Sözlərin maraqlı açmaları Rafiq Hasanın “İlafa” kitabında

 

Şair-publisist Rafiq Hasanın “İlafa” adlı kitabı işıq üzü görüb. Kitabın mövzusu və predimeti söz və dilimizdəki ilkin olaraq türk dilindən yaranmış, sonra başqa xalqların dilinə keçmiş sözlərin mənasının səslərə görə açılmasıdır. Kitaba ad olaraq seçilən “ilafa” sözü də türk sözü olub, mənası müqəddəs, saf deməkdir. Kitabda müəllif konkret misallarla sübut edir ki, söz bizim ona verdiyimiz simvolik, şərti mənanı daşımır; yaranışdan sözün həqiqi mənası saitlər və sait birləşmələri olan səslər vasitəsilə onun tərkibinə oturdulmuşdur. Göy üzü və yer üzü haqqında dini mənbələrdə fərqli izah olunan anlayışları özündə birləşdirsə də müəllif kitabda özünün ardıcıl məntiqi təhlilindən sonra sözün daxili quruluşu və onun izahı ilə bağlı yeni bir sistem ortaya qoyub. Belə ki, müəllif sistemin açarı olan bir cədvəl yaradıb və həmin cədvəlin köməyi ilə dilimizdəki sözlərin mənasının sözdaxili səslərdə gizləndiyini diqqətə çatdırıb. Oxucular müəllifin verdiyi cədvəldəki səslərin mənasını başqa sözlərdə yerinə qoymaqla özü üçün yeni-yeni sözlərin mənasını aça biləcəklər. Bəzi hallarda müəllif sözün mənasına müasir düşüncə tərzindən yanaşıb. Müəllif burda Ağrı dağı sözünün açılışındakı səslərin “torpaqdan çıxan”, “güc-güclü”, cədvələ görə “rı” səsinin bakirə mənalar daşıdığını bildirib. Daha maraqlı bir təhlil müqəddəs olan Allahın adı ilə bağlıdır. Müəllif burda Allah adını belə təhlil edib: “Allah sözündə üç səs birləşməsi var. “Al”, “la” və “ah” səsləri. “Al”- nur, yaradan, yaşadan; “la” – görünməz, bilinməz; “ah”- zaman deməkdir. Deməli Allah sözünün mənası görünməz nur, bilinməz zaman deməkdir”. Digər maraqlı mənası olan söz isə yalan sözüdür: “Yalan sözü üç səsdən, “ya” – uca, “la” –görünməz, bilinməz, “an” – məkan , varlıq anlamındadır. Sözün mənası uca, bilinməz məkan deməkdir. Bu uca görünməz məkan bəs haradır? Bu Yer üzüdür. Yalan Yer üzü, həqiqət isə Göy üzüdür”. Kitabda dilimizdə hardasa hər dəqiqə səsləndirdiyimiz sözlərin; qulaq, hay, haray, azar, yarpaq, yataq, yanaq, arvad, qağa, çay, narahat, masa, mama, papaq, barmaq, qazan və digər sözlər də öz maraqlı açmaları ilə kitabda yer alıb.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2012.- 4 fevral.- S.16.