olur. Sərrastlığı
və dəqiqliyi ilə seçilən, insana hikmət bəxş
edən folklordan, müdrik ustad aşıqların kəlamından
məqamında istifadə Elçin
yaradıcılığında, xüsusən də onun
publisistik yazılarında qırmızı xətt kimi
keçir. Yazıçı görkəmli ictimai xadim Heydər
Əliyevə həsr etdiyi “Tarixlə üz-üzə
dayanmış adam” məqaləsində Aşıq Hüseyn
Bozalqanlıdan o məqamda istifadə edir ki, o məqamda yəqin
ki, ayrı bir təsəlliverici söz tapıb işlətmək
çətin olardı.
Bu qoca dünyanın yoxdu vəfası –
Gah boşalıb, gah da dolan görmüşəm.
Yazıçının ölməz
Bülbülə həsr etdiyi çox sanballı, insanın
vücuduna sirayət edən (Yazıçının
bütün esseləri belədir. Onları həyəcansız
oxumaq olmur) “Yaxan düymələ, düymələ” essesində
gəldiyi qənaət adamı heyran edir:
“Bülbülün nəfəsi,
vurduğu xallar o qədər doğma və məlhəmdir
ki, elə bil, Azərbaycan məhəbbət
dastanlarının bütün qəhrəmanları – Qərib
də, Şah İsmayıl da, Kərəm də, Abbas da
xalqın ruhu ilə yaşayan bir vahid obrazda ümumiləşdirilərək
əvvəli və sonu olmayan, həyatı yaradan və
yaşadan sevgidən, vurğunluqdan söz açır”.
Və ya yazıçının oxuyanda
adamı haldan-hala salan “Bülbülün nağılı” əsərini
götürək. Bu əsərin leytmotivini Dədə
Qorqudun öyüdləri, nəsihətləri təşkil
edir. Çoxu az görən, zehni iti olan, bəxti gətirən,
yığdıqca yığan, gözü doymayan, qiymətli
daş-qaşı saxsı küpələrə
yığdıqca hərisliyi artan tacirin saz dinləməyə,
“Dədə Qorqud” boylarına qulaq asmağa vaxtı
olmamışdı. Var-dövlətə hərislik
gözünü tutduğundan, qəlbinə hakim kəsildiyindən
dünyanın “gəlimli-gedimli, bir ucu ölümlü” olduğunun
fərqinə belə varmamışdı. Lakin gec idi.
Ölüm onu haqlamışdı. Çox mətləblərdən
söz açan hekayə ibrətamizdir.
Elçin hekayələrinin təsir
gücünü daha da artırmaq üçün onların
məzmununa uyğun folklor və aşıq
yaradıcılığından epiqraf verməyi də unutmur.
Məsələn, “Ayaqqabı” hekayəsinə Xəstə
Qasımdan “Dəli könül nə divanə gəzirsən”.
“Bozluq içində iki nəfər” hekayəsinə isə
Tufarqanlı Abbasdan epiqraf vermişdir: “Döz, bağrı
daş olan könlüm”.
Elçin yeri gəldikcə epiqraflarda zərb-məsəllər
və atalar sözlərindən də istifadə edir. Məsələn,
“Karvan” yola düzülür” məqaləsi “Yazıya pozu
yoxdur” el sözü ilə başlayır.
Yazıçının “Doğru yoldan gəc
olmayaq....” başlıqlı məqaləsi “Şəfqət”
qəzeti barədədir. Burada da Abbas Tufarqanlıya müraciət
edir:
Doğru yoldan gəc olanda
Namus gedər, ar əylənməz.
Bu, “Şəfəq” qəzetinin əməkdaşlarına
müdrik bir ismarıcıdır.
“Üzü ağ dünyanın adamı”
akademik Bəkir Nəbiyevə həsr olunub. İlk dəfə
Şuşada tanış olduqlarını yada salan (Mən
Elçinin 10 cildliyini ikinci dəfə oxuyanda anladım ki,
Elçinin həsrəti Şuşanın bu günü ilə
bağlıdır. Az yazısı olar ki, Şuşadan
söhbət açmasın) yazıçı Bəkir
müəllimi “üzü ağ dünyanın adamı”
adlandırır və bu münasibətlə Xəstə
Qasımı yad edir:
Taki mənə mədh eləmə
dünyanı,
Ha bu dünya bir bekara dünyadı.
Hələ Adəm ilə Həvvadan qabaq,
Bir üzü ağ, biri qara
dünyadı.
Yazıçı necə də dəqiq
müşahidə etmişdir. Bəkir müəllim həqiqətən
də öz xeyirxahlığı, alicənablığı
ilə “Üzü ağ dünyanın adamı”dır. Bu,
epitet Elçin müəllimin tapıntısıdır.
Elçin, qardaşı Timuçinin
oğlu Yalçın gənc ikən əbədiyyətə
qovuşanda “Yalçınlı və Yalçınsız
dünyamız” adlı qəm-qüssə-kədər dolu məqalə
yazdı. Dünyanın vəfasızlığından
söz açdı. Təsəllini Aşıq Şəmşirin
misralarında tapdı:
Ayrılıq təbilini çalan
dünyadı
Gözəlliyi əldən alan
dünyadı.
Elçin həyatdan tez getmiş Sabir
Süleymanovun (1979) “Çinar kəhrizin suyu” kitabına (1985)
yazdığı ön sözdə də aşıq
yaradıcılığına, Aşıq Ələsgərə
müraciət edir:
“Vaxt olacaq, ömür yetəcək sona”
misrasını və uşaqlıqda Şuşa
dağlarında eşitdiyi bayatını dilə gətirir.
Çiçəklər hala gəldi,
Arılar bala gəldi.
Nə günah eylədim ki,
Başıma bəla gəldi.
Yazıçı “Qabrovo görüşləri”
adlı çox maraqlı və təsirli səfər qeydlərində
əslən Güney Azərbaycandan olan, Parisdə yaşamaq məcburiyyətində
qalan, vətən həsrətli Mustafa Ramazani ilə
tanışlığından söz açır. Mustafa ondan
bayatı deməsini xahiş edir:
Mən aşıq, keçdi məndən,
Su gəldi keçdi məndən
Mərdlərə körpü oldum,
Namərdlər keçdi məndən.
Mustafanın dediyi bayatı da yerinə
düşür.
Mərd çəkər,
Sənsiz könlüm dərd çəkər.
Vətənin qeyrətini
Namərd çəkməz, mərd
çəkər.
Beləcə, uzaq ölkədə ikiyə
bölünmüş Azərbaycanın iki övladı qəm-qüssə-kədərin
acısını bayatı ilə çıxarır, təsəllini
folklorda tapırlar.
“Yaxın, uzaq Türkiyə” səfər
qeydlərində də yazıçı aşıq
poeziyasına müraciət edir:
Səyyah oldum, bu aləmi dolandım,
Bir dost bulammadım, gün axşam oldu.
Min ürəyə, min könülə
boylandım,
Bir dost bulammadım, gün axşam oldu.
(Qul Hümmət, XVII əsr türk
aşığı)
Eləcə də Yunus İmrədən
nümunə verir:
Biz dünyadan gedər olduq,
Qalanlara salam olsun!
– deyə vaxtilə Azərbaycanda çox
böyük marağa səbəb olan yazısına son qoyur.
Yazıçı “Palma ülfəti”
adlı Tunisdən yol qeydlərində Aşıq Ələsgərin
atası Aşıq Alməmmədi yada salır. Tunisdə nədənsə
xiffət keçirdiyini aşığın misraları ilə
izhar edir:
Dünya, sənin gərdişindən,
Başa vuran görəmmədim.
Elçin Qanaya səfəri zamanı qələmə
aldığı “Yanan ağacın şəfəqləri”
yol qeydlərində həmkarları ilə söhbətlərini
yada salır. Dünyamızın keçməkeşləri, ədalətsizlik,
kiçik xalqlara zülm onu narahat edir:
“Söhbət əsnasında mən parçalanmış,
bölünmüş xalqlar barədə müxtəlif mədəniyyətli
ölkələr arasında didərgin millətlər barədə
düşünürəm” – deyir və yenə də
folklorumuzu köməyə çağırır, yenə də
təsəllini bayatılarımızda tapır:
Aşıq üzüm bağları,
Düzüm-düzüm bağları.
Bağa baltaçı girdi,
Kəsdi bizim bağları.
Yazıçı “Ölümünə
inanmadığım adam” məqaləsində ürək
ağrısı ilə gənclik dostu, böyük
ziyalımız Araz Dadaşzadəni yada salır. Bu
ağır məqamda köməyinə Abbas
Tufarqanlının misraları gəlir, təsəllini həmin
iki misrada tapır:
Bu dünya karvansaradır,
Hər gələn qonar, əylənməz.
Göründüyü kimi, Elçin
ağrılı-acılı məqamlarda yazdığı məqalələrində
təskinliyi folklorda, aşıq
yaradıcılığında axtarır və tapır da.
Görkəmli Azərbaycan dilçisi Tofiq Hacıyevin
oğlu, Leninqrad Universitetinin Ərəb filologiyasında
oxuyurdu. Çox istedadlı gənc idi. Yaradan bu 19
yaşlı gəncə tez qıydı. Xəzər dənizində
qərq oldu. Nə yaxşı ki, hekayələrini qovluqda səliqə
ilə yığıbmış. Elçin onun “Yadda qalan
günlərim” kitabına ön söz yazdı. Ön
sözdə İsmayılın faciəli ölümü barədə
qəm-qüssəsini oxucu ilə Aşıq Ələsgərin
misrası ilə bölüşdü:
Dərdini bölüşdür, qədir
bilənnən
Yazıçı “Yaz dumanı bar gətirir”
məqaləsində adət-ənənələrimizdən,
milli bayramımız Novruzdan söz açır. Yenə də
aşıq yaradıcılığına müraciət edir.
Mövzusu ilə bağlı Abbas Tufarqanlını yada
salır. Fikrində yanılmadığının təsdiqini
ustad aşığın misralarında tapır:
Payız olcaq bağlar tökər xəzəli,
Bahar olcaq bağçalara bar gəli.
Bir iyidin olsa baxtı, iqbalı,
Cənnət bağçasından ona nar
gəli.
Telli Pənahqızının “Səsində
ay işığı var” kitabına yazdığı “Hisslərin
poeziyası” adlı ön sözdə də aşıq
poeziyasına müraciət edir. Telli Pənahqızının
“Nə səni, nə məni duydu bu dünya” şeirini təhlil
edərkən Xəstə Qasımdan söz açır:
Gəl bir səndən xəbər
alım,
Süleymandan qalan dünya.
Əzəli gül kimi açıb,
Axırında solan dünya
– deyir.
Elçin aşıq
yaradıcılığından yeri gəldi-gəlmədi
deyil, haqqında yazdığı qələm sahibinin
yaradıcılığına münasib məqamda istifadə
edir.
Yazıçı “Süleymandan qalan
dünyanın layiqli sakini” məqaləsində də Xəstə
Qasımı köməyə çağırır:
Neçə min yol boşalıbsan,
Neçə min yol dolan dünya.
Elçin “dünyanın neçə min
yol dolması və boşalması” arasındakı fanilik barədə
düşünəndə, o düşüncə onu gətirib
müdriklərin söz bağçasına
çıxarır, təskinliyi və təsəllini onların
hikmətində, müdrik kəlamlarında tapır.
Müdriklik zirvəsinə aparan yollarda
Elçinin folklorla, aşıq yaradıcılığı
ilə bağlı fəaliyyəti barədə yazıma son
verərkən V.Q.Belinskinin bir kəlamı qəlbimə hakim
kəsildi: “Xalq ədəbiyyatının qiymətli gövhərlərini
... unudulub tələf olmaqdan qoruyan (eləcə də təbliğ
edən – Q.P.) təvazökar və qərəzsiz adamların
zəhməti hər cür təqdir və təşəkkürə
layiqdir”. Hərgah (Elçinə məxsus ifadəni işlətdiyimə
görə məni bağışlasın) “təvazökar və
qərəzsiz adam” ifadəsinə diqqət yetirsək, bu kəlamdan
bir qənaətin də hasil olduğunun fərqinə
vararıq. Bu da ondan ibarətdir ki, Elçinin
gördüyü bu boyda işi başqa birisi
görmüş olsaydı, görkəmli filoloq alimimiz Nizami
Cəfərovun təbirincə desək, ədası yerə-göyə
sığmazdı.
Qəzənfər
PAŞAYEV,
Filologiya elmləri
doktoru,
Professor
525-ci qəzet.-
2012.- 4 fevral.- S.20-21.